Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI"

Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" Giriş

Filologiya elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanovun elmi fəaliyyəti Müasir Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən tədqiqatları və s. əhatə edir.
Mədəd Çobanov ümumtəhsil, ali məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının da müəllifidir.
Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov professor Mədəd Çobanovu “çoxşaxəli və zəngin məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də, Türkologiyada da xüsusi yer tutan” alim kimi qiymətləndimişdir. Qeyd etmək lazımdır ki, türkoloq Mədəd Çobanov elmi tədqiqatlarında Türk ədəbi dillərinin birliyi ideyasının tərəfdarı kimi çıxış etməsi ilə yaddaşlara həkk olunub. Ədib Türk ədəbi dilləri birliyinin praktik və linqvistik aspektlərinə aydınlıq gətirməyə də cəhd etməsi də diqqətlərdən yayınmır.

Türk ədəbi dillərinin birliyi məsələləri

Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi haqqında bəhs edərkən, onun qədim inkişaf tarixinə malik olması ilə yanaşı, bu birliyin əldə olunmasının müsbət amililərinə də aydınlıq gətirir: “Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran problemlərdəndir.” Mədəd Çobanov iddia etdiyi tezisə əsaslanaraq, türk xalqı və onun dillərinin yaranması, formalaşması haqqında sabitləşmiş dəqiq tarixin yoxluğuna baxmayaraq, məhz türk dünyasında türklük dəyərlərinin bütöv bir sistem halında araşdırılmasının bir zərurət kimi meydana çıxmasını da vurğulamasında haqlıdır.
Professor M. Çobanov həmçinin türkçülüyün yenidən oyanış mərhələsinin xüsusiyyətlərini özünəməxsus şəkildə izahatını verə bilməsi də maraq dairəsindədir: “Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl, türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə, türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm də, maddi və mənəvi, etik və elmi baxımından müəyyən qədər çətinliklər, tiirk xalqları arasında düşüncə və fıkir birliyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün tələbi baxımdan əlaqələndirməklə, qədim soy ənənələrini dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.”
Professor M. Çobanovun hər bir xalqın bəşəriyyətə qədim köklərə, ən'ənələrə malik olan Ana dili ilə təqdim edilməsini əsas hesab etməsi və bu təqdimatın “etnoqrafik (adət-ən'ənələr və məişət münasibətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə” bürüzə verməsinə toxunmasında bir tədqiqatçı kimi haqlıdır.
Professor M. Çobanovun müasir türk dillərinin tədqiqi zamanı xüsusi bir məqama diqqət yetirməsinə, yəni “müasir türk ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araşdırılmalı, öyrənilməli və tədqiq” olunmasına toxunur.
Professor Mədəd Çobanov Türk ədəbi dillərin birliyinə doğru addımlayarkən, meydana çıxan bir sıra müasir problemlərin aradan qaldırılmasını təklif edir. Ədibin türk dillərinin müasir problemlərini sadalayarkən, ilk növbədə, Türk dillərinin hamısı üçün latın qrafikali vahid əlifbaya keçilməsinə zərurətinin yarandığını, türk xalqının vahid kökə bağlılığını təsdiq etmək üçün “Ümumtürk tarixi”nin tədqiq edilməsini, həmçinin ümumtürk dillərinin tarixi inkişafının ümumtürk aspektindən öyrənilməsi, vahid əlifba sisteminə malik olan mətbuat orqanının, radio və televiziya verilişləri mərkəzinin yaradılması, türk xalqlarının bədii irsinin nəşr edilməsi, ümümtürk ensiklopediyalarının, lüğətlərinin tərtib edilməsini və s. kimi aktual problemlərin həll edilməsini təqdim edir. Professor Mədəd Çobanov Türk dillərinin birliyinin həyata keçirilməsində “dil birliyi”ni ən başlıca körpü rolunu oynamasını vurğulayır. Dilçi-alim Mədəd Çobanov Türk ədəbi dilləri birliyinin praktik aspektlərini təsnif etməsi bu məsələnin aktuallığına diqqət yönəltməyi vacib amil olmasını qabardır. Alimin məhz Türk ədəbi dillərinin praktik aspektlərinin təsnif etməsi buna əsaslanır:

“1. Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2. Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3. Тürk ədəbi dilləri birliyinin coğrafi (areal) aspektləri.
4. Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5. Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6. Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7. Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8. Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9. Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10. Türk ədəbi dilləri birliyinin mənəviyyat aspektləri.”

Professor M. Çobanovun Türk ədəbi dillərinin praktik aspektlərinin bu şəkildə təsnif etməsi, türk dillərinin müxtəlif ümumi və fərdi inkişaf mərhələlərində keçdiyi tarixi aspektləri işıqlandırmasına da əsas verir. Mədəd Çobanov türk dillərinin təşəkkül tarixini də özünəməxsus şəkildə tarixi mərhələlərə ayırmışdır. Professor Mədəd Çobanov bu təsnifatında tarixi mərhələləri türk dillərinin ən qədim dövrü yəni Şumer dövrü, türk dillərinin qədim dövrü yəni Altay epoxası, türk dillərinin son qədim dövrü yəni Hun dövrü, türk dillərinin erkən orta əsrlər dövrü, türk dillərinin orta türk dövrü, türk dillərinin yeni dövrü, türk dillərinin ən yeni dövrü kimi dövrlərə ayırmışdır.
Mədəd müəllim Türk dillərinin ən qədim dövrü, yəni Şumer dövrü adlanan dövrün eramızdan əvvəl 12-10-cu minilliklərdən başlanmasını, eramızdan əvvəl III-II minilliklərə, yəni yazıya-qədərki dövrə qədər olmasını vurğulayır. Türk dillərinin Altay epoxası adlanan dövrünün eramızdan əvvəl ikinci minillikdən başlanması, bizim eradan əvvəlki III əsrə qədər olan dövrü əhatə etməsi vurğulanır. Türk dillərinin son qədim dövrü, yəni Hun dövrü eramızdan əvvəl III əsrdən başlanması, bizim eranın beşinci əsrinə qədər davam etməsi Mədəd Çobanov tərəfindən açıqlanır. Mədəd Çobanov türk dillərinin erkən orta əsrlər dövrünün eramızın V-X əsrlərini əhatə etməsini qeyd edir. Türk dillərinin orta türk dövrü eramızın XI-XV əsrlərini, yeni dövrü XVI əsrdən XX əsrin birinci rübünə qədər olan dövrü, ən yeni dövrü isə 1926-cı ildən müasir dövrümüzə qədər olan zamanı əhatə etməsi də Mədəd Çobanov tərəfindən vurğulanır.
Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi üçün müasir türk dillərinin hamısının latın qrafikalı vahid əlifba sisteminə keçilməsini təklif etməsi Mirzə Fətəli Axundzadə, İsmayıl Qasprinski və digər ziyalılarımızın irəli sürdükləri latın əlifbasına keçmə ideyalarının tərəfdarı olmasını əks etdirir.
Müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm də ümumtürk aspektində araşdırılmasını irəli sürən professor Mədəd Çobanovun bu yanaşması aktuallıq kəsb edir. Bu zaman ümumtürk xalqlarının ortaq qədim türk yazılı abidələri, folklor nümunələri, epos və dastanları və s. geniş tədqiq etmək zərurətini yaradır. Orxon-Yenisey kimi yazılı abidələrin, M.Kaşğarlının “Divani-lüğət-üt-üt türk” kitabının, “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” və s. kimi epos və dastanların tədqiq edilməsi, onlar ətrafında formalaşmış elmi mübahisələrə son qoya bilər.


Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyi

Professor Mədəd Çobanovun Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyinə münasibətini izah edərkən, hər hansı bir dilin iki yolla, yəni geneoloji və tipoloji yolla təsnif olunmasına toxunur. Mütəfəkkir alim konkret olaraq, bir sıra həmkarlarının fikirləri ilə razılaşaraq, Azərbaycan dilini “geneoloji təsnifə görə Altay dilləri ailəsinin Türk budağının Oğuz-səlcuq yarımqrupunun Oğuz qrupuna; tipoloji təsnifə görə isə, aqlütinativ (iltisaqi) dillər tipinə aid” edir. Mədəd Çobanov bir dilçi alim kimi, tədqiqatçıların Altay dillərinin keçdiyi inkişaf mərhələləri ilə razılaşmış və aşağıdakı mərhələlərdən keçməsini göstərmişdir:
“1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası - bizim eranın - III - V əsrləri.
3. Qədim türk epoxası - V - X əsrlər.
4. Orta türk epoxası - XI - XV əsrlər.
5. Yeni türk epoxası - XVI - XX əsrlər.”
Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar tərəfindən Altay dillərinin keçdiyi inkişaf mərhələləri müxtəlif mərhələlərdə olması göstərilmişdir. Məsələn, N.A.Baskakov türk dillərinin altı inkişaf mərhələsi keçməsinə toxunmuşdur:
1. Altay dövrü
2. Hun dövrü
3. Qədim türk dövrü
4. Orta türk dövrü
5. Yeni türk dövrü
6. Ən yeni türk dövrü. (6, 15).
F.R.Zeynalovun bölgüsündə isə Altay və Hun, yeni və ən yeni mərhələləri birləşdirilərək türk dillərinin inkişaf mərhələləri 4 qrupda cəmləşdirilir:
1. Ən qədim türk dövrü
2. Qədim türk dövrü
3. Orta türk dövrü
4. Yeni türk dövrü.
Mədəd Çobanovun türk dillərinin, əsasən də, Azərbaycan dilinin inkişaf mərhələsini fərqli, yəni beş mərhələdə həyata keçirilməsini göstərir.
Professor M. Çobanovun tarixin inkişaf mərhələsində Altay dilləri ailəsinə daxil olan, Azərbaycan-türk və Osmanlı türk dilləri arasında yaranan fərqliliklər nəzərindən qaçmamış, bu fərqliliklərə də aydınlıq gətirmişdir: “… Altay dilləri ailəsinə daxil olan bir neçə dilin, o cümlədən Azərbaycan-türk və Osmanlı türk dillərinin tarixin müəyyən mərhələsində digər dillərə nisbətən sürətlə inkişafına və həmin dillərdən özünün işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və xüsisi mövqeyə malik ola bilmişdir.”
Mədəd müəllimin tarixin inkişaf mərhələlərində Qafqazda və Yaxın Şərqdə beynəlxalq dil kimi istifadə olunmuş Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini sadalaması, ana dilimizin özünəməxsus xücusiyyətləri kimi qəbul edilməlidir: “Azərbaycan-türk dili sait səslərin çoxluğu və ahəngdarlığı ilə musiqi; məcazların qədimiliyi və zənginliyi ilə poeziya; sözlərin məna çaları və məzmun ifadəliliyi ilə nəsr; ifadə tərzinin yığcam və lakonikliyi ilə dram; ümumi şlək sözlərin zənginliyi, rəngarəngliyi və kütləviliyi ilə jurnalistika; termin və termin səciyyəli sözlərin sabitliyi ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və diplomatiya dili kimi insan təfəkkürünün bütün fikir və düşüncələrini, ehtimal və mülahizələrini əks etdirmək qabiliyyətinə malik ən ahəngdar, on qədim və ən zəngin dillərdən biridir.”
Professor M. Çobanovun Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının əsas şərtlərini açıqlaması ana dilimizin keçdiyi tarixi inkişaf yolunu da gözümüz önündə canlandırır. Mədəd müəllim Azərbaycan dilinin öz mövqeyini erkən orta əsrlərdən etibarən bariz şəkildə büruzə verməsinə, bir sıra obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı olmasına da toxunmuşdur. Ədib obyektiv və subyektiv səbəbləri özünüəməxsus şəkildə qruplaşdırmışdır. Mədəd Çobanov Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının ilkin və başlıca səbəblərindən birincisi kimi “Azərbaycan türkcəsinin etnogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir bölgədə və ya ərazidə məskunlaşması, vahid ictimai-siyasi qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı” olmasını əsaslandırmışdır. Azərbaycan dilinin xüsusi mövqe qazanmasının digər səbəblərindən biri kimi “Azərbaycanın əlverişli geostrateji mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı” olmasını əsas göstərmişdir.


Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkülü haqqında

Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tapması, təkmilləşməsi, inkişaf yolu və s. maraqlı məqamlar professor Mədəd Çobanovun diqqətindən yayınmamış, bu məqamları özünəməxsus şəkildə təqdim etmişdir.
Mədəd Çobanov xalqımızın şifahi ədəbi dilinin “artıq, VII-VIII əsrlərə qədər tam mənası ilə təşəkkül etmiş, səlisləşmiş və təkmilləşmiş və beləliklə də, yazılı ədəbi dilin təşəkkül tapması üçün möhkəm bir bünövrəyə” çevrilməsini, Azərbaycan yazılı ədəbi dilinin isə “artıq, IX-XI əsrlərdə başa çatmış və sonrakı dövrlərdə cilalanacilalana, səlisləşə-səlisləşə, zənginləşə-zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmilləşə bu günkü müasir səviyyəyə gəlib” çatmasını xüsusi olaraq qeyd etməsi Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tarixini gözümüzdə canlandırır.
Professor M. Çobanov Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələyə ayırır. Alimin Azərbaycan yazılı ədəbi dilinin belə mərhələyə ayırması, ana dilimizin yazılı ədəbi dili, həmçinin ədəbiyyatı haqqında təsəvvür yaradır.
Mədəd Çobanov yazılı ana dilimizin başlanğıcı kimi, Orhun Yenisey abidələri kimi daş üzərində qələmə alınmış kitabələri deyil, “Kitab-dədə Qorqud” eposunu qəbul edir. Müəllif sonrakı bölgüləri artıq ədəbiyyatımızda özünəməxsus yer tutmuş söz xiridarlarının yaradıcılığı əsasında təqdim edir:
“1. IX-XII əsrlərə qədər – “Kitabi-Dədə Qorqud” dövrü yazılı ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4. XVII-XVIII əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü yazılı ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundov dövrü yazılı ədəbi dil.
6. XX əsr - N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.”
Professor Mədəd Çobanovun Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələdə təqdim etməsi tədqiqatçılar arasında mübasə doğursa belə, bu professorun apardığı elmi tədqiqlərinin sonunda gəldiyi nəticəsidir.
Professor Mədəd Çobanov tərəfindən Azərbaycan dilinin təşəkkül tarixinin tədqiq edilməsi onun elmi tədqiqatlarının ana xəttinə çevrilmişdir. Ədib Azərbaycan dilinin də ilk növbədə, yalnız öz daxili imkanları hesabına həm əsas lüğət fondunu, həm də qrammatik quruluşunu sadədən mürəkkəbə, bəsitdən mücərrədə doğru tədrici inkişaf qanununa müvafiq şəkildə inkişaf etməsinə və zənginləşməsinə toxunmuşdur.
Əlbəttə, dilin inkişafında baş verən dəyişiklikləri cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında baş verən dəyişikliklərdən kənarda düşünmək olmaz. Çünki həyatda baş verən bütün hadisələr ilk növbədə öz əksini dildə tapır.
Professor Mədəd Çobanov ana dili anlayışına bütün yönləri ilə cavablandırmağa cəhd etməsi, onun həm bir ziyalı olmasından, həm də dilçi-alim olmasından irəli gəlir. Mədəd Çobanov haqlı olaraq, ana dilimizi məhz “….xalqımızın tarixən təşəkkül tapmış adət-ənənələri, inamı, inancı, etiqadı və əqidəsi” adlandırır. Mədəd Çobanov qətiyyətylə vurğulayır ki, “Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili olmayan heç bir xalqın gələcəyi yoxdur.”
Ana dilimizin yad təsirlərdən qorunmasına, ədəbi dildə buraxılan qüsurlara yol verilməməsinə və ya da yol verilibsə, aradan qaldırılmasına və s. məqamlara münasibət bildirən Mədəd Çobanov həyəcan təbili çalmaqda haqlıdır. Belə ki, mətbuat səhifələrində, televiziya və radio verilişlərində buraxılan qüsurların insanların, xüsusilə də gənc nəslin danışıqlarına mənfi təsir etmələri qaçılmazdır. Mədəd Çobanov radio və televiziya yayımlarının efir dilindəki qüsurlara toxunarkən, onları qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir:
“1. Aparıcıların nitqindəki qüsurlar.
2. Mətnlərin dilindəki üslubi qüsurlar.
3. Yersiz alınma sözlərin istifadəsi ilə müşaiyət olunan qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən qüsurlar.”
Professor Mədəd Çobanovun radio və televiziya yayımlarının efir dilində yolverilmiş bu qüsurların ağır nəticələrlə nəticələnəcəyini bir dilçi-alim kimi gözəl anlayır, onu yalnız həmkarlarına deyil, bütün xalqına çatdırmağa cəhd edir.


Azərbaycan dilinin dövlət statusu qazanması
və Azərbaycanşünaslıq haqqında


Mədəd Çobanov elmi tədqiqatlarında Azərbaycan dilinin bir dil kimi dövlət status qazana bilməsi məqamlarına da aydınlıq gətirmişdir. Ədib Azərbaycan dilinin xalqın tarixi prosesində bir neçə dəfə rəsmi dövlət dili olması məqamına biganə qalmamış, tarxi inkişaf prosesinə nəzər salmışdır. Mədəd Çobanovun Azərbaycan dilinin məhz hələ Şah İsmayıl Xətai tərəfindən rəsmi dil elan edilməsi məqamını yada salan fikirləri maraq kəsb edir: “Azərbaycan-türk dili ilk dəfə XV-XVI əsrlərdə, xüsusilə Səfəvilər dövrünün əvvəllərində rəsmi dövlət dili elan edilmiş və bu dilin inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.”
Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmasını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilməsini vurğulayır.
Professor Mədəd Çobanov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 27 iyun tarixli xüsusi qərarı ilə “Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idarcyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalma müsaidə edilsin” kimi qeydinə əsaslanaraq, bu dövrdə ana dilimizin dövlət status qazanmasını tarixi faktlarla təsdiq edir. Mədəd Çobanov Azərbaycan dilinin rəsmi dil kimi təsdiqini həm də 1978-ci ildə tapmasını da vurğulayır: “Azərbaycan SSR də 1978-ci il aprelin 21-də özünün yeni Konstitusiyası”nı qəbul etdi. Həmin Konstitusiyada deyilirdi: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir””. Mədəd Çobanov Azərbaycan dilinin 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası”nın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsdiqini tapması məqamını da işıqlandırır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmaq yolunda keçdiyi inkişaf tarixinin həm qədim köklərə bağlı olmasını, həm də keşməkeşli olmasını əks etdirməyə nail olur: “… Azərbaycan-türk dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və məişətin bütün sahələrində onun işlənmə sferası daha da genişləndirilmişdir.”
Qeyd etməliyik, Azərbaycan dili rəsmi dil kimi siyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) tərəfindn də elan edilmişdir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi, 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların nəticəsi kimi Azərbaycan dili rəsmi dil elan edilir: “Kültürel alanda yapılan faaliyetlerin en önemlisi ise Azerbaycan dilinin resmi devlet dili yapılmasıdır. Hatta bunun için 6 Ocak 1946 tarihinde 10 maddelik bir kanun çıkarılmıştır. Buna göre bütün devlet dairelerinde yazışmalar, eğitim öğretim, her türlü yayın Azerbaycan dilinde yapılacaktır. Azerbaycan dilini bilmeyenlere öğrenmeleri için süre konulmuştur. Diğer unsurlar kendi okullarında kendi dillerinde eğitim alabileceklerdir. Fakat, bu okullarda da Azerbaycan dilinin okutulması zorunludur.”
Azərbaycan dilinin xalqın tarixi inkişaf prosesində dövlət statusu qazanması haqqında bəhs edərkən, Azərbaycanşünaslıq və onun mahiyyəti və məzmununa toxunmadan keçmək mümkün deyil.: “Azərbaycanşünaslığın əsas atributları” öz mahiyyətinə və məzmununa görə üç sahəni əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli - etnik tariximiz.”
Professor Mədəd Çobanov Azərbaycanşünaslığın əsas xüsusiyyətlərini sadalamaqla xalqın ana dilinə, torpaq ərazilərinə və tarixinə ehtiramla yanaşmasını, dəyərləndirməsini təbliğ edir. Ümumiyyətlə, “…azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbaycanda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir.”


Nəticə

“Türk dillərinin ədəbi birliyinə doğru”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan şəxs adları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Familiya.-Təxəllüs”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Azərbaycan dili (Nitq mədəniyyəti)”, “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi”, “Azərbaycan dilinin tətbiqi sahəsinin müasir problemləri”, “Mətnin linqvistik təhlili”, “Dilçilik məsələləri” və s. monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifi olan professor Mədəd Namaz oğlu Çobanov (1937-2023) elmi yaradıcılığı boyu “Ana dilimiz xalqımızın tarixi milli sərvəti, biz isə onun keşikçiləriyik” ideyasını təbliğ etmişdir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Mədəd Çobanovun Türk ədəbi dillərinin birliyinə səsləyişi isə milli şüurun formalaşmasında türkdilli xalqların əlaqələrinin genişlənməsini, türk dillərinin geneoloji, morfoloji, tipoloji cəhətdən təsnifi onların qohum dillər olmasını əks etdirir.
Professor Mədəd Çobanovun türk xalqlarının milli mənsubiyyətini, təkamülünü və onun tarixi inkişaf mərhələlərini, Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus olan yerini müəyyənləşdirməsi sahəsindəki xidmətləri elmi fəaliyyətini əks etdirir.
Azərbaycanın dilçilik sahəsində özünəməxsus dəstixətti olan professor Mədəd Çobanov qələmə aldığı, Türk xalqlarının dillərini, xüsusilə də Azərbaycan dilinin tarixi və müasir problemlərini əhatə edən əsərləri ilə elmdə əbədi iz buraxmışdır.

Hörmətli müəllimimizə Allahdan rəhmət diləyirik.


Ədəbiyyat

1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005. 256 səh.
2. Cəfərov Nizami. Redaktordan. М.N.Çobanov. Türk ədəbi dillərinin birliyinə doğru. Bakı, “Tehsil” EİM, 2008, 280 səh.
3. Çobanov M.N. Türk ədəbi dillərinin birliyinə doğru (I). Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
4. Çobanov M.N.. Türk ədəbi dillərinin birliyinə doğru (II). Bakı, “Elm və təhsil”, 2012, 100 səh.
5. Sarısaman Sadık. İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490.
6. Zeynalov F.R. Türkologiyanın əsasları. B., 1981.
7. Баскаков H.A. Тюрские языки. M., 1960.


Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" Salidə ŞƏRİFOVA
AMEA
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru,
AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü




"Türkologiya" jurnalı, N: 02(2023), səh.45-52


[url=https://www.turkologiya.az/xulase-salide_sherifova-90]"Türkologiya" jurnalı, N: 02(2023), Buradan oxuya bilərsiniz...


[url=https://www.turkologiya.az/xulase-salide_sherifova-90]"Türkologiya" jurnalı, N: 02(2023), səh.45-52; Burada...




ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: