YADULLAH MİRZƏYEV: "ƏSGƏRƏ MƏKTUB" (Hekayə) Naxçıvan, Nəsr, Müsabiqə 14 Ekim 1126 80 1 2 3 4 5 Yadullah Qeybullah oğlu Mirzəyev - 12 yanvar 1970-ci ildə Naxçıvan rayonunun Sirab kəndində dünyaya göz açıb. 1977-ci ildə Sirab kənd orta məktəbinin I sinfinə qəbul olunub, 1987-ci ildə həmin məktəbin X sinfini bitirib. 1988-1990-cı illərdə Ukrayna Respublikasında həqiqi hərbi xidmət borcunu yerinə yetirib. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinə qəbul olub, 2000-ci ildə həmin universitetin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və "Təhsil kursları"nda ixtisasım üzrə müəllim işləyir. 04.10.2022-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi"i fəxri adına layiq görülüb. Ailəlidir.Yadulla Mirzəyev gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Onun nəsr əsərlərindən ibarət "Qisas yanğısı" adlı kitabı 2022-ci ildə "Əcəmi" nəşriyyatında işıqüzü görüb.Şeirləri isə müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Ziya", "Şərqin səsi", "Elm və təhsil", "Borçalı" qəzetlərində, zim.az, zirve.info, borcali.org,bolnisi.az, zirve.info.az və s. internet saytlarında, eləcə də, “Vətən”, “Ziya”, “Turan”, “Turan ellərinə salamlar!”, “Şam işığı”, “İlham çeşməsi”, “Heydər Zirvəsi”, "Odlar yurdu Azərbaycan", "Azərbaycan bayrağı", "Zirvəyə ucalanlar", "Zəfəri qazananlar", "Söz xəzinəsi", "Poeziya çələngi", "Qarabağ Azərbaycandır!", "Dəmir yumruq, polad bilək", “Qara-Arxac”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə çap olunub. Biz də hörmətli Yadullah müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir hekayəsini dəyərli oxucularımıza təqdim edirik!..ZiM.Az ƏSGƏRƏ MƏKTUB(Hekayə) Qapıdan içəri keçdikdən sonra qarşımda ecazkar bir mənzərə canlandı. Hər yer yaşıllığa bürünmüşdü. Yaşıl otların arasından boy göstərən al-əlvan çiçəklər bu gözəlliyə xüsusi bir rəng qatırdı. Bir tərəfdə şəlalədən tökülən çayın şırıltısı, digər tərəfdə isə ağaclarda eşq nəğməsi oxuyan quşların cəh-cəhi həzin musiqiyə çevrilərək qəlbimə axır, məni başqa bir aləmə aparırdı. Hərəkət edib Allahın yaratdığı bu gözəlliyi pozmaq istəmirdim. Birdən qarşımda atamı gördüm. - Nə gözəl mənzərəsi var, ay ata, -sevincək dedim,-bura haradı? - Bura cənnətdi, oğlum. - Necə? Cənnətdi?- heyrətdən bərəlmiş gözlərimlə atama baxdım,-bəyəm mən ölmüşəm? - Şəhid olmusan, oğlum. Görürsən o əsgərləri, onlar da sənin kimi şəhid olublar. Şəhidlərin hamısı cənnətə gəlir, mənim balam. - Axı mən heç müharibəyə getməmişəm. Hansı döyüşdə şəhid olmuşam? - Qarabağ uğrunda gedən döyüşlərdə, oğlum. Nə qədər fikirləşsəm də, döyüşlə bağlı heç nə xatırlaya bilmirdim. Nə vaxt döyüşmüşəm, nə vaxt şəhid olmuşam. Yazıq nənəm tək qaldı,- deyə nənəmi düşünməyə başladım. Axı onun məndən başqa heç kimi qalmamışdı. - Görəsən, anam da buradadı?- atamdan soruşdum. - Əlbəttə, oğlum, çağırsan , səsini eşidəcək. - Ana, anacan, hardasan?- deyib ucadan çağırmağa başladım. “Şahin, Şahin, qadası, qalx görüm, nə olub, niyə qışqırırsan? Qan-tərin içindəsən”, - deyən nənəmin səsinə yuxudan oyandım. Gözlərimi açanda key-key ətrafa baxıb harada olduğumu anlamağa çalışırdım. Nənəm başımın üstündə dayanmışdı. Mənim hər tərəfi xüsusi baxışlarla süzdüyümü görüb mehribanlıqla dedi: - Şahin,qadası, nə olub,yəqin, yuxu görürdün? - Hə, nənə, yuxu görürdüm. Nahaq yerə məni oyatdın. Anamı görə bilmədim,- məyus halda dedim. - Can bala, nənən sənə qurban, yat, ananın ruhu hər zaman yanımızdadır. - Nənə, yuxuda gördüm ki, Qarabağda şəhid olub cənnətə getmişəm. - Allah eləməsin, ay bala, nə danışırsan. - Bilirsən necə gözəl yer idi?! - Elə danışma, bala, sənə gələn bəla mənə gəlsin. - Şəhidlik elə uca bir məqamdır ki, hər adama qismət olmur, ay nənə,- dedim - Bilirsən ki, torpağımız uğrunda iki şəhid vermişəm. Əmilərinin ikisi də 1993-cü ildə şəhid olub. Atan isə ayağının birini itirdi. Sinəmə çəkilən dağ hələ qaysaqlamayıb, bala, - deyib nənəm yanıqlı bir ah çəkdi,-sən yat, namaz vaxtıdı, mən də namazımı qılım. Gözlərimi yumsam da, yata bilmirdim. Anamı yuxuda görə bilmədiyim üçün çox duyğulanmışdım. Düzdü, nə atamı, nə anamı xatırlayıram. Böyüyəndən sonra onları albomdakı şəkillərdən tanımışam. Mənim iki yaşım olanda valideynlərim avtomobil qəzasında dünyalarını dəyişib. O qəzada mən də olmuşam. Ancaq anamın məni qorumaq üçün sipər olmuş qolları və sinəsi sağ qalmağıma səbəb olmuşdur. Məni nənəmlə babam böyüdüb. Nənəmin söhbətlərindən bilirəm ki,onlar 1-ci Qarabağ döyüşləri zamanı çox əziyyət çəkiblər. Dədə- baba torpaqlarından, min bir əziyyətlə tikdikləri evlərindən didərgin düşüblər. Nənəmgil əslən Qubadlının Qızılı kəndindəndi. Dediyinə görə, Qızılı rayonun ucqar dağ kəndlərindən biri idi. Üç tərəfdən başıqarlı dağlarla əhatə olunan kənd rayon mərkəzindən 35 km aralıda, dağların qoynunda yerləşirdi. Ağ buludlardan başına tac qoymuş dağlardan axıb gələn coşqun çay kəndin yuxarısındakı qayadan tökülərək göz oxşayan şəlaləyə çevrilirdi. Günəşin qırmızı şüaları isə qayalarda əks olunaraq kəndi qızılı rəngə boyayır, qeyri-adi bir mənzərə yaradırdı. Bəlkə də, buna görə kəndin adı Qızılı olmuşdu. Nənəm həmişə deyirdi ki, 1993-cü ilin Novruzu qara gəldi. Ermənilər kəndi top atəsinə tutdular. Qadınları, uşaqları və qocaları kənddən güclə çıxara bildilər. Atam Qubadlı uğrunda gedən döyüşlərdə ayağından yaralanır. Xəstəxanaya gec çatdırıldığı üçün sağ ayağını dizdən aşağı amputasiya eləyirlər. Əmilərim isə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olurlar.*** Oktyabrın əvvəlləri olmasına baxmayaraq, havalar artıq soyu-muşdu. Payızın küləkli günləri ilə mübarizə aparan günəşin sanki gücü azalmışdı. Zəif şüaları havanı qızdıra bilmirdi. Gecələr dağlardan enən qatı duman hər yeri ağuşuna almışdı. Döyüşə Cəbrayıl rayonu ərazisindən başladıq. Artıq igid əsgərlərimizin şücaəti nəticəsində rayonun bir neçə kəndi işğaldan azad olmuşdu. 14 nəfərdən ibarət kəşfiyyat bölməmizə baş leytenant Məcid adlı zabit komandirlik edirdi. Otuz bir yaşı olmasına baxmayaraq, qalın qara bığları onu nisbətən yaşlı göstərirdi. İlk baxışdan sərt, zəhmli bir adam təsiri bağışlayır, ancaq onunla tanış olub bir-iki kəlmə kəsəndən sonra Məcidin necə sadə və mehriban olduğunu asanlıqla anlamaq olurdu. Qalan əsgərlər, mən də daxil olmaqla həqiqi hərbi xidmət zamanı xüsusi təlim görmüş əsgərlər idik. Hamımız orduya könüllü yazılmışdıq. Yeni tanış olmağımıza baxmayaraq, bir-birimizə çox tez alışdıq. Elə bil neçə illərdi bir yerdə qulluq eləyirdik. Bizi bir yumruqda birləşdirən düşmənə olan nifrət və Vətənə olan sevgimiz idi. Günorta yeməyindən sonra komandir yeni əməliyyat planı barədə məlumat verdi. - Karxulu kəndi yaxınlığındakı yüksəklikdə olan düşmən postunu ələ keçirməliyik. Çalışmalıyıq ki, itki vermədən bunu yerinə yetirək. Əvvəlcə düşmənin sayını təxmini də olsa, müəyyənləşdirmək lazımdır. Yəqin ki, orada bu neçə illər ərzində möhkəm istehkam qurublar. - Komandir, onların sayını öyrənə bilərəm, icazə verin, bu işi mən üzərimə götürüm, - üzümü komandirə tutub dedim. Komandir başını qaldırıb üzümə baxdı. - Yaxşı, Şahin, ancaq tək olmaz. - Biz də Şahinlə gedərik,- Bəbirlə Əhməd ikisi də birdən dilləndi. - Olsun, ancaq ehtiyatlı olun. Bu köpəküşağının snayperləri çoxdu. Hava qaralandan sonra qalxarsınız. Birdən axmaqlıq eləyib atışmaya girərsiz ha. Bunu sizə qadağan edirəm. Ehtiyac olmadıqca silahdan istifadə etməyin. - Oldu, komandir, narahat olmayın,-dedim. Həm Bəbir, həm də Əhmədlə xidmətə gələndən sonra tanış olmuşam. Bəbir Lənkarandandı, talış balasıdı. Hərəkətləri o qədər cəld, çevikdir ki, burada hamı onu cin Bəbir çağırır. Əhməd isə Saatlı rayonundandır. Hər ikisi də qorxunədir bilməzlər. Elə bil qurd ürəyi yeyiblər. Axşam keçirəcəyimiz əməliyyatın planını müzakirə edirdik ki, blindaja növbətçi əsgərlə bərabər çiynindən çanta asılmış, hərbi geyimli bir xanım daxıl oldu. Xanım salamlaşdıqdan sonra özünü təqdim etdi və gəlişinin məqsədini açıqladı. Adı Laləzar olan xanım bildirdi ki, ön cəbhədə döyüşən əsgərlərimizə mənəvi dəstək olmaq üçün “Əsgərə məktub” layihəsi başlanılıb. Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər, valideynlər tanımadıqları əsgərlərə məktublar yazırlar. Onlara öz ürək sözlərini, arzularını səmimi bir dillə çatdırırlar. O məktublardan bir neçəsini də sizin üçün gətirmişik. Sonra xanım çantadan bir dəstə məktub çıxartdı. Əsgərlərdən bəziləri özləri qalxıb məktub aldılar. Bir neçə əsgərə isə xanım özü yaxınlaşaraq məktubu təqdim elədi.Sonuncu məktubu isə mənə uzatdı. Təşəkkür eləyib məktubu götürdüm. Laləzar xanım sağollaşıb getdikdən sonra kimi oxuduğu məktub haqqında məlumat verir, bəziləri isə hamı eşitsin deyə məktubu ucadan oxuyurdu.Bu vaxt Bəbir yaxınlaşıb dedi: - Oxu görək, Şahin, sənə nə yazıblar? - Əvvəlcə sən oxu,- dedim. - Mənə məktub çatmadı. - Doğrudan, elə isə al mənim məktubumu, hələ açmamışam,- deyib məktubu cibimdən çıxardaraq Bəbirə tərəf uzatdım. - Yox, yox, nə danışırsan, o məktub sənə gəlib. Özün aç, oxu. - Yaxşı,-deyib barmağımla zərfin bir küncünü cırdım. Məktubu çıxardıb oxumağa başladım. Salam, Vətənimizin qüruru olan əsgər! Məktubun məzmununu valideynlərimə danışdıqdan sonra yazıram. Biz bu gün döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədi. Sizin və digər igid əsgərlərimizin şücaəti ilə artıq torpaqlarımız geri alınır. Düşmən Azərbaycan əsgərinin gücünü hiss edib qaçır. Hələlik nə mən sizi, nə də siz məni tanıyırsınız. Gəlin əvvəlcə tanış olaq. Adım Aydandı. Bakıda yaşayıram. 11-ci sinif şagirdiyəm. Arzum həkim olmaqdır, həm də hərbi həkim. Bunun üçün də böyük səylə çalışıram. 5 nəfərdən ibarət mehriban ailəmiz var. Atam, anam, qardaşım, bacım və mən. Bu məktubu yazaraq bildirmək istəyirəm ki, artıq sizin - (tanış olduğumuza görə “siz” kəlməsini icazənlə “sən” kəlməsi ilə əvəz edirəm) sənin yolunu gözləyən bir qız var. Bu məktubla sənə öz ürəyimi də göndərirəm. İnşallah, qələbə xəbəri ilə sağ-salamat qayıdarsan. Sözlərimin səmimiliyinə inan. Ora döyüş meydanıdır, hər an hər şey ola bilər. Allah eləməmiş yaralanarsan, əmin ol ki, səni hər vəziyyətdə qəbul etməyə hazıram. Ayağının birini itirsən, sənə dayaq olaram rahat yürümən üçün. Qolunu itirsən, qolun olaram, işlərini özün görəsən deyə. Gözünü itirsən görən gözün olaram, həyat yolunda qoşa addımlamaq üçün. Təki qələbə xəbəri ilə qalib əsgər kimi qayıt. İnanıram ki, qayıda-caqsan. Hər gün sənin üçün, bütün əsgərlərimiz üçün dua eləyə-cəyəm. Məktubu yazdığım gündən artıq hər gün saat 14.30-dan 15.00-a qədər Səməd Vurğun bağında oturub yolunu gözləyəcəyəm. Nə zaman dönsən, məni həmin saatda parkda görəcəksən. Yolunu gözləyirəm, igid əsgər! Zəfər müjdəsi ilə tez qayıt! Hörmətlə : Aydan Qasımlı 01.10.2020 Ürəyim şiddətlə döyünməyə başladı. Bütün vücudumu tanış olmayan qəribə bir hiss bürümüşdü. Sanki bir boşluğa düşmüşdüm. Məktub məni bir anlıq xəyal qanadlarının üzərinə alaraq Bakıya apardı. Hətta parkda qızla görüşməyə də imkan tapdım. - Haralardasan, a kişi, qayıt görək,- deyən Bəbirin səsi məni xəyaldan ayırdı,- nə olub, nə yaman xəyallanmısan. - Nə bilim vallah, məktubdan sonra içimi qəribə hisslər bürüdü,- deyə cavab verdim. - İnşallah, tezliklə erməni dığalarını torpaqlarımızdan qovarıq, qayıdanda o qızı taparsan. Ancaq toya bizləri yaddan çıxartma ha. - İnşallah, Bəbir, inşallah, təki qələbə ilə qayıdaq, qalanı düzələn işdi.*** Hava qaralana yaxın yuxarıya doğru qalxmağa başladıq. Həm də ermənilərin özlərinin gedib-gəldiyi yol tərəfdən irəliləməyi qərara aldıq. Çünki ermənilər bizimlə üzbəüz mövqelərini daha yaxşı nəzarətdə saxlayırdılar. Ağıllarına gəlməzdi ki, biz yuxarıya onlar tərəfdən qalxa bilərik. Ona görə də onların özlərinə aid olan tərəfdən qalxmağa başladıq. Gecənin zülmət qaranlığı hər tərəfi öz ağuşuna almışdı. İki- üç metr qabağı görmək mümkün deyidi. Bu qaranlıq isə bizim işimizə yarayırdı. Bir qədər getmişdik ki, yuxarı postdan enən maşının işıqları qaranlığı yarıb, ətrafı aydınlatdı. Tez özümüzü yolun kənarındakı xəndəyə atdıq. Bizi görə bilməzdilər. Ancaq yenə də hazır vəziyyətdə dayanmışdıq. Maşın yanımızdan keçib getdi. Arxayın olduqdan sonra yolumuza davam elədik. Dincəlmədən, ehtiyatla üzüyuxarı qalxırdıq. Artıq ermənilərin səsi eşidilirdi. Dayanıb ətrafı yaxşı-yaxşı nəzərdən keçirtdik. Yo-lun sol tərəfindəki qayalıq diqqətimizi cəlb etdi. Gizlənmək üçün əlverişli yer ola bilərdi. Oraya doğru qalxdıq. Özümüzə rahat yer seçib oturduq. Saat 22:50-ni göstərirdi. Deməli, bura çatana qədər iki saat yarım vaxt keçmişdi. Buradan ermənilərin səngəri açıq-aydın görünürdü. Bizim mövqelərimizə doğru bir-birinə yaxın iki post qoyulmuşdu. Hər postda iri çaplı silahlarla silahlanmış iki er-məni əsgəri dayanmışdı. Blindajın qarşısnda isə üç erməni nə barədəsə söhbət edirdilər. - Bayırda yeddi nəfər var, bəlkə, bunları aradan götürək?- Bəbir astadan dilləndi. - Yox, olmaz,- dedim,- hələ bilmirik içəridə neçə nəfər var. Əvvəl onu öyrənib bizimkilərə xəbər verməliyik. - Vallah, əla mövqedə dayanmışıq, çölə çıxanı gəbərdəcəyik. Aşağıya xəbər verməyə ehtiyac yoxdu,- Əhməd də Bəbirin fikrini təsdiqlədi. - Yaxşı, siz deyən olsun, ancaq əvvəlcə vəziyyəti komandirə bildirməliyik. Birimiz gərək aşağıya enək. - Mən gedərəm,- Bəbir pıçıldadı. - Vəziyyəti komandirə izah edərsən. Sizdən işarə gözləyəcəyik. İşarə alan kimi postda olanları aradan götürəcəyik, sizin də yolunuz açılsın. Bəbir getməyə hazırlaşırdı ki, ermənilər postu dəyişdilər. - Deməli on bir erməni saya bildik, bunu da komandirə bildirərsən,-deyə Bəbirə tərəf baxdım,-ehtiyatlı get, çalışın bizə tez işarə verin. - Narahat olmayın, cin kimi getməyimlə qayıtmağım bir olacaq. Bəbir getdikdən sonra Əhmədlə qayalıqda daha yaxşı yer seçdik. Çünki hava getdikcə soyuyurdu. Oturduğumuz yer bir qədər oyuq olduğu üçün külək oranı tutmurdu. Növbə ilə birimiz oturur, birimiz isə ətrafı nəzarətdə saxlayırdıq. Saat 3- də ermənilər postu yenidən dəyişdilər. Bizimkilərdən isə hələ xəbər yox idi. Görəsən, niyə gecikdilər?-öz-özümə fikirləşməyə başladım. Bəlkə, Bəbir yolda ermənilərə rast gəlib. Yox, ola bilməz. Əvvəla, güllə səsi eşitməmişik, ikincisi də ki, Bəbir cin kimi oğlandı. Ermənilər onunla bacarmazlar. İnşallah, tezliklə bir xəbər çıxar. Bir qədər aşağıdan gələn hənirti məni fikrimdən ayırdı.Tez əlimlə Əhmədə işarə edib avtomatı aşağıya tərəf çevirdim. Qaraltı arxayınlıqla bizə sarı gəlirdi. Bir qədər yaxınlaşandan sonra onun Bəbir olduğunu gördük. Özü ilə bayraq da gərimişdi. - Nə oldu, Bəbir, nə xəbərlə gəlmisən?-pıçıltı ilə soruşdum. - Hər şey planlaşdırdığımız kimidir. Bölük aşağda yerlərini alıblar. Bir azdan işarə veriləcək. - Lap yaxşı, hazırlaşın, hərəniz bir tərəfdə yerinizi alın. Gərək elə eləyək ki, bir nəfər də sağ çıxa bilməsin. Elə təzəcə yerimizi almışdıq ki, aşağıdan atəş səsləri eşidildi. Postda dayanan əsgərlərdən biri blindaja tərəf qaçdı, digərləri isə aşağını güllə yağışına tutdu. Biz isə hələ atmağa tələsmirdik. Ermənilərin çölə çıxmalarını gözləyirdik. Səs–küyə oyanan ermənilər silahlarını götürüb posta tərəf qaçırdılar. On səkkiz erməni yaraqlısını saydım. Artıq başlamaq olardı. Əlimlə işarə verən kimi silahlar dilləndi. Ermənilər elə çaş-baş qalmışdılar ki, atəşin haradan açıldığını anlaya bilmirdilər. Ona görə də arxaya belə çevrilməyə imkan tapmadılar. Hamısını cəhənnəmə vasil elədik. Atəş səsləri kəsilmişdi. Bəbir yenə cin kimi yaxınlaşıb qumbaranı blindajın qapısından içəri atdı. Qumbaranın partlaması ilə içəridən bağırtı səsi eşidildi. Bəbir ikinci qumbaranı atmaq istəyirdi ki, yaralı bir erməni zabiti qapıda göründü. -Keç görüm, it oğlu it, içəridə sağ qalan var?-deyə erməninin üstünə qışqıraraq rus dilində soruşdu.- Daha iki nəfər yaralı var,- zabit bildirdi. Bunu eşidən kimi bir az əvvəl atmaq üçün hazırladığı qumbaranı içəriyə atdı. Blindajın qabaq tərəfi uçub töküldü. Toz- duman ətrafı bürüdü. Daha oradan kimsə sağ çıxa bilməzdi. Əhməd bayrağı yelləyərək komandiri səslədi. Bir azdan bütün bölük postda idi. Komandir ətrafı nəzərdən keçirdikdən sonra əli ilə qolumuza toxunaraq dedi: - Əla iş bacardınız, uşaqlar, halal olsun sizə.Sizin kimi igidləri olan Vətən yağılarda qala bilməz. İnşallah, hamısını, bütün tor-paqlarımızı bu nankorlardan alacağıq. Bir az geci-tezi var. Ermənilərin meyitlərin nə edəcəyimiz barədə danışırdıq ki, aşağıdan - kənddəki erməni postu tərəfdən gələn maşının işığı diqqətimizi cəlb etdi. Deyəsən, silah səsini eşidib yuxarı qalxırdılar. Komandir yaralı zabitlə uçuq blindajda gizləndi. Hərəmiz bir tərəfdə yerimizi rahatlayıb gözləməyə başladıq. Yaxınlaşan UAZ markalı avtomobil idi. Maşın bizdən bir qədər aralıda dayandı. Ətrafda sakitlik hökm sürürdü. Əvvəlcə arxa qapıdan bir əsgər düşüb ətrafa diqqət eləyə-eləyə posta yaxınlaşdı. Yerə sərilmiş meyitləri görən kimi cəld maşına tərəf qaçdı. Erməni dilində nə isə danışdıqdan sonra daha iki əsgər yenidən meyitlərə yaxınlaşdı. Onların sağ olub-olmadığını yoxlayırdılar. Bəbirlə mən ehtiyatla maşının arxasına keçdik. Bu vaxt əsgərlərdən biri maşına tərəf əl elədi. Sürücü ilə qabaqda əyləşən kapitan də maşından endi. Bəbir pişik cəldliyi ilə sıçrayıb qolunu arxadan zabitin boğazına ilişdirib özünə tərəf çəkdi. Mən isə əlimdəki bıçağı sürücünün kürəyinə sapladım. Səs eşidən ermənilər maşına tərəf qaçdılar. Ancaq açılan atəş səsləri onları maşına çatmağa qoymadı. Bəbir erməni zabitini təpikləyib ayağa qaldırdı. Hər iki zabiti araya almışdıq. Komandir onları sorğu-suala tutdu. Aşağı postda topçu və minamyotçulardan ibarət iki dəstədə təxminən otuz beş nəfər əsgər olduğunu öyrəndik. Artıq dan yeri sökülməyə başlamışdı. Meyitləri erməni zabitləri daşıyaraq UAZ-ın arxasına yüklədilər. Sonra komandir : - Bunları da rədd eləyin getsin,- deyib erməni zabitlərini göstərdi. Bunu eşidən kimi Kərəm irəli yeridi. Kərəm Ağdamlıdır. Hal-hazırda Bakıda yaşayır. Ustadır, özünün kiçik avtomobil təmiri sexi var. Müharibə başlayanda könüllü yazılıb cəbhəyə gəlib. Dediyinə görə, bir yaşı tamam olmamış xalasının qucağında Ağdamdan çıxıblar. Bütün ailəsi ermənilər tərəfindən öldürülüb. Ona görə də uşaqlıqdan ermənilərə qarsı sonsuz nifrəti olub. Həmişə valideynlərinin qisasını almaq xəyalı ilə yaşayıb. Cəbhəyə könüllü yazılmağının əsas səbəbi də bu idi. İstəyirdi ki, ermənilərlə döyüşüb, onlardan qisas alsın. - İşiniz olmasın, onlarla özüm məşğul olacağam, - deyib bıçağını çıxartdı, əvvəlcə yaralı zabitə yaxınlaşdı. Zabit yalvarmağa başladı. - Ay köpək oğlu, ölmək istəmirsənsə, özgənin torpağında nə gə-zirsən?- deyib bıçağı zabitin ayağına sancdı. Zabitdən elə bir tükürpədici səs çıxdı ki, ermənilərə nifrətim çox olsa da, ona yazığım gəldi, halına acıdım. İstədim Kərəmə deyəm ki, yazıqdı, əzab vermə, gülləni çax təpəsinə, cəhənnəmə vasil olsun. Ancaq nənəmin danışdıqları yadıma düşdü. Xocalıda olan vəhşilik kino lenti kimi bir anlıq gözümün önündə canlandı. Erməninin yaxşısı olmaz. İlanın ağına da lənət, qarasına da. Hamısına lənətə olsun-deyə ürəyimdən keçirtdim. -Sağ qalmaq istəyirsənsə, çəkməmin tozunu dilinlə tərtəmiz yala. Təmiz olsa, səni öldürməyəcəyəm. Yaralı zabit gah Kərəmə, gah da bizə baxırdı. Sanki baxışları ilə yalvarırdı ki, ləyaqətini alçatmayaq, onu sağ buraxaq. Bu zaman kapitan rütbəli zabit Kərəmin ayaqlarını qucaqladı- mən yalayaram,- deyib dili ilə çəkməni yalamağa başladı. Zabitin bu şərəfsiz hərəkəti Kərəmi iyrəndirdi. Tez ayağını geri çəkdi. Zabit başını qaldıranda təpiklə ağzına necə vurdusa, qabaq dişləri töküldü. Ağız-burnunun qanı bir-birinə qarışdı. Zabit üzü üstə düşüb zarıyırdı. - Öl, şərəfsiz əclaf, it kimi gəbərəcəksən,- deyib Kərəm zabiti təpikləməyə başladı. - Səhər açılır, vaxt yoxdu, rədd eləyin bunları - komandir uzaqdan səsləndi. -Bu dəqiqə, komandir,-deyib,- Kərəm yerdə zarıyan zabitin saçından yapışıb yuxarı qaldırdı. Sonra əlindəki bıçağı onun boğazına çəkməklə cəhənnəmə vasil elədi. Kərəm əlindəki qanlı bıçaqla çevrilib yaralı zabitə baxdı. Gördüyü mənzərədən zabitin rəngi kağız kimi ağarmışdı. Qorxudan tir-tir əsirdi. - Maşın sürməyi bacarırsan?- Kərəm zabitdən soruşdu. - Yox, bacarmıram,- qorxu və həyacan dolu titrək səslə dedi. Kərəm UAZ-a yaxınlaşıb tez bir zamanda əyləc sistemini sıradan çıxartdı. Sonra üzünü yaralı zabitə tutub dedi: - Səni öldürmürəm, otur maşına, meyitlərinizi apar. Ancaq maşının əyləc sistemi işləmir. Sağ qalmağın öz əlindədir. Hə, dur, rədd ol, yoxsa fikrimi dəyişərəm. O, bir qədər əvvəl öldürülmüş zabitin meyitini də maşına qaldırdıqdan sonra sükanın arxasına keçdi. Maşın işə düşən kimi üzüaşağı yel kimi götürüldü. Bu vəziyyətdə heç bir sürücü nə qədər təcrübəli olsa belə, maşını sağ- salamat aşağıya endirə bilməzdi. Bir az getmişdi ki, UAZ yoldan çıxıb dərəyə yuvarlandı. Bunu gözləyirmiş kimi komandir dilləndi. - Yaxşı, daha tamaşa qurtardı. Hava işıqlanan kimi atmağa başlayacaqlar. Hazırlığınızı görün, mövqelərinizi seçin. Bir azdan minamyot dəstəsinin əsgərləri də burada olacaq. Ermənilərdən qənimət kimi ələ keçirdiyimiz topların və iri çaplı pulemyotların ağzını özlərinə tərəf çevirdik. Blindajın ön tərəfi dağılsa da, içərisi salamat idi. İşimizə yarayacaqdı. Səngər də betondan tökülmüşdü. Müdafiə olunmaq üçün səngərdə yerimizi rahatladıq. Artıq hava işıqlanmışdı. Aşağıda - kənddəki erməni postu aydınca görünürdü. Təlaşla ora-bura qaçırdılar. Yəqin ki, artıq postu bizim ələ keçirdiyimizi öyrənmişdilər. Döyüşə hazırlıq görürdülər. Gözlədiyimiz əsgərlərimiz də gəlib çıxdı. Beləliklə, yeni gələn bölməmizlə erməni quldurlarından aldığımız Karxulu kəndi yaxınlığındakı yüksəklikdə öz mövqelərimizi daha da möhkəmləndirdik. Daha qorxusu yox idi. Elə yerdə dayanmışdıq ki, başını qaldıran erməninin anası ağlar qalacaqdı. Ermənilərin atdığı ilk top mərmisi bizdən xeyli aralı düşdü. Artıq döyüş başlamışdı. Ancaq biz hələ atmırdıq. Ermənilərin bir qədər yuxarı qalxmasını gözləyirdik. Onların gələ biləcək bütün yollara nəzarət eləyirdik. Komandir Məmmədə işarə elədi. Məmməd yaxşı snayperçi idi. Orduda xidmət elədiyi vaxt snayperlə xüsusi təlim keçmişdi. Necə deyərlər, quşu göydə gözündən vururdu. Neçə dəfə əsgərlərlə mərc gəlib bir km uzaqlıqda qoyulmuş kibrit qutusunu dəqiqliklə vurmuşdu. İndi də əlini tətiyə uzadan kimi erməninin birini aşırdı. Ermənilər arasında çaxnaşma düşdü. Bu vəziyyət bizim işimizə yaradı. Toplardan, pulemyotlardan açılan atəş onları geri oturtdu. Ancaq biz yenə də ehtiyatı əldən vermirdik. Mövqeyimizdə ayıq-sayıq dayanmışdıq. Gün ərzində bir neçə dəfə itirilmiş yüksəkliyi geri qaytarmaq istəyən düşmən əks - hücum əməliyyatına başlayaraq mövqelərimizi toplardan, minaatanlardan və iriçaplı pulemyotlardan arası kəsilmədən atəşə tuturdu. Ancaq hər dəfə də igid əsgərlərimizin sayıqlığı nəticəsində düşmən ağır itki verərək geri çəkilirdi. Ciddi itkimiz yox idi. Sadəcə minamyot bölməsindən üç əsgər qəlpə yarası almışdı. Ermənilərin qazdıqları səngər belə vəziyyətlərdə işimizə yarayır, bizi düşmənə hədəf olmaqdan, digər tərəfdən isə gecələr soyuqdan qoruyurdu. Gecələr nəinki yatmağa, mürgüləməyə belə imkan olmurdu. Atışma səngiyəndə səngərin divarına söykənərək otururduq. Hava da getdikcə soyuyurdu. Gecə bizə - kəşfiyyatçılara istirahət vermişdilər. Çünki bir qədər dincimizi alıb gecəyarı “ova” çıxacaqdıq. Qabaq tərəfi uçmuş blindajda bir-birimizə qısılaraq uzanmışdıq. Üzərimizi qalın eləsək də, havanın soyuqluğu hiss olunurdu. Bir qədər mürgüləyərək dincimi almaq niyyəti ilə gözlərimi yumdum. Ancaq yata bilmədim. Elə bil yuxum ərşə çəkilmişdi. Bir tərəfdən Aydanı, digər tərəfdən də nənəmi düşünürdüm. Qoca arvadı tək-tənha qoyub gəlmişəm. Görəsən vəziyyəti necədi? İnşallah, tezliklə mənfur düşmənləri torpaqlarımızdan qovarıq. Sağ-salamat qələbə müjdəsi ilə qayıdarıq evə. Çünki tək nənəm deyil, başqası da vardı yolumu gözləyən.*** Müharibə başlayan günün sabahı nənəmdən xəlvət hərbi komissarlığa gəlib adımı yazdırdım. Yoxsa nənəm getməyimə razı olmazdı. Evə gələrkən yol boyu qərarımı nənəmə necə deyəcəyimi düşünürdüm. Darvazanı açıb həyətə keçdim. Həyət evində olurduq. Bu evi rəhmətlik babam özü tikib, yaxşı usta idi. Əlindən hər iş gəlirdi. Nənən həyətdə oturub nahar hazırlamaq üçün kartof soyur, qabıqlarını zibil qabına, soyulmuş kartofları isə yanına qoyduğu su ilə dolu plastik qabın içinə atırdı. Hərdən yerə düşən kartof qabıqlarını nənəmin ayaqlarına dolaşan toyuqlar götürüb qaçırdı. Yaxınlaşıb nənəmin yanında əyləşdim. Fürsət gözləyirdim ki, sabah cəbhəyə gedəcəyimi deyim. Ancaq deyəsən, qanı qara idi. - Nə olub nənələrin ən gözəli, niyə qaş-qabağını tökübsən belə?- zarafata salıb soruşdum. - Heç nə, a bala, deyirlər zəhrimara qalmış başlayıb. - Zəhrimara qalmış nədi, ay nənə? - Müharibəni deyirəm də, bala, erməniləri görüm elə bəlaya düşsünlər ki, başları ancaq özlərinə qarışsın. Süfrəmizin artığıynan yallanıb bizə təpik atan nankorlardı onlar. Əlimdə imkanım ola hamısını diri-diri boğaram. - Narahat olma, nənə, onların hamısının boğazını özüm üzəcəyəm. Atamın da, əmilərimin də intiqamını alacağam. - A bala, elə danışırsan ki, elə bil müharibəyə hazırlaşırsan. - Hə nənəcan, yazılmışam, sabah cəbhəyə yola düşürəm. Sözümü axıra çatdırmışdım ki, nənəm əlindəki kartofu su olan qaba necə çırpdısa, su damcıları ətrafa sıçradı. Cəld ayağa qalxıb dedi: - Heç kim səni apara bilməz. Mən o müharibəyə üç oğul vermişəm. Daha bəsdi. Gəl görum, hansı “voenkomatdı” səni aparmaq istəyir?- əsəbi halda soruşdu. - Əsəbləşmə, ay nənə, hələ bir otur. Məni heç bir komissarlıq çağırmayıb. Özüm gedib könüllü yazılmışam. Vətənın belə ağır günündə sakit otura bilməzdim axı. Tay-tuşlarım artıq cəbhədə döyüşür. Mən hələ gecikmişəm. Sən özün uşaq yaşlarımdan mənə həmişə vətəni sevməyi, onu qorumağı aşılamısan. “Vətən gözdür, biz kirpik, Vətənimizin keşiyini çəkirik” misralarını tez-tez təktarlayan sən deyildin? Nə tez yadından çıxdı. - Yadımdadı, ancaq bəs sən getsən, mən necə olacağam?! - Heç narahat olma, inşallah, tezliklə sənə qələbə xəbərini özüm gətirəcəyəm. Təki sən sübh namazında mənə, əsgərlərimizə dua elə. Allahın köməyi ilə qələbə bizim olacaq. - Yaxşı, bəs məktəb nə olacaq, nə əziyyətlə qazanmısan. Dərsə getməsən, çıxardarlar axı. - Cəbhəyə yazıldığımı üniversitetə də bildirmişəm, xəbərləri var. Qayıdandan sonra oxuyacağam. - Sən bu tərslikdə kimə oxşamısan axı, dediyindən dönmürsən. - Ay nənə, yadında deyil, rəhmətlik babam həmişə mənə deyərdi ki, tərslikdə nənənə çəkmisən. - Kiri ə, babanı da mənə söydürmə,- kədərli bir səslə dedi. O günü nənəmin eyni açılmadı. Elə bil üzünə kədər buludu çökmüşdü. Özündə-sözündə deyildi. Gecəni də narahat yatmışdı. Gözləri qızarmışdı. Bəlkə də, heç gecəni yatmamışdı. Ya da xəlvətə çəkilib xısın-xısın ağlamışdı. - Uşaqlar, vaxtdı, hazırlaşın, çıxaq,-deyən komandirin səsi məni xəyaldan ayırdı. Çəld qalxıb hazırlandıq. Aşağıya - kəndə doğru sakitcə hərəkətə başladıq. Məqsəd kazarmanı ələ keçirmək idi. Ətrafa ağır bir sükut çökmüşdü. Ancaq uzaqda aradabir eşidilən bayquşun səsi gecənin sakitliyini pozurdu. Gecə göy üzü açıq olsa da, indi qara bulud elə bil kəndin üzərinə qaranlıq pərdə çəkmişdi. Hərdən göy gurultusu da bayquşun səsinə qoşulub səssizliyə xələl gətirirdi. Kazarmaya yaxınlaşmışdıq. Ara-sıra düşən yağışın iri damcıları getdikcə şiddətlənirdi. Birdən elə tökdü ki, sanki kimsə göy üzündəki qara pərdənı yırtdı. Yağışdan daldalanmağa çalışdıq. Komandir durbunlə ətrafı diqqətlə nəzərdən keçirdikdən sonra dedi: - Üç nəfər gözə dəyir. İkisi postda dayanıb, biri isə kazarmanın qapısı ağzında. Öncə səs salmadan onları aradan götürə bilsək, işimiz rahat olacaq. Yağış onları da çaşdırmışdı. - Biri mənim boynuma,- Kərəm komandirə tərəf pıçıldadı. - Yox, Kərəm, bu iş sənlik deyil. Fikrimi bacarmazsan anlamı kimi qəbul eləmə. Yuxarıda zabitlə olan rəftarını gördüm. Onlara olan nifrətin imkan verməyəcək ki, sən bu işi səssiz-küysüz görəsən. - Narahat olma, komandir, boğazını elə üzəcəyəm ki, heç xəbəri də olmayacaq,-Kərəm fikrindən dönmək istəmirdi. - O birini də mən aradan götürərəm,- Bəbir astadan dilləndi. --Yaxşı, onlar sizin olsun, biz də iki dəstəyə bölünüb kazarmanın sağ və sol tərəflərini nəzarətə götürək,-deyib komandir üzünü Məmmədə tutdu,- sən də snayperini götür, qarşı tərəfdə mövqeyini tut, kazarmanın qapısı sənin ixtiyarındadır. Beş nəfərlə kazarmanın sol tərəfində özümüzə mövqe seçib uzandıq. Yağış dayanmaq bilmirdi. Kərəmlə Bəbir yağışdan qorunmaq üçün səngərə qısılmış ermə-nilərə yaxınlaşmışdılar ki, kazarmadan çıxan iki əsgər qaça-qaça posta yaxınlaşdı. Kərəm cəld sıçrayıb qolunu arxadakı əsgərin boğazına salan kimi boynunu sındırdı. Əlində hazır tutduğu bıçağı səsə geri dönən erməninin boğazına sancdı. Qapıda dayanan erməni Kərəmi vurmaq istəyəndə Məmmədin snayperi açıldı. Artıq gecənin səssizliyi pozulmuşdu. Bəbir də vaxt itirmədən qumbaranı postda olan əsgərlərin üzərinə tulladı. Kazarmadan tələsik çölə çıxan dörd-beş erməni elə yerindəcə vuruldu. Daha qapıdan çıxan olmadı. Ancaq pəncərələrdən atırdılar. Pəncərənin şüşələri qırıq-qırıq olmuşdu. Burada çox ləngimək olmazdı. Ermənilər başqa postlara telefonla xəbər verə bilərdilər. Əlac ona qalmışdı ki, pəncərədən içəriyə qumbara ataq. Əhmədlə mən sürünə-sürünə kazarmanın pəncərəsinə yaxınlaşdıq. İşarə verən kimi bizimkilər pəncərəni atəşə tutdular. Onlar atəşi saxlayan kimi biz qumbaraları pəncərədən içəri atdıq. İçəridə çığır-bağır düşmüşdü. Onları bu yolla çölə çıxmağa məcbur eləməli idik. Sağ tərəfdən də içəri qumbara atılırdı. Dan yeri sökülürdü. Yağış da artıq səngimişdi. Məmməd bizə doğru iki “Ural” markalı avtomobil gəldiyini bildirdi. Deməli, ermənilər xəbər çatdıra bilmişdilər. - Kərəm, sən qapını nəzarətə götürəcəksən, oradan bir nəfər də sağ çıxmamalıdır,- deyə komandir tapşırığını verdi,- Ramizlə Əhməd düşmən postunda olan pulemyotları işə salsınlar. Qalan əsgərlər də mövqelərini seçib döyüşə hazır olsunlar. Gülləmiz azalıb. Ona görə də çalışın ki, gülləniz boşa getməsin. Özünüzü qoruyun. Özümüzə elə mövqe seçdik ki, kazarmanın pəncərəsindən bizi görə bilməsinlər.Gələn maşınlar bir qədər aralıda dayandı. Ermənilər maşından yerə tullanıb döyüş vəziyyəti aldılar. Onlar bizi görə bilməzdilər. Ancaq biz onların bəzilərini aydın görürdük. Hətta bir neçə əsgər ayaq üstə kazarmaya yaxınlaşırdı. Ramizlə Əhmədin pulemyotu onların istəyini gözündə qoydu. Güllə səsi eşidən ermənilər kazarmadan da atəş açmağa başladılar. Qapıdan çıxmağa cəhd edənləri isə Kərəm aradan gö-türürdü. Pulemyotlardan açılan atəşlər düşmənə başın qaldırmağa imkan vermirdi. Bu vaxt ermənilər minaatanlardan Əhmədgil olan tərəfə atəş açmağa başladılar. Vəziyyət getdikcə çətinləşirdi. Ermənilər isə minaatanlardan dayanmadan atırdılar. Düşmənin fikrini yayındırıb öz üzərimizə çəkməli idik. Yan tərəfdən bir qədər sürünərək ermənilərə yaxınlaşdıq. Artıq açıq-aşkar erməniləri görə bilirdik. Açıq döyüşə girməkdən başqa çarəmiz qalmamışdı. Beşimiz də birdən ayağa qalxıb, erməniləri atəşə tutduq. Onlar bizə tərəf dönənə qədər xeyli ermənini aradan götürdük. Ancaq bu vaxt ermənilərin dalbadal atdığı minamyot mərmisi yanımıza düşdü. Qəlpələrdən biri Anarın boğazından girib, boynunun arxa hissəsindən çıxmışdı. Şamilin qarnını parçalamışdı. Onlara baxanda yüngül yaralı mən idin. Qəlpə ayağımın dizdən bir qədər aşağı hissəsini dağıtmışdı. Əgər komandir dəstəsi ilə ermənilərə hücum etməsəydi, yəqin ki, bizi sağ buraxmayacaqdılar. Bu qarışıqlıqdan istifadə edib Bəbirgil yaralanları aşağıya tərəf sürüdü. Mən özüm sürünərək dalda yerə keçə bildim. Əynimdən köynəyini çıxardaraq ayağımı bərk-bərk sarıdım. Anarla Şamili o vəziyyətdə görəndən sonra öz ağrılarımı unutmuşdum. Anarın boğazından axan qanı kəsə bilmirdilər. Kö-mək eləyə bilməməyimiz bizi çox üzdü. Anar gözümüzün önündə keçindi. Şamil isə çölə tökülmüş bağırsaqlarını əli ilə tutaraq zarıyırdı. Artıq ölümün gözünə dik baxacağımız an yetişmişdi. Son daraqlarımızı avtomata keçirtdik. Bəbirlə Rizvan ermənilərə tərəf süründü. Ayağımın ağrımasına baxmayaraq, qollarımı yerə dayayaraq bir qədər yuxarı qalxdım. Bəbir ilk atışda minaatanı aradan götürdü. Başqa biri minamyotun arxasına keçmək istəyirdi ki, o da mənim gülləmə tuş gəldi. Qarşı tərəfdən Kərəmlə Məmməd, soldan biz, sağdan komandir və əsgər yoldaşlarımız ermənilərə sıx atəş açmağa başladılar. Məsafə çox daralmışdı. Üç tərəfdən olunan hücum düşməni çaş-baş salmışdı, geri çəkilirdilər. Gəldikləri maşına doluşub qaçmaq istəyirdilər. Ancaq igid döyüşçülərimiz onlara imkan verməyib gülləyə tutdular. İki nəfər silahlarını atıb təslim olsa da, Kərəm çatan kimi hər ikisini güllələdi. Sonra minaatanın ağzını kazarmaya tərəf çevirib atəş açdı. İkinci atəşdən sonra kazarma qatı tüstü içində görünməz oldu. Orada sağ qalan olmazdı. Ancaq yenə də Kərəm oranı yoxladı. Hamısı it kimi gəbərmişdi. Kənd tamamilə bizim nəzarətimizə keçmişdi. Uğurlu əməliyyat və əsgərlərimizin cəsarəti nəticəsində erməniləri geri çəkilməyə məcbur etdik. Ancaq həmin gün ağır itkilərimiz oldu. Üç yoldaşımız - Anar, Əhməd və Ramiz şəhidlik zirvəsinə ucaldı. Şamillə mən yaralandıq. İki topçu dəstəsi gəlib kənddə öz istehkamlarını qurduqdan sonra bizi Füzulidə yerləşən xəstəxanaya gətirdilər. Şamili təcili əməliyyata götürsələr də, onu qurtarmaq mümkün olmadı. O da hər kəsə qismət olmayan ən uca məqama- şəhidlik zirvəsinə ucaldı.Mənə isə orada ilk tibbi yardım göstəridikdən sonra təcili Bakıya Hərbi Klinik Hospitala göndərdilər. İçimdə bir narahatlıq vardı. Ayağımın kəsiləcəyindən qorxurdum. Allaha yalvarırdım ki, bircə bu olmasın. Hələ döyüşmək istəyirdim axı. Əməliyyat masasına uzandıqdan sonra heç nədən xəbərim olmayıb. Özümə gələndə ayağım gipsdə palatada uzanmışdım. Allahıma min dəfə şükür elədim. Əməliyyat uğurlu keçmişdi. Sonradan öyrəndim ki, sümük ovulduğu üçün ayağıma mil qoyublar.*** Burada mənim kimi, məndən daha pis vəziyyətdə olan yaralılar var idi. Ayağını, qolunu itirən kim, gözünü itirən kim. Onları görəndə öz halıma şükür eləyirdim. Ayaqdan sağlam olan yaralılar tez-tez palataya gəlir, söhbət eləyir, məni darıxmağa qoymurdular. Ancaq buna baxmayaraq, mən çox darıxırdım. Yaralanmağım məni çox üzürdü. Axı mən hələ atamın, əmilərimin, şəhid olmuş döyüşçü yoldaşlarımın qisasını ala bilməmişdim. Axı mən hələ dədə-baba toprağımız olan Qubadlını azad etməmişdim. Digər tərəfdən də Allahıma şükür eləyirdim ki, yaralanmışam. Ayağım sağalsın, yenidən döyüş bölgəsinə gedəcəyəm. Nənəmi tez-tez düşünürəm. Görəsən necə dolanır? Bura gələndə həkimlər dedilər ki, valideynlərinə xəbər verək. Bildirdim ki, yaşlı nənəmdən başqa heç kimim yoxdu. Onu da bu vəziyyətimlə üzmək istəmirəm. Ayağa qalxıb qoltuq ağacı ilə də olsa, yerisəm, o zaman xəbər verərik. Cəbhə bölgəsindən gələn xəbərlər bizi bir tərəfdən sevindirirdi. Çünki artıq igid əsgərlərimizin əzmkarlığı nəticəsində işğal altında olan şəhər və kəndlərimiz düşmən tapdağından azad olurdu. Düşmən ağır itkilər verərək geri çəkilirdi. Digər tərəfdən isə xəstəxanaya yerləşdirilən yaralılar, şəhid xəbərləri bizi çox üzürdü. Bəbir yaralı vəziyyətdə hospitala gətiriləndən sonra Hadrut uğrunda gedən döyüşlərdə bizim bölüyün döyüççülərindən daha beşinin şəhid olduğunu öyrəndim. Bu yandan da Bəbirin sağ gözündən və qolundan aldığı yara məni çox üzdü. Özümü saxlaya bilmədim, qəhər boğazıma elə dolmuşdu ki, ağlayıb ürəyimi boşaltmasaydım, boğula bilərdim. Üzümü əllərimlə örtüb hönkürtü ilə ağlamağa başladım. Həmin gün çox narahat oldum. Sanki bütün bədənim yara idi. Hər yerim ağrıyırdı. Ayağımın ağrısı daha da şiddətlənmışdi. Ağrıdan dayana bilmirdim. Tibb bacısının vurduğu iynədən sonra bir qədər sakitləşdim. Aradan iki həftə keçmişdi. Artıq qoltuq ağacları ilə rahat hərəkət eləyə bilirdim. Həm də vurulası iynələr də bitmişdi. Baş həkimlə danşıb evə getmək istədiyimi bildirdim. Razılıq alandan sonra tanış əsgərlərlə görüşüb “Ambulans” la günorta yola düşdük. Sürücüdən xahiş elədim ki, Səməd Vurğun parkının yanından sürsün. Saat üçə on beş dəqiqə qalmış parka çatdıq. Həyəcandan əllərim əsir, ürəyim az qalırdı yerindən çıxsın. Maşının qapısını açıb ehtiyatla yerə düşdüm. Qoltuq ağacına dayanaraq ətrafı nəzərdən keçirdim. Parkda xeyli adan var idi. Beş-on addım atıb dayandım. Görəsən Aydan da buradadırmı?- öz-özümə düşündüm. Bəlkə, məktubu əsgərlərimizi ruhlandırmaq, onlarda döyüş əzmini artırmaq üçün yazmışdı. Bəlkə, heç gəlməyəcək. Bəlkə, hər gün gəlirmiş, işi olub bu gün gəlməyib. Gəlibsə, məni görən kimi ayağa qalxmalı idi. Yəqin ki, gəlməyib. “Bəlkə”lər məni ruhdan salırdı. Bu bir-iki dəqiqə mənə çox uzun gəldi. Geri dönüb maşına tərəf addımladım. Bu vaxt arxadan gələn məlahətli bir səs məni saxladı. - İgid əsgər, məni görməmiş gedirsən? Geri dönəndə gördüm ki, əlində kitab olan gözəl bir qız gülüm-səyərək mənə baxır. Sanki qarşımda gözəllik ilahəsinin özü dayanmışdı. Bu gülümsəyən üzdə sevinc rəqs eləyir, iri ala gözlər ətrafa xoşbəxtlik yayırdı. Görüşün həyəcanından pörtmüş al yanaqlar, gül ləçəyinə bənzər dodaqlar məni elə məftun eləmişdi ki, danışmağa heyim qalmamışdı. Çünki belə bir gözəllə qarşılaşacağımı ağlıma belə gətirməmişdim. Mənim belə matı-qutu qurumuş vəziyyətdə baxdığımı görüb qız özü dilləndi: - Mən Aydanam, sən də yəqin ki, yazdığım məktubun canlı ca-vabısan. - Hə elədir. Mənin də adım Şahindi,-zəif səslə deyə bildim. Elə bil sözlər boğazımda ilişir, zorla tələffüz olunurdu. - Tanışlığımıza çox şadam, -deyib yaralı ayağıma baxdı, -yəqin, ayaq üstdə dayanmaq sənə çətin olar, gəl boş oturacaqlardan birində əyləşək. Aydanın ilk dəqiqələrdən bu diqqəti, mənə qayğı ilə yanaşmasına çox sevindim. Allahıma şükür elədim ki, belə bir mehriban gözəllə qarşılaşmışam. - Yox, indi oturmağa vaxtım yoxdu, çünki o ambulans məni gözləyir. Onu çox ləngidə bilmərəm. Səni görmək üçün beş dəqiqəlik buraya dönmüşük. - Xəstəxanaya qayıdırsan?- qız məyus halda soruşdu. - Yox, xəstəxanadan bu gün buraxıblar, evə gedirəm. İstəsən bizə gedə bilərik. Səni nənəmlə də tanış edərəm. Qız əvvəlcə tərəddüdlə üzümə baxdı. Gedib-getməyəcəyini qərarlaşdırırdı. - Yaxşı, gedək,-deyib qoluma girdi. Birlikdə ambulansa əyləşib evimizə tərəf yol aldıq. Yol boyu ona ailəm haqqında məlumat verdim. Nənəmdən başqa heç kimim olmadığını öyrənəndə əhvalı bir qədər pozuldu. Maşın küçə qapımıza yaxınlaşanda sürücüdən burada saxlamağı xahiş elədim. Nənəmlə qonşumuz Gülüstan xala qapımızın ağzında dayanıb söhbət edirdilər. Təcili yardım maşınını görən kimi hər ikisi dönüb maşına baxdı. Qapın açıb ehtiyatla yerə düşdüm. Hərbi geyimdə olduğum üçün hələ məni tanımamışdılar. Bir-iki addım atmışdım ki, nənəm tanıdı. - Şahin, can bala!-deyib irəli yeridi, ağlaya-ağlaya boynumu qucaqladı,- Allah məni öldürəydi, səni belə görməyəydim. - Narahat olma, ay nənə, heç nəyim yoxdu, ayağıma balaca bir qəlpə dəyib. Nənəm əli ilə qoluma, bədənimə toxunaraq başqa yaram olub olmadığını yoxladı, sonra ayağıma baxıb: - Can, can, nənən ölsün, -dedi,- ayaqda dayanmayın, keçin içəri. Sürücünü evə dəvət eləsəm də, gəlmədi, sağollaşıb getdi. Gülüstan xala ilə də görüşüb həyətə keçdik. Nənəm tez çarpayıda mənim üçün yer hazırladı. - Yaralandığını niyə məndən gizlətmisən, a köpəyoğlu, - nənəm acığından söyüşə keçmişdi. - Yaram çox ağır deyil, həm də səni narahat eləmək istəmədim. - Can, nənən sənə qurban olsun! Ürəyin nə istəyir hazırlayım səninçün. - Nə bişirsən, ləzzətlə yeyəcəyəm, özləmişəm dadlı yeməklərini. Nənəm tez yemək hazırlamaq üçün əl-ayağa düşdü. Arvad sevincindən quş kimi uçurdu. Elə bil ayağının ağrılarından şikayət eləyən bu deyildi. Tez olsun deyə yumurta pomidor çığırtması hazırlayıb ortalığa gətirdi. Süfrəni salan Aydanı sanki indi görürdü. Üzünü mənə tutub soruşdu: - Bala, heç demədin axı, bu qız kimdi? - Tibb bacısıdı, göndəriblər ki, hər gün gəlib mənə qulluq eləsin,-deyib Aydana göz vurdum. - Hə, Allah razı olsun. Yeməyimizi yedikdən sonra Aydan süfrəni yığışdırıb, bulaşıqlı qabları mətbəxə daşıdı. O, qabları yuyana kimi mən Aydanın kimliyi ilə bağlı həqiqəti nənəmə danışdım. Sevincindən nənəmin gözləri yaşardı. “Çox şükür sənə ilahi, arzumu ürəyimdə qoymadın,”-deyib boynumu qucaqladı. Aydan çay süfrəsi hazırlayırdı. Otağa girən kimi nənəm: -Allah sizi xoşbəxt eləsin, balalarım,- deyib onu qucaqladı,- bir-birinə bağlanan qəlbləriniz heç vaxt ayrılmasın. Aydan da nənəmin köksünə sığındı, sevincdən gözləri gülürdü. Nənəm sanki neçə illərdi arzusunda olduğu xoşbəxtliyi tapmışdı, əlindən buraxmaq istəmirdi. Qıza baxır, üzündən öpür, sonra təkrar-təkrar bağrına basırdı. Sevincdən özünə yer tapa bilmirdi. Çaylar da yaddan çıxıb soyumuşdu. Heç kim bu xoşbəxt anları pozmaq istəmirdi. - Qızı gördün, deyəsən, məni yaddan çıxartdın, ay nənə. - Sən mənim canımsan, bala, qurban olaram ikinizə də. Çay süfrəsi yığışılandan sonra Aydan sabah gələcəyini deyib sağollaşdı. Nənəm onu yola salandan sonra gülümsəyərək yanımda əyləşdi. Əli ilə saçlarımı sığallayaraq dedi: - Maşallah olsun, gözəl, tərbiyəli qızdı. Allah bədnəzərdən saxlasın. Əmin-amanlıq olsun, müharibə yalan olsun, inşallah, sizə bir toy eləyim ki, gəl görəsən. - Narahat olma, ay nənə, o gün uzaqda deyil. İnşallah tezliklə mənfur ermənilər rədd olub gedəcəklər. Gedəcəklər yox, onları əsgərlərimiz qova-qova torpaqlarımızdan çıxaracaqlar. Eşidirsən ki, hər gün neçə-neçə kəndlərimiz azad olur. Zəfər gününə az qalıb. Qələbə bizimlə olacaq. - İnşallah,-deyən nənəmin gözləri sevincdən yaşardı. 2020ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.