SÜLEYMAN MƏMMƏDOV (1954-2017) Başkeçid, Unutsaq, unudularıq!.. 11 Ekim 521 0 1 2 3 4 5 Süleyman Rüstəm oğlu Məmmədov - 1954-cü ildə Başkeçid bölgəsinin Səfərli kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Səfərlidə almışdı. Dərs əlaçısıydı. Məktəbin ictimai işlərində fəal iştirakçı idi. Müəllimləri onun parlaq gələcəyi olacağını söyləyirdi. O dövrdə doqquza on dəqiqə işləmiş Azərbaycan radiosu səhər konserti verərdi. Ayvaz Emin oğlunun evi məktəbə yaxın idi. O adamdan xahiş etmişdi ki, radionun səsini ucaltsın. Süleyman Məmmədov hər gün birinci növbənin şagirdlərini Azərbaycan musiqi sədaları altında yarım saat idman etdirirdi. O, məktəbli ola-ola müəllim obrazı yaratmışdı. Dostları ona "qızıl beyinni adam" adı vermişdilər.Süleyman Məmmədov 1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) qəbul olunmuşdur. 1975-ci ildə həmin ali məktəbin bazasında Azərbaycan Memarlıq və İnşaat İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradılmışdır.Süleyman Məmmədov ali təhsilini yeni yaradılan həmin Azərbaycan Memarlıq və İnşaat İnstitutunda davam etdirmiş, “Mühəndis sistemlərinin və qurğularının tikintisi” fakultəsinin “Hidro-texniki qurğuların tikintisi” ixtisasına yiyələnmiş və 1976-cı ildə həmin Universitetin ilk məzunlarından biri olmuşdur. Ali təhsilli mühəndis kimi təyinatla Neft-Qaz Layihə Institutuna göndərilmişdir. Sonra hərbi xidmət borcunu şərəflə yerinə yetirmişdir. O, hərbi hissədə də zəhmətkeş olmuş, əsgərlər arasında birincilik qazanmışdır. Evə "baş leytenant" rütbəsi ilə qayıtmış və əmək fəaliyyətini elə əvvəlki iş yerində davam etdirmişdir.Mühəndis kimi işə başladığı idarənin adı sonradan dəyişdirilmiş, Neft-Qaz Elmi Tədqiqat Layihə Institutu adlandırılmış, Süleyman Məmmədov Dəniz platformalarının şöbəsində layihələrin baş mühəndisi vəzifəsinə təyin olunmuşdur. O, düz 41 il həmin layihə instututunda şərəflə çalışmışdır. Yaxşı mütəxəssis, peşəkar mühəndis olduğu üçün 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır. Demək olar ki, Süleyman Məmmədov Xəzər Dəniz platformalarının sanki canlı xəritəsi idi. Neft-Qaz, işıq xətlərinin hansının haradan-hara keçdiyini əzbər bilirdi. Bütün həyatını sevimli peşəsinə həsr edən Süleyman həyatda da "gözəl insan", "paxıllıqdan uzaq", "ləyaqətli, zəkalı adam" adını qazanmışdı. Neft Şirkəti tərəfindən evlə təmin edilmişdir.Süleyman Məmmədov həm də gözəl bir ailənin başçısı olmuşdur. O, 1981-ci ildə Minayə Telman qızı ilə ailə həyatı qurmuşdur. 1983-cü ildə böyük oğlu Rüfət Məmmədov anadan olmuşdur. O, da atası kimi mühəndisdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mədən İxtisasını bitirib. Bir neçə il atası ilə bərabər Neft-Qaz ET Layihə Institutunda çalışıb. Hazırda BPP Şirkətində neftçi vəzifəsində çalışır.Kiçik oğlu Ruslan Məmmədov 1986-cı ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Mühəndis kimi Neft-Qaz ET Layihə Institutunda işə başlayıb, hazırda böyük mühəndis vəzifəsində çalışır. Atasının ləyaqətli oğlu olmaqla bərabər həm də, onun sevimli iş yoldaşı olub.Bir sözlə, Süleyman Məmmədov ömür-gün yoldaşı Minayə xanımla birlikdə gözəl bir həyat yaşamışdır. Özü kimi, sayılan, seçilən övladları, gözəl-göyçək nəvələri var. Hər birinə can sağlığı arzulayırıq.Amma təəssüflər olsun ki, onu da qeyd etməyə məcburuq ki, "qızıl beyinli adam" - Süleyman Rüstəm oğlu Məmmədov 2017-ci il fevralın 4-da xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxmış, elə həmin il noyabrın 30-da həyatla vidalaşmışdır. Allah rəhmət eləsin. Nur içində yatsın. Amin.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.