NƏRMİNƏ İSAYEVA: "ANA DİLİMİZİN İNKİŞAF YOLU VƏ HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ" AzTU, Köşə yazılar 7 Haziran 781 100 1 2 3 4 5 Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmalıq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır.Dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına qayğı ilə yanaşmaq hamının borcudur. Xüsusilə, Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların, ədəbiyyatçıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə Azərbaycan dilindən istifadə etmir, həm də onun tətbiqi işinin təkmilləşməsinə, inkişaf etməsinə, lüğət tərkibinin zənginləşməsinə qayğı göstərirlər.Müasir Azərbaycan dili mütəxəssisləri bu qənaətdədir ki, türk dillərinin, o cümlədən Azərbaycan dilinin daxili enerjisinin, potensial gücünün, ifadə imkanlarının və lüğət tərkibinin zənginliyi, qrammatik quruluşunun bütövlüyü və s. xüsusiyyətlər dilimizin assimilyasiyasının qarşısını almışdır. Tarixi həqiqət çox doğru olaraq onunla əsaslandırılır ki, digər türk dilləri kimi Azərbaycan dili də ərəb, fars, Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib şatmışdır.Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır. Belə olmadıqda dil assimilyasiya olunar, gələcək nəsillərə gəlib çatmaz, bu əvəzsiz xəzinədən ulularımızdan bizə miras qalan qiymətli sərvətdən hamı məhrum olardı.Dilimizin daxili potensial imkanları, gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş, bununla da dilimiz elm, sənət və ədəbiyyat dili kimi daim hücumçu mövqedə olmuş, qalib gəlmək və yaşamaq haqqına sahib çıxmışdır. Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır. Dünyada yaşayan 50 milyon azərbaycanlı harada olmasından asılı olmayaraq bu dili unutmurlar. Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon azərbaycanlı doğma dilində məktəblərin yoxluğuna baxmayaraq, Azərbaycan dilini yaşadırlar, bu dil ilə fəxr edir, bu dil ilə sevinclərini, kədərlərini bölüşürlər.Azərbaycanın müstəqillik qazanmasıyla bu dilə maraq daha da artıb. Dünyanın onlarla universitetində Azərbaycan dili öyrənilir. ABŞ-ın altı (Şikaqo, Los-Ancelos, Vaşinqton, Nyu-York, San-Fransisko, Harvard) universitetinin proqramında Azərbaycan dili öyrənilir. Azərbaycan dilinə Asiya, Avropa və digər qitə ölkələrində maraq artmaqdadır.Vətənsevər, yurdsevər insanlara məmləkətin həmişə ehtiyacı olub. Bütün dilləri, bütün xalqları sevmək və həmin xalqların mədəniyyətinə hörmət etmək lazımdır. Lakin bu dil sevgisi, mədəniyyət sevgisi öz xalqının dilinə, milli ruhuna və mədəniyyətinə hörmətdən keçməlidir. Vaxtilə Azərbaycanın ilk Konstitusiyası qəbul olunanda, orada dövlət dili haqqında maddə təsbit edilməmişdi. 1937-ci ilin aprel ayında qəbul olunmuş Konstitusiyada da dövlət dili barəsində maddə olmayıbdır.1956-cı il Konstitusiyasında isə “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, maddəsi yazılmışdı. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona yaxın azərbaycanlının haqqını özünə qaytarmaq, ədaləti bərpa etmək, milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hsrmət, əməllərinə sədaqət əlamətidir. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən böyük öndər Heydər Əliyevin 1960-cı illərin sonundan başlayaraq, sistemli, ardıcıl milli dil siyasəti aparmışdır. Ölkəmizdə dil quruculuğunun aparıcı qolu olan latın qrrafikası Azərbaycan əlifbasına keçid mədələsi,”Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edillməsi kimi tarixi hadisələr də milli mədəniyyət tariximizə ulu öndərimiz Heydər Əliyevin adı ilə daxil oldu.[1]Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, xalq dilinin incəliklərinə, xalqımızın minillik ədəbi, bədii və fəlsəfi təfəkkür tərzinə, eyni zamanda sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi dilimizin psixoloji gücünü, mənəvi enerjisini mənimsəmiş böyük lider idi.Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi, neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən, respublika rəhbəri Heydər Əliyev özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu. 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində böyük öndər Heydər Əliyev o gərgin mübarizəni və qələbəni bir daha yada salacaqdı. Məhz aparılan gərgin, sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. 70-ci illərdə Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi.Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi. 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.Bizim Respublikamızda – Azərbaycanda təxminən 30-cu, 40-cı, 50-ci illərdə, hətta 60-cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi. Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü. Ancaq bunların hamısına baxmayaraq, bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız, dilçi alimlərimiz öz işlərini görürdülər. Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. Bu siyasət, hər şeydən öncə, demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci nsvbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir. Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir. Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir.Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaradır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasına da geniş imkan və perspektivlər açır.1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci Forumunda ulu öndər gənclərə müraciətlə demişdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətni yaşadan, inkişaf etdiren onun dilidir... Ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdı, bu dili ana dili kimi duymaq lazımdır, sevmək lazımdı. Öz dilini bilməyən, öz dilini sevməyən insan öz tarixini də bilnəz. [2]Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdiMüstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.Bu gün Azərbaycan xalqı Heydər Əliyevin dilində danışır [3,79].Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.Bu gün Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına ehtiyac daha böyükdür. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Bu mənada yeni Azərbaycan dili dərsliklərinin, Azərbaycan dilində yeni dərs vəsaitlərinin, metodik göstərişlərin yazılması olduqca aktualdır. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində (Çikaqo, Los-Ancelos, Vaşinqton, San-Fransisko, Harvard, Nyu-York) tədris olunur. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir. ƏDƏBİYYAT: 1. “Azərbaycan Respublikasında dövlət dilinin haqqında" Qanun. “Azərbaycan qəzeti”, 11 noyabr, 19952. Heydər Əliyevin Azərbaycan Respublikası gənclərin Forumundaki nitqi. “Xalq qəzeti “, 6 fevral, 1996-ci il 3. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, “Elm”, 1995İSAYEVA NƏRMİNƏ ŞUA QIZI dosent. f.ü.f.d., Azərbaycan Texniki Universiteti, “Humanitar fənlər” kafedrasıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.