Qarabağ-Şuşa ədbi-mədəni mühiti – uzaq keçmişdən bu günümüzə qədər...

Qarabağ-Şuşa ədbi-mədəni mühiti – uzaq keçmişdən bu günümüzə qədər... Şuşalı günlərimizə min şükür... 12 il əvvəl (07 may 2012- ci il) yazdığım “Qarabağ-Şuşa ədbi-mədəni mühiti – uzaq keçmişdən bu günümüzə qədər...” bu tədqiqatda inamla söyləmişdim: "Şuşalı günlərimiz olacaq!.."
Bu günlərdə Şuşada beynəlxalq "Xarı bülbül" musiqi festifalı keçirilir... Bu ruhumuzun festifalıdı...
Ali Baş Komandan, var ol...


Qurban Bayramov,
ədəbiyyatşünas-tənqidçi.

Qarabağ-Şuşa ədbi-mədəni mühiti – uzaq keçmişdən bu günümüzə qədər...


(Tarixi Şuşa şəhərimizin və qeyri bölgələrimizin 21 il boyu işğalı günlərini keçirmək adamı sındırır, ürəyini oyum-oyum oyalıyır! Bəs qələbə gününü nə vaxt qeyd edəcəyik, ay adam olanlar?!)
Şuşa Azərbaycanın dilbər guşələrindən biridir. Şuşa bizə tariximizin əmanətidir. 18-ci yüzillikdə Azərbaycanda yaranan xanlıqlardan biri də Qarabağ xanlığı idi. Qarabağ xanlığının banisi Pənahəli xan olmuşdur. Azərbaycanın qüdrətdən qalalı, sıldırımlarla əhatələnmiş bir yaylasında yeni qala üçün yer seçildi. 1750-ci ildə bünövrəsi qoyulub. Xan qalaya öz adını verərək onu “Pənahabad” adlandırmışdı. Sonradan şəhərə Şişə - Şuşa də deyildi və bu cür də adlandırıldı. Şuşa haqqında yaranan şifahi və klassik poeziya nümunələrində şəhərin adı Şişə kimi vəsf edilir: "Misli yoxdur Şişənin", "Şişədir cənnət mənə", "Cənnətdir Şişənin İsa bulağı", "Pənahabad olan Şişəm, səni kim eylədi bərbad", "Şişənin vardır gözəl, ahu baxışlı qızları". Bunlar da səbəbsiz deyildir. Şuşa, əslində, şiş qayaları ilə diqqət çəkən dağların əhatəsində yerləşdiyindən bu adın etimoloji mənası da buradan nəşət edib.
Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Qarabağ mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamənin Şuşa səhifəsində həkk edilib.
Şuşa –Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də görkəmli və istedadlı şəxsiyyətlərin, sənətkarların, yazıçıların, bəstəkarların, xanəndələrin vətənidir. Şuşa Azərbaycan mədəniyyətinə Mir Möhsün Nəvvab kimi musiqişünas, Cabbar Qaryağdıoğlu, Xarrat Qulu, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Arif Məmmədov, Qədir Rüstəmov kimi xanəndələr, Bülbül, Rəşid Behbudov kimi dünya şöhrətli vokalistlər, Üzeyir Hacıbəyov kimi dahi, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov kimi istedadlı bəstəkarlar bəxş etmişdir.
Şuşadan kimlər keçməyib - dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Musiqi və poeziya beşiyi adlanan bu qeyri-adi şəhərdə demək olar ki, Azərbaycanın bütün məşhur mədəniyyət xadimləri yaşayıb yaradıblar. XVIII əsrdə Şuşa şəhərində Vaqif kimi bir şeir tacidarı olub. Burada Qasım bəy Zakir yaşayıb yaradıb, Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə çevrilib.
Bu aynada biz yadlar tapdağında saralan Şuşamızın tarixində adları həkk edilən neçə-neçə görkəmli, dünya şöhrətli yazıçının, bəstəkarın, dramaturğun, etnoqrafın, arxeoloqun, musiqişünasın, nəqqaşın, xəttatın, rəssamın, memarın pəjmürdə ruhlarını görürük. Bu ruhlar da, ana yurdlarının taleyindən narahat-narahat asimanları dolaşmaqdadır...
Şuşa ХХ əsrdə 3 dəfə еrməni təcavüzünün qurbanı оlmuşdur. İlk dəfə 1905-1907-ci illərdə Şuşa şəhəri еrmənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır.
2-ci dəfə 1920-ci ildə şəhərin хеyli hissəsi еrmənilər tərəfindən dağıdılmışdır.
3-cü dəfə isə Şuşa şəhəri 1992-ci may ayının 8-də erməni işğalçılarının hərbi təcavüzünə məruz qaldı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Milli Qəhrəmanların sayı 4 nəfərdir. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, mədəniyyət, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
İşğala qədər şəhərdə bir sıra sənaye obyektləri, nəqliyyat və toxuculuq müəssisələri, kurort kompleksləri, təhsil ocaqları, tibb, mədəniyyət sahəsi üzrə müxtəlif idarə və müəssisələr fəaliyyət göstərirdi. Şərqdə yeganə olan “Şərq musiqi alətləri fabriki” də burada idi.
Belə ki, Şuşa şəhərinin 300-ə qədər mədəniyyət və tarixi abidələri erməni vandalizminin qurbanı oldu. Şuşada ta qədimdən 17 məhəllə, hər məhəllənin də öz bulağı və hamamı olub. Məhəllənin adları belədir: Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dördlər, Qurdlar, Dörd Çinar, Çöl Qala, Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə, Xocamircanlı. Şuşada Bazarbaşı ən məhşur yer idi.
Möhtəşəm “Cıdır düzü” (Xalq yazıçısı Bayram Bayramovun "Cıdır düzü" romanını tapın, oxuyun!!) İbrahim xanın Daşaltı sıldırımındakı iqamətgahı – Xəzinə qayası, Topxana meşəsi, Məlik Şahnəzər kahası, Ərimgəldi, İsa bulağı, Xarı bülbül yamacı, Qırxpilləkan, Xəlfəli dərəsi, Turşsü, Şırlan bulağı, Kirs dağı, Sarıbaba yaylaqları Şuşanın qüdrətdən yaranmış abidələridir!.. Təəssüf ki, hələ də, 20 ildir ki, doğma Şuşamız erməni vandallarının işğalı altındadır.
Şuşa həm də abidələr şəhəridir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar sarayları, məscidləri, tarixi abidələri, görkəmli şəxsiyyətlərin ev-muzeylərini, yaşayış binalarını dağıdıblar. Hətta bu vəhşilər Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın heykəllərini vəhşicəsinə güllələyiblər...
Belə ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır...
Şuşa Qarabağın rəsmi, Azərbaycanın isə mənəvi paytaxtı oımuşdur. Şuşanı Azərbaycanın konservatoriyası adlandırmışlar. Müdriklərin sözüdür: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!.."
Şuşa şəhəri yarandığı vaxtdan Azərbaycanın siyasi-ictimai və mədəniyyət mərkəzlərindən olub. Məşhur alim, musiqişünas Firidun Şuşinskinin sözlərinə görə, təkcə XIX əsrdə bu kiçik şəhərdə 95 şair, 22 musiqişünas, 38 peşəkar müğənni, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim yaşamışdır. Şəhərdə ona yaxın ədəbi, musiqi və digər cəmiyyətlər, ondan artıq mədrəsə və müxtəlif tipli məktəb fəaliyyət göstərirmiş. Dağlar qoynu Şuşada orta əsrlər elm, incəsənət və mədəniyyət ənənələri Azərbaycanın hər yerindən daha artıq dərəcədə özünə qərar tuta bilib. Zəngin kitabxanalarda xəttatlar kitabların üzünü köçürür, rəssamlar şəhər binalarının divarlarına nəqşlər vurur, kitablara miniatürlər çəkirdilər. Xalça emalatxanalarında, evlərdə dünyanın ən böyük muzeylərinin bəzəyi olan Qarabağ xalçalar toxunurdu. Musiqiçilər Qarabaq muğam məktəbinin adını daim uca tutur, yaradır və inkişaf etdirirdilər. Tarixçilər Qarabağ tarixini yazır, təzkirəçilər ədəbi-bədii faktları səlnamələşdirirdilər...
Bir tərəfdə dağların sinəsində məğrur dayanan doğma şəhər, digər tərəfdə də onun şöhrətini ellərə yayan şuşalılar. Şuşada adlı-sanlı, nüfuzlu nəsillər yaşayıb ki, onların soyadı bu gün də iftixarla çəkilir, ehtiramla yad edilir. Elə nəsillər var ki, onların yalnız soyadları bir tarixdir. Bəşər mədəniyyətinin incilərini yaradan Şuşalı-Pənahabadlı şəxsiyyətlər barəsində verəcəyimiz qısa məlumat Şuşanın yalnız Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir...
XYIII əsr coşqun Şuşa-Qarabağ ədəbi-mədəni mühitinin tarixi kökləri, qaynaqları çox qədimlərə gedib çıxır. Şuşa ədəbi mühiti ən qədim Qarabağ ədəbi mühitinin bulağından su içib pərvəriş tapmışdı...
Qarabağ tarix boyu bütov Şərqdə məşhur olan şairlərin, filosofların, din xadimlərinin, dövlət adamlarının vətəni olub. Elə bir əsr, elə bir qərinə yoxdur ki, onlarca qarabağlının adı böyük hərflərlə bu tarixə yazılmasın, həmin adamların səsi-sorağı indi də yüzilliklərin o tayından gəlir, onların xeyirxah əməlləri, insanpərvərlikləri dillərdən düşmür, ağızdan-ağıza, arxivdən-arxivə keçir, tarixə çevrilir. Bu şəxsiyyətlərin əməlləri, gördükləri işlər irsən babalardan oğullara, oğullardan nəvələrə keçir, həmişəlik tarixin yaddaşına həkk olur.
V əsrdən etibarən Azərbaycanın Şimal-Qarabağ hissəsi Albaniyanın ictimai, iqtisadi və mədəni həyatında çox mühüm tərəqqi mənbəi olması nəzəri cəlb edir. Azərbaycan mədəniyyətinin həmin dövrdə yaranmış bəzi yadigarları bizim günlərə qədər gəlib çatmışdır. Onlardan biri də VII əsrdə yaşamış Azərbaycan (Qafqaz Albaniyası) şairi, Bərdəli Dəvdəkin Alban hökmdarı Cavanşir Mehraninin Alban dövlətinin paytaxtı Bərdə şəhərində düşmən fitvası ilə qətlinə həsr etdiyi elegiyadır (mərsiyyə). Dəvdəkin “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir və hələlik o, YII əsrdə məlum olan yeganə qarabağlı şairdir.
Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.
681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.
Ümumiyyətlə, Azərbaycan-türk mədəniyyətində, əbədiyyatında bir sıra faktların ilkinliyi, iik başlanğıcı, bünövrəsi etibarilə Qarabağ əbədi mühiti ilə bağlı olduğunu müşahidə edirik. Yazılı ədəbiyyatda hələlik elmə məlum olan ilk azərbaycanlı şair qarabağlı söz ustadı, VII əsrdə yaşayıb-yaratmış Dəvdəkdir, ilk Qarabağ-Alban tarixçisi və Dəvdək haqqında məlumat verən də də Bərdəli Musa Kalankaytukludur (YII əsr).
Sonrakı mərhələlərdə, yəni Pənahabad-Şuşa şəhərinin mövcudiyyətinə qədər ədəbiyyat tariximizdə xeyli "Bərdəilər", "Beyləqanilər", “Qarabağilər” olmuşdur.
X əsrdə yaşayıb-yaratmış, ərəb dilli Azərbaycan ədəbiyyatının yaradıcılıarından olmuş Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Xətib Bağdadi Məhəmməd Əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl Bərdəi, Əbu Əli əl-Bərdəi, Səid ibn əl-Qasim əl Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi (faktlar M.Mahmudovun "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər" (VII-XII əsərlər) kitabından götürülübdür, B., Elm, 1983) təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında məşhur alimlərdən və dövrünün fılosof şairlərindən olmuşlar. Hələ bu təkcə X əsrin məlum faktlarındandır.
XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutmuşdur. Zəld ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fılosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getıniş, orada bədii fikrin, fəlsəfı elmin apancısı kimi məşhur olmuş, bir sıra yüksək səviyyəli bədii əsərlər yaratmışdır.
XIV əsrdə Tuti Abdulla Qarabaği adlı bir şair fəaliyyət göstərmiş, əsərlərindən hələlik əldə olmasa da, "Həqiqətüs-şüəra" da və başqa mənbələrdə çox ilhamlı, tanınmış şair kimi hörmətlə adı çəkilir.
Sədullah Bərdəi (XIV-XV əsrlər), Mihuyiddin Məhəmməd Bərdəi (? -1521) kimi şair və alimlərin də öz dövrlərinin tanınmış simalarından olduğu bildirilir.
XV əsrdə Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna yüksəlmiş, Gülşəni təxəllüsü ilə ədəbiyyat aləmində olduqca məşhur olmuşdur və Mövlanə Gülşəni mərtəbəsinə, təbəqəsinə çataraq Qahirədə və Osmanlı imperiyasmda öz təriqətini yaymışdır. Xanagahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu- Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni də şair olmuşlar və atalarının ölümündən sonra onu əvəz etmişlər.
Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratınış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir. Səmərqəddə indi də xanagahi hörmətlə yad edilir.
İzzəddin (Mühyəddin) Məhəmmədəli oğlu Qarabaği (1635-ci ildə vəfat edib) XYI-XYII əsrlərdə yaşamış, ibni Sina məktəbinin davamçılarından olmuş filosofdur. Şərhlərdən ibarət məşhur fəlsəfi traktaktların müəllifidir.
XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətai sarayının doğmalarından olan, ustadlar-ustadı Aşıq Qurbani dövrünün ən kamil ustad sənətkarı olmuşdur. Ümumiyyətlə, Qarabağ mühitində aşıqlığın XVI-XVIII əsrlərdə çiçəkləndiyi, dərin ürfani-estetik köklərə, xüsusən də təriqət ənənəsinə bağlılığı qeyd olunur.
Bütün bunlar tarixin saralmış, küləklərə sovrulmuş səhifələrindən bu günümüzə gəlib çatan, zənginliyi ilə qibtə doğuran mədəniyyətimizin qəlpələridir, zərrələridir, cizgiləridir. Qarabağ əbədi mühiti həmişə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına yaxşı mənada fon vermiş, onun ən qüdrətli səhifələrini yaratmış, istiqamətləndirmişdir.
xxx xxx xxxx
XYIII əsrdə isə Qarabağ xanlığının və onun paytaxtı Şuşa-Pənahabad şəhərinin yaranması ilə Qarabağ ədəbi-mədəni mühiti, demək olar ki, çiçəklənmə, intibah mərhələsinə daxil olmuşdur.
XVIII-XIX əsr Qarabağ ədəbi mühiti ən yeni ideya-estetik xətti, ədəbi-üslubi meylləri və zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında eləcə də, Şərq ədəbiyyatında ön mövqelərə çıxır.
Savadlı elm və sənəd adamlarını saraya cəlb eləmək Qarabağda hələ Pənahəli xan (1693-1758, xanlıq dövrü 1747-1758 – red.) dövründən bir qayda idi. Mirzə Vəli Baharlı, Molla Pənah Vaqif, Mirzə Camal Cavanşir kimi görkəmli şəxsiyyətlər müxtəlif vaxtlarda xan sarayına cəlb olunmuş və onlar öz fəaliyyətləri ilə Qarabağ xanlığının ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Bu ənənə xüsusilə İbrahimxəlil xanın (1732-1806, xanlıq dövrü 1758-1806 – red.) dövründə geniş şəkil almışdı. Uzaqgörən Qarabağ hakimi təkcə yerli adamları yox, həm də Qafqazın və İranın müxtəlif şəhərlərindən ziyalı, mədəni, işbilən şəxsləri saraya dəvət edir, onların məsləhətlərindən bəhrələnirdi.
“Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq öz fövqlərində poeziyaya ton verirdilər”. Böyük ədəbiyyatşünas və pedaqoq, ilk ədəbiyyat tarixçisi, İeşalı Firidunbəy Köçərlinin qeyd etdiyi kimi Şuşa dağlarının bu poetik zirvəsində “məskan salan” bu şairlərin böyük ədəbi irsi ədəbiyyatımızı zənginləşdirmişdir.
Təkcə Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" toplusunda XIX əsrdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumat verilmişdir. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.
XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları çox mətləblərdən xəbər verir. Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoyaraq, XIX əsrdə realizm ədəbi metodunun yaranmasma və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur.
İbranim Xəlil xanın qızı Ağa Bəyim ağa Tuti (Ağabacı adı ilə də tanınır) Şərqdə ən müdrik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə şahlıq diplomatiyasınm ən fəal istiqamətverici şəxslərindən oldu və onun məşhur bayatısının vətənpərvərlik ruhu bu gün də öz ecazkar gücü ilə səslənməkdədir:
Əziziyəm Qarabağ,
Şəki, Şirvan ,Qarabağ,
Tehran cənəttə dönsə,
Yaddan çıxmaz Qarabağ.
\\ \\
"Vətən bağı" al-əlvandır,
Yox içində xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!
ah-naləsi də ona aiddir və müasir dövrün məşhur alimlərindən biri olan rəhmətlik Yaşar Qarayev isə bu misraları Şuşanın bu günkü halı ilə əlaqələndirərək belə mənalandırmışdı:
Vətən bağı al-əlvandır,
Qan içində Xarıbülbül.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük.
XVII əsrdə Pənahabad şəhərinin-Şuşanınn bünövrəsi qoyulandan sonra Qarabağ ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi. Bu ona görə belə idi ki, Naxçıvan, İrəvan, Gəncə, Şəki və b. xanlıqların, Gürcüstanın siyasi-ictimai hadisələrinin istiqamətini də Qarabağ xanlığı müəyyənlşdirməyə başladı və aralarında sıx əlaqələr oldu. Bu əlaqələr Qarabağ ədəbi mühitinin təsir dairəsini daha da genişləndirdi.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Məlumdur ki, Azərbaycan folklorunun mühüm janrlarından biri olan bayatı janrının vətəni də Qarabağ elləri olmuşdur. Bəlkə də, türk dünyasında ilk bayatı burada çəkilmişdir və elə ona görə də Azərbaycanın digər rayonlarına nisbətən Qarabağda bayatı janrı daha geniş şəkildə yayılmışdır. İraqda, Bağdad civarlarında Kərkük türklərinin əsil-nəsilləri, soyları Bayat boyuna bağlı olduğundan, indinin özündə də, burada ən zəngin janrdır və Kərkük türklərinin bayatıları olduqca məşhurdur.
XVI əsrin və bütün zamanların ən dahi sənətkarlan, əbədiyyət yolçusu Məhəmməd Füzulinin də əslən Bayat elindən olduğu ehtimal edilir.
XVII əsrin bayatı ustası da, Qarabağın Güləbird kəndindən (Laçın rayonu) Sarı Aşıq olmuşdur.
Bir sıra əsərlərdə Aşıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı ilə tanınan Sarı Aşığın əsl adı Sarı olmuş, Yaxşı adlı bir qıza aşiq olandan sonra “Aşiq” təxəllüsü ilə tanınmış, bayatı janrının incilərini yaratmışdır. Dünyanın ən nizamlı, ən kövrək, ən sərrast, ən ustad, fəlsəfi-idraki məzmunlu bayatıları məhz Sarı Aşığın adı ilə bağlıdır.
Mən aşiq, tərsinə qoy,
Tər təni tərsinə qoy,
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoy.
Azərbaycan aşıq ədəbiyyatında qüdrətli söz sərrafı, bayatı ustası kimi adını tarixin yaddaşına yazan Sarı Aşıq o sənətkarlardandır ki, hər bayatısı söz xəzinəmizin qızıl kərpiclərindəndir və onun zəngin irsi ilə hər xalq, hər millət öyünə bilər.
XVIII əsrdə “Qarabağ içrə bir şair Kəlimullah Musadır”. Bu misra M.P. Vaqifə məxsusdur. Məlumdur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ-Şuşa poeziya məktəbinin ilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək özünün ən yüksək pilləsinə qalxmışdır.
Şеirimizin fəxri Mоlla Pənah Vaqif (1717-1797) Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına komək еtmiş qüdrətli bir sənətkar kimi Qarabağda-Şuşada ədəbi-poetik mühitin yaranması və inkişafında əvəzsiz xidmətləri olmuşdur. Bu sırada Qarabağda uzun müddət yaşamış Molla Vəli Vidadinin də Qarabağ-Şuşa ədəbi mühitinə böyük təsirini qeyd etmək vacibdir.
Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşa qalası özünün parlaq bir dövrundə - çiçəklənmə, tərəqqi, mədəniyyat dövründə başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişmişdi.
Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələrindən biri Xurşud Banu Natəvandır (1830-1897).
Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Ümumən, o dövrdə Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı Qarabağ ədəbi məktəbinin yeni mərhələyə - XX əsr ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.
İlk Azərbaycan professional qadın aşığını da Qarabağ yetişdirmişdir və Aşıq Pəri şəxsiyyəti (XIX əsr) buna əyani bir sübutdur. Lakin artıq bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdİr.
Qarabağ ədəbi mühitini o dövrdə bütün regiona yayılmış xalq ozan və nağılçıları, şair və aşıqları, musiqi və şeir məclisləri hər bir yerdə yaradırdılar. "Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbi məclislərinə Şuşada xan qızı Xurşidbanu Natəvan və Mir Möhsün Nəvvab başçılıq edirdilər. Bu məclislərdə 40-dək şair fəaliyyət göstərirdi. Onlar Gəncədə, Şamaxıda, Bakıda, Şəkidə olan ədəbi məclislərlə şeirləşirdilər.
Diqqət yetirin: M.P.Vaqif - ilk realist şeirin banisi; Qasım bəy Zakir - Azərbaycan satirasının bünövrə daşını qoyan bir sənətkar, Azərbaycanda maarifçi və tənqidi realizmin banilərindən biri; Xurşidbanu Natəvan - Məhsəti Gəncəvidən sonra Azərbaycanın ilk anadilli qüdrətli qadın şairi; Ə.Haqverdiyev - ədəbiyyatımızda tarixi dram janrının banisi, ilk opera rejissoru vo dirijoru; Ü.Hacıbəyli - dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəliifı, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi; Y.V.Çəmənzəminli - ilk tarixi romanlar müəllifi, yazıçı-etnoqraf, folklorşünas, diplomat; Ceyhun bəy Hacıbəyli - yazıçı, publisist diplomat, folkorşünas (Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdiribdir); Əhməd bəy Ağayev - Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk "Difai" milli təşkilatının yaradıcısı; Firudin bəy Köçərli - ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri; Süleyman Sani Axundov - ilk uşaq ədəbiyyatmm yaradıcılarından biri, "Laçın yuvası" dramında azəri mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, yazıçı-pedaqoq, ilk “Qəhrəman yazıçı” adını alan ədib; N.Vəzirov - görkəmli yazıçı-publisist, mühərrir, Şekspirin ("Otello") ilk tərcüməçisi, M.F.Axundov ənənəsinin layiqli davamçısı, ədəbiyyatımızda ilk faciə janrının, Azərbaycan teatrının (H.Zərdabi ilə birlikdə) banisi, ilk müəllim-aktyor.
Bütün bu görkəmli söz sahibləri Qarabağ-Şuşa ədəbi mühitinin yetirmələridir.
Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və bütün türk xalqının övladlan kimi dəyərləndirildilər.
xxx xxx xxx
XIX əsr Qarabağ ədəbi-mədəni həyatının mühüm özəlliklərindən biri də Şuşada təzkirə, müxtəlif səpkili şeir toplularının və salnamələrin yaranmasıdır. Belə ki, Mirzə Yusif Qarabağinin «Məcmueyi Vaqif və müasirini-digər», Mir Mehdi Xəzaninin «Xəzani təxəllüslü Seyid Mir Mehdi ağanın və sair Qarabağ şairlərinin şeirlər - Xəyalat məcmuəsi», Həsənəli Xan Qaradağinin «Xan Qaradaği təzkirəsi», Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab» və digər elmi əsərlərin meydana gəlməsi poeziyanın öyrənilməsinə, müsiqişünaslığın, astrologiyanın tədqiqinə müəyyən imkanlar yaratmışdır.
Bunların içərisində Mirzə Yusif Qarabağinin (1798-1864) yazdığı «Məcmueyi Vaqif və müasirini-digər» adlı şeir toplusu tərtib orijinallığına görə diqqəti çəkir. 1856-cı ildə Teymurxanşurada (indiki Buynaksk) ərəb əlifbası, 1999-cu ildə Bakıda kiril əlifbası ilə nəşr olunan bu əsəri bəzi tədqiqatlarda təzkirə kimi də qiymətləndirmişdir.
«Məcmueyi Vaqif və müasirini-digər» əsərinə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Aşıq Əli, Sabit Şəqaqi, Mehdi, Nişat, Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Məhəmməd bəy, Əsəd bəy, Ağa Məsih Şirvani, Nabi Əfəndi, Ağa Bağır, Lütfi Şirvani, Sərşar, Mirzə Sadıq və Qasım bəy Zakirin şeirləri daxil edilmişdir.
Mir Mehdi Xəzaninin «Xəzani təxəllüslü Seyid Mir Mehdi ağanın və sair Qarabağ şairlərinin şeirlər - Xəyalat məcmuəsi» XIX əsrdə yaranmış poetik məcmuələr içərisində özünəməxsusluğu ilə seçilir. XVIII-XIX əsr Qarabağ şairlərinin əsərləri toplanmış bu məcmuədə Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Ələsgər Növrəs, Məhəmməd bəy Aşiq və digər şairlərin şeirlərindən seçmələr verilmişdir. Məcmuəyə Mir Mehdi Xəzani müxtəlif mövzularda qələmə aldığı qoşma, gəraylı, mənzum hekayə, məktub, həmçinin topladığı və özünün yazdığı bayatıların biri qismini daxil etmişdir Məcmuə həmçinin Mir Mehdi Xəzaninin tərcümeyi-halının bəzi məqamlarına aydınlıq gətirməsi baxımından əhəmiyyətlidir.
Mir Möhsün Nəvvabin qələminə məxsus «Təzkireyi-Nəvvab» əsəri Azərbaycan ədəbiyyatı tarixinin ən mühüm qaynaqlarından biridir. Bu əsərdə Qarabağda yaşayıb-yaratmış olan şairlər haqqında məlumat və onların əsərlərindən nümunələr verilmişdir. Mir Möhsün Nəvvabın təzkirəsi iki hissədən ibarətdir. Təzkirənin birinci hissəsinə əsərin yazıldığı dövrdə dünyasını dəyişmiş Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Kərbəlayi Səfi Valeh, Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi, Mirzə Məhəmməd Katib, Molla Sədi və başqaları kimi Qarabağda yaşayıb-yaratmış otuz beş şair haqqında qısa, yığcam məlumat və əsərlərindən nümunələr verilmişdir.
Təzkirənin ikinci hissəsində isə əsərin yarandığı dövrdə yaşayıb-yaradan Qarabağ şairlərindən bəhs olunmuşdur. Buraya əlli altı şairin yaradıcılıq irsindən nümunələr daxil edilmişdir ki, onların içərisində Xurşidbanu Natəvan, Mehdiqulu xa Vəfa, Fatma xanım Kəminə, Mirzə Növrəs, Mir Möhsün Nəvvab, Mir Mehdi Xəzani, Məşədi Cəfər Qarabaği, Mirzə Hüseyn Çakər, Məşədi Məhəmməd Bülbül, Baxış bəy Səbur, Mirzə Əli Aşiq, Molla İbrahim, Həsən Lələ, Məmo bəy Məmai və başqa şairlərin yaradıcılıq irsi xüsusi yer tutur. Yeri gəlmişkən, Məmo bəy Məmainin qəzəlindən gətirdiyimiz bu beyitlər bu günümüzün Şuşasının vəziyyəti ilə necə də yaxından səsləşir:
“Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,
Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Bir yanda vətən təhlukəsi canımı almış,
Bir fəhra edənim, anlayanım, dərk edənim yox.”
İstedadlı şair və ədəbiyyatşünas Məhəmmədağa Müctəhidzadənin (1867-1958) «Riyazül-aşiqin» təzkirəsi də XIX əsrin sonlarında Qarabağ ədəbi mühitində yaranmış, lakin əsər 1910-cu ildə İstanbulda nəşr olunmuşdur. XIX əsrdə yaranan bir sıra digər təzkirələr kimi bu əsər də iki hissədən ibarətdir. Birinci hissədə təzkirənin yarandığı dövrdə dünyasını dəyişmiş şairlərin yaradıcılığından bəhs olunmuşdur. İkinci hissədə isə əsərin yarandığı dövrdə həyatda olan şairlərin yaradıcılığının təqdim edilmişdir. «Riyazül-aşiqin» təzkirəsində Qarabağda yaşayıb-yaratmış yetmiş doqquz şairin qısa bioqrafiyası və əsərlərindən nümunələr verilmişdir.
İlk dəfə Qarabağ xanlığının tarixini yazanlar da Şuşa tarixçi-səlnaməçi ziyalıları olmuşdur.
xxx xxx xxx
Qeyd etdiyimiz kimi, ilk Qqarabağ-Aran-Alban trixini yazan tarixçi Musa Kalankaytuklu (VII əsr) olmuşdur.
Lakin, sırf Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənmək üçün Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi-safi” (“Əsl tarix” - Y. H. ), Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ”, M.Baharlının “Əhvalati-Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi”, Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları” və həmçinin, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərləri olduqca qiymətli və əvəzsiz tarixi əsərlər, mənbələr, məxəzlərdir.
xxx xxx xxx
XX əsrin ikinci yarısında və XXI əsrin müstəqillik dövründə fəaliyyət göstərən (daha doğrusu, yeni dövr ədəbiyyatını yaradan) Qarabağdan çıxmış yüzlərlə yazıçı, dramaturq, şair, publisist, alim və jurnalisti bu siyahıya əlavə etsək, Qarabağ torpağının Azərbaycan ədəbi fikrinə verdiyi gücü-qüvvəni təsəvvürə gətirmək çətiın olmaz.
Azərbaycanın xalq yazıçıları, söz ustadları – Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, Sabir Əhmədov, Elçin, Çingiz Abdullayev. Məhşur el şairi Aşıq Şəmşir Ağdabanlı kimi nəhəng söz sərrafı; istedadlı sənət, ədəbiyyat, nəsr, poeziya xridarlarından Mehdi Məmmədov, Əkbər Ağayev, Qulu Xəlilli, Məsud Əlioğlu, Əlfi Qasımov, İsi Məlikzadə, Məcid Şamxalov, Cəmil Əlibəyov, Qasım Qasımzadə, Famil Mehdi, Teymur Elçin, Cahangir Gözəlov,Yusif Kərimov,Əli İldırımoğlu, Cəlal Bərgüşad, Hüseyn Kürdoğlu, Məmməd Aslan, Şahmar Əkbərzadə, Mustafa Çəmənli, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Önər), Çingiz Əlioğlu, Afaq Məsud, Seyran Səxavət, Eldar Baxış, Ənvər Əhməd, Aqil Abbas, Bəhmən Vətənoğlu, Ağa Laçınlı, İmamverdi İsmayılov, Əli Əmirov, Elçin Hüseyinbəyli, Rəşad Məcid, Zakir Fəxri, Elçin İsgəndərzadə, Əli Rza Xələfli, Elçin Mehrəliyev, Qulu Ağsəs, Qələndər Xaçınçaylı, Şöhlət Əfşar, Adil Cəmil, Sərvaz Hüseyinoğlu kimi çox istedadlı yazıçı, şair və tənqidçilər, ədəbiyyatşünas, dilçi və digər elmi sahələrində fəaliyyət göstərmiş və göstərən ünlü alimlərimizdən akademiklərdən Validə Tutayuq, Ziyəddin Göyüşov, Cəmil Quliyev, Xudu Məmmədov, Adilə Namazova, dünya şöhrətli Lütfüzadənin dünya şöhrətli elmi varisi Rafiq Əliyev, Kamran Məmmədov, Akademiyanın müxbir üzvü Tofiq Hacıyev, Əkbər Bayramov, Əbdül Əlizadə, Rəşid Göyüşov, Akademiyanın müxbir üzvü Zakir Məmmədov, Qəzənfər Kazımov, Kamil Vəli Nərimanoğlu, Arif Hacıyev, Fəridə Vəzirova, Rasim Tağıyev, Qədir İsmayılov, Arif Səfiyev, Qurban Bayramov, Timurçin Əfəndiyev,Vilayət Quliyev, Əhməd Elbrus, Bəxtiyar Əliyev, İlham Rəhimli, Aydın Dadaşov, Şirindil Alışanov, Bahar Bərdəli, Bəsti Bərdəli, Asif Rüstəmli, İsmayıl Kazımov və adlarını çəkmədiyim digər qələm dostlarımız, ədəbi-mənəvi qohumlarımız Azərbaycan ədəbiyyatınm, bədii fıkrinin, əbədiyyat elminin ən görkəmli, ünlü simalarına çevrilmişlər və Azərbaycan ədəbiyyatmı öz orijinal bədii-estetik və elmi təfəkkürləri ilə, dəyərli, orijinal yaradıcıhqları, tədqiqatları, axtarışları ilə zənginləşdirmişlər və inkişaf etdirmişlər. Və bu nəhəng, coşğun, heç vədə qurumaz fikir nəhri axmağındadır...
xxx xxx xxx
Bir cəhəti də qeyd edək ki, Qarabağ-Şuşa mövzusu görkəmli sənət adamlarını həmişə düşündürmüş və bu mövzuda dəyərli əsərlər qələmə alınmışdır. Konkret nümunələrə gəlincə, S.S.Axundovun “Laçın yuvası” pyesi, Əyyub Abbasovun “Zəngəzur” romanı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Xürşudbanu Natəvan” pyesləri, Bayram Bayramovun “Cıdır düzü”, “Karvan yolu” romanları, Sabir Əhmədlinin Qarabağ trilogiyası (“Axirət sevdası”, “Kef”, “Ömür urası”), Aqil Abbasın “Çadırlarda Üzeyir bəy doğulmur”, “Dolu” romanları, Elçin Əfəndiyevin bu mövzudakı çox dəyərli hekayələri, Elçin Hüseynbəylinin “Əsrlər” povesti, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti, Hüseynbala Mirələmovun “Xəcalət” romanı, Hikmət Sabiroğlunun “Qarabağ gündəliyi” və s. bu qəbildən olan əsərlər hələlik ən parlaq nümunələr sayıla bilər...
Poeziyaya gəldikdə isə elə bir şairimiz yoxdur ki, böyük Səməd Vurğunun “Şuşa” şeiri ilə başlanan bu ənənəni davam etdirməsin, Qarabağ hadisələrinə, Qarabağın zümrüd tacı Şuşaya şeir, poema həsr etməsin. Nümunələri sadalasaq saaatlarla vaxt gərəkdir... Bütün bu əsərlərdə Qarabağa böyük, vətənpərvər məhəbbət, Şuşa mühitinə ülvi bir münasibət, gələcəyə hədsiz inam var...
Muasir Şuşa, XX əsr Şuşa şəhəri xeyli inkişaf eləmişdi, bir rayon kimi inzibati ərazi vahidinə çevrilmişdi. Şuşa rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 289 kv. km-dir. 1 rayon tabeli şəhər, 1 qəsəbə, 37 kənd olmaqla 39 ərazi vahidi vardır. 08 may 1992-ci il tarixdə Ermənistan Silahlı qüvvələri tərəfindən barbarcasına işğal olunmuşdur.
Dağlıq Qarabağ hal-hazırda 4 rayondan ibarətdir : Şuşa, Xocalı, Xocavənd, Xankəndi.
Rəsul Rza hələ ötən əsrdə “Şuşam mənim” adlı şeirində şəhərin gözəlliyini tərənnüm etmiş və bu gözəlliyə göz tikənlərə demişdi:
Sinəsi qabarıq nağıllardan gəlmiş,
Pəhləvandır Şuşam mənim;
Mərdliklə, gözəlliklə qoşam mənim.
Yüz bir Şəhər adı çəkim
Gözəllikdə sənə tay olarmı?!
Vətən adlı doğma yurddan
Püşk olarmı, pay olarmı?!
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü bir daha ermənilərin simasızlığını, təcavüzkarlğlını bütün dünyaya bəyan etdi. Və bizlərə də imkan verdi ki, bu cür elmi, ədəbi məclislərdə bir daha Şüşalı günlərimizi xatırlayaq, qəvi düşmənin xislətini dərk edək, gənclərimizə gələcək qələbələrə inam təlqin edək...
Son olaraq yenə o möhtəşəm fikrə qayıdıram: Hər halda, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” Bəli, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!”. Şuşa-Qarabağın mənəvi paytaxtı kimi öz sakinlərini ağuşuna alacaqdır! O gün gələcəkdir!!..
Şuşa Qarabağın, Qarabağ isə Azərbaycanın döyünən ürəyidir! Şuşa Qarabağın mənəvi paytaxtıdır. Şuşadan bizi sadəcə illər və məsafələr ayırır. O, hər zaman bizim qəlbimizdədir! Zaman acıları sağaltmır, zaman sadəcə acılarla yaşamağı və onları məhv etməyi öyrədir!..
Azərbaycan ən yaxın vaxtlarda öz ərazi bütövlüyünü təmin edəcək! Biz doğma Şuşamıza, Qarabağımıza qayıdacağıq! O gün həm də şəhidlərimizin ruhu rahatlıq tapacaq. Üçrəngli bayrağımız zirvələrə yüksələcək!
Ruhumuzun ünvanı olan müqəddəs şəhər, Allahın izniylə övladlarının səni azad edəcəyi gün mütləq olacaq! Dağın, daşın zirvəsində yenə də abidələr tikiləcək, bulaqlarının başına yenə də qonaqların gələcək. Hüsnü gözəl Şuşanın yeni növrağı başlayacaq... Yeni növrağını yazıçılar, şairlər, bəstəkarlar vəsf edəcəklər!
Şuşa həsrətlə yolumuzu gözləyir, Qarabağ bizi səsləyir. Qəlbimizə hökm edən həsrət acısıyla, vətən sevgisiylə birgə sənə doğru gələcəyik! Zülmətin bitdiyi, nurun başladığı yerdə görüşəcəyik! O vaxtadək Tanrıya əmanət ol, mənim Şuşam, hamımızın Şuşası!!
07 may 2012.

P.s.: Bu material Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 08 may 2012-ci ildə Şuşanın işğalının 20 illik xatirə gününə həsr edilən Elmi sessiyada məruzə edilmiş, Respublikanın bir sıra mətbuatında dərc olunmuşdur...

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti

Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti

Qarabağ, Humanitar elmlər, Elmi Məqalələr
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası

Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası

Humanitar elmlər, Mədəniyyət
“Məcməüş-şüəra” ədəbi məclisi haqqında tədqiqata baxış

“Məcməüş-şüəra” ədəbi məclisi haqqında tədqiqata baxış

Humanitar elmlər, Elmi Məqalələr
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Məktəblər
“Zəfərin mübarək, Azərbaycan!”

“Zəfərin mübarək, Azərbaycan!”

Bakı
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

Yeni nəşrlər, Humanitar elmlər
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "AZƏRBAYCAN NƏZM VƏ NƏSRİNDƏ ŞUŞANIN BƏDİİ TƏSVİRİ"

Qarabağ, Humanitar elmlər
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

"Elm və Təhsil"
BUDAQ TƏHMƏZ (1938)

BUDAQ TƏHMƏZ (1938)

Naxçıvan, Müsabiqə
Akademik İsa Həbibbəyli: Şuşa Böyük qayıdışın şah əsəridir!

Akademik İsa Həbibbəyli: Şuşa Böyük qayıdışın şah əsəridir!

Qarabağ, Humanitar elmlər
Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Yeni nəşrlər, Qarabağ, Gəncə, Təbriklər
Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Qarabağ, Məktəblər, Müsabiqə
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Humanitar elmlər
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Rəy yazın: