"MƏN VƏTƏN QIZIYAM, VƏTƏN MƏNİMDİR" - Nazlı Hacılı

"MƏN VƏTƏN QIZIYAM, VƏTƏN MƏNİMDİR" - Nazlı Hacılı XIX əsrdə Azərbaycan müxtəlif şəhərlərində, Qarabağda“Məclisi-üns” və “Məclisi-fəramuşan”, Şamaxıda “Beytüs-səfa” , Lənkəranda “Fövcül-füsəha”, Bakıda "Məcməüş-şüara" ədəbi məclislər fəaliyyət göstərmişdir. Belə məclislərdən biri də Şeyxəli xan Kəngərli tərəfindən 1831-ci ildə Ordubadda yaradılan və Azərbaycanın ədəbi-ictimai fikrinin formalaşmasında rolu olan “Əncüməni-şüəra” ədəbi məclisinə ilk dəfə rəhbərlik edən Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi olmuşdur. Yazımıza ədəbi məclislərdən başlamağımız təsadüfi deyil. Çünki poeziyası haqqında bəhs edəcəyimiz şairə Nazlı Hacılı “Əncüməni-şüəra” ədəbi məclisinin görkəmli nümayəndələrindən olan şair Mirzə Rəhim ağa-Qüdsi Vənəndinin törəməsidir.

Naxçıvan MR Ordubad rayonunun Vənənd kəndində anadan olan Nazlı Hacılı Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatıdır. O, uzun illər pedoqoji fəaliyyətlə məşqul olub, Naxçıvan şəhər 15 saylı tam orta məktəbində direktor müavini vəzifəsində çalışıb, gənc nəslin təlim-tərbiyəsi ilə məşqul olub. Müntəzəm olaraq bədii yaradıcılıqla da məşqul olan şeirləri respublika qəzet və jurnallarında vaxtaşırı dərc edilib. Bir neçə şeir müsabiqələrinin qalibi olub. Türkiyədə keçirilən şeir müsabiqələrində iki dəfə fəxri ödüllə təltif olunub. "Azad qələm” ədəbi-bədii, ictimai-publisistik jurnalın redaktor müavini, “İlham çeşməsi" qəzetinin əməkdaşı, "Zirvəyə doğru", "Sevənlərin dünyası", "Ömür yollarında" kitablarının yaradıcı heyətinin üzvüdür.
Şeirləri ingilis, türk dillərində kitab şəklində çap olunub.
Şeirlərində (“Eyləmərəm”), “Mən vətən qızıyam, vətən mənimdir, / Mən mənim olana şəkk eyləmərəm. /Vətən sevməyənə yaşam qənimdir, / Ölsəm bu sevgimi tərk eyləmərəm”- deyə vətən haqqında duyğularını ifadə edən Nazlı Hacılı hər şeydən öncə vətənini sevən vətəndaşdır, “Vətən qızıdır”. şairənin şeirlərində Vətən məhəbbəti, yurd, bayraq sevgisi aparıcı mövzulardandır. Bunu şairənin vətən qoxulu, vətən sevgisi ilə yazılan “Azərbaycanım”, “Bayrağım mənim” şeirlərində izləyək:

Üzümə hər səhər nur saçan günəş,
Şöhrətim, şanımdır Azərbaycanım.
Elə bil dünyaya nəqş olunub, nəqş,
Sökülən danımdır Azərbaycanım.

Azərbaycan ilhamını vətənindən alan “Vətən qızı”nın köksündə döyünən ürək, damarlarında axan qandır. Şeirinə ruh verən eşqdir, sevgidir, dindir, imandır, dastanlaşan dünyasıdır:

Dünya bir yanadır, o da bir yana,
Gün-gündən yüksəlir şöhrətə, şana,
Növrağı ruh verir ürəyə, cana,
Deyərdim canımdır Azərbaycanım.


Vətənini canı qədər sevən şairə üçün vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyildir. Vətən onun üçün şərəfdir, şandır, “damarda qan”, “bədəndə candır”, bayrağı iftixarıdır. Məhəmməd (s) buyurur: "Vətəni sevmək imandandır". Dövlətin varlığının təsdiqi olan atributları sevmək, müqəddəsləşdirmək də bu imanın bir parçasıdır.
Bu baxımdan, ümummilli lider Heydər Əliyevin bayrağımız haqqında söylədiyi fikirlər çox dəyərlidir: “Bayraq mənliyimdir, bayraq kimliyim “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalaması, bu sərəncama əsasən, hər il 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi, Dövlət Bayrağı Meydanının yaradılması, Azərbaycan bayrağının 162 metr yüksəklikdə dalğalanması, meydanda Dövlət Bayrağı Muzeyinin yaradılması dövlət atributlarına olan sevgi və ehtiramın ifadəsidir. Qeyd edək ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu sevgi və ehtiramı Nazlı Hacılı “Bayrağım mənim” şeirində izələyək:

Elin dəyanəti, iftixarısan,
Dalğalan üç rəngli bayrağım mənim.
Xalqın iradəsi, həm vüqarısan,
Dalğalan üç rəngli bayrağım mənim.

Şairə xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq olan vətənin bayrağına sevgisini, ehtiramını ifadə edərkən torpağı vətən edən, bayrağımızı qanları-canları bahasına yüksəklərə qaldıran şəhidlərimiz etiramla yad edilir:

Qanlar bahasına ucaldın göyə,
Oğullar can verdi sülh olsun deyə,
Uğrunda hazıram hər an ölməyə,
Dalğalan üç rəngli bayrağım mənim.

Qeyrət simvolusan, əzəmət dolu,
Keçdiyin yol mərdlik, azadlıq yolu,
Bəzə şərəfinlə, sar sağı,solu,
Dalğalan üç rəngli bayrağım mənim.


“Şəhid qanlarıyla boyanmış rəngin”, - deyərək bütün dünyanı heyrətdə qoyan 44 günlük müharibədə qazanılan Zəfər, Vətən torpağının azad olması, vətən, bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları hörmətlə yad edilir:

Şəhid qanlarıyla boyanmış rəngin,
Ucal ucaldıqca, göylər çox əngin,
Heç zaman solmasın rəngin, ahəngin,
Dalğalan üç rəngli bayrağım mənim.

Şeirdə 44 günlük vətən savaşında və öncəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə, öncə ictimai düşüncə üçün müharibənin labüdlüyü, müharibə fəlsəfəsini yaratması məsələlərinə toxunulur. Prezidentimiz BMT Təhlükəsizlik Şurasının toplantısında çıxış edərkən bu müharibənin labüdlüyünü əsaslandırmış, erməni işğalçılarının torpaqlarımızı tərk etməsələr, bunu müharibə yolu ilə edəcəyimizi dünyanı bəyan etmişdi. Artıq müstəqil və qalib ölkənin vətəndaşıyıq:

Böyük öndərimiz çox çəkdi zəhmət,
Xalq da ona verdi layiqli qiymət,
Artıq müstəqildir bu şanlı dövlət,
Dalğalan üç rəngli bayrağım mənim.

Vaxtı ilə, “Qarabağın qara bağın açarsaq, / Bu dünyada yaşamağa nə var ki..” yazan şairənin arzuları gerçəkləşib. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Torpağın sahibi qayıdıb. Qarabağ gözəl günlərini yaşayır. Artıq Qarabağ bizimdir! Bu gözəl duyğular Nazlı Hacılının poeziyasında da öz əksini tapır:


Vətən üzük, sən qaşısan,
Tarixlərin yaddaşısan,
Qürurumuzu daşı sən,
Mənim doğma Qarabağım.


Maksim Qorki yazır ki, “Yazıçı özünün xalqla qan bağlılığını dərindən hiss edəndə bu onun əsərlərinə gözəllik və güc veirir, onları əbədi edir”. Nazlı Hacılı xalqına, vətəninə bağlıdır. Gücünü, ilhamını vətənindən, elindən alır. Şairənin vətən məhəbbətinin, sevgisinin miqyasını “Olmaz” şeirində izləyə bilərik:

Qardaş yer üzünü gəzib, dolansan,
İnan,vətənimə tay tapmaq olmaz.
Cilvəli dağı tək lal durub susan,
Mirvari çayı tək çay tapmaq olmaz.

Şimşəyi az qalır zirvəni yona,
Bulaqdan su içsən dişlərin donar,
Nazlı qurban edər canını ona,
Nazlının payı tək pay tapmaq olmaz.

Canını qurban edəcək qədər sevən şairə, vətəni bölünməz, bütöv görmək istəyir. Birlik, bütövlük düşüncələrini “Ah Araz” şeirində dilə gətirir. Araza müraciətlə ikiyə bölünmüş o tay, bu tay Azərbaycanın birliyi probleminə toxunur:

Vətənimi tən bölüblər zamanla,
Zülüm çəkdik, yaşadıq ah-amanla,
Çox illərdi ömür keçir gümanla.
Bir az da döz, döz, dişini sıx, Araz,
Bir o taya, bir bu taya bax, Araz.

Bir-birindən ayrı düşmüş xalqın ayrılıq həsrətini vurğulayır, bir-birindən ayrı düşmüş bacı-qardaşları, bu taya həsrət ölən ustad Şəhriyarı xatırlayır. Dərdlərini Azərbaycanın sinəsində şırım açan Araza danışır:

Ayırıblar qardaşları bacıdan,
Nə müddətdir qovruluruq acıdan,
Deyəmmədik sözümüzü ucadan.
Qəm eyləmə, həzin-həzin ax, Araz,
Bir o taya, bir bu taya bax Araz.

Şeirin son bəndində şairə, artıq Araza “sakit-sakit ax”, “bir o taya, bir bu taya bax, - demir, Arazın kükrəməsini, bənd-bərəni yıxmasını istəyir:

Başımızın üstün duman alıbdır,
Arzu-kamlar ürəklərdə qalıbdır,
Bu illərdə bizə olan olubdur.
Kükrə, hayqır, bənd-bərəni yıx, Araz,
Bir o taya, bir bu taya bax, Araz.

Sözə sığal çəkmək, ona məna yükləmək, xalqın, vətənin problemlərini, öz duyğu və düşüncələrini ifadə etmək, yəni şairlik olduqca çətindir. Şairlər şeirlərində xalqın tarixini və taleyini, vətənin problemlərini, cəmiyyətdə baş verən hadisələri, öz duyğu və düşüncələrini ifadə edirlər. İfadə olunan hər şey ürəkdən keçir. Yaşanan problemlər yalnız insanı fiziki deyil, mənəvi cəhətdən də yorur. Dünyanın dərdi, kədəri şairlərin ürəyindən keçib şeirlərinə süzülür. Nazlı Hacılı bəlkə buna görə, ürəyinə “Dayanma, ürəyim”- deyə müraciət edir:

Hələ görüləsi işlərim çoxdur,
Boşuna keçəsi bir anım yoxdur,
Əziyyət verirsən bir neçə vaxtdır,
Dayanma ürəyim, dayanma hələ.

Qarşıda neçə toy, neçə düyün var,
Yenə səslənəcək tütək, kaman, tar,
Nazlının qəlbində çox mətləbi var,
Dayanma ürəyim, dayanma hələ.

Bütövlükdə, Nazlı Hacılının şeirlərində təbiət gözəllikləri, məhəbbət, insana sevgi və hörmət tərənnüm olunsa da, vətən, bayraq sevgisi, Qarabağ mövzusu aparıcıdır. Yazımızı “Mən vətən qızıyam, Vətən mənimdir!”, - deyən Nazlı xanıma, can sağlığı, yaradıcılıq uğurları arzulayır, qəbindəki bütün mətləblərin çin olması diləyi ilə bitiririk.

"MƏN VƏTƏN QIZIYAM, VƏTƏN MƏNİMDİR" - Nazlı Hacılı LÜTFİYYƏ ƏSGƏRZADƏ,
Filologiya elmləri doktoru

ZiM.Az



.








Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: