Aysun Quliyeva: "Məmməd Arazın vətənpərvərlik lirikasına bir baxış"

Aysun Quliyeva: "Məmməd Arazın vətənpərvərlik lirikasına bir baxış" Şairin özünə, ruhuna və qəlbinə ünvanladığı cavabsız suallar bəlkədə onun yaradıcılığına ilham verən ən alovlu, ən yanğılı səbəblərdir. Kağıza həkk etdiyi hər mürəkkəb damcısında Vətən sevdasını, məfkurəni, insana sevgini, dərin həyat fəlsəfəsini oxucuya ötürən böyük şair Məmməd Araz.

Yaşadığı ömrün keşməkeşi, enişi, yoxuşu və əzabları onu sıxmadı, sındırmadı, əksinə dövrünün qatı qılaflarını dağıdaraq xan Araz kimi çağladı, gurladı, səssizlik içində burulğan oldu. Sovetlərin ən qatı, ən sərt zamanında Vətən məfkurəsi, Cənublu, Şimallı Azərbaycan arzusu ilə yaşayan və bunu açıq-aşkar, qorxmadan yaradıcılığında əks etdirən şair Məmməd İbrahim “Araz”ı özünə təxəllüs götürərək, “Azərbaycan deyiləndə ayağa durki, ana yurdun ürəyinə toxuna bilər” dedi. Arazı yalnız sadə, axar çay yox, Azərbaycanın qədim tarixi, mədəniyyəti, namusu, qeyrəti bilirdi. Bunu milyonlarla bölüşməyi özünə borc hesab edirdi.

Azərbaycan poeziyasında Məmməd Araz qədər “Araz”ı şeirlərində vəsf edən, misralara köçürən ikinci şair yoxdur. Müstəqillik siyasətinin formalaşmasında Məmməd Araz poeziyasının böyük rolu var. Dədə Qorqud ruhlu, nəfəsli, təpədən dırnağa türk oğlu türk Məmməd Araz yaradıcılığının əsas sütunu Azərbaycanın müstəqilliyi, azadlığı və bütöv Azərbaycan idealıdır.
Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan – mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası. (1, 100)

“İstiqlal” ordenli Xalq şairi Məmməd Araz poeziyası Azərbaycan ünvanlı poeziyadır. Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Şairin yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”- deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə də:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım,(2)

- deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri də “Xətayinin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” deyərək öz poeziyası ilə qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır.(3)
Şairin poeziyasında vətəndaşlıq yanğısı onun həyəcanına və düşüncələrinə hakim kəsilən poetik bir dünyagörüşdür:

Qayaların harayını,
Qayalara yazım deyə,
Onda Vətən sanar məni,
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı! (1, 108)

Qarabağşünas alim Mərziyyə Nəcəfova “Müasir Azərbaycan poeziyasında Qarabağ” adlı monoqrafiyasında yazır: “ 1990-cı illər Azərbaycan poeziyasında torpağa, vətənə bağlılıq hissi, vətəndaşlıq əqidəsi və vətənpərvərlik ruhu şair Məmməd Araz poeziyasının əsas xüsusiyyətlərindən biridir. Şairin poeziyasında milli hiss, xalqa, doğma torpağa bağlılıq, vətənpərvərlik duyğuları əsas leytmotivi təşkil edir. Bu dövrdə şairin poeziyası xalqımızın vətəndaşlıq hisslərini gücləndirir, milli və bəşərilik duyğusunu ləyaqətlə təmsil edir”. (4)

“Məmməd Araz poeziyası Sözün Vətən qibləsidir. Onun əsərlərində Vətən başlıca qayə, məna və meyar zirvəsidir. “Mənim yurdum hardan başlar? Ürəyimin kandarından” deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir”. “Məhz həmin misralarda şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz Azəbaycan boyda dahidir, hər misrasında Azərbaycan var, bu da onu əbədiyaşar edir:

Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm, torpağa dağılasıyam.
Nə vaxtsa dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam...(5)

Məmməd Arazı bütün Azərbaycana sevdirənsə, onun Azərbaycan eşqiylə, Vətən üçün, onun istiqlalı, azadlığı üçün yanar bir ürəyə sahib olması idi. Nə Azərbaycanı Məmməd Arazsız, nə də Məmməd Arazı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Adındakı Araz təxəllüsü də şairin xalqımızın Araz boyda dərdini qəlbində daim yaşatmasının təcəssümüdür:

Biz keçirik Arazı,
Bu oyun deyil ancaq.
Bu gediş bəzimizin
Son gedişi olacaq...
Vətən yaşasın, Vətən!
Mən ölərəm də, qardaş!
Bir-iki tel düşməklə
Yerindən qopmaz ki, baş.
Vətən əmr etsə, Araz
Zəhər olsa içərik.
Lap Böyük Səhranı da
Biz piyada keçərik...
Gülləmiz də qurtarsa,
Başımız güllə kimi
Toplara qoyulacaq,
Fəqət gələcək bizim,
Zəfər bizim olacaq.(6)

Şairin bu misralarında Azərbaycanın bütövləşəcəyinə qəti inam var. Güney ayrılığı bir çox şairlərimizin yaradıcılılğında ana xətt təşkil edir. Məmməd Arazsa Vətənimizin güneyini öz adında daşıyan və ona qəlbindən süzülən nəğmələrlə əbədi dastanlar yaradan şair idi. Azərbaycançılıq ideyası deyildikdə ilk yada düşənlərdən biri də məhz Məmməd Araz olur. (6)
Ümumxalq sevgisini yüksək dərəcədə qazanmış istiqlal şairi, türk oğlu türk Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi”, “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul” kimi dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrində Azərbaycanın bütövlüyü məsələsi ortaya qoyulurdu. Xalq şairi Məmməd Arazdan soraq verən qiymətli əsər “Məndən ötdü, qardaşıma dəydi…” şeiri Azərbaycan məmləkətinin başına gətirilən müsibətlərin, keçirdiyi sarsıntıların tarixi salnaməsini verən bir sənəd qədər əhəmiyyətlidir.

Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən,
Ayağa dur, səninləyəm!
Səs getməyən, əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən.
Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?
Məndən ötdü!
Qulağımdan getmir bu səs!
Zərbələri qardaşına, sirdaşına ötürən kəs,
Elə bil ki, bax bu gecə,
Qulağımın dibindəcə
Xətayinin süqutuna qəh-qəh çəkdi,
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi!
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan havasından qopan daşdı,
Azərbaycan torpağında
Araz boyda şırım açdı…(1, 84)

Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız işğala məruz qalanda o, öz haqq səsini ucaldaraq, xalqımızı vətənimizin azadlığı uğrunda mübarizəyə çağırır, doğma torpaqları qorumaq və yaşatmaq naminə haray çəkir. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Milli istiqlalımızın önəmli simalarından biri olan böyük Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirində dərin daxili lirizim və narahatlıqdan doğan yüksək pafos, vətənpərvərlik, humanizm və xəlqilik vadır.

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri,
biz hər şeyi bölə billik!
Səndən qeyri,
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır!
Hanı sənin tufan yıxan,
gürşad boğan, yurda oğul
oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların?
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın! (6, 132)

“Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çox çətindir. Azərbaycan əlli milyonluq bir xalqın – azərbaycanlıların şəriksiz Vətəni olduğu kimi, Məmməd Araz yaradıcılığı da əlli milyonluq xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur” (14, 1)
“Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək – Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır” (8, 5) .
Məmməd Araz adlı əbədi dünya Azərbaycan xalqınındır, bütün türk dünyasının və bütün insanlığındır. Çünki, Məmməd Araz çox böyük insan və çox böyük Azərbaycanlı idi. Əslində Məmməd Arazı sevmək Azərbaycanı sevməkdir. Məmməd Araza baş əymək Azərbaycan bayrağına baş əyməkdir. Məmməd Arazı qorumaq Azərbaycan dövlətini qorumaqdır.
“Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu heç kimə qalmayan dünyada əyilməz, mərd, sözü bütöv bir söz ustadı yaşadı. Nə mükafat almaq üçün, nə vəzifə kürsüsünə qalxmaq üçün ruhunu satmadı. Şəxsiyyəti və yaradıcılığı üst-üstə düşən nadir söz adamlarından biri Məmməd Araz.
Məmməd Arazda sanki bir ilahi qüvvə, bir qüdrət var idi. O bu torpağın sərvətidir, bu diyarın misilsiz bir nemətidir. Məmməd Araz Azərbaycan torpağının unudulmayan, böyük və həmişə yaşayacaq əbədi sərvətidir. Məmməd Arazın füsunkar poeziyası Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir.

ƏDƏBİYYAT SİYAHISI

1.Araz M. Seçilmiş əsərləri. İki cilddə I cild. Bakı, “Lider nəşriyyatı”, 2004, 224 səh.
2. Qasımov R. (2017, 14 oktyabr). Azərbaycan ünvanlı Məmməd Araz poeziyası. “525”-ci qəzet
3. Ver sözə ehya ki... (Nizaməddin Şəmsizadə), 2003
4. Mərziyyə Nəcəəfova. “Müasir Azərbaycan poeziyasında Qarabağ”, Bakı-2019
5. https://sherg.az/gundem/244745
6. Araz M. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat", 2004, 232 səh.
7. Kərimli X. (2013, 12 iyun). Məmməd Araz yaradıcılığında Azərbaycançılıq. “Şərq qapısı” qəzeti
8. Qarayev Y. Məmməd Araz. (2004). Seçilmiş əsərlərinin I cildinə yazılmış ön söz.


Aysun Vasif qızı Quliyeva
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"MƏN VƏTƏN QIZIYAM, VƏTƏN MƏNİMDİR" - Nazlı Hacılı

Humanitar elmlər, Elmi Məqalələr
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərk ...

Humanitar elmlər, Elmi Məqalələr
SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

Publisistika, Müsabiqə
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
MƏMMƏD ƏKBƏRLİ (1957)

MƏMMƏD ƏKBƏRLİ (1957)

Naxçıvan, Müsabiqə
YADDAŞI İLQARSIZ İLQARLI DOSTUM

YADDAŞI İLQARSIZ İLQARLI DOSTUM

Təbriklər
Leyla VƏKİLQIZI (ABDULLAYEVA):

Leyla VƏKİLQIZI (ABDULLAYEVA): "NAXÇIVAN"

"SAZLI-SÖZLÜ BORÇALI", Naxçıvan
GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN  BOYLANAN VƏTƏN

GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN BOYLANAN VƏTƏN

Humanitar elmlər, Elmi Məqalələr
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

Naxçıvan, Təbriklər
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

Başkeçid, Nekroloqlar
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
Zamin TƏHMƏZOV: Sevdalı ömür yaşadım...

Zamin TƏHMƏZOV: Sevdalı ömür yaşadım...

Qarabağ, Poeziya
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
Rəy yazın: