LÜTVİYYƏ ƏSGƏRZADƏ: "QISA SÜRƏN XX ƏSR və ya ADININ MİSTİKASINI YAŞAYAN ƏYYUB ABASOV"

LÜTVİYYƏ ƏSGƏRZADƏ: "QISA SÜRƏN XX ƏSR və ya ADININ MİSTİKASINI YAŞAYAN ƏYYUB ABASOV" 19-cu əsri 1789-1914, 20-ci əsri 1914-1991-ci illər arasında təhlil edən məşhur ingilis tarixçisi Eric Hobsbawma görə, 19-cu əsr "uzun" (Uzun 19. yüzil, 1789-cu ildə Fransız inqilabı ilə başlayan, 1914-cü ildə I. Dünya Müharibəsinin başlamasıyala sona çatan 125 illik bir dövrü əhatə edən bir termindir.
Rus yazıçısı İlya Erenburg tərəfindən istifadə olunan söz daha sonra İngilis tarihçi Eric Hobsbawm tərəfindən daha da məşhurlaşdırıldı), 20-ci əsr isə "qısa" idi. Yenə Eric Hobsbawma görə, 19-cu əsr 1789-cu ildə Böyük Fransız İnqilabı ilə başlayır, 1913-cü ildə başa çatır. "Qısa 20-ci əsr" - təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya Müharibəsindən sonra və 1991-ci ildən - dünyada qlobal dəyişikliklərin başlandığı, 1990-cı ildə Almaniyanın birləşməsi və 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatır”. Qısa 20-ci əsr Birinci Dünya müharibəsiylə (1914), Birinci Dünya müharibəsi isə 28 iyun 1914-cü ildə Avstirya-Macarıstan taxtının varisi Frans Ferdinandın ölüm ilə başladı “Təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən başlayan və “qısa sürən 20-ci əsr” Azərbaycan üçün milli dövlətçilik tariximizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir zaman kəsiyidir. Ən əhəmiyyət kəsb edən hadisə, Azərbaycanın müstəqilliyinin elan edilməsi (28 may 1918), AXC yaradılmasıdırsa, sonrakı tarixi hadisələr, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı (28 aprel 1920), AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması, 70 ildən sonra 1991-ci ildə xalqın bir daha öz dövlət müstəqilliyini bərpa etməsidir. Ancaq "qısa 20-ci əsr" Azərbaycan üçün Birinci Dünya Müharibəsi və ya AXC-nin qurulması ilə deyil, 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı ilk irimiqyaslı silahlı çıxışları ilə, erməni təşkilatlarının “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Bakıda və Zəngəzurda erməni və müsəlman əhalisi arasında törətdiyi silahlı münaqişə ilə başlamışdır (1905-1906). Az sonra münaqişə erməni-azərbaycanlı qırğınına çevrilmiş, bütün Cənubi Qafqaz regionunu əhatə etmişdir. Bakı, Tiflis, İrəvan, Gəncə quberniyalarında, xüsusilə Qarabağ, Zəngəzur və s. yerlərdə baş vermiş bu qanlı toqquşma iki ilə qədər davam etmiş, minlərlə yaşayış məntəqəsi dağıdılmış, 17 minə qədər insan həlak olmuş, insanlar doğma yurd yerlərindən qoparılmışdır.

Həyat nə qədər ağır, keşməkeşli olsa da, olumla ölüm hər zaman yan-yana addımlayır. Dünyasını dəyişənlərlə yanaşı, dünyanın yeni sakinləri də doğulur. Əyyub Abasov da 1905-ci ildə, keşməkeşli bir zamanda qədim Zəngəzurun Şəki kəndində, Cəbrayıl kişinin ailəsində dünyaya gəlir. Ona Bibliyada “Əyyubun kitabı”nın baş qəhrəmanının adı verilir: Əyyub. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunan Əyyub adının mənası “dözüm, səbir, təqib olunan” deməkdir. “Əyyub” kitabı isə bəlalar çəkən bir insanın hekayəsidir.

Hər adın bir mistikası var, - deyirlər. Bunu Ə.Abasovun izləmək mümkündür. 1905-ildə “erməni-müsəlman münaqişələrinin gücləndiyi toqquşmasının ən tufanlı çağında”, qanlı qırğın günlərindən birində dünyaya gələn oğlan uşağına verilən Əyyub adı da sonralar onun tale yazısı olur. Əyyub, 1918-ci ildə yenidən qızışan erməni-azərbaycanlı davasında həyatının ən faciəli günlərini yaşayır, valideynlərini, bacı-qardaşlarını itirir. Yurdundan didərgin düşür. Naxçıvanda Əbdüləzim Rüstəmovun ailəsində yaşayır, oxuyur və çalışır. Mənbələrdə, “Əyyub Abasovun xeyirxah insanların himayəsində yaşadığı” qeyd olunsa da, bu insanın kimliyindən geniş bəhs olunmur. Onu himayəsinə alan xeyirxah insan kim idi? Əbdüləzim Rüstəmovla Əyyub Abasovun qohumluq əlaqəsi necə idi? Bunun dəqiqləşdirilməsi üçün mərhum professor Əziz Şərifin “çoxüzvlü tayfası” haqqında maraqlı faktların yer aldığı 3 çildlik “Keçmiş günlərdən” kitabı ən önəmli mənbələrdəndir. Kitabda “çoxüzvlü tayfası” haqqında geniş məlumat verən Əziz Şərif yazır: “Naxçıvan şəhərində, istərsə də Şükar və Şəki kəndlərində bizim bütün çoxüzvlü tayfamız atamı özünün böyüyü, müdrik ağsaqqalı hesab edir, onun hörmətini saxlayırdı. Məsələni aydınlaşdırmaq üçün bir azacıq uzağa getməliyəm. Nənələrimin ikisi də Gorus mahalındakı (Sisyan) Şükar kəndindən idi. Necə olmuşdusa, keçən əsrin 40-50-ci illərində Şükar kəndlisinin qızlarından birini, Qızxanım adlı birini mənim Naxçıvanda yaşayan ata babam Hacı Ələsgər Şərifzadə alıb Naxçıvana gətirmiş, onun kiçik bacılarından Şərəfi də ana babam Talıb Rüstəmov alıb Şükar yaxınlığındakı Şəki kəndinə aparmışdı. Hacı Ələsgərlə Qızxanımın üç oğlu və üç qızı olmuşdu ki, bu oğulların böyüyü mənim atam Qurbanəli, böyük qızı da bibim Şahbəyim idi. Babamın ikinci oğlu Əlimərdan Bakıda neft mədənlərində qazanca gedib oradan qayıtmamışdı. Talıb kişi ilə Şərəfin isə Şəkidə üç oğlu və dörd qızı olmuşdur ki, bu qızların böyüyü mənim Nazlı anam, ondan kiçiyi isə Tamam xalam, “Zəngəzur” romanının müəllifi Əyyub Abasovun anası idi”. Yəni Əyyub Abasovla Əziz Şərif xala oğlanları idi.

Zəngəzurda yaşanan faciələrdə ailəsini itiraən Əyyub Abasov, Əziz Şərifin xalası oğlu, sonralar Naxçıvanda ailəsində yaşadığı Əbdüləzim Rüstəmov, dövrünün çox mükəmməl biliyə malik, savadlı, bir neçə dil bilən şəxsiyyətlərindən biri və Əyyubun dayısı idi. Həmçinin Naxçıvanda böyük nüfuza malik olan Qurbanəli Şərifzadənin qaynı idi. Əziz Şərif dayısı haqqında yazır: “Uşaq vaxtından bizim evdə yaşayıb, tərbiyə alan və məktəbdə oxuyan dayım Əbdüləzim məndən 10-12 yaş böyük olardı və ailədə mənim böyük qardaşım kimi idi”. Əzizlə (1895) dayısı Əbdüləzimin (1887) arasında 8, Əyyubla 18 yaş fərq vardı. Onların arasındakı qohumluq bağı güclü olmuş, Əbdüləzim1887-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində Talıb kişinin ailəsində dünyaya göz açsa da, yeniyetməlik və gənclik dövrü bacısının ailəsində, Əyyubun həyatının bir qismi isə Əbdüləzimin ailəsində keçmişdir.

İlk təhsilini Şəkidə mədrəsədə alsa da, ondakı oxumaq həvəsini görən Qurbanəli Şərifzadə Əbdüləzimi Naxçıvan şəhərinə gətirib ikisinifli rus-Azərbaycan məktəbinə qoyur. Məktəbi əla qiymətlərlə bitirən Əbdüləzim, ikinci dərəcəli Naxçıvan şəhər məktəbinə daxil olur. 1906-cı ildə təhsilini tamamlayır. Rus dilini yüksək səviyyədə öyrənən Əbdüləzim, imtahan verərək ibtidai məktəbdə dərs demək hüququ qazanır. Əvvəl Cəhri (1907), sonra Yaycı kənd məktəblərində müdir vəzifəsində çalışır. 1913-cü ildə Əbdüləzim Rüstəmov doğma Şəki kəndinə müəllim təyin edilir. 1918-ci ilədək Şəkidəki ikisinifli məktəbin müdiri vəzifəsində çalışır. Dayısı haqqında hər zaman yüksək fikirdə olan Ə.Şərif yazır: “Dayım Əbdüləzim Naxçıvanda təhsilini qurtaranda və müəllimliyə imtahan verib lazımi şəhadətnaməni alanda öz doğma kəndinə təzəcə açılmış məktəbin ilk müəllimi və ilk direktoru olmuşdur. Onun təşəbbüsü ilə Şəkidə məktəb binası tikilmişdi. Bu zaman Şəkidə məscid də açılmışdı, məscidə molla da təyin olunmuşdur” (dayısını çox sevən Əyyub Abasov isə “Zəngəzur” romanında onun obrazını yaratmışdır Rüstəm obrazının prototipi Mirzə Əbdüləzimdir).
Münaqişəsi təkrar güclənəndə Əbdüləzim Rüstəmov Şəkidə məktəb direktoru vəzifəsində çalışırdı. Günü-gündən daha da kəskinləşən qırğınların iştirakçısı idi. Münaqişədə doğmalarını faciəli şəkildə itirən Əyyuba isti ocaq bəxş etmiş, onun gələcək həyatının elmə, maarif və mətbuata istiqamətlənməsində önəmli rol oynamışdır. Qeyd edim ki, dövrünün görkəmli şəxsiyyətlərindən olan Əbdüləzim Rüstəmovun yolunu oğlu Rüstəm Rüstəmov, nəvəsi Keykavus Rüstəmov, nəvəsi Aygün xanım şərəflə davam etdirmışdir. Tədris işini çox gözəl bilən, uzun illər Maarif nazirliyində işləyən oğlu Rüstəm Rüstəmov 2000-ci ildə Azərbaycanın Əməkdar müəllimi adına layiq görülmüşdür.
O, “çox humanist insan olmuş, darda olan insanlara əl uzatmışdır. Q.Şərifzadənin bacısı Şahbəyimin və Mir Heydər Nəsirbəyovun qızı Fatma (Matan xanım) xanımla evlənməklə ailəni sürgündən xilas etmiş, yeniyetmə Əyyuba atalıq qayğısı göstərmişdir. Bütövlükdə, ömrünü xalqın maariflənməsi uğrunda mübarizəyə həsr etmiş, Naxçıvanın siyasi həyatında önəmli rol oynamış, Naxçıvanın və Zəngəzurun erməni daşnaklarından müdafiəsində mühüm xidmətləri göstərmiş (1918-1920), Naxçıvanın Azərbaycanın tərkibində qalması uğrunda mübarizə aparmışdır. Məlum tarixi hadisələr baş verəndə bolşevik ordusunun Zəngəzura gəldiyini eşidən Naxçıvan ziyalıları onlarla danışmaq üçün bir heyət hazırlamış və Ə.Rüstəmov da həmin heyətdə yer almış”, Naxçıvan MR-nın ilk Maarif Komissarı olmuş, bu etimadı ləyaqətlə doğrultmuşdur. Müəllimləri yeni tipli məktəblərdə dərs demək üçün səfərbərliyə almış, gecə kursları təşkil etmiş, bir fədai olaraq o dövrdə gənc nəslin savadlanmasında əlindən gələni əsirgəməmişdir. Naxçıvanda ilk seminariyanın açılmasında böyük xidmətləri olmuşdur. 1922-ci il 28 avqustda Naxçıvan respublika müəllimlərinin I Qurultayında Naxçıvanda seminariyanın açılmasının vacibliyi haqqında məruzə etmişdir. Üç gün davam edən bu qurultayda geniş müzakirələrdən sonra seminariyanın yaradılması qərara alınmışdır.
Yaradılan seminariyaya ilk direktor Xəlil ağa Hacılarov, müavin Əbdüləzim Rüstəmov təyin edilir. Təəssüf ki, repressiyanın küləyi gənc nəslin maariflənməsində böyük xidmətləri olan Ə.Rüstəmovdan da yan keçmir, o, 24 iyun 1941-ci ildə həbs olunur. “Sovet hökumətinin əleyhinə təbliğat aparmaqda və Türkiyəyə casusluq etməkdə ittiham olunur. Məhkəməsi qapalı keçir. İttihamları qəbul etməsə də, Naxçıvan Ali Məhkəməsinin qərarı ilə Ə.Rüstəmova 8 il həbs cəzası verilir, 4 il səsvermədən məhrum edilir. Bir müddət Bayıl həbsxanasında saxlandıqdan sonra Gədəbəyin mis mədənlərində işləməyə göndərilir. Sürgün müddəti bitdikdən sonra Naxçıvana qayıdan Əbdüləzim Rüstəmov 66 yaşında, 1953-cü ildə vəfat edir. Ona ölümündən çox illər sonra 1991-ci ildə bəraət verilir”.
Zəngəzurda bütün ailəsini itirən və möcüzə əsəri sağ qalan yazıçı, şair, dramaturq və Əməkdar İncəsənət xadimi Əyyub Abasov məhz Naxçıvanda belə mərd, mübariz və şərəfli bir şəxsiyyətin, “xeyirxah insan”ın, dayısı Əbdüləzim Rüstəmovun ailəsində yaşamış, təhsil almış, Naxçıvan Xalq Maarif Komissarlığında ilk əmək fəaliyyətinə başlamışdır.
Ə.Abasov Naxçıvanda Pedaqoji Texnikumda təhsil almış, texnikumu bitirdikdən sonra, təsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APİ) dil-ədəbiyyat fakültəsində davam etdirmişdir. 1930-cu ildə ali təhsilini bitirib məzunu olduğu Naxçıvan Pedaqoji Texnikumunda müəllim işləmiş, həm təhsildə, həm vəzifədə yüksəlmiş, Naxçıvan Vilayəti Xalq Maarif şöbəsinin (1931) və Rayon Maarif Şöbəsinin müdiri (1932-33) vəzifələrində çalışmışdır. Bununla yanaşı, bədii yaradıcılıqla da məşğul olmuş, Bakıya getdikdən sonra 1921-ci ildən Naxçıvanda nəşrə başlayan “Şərq qapısı” qəzeti ilə başlayan mətbuatla əməkdaşlığını “Kommunist” qəzeti redaksiyasında davam etdirmişdir (1933-34). Sankt-Peterburqda redaktorluq və tərcüməçilik təhsili almış (1934-37), Sankt-Peterburqdan döndükdən sonra 1937-39-cu illərdə Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri Komitəsində (1939-41), MK-da təlimatçı (1943-47) işləmişdir. Bakıda Teatr məktəbinin direktoru (1947-48), Uşaq və Gənclər nəşriyyatının şöbə müdiri (1949-57) vəzifələrində çalışmışdır. Müxtəlif vəzifələrdə işləməklə yanaşı, yaradıcılığını da davam etdirmiş, Bakıda “Günəşli yollar” (1938), “Sərhəddə” (1939) adlı şeir kitablarını çap etdirmişdir.
Bu illərdə milliyyətcə tatar olan Kəmilə xanım Abeydulla qızı ilə evlənmişdir. Əyyub Abasov Kamilə xanımla onun bacısı Xədicə xanımın həyat yoldaşı, əslən Naxçıvandan olan Tağı Axundovun vasitəsi ilə tanış olmuşdur. Bir gün dostu Tağı Axundovun yanına gələn Əyyub Abasov burada Kamilə xanımla tanış olmuş, bu tanışlıq ciddi münasibətə çevrilmiş, onlar evlənmişlər. Kamilə xanım evləndikdən sonra çalışmamış, uşaqlarının, sonralar nəvələrinin təlim-tərbiyəsi ilə məşğul olmuş, şərəfli analıq və nənəlik missiyasını yerinə yetirmişdir. Nümunəvi həyat yoldaşı, gözəl ana və diqqətli nənə olan bu ləyaqətli xanım 1987-ci ildə vəfat etmişdir.
İkinci Dünya müharibəsi başlayanda Əyyub Abasov müharibəyə getmiş, Sevastopol cəbhəsində vuruşmuşdur. Bacısı Xədicə xanım Kamiləyə həyatlarını asanlaşdırmaq üçün onlarla yaşamağı təklif etmişdir. Xədicə xanım Xaçmazda yaşayırdı. Bu zaman qızı Güllərə hamilə olan Kamilə xanım xalasının təklifini qəbul etmiş, 3 yaşlı qızı Zemfira ilə Xaçmaza gələrək onlarla yaşamışdır. Əyyub Abasov yaralandığı üçün cəbhədən qayıtdıqdan sonra ailəsi ilə Bakıya gəlmiş, qaldığı yerdən həyatlarına davam etmişlər. Yaradıcılığa davam edən Ə.Abasovun bir-birinin ardınca “Könül dəftəri” (1947), “Vətən suları” (1949), “Pyeslər” (1950), “Nailə” (1951), “Qırmızı bayraqlı gəmi” (1952), “Ağ çadırlar” (1955) kitabları nəşr olunmuşdur.
Ə.Abasovun həyatının çox hissəsi sərt ideologiyanın hökm sürdüyü sovet hakimiyyəti illərinə düşmüşdü. Bütün bunlar sözsüz ki, onun yaradıcılığına da təsir etmişdir. Qəzetdə yayınlanan, dəyişən dünyanın, sovet ideologiyasının nəfəsi, ruhu çokmüş materiallarda bunu hiss etmək o qədər də çətin deyil. Və Ə.Abasovun ilk qələm təcrübələrinin çap olunduğu, “Şərq qapısı” qəzetində izləmək mümkündür.
“Şərq qapısı” qəzeti ilə (1921) regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda Naxçıvanda ədəbi mühitin inkişafına səbəb olmuş, isdedad sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş kütlələrə çatdırmasına, özlərini təqdim etmələrinə şərait yaratmışdı. Bu zaman Əyyub Abbasov, Əvəz Sadıq, Müzəffər Nəsirli, Əkbər Məftun və b. yazıçılar böyük ehtirasla ədəbi-siyasi mübarizə meydanına atılmış, ədəbi qüvvələr Naxçıvan mətbuatının ağırlığını (1920-30-cu illər) öz üzərinə almışdı.
Mətbuatı inkişaf etdirmək üçün əvvəlcə ədəbi qüvvələri səfərbər etmək, onları cəmiyyət halında birləşdirmək və onları təkmilləşdirmək tələb olunurdu. Bu tələbləri həll etmək üçün bütün qüvvələr səfərbər oldu. Bakıda yaradılmış “Qızıl qələm” cəmiyyətinin səsinə ədəbi gənclik Naxçıvanda da səs verdi. Ard-arda qəbul edilən qətnamələr (PK(b)P MK-nın “Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında” 18 iyul 1925-ci il tarixli qətnaməsi Naxçıvanda ədəbiyyat və incəsənət işinin təşkil edilməsində böyük əhəmiyyət kəsb etdi. Qəzetdə “Ədəbiyyat səhifəsi” və “Gənclik səhifəsi” yer almağa başladı. Az sonra Naxçıvan Xalq Maarif Komissarlığı yanında “1926-cı ildə Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayevin təşəbbüsu ilə Naxçıvan komsomol klubu yanında “Gənc qələmlər” ədəbiyyat dərnəyi təşkil olundu və gənc qələmlər dərnəyin ətrafına toplaşdı. “Gənc qələmlər” dərnəyi və paralel olaraq “Şərq qapısı” qəzeti ədəbi gəncliyin inkişafında müstəsna rol oynadı. “Şərq qapısı” qəzetinin fəal əməkdaşlarından biri də Ə.Abasov idi.
Onun yazdığı dram əsəri 1927-ci ildə Naxçıvan şəhərindəki Karl Libknext adına komsomol klubunda tamaşaya qoyulur və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Az sonra “Qızıl qələmlər” Ədəbi Birliyi yaradılır (1928). Birliyin rəhbəri Əyyub Abbasov seçilir. Onun ilk şeirlər kitabı da “Şərq qapısı” qəzetinin mətbəəsində Məmmədəli Tarverdiyevin redaktorluğu və Lətif Hüseynzadənin giriş sözü ilə nəşr edilir. Kitabın ərsəyə gəlməsində müəllimi Şeyx Məhəmməd Rasizadənin də böyük əməyi olur. Sonralar Əyyub Abbasov müəllimi Şeyx Məhəmməd Rasizadəni hörmət və etiramla xatırlayır: “Mən də tez-tez Məhəmməd müəllimgilə gedib ondan dərs alırdım. O, şeirlərimlə maraqlanır, onları oxuyub təhlil edir, mənə dəyərli məsləhətlər verirdi. Məsləhəti də bu olurdu ki, yüngül şeirlər ardınca qaçma, şeir mənadan, gözəl duyğulardan maya tutmalıdır. Sevgi şeirlərinə çox uyma. Çalış daha çox vətəni, bu torpağın özəlliklərini, doğma təbiəti tərənnüm edəsən. Onun tövsiyələrini can-başla yerinə yetirir, şeirlərini oxuyub bəyəndikcə sanki mənə yeni ilham gəlirdi. Bir dəfə o, mənə dedi:
Bəlkə bu şeirlərini kitab halında dərc etdirəsən.
Mən də bu arzudayam. Ancaq bilmirəm kimə, hara müraciət edim, - deyə inamsız halda cavab verdim. Əlini çiynimə qoyub bir ata nəvazişi ilə dedi: - Sən şeirlərini topla, mənə gətir. Dalısı ilə işin yoxdur... “
Beləliklə, ilk şeir kitabım onun təşəbbüsü ilə işıq üzü gördü. Həmin kitab1932-ci ildə “Şərq qapısı”nın mətbəəsində nəşr olundu. Uçmağa qanadım yox idi. Müəllimimə necə təşəkkür edəcəyimi bilmirdim. Və heç şübhəsiz ilk kitabımın ilk nüsxəsini Şeyx Məhəmməd Rasizadəyə bağışladım.”
“Əyyub Abbasovun müəlimi Şeyx Məhəmməd Rasizadəyə bağışladığı kitabı Şeyxin qızı Rəna xanım qoruyub saxlamışdı. Ömrünün son illərini Bakıda, Nizami rayonunda yaşayan Rəna xanımla evində baş tutan görüşümüzdə söhbət əsnasında Ə.Abbasovun “Şəkili” imzası ilə nəşr olunmuş avtoqrafla müəlliminə bağışladığı “Mübarizə” kitabını Rəna xanım evində qoruyub saxlayırdı. Kitabın titul vərəqində yazılmışdı: “Ədəbi yaradıcılığımın yardımçısı, müəllimim Rasizadəyə xatirəm. Müəllif Əyyub Şəkili. 31 yanvar 1932-ci il”.
Şairin “Mübarizə” kitabında toplanmış şeirlərində zəhmətkeşlərin əmək qəhrəmanlığı, kollektivləşmə uğrunda gedən mübarizə öz əksini tapır. Şairin “Dar ağacı” poeması, “Mübarizə” kitabı maraqla qarşılanır, “Naxçıvan” şeiri dillərdə əzbər olur. Qeyd edək ki, yaradıcılığa şeirlə başlayan Ə.Abasovun silsilə şeirləri dövri mətbuat səhifələrində: “Şərq qapısı”, “Kommunist”, “Gənc işçi”, “Yeni yol”, ”Yeni fikir”, “Maarif və mədəniyyət”, “Hücum”, “Dan ulduzu” və s. “Şəkili” imzası ilə dərc edilmişdir. “Qadın azadlığı” adlı ilk dramı Naxçıvan teatrında tamaşaya qoyulmuşdur.
Əyyub Abasov hələ Naxçıvanda ikən Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman Rüstəm və digər şair, yazıçılarla yaxından tanış olur. Sonralar Bakıda yaşayan və ədəbi yaradıcılıqla məşğul olan ədibin “Böhtanlar”, “Qardaşlar”, “Bahar nəğməsi”, “Şəfəq”, “Məlik Məhəmməd”, “Alma ağacı”, “İntiqam”, “Sevinc” pyesləri, “Könül şikəstəsi” (1947, 76 səh), “Vətən suları” (1949, 40 səh), “Nailə” poeması (1951, 28 səh), “Ağ çadırlar”, (1955, 64 səh), “Sevinc” 3 pərdə, 7 şəkildə pyes, (“Gənclik” 1968) kitabları nəşr olunur, tərcümələr edir. “Azad”, “Məlikməmməd”, "Aqil və Sərvinaz" pyesləri Gənc Tamaşaçılar Teatrında uğurla tamaşaya qoyulur. Sərvinaz rolunun ifaçısı xalq artisti Abbasmirzə Şərifzadənin qızı Firəngiz xanım xatirələrində Ə.Abbasovun bu əsərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını yazır.
Beləliklə, cəmi 52 yaş yaşayan Əyyub Abasovun ömür yolunun 15 ili Zəngəzur, 10-14 ili Naxçıvan və 23 ili paytaxt Bakı ilə bağlıdır. Və Zəngəzurda bütün ailəsini itirən yazıçı, şair, dramaturq və Əməkdar İncəsənət xadimi Əyyub Abasovu elm, təhsil və ədəbiyyat yoluna dayısı Əbdüləzim Rüstəmov uğurlamışdır. O, həm əmək (Naxçıvan Xalq Maarif Komissarlığı), həm də yaradıcılıq fəaliyyətinə Naxçıvanda başlamış, ilk dərc olunduğu mətbuat əsrin ikinci onilliyində Naxçıvanda nəşrə başlayan “Şərq qapısı” qəzeti olmuşdur.
Müxtəlif məsul vəzifələrdə çalışmaqla yanaşı, daima ədəbi yaradıcılığı da davam etdirən, daha çox şair, dramaturq kimi tanınan Ə.Abasov sovet ideologiyasının sərt dövründə vicdanının səsi, itirilmiş yurdunun həsrəti ilə və cəsarətlə 2 cildlik 980 səhifəlik “Zəngəzur” tarixi romanını yazmış, yaşadıqlarını, şahidi olduqlarını, tarixi həqiqətləri ədəbi-tarixi salnamədə, “Zəngəzur” romanında yazaraq həqiqətləri, gələcək nəsillərə bəyan etmişdir.
“Zəngəzur” tarixi romanını oxuyanlar, əsrin sonlarında yaşadıqlarımızla qarşılaşdıranda bu sözdə nə qədər böyük bir həqiqət olduğunu görürük. Tarix təkrar olur, - dedikdə tarixi hadisələr, günlər, şəxsiyyətlər anlamında başa düşülür. Əyyub Abasovun yaradıcılığının ən yüksək nailiyyəti sayılan “Zəngəzur” tarixi romanını bu günümüzlə (Qarabağ müharibəsi zamanı evlərin bombalanması, dağıdılması, valideynlərini itirmiş uşaqların fəryadı, uşaqların süngüyə taxılması və s) paraleləşdirəndə görürük ki, roman bütün dövrlər üçün aktual olan çox dəyərli əsərdir. Ötən əsrdə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri qırğınları əks etdirən kitab tarixin ədəbi dillə anladılması, oğuzların vətəni Zəngəzurun necə işğal olunmasının ədəbi salnaməsi, tarixlə çağdaşlığın vəhdəti, “Qısa sürən XX əsr”də yaşanmış tarixi həqiqətlərin inikasıdır.
Gizlədilən faktların, təhrif edilən tarixin romanda ortaya qoyulması ilə müəllifə qarşı hücumların başlayır. Sovet dövründə “xalqlar dostluğu” şüarını səsləndirən bəzi yazarlar Ə.Abasovdan şikayət məktubları yazır. Guya, “Zəngəzur” romanı heç zaman mövcud olmayan Azərbaycan-Ermənistan dostluğuna kölgə salır. Çünki artıq türklərə qarşı qətliamları unudulmuş, dost cildində olan ermənilər torpaqlarımızda yaşayır, ən yaxşı vəzifələrdə çalışırdı. Təbii ki, düşmənlər vəziyyətdən xoşlanmır. Roman Ermənistanda qadağan olunur, kitabxanalardan yığışdırılır. Rusiya və erməni tərəfdarı olan bəzi azərbaycanlı qələmdaşları da Ə. Abasovu birbaşa şahidi olduğu reallıqları yazdığına görə qınayır. Bu qədər təzyiqə tab gətirməyən yazıçı, romanın nəşrindən az sonra işə gedərkən 52 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişir. “Zəngəzurda doğulan, Naxçıvanda “xeyirxah insanların himayəsində yaşayan” həyatına Bakıda davam edən Ə.Abasov ölümündən sonra unudulur, sanki nə belə yazıçı olub, nə də “Zəngəzur” adlı roman”. Ötən əsrdə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi qırğınları əks etdirən kitabdan və Ə.Abasovdan gənc nəsil uzun illər xəbərsiz qalır. Amma xəbərdar olmalı idik, çünki “Zəngəzur” romanı sıradan bir kitab deyil, Zəngəzurun işğal tarixidir.
Tarix unudulmamalı, tarixdən dərs alınmalıdır. Tarix unudulanda təkrarlanır. “Zəngəzur” romanının ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının ardıcıl və müntəzəm şəkildə həyata keçirilməsi haqqında” 30 mart 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş, tədbirlər planına salınması da məhz bu zərurətindən yaranmış, “Zəngəzur” romanı Azərbaycan və rus dillərində təkrar nəşr edilmişdir. Tarixi həqiqətləri yazdığı üçün təqiblərə məruz qalan və şübhəli şəraitdə dünyasını dəyişən, adı unudulan Əyyub Abbasovdan, Ermənistanda qadağan edilən və kitabxanalardan yığışdırılan “Zəngəzur” tarixi romanının nəşri kimi, oxumaq, təbliğ etmək, tarixi yaddaşımızı təzələmək də zəruridir.
Beləliklə, milli dövlətçilik tariximizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir zaman kəsiyi olan və “qısa sürən 20-ci əsr”in müstəsna əhəmiyyət kəsb edən hadisəsi 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyinin elan edilməsi, Cümhuriyyətin yaradılmasıdırsa, sonrakı mühüm tarixi hadisələr - 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı, AXC-nin süqutu, Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoyulması, 70 ildən sonra 1991-ci ildə xalqın bir daha öz dövlət müstəqilliyini bərpa etməsidir. Bununla yanaşı, “qısa əsr”də Azərbaycan xalqının dəfələrlə (1905-1906, 1918-1920, 1948-1953, 1988) erməni xəyanəti ilə üzləşməsi, deportasiya və soyqırıma məruz qalmasıdır. Qanlı faciələrin burulğanında dünyaya gələn, ermənilər tərəfindən bütün ailəsini və qədim yurd yeri Zəngəzuru itirən, həyatı Zəngəzur, Naxçıvan, Bakı üçgənində keçən, Əyyub adının mistikasını yaşayan yazıçının “Zəngəzur” tarixi romanı bizə tarixdən danışan natiqdir.

Şair, yazıçı, dramaturq, Əməkdar İncəsənət xadimi Əyyub Abasovun bioqrafiyasını araşdırmaq isə, tarixə baxışdır, tarixə qayıdışdır. Milli dövlətçilik tariximizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir dövrü əhatə edən “qısa sürən 20-ci əsr”in sakini olan, adı taleyinə çevrilən Əyyub Abasovun əzabları böyük, ömrü 52 il olmuşdur. Ruhu şad olsun!..

LÜTVİYYƏ ƏSGƏRZADƏ: "QISA SÜRƏN XX ƏSR və ya ADININ MİSTİKASINI YAŞAYAN ƏYYUB ABASOV" LÜTVİYYƏ ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru

ZiM.Az



.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
31 mart  1918-ci il – erməni vəhşiliyinin bariz nümunəsi

31 mart 1918-ci il – erməni vəhşiliyinin bariz nümunəsi

Elmi Məqalələr, ADPU
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI

ADPU, Tarix
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

UNUTSAQ, UNUDULARIQ!....
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU, Turan
AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

Humanitar elmlər
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

Naxçıvan
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan, Ədəbi əlaqələr
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

Naxçıvan, "Zirvə"
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
Ümummilli lider

Ümummilli lider

Prezident
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
Rəy yazın: