Qəhrəmanlıq və ziyalılığın təcəssümü Təhsil » BDU 8 мая 2025 211 0 1 2 3 4 5 1941-1945 illərdə baş vermiş Böyük Vətən müharibəsi bəşər tariximizdə ən qanlı-qadalı və amansız döyüşlərdən biri olmuşdur. Faşist Almaniyasının keçmiş Sovet ittifaqına qarşı başladığı bu müharibə təkcə siyasi və hərbi deyil,eyni zamanda mənəvi sınaq meydanına çevrilmişdi. Bu savaş dövrü təkcə illərin yox, insan talelərinin, bütöv millətlərin sınağa çəkildiyi dövr idi. Ümumiyyətlə, götürsək bu yalnız ölkələr arasında gedən müharibə deyildi. Bu həmdə haqq və nahaqqın, mərdlik və namərdliyin, aydınlıq və zülmətin qarşıdurması idi. Azərbaycan xalqı da bu müharibədə istər ön cəbhədə istərsə də arxa cəbhədə öz şücaətliyini layiqincə göstərməyi bacardı. Böyük Vətən müharibəsində 700 minə yaxın azərabaycanlı iştirak etmiş,10 min insan həlak olmuş, minlərlə oğul və qızlarımız müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən uğrunda fədəkarcasına vuruşmuş, müharibənin parlaq təmsilcilərindən biri də Şamaxı rayonundan olan Əhmədov Bayram Alxan bəy oğludur. Əhmədov Bayram Alxan bəy oğlu - 1920-ci ilin 21 martında Şamaxıda anadan olmuşdur. Atası nəinki Şamaxıda, bütün Şirvan elində tanınmış,yüksək nüfuza malik olan bəylərdən olmuşdur. Bayram Əhmədovun mənsub olduğu nəsil isə Azərbaycanın dini-mənəvi tarixində özünəməxsus yeri olan Şeyx Eyyub Baba soyuna bağlıdır. Bu nəslin nümayəndələri hər zaman bölgənin dini, ictimai və əxlaqi həyatında uzaqgörənliyi, müdrikliyi, elmə və ədalətə bağlılığı ilə seçilir. El arasında hamı onu Şıx Bayram kimi tanımışdır. Bayram Əhmədov gəncliyinin ən qaynar çağlarını, sağlamlığını ölüm-dirim savaşına sərf etmişdir. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayınca vətəni qorumaq uçün cəbhəyə yollanmış, Rusiyanın müxtəlif bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. 1942-1943 cü illərdə Stalingrad şəhəri uğrunda döyüşlərdə iştirak etmişdir. Bundan başqa o Kerç uğrunda gedən döyüşlərdə, Krımın azad olunmasında şücaətlə döyüşmüşdür. Bayram Əhmədov mayor rütbəsi daşımaqla polkovnik leytenant səlahiyyətlərini icra edərək xidmətə davam etmiş və 1944-cu ildə ağır yaralanaraq uzun müddət hərbi qospitalda müalicə olunmuş və ordudan arxa cəbhəyə tərxis edilərək Azərbaycana qayıdır. Bayram Əhmədov təkcə döyüş meydanında deyil, öz düşüncə,mənəviyyat dünyasında da zəngin bir şəxsiyyət idi. O, yalnız silahın gücünə deyil, qələmin də qüdrətinə inanırdı. Müharibədən sonrakı illərdə onun evində yaratdığı zəngin kitabxana bir ziyalının daxili aləmini əks etdirirdi. Tarix, fəlsəfə,ədəbiyyat sahələrinə aid olan, o cümlədən elmi əsərlər toplanmış bu zəngin kitabxana hələ də onun evində qorunaraq saxlanılır. O, mütaliəni gündəlik ehtiyac, düşünməyi isə özünə həyat tərzi seçmişdi. Kitab oxumaq onun üçün sadəcə vaxt keçirmək deyildi-bu dünyanı anlamaq və özü ilə dərdləşmək üçün bir əlaqə vasitəsi idi. Bayram Əhmədov öz savadı və dünyagörüşü ilə cəmiyyət arasında böyük nüfuz sahibi olmuşdur. Bayram Əhmədov cəbhədən döndükdən sonra Şamaxı rayonunun Təklə kəndində kolxoz idarəsində mühasib, 1945-1949-cu illərdə kolxoz sədri vəzifəsində çalışmışdır. Daha sonra Kürdəmir rayonunda kənd təsərrüfatı idarəsinda məsul vəzifədə çalışmış, 1955-1963 ci illərdə Şamaxı rayon zonalar arası ət tədarükü idarəsinin rəisi vəzifəsində işləmişdir.B.Əhmədov təhsilini başa vurduqdan sonra 1965-ci ildən tikinti sahəsində çalışmağa başlamış, 1970-75 ci illərdə Şamaxı rayon Təmir Tikinti rəisi vəzifəsində çalışmışdır. Şamaxı şəhərində yerləşən internat məktəbinin binası, Pirquluda yerləşən Şamaxı Astrofizika Rəsədxanısının binasını, Çarhan kəndində orta məktəb binasını və digər yaşayış, həmçinin sənaye obyektləri məhz onun rəhbərliyi altında inşa edilmişdir. Əhmədov Bayram Alxan bəy oğlu dünyasını dəyişəndək, yəni 1 aprel 1997-ci il tarixinə kimi Şamaxı rayon Ağsaqqalar şurasının sədri olmuşdur. Gülnarə Baratxan qızı Əhmədova (Eyyubbəyli), Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimi,c.ü.f.d ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.