Aysun Quliyeva: "Mübarizəmizin Xəlil Rza Ulutürk zirvəsi"

Aysun Quliyeva: "Mübarizəmizin Xəlil Rza Ulutürk zirvəsi" Azərbaycan, Vətən, millət məfhumlarını ən gözəl şəkildə qavrayan və bütün əsərlərində təbliğ edən görkəmli şəxslərdən biri də xalq şairi, azadlıq carçısı, istiqlalımızın mücadilə siması Xəlil Rza Ulutürk olub. Poeziyasının kökü, ruhu, hər hecası Vətən eşqi, bütöv Azərbaycan, turançılıq, istiqlalçılıq, azadlıq və azad insan olan, çaylar kimi çağlayan, aslan kimi kükrəyən, türkün ulu şairi Xəlil Rza Ulutürk. Ona Xəlil Rza danışır, Xəlil Rza söyləyir cümləsini demək azdır, bəsitdir. Çünki, Xəlil Rza danışmırdı, o hayqırırdı, car çəkirdi, vulkan kimi püskürürdü. Tək canına bütöv Azərbaycanı sığdıran, Azərbaycan deyəndə gözlərinin içi parlayan və qaynar günəşə çevrilən Xəlil Rza Ulutürk.

Xalqın milli “mən”ini formalaşdırmağı və milli məfkurə yolunda mücahid olmağı özünə amal seçən Xəlil Rza yaradıcılığında hələ 1960-cı illərdə bu idealar, bu arzular öz əksini tapmışdı. Bir ölkənin vətəndaşı üçün ən vacib olan onun “milli özünüdərk”idir. Xəlil Rza bu yolda həm özünü, həmdə oxucularını yetişdirirdi. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli onun türkçülük məfkurəsində sələfləridir. Xəlil Rza bildirirdi ki, vətəni sevmək, onu duymaq, milli özünüdərk üçün yalnız çağdaş, müasir dünyanı, insanı tanımaq kifayət etmir. Qədim kökümüzü, foklorumuzu, dastanlarımızı bilməli, ana dilimizin tarixini araşdırmalı, saflığını qorumalı və bu dildə maariflənməliyik. 1980 və 1990-cı illərdə Xəlil Rza artıq Azərbaycanın azadlığı, istiqlaliyyəti uğrunda mübarizəni vətəndaşlıq amalından sonra yaradıcılıq amalına çevirdi. O da bir çox gənc həmkarı kimi Sovet şairi olaraq fəaliyyətə başlamışdı, amma millət, vətən, azadlıq sevgisi, milli özünüdərk Xəlil Rzanı azadlıq şairi kimi yetişdirdi. Azadlıq hərəkatı başlayan dövrdən, öz ictimai-siyasi fəaliyyətini genişləndirən Xəlil Rza cəsarətlə, hünərlə Azərbaycan həqiqətlərini dünyaya car çəkirdi. Sovetin qatı məngənəsini sındırmaq, qolundakı müstəmləkə zəncirlərini qırmaq istəyirdi. Azadlığı qram-qram yox, səma kimi, günəş kimi, cahan kimi istəyirdi. Şairin azadlığı, xalqın azadlığının, onun şux qaməti, məğrur baxışları isə xalqın dözümlülüyünün simvolu idi. O taylı, bu taylı Azərbaycanın cəsur istiqlal şairi kimi yaşadı və yaratdı. Vətən torpağı uğrunda canından keçən övladı Təbrizin dəfnində belə göz yaşlarını içinə axıtdı. Azərbaycan sevgisini, azadlıq mücadiləsini ölümdən belə qorxmadan hayqıran şair oldu. O bizimdir, bizim ruhumuz, bizim mərdliyimiz, bizim amalımızdır, bizim “ulu türk”ümüzdür.
Akademik Bəkir Nəbiyevin “İstiqlal şairi”, professor Əlizadə Əsgərlinin “Milli ideal mücahidi” adlandırdığı Xəlil Rza doğma Azərbaycanını canından əziz tutan, Vətəninə sevgisini təkcə sözü ilə deyil, əməli ilə də sübuta yetirən vətənpərvər insan, başqalarına örnək ola biləcək güclü şəxsiyyət idi. Ədəbi fəaliyyətə 50-ci illərin sonlarından başlayan Xəlil Rza Ulutürkün yaradıcılığı üçün ən səciyyəvi xüsusiyyət millilik olub. Həmçinin, onun əsərlərində ana dilinə məhəbbət, vətənpərvərlik, mübarizəyə çağırış ruhu, türkçülük, milli şüur və milli kökə bağlılıq ideyaları da güclü inikas etdirilib. (16)
Akademik Bəkir Nəbiyev Xəlil Rzanın poeziyasını belə qiymətləndirirdi: “Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə mövzusu X.Rzanın “Məftillə sarılmış yaralar” poemasından “Davam edir 37” kitabındakı şeirlərinə qədər uzun bir yol keçmiş və xalqımızın bu günü üçün bəlkə də bir ordunun görəcəyi qədər böyük iş görmüşdür”. (17, 81)
Qarabağşünas alim Mərziyyə Nəcəfova “müasir Azərbaycan poeziyasında Qarabağ” başlıqlı əsərində qeyd edir: “ X. Rzanın müharibə dövrü lirikasında Qarabağ problemi aparıcı xətt kimi boy göstərir. Şairin bütün şeirlərində Azərbaycan xalqının mərdliyi, əzmkarlığı, gələcəyə böyük ümidi optimist duyğularla tərənnüm edilir. Vətən və onun müqəddaratı, Qarabağ uğrunda aparılan müharibə, onun ağrı-acıları, vətənin ərazi bütövlüyü, toxunulmazlığı X. Rza poeziyasında güclü pafosla əks olunmuşdur”.(18)
Böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma torpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyrətli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdır”. (19, 43)
Azadllq aşiqi, istiqlal şairi Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə ədəbiyyatdakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. Ədəbi azadlıq və cəsarətin meydanının dar olduğu durğunluq illərində belə, bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla fikrini oxucusuna çatdırmaqdan çəkinməyən, ədəbiyyatımızda türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olan Xəlil Rza Ulutürk həm də ictimai-siyasi xadim idi. Vətən sevgisi onun bənzərsiz şair taleyi yaşamasına səbəb olub; Azərbaycana məhəbbət, milli ənənəyə, kökə bağlılıq üzündən başı çox bəlalar çəkib. Həyat yolunu izləyərkən isə heç bir qadağa və məhrumiyyətin onu qorxutmadığının, ideallarından çəkindirə bilmədiyinin, əksinə, daim öz həqiqətləri uğrunda mübarizə apardığının şahidi oluruq.
Hələ 1960-cı ildə “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram”, - deyə hayqıran şairin 1982-ci ildə nəşr etdirdiyi “Ömürdən uzun gecələr” kitabında “Üzvü olduğum kommunist ittifaqı partiyasına” epiqrafı iə verilmiş “Mən sənə bənzəyirəm” şeiri ənənəvi mövzuları davam etdirirdi. Lakin azadlıq, milli-istiqlaliyyət, ikiyə parçalanmış böyük Azərbaycanın birliyi ideyası şairi daim narahat etmiş, poeziyasının ana xəttini təşkil etmişdir. Bu baxımdan onun kiçik həcmli, “Afrikanın səsi” şeiri xalqımızın azadlıq himninə dönüb müstəqilliyin manifestinə çevrilib. Bu şeir əslində, vətənpərvər şairin sovet imperiyasına qarşı etirazının səsi idi. Bu şeirdə xalqın mübarizə əzmi, üsyankar ruhu çox sərast və qüvvətli şəkildə ifadə olunurdu. Odur ki, bu şeirə sonrakı illərdə kitablarında başqa adlarla – “Şairin səsi”, “Azərbaycanın səsi”, “Xalqımın səsi” , “Mənim səsim” başlıqları ilə yer verirdi.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram;
Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
İstəyirəm günəş kimi! Səma kimi!! Cahan kimi!!!
Çəkil! Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq!
Mən ümmanlar təşnəsiyəm! (20)
Şeirində zamanın nəbzi döyünən şair – Xəlil Rza Ulutürk ötən əsrin son iyirmi ilində yaradıcılığında türkçülük ideyalarının əks olunduğu sənətkarlardan biri, bəlkə də, birincisi idi. Həbs edilib təcridxanaya atıldığı gün özünə “Ulutürk” təxəllüsünü götürməsi də bu sevgisindən qaynaqlanırdı. Ulutürk poeziyasının özülünü milli dəyərlərə məhəbbət, hörmət və onların müdafiəsi, qorunması uğrunda mübarizə təşkil edir. Şeirlərində türklüyümüzə yüksək qiymət verdiyi kimi, dilimizi də daim əziz tutmuş, ana dilinin saflığı, təmizliyi uğrunda yorulmadan mübarizə aparmış şairin yaradıcılığından bu mövzu qırmızı xətt kimi keçir. X.Rza ana dilimizin mümkün qədər alınma sözlərdən təmizlənməsinə çalışmış və onların qarşılığı olaraq yeni sözlər işlətməyi təklif etmişdir. Onun hələ 1965-ci ildə qələmə aldığı “Adımız, soyadımız” poeması başdan-başa ana dilimizin başqa dillərin çox güclü təsiri altında olması məsələsinə həsr olunmuşdur. Şairin “Laylam mənim, nərəm mənim”, “Azərbaycan türkçəsi”, “Xiyabani yurdunda” kimi şeirləri ana dilimizə qayğıkeş münasibətin parlaq təzahürünə çevrilmiş nümunələrdir. (20)
Şair bilirdi ki, mübarizəsinin təməlində onun milli varlığının, kimliyinin, ifadəsi olan ana dilinin qorunması, yaşadılması qayğıları dayanır. 1962-ci ildə yazdığı “Ana dilim” şeirində vaxtilə dilimizin başına oyun açanlara, onu öldürməyə, məhv etməyə cəhd edənlərə qarşı üsyan edir, öz içimizdə də dilimizin qədrini bilməyənlərə, onu qorumayanlara qarşı sanki qələmindan misra-misra od saçırdı:
Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
Udmasın yurd havasını.
Kim qorumur öz dilini,
İtsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahilə birləşdirən
Polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim! (21)
Şair bilirdi ki, vətən qəsb ediləndə onu azad etmək mümkündü, lakin dil qəsb olunanda bu, millətin, xalqın məhvidir. Bu, Xəlil Rzanı həmişə düşündürür, narahat edirdi. Dildən başlamış, vətəni bütöv, azad görmək, mədəniyyətimizin, ədəbiyyatımızın minillərə söykənən tarixinin yaşadılması uğrunda milli mücadiləyə qoşulmaq onun həyat amalı olmuş, bu yolda bir an da olsa, söz-qələm mübarizəsindən çəkinməmişdir.
Millilik Ulutürk yaradıcılığının ruhu, varlığı idi. Şair hansı mövzuya müraciət edirsə-etsin, orada millilik motivini, milli ruhu mütləq ustalıqla önə çıxarmağı bacarırdı. Hətta təbiət lövhələrində, məhəbbət şeirlərində, yaxud nəvələrinə həsr elədiyi şeirlərdə belə, o, milli şair olaraq qalır, milli mövqeyini mütləq büruzə verirdi. Onun şeirlərinin ana xətti vətənpərvərlik, türk vətənsevərliyi və böyük vətən məhəbbəti idi. “Ata borcu”, “Vətən”, “Xiyabani yurdunda”, “Təbrizim mənim”, “Yurdum, sənin sağlığına”, “Mən nəyəm ki, ey Vətən”, “Müstəqillik”, “Qalx ayağa, Azərbaycan”, “Boz qurda öygü”, “Azadlıq meydanı”, “Azərbaycan türkcəsi”, “O sahildə, bu sahildə”, “Xalqımın səsi”, “Milli satqın” və s. əsərləri buna sübutdur. Şairin bütün əsərlərində milli şüuru hərəkətə gətirən enerji, vicdanı oyadan ideya güclü idi. Əlbəttə, Xəlil Rza bu gücü, enerjini doğma Azərbaycan torpağından, xalq məhəbbətindən alırdı. Ona görə də, Vətən onun ürəyindən, qəlbindən, vicdanının və poeziyasının səsindən başlayırdı:
Vətəni axtarma sən yalnız xəritələrdə,
Axtar öz könlündəki cəsarətdə, hünərdə!
Soruş, cavab verim mən,
Hardan başlanır Vətən?
Vicdanın öz səsindən.
Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən!
Min haqsıza baş əyməz bir haqlının əzmindən! (16)
Səksəninci illər milli oyanışın ictimai şüurları silkələdiyi bir vaxtda Milli-demokratik hərəkatımızın yorulmaz mücahidi – Xəlil Rza Ulutürk öz haqqını müdafiə etmək, azadlıq arzularını gerçəkləşdirməkdən ötrü xalqı mübarizəyə səsləyir, odlu-alovlu şeirləri, çıxışları ilə bu hərəkatın önündə gedirdi. O, üzünü bütün Azərbaycana tutub var səsiylə hayqırırdı:
Sürünmüsən iki əsr,
Övladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
... Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb-qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can –
Qalx ayağa, Azərbaycan! (21)
Vətənimizin taleyi mövzusu Xəlil Rza yaradıcılığında bir mərhələ və ya dövr deyil, onun bütün ədəbi fəaliyyəti boyu davam etmiş aparıcı mövzudur. 1989-cu ildə yazdığı “Davam edir 37...” adlı şeirinə görə X.R.Ulutürk M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Bu şeir postsovet məkanında azadlıq hərəkatının qızğın vaxtlarında qələmə alınıb. Şair xalqın tarixi yaddaşına nüfuz edərək çox da uzaq olmayan qaranlıq keçmişə işıq tutur, korşalmış yaddaşları silkələyib oyatmağa çalışır, “unuda bilmərik”, - deyə hayqırır. Xəlil Rza sosial-siyasi hadisə və faktlara fərdi münasibət bildirərək Vətənin taleyini və xalqımıza dəyən maddi zərbələri ümumiləşdirir, saf, təmiz əqidə qulu olan repressiya qurbanlarını təqdir edir. Bunun ardınca xalqın şairi haray qoparır, milləti ayıltmağa çalışır ki, o qansızlar hələ də var, o əzab-əziyyətlər hələ də davam edir və xalqımızı bu haqsızlıqlara boyun əyməməyə, siyasi-ideoloji cəbhədə birliyə, əzmli və mübariz olmağa çağırır.
Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər var,
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var,
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə, əqrəb kimi susanlar var.
...Nə qədər ki, cəzasızdır
“Mən bu əsrin gur səsiyəm!..”
Xankəndində evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37 –
Daha kəskin, daha ciddi! (22, 178)
X.R.Ulutürkün proqram şeirlərindən olan “Davam edir 37...”nin ən böyük uğuru Stalin rejiminin xalqımızı məruz qoyduğu repressiyanı zamanın fövqünə qaldıraraq ümumbəşəri miqyasda mənalandırmasıdır. Şeirin poetik nailiyyəti göz önündədir və əsər öz qüvvəsini millətin sarsılmaz iradəsindən almışdır. Şairin təkcə “Davam edir 37...” şeiri yox, bu ad altında toplanaraq 1992-ci ildə geniş oxucu auditoriyasına təqdim olunan kitabındakı şeirlərin əksəriyyəti ədəbiyyatımızda siyasi lirikanın mükəmməl nümunələri hesab oluna bilər. (20)
Şairin “Məndən başlanır Vətən”, “Yanardağ”, “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünya”, “Dözümlü ol, dəli könlüm”, “Qalx ayağa, Vətənim” kimi əsərləri azərbaycançılığın, vətənçiliyin tərkib hissəsidir.
Qalx ayağa, Vətənim!
Bu xoşbəxt ölümümlə nümunəyəm mən sənə,
Səs ver mənim səsimə Xəzərin ciyərilə.
Bütün Babəklərinin, bütün Kərəmlərinin,
Bütün Nəbilərinin birləşmiş hünərilə!
Bu gün mənim ölməyim, mənim qanlı köynəyim
Sənin mübarizənin başlanğıcıdır hələ.
Hələ dağ başındadır işıqlı mərhələ.
O işığın uğrunda mən ölümə gedirəm.
Al, sənə bəxş edirəm,
Qızıl bayrağın olsun.
Güllədən deşik-deşik al qırmızı bədənim!
Qalx ayağa, Vətənim!
Qalx ayağa, Vətənim! (23, 16)
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyik, qeyrət, qüdrət selləriyik” deyən, meydanı azadlıq ruhu ilə dalğalandıran Xəlil Rza Ulutürkün səsinə minlərlə, milyonlarla vətən sevdalısı səs verdi. Heyf ki, istiqlaliyyət uğrunda qılıncdan kəsərli misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşiqi istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görə bilmədi. Amma nə qəm, şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə inanırdı. Bu vətənə, xalqına, minbir bərəkətli torpağına bağlılıqdan qaynaqlanırdı. Elə buna görə də deyirdi ki:
Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən! (21)
Əsrimizin gur səsli şairi Xəlil Rza Ulutürk vətənini ürəkdən sevən, soykökünə qırılmaz tellərlə bağlı olan sənətkardır. Onun yurd sevgisini özündə əks etdirən “Qaytar mənim qüdrətimi, Azərbaycan” şeirində milli birlik ideyası təbliğ edilir, insanlara yenilməzlik gücü aşılanır. Xəlil Rzanın 1990-cı illər lirikasında Qarabağ problemi aparıcı xətt kimi diqqət çəkir. Şairin bütün şeirlərində, o cümlədən “Qaytar mənim qüdrətimi, Azərbaycan” şeirində xalqının mərdliyi və gələcəyə böyük ümidi tərənnüm edilir. Vətən və onun müqəddəratı, Qarabağ uğrunda aparılan müharibə, onun ağrı-acıları, vətənin ərazi bütövlüyü, toxunulmazlığı X.Rza poeziyasında güclü pafosla əks olunmuşdur. Şairin doğma oğlunun ölümünə həsr etdiyi şeirlərində demək olar ki, kədər, dərd motivləri yoxdur. Çünki X.Rzaya görə şəhidlər torpağa ölü kimi deyil, xəzinə kimi dəfn olunurlar. Şair oğlunun Vətən uğrunda şəhid getməsindən qürur hissi duyduğunu Təbrizlərin, Ülvilərin yenidən doğulacaqlarını yüksək pafosla tərənnüm etmişdir:
Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.
Boğazından yapışanı boğmalısan, boğacaqsan.
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.
Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.
Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı! (6, 77)
Milli-demokratik hərakatımızın yorulmaz mücahidi Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır. Xəlil Rza az yaşadı, lakin azadlıq aşiqi olaraq qəlbində ümmanlara sığmayan vətən və xalq sevgisi ilə dopdolu bir ömür yaşadı. Millətini, vətənini sevən bir insan kimi həyatda ən şirin nemət onun üçün Azadlıq idi. Onun milli azadlıq ideyalarını tərənnüm edən yüzlərlə əsərləri ədəbiyyat tariximizin bir şanlı səhifəsidir. Xəlil Rza həqiqi mənada milli istiqlal şairi kimi xalqın ədəbi yaddaşının günəşidir.

ƏDƏBİYYAT SİYAHISI

1. https://sherg.az/arxiv/4646
2. Nəbiyev B. Heydər Əliyev haqqında etüdlər. 5 cilddə, IV cild. Bakı, “Çinar-çap”, 2000
3. Nəcəfova. M. “Müasir Azərbaycan poeziyasında Qarabağ”, Bakı 2019
4. Ulutürk X.R. biblioqrafiya /tərt. ed.: M.Vəliyeva, L.Şirinova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2017.- 464 s.
5. Vahid M. (2012, 1 noyabr). Şeirində zamanın nəbzi döyünən şair-Xəlil Rza Ulutürk. “525”-ci qəzet
6. Nasir Ş. (2018, 6 iyun). Milli istiqlalımızın alovlu şairi - Xəlil Rza Ulutürk. “525”-ci qəzet
7. Ulutürk X.R. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 248 səh.
8. Ulutürk X.R. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 səh.


Aysun Vasif qızı Quliyeva
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aysun Quliyeva:

Aysun Quliyeva: "Məmməd Arazın vətənpərvərlik lirikasına bir baxış"

Elmi Məqalələr
Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Humanitar elmlər, Elmi Məqalələr, Başkeçid
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

UNUTSAQ, UNUDULARIQ!....
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
Ramilə ƏLİYEVA:

Ramilə ƏLİYEVA: "AZADLIĞA GEDƏN YOL 20 YANVARDAN KEÇİR"

Köşə yazılar
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Xocalı soyqırımı bədii ədəbiyyatımızda"

Humanitar elmlər, Elmi Məqalələr
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər
GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN  BOYLANAN VƏTƏN

GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN BOYLANAN VƏTƏN

Humanitar elmlər, Elmi Məqalələr
Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

Ədəbiyyat
TANINMIŞ MÜĞƏNNİ XƏLİL QARAÇÖPƏ AĞIR İTKİ ÜZ VERİB

TANINMIŞ MÜĞƏNNİ XƏLİL QARAÇÖPƏ AĞIR İTKİ ÜZ VERİB

Qaraçöp, Nekroloqlar
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
HƏR SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

HƏR SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

---
UCA SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

UCA SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

Elmi Məqalələr
RZA ŞAHVƏLƏD (1909-1984)

RZA ŞAHVƏLƏD (1909-1984)

"Şərqin səsi", Tiflis
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
Rəsul Rza və Anar!

Rəsul Rza və Anar!

Poeziya
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə  ...

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə ...

AzTU
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Rəy yazın: