SEYİD ƏZİM ŞİRVANİ LİRİKASI Elmi Məqalələr, "Elm və Təhsil" 12 мая 2025 162 0 1 2 3 4 5 XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri də Seyid Əzim Şirvanidir. Maarifçi, satirik şeirləri ilə dövrün qanunsuzluqlarını qələmə alaraq, bir çox insanlar tərəfindən qınağına tuş gəlsə də, əqidəsindən dönməyərək reallığı göstərməyə üstünlük verirdi. Məhəmməd Füzulini özünə ustad hesan edən şair onun ənənələrini davam etdirirdi. S.Ə.Şirvani həm də aşiqanə lirik qəzəlləri ilə də tanınırdı. Seyid Əzim Şirvani 1833-cü il iyulun 9-da Şamaxıda ruhani ailəsində dünyaya gəlmiş Seyid Əzimin atası Seyid Məhəmməd Şamaxının nüfuzlu, mötəbər şəxslərindən idi. Seyid Məhəmməd öz babası Əzimin adını övladına qoymuşdur. Seyid Əzim kiçik yaşlarından atadan yetim qaldığından, o ana babası molla Hüseynin himayəsində böyüməli olur. Dağıstanın Yaqsay kəndində ruhanilik edən babası Hüseyn, nəvəsinin təlim-tərbiyəsi və təhsil almağı ilə məşğul olur, Seyid Əzimi ruhani yetişdirmək məqsədi ilə ona ərəb və fars dillərini öyrədirdi. On ildən artıq anası ilə birgə baba himayəsində qalan Seyid Əzim ibtidai təhsilini Dağıstanda alır və 1853-cü ildə Şamaxıya qayıdır. Şamaxıda mədrəsəyə gedərək orta ruhani təhsilini tamamlayır. Ata ocağının boş qalmaması üçün anası oğlunu erkən evləndirmək qərarına gəlir. Seyid Əzim 1854-cü ildə öz məhəllələrindən Məşədi Möhsün kişinin qızı Ceyran xanımla evlənir. Mir Möhsün kişinin Seyid Məhəmməd ocağına böyük hörmət və ehtiramı var idi. Seyid Əzim Şirvaninin Mir Cəfər adlı oğlu, Həcər və Fatma adlı qızları olubdur. S.Ə.Şirvaninin yaşadığı dövr ruhanilik ənənələrinin geniş vüsət aldığı dövr idi. Belə ki, Şərqin dini mərkəzlərinə getmək, ruhani təhsili almaq, “hacı”. “kərbəlayi” olmaq ənənəsi davam edirdi. Seyid Əzim gənc olaraq bir qədər ruhlanır, həm elmini artırmaq, həm də səyahət məqsədlə Yaxın Şərq məktəblərinə getməyə qərar verir. 1856-cı ildə 23 yaşlı gənc olan Seyid Əzim ali ruhani təhsili almaq üçün İraqa gedir. Əvvəl Nəcəf və Bağdadda, sonra isə Suriyanın Şam şəhərində ali mədrəsədə oxuyur, 1859-cu ildə təhsilini başa vuraraq Şamaxıya dönür. S.Ə.Şirvani dövrünün şairi olmaqla yanaşı maarifçi və publisisti də olmuşdur.İraqda oxuyarkən dünyəvi elmlərə daha böyük marağı olan şair, ruhani təhsilin gərəksiz olduğunu anlayır. Bu fikirlə Şamaxıya qayıtdıqdan sonra o ruhani məktəbində nəinki müəllimlik etmək istəmirdi, əksinə əsərləri ilə ruhanilik və dini ehkamlara qarşı çıxırdı. O, cəhalətə qarşı mübarizə apararaq, millətinə sabahın işıqlı yolunu göstərməyə çalışırdı. Bir çox ruhani dairələr şairi bu fikir və düşüncələrinə görə kafir adlandıraraq onu xalqın gözündən salmağa çalışırdı. Şair getdikcə ruhanilikdən uzaqlaşırdı. Bu minvalla 1869-cu ildə Şamaxıda yeni üsulla “Məclis” adlı məktəb açaraq, ömrünün sonuna kimi burada müəllimlik edir. O, məktəbdə şagirdlərə təkcə Azərbaycan və fars dillərini tədris etmirdi, həmçinin tarix, coğrafiya, hesab və digər fənlər haqqında da ibtidai məlumat verirdi. Fars və ərəb dillərinə mükəmməl yiyələnmiş Seyid Əzim bir çox müasir elmlərdən xəbərdar idi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə bir sıra başqa tanınmış şəxslərlə bu məktəbdə oxumuşdur.Rus dilində oxuyub yazmağı bacarsa da danışmaqda çətinlik çəkən şair rus ədəbiyyatı ilə yaxından maraqlanırdı. Tərcümələrlə məşğul olan S.Ə.Şirvani Puşkinin bir neçə şeirini fars dilinə tərcümə edir. Sədinin “Gülüstan” və “Bustan” əsərlərindən tərbiyəvi olan bir neçə hissəni isə Azərbaycan dilinə tərcümə edərək, uşaqlara oxuyurdu. Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin(Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı monoqrafiyasında S.Ə.Şirvanı ilə bağlı maraqlı yazıya rast gəldim. Əsərdə tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünya görüşlərindən bəhs olunur: “S.Ə.Şirvani əhalinin maariflənməsinin əhəmiyyətindən bəhs edir, digər tərəfdən əhalinin maariflənməsinin türk dilində yazılmış kitablarda öz əksini tapmasının vacibliyini göstərirdi. H.b.Zərdabiyə göndərdiyi məktublarında bu fikrini şərh edərək, türk dilində şəriət dərsliklərinin olmadığını və bu dildə bir kitab yazdığını bildirmişdir: “Bizim məktəblərdə oxumağa türki dilində uşaqlar üçün şəriət kitabları yoxdur. Mən bir müxtəsər türki dilində “Zakon bojiy” kitabı yazmışam. Başqa bir məktubunda isə Şirvani Zərdabiyə yazır ki, “...öz türki lisanımızda çox asan ibarələrlə bir türki kitab nəzm etmişəm”. Eyni zamanda türk dilinin qədimliyi ilə öyünən S.Ə.Şirvani, “Əkinçi”nin nəşri ilə əlaqədar onu belə tərif etmişdir:Neçə müddətdir ki, Həsənbəyi-zar,Hüsnü-tədbir ilə o fəxri-kibar,Öz qədimi lisanımızda haman,Qəzetə çapını edib ünvan. Deməli, Türk dilində maarifləndirmənin vacibliyini önə çəkən S.Əzim elə doğma dilində də Qafqaz, o cümlədən Azərbaycan türklərinin cəhalətinin, avamlığının səbəblərini izah etməyə çalışmışdır. Seyid Əzim yazır:Nə səbəbdən zəlilü xar olduq,Ərzəli-xəlqi-ruzigar olduq?Gər özün tapsan, ey vəfa kanı,Sənə qurban bu Seyyidin canı!”. Onun fikrincə, Qafqaz, o cümlədən Azərbaycan türklərinin başqa millətlərdən geridə qalmasının səbəbi islam dini deyil, müsəlmanların-türklərin özlərinin millət qeyrəti çəkməmələridir. Qafqaz müsəlmanları məhz riyakar ruhanilərin oyunlarına gələrək öz nadanlıqları üzündən tərəqqidən uzaq qalıblar”.S.Ə. Şirvaniyə görə məktəblərdə təhsil ən yeni, yəni mütərəqqi üsulla aparılmalı, fiziki cəzalar qadağan olunmalı idi. Eyni zamanda dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilməlidir. Bu fikirlərinə görə Şamaxının bəzi savadsız dairələr onu cəmiyyət içərisində gözdən salmaq məqsədilə “kafir”, “səfeh” adlandırırdılar. S.Ə.Şirvani özünün məktəbindən əlavə, Şamaxıda dövlət tərəfindən açılmış rəsmi məktəblərdə də müəllimlik edirdi. 1874-cü ildə Şamaxıda Bakı vilayəti Ruhani məclisinin nəzarəti altında yarı mülk, yarı ruhani bir məktəb açılır. Şirvani həmin məktəbə fars və Azərbaycan dilləri müəllimi təyin olunur. Lakin bir qədər sonra yerli dindar və qatı mövhumatçıların fitnəsi ilə müəllimlikdən azad edilir. 1877-ci il sentyabrın 1-də Şirvaniyə yenidən Şamaxıda müəllimlik təklif edirlər. O, Azərbaycan və şəriət dərslərini keçməli olur. Azərbaycan dilinin tədrisinə daha çox əmək sərf edən müəllim-şair Quran və şəriət kitabları əvəzinə, özünün müasir ruhda yazdığı şeirlərini və Şərqin böyük klassiklərindən Sədinin, Hafizin və başqalarının əsərlərindən etdiyi tərcümələri oxuyurdu. Tarixçi alim Zaur Əliyev yazır: “Azərbaycan ədəbi tarixində S.Ə.Şirvani yeganə şəxsdir ki, 1877-ci ildə “Uşaqların baharı” adlı dərslik yazaraq, şagirdlərə vətənlərinə məhəbbət hissi aşılayır, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətənə layiqli övlad olmaq ideyalarını təlqin edirdi. Lakin bu Çar hökumətini qorxutduğundan dərslik yığışdırıldı, Seyid Əzimə xəbərdarlıq edildi və bütün nəşr evlərinə tapşırıldı ki, bu çap olunsa ağır cəza olacaq”.O, 1878-ci ildə tərcümə etdiyi mətnləri və öz yazdıqlarını toplayaraq ibtidai siniflər üçün yeni dərslik tərtib edir. Bu dərslik rəsmi dövlət sənədlərində “Rəbiül-ətfal” adlandırılıb. 1879-cu ildə Seyid Əzim haqqında hökümət nümayəndələrinə şikayət çatdırılır. Daim hakim dairələrin nəzarəti altında dərs deyən Seyid Əzim Şirvani çox zaman ruhanilərin hücumlarına məruz qalırdı. Hökümət dairələrinin nümayəndələri Seyid Əzimin fəaliyyətindən şübhələnərək onu müəllimlikdən azad edirlər. O, bu haqsızlıqdan şikayət etmək üçün Tiflisə Qafqaz Maarif İdarəsi rəisinin yanına gedir. Az sonra işinə bərpa olunan Şirvani ömrünün sonuna kimi müəllimliyinə davam edir.1886-cı ildə Zaqafqaziya tədris dairəsi Seyid Əzimin maarif sahəsindəki xidmətlərini nəzərə alaraq onu gümüş medalla təltif etmişdir. Seyid Əzim Şirvaninin ədəbi fəaliyyəti haqqında dəqiq məlumat olmasa da əlimizdə olan əsərlərindən onun gənc yaşlarından şeir yazdığını görmək olur. Şairin öz yaxın müasirlərinə və dostlarına münasibətini bildirən qəzəllərinin çoxu aşiqani ruhda yazıldığından bu şeirləri məhəbbəti tərənnüm edən qəzəllərindən ayırmaq olmur. Dini ehkam əleyhinə yazılmış qəzəllərində isə dini ayin və mərasimlər tənqid olunurdu. Əslində Şirvani ateist deyildi. Onun Allaha, Peyğəmbərə sevgisi sonsuz idi. O, “Peyğəmbərin tərifi” şeirində Məhəmməd Peyğəmbərə olan sevgisini ifadə etmişdir. Lakin bununla belə təbiətində dini ehkamlara qarşı bir laqeydlik, dünya nemətlərinə qarşı isə meyl, bağlılıq var idi. Qəzəllərində həyat sevgisi, dünyavi nemətlərin tərənnümü ilə yanaşı sanki dini etiqada qarşı bir qərəz var idi. O, behişti bu dünyada görürdü. Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən, Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. Yığılmışdı o bəzmi-canfəzayə huri-qılmanlar, Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən. Seyid Əzim maarifçi olmaqla yanaşı, eyni zamanda satirik şair idi. İctimai mahiyyət daşıyan bu şeirlərin çoxu maarifçilik ideyalarını əks etdirirdi. Onu narahat edən hadisələri satirik üslübda oxuculara çatdırması, bu şeirlərdə ruhani dairələrin tənqid olunması dindarların qəzəbinə səbəb olurdu.S.Ə.Şirvani başqalarına örnək olmaq məqsədilə oğlunu Şamaxıda açılan məktəbə qoyduğuna görə xalqın qınağı ilə üzləşir. O, bu məsələnin çətinliyini dərk edərək oğluna xitabən yazırdı:Demirəm rus, ya müsəlman ol,Hər nə olursan get, əhli-ürfan ol!deməklə, bir daha xalqın avamlığına, qatı dindarlığına işarə edirdi. Ümumiyyətlə, S.Ə.Şirvaninin yaradıcılığı, xüsusilə də lirik şeirləri də yaşadığı dövrün ab-havasına uyğun gəlmirdi. Mövhumatın tüğyan eydiyi bir zamanda sevgini yüksək tutmaq, bunu qələmə almaqla aşiqi ən uca məqama qaldırmaq onun həyatı üçün olduqca təhlükəli idi. O, sevəni ən ali məqamda tutaraq, aşiqin sevgisini, sevdiyinin vüsalına qovuşmağını, eşqin toxunulmazlığını, bu yolda çəkdiyi əzab-əziyyətini daha yüksək dəyərləndirirdi. Onun məhəbbət mövzusunda yazdığı qəzəllərində aşiq əsərin qəhrəmanı olur, məhrumiyyətlər içərisində boğulsa da əzab və iztirablara fədakarlıqla dözür, yarın cəfasından usanmır, məhəbbət yolunda bəlalarının çoxalmasını arzu edir. Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!Tənim hilal kimi günbəgün zəif oldu,Yetişmədi əlim ol mahi-dilstanə haray!Könül binasını yıxdı sirişki-çeşmi tərim,Qəmində seyli-fənayə gedir bu xanə, haray!S.Ə. Şirvaninin bir çox qəzəllərində bu cür ifadələrə rast gəlmək olur. Şairin lirik qəhrəmanı öz məhəbbətində fədakardır, nikbindir, dönməzdir. Bu nikbin ruhun tərənnümünü şairin digər lirik şeirlərində-müxəmməs və qəsidələrində də görmək mümkündür.Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan türkcəsində, digəri isə farsca olmaqla iki böyük külliyyatdan ibarətdir. Qəzəllərinin nikbin ruhda yazılması onun həyat sevgisinin də yüksək olduğunu göstərir. Şairin lirik ruhu gördüyü gözəllikləri təkcə qəzəllərində vəsf etməklə bitmirdi. Onun musiqiyə olan zövqü həyatın gözəlliklərini musiqilə tamamlamağa, insanları musiqidən zövq almağa səsləyirdi. Seyid Əzimin ən məşhur müxəmməslərindən olan Guş qıl ey ki, bilirsən özüvü vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmey-tar.Nədir ol xüşk olan çubdə bu naleyi-zarKi, sədasından onun qarət olur səbrü qərar,Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.deməsi nikbin ruhu ifadə edən ən mənalı şeirlərindəndir.Seyid Əzim yaradıcılığının ən maraqlı xüsusiyyətlərindən biri də ali ruhani təhsili almağına rəğmən, onun ruhaniliyə məhəbbəti yox idi. Yaşadığı dövrün dini qayda-qanunlarından kənara çıxaraq, belə bir düşüncə ilə qəzəllər yazmaq o qədər də asan deyildir. Əslində Seyid Əzim Şirvaninin o dövrdə qələmə aldıqları bu günümüzün reallığını əks etdirən müasir qəzəllərdir. Musiqi dinləmək, rəqs etmək, tar çalmaq şəriətcə haram olduğu halda, Seyid Əzim Şirvani bunun tamamilə əksini söyləyirdi. O, musiqidən zövq alanları “əhli-bəsər”, zövq almayanları isə daş və camadat növü adlandırırdı. Şair sanki o dövrdə düşündüklərinin nə vaxtsa gerçəkləşəcəyini aydınlığı ilə görürdü. Seyid Əzim Şirvani qəzəllərini sadə dildə yazmağa çalışırdı. O, uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi də tanınmışdır. Ədəbi irsinin müəyyən hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. Şirvani Qafqaz müsəlmanlarını təbii elmlərə yiyələnməyə, xurafatdan uzaqlaşmağa, mədəni inkişaf yolunu tutmağa dəvət edirdi. Məhəmməd Əmin Rəsulzadə ona böyük dəyər verirdi. “millət minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişdirirsə, bu millətin işığı heç bir zaman sönməyəcək”- Dr.Zaur Əliyevin məqaləsinə istinad edilibdir. Mövhumata qarşı mübarizə aparan bir insan məsciddə necə ölə bilərdi. Əsas məsələni gizlətməyə çalışsalar da, sonradan məlum olur ki, Seyid Əzimi məsciddə döyərək öldürmüşlər. Bu faktın nə dərəcədə düzgün olub olmadığını söyləmək çətindir.Yalnız bunu deyə bilərik ki, Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də 53 yaşında ikən məsciddə müəmmalı şəkildə dünyasını dəyişmişdir. PƏRİXANIM MİKAYILQIZI“Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, şair, nasir və publisist, AJB-nin üzvü, F.b.Köçərlinin tədqiqatçısı, Dövlət qulluğunun baş müşaviri, “Xarıbülbül”, “X.b.Natəvan, “Zirvə” medalları və bir çox media mükafatları laureatıelm.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.