NURAY ADGÖZƏLOVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

NURAY ADGÖZƏLOVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ" Akademik
Mədəd Çobanovun
əziz xatirəsinə
həsr olunmuş
II İnşa müsabiqəsi üçün



Ana dili - insanın ilk nəfəsi, ilk sözü, ilk sevinci, ilk həyəcanıdır. Hər bir insanın ana dili onun ruhuna hopmuş, yaddaşına həkk olunmuş, həyat yolunda bələdçi olan bir sirdaşdır. Ana dili təkcə danışmaq üçün bir vasitə deyil, bu dil bir millətin tarixini, keçmişini, adət-ənənələrini, hisslərini və arzularını yaşadan canlı bir insan kimidir. Türk dilləri ailəsinin zəngin və qədim budaqları arasında Azərbaycan dili həm öz dərinliyi, həm də zənginliyi ilə ulduz kimi seçilir. Bu dil sadəcə ünsiyyət vasitəsi deyil, bu dil minlərlə xalqının yaddaşında, dastanlarında, laylalarında, nağıllarında, mahnılarında yaşayıb, inkişaf edib, bu gün də yaşayır və gələcəyə doğru irəliləyir.

Azərbaycan dili: kökləri dərin, budaqları geniş bir dil

Azərbaycan dili türk dillərinin oğuz qrupuna aiddir. Bu qrupun digər nümayəndələri olan Türkiyə türkcəsi və Türkmən dili ilə birlikdə, Azərbaycan türkcəsi də həm fonetik, həm qrammatik, həm də leksik baxımdan bu ailənin üzvüdür. Lakin Azərbaycan dili zamanla yalnız bir danışıq vasitəsi deyil, həm də zəngin ədəbi ənənələrə malik, müstəqil ədəbi dil kimi formalaşmışdır. Bu dilin kökləri o qədər dərin, o qədər zəngindir ki, hər bir dövrdə öz dövrünün şairləri, yazıçıları, ziyalıları bu dili zənginləşdirmiş, gözəliynə-gözəllik qatmış, inkişaf etdirmiş, ona yeni ifadə imkanları qazandırmışdır.
Azərbaycan dilində danışmaq bir qürurdur. Çünki bu dil yalnız öz sərhədləri daxilində deyil, həm də dünya miqyasında tanınmış əsərlərin, dastanların, şeirlərində dili olmuşdur. Qədim dövrlərdən bəri bu dil Orta Asiyadan Qafqaza, oradan da Anadoluya qədər uzanan coğrafiyada yaşamış və inkişaf etmişdir. Hər bir bölgə bu dilə öz rəngini, öz ləhcəsini, öz mədəniyyətini qatmış, nəticədə bu günkü zəngin və çoxşaxəli Azərbaycan dili formalaşmışdır.

Azərbaycan türkcəsinin dialekt və ləhçələri –
dilin içindəki zənginlik


Azərbaycan dilinin iç dünyası da bir o qədər rəngarəngdir. Təkcə rəsmi ədəbi dil yox, onun daxilindəki dialekt və ləhçələri də bu dilin canlılığının və çox yönlülüyünün göstəricisidir. Şimalda Quba, Xaçmaz, Qusar bölgələrində danışılan şivələr, cənubda Lənkəran, Astara, Yardımlı bölgəsinin ləhcələri, qərbdə Borçalı, Qazax, Tovuz, Gəncə bölgəsinin danışıq tərzi - hamısı Azərbaycan dilinin bir-birindən fərqli, amma eyni kökdən gələn səs tonlarını yaşadır.
Bu dialektlərdə qorunub saxlanılan qədim sözlər, unudulmağa üz tutmuş ifadələr, yerli ağızlarda işlədilən deyimlər bizim dildəki çoxsəsliliyi, zəngin folklor ənənələrini və milli düşüncə tərzini ortaya qoyur. Borçalıda bir nənənin söylədiyi “oğul, elinlə yola get, dilinlə halal ol” sözləri ilə, Şəkidə bir babanın dediyi “söz sözü gətirər, fikir-fikiri” ifadəsi bir dildə neçə minillik həyat təcrübəsinin olduğunu, və xalqının müdrikliyini göstərir. Məhz bu müxtəlifliklər sayəsində Azərbaycan dili yalnız Azərbaycanda deyil, elə hər bölgədə öz ruhunu qoruduğunu göstərir.
Azərbaycan türkcəsində elə sözlər, elə ifadələr var ki, onlar bir cümləylə illərlə yaşanan həyat dərsini bizə deyir. “El bir olsa, dağ oynadar”, “Ana dilinə xor baxan, öz kökünə daş atar”, “Dil var, insanı göylərə qaldırar, dil var, yerə soxar” kimi ata sözləri bu dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də hikmət daşıyıcısı olduğunu sübutudur. Hər xalqın mədəniyyətində ata sözləri var, amma Azərbaycan xalqının ata sözləri onun tərbiyəsini, davranışını, dünya görüşünü necə yüksəkdə olduğunun göstəricisidir.
Ata sözləri və məsəllər vasitəsilə dil yalnız danışılan deyil, eyni zamanda dərk edilən, hiss edilən olur. Gənclər bu gün bu sözləri kitabdan oxusa da, kənddə bir ağsaqqalın dilindən eşitmək, onu canlı şəkildə duymaq başqa bir ruh, başqa bir ləzzət verir. Bu da göstərir ki, Azərbaycan dili təkcə sözlərin birləşməsi deyil, min illik düşüncənin, tərbiyənin, sevginin, ailənin doğmalığın səsidir.

Dilin poeziyada və musiqidə ifadəsi: ruhun melodiyası

Azərbaycan dili poeziyasında və xalq musiqisində də özünü göstərir. Muğamda istifadə olunan sözlər, aşıq sənətindəki yazılmış qoşmalar, gəraylılar, divanilər Azərbaycan dilinin nə qədər ritmik və ifadəli bir dil olduğunu göstərir. Xalq artisti Alim Qasımovun bir muğamda çəkdiyi ahəngli nida, aşıq Ələsgərin sazla söylədiyi bir misra, ya da Xurşidbanu Natəvanın qəzəllərindəki ahəng - hamısı Azərbaycan dilinin musiqi ilə necə ahəng içində yaşadığını göstərir.
Əgər bir dil mahnıya çevrilə bilirsə, o, artıq yalnız danışıq vasitəsi yox, ruhun, ürəyin səsidir. Azərbaycan dili bu baxımdan sözün musiqiyə dönə bildiyi nadir və ən gözəl dillərdəndir. Bu xüsusiyyət yalnız dilin strukturundan yox, həmdə onu danışan xalqın duyğusal və emosional zənginliyindən qaynaqlanır. Hər bir bayatı, hər bir atalar sözü, bir xalqın dilindəki gözəllik və dərinlik haqqında çox şey deyir.

Tarixin yaddaşı:

Azərbaycan dilinin tarixi çox qədimlərə, hətta ilk türk tayfalarının Orta Asiyadan qərbə doğru hərəkət etdiyi dövrlərə gedib çıxır. Bu tayfalar fərqli coğrafiyalarda yerləşərək, yerli xalqlarla ünsiyyətdə olmuş, nəticədə dilləri də yeni təsirlər alaraq inkişaf etmişdir. Bu prosesin nəticəsində türk dilləri arasında müxtəlif dillər formalaşmışdır. Azərbaycan türkcəsi də bu tarixi prosesin ən şirin məhsullarındandır. Zaman keçdikcə, müxtəlif mədəniyyətlər, dövlətlər və məktəblərdə Azərbaycan dilinin zənginləşməsində mühüm rol oynamışdır.
Azərbaycan ədəbi dilinin ilk yazılı nümunələri XIII əsrə aid edilir. Bu dövrdə yazılmış “Kitabi-Dədə Qorqud” dastanı yalnız bir ədəbiyyat nümunəsi deyil, həm də Azərbaycan dilinin qədim dövrlərdə necə canlı, ifadəli və zəngin, maraqlı və xalqın dili olduğunu sübut edən möhtəşəm bir mədəni irs nümunəsidir. Bu dastanda həm xalq danışıq dili öz əksini tapır. “Kitabi-Dədə Qorqud” təkcə türk dünyasının yox, bütövlükdə bəşəriyyətin ortaq mirasıdır və bu miras Azərbaycan dilinin dərin köklərini, onun fəlsəfi gücünü nümayiş etdirir.
Azərbaycan dilinin ədəbi zirvələrə çatdığı ən parlaq dövrlərdən biri XV-XVI əsrlərdir. Bu dövrdə klassik şairlər ana dilini ədəbiyyatın, poeziyanın başlıca vasitəsinə çevirərək, onu ən yüksək poetik səviyyəyə çatdırmışlar. İmadəddin Nəsimi bu dövrün öndə gedən simalarından biri olmuşdur. Onun qəzəlləri, fəlsəfi qəsidələri yalnız sözlə deyil, fikir və hisslərlə yoğrulmuşdu. Nəsimi ana dilinə elə bir güvənlə, elə bir eşqlə yazırdı ki, o dövr üçün bu, inqilabi bir hadisə sayılırdı.
Məhəmməd Füzuli isə Azərbaycan poeziyasının sönməyən ulduzu sayılır. Onun qəzəlləri təkcə Azərbaycan deyil, ümumtürk poeziyasının ən parlaq incilərindəndir. Füzuli dilə elə bir gözəllik, incəlik və zəriflik qatmışdır ki, onun şeirlərini oxuyan hər bir insan bu dildə danışdığı üçün fəxr edir. Füzuli yazırdı: “Sözə gəlməz könül sözsüz danışar.” Bu da göstərir ki, Azərbaycan türkcəsi təkcə dil deyil, ruhun, qəlbin səsinə çevrilmişdir.

Azərbaycan dili türk dilləri arasında necə seçilir?

Türk dilləri ailəsi çoxşaxəlidir. Bu ailəyə Türkiyə türkcəsi, türkmən dili, özbək dili, qazax, qırğız, tatar, başqırd və digər dillər daxildir. Hər birinin özünəməxsus xüsusiyyətləri, fonetik quruluşu, söz ehtiyatı var. Lakin Azərbaycan dili bu ailədə həm fonetik səlisliyi, həm də emosional ifadə imkanları ilə xüsusi seçilir. Azərbaycan dilindəki incə ahəngdarlıq, sözlərin düzümündəki axıcılıq, poetik zənginlik onu digər türk dilləri arasında daha da seçilən edir.
Bundan əlavə, Azərbaycan dili coğrafi baxımdan da körpü rolunu oynayır. Oğuz qrupu dillərinin mərkəzində yerləşən bu dil, həm şimalda Altay dillərinə, həm cənubda İran dillərinə, həm də qərbdə Anadolu türkcəsinə yaxınlığı ilə fərqlənir. Bu xüsusiyyət Azərbaycan dilini həm birləşdirici, həm də zənginləşdirici bir ədəbi vasitəyə çevirir.

Borçalı və Gürcüstan Azərbaycanlıları:
dili yaşadan və gələcəyə daşıyanlar


Azərbaycan dili təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarında kənarda yaşayan 50 milyonluq xalqın, o cümlədən, bizim Gürcüstanın Borçalı bölgəsində yaşayan azərbaycanlıların ana dilidir.
Azərbaycan dilindən Gürcüstanda da geniş şəkildə istifadə olunur. Azərbaycan dili uzun illərdir ki, yaşayır və inkişaf edir. Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Ağbulaq, Zalqa, Saqareco, Laqodexi, Telavi və başqa rayonlarında, Tbilisi, Rustavi, Batumi, Kazreti və başqa şəhərlərində yaşayan on minlərlə azərbaycanlı öz ana dilində danışır, yazır, oxuyur. Bu bölgədə uşaqlar laylaları Azərbaycan türkcəsində eşidir, məktəblərdə bu dildə təhsil alır, nənə-babalar nağıllarını bu dildə danışır, aşıqlar sazı bu dildə dilləndirir, bu dilin ənənələrini və zənginliyini yaşadırlar. Azərbaycan dili burada təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin başlıca göstəricisidir.
Borçalıda doğulub boya-başa çatan uşaqlar üçün Azərbaycan dili onların həm ailəsinin, həm məktəbinin, həm də iç dünyasının ayrılmaz bir hissəsidir. Bu uşaqlar üçün Azərbaycan türkcəsində yazılmış bir şeir, oxunmuş bir layla, çəkilmiş bir film - birbaşa onların həyatını əhatə edən mənəvi sərvətlərdir. Gürcüstandakı Azərbaycanlı aşıqlar - Aşıq Əmrah, Xındı Məmməd, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar və başqaları kimi ustad sənətkarlar bu dili yaşadan və musiqili ruhunu nəsildən-nəslə ötürən mədəniyyət daşıyıcılarıdır. Həm də bu dilin şirin ləhcəsi adama ele xoş, elə doğma hiss yaşadır ki, anadan gələndən duyduğumuz, danışdığımız bu ləhcə bizim ən böyük dəyərimizdir.
Bu gün Gürcüstanda Azərbaycan dilinin yaşadılmasında və inkişaf etdirilməsində akademik Mədəd Çobanovun rolu danılmazdır. O, təkcə bir elm adamı yox, həm də dilə, millətinə bağlı bir aydın idi. Onun apardığı elmi araşdırmalar, yazdığı əsərlər, pedaqoji fəaliyyəti minlərlə gəncin ana dilinə sevgi ilə bağlanmasına səbəb olmuşdur. O deyirdi: “Ana dili yalnız bir keçmişin sədası deyil, gələcəyin də mayasıdır.”
Onun əsərləri sadəcə elmi nəticələrdən ibarət deyil, həm də dərin bir vətən sevgisi, dil sevgisi ilə yoğrulmuş bir fikir xəzinəsidir.

Miras və davamçılar: Azərbaycan dili
elmdə, ədəbiyyatda və gündəlik həyatda


Azərbaycan dili yalnız klassik dövrün poeziyasında və şifahi xalq ədəbiyyatında deyil, həm də müasir elmdə, texnologiyada, publisistikada və rəsmi idarəçilikdə aktiv şəkildə işlənən bir dildir. Bu gün Azərbaycan dilində yazılmış dərsliklər, tədqiqat əsərləri, qəzetlər, jurnallar, veb saytlar, tədris proqramları bu dilin nə qədər güclü və inkişaf etmiş olduğunu sübut edir. Qədim dövrlərdə aşıqlar, şairlər bu dili sazla, qələmlə yaşadırdısa, bu gün müəllimlər, jurnalistlər, yazarlar, alimlər onu yeni texnologiyalarla, maarifləndirici fəaliyyətlərlə gələcək nəsillərə ötürürlər.
Azərbaycan dilində yazan müasir yazarlar - Anar, Elçin, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və başqaları bu dilin söz ehtiyatını genişləndirərək onu daha da zənginləşdirirlər. Onların əsərlərində həm milli ruh, həm müasirlik, həm də dilin poetik gücü hiss olunur. Hər bir yazarın, şairin, müəllimin, dilçi alimin, televiziya aparıcısının və hətta sosial şəbəkə istifadəçisinin Azərbaycan türkcəsində yazması bu dilin yaşadılmasına yönəlmiş bir töhfədir. Bu da onu göstərir ki, Azərbaycan dili təkcə keçmişin deyil, həm də bu günün və sabahın dilidir.

Azərbaycan dili gələcəyə doğru: inkişaf, mühafizə və beynəlmiləlləşmə

Qloballaşan dünyada bir çox azsaylı dillər yox olma təhlükəsi ilə üz-üzə qalsa da, Azərbaycan dili öz mövqeyini qoruyur, hətta daha geniş dairələrdə yayılmaqda davam edir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan dili konstitusiyada rəsmi dövlət dili kimi təsbit olundu və onun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Dövlət səviyyəsində dilin qorunması üçün qanunlar qəbul edildi, dilin tədrisi ilə bağlı islahatlar aparıldı, ali məktəblərdə Azərbaycan dilinin fonetikası, leksikologiyası, sintaksisi və digər sahələri üzrə ixtisaslaşmalar yaradıldı.
Bununla yanaşı, diaspor təşkilatlarının fəaliyyəti, internetdə yayımlanan Azərbaycan dilində resurslar, xarici ölkələrdə açılan Azərbaycan dili mərkəzləri bu dilin beynəlmiləlləşməsinə şərait yaradır. Əgər bu gün bir xarici tələbə Azərbaycan dili öyrənmək istəyirsə, bunun üçün həm dərslik, həm elektron vəsait, həm müəllim, həm də zəngin ədəbiyyat tapa bilir. Bu da onu göstərir ki, Azərbaycan türkcəsi artıq regional yox, qlobal mədəniyyətin bir parçasına çevrilməkdədir.

Türk dünyasında ortaq dəyər kimi Azərbaycan dili

Türk dünyasının birliyindən danışarkən dil birliyi hər zaman əsas məsələ kimi önə çıxır. Azərbaycan dili, bu kontekstdə, həm ortaq anlaşma dili, həm də mədəniyyətlərarası körpü rolunu oynaya bilər. Bunun bir çox səbəbi var: birincisi, Azərbaycan türkcəsi fonetik baxımdan digər türk dilləri ilə müqayisədə daha aydın və başa düşüləndir. İkincisi, Azərbaycan dili həm şimal, həm cənub, həm də qərb türk qollarına yaxınlığı ilə seçilir - yəni Oğuz, Qıpçaq və Karluq qolları ilə təmas qurmaq üçün əlverişli dil sayılır.
Qardaş Türkiyə ilə Azərbaycan arasındakı “bir millət, iki dövlət” prinsipi təkcə siyasi və iqtisadi sahələrdə deyil, dil sahəsində də özünü göstərir. Bu gün Azərbaycanda Türkiyə türkcəsində yazılmış kitablar oxunur, filmlər sevilir, musiqilər dinlənir. Eləcə də Türkiyədə Azərbaycan türkcəsində şeirlər, nəğmələr və ədəbiyyat nümunələri yayımlanır. Bu qarşılıqlı təsir iki ölkə arasındakı ədəbi və dil birliyini daha da möhkəmləndirir. Azərbaycan dilində danışmaq bu gün türk dünyası ilə əlaqə yaratmaq üçün mühüm açar rolunu oynayır.

Nəticə: bir dilin arxasında duran güc –
xalqın sevgisi və sədaqətidir


Nə qədər zəngin söz ehtiyatın, gözəl ədəbiyyatın, dərin tarixə malik olsan da, bir dilin yaşaması üçün əsas şərt onun xalq tərəfindən sevilməsi, qorunması və gündəlik həyatda aktiv istifadəsidir. Azərbaycan dili də məhz belə bir sevgi və sədaqətlə bu günlərə gəlib çıxıb. Biz bu dili yalnız tarixi irs kimi yox, həm də müasir həyatımızın ayrılmaz parçası kimi yaşatmalıyıq. Ana dili elə bir sərvətdir ki, onun müqəddəsliyini nə vaxtsa bir öyrətmən, bir şair, ya bir nənə bizə sevgi ilə başa salıb. İndi isə bu sevgi bizim ürəyimizdədir, bu dili qorumaq və gələcək nəsillərə ötürmək bizim əlimizdədir.
Hər bir gənc öz ana dilini sevərək, onu öyrənərək, bu dildə yazaraq, oxuyaraq həm öz kimliyinə sahib çıxır, həm də ümumtürk mədəniyyətinin bir parçası olur. Azərbaycan dili bu ailənin gül çiçəkli bir budağıdır - o həm öz rəngi ilə seçilir, həm də bütöv ağacın gözəlliyini tamamlayır. Türk dilləri arasında Azərbaycan dilinin yeri yalnız tarixi faktlarla deyil, həm də xalqın sevgisi və onun ədəbi gücü ilə ölçülür. Bu dili sevmək - özünü, tarixini, mədəniyyətini sevməkdir. Və biz bu dili sevirik. Sevməliyik.

•Ana dilimizin önəmini vurğulamağın və Mədəd Çobanovun mirasını yaşatmanın bizə nə qədər önəmli olduğunu anlayaraq, bu müsabiqəyə qatılmaq mənim üçün böyük şərəfdir.


NURAY ADGÖZƏLOVA,
Gürcüstan,
Marneuli rayonu,
Sadaxlı kəndindəki
1 saylı məktəbin
9-a sinif şagirdi


Fənn müəllimi:
ZENFİRA DAŞDƏMİROVA

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GÜLLÜ AŞİROVA:

GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

Fond, Məktəblər, Müsabiqə, Bolus
LƏMAN İBRAHIMOVA:

LƏMAN İBRAHIMOVA: "Ana dilimiz - varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Bolus
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi əvəzsiz qiyməti!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi əvəzsiz qiyməti!

Məktəblər
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Ana dili günümüz mübarək olsun!

Ana dili günümüz mübarək olsun!

Regionlar, Məktəblər
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Elmi Məqalələr, ADPU
Qələmşah İDRİSOV:

Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ"

YAP, Köşə yazılar
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
ANA DİLİMİZİN ADI NƏDİR?..

ANA DİLİMİZİN ADI NƏDİR?..

Köşə yazılar
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
Rəy yazın: