“ƏKİNÇİ” qəzeti – 150 (1875-2025) MEDİA » "Elm və Təhsil" 21 июля 2025 150 0 1 2 3 4 5 Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq qərara alıram:1. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın inkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 25 aprel 2025-ci il***Mətbuat tariximizdə ilk milli qəzetimiz olan “Əkinçi” qəzeti 1875-ci il 22 iyul tarixində yayımlanmağa başlamışdır. Azərbaycan türkcəsində nəşr olunan ilk milli qəzetimizin yayımlanması o dövrün ziyalılarının qarşısında duran ən vacib və çətin məslələrdən biri idi.Bu il mətbuatımızın güzgüzü adlandırılan “Əkinçi” qəzetinin 150 yaşı qeyd olunur. Hər il 22 iyul Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur. Bayram kimi qeyd olunan bu gün təkcə mətbuat nümayəndələri üçün deyil, bütünlükdə Azərbaycan üçün ən dəyərli günlərdəndir. Cəmi 56 sayı dərc olunan qəzetin yaranmasının təşəbbüskarı, təsisçisi və redaktoru görkəmli alim Həsən bəy Zərdabi olmuşdur. Çox haqlı olaraq H.b.Zərdabinin təsis etdiyi “Əkinçi”qəzetini milli mətbuatın bayraqdarı adlandırırlar.Həsən bəy hələ 1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə ana dilimizdə bir mətbuat orqanının olmasını arzulayırdı. Həsən bəy Zərdabi milli qəzetimizin nəşri üçün on beş ilə yaxın mübarizə aparmış və nəhayət arzusunu gerçəkləşdirməyi bacarmışdı.Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyula təsadüf etdiyindən həmin tarix hər il Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.Ümummilli Lider Heydər Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunmuşdur. Çoxlu sayda qəzet və jurnalların nəşri ilə yanaşı internet qəzetçilik də inkişaf etməkdədir. İnformasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrümüzdə Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.Azərbaycanda çar Rusiyasının hökmranlığı dövründə milli hərəkatın məhdudlaşdırılmasını, adət-ənənələrimizdən başlayaraq söz azadlığımıza, dilimizə, dinimizə və milli mətbuatımıza qadağaların qoyulduğunu nəzərə alsaq, bu qəzetin hansı zəhmət müqabilində ərsəyə gəldiyini təqdirəlayiq hesab etmək olar. Qəzet ayda iki dəfə olmaqla 300-400 tirajla dərc edilirdi. “Əkinçi”yə qədər ölkənin milli mətbuatı yox idi. Bu qəzetin nəşri 1875-1877 ci illəri əhatə etsə də, onun təsirinin gücü Azərbaycanda milli mətbuatın yaranmasına səbəb oldu.XIX əsrin ikinci yarısına kimi bir çox ölkələrdə dövrü mətbuat inkişaf etsə də, Azərbaycanda bu sahədə ləngimə var idi. XIX əsrin ikinci yarısından sonra maarif və mədəniyyətin inkişaf etməsi başlandı. Bu o dövrün mütərəqqi fikirli, görkəmli və ziyalı şəxsiyyətlərinin səyi nəticəsində oldu. Maarifin inkişafa doğru getməsi təhsildə də özünü göstərməyə başladı. Belə ki, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsi və rus dili ilə yanaşı ana dilimizin də tədrisinə nail olundu.“Əkinçi” qəzetinin ilk milli mətbuat olması Azərbaycanda jurnalistika sahəsində gələn nəslin formalaşmasına, peşə prinsiplərinin inkişafına və ana dilimizin fəaliyyətinə səbəb oldu. “Əkinçi” milli mətbuat tariximizin başlanğıcı və ilk cığırı oldu. Bu mətbuat orqanından sonra bir çox milli qəzet və jurnalların yaranmasına maraq artdı. Misal olaraq “Ziya”(1879-1880 cəmi 76 nömrə, sonradan “Ziyayi Qafqaziyyə”adı ilə nəşr olundu-1880-1884 cəmi 107 nömrə) və “Kəşkül” (1883-1891) kimi nəşrləri göstərə bilərik. Bir-birinin ardınca yaranan yeni dövrü mətbuatın hər biri Azərbaycanın tərəqqisinə, maariflənməsinə və daha da inkişaf etməsinə təkan verirdi. Təbii ki, bu inkişafın əsasında Avropanın elmi yeniliklərindən bəhrələnmək və oxucuları bu yeniliklərlə tanış etmək, ədəbiyyat və mətbəə işlərində irəliləyişlərə nail olmaq dayanırdı.XIX əsr milli mətbuatımızın yarandğığı dövr olsa da, çar hökumətinin müstəmləkəçilik siyasəti hər bir işdə ziyalılarımıza mane olurdu. Yeddi il yazışmadan və çəkişmədən sonra qəzetin nəşrinə icazə almaq mümkün olur. Dövlət dəstəyi olmadan qəzetin nəşri mümkün deyildi. Buna görə H.b.Zərdabi malyyə vəsaiti topladıqdan sonra Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edir. H.b.Zərdabi öz yazılarında: “Mən ona fərzimi deyəndən sonra, məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyun ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul etsin. Bu tövr ərizə verib icazə aldım” deyə qeyd etmişdir.İlk milli mətbuatımız olan “Əkinçi” nin bu adla meydana gəlməsi əslində çar rejiminin fikrini qəzetdə gedəcək mövzulardan yayındırmaq məqsədi güdürdü. Çünki, mövhumatın və cəhalətin hökm sürdüyü bir vaxtda cəmiyyətin cəhalətdən oyanmasına, təhsilə cəlb olunmasına, söz azadlığından və öz hüquqlarından necə istifadə edə biləcəklərinə, maariflənməsinə çağırış edəcək belə bir mətbuat orqanının olması çox vacib idi. Bu səbəbdən qəzeti siyasətdən uzaq olan mətbu orqanı kimi göstərsələr də, məqalələrdə tamam başqa məsələlər işıqlandırılırdı. Qəzet ölkədə gedən ictimai-iqtisadi, sosial problemləri işıqlandırdıqca, qəzetə olan maraq da günü-gündən artırdı. “Əkinçi” təkcə Azərbaycanda deyil, bütünlükdə Zaqafqaziyada, Gürcüstanda, Dağıstanda, Mərkəzi Asiyada, hətta uzaq Sibirdə geniş əks-səda doğurdu. Bu səbəbdən çar idarəçiliyi qəzeti nəzarətdə saxlamağa başladı. “Əkinçi” qəzeti nəşrə başlayan vaxtdan xeyli əvvəl Bakıda rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri ilə yanaşı, qəzet və jurnalları da fəaliyyət göstərirdi. Belə bir vəziyyətdə milli qəzetin nəşrə başlamasının nə qədər çətin və məsuliyyətli olduğu məlum idi.“Əkinçi” nin ən əsas məqsədi Azərbaycanda hökm sürən savadsızlığın aradan qaldırılması idi. Güclü dini fanatizmin və mövhumatın mövcud olduğu bir ölkədə bunun nə qədər çətin olduğunu, bəzi hallarda isə bunun mümkünsüzlüyünü görən və dərk edən ziyalı təbəqənin üzvləri bu yolda birləşərək səy göstərirdilər. Təhsilin inkişafına tamamilə əks fikirdə olan ruhani dairəsinin mövhumatçı mollaları insanları bu yoldan çəkindirmək üçün var qüvvələri ilə çalışırdılar. Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını davam və inkişaf etdirən Zərdabi isə xalqın savadlanmasını, təhsil almasını, xalqa demokratik azadlıq verilməsini istəyirdi. Bunun üçün ən əsas insanları maarifləndirmək və bu yolla istəklərə nail olmaq olardı.H.b.Zərdabi yazırdı:“..çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbələrdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər”.“Əkinçi” nin mollalara və ruhanilərə ünvanladığı sərt yazıları onların iç üzünü açır, insanlara bu cür fırıldaqçıların toruna düşməməyi və dini düzgün qayda da icra etməyi tövsiyə edirdi.H.b.Zərdabi bu qəzet vasitəsi ilə əkinçiliyin inkişafına da kömək edən çoxlu materiallar dərc edərək, əkinçilik və maldarlıqla məşğul olanları maarifləndirməyə çalışırdı.Əslində “Əkinçi” qəzeti cəmiyyətin inkişaf və tərəqqisi üçün hərtərəfli yeniliklərlə fəaliyyət göstərən mətbuat orqanı idi. Bu qəzetin ən gözəl xüsusiyyəti o idi ki, qəzet təkcə Azərbaycanda yaşayan həmvətənlərimizin deyil, vətəndən uzaqda yaşayanların da yazılarını dərc edirdi. Bu da qəzetin oxucularının tərəqqi və inkişafı üçün ən vacib vasitə idi. Moskvadan Nəcəf bəy Vəzirov, Tiflisdən Mirzə Fətəli Axundov, Dərbənddən Heydəri, Şamaxıdan Seyid Əzim Şirvani və Məmmədtağı Əlizadə Şirvani qəzeti yazıları ilə işıqlandıran ziyalılar idilər.XIX əsrin sonu XX əsrin əvvəli Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında bir çox cəhətdən inkişafa doğru hərəkər edən dövr hesab edilir. Bu əsrdə ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetinin yaranması tarixi hadisə kimi mədəniyyətimizin səhifəsinə qızıl hərflərlə yazıldı. Qəzetin fəaliyyəti iki illik bir tarixi əks etdirsə də artıq tam bir əsr yarım vaxtdır ki, o insanların xatirəsində ilk milli qəzet olaraq yaşayır.Qəzetin bağlanmasından sonra H.b.Zərdabi və digər ziyalılarımız nə qədər çalışsalar da qəzetin yenidən fəaliyyətinə nail ola bilmədilər. Lakin digər qəzetlərimizin nəşr olunması H.b.Zərdabi üçün bir təskinlik oldu. Sonrakı dövrlərdə Azərbaycan ziyalılarının iştirakı və köməkliyi ilə ardıcıl olaraq “Ziya”(1879-1884), “Kəşkül”(1883-1891),“Kaspi”(1881-1919),“Şərqi-rus”(1903-1905),“Həyat”(1905-1906), “Açıq söz”(1915-1918), “Təzə həyat”(1907-1908), “Füyuzat”(1906-1907), “Şəlalə”(1913-1914), “Dirilik”(1914-1916) kimi yeni qəzet və jurnallar nəşrə başladı.“Əkinçi” qəzetinin bağlanmasından sonra Həsən bəy Zərdabiyə qarşı minbir hiylə və oyunlar qurulsa da o, ruhdan düşmədi. Sonrakı fəaliyyətini “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Noviye obozreniye” qəzetlərində və “Dəbistan” jurnalında davam etdirdi.H.b.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində yazırdı: “Hər kəsi çağırıram-gəlməyir, göstərirəm-görməyir, deyirəm-qanmayır. Belədə qəzeti çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerində qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar”.Mətbuatımızın ilk qaranquşu adlanan “Əkinçi” qəzetinin hər il iyulun 22-də “Milli Mətbuat Günü” kimi qeyd olunması ondan sonra gələn bütün nəşrlər üçün bir açar oldu. H.b. Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə sıx bağlıdır. PƏRİXANIM MİKAYILQIZIAJB-nin üzvü, şair, nasir, “Şərqin səsi” qəzetinin baş redaktoru, F.b.Köçərlinin tədqiqatçısı, dövlət qulluğunun baş müşaviri,“Xarı bülbül” və “X.b.Natəvan” medalları vəbir çox media mükafatları laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.