Əyyub Kərimov: "El Bakuvinin (Eldar Hüseynov) “Prometey” əsərinin müqəddiməsinin fəlsəfi çalarları" Elmi Məqalələr, AzTU 12 июля 2025 18 0 1 2 3 4 5 Hər dövrün, hər xalqın, dünyaya özünəməxsus baxış bucaqı, baxış nöqtəsi, dünya anlamı mövcuddur. Bu fikirlər qədim zamanlardan (ibtidai-icma quruluşundan başlayaraq) müxtəlif formalarda təzahürün tapmışdır – əfsanələr, rəvayətlər, mifologiya, din, fəlsəfə.Bir çox dahi şairlərimizin – həm klassik Azərbaycan ədəbiyyatın nümayəndələri, həm də 19-20-ci əsrin əvvələrində yaşayıb, yazıb-yaratmış şairlərdə dərin fəlsəfi fikirlərə, ideyalara rast gəlmək mümkündür. Burada misal olaraq, öz əsərlərin üç dildə yazmış Məhəmməd Füzulini misal çəkmək olar. Bağdad şəhərində tibb, astronomiya, məntiq, riyaziyyat elmlərini öyrənmiş, Qədim Şərq və Antik Yunan fəlsəfi məktəblərinin sirlərinə yiyələnmiş şair öz məşğur “Leyli və Məcnun” poemasında panteist fəlsəfi görüşlərini, insanın məhəbbəti, iztirabları və yaşantısı ilə ilahi prinsipi dərk etmək ideyasını ifadə edir.Hələ Qədim yunan mütəfəkkirləri (Platon, Aristotel, Sokrat, Heraklit, Fales və s.) öz fəlsəfi fikirlərini yazdıqları müxtəlif əsərləri vasitəsi ilə gələcək nəsillərə çatdırmışlar. Fəlsəfənin ədəbiyyatla hansı bağlılığı var? Bildiyimiz kimi, yazı yaranmamışdan öncə, insanlar öz fikirlərini, müşahidələrini və s. bir-birinə şifahi formada ötürürdülər. Buradan da tədricən “xalqın şifahi ədəbiyyatı” – yəni hal-hazırda bildiyimiz folklor yaranıb, formalaşıb. Həmin folklor vasitəsilə rəvayətlər, nağıllar, miflər, eposlar dildən-dilə keçərək, xalqın yaddaşında həkk olunmuşdur. Sonradan isə yazı meydana gələndən, həmin rəvayətlər, eposlar, dastanlar “kağız üzərinə” köçürülmüşdür. “Koroğlu”, “Dədə Qorqud” dastanları və s. buna misal sayıla bilər.Bakuvinin əsərlərində həm Qədim Şərq fəlsəfənin, həm də Qərb və xüsusilə Antik Yunan fəlsəfəsinin elementləri görünür, izlənilir. Onun əsərləri ilə tanış olduqda, dərin və hərtərəfli fikirlərin, mülahizələrin müəllifi olduğunu görürük. Müəllifin poetik əsərlərinin məzmunu göstərir ki, o Sofokl və Evripid kimi dramaturqların əsərləri ilə yaxından tanışdır.Bakuvi “Prometey” və “Gəlmə” əsərlərində dünyəvi və ümumbeşəri problemlərə fəlsəfi nöqteyi-nəzərdən diqqət yetirir. Ümumiləşdirirərək deyə bilərik ki, ta qədim zamanlardan zəka sahibləri, əksər yazıçı və şairlər aşağıdakı fəlsəfi suallara həmişə cavab axtarmışlar:-insan həyatının mənası nədir? -onun bu dünyada yeri və rolu nədən ibarətdir? -haqq-ədalət nədir və ona necə nail olmaq mümkündür? “Gəlmə” poemasına yazdığı epiqrafda müəllif ontoloji problemlərdən birinə nəzm formasında çox incə şəkildə toxunmuşdur.“Prometey” əsərinin müqəddiməsində isə müəllif Qədim Yunan mifologiyasının maraqlı süjetlərindən biri olan Prometeydən, onun insanlara odu verməsindən və müxtəlif sənətlərin öyrənilməsindən bəhs edir. Prometey – insanların dostu, Zevs isə insanların düşmənidir və onlara qarşı özündə nifrət hisslərini daşıyır. Müəllif qədim yunan mifini özünəməxsus qeyri-adi üslubla oxuculara çatdırır, böyük məharətlə problemin, ədəbi konfliktin yaranması səbəblərin açıqlayır. «Prometey» poemasının proloqunun qısa fəlsəfi təhlilini diqqətə çatdırmaq istərdim.Qədim yunan miflərinə istinad edən müəllif, Zevsin insanların və titanların taleyini idarə edən hökmdar və məkrli bir tanrı kimi obrazını bizə təqdim edir. Mifoloji təsəvvürlərdə Zevs təkcə göy və ildırıma hökm edən tanrı deyil, həm də güc, ədalət və iradə anlayışlarının təcəssümüdür. Əsərdə Zevs təkcə hökmdar kimi deyil, həm də məqsədlərinə çatmaq üçün hiylələrdən istifadə edən manipulyasiya ustası kimi təsvir edilir. Onun oğurlanmış oda görə Prometeydən qisas alması, sonra isə Pandoranın yaradılması ilə insanlarla məkrli oyunu sadəcə cəza aktı deyil, hakimiyyətin mahiyyətinin fəlsəfi anlamıdır. Zevs, taleyin və azad iradənin fəlsəfi kontekstdə qarşı-qarşıya durduğu məqamları təcəssüm etdirən hadisələrin gedişatına nəzarət edir və onları öncədən görür. Onun öz hərəkətlərinin nəticələrini əvvəlcədən görə bilməsi, kainatın nizamında taleyönəldici qüvvələrin mövcudluğunu göstərir və bu isə bəzən insan səylərinin əhəmiyyətsiz ola bilməsi qənaitini döğurur. Ətraf aləmi dərk etməyə və azadlığa can atan insan bu yolun fövqəl güvvələr tərəfindən əvvəlcədən müəyyən edilə biləcəyi ilə üzləşir. Burada azad iradə və determinizm mövzusundakı əzəli fəlsəfi mübahisə özünü göstərir.Zevs Pandoranı yaradır, ona bütün hədiyyələri verir, lakin eyni zamanda insanlığı cəzalandırmaq üçün alətə çevirir. Bu görüntü güc və manipulyasiyanın təbiəti ilə bağlı suallar doğurur. Zevsin gücü gözəl hədiyyələrin arxasında gizlənsə də məhv etməyə yönəlmişdir. Burada hakimiyyətin sıxışdırmaq və məhv etmək üçün cəlbedici xarici formalardan necə istifadə edə biləcəyini görə bilərsiniz. Pandora — sadəcə qadın deyil, Zevsin məqsədinə çatması üçün bir vasitədir. Bütün bunlar gücün öz nəzarəti altında olanları necə manipulyasiya edə biləcəyini, onları öz planlarını həyata keçirmək üçün alətə çevirə bilməsini göstərir. Pandora – sadəcə mifoloji bir fiqur deyil, o, insanın daxili təlatümünün, maraq və bilik arzusu ilə fəlakət arasında ilişib qalmış təbiətinin simvoludur. Onun vasitəsilə mif insanı düşündürür: bilmək istəyimiz bizi xilas edir, yoxsa məhvə aparır?Pandoranın, müxtəlif mərkli və mənfi obrazlarla dolu qutunu açması, onun qarşısıalınmaz maraq hissindən doğan instinktiv bir hərəkətdir – bu, insan təbiətindəki bilmək istəyi ilə fəlakət arasında olan zərif sərhədi nümayiş etdirir. Bu, fəlsəfənin mərkəzi mövzularından birini simvollaşdırır: insanın böyük bəlalar ola bilsə belə, bilik istəyi. Yəni burada gnoseoloji aspekt ön plana çıxır. Pandora öz marağına müqavimət göstərə bilmir və nəticədə onun hərəkətləri bəşəriyyətin başına gələn fəlakətlərə gətirib çıxarır. Bu, Platonun və digər mütəfəkkirlərin biliyin həmişə yaxşı olmadığı barədə ifadə etdikləri fəlsəfi fikri xatırladır. Bəzən insanın dünyanı anlamaq həvəsi onu fəlakətə aparır — çünki bəzi həqiqətlərə yaxınlaşmaq, onların ağırlığını daşımaqdan daha çətindir. Qavrayışın sərhədləri qarşısında insan aciz qalır və müəyyən sirləri sirr olaraq saxlamaq daha müdrik seçim ola bilir.Pandora öz marağının nəticələrini tam anlamadan fəaliyyət göstərir və bu, insanın yaratdığı və ya hərəkətə gətirdiyi qüvvələr üzərində nə dərəcədə nəzarət imkanlarını olmasına dair mühüm fəlsəfi suallar doğurur. İnsan dünyanı necə idarə etməyə çalışsa da, onun hərəkətləri həmişə gözlənilməz və dağıdıcı nəticələrə səbəb ola bilər. Beləliklə, Pandora mifi insan taleyinin metaforasına çevrilir, burada hətta mümkün nəticələrin dərk edilməsi həmişə bəladan qaçmağa kömək etmir.Pandoranın tapdığı və açdığı qutu dərin fəlsəfi simvolizmə malikdir. O, yalnız ağrıların və acıların daşıyıcısı deyil, həm də insanın müqəddəratına yazılmış, qaçılmaz olan yolun təcəssümüdür — hər addımında iztirabla, lakin eyni zamanda anlamla dolu bir yol. Sözügedən simvolik sandıq, sadəcə bir qutu deyil — insanlığın bütün ağrılarının, ziddiyyətlərinin və arzularının yığıldığı dərin bir mənəvi məkandır. Onun içində xəstəliklər, bəlalar, müharibələr və pisliklərlə yanaşı, unudulmuş bir hissə də var: ümid. Bu sandıq tapıldıqda, bütün fəlakətlər axıb dünyaya yayıldı. Bu an, insanlığın dönüş nöqtəsi idi — zərurətlərin başlanğıcı. Artıq ağrı və əzab qaçılmaz idi. Bu, insanı insan edən gerçəkliklərdən biri idi. Çünki biz bəşər övladları, əzabdan doğmuşuq. Ağrının içində böyümüş, qorxunun kölgəsində yaşamış, ümidi isə gecənin ən qaranlıq anında tapmışıq. Xəstəliklərin və bəlaların bizim düşmənimiz deyil, yol yoldaşlarımız olması, təbii qəbul edilməsi, onlardan qaçmaq yox, onları qavramaq, anlamaq və mənalandırmağın insanın əsas vəzifəsi olması əsərin məntiqindən doğur. Bütün bu fəlakətlərin varlığı, insan həyatının ayrılmaz hissəsidir. Fəlsəfi kontekstdə bu, insan təbiətinə xas olan iztirablar doktrinası ilə bağlı ola bilər. İstənilən mövcud cəmiyyətdə və ya dünyada şər istər-istəməz özünü büruzə verir və insan ondan nə qədər qaçmağa çalışsa da, o həmişə mövcud olacaq. Mifoloji “qutuda” qalan yeganə pozitiv “varlıq” — ümiddir. Bütün çətinliklərə və əzablara baxmayaraq, fürsət, çıxış yolu simvolu olaraq qalır. Ümid — sadəcə mücərrəd bir hiss deyil, əslində uğur şansı az olsa belə, insanın daha yaxşı gələcəyə, xilasa olan istəyini simvolizə edən mühüm fəlsəfi kateqoriyadır. Ümid, indi hökm sürən ümidsizliyə baxmayaraq, insan şüurunun gələcəyə olan inamı ilə həyata keçirdiyi düşüncə aktıdır. Ümid müəyyən mənada bəşəriyyəti tam laqeydlikdən və ümidsizlikdən xilas edir, ona çətinliklərlə mübarizə aparmaq üçün motivasiya verir. Prometeyin qardaşı Epimetey obrazı ağıl və rasionallıq fəlsəfəsinə əks olan rolunu oynayır. Məlumatlı və müdrik olan Prometeydən fərqli olaraq, Epimetey öz hərəkətlərinin nəticələrini düşünmədən duyğulardan xəbərdar oldu. Epimetey — gələcəyi düşünmədən duyğuların istəyi ilə hərəkət edən varlıqdır, daha doğru desək isə o cür davranan insanın simvoludur. Mifə əsasən, o, tərəddüd etmədən, Zevsin hədiyyəsini qəbul edir, bunun faciəvi nəticələrə gətirib çıxaracağını düşünmür. Bu isə insanın həyatında ağıl və duyğuların yeri ilə bağlı fəlsəfi sualı təqdim edir. Epimetey emosiyaların ağıl üzərində üstünlük təşkil etdiyi zaman yarana biləcək təhlükələri təsvir edir. Onun hərəkətləri düşüncəsiz, emosional qərarların necə dağıdıcı nəticələrə səbəb ola biləcəyi fəlsəfəsini özündə ifadə edir. Bunu şüuraltında doğulan hisslərin insan Eqosundan üstün olduğunu iddia edən psixoanalizlə də müqayisə etmək olar.Əsərdə bəşəriyyətin — sadəcə təbii inkişafın nəticəsi deyil, ilahi manipulyasiyaların məhsulu olduğu fikri də vardır. Zevs və digər tanrılar Pandorada olduğu kimi təkcə insanların hərəkətlərinə deyil, həm də onların daxili təbiətinə nəzarət edirlər. Bu, insanın azad iradəsi və müstəqilliyi ideyasını şübhə altına alır.Mifdə cərəyan edən hadisə və proseslərdən belə bir məntiqi nəticə hasil olur ki, bəşəriyyət öz taleyinə nəzarət etmədiyi bir oyunda özünü tapır. Onun bütün səyləri ilahi müdaxilə qarşısında aciz görünür və bu, belə bir fəlsəfi sual doğurur ki, əgər insanın hərəkətləri ali güvvələr tərəfindən idarə olunursa, onun azadlığı vardırmı? O, həm də müasir həyatın alleqoriyası kimi oxuna bilər. Belə ki, insan tez-tez sosial və siyasi sistemlərin qurbanı olur və taleyi onun nəzarətindən kənarda olan bir çox amillərdən asılıdır.Bu əsərdə Pandora mifi insan varlığının ən mühüm məsələlərinə toxunan mürəkkəb fəlsəfi metafora kimi açılır. Bu, güc, bilik, əzab və ümid anlayışları haqqında düşüncədir. Müəllif Pandora, Zevs, Epimetey və “möcüzəvi qutu” obrazları vasitəsilə oxucunu insanın təbiətinə, zəifliyinə və taleyin qaçılmazlığına baxmağa dəvət edir. Bütün əzablara və şərlərə baxmayaraq, dünyada qalan ümidin insana irəliləmək üçün güc-qüvvət verməsi fikri poemanın müqəddiməsində pozitiv fəlsəfi düşüncələrindən biri kimi qəbul oluna bilər.Beləliklə, şair Eldar Hüseynovun qələmə aldığı “Prometey” poemasının mifoloji obrazlarının qısa fəlsəfi təhlilini verməyə cəhd göstərdik. Sonda isə şair Eldar Hüseynova, onun ədəbi yaradıcılığında daha da böyük nailiyyətlər və müvəffəqiyyətlər arzu edirəm. ƏYYUB KƏRİMOV,fəlsəfə elmləri doktoru,professor ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.