Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti

Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas


Azərbaycan xalqının XVIII əsrdə yetirdiyi ədəbi şəxsiyyətlərin ən qüdrətlisi Molla Pənah Vaqifdir. Onun yaradıcılığı Azərbaycan poetik düşüncə və bədii-estetik fikri tarixində yeni bir mərhələ açmışdır. M.P.Vaqif millipoeziyanın, realist bədii şeirin banisi, Yaxın və Orta Şərqdə ictimai şüur hərəkatının böyük avanqardı və ideoloqudur.

Bir mütəfəkkir-şair, ictimai xadim, böyük sənətkar kimi qədim və zəngin ənənələr üzərində yetişdiyinə baxmayaraq, M.P.Vaqifin titanik fəaliyyətinin bir çox sahələri haqqında danışarkən "ilk" sözünə, "birinci" təyininədönə-dönə müraciət etmək lazım gəlir. Yəni tarix, ictimai gerçəklik bütün şüurlu həyatını təmənnasız olaraq xalqın tərəqqisi işinə həsr etmiş bu alovlu ürək və nadir yaradıcı təfəkkür sahibinin çiyinlərinə, neçə-neçə müasiriningücü çatmayan çox ağır vəzifələr qoymuşdu.

Böyük iftixar hissi ilə etiraf edirik ki, M.P.Vaqif təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə yüksək dərəcədə aydın konsepsiyaya malik ilk realist poeziyanın banisidir... Bu tarixi ədəbi hadisə necə baş veribdir?

Akademik Kamal Abdullanın belə bir deyimi var: "Mətnlə oynamaq!" İki sözdən ibarət bu fikirə bir monoqrafiyalıq məna, məzmun sığışıbdır! Görkəmli yazıçı və akademikin söyləmində bu, " Mövcud mətnlərin başqa, tanış olmayan interpretasiyası (kimi buna deşifrə deyir...), başqa məzmunun köhnə formada imitasiyasıdır...."

Bu fikri perefraz edəsi olsaq M.P.Vaqif xalq şeir şəkillərinin məlum-məşhur mətnləri ilə oynayaraq onları məna və məznunca, ruhca tamamilə yeni bir axara saldı, onda da, "başqa (deyək ki, yeni) məzmunun köhnəformada (qoşmda, gəraylıda, müxəmməsdə) imitasiyası hadisəsi baş verdi və bununla da, poeziyada yeni bir mərhələnin başlanğıcını qoymağa nail oldu...

Akademik İsa Həbibbəyli yazır: "Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq "qəzəli-aşiqanə"dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri yaratmışdır. ...Molla Pənah VaqifMəhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır".

M.P.Vaqif poetik irsi böyük ənənlərə söykəndiyindən belə cazibədar olmuş və yeni mərhələnin əsasını yarada bilmişdir. Qaracaoğlan (1606-1674), Aşıq Ömər (1630 - 1707), Aşıq Abbas Tufarqanlı (XVI yüzilin sonları - XVII yüzilin əvvəlləri), Sarı Aşıq (XVII yüzil) və başqaları ondan əvvəl yaşamış-yaratmış, Xəstə Qasım (1684-1760), Aşıq Valeh (1729-1822), Ağ Aşıq (Aşıq Allahverdi - 1754 - 1860) və bu kimi el sənətkarları isə onun müasiriolmuşlar.

Görk üçün iki misala müraciət edək.

Abbas Tufarqanlı:

Oğrun yollara baxmaqdan,
Bağrım qan oldu, gəlmədi.
Ağlamaqdan eynim yaşı,
Bir ümman oldu, gəlmədi.

M.P.Vaqifdə:

Baddi-səba, bir müjdə ver könlümə.
Ol güli-xəndanım neçin gəlmədi?
Xəyalım şəhrini qoydu divanə,
Sərvərim, sultanım neçün gəlmədi?

Sarı Aşıq:

Əyibdi qəddimi qaşların tağı,
Qəsd eləyib şirin cana gözlərin.
Bu qədər şux baxıb, aşiq, öldürmə,
Heyifdi batmasın qana gözlərin.

M.P.Vaqifdə:

Vaqif ki, düşübdür əqlü kamaldan,
Əskik olmaz başı qovğadan, qaldan,
Nə zülflərdən bilin, nə xəttü xaldan,
Eyləyibdir onu divana gözlər.

Sarı Aşıqda lirik qəhrəman "Şirin cana qəsd etləyir", M.P.Vaqifdə "onu divanə" eyləyir - motiv eyni olmasa da, oxşardır, Vaqifin şux ovqatı ilə səsləşir...
Sonrakı dövrdə, Aşıq Alı yaradıcılığında isə M.P.Vaqif poeziya havasının davamını müşahidə edirik. Aşıq Alının "Görmədim" gəraylısı buna əyani sübutdur:

Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.

Belə misalların sayı onlarcadır və bütün bunlar bir daha göstərir ki, M.P.Vaqif Azərbaycan poeziyasının yeni mərhələsinin banisi kimi özündən əvvəlki ənənədən ustalıqla bəhrələnmişdir və ondan da, bollucabəhrələnmişlər... M.P.Vaqif Qazaxda doğulsa da, onun poetik ruhunu formalaşdıran, bir ustad sənətkar kimi yetişdirən XVIII əsr Qarabağ ədəbi mühiti olmuşdur. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşaözünün parlaq bir dövrunü - çiçəklənmə, tərəqqi, mədəniyyat dövrünü başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr toplaşmışdı. Şuşa həm də poeziya mərkəzi kimi formalaşmağa başlamış, Molla Pənah Vaqif başda olmaqla Qarabağ ədəbi mühiti yaranmışdı. Molla ƏliXəlifə, Molla Zeynalabdin və bir çox başqa şairlər Vaqif ədəbi məktəbinin içtirakçıları kimi hələ o dövrdə tanınırdılar. Böyük şair Molla Pənah Vaqif 1759-cu ildə Şuşanı özünə vətən seçərkən İbrahimxəlil xana yazdığı birfəxriyyədə deyirdi:

Qarabağ içrə bir şair Kəlimullah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.

Bu misralardan məlum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbininilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək M.P.Vaqifin şəxsində özünün ən yüksək pilləsinə qalxmışdır. Həmçinin, Qarabağda "mövzun bayatı dəsti" olması da bu beyitdə təstiqini tapır ki, burada da, M.P.Vaqifin sələfi olan Sarı Aşıq yada düşür... Yəni, bunu nəzərə çatdırmaq istəyirik ki, M.P.Vaqifin Qarabağa, Şuşaya gəlişinə qədər burada sayılan, seçilən bir poetik mühit mövcud idi və M.P.Vaqif bu mühitingenişlənməsin və dərinləşməsinə səbəb oldu...


Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti M.P.Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də, insanların əxlaqi-mənəvi kamilləşməsinəxidmət edir.

Azərbaycan tarixinə siyasi xadim kimi də daxil olan M.P.Vaqif hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Qarabağ xanlığının baş vəziri, dövlət xadimi, diplomat olmuş şairAzərbaycan xanlıqları arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. Bu onun ictimai nüfuzudur... Onun ədəbi nüfuzu da, heç ictimai nüfuzundan əksik olmamış, əksinə bir-birini tamamlamışdır...
Bir məsələni, yeri gəlmişkən, xatırladım ki, Müstəqillik illəri ədəbiyyatşünaslığında ilk dəfə "Qarabağ ədəbi mühiti" (2001) tədqiqatını mən aparmışam.

Bu tədqiqatda VII əsrdə Bərdəli Davdaqdan tutmuş, XXI əsrə qədər Qarabağdan çıxmış bütün şair və üləmalar barəsində, xronoloji ardıcıllıqla məlumat vermişdim. Sonralar bu ideya yaxşı ki, genişləndi və mənim təklif etdyim struktur dönə-dönə müxtəlif müəlliflər tərəfindən təkrarlandısa da, yaxşı olmayan və məni ağrıdan o oldu ki, biri də, ilk mənbəi xatırlatmadı...

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır.

Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində şəksiz yeni bir mərhələnin başlanğıcıdır.

M.P.Vaqifin öz dövründə yaşayan şairlərin, demək olar ki, hamısı onun poeziyasının və ilhamının təsir dairəsində olmuşlar. Onun həməsri olan aşıq Əlağa Qaracadaği Kəlibərinin Molla Pənaha həsr etdiyi şeir sübut edirki, Vaqifin dövründə yazıb-yaradan şair və aşıqlar onun yaradıcılığına, şəxsiyyətinə yaxından bələd olublar, nəinki, onun təsiri ilə yazıb-yaradıblar, hətta ona ustad gözü ilə baxaraq Vaqifə şeirlər də həsr ediblər...

Bu gövhər gözlərin, ey alicənab,
Tamam aşiqlərin şəminə gəlmiş.
Fəsaətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.

Bu gəraylıda M.P.Vaqifin müasiri olan Əlağa Qaracadaği Kəlibəri M.P.Vaqifi ustad şair adlandırmış, dövrün bütün şairlərini, aşıqlarını obrazlı şəkildə pərvanəyə bənzədərək, onları ustadın şamının cazibəsinə gəlməsinəişarət etmiş, Vaqifi fəsaət və bəlağətdə yeganə hesb etmişdir. Onu bu əsrdə şairlərin başçısı, xanı hesab edərək, müdərris - müəllim adlanırmış və cəmi şairlərin onun "sözünün dəminə" gəldiyini bildirmişdir. Özünün də, busevdanın - təsirinə düşməsinə and içmişdir: "Vallah, billah, sən düşdüyün sövdayə, Artıq mən fəqirin sərinə gəlmiş", - demişdir.

Tarixi faktlarla məlumdur ki, M.P.Vaqif ilk vaxtlar Şuşada müəllimlik etmiş, Şuşanın nücəbalarının övlalarına dərs vermişdir. Heç, şübhəsiz, bunların sırasında elmli, savadlı, hətta ilhamlı adamlar yetişmişdir. M.P.Vaqifİbrahim xan Qarabağinin övladlarına da dərs vermişdir. Bunlardan Ağabəyim ağa (1780-1832) və "Tuti" təxəllüslü Əbülfət ağa müəllimlərinin təsiri ilə şeirlər yazmışlar. Ağabəyim ağanın bayatıları məşhurdur. Ağabəyim Ağaqabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Azərbaycanca, farsca şeirlər yazmışdır.

Y.V.Cəmənzəmənlinin yazdığına görə Vaqifin şeirlərinin üzünü öz bəyazına köçürərmiş vəonlara bənzər qoşmalar, bayatılar yazarmış. Bizə gəlib çatan və dillər əzbəri olan bayatları da, bunlardır...

Qərib bir diyarda ömür-gün sürən, min nazın, nemətin içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Qəriblikdə Qarabağ fauna və florasından apartdıraraq orada saldırdığı "Vətən bağı" gülüstanı da onun Vətən-Qarabağ həsrətini ovutmur:

"Vətən bağı" al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül", -

deyə fəğan çəkir...
Əbülfət xan Tutinin (???- 1839) də, yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan TutininMəhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirəsində əksini tapan bir qəzəlindən iki beyt:

O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,
Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.

...Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,
Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.

Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər:

Tuti səndən gözəl söz deyə bilməz,
Sənin ağzından söz şəhdilə çıxar.

Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifə layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimivəsf olunur".

"Məcmueyi-divani Vaqif və digər müasirləri" adı altında çap olunmuş kitabda Vaqiflə yanaşı M.V. Vidadinin, Aşıq Pərinin, Acizin, Sabit Şəqaqinin və başqalarının da əsərlərinin çap edildiyi bildirilir.

Firidun bəy Köçərli yazır: "...Qafqaziyada hər bir əsr və zamanda sair möhtərəm və danişmənd şəxslər vücudə gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdır. ...Şüəradan: Nişat, Ağaməsih Şirvani, Mirzə Əsgər, ZülaliŞirvani, Yusif Kosa, Asəf, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Məhərrəm Məriz Qarabaği və Fətəli bəy Hali Ziyadoğlu Gəncəvi.

Dağıstanda məşhur üləmadan bunların adları zikr olunur: Məhəmməd Qədəqi, İbrahim Ürəvi, Fazil İmaqi, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.

Yuxarıda adları zikr olunan şüaradan ki, cümləsi xan əsrlərinə mənsubdurlar, ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsrinin və ondan sonra vücuda gələn bir çox şüəranın ustadı və pişrəvi olubdur. Sadə ana dilimizinşivəsində əvvəlcə şeir yazan Molla Pənah Vaqif olubdur".

Firidun bəyin bu müşahidəsi sübut edir ki, təkcə Qarabağ ədəbi mühitinə deyil, Azərbaycanda xanlıqlar dövrü və ondan sonra yazıb-yaratmış bütün Azərbaycan ədəbi mühitinə Molla Pənah Vaqifin bir ustad kimi böyüktəsiri olmuşdur... Misal üşün, XIX əsrdə Xurşidbanu Natəvanın mənzum məktubuna Şamaxının Udulu kəndindən Molla Musa Şirvaninin şeirlə cavabı bu təsirlənmənin hüdudlarını aşkar göstərir:

Yetişdi xoş namən bizə, xan qızı,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Dərddidən dərddiyə salam eylərəm,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.

Məlumdur ki, o dövrün mənzum məktublaşmasında belə bir qayda var idi ki, cavab da eyni qəlibdə, eyni qafiyədə olmalı idi. 1870-ci ildə yazılmış bu cavab belə bir güman yaradır ki, Natəvanın mənzum məktubu qoşmajanrında, Vaqifanə bir üslubda, tərzdə olmuşdur.

F.Köçərli daha sonra yazır: "...Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də, Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Millişairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssanatlı, gözəl və açıq kəlam söyləməkda acizqalıblar".

Təkcə Azərbycanlı şairlər deyil, türkcə şeir yazan ermənilər belə (Mirzə Yusif Qarabaği (1794-1864) və Mirzəcan Mədətov) onun poeziyasının cazibəsində olmuş, hətta onların təşəbbüsü ilə Molla Pənah Vaqifinşeirlərindən ibarət "Məcmueyi-divani Vaqif və digər müasirin" adlanan ilk kitab 1856-cı ildə Teymurxanşurada buraxılmışdır. Ümumiyyətlə, M.P.Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və ermənimühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməniəlifbaları ilə yazıya alınmışdır.

M.P.Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıqpoeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.

M.P.Vaqifin müasirlərindən onun dostu Şirvan xanı, "Müştaq" təxəllüsü ilə şeirlər yazan Məhəmmədhəsən xan Şirvani ilə də şeirləşmiş, o da, M.P.Vaqifi yüksək qiymətləndirərək ona bir tüfəng, at və kürk hədiyyəedərək yazmışdır:

Şeirinə təhsin ki, yetməz heç bir əşar ona,
Hər kimin var isə həddi, söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin kim, gəlməz istisfar ona,
Eybdir Müştaqdan bu sözləri izhar ona,
Tutmasın nəzm rəkakət, var isə kəmtər tüfəng.

M.P.Vaqifin müasirlərindən biri də, şair Ağqız oğlu Piridir. Ağqızoğlu Piri M.P. Vaqif və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır. Güman olunur ki, Molla Pənah Vaqifin qardaşıdır. Heca vəzni iləyazılmış şeirləri vardır...

Ağqız oğlu Piri, sən məni əkmə,
Özgənin yurdunda o damı tikmə,
Qeyri gözəllərdən heç fikir çəkmə,
Sən elə o gözü çərəni saxla!

Ağqız Pirinin elə şeirləri var ki, hətta tədqiqatçılar onu M.P.Vaqifin şeiri kimi qəbul ediblər. Məsələn, Firudin bəy Köçərlinin kitabında "Eylərsən" rədifli, M.V.Vidadiyə müraciətlə yazılan şeir M.P.Vaqifin şeiri kimi qəbul edilmiş, sonradan məlum olmuşdur ki, bu Ağqız Pirinin şeiri imiş:

Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiyamət eylərsən?!
Yaman gözdən Allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən.

M.P.Vaqifin müasirlərindən biri də, şair Dəllək Murad (XVIII əsr) olmuşdur ki, bizə gəlib çatan nümunələrdə tamamilə M.P.Vaqif ruhunun təsiri aydın görsənir:

Qadir Allah, budu səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə.
Qeybi xəzinəndən yetir ruzisin,
Sən mərdi namərdə möhtac eyləmə.

Onlardan biri də, Mirzə Camal Qalabəyi idi. M.P.Vaqif Ağa Məhəmməd şahın qətlinə yazdığı və öz müasiri M.V.Vidadiyə göndərdiyi "Bax" rədifli "Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax, Ruzigara qıl tmaşa, karə bax, kirdarə bax" məşhur şeirinin məzmununa uyğun Mirzə Camal Qalabəyi də şeir yazmışdı:

"Ari, bu növ adət edibdir bu rüzigar,
Hərgiz cəlali şövkətinə yoxdur etibar.
Nakam, həsrət ilə gələnlər gedib tamam,
Sultanü xan, mirü gəda, şahüşəhriyar".

Mövzu, məzmun və hadisəyə münasibət, hətta bəzi ifadələr də oxşardır...

M.P.Vaqifin müasirlərindən biri də Aşıq Valeh idi. Aşıq Valehin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövrdə aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata təsir göstərirdi. Yazıb-yaradan şairlərlə aşıqlar arasında da müəyyən yaxınlıq, dostluq var idi. Onlar hətta deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər. Bu zaman Aşıq Valehin əlaqə saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri apardığı, fəxr və iftixar hissi ilə adını çəkdiyi sənətkarlardan biri də Molla Pənah Vaqif olmuşdur. Bunu Aşıq Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və misralardakı müraciətlərindən, el söyləmələrindən aydın görürük. Məsələn, o illərdə aşığın yaratmış olduğu bir şeirində deyilir:

Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.

Bu misralarda aşığın Molla Pənah Vaqifə olan səmimi münasibəti, duyğuları, onu özünə ustad bilməsi açıq şəkildə görünür. Hətta bəzi şeirlərindən görünür ki, Qarabağ vilayətində xalqı incidən zülmkarlardan Aşıq Valeh vilayətin baş vəziri, həm də yaxın dostu kimi Vaqifə müraciət edərək ondan kömək diləmişdir. Məsələn, şeirlərinin birində deyilir:

Molla Pənah, ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı axtaran biçarə kəslər
Həmdəm olub yenə ahu-zarə, bil.

Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar. Bu mərhələdə Qarabağ aşıqları məşhur idilər. Bunların sırasında Aşıq Valehin babası şair Məhəmməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı olmuş Aşıq Səməd və digərləri də olmuşdur. M.P.Vaqifin Qarabağ aşıqları ilə sıx əlaqəsi olmuş və bu əlaqələr onların yaradıcılığına müsbət təsirini, şəksiz, göstərmişdir.

M.P.Vaqif ədəbi məktəbi XIX əsr Azərbaycan poeziyasında, o cümlədən də Qarabağ ədəbi mühitində yeni, coşqun bir vüsət aldı, tamamilə təzə, orijinal axara düşdü...

XIX əsr Qarabağ ədəbi mühitinin Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşud banu Nətavan, Abdulla bəy Asi, Həsənəli xan Qaradaği, Məşədi Məhəmməd Bülbül, Sədi Sani Qarabaği, İbrahim Tahir Musayev və başqalarının yaradıcılığında M.P.Vaqif poeziyasının təsiri aydın sezilməkdədir. Ümumiyyətlə, Şuşada fəaliyyət göstərən "Məclisi-üns", "Məclisi-fəramuşan" ədəbi məclislərinin 40-dan çox üzvünün yaradıcılığında, məktublaşmalarında, müaşirələrində, xalq deyim tərzində yazdıqları əsərlərində M.P.Vaqif irsinin mükəmməl təsiri olmuşdur.

Ədəbiyyatşünas Nəsrəddin Qarayevin "XIX əsr Azərbaycan ədəbi məclisləri" tədqiqatında da göstərildiyi kimi, bu ədəbi məclislər içərisində həm iştirakçılarının sayına, həm də başqa ədəbi məclislərlə əlaqələrinə görə "Məclisi-üns" xüsusi yer tutur. Bu məclisin səsi-sədası nəinki Azərbaycanın ətraf, yaxın əyalətlərinə, həttaTiflis, İrəvan,Təbriz, Tehran, Aşqabad və başqa şəhərlərə belə yayılmışdı.

XIX əsrdə Şuşada və Qarabağın kəndlərində onlarca şair yazıb yaradırdı. Bu zaman Xurşidbanu Natəvan, Qasım Bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva (Arif), Mirzə Əsəd, Aşıq Pəri kimi şairlər bir yerə toplaşar, qızğın müşairələr, deyişmələr keçirərdilər. Mirzə Əbdülqasım, Hacı Abbas Ağəh, Mirzə Rəhim Fəna, Mirzə Hüseyn Salar, İbrahim bəy Azər, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmayi, Natəvanın oğlu Mehdiqulu xan Vəfa, Abdulla bəy Asi, Məhəmməd bəy Məxfi, Mirzə Sadıq Fəna, Mirzə Cəfər Köhnəfüruş, Həsən Qarabaği və başqaları...

"Məclisi-fəramuşan" isə Mir Möhsün Nəvvab ağanın təşkilatçılığı ilə qurulur. Burada Xan Qaradaği, Məşədi Əyyub Baki, Mirzə Cəlal, Səməd bəy, Bəhram bəy Vəzirovlar, Mirzə Əbdül Şahin, Həsən Qara Hadi, Mirzə İbrahim Tahir, Mirzə Fati xanım Kəminə fəaliyyət göstərirlər...

Bu məclislərdə bir sıra şairlər bilik və fəsaətlərini nümayiş etdirmək üçün fars dilində də şeirlər yazırdılar. Amma əsas üstünlük Azərbaycan dilində yazılan qəzələ və hecada yazılan şeirlərə üstünlük verilirdi. Bu şairlərin, demək olar ki, hamısının dil və üslubunda, mövzuya münasibətlərində M.P.Vaqifin təsiri aydın görsənirdi. Xüsusən, bədii təsvir, seçilən mövzuya realist münasibət, həyatilik, qəzəldə dil sadəliyi və anlaşıqlığı, təfəkkür və düşüncə tərzindəki aydınlıq, yenilik bunu sübut edir. Xurşidbanu Natəvanın qəzəlindən bir beyt:

Hicrin edibdir könlümü bərbad, ağlaram,
Çoxlar tutar bu halıma irad, ağlaram".

Burada dilin aydınlığı, şəffaflığı ilə M.P.Vaqifin poetik dilinin şəffaflığı üst-üstə düşür. M.P.Vaqifin M.V.Vidadiyə müraciətən dediyi qəzəlin son beytlərinə diqqət edək:

Ey Vidadi, qəmi-hicranə giriftar olmaq
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.

Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

Budur, elə bil, bu qəzəl XVIII, ya XIX əsrdə deyil, XX əsrdə, Əlağa Vahid dövründə yazılıbdır... Hətta, rədiflər də eynidir... Bunlar hamısı Molla Pənah Vaqifin əbasının altından çıxıblar ki, bunu heç cürə danmaq olmaz!!

Mir Möhsün Nəvvabla Mirzə Ələsgər Növrəsin məktublaşması Vaqiflə Vidadinin mənzum məktublaşması ilə paralellik təşkil edir:

Növrəs, nə yatıbsan qəflət içində,
Ağırlaşıb gözün, qanə dönübdür.

misraları ilə başlanan şeirinə Növrəs də, eyni vəzn və qafiyə ilə cavab vermişdir.

Burada bir cəhəti qeyd edək ki, Şuşada fəaliyyət göstərən ədəbi məclislərdə klassik poeziya ənənəsi, əsasən də qəzəl janrı üstünlük təşkil etmişdir. Lakin burada dilin sadəliyi, anlaşıqlığı, ərəb-fars tərkiblərindən uzaqlaşmağa meyl M.P.Vaqif ənənəsindən gəlirdi. Həmçinin, bu o demək deyildi ki, bu şairlər heca vəznində yazmırdılar. Belə deyildi, məsələn, gətirdiyimiz nümunə, eləcə də, "Məclisi-fəramuşan"da fəaliyyət göstərən, oxuculara az məlum olan Qarabağın yetirməsi, ikidilli şairlərdən biri də Məşədi Əyyub Baki olmuşdur.

M.Ə.Bakinin "Riyazül-məhəbbət" adlı "Divan"ına daxil olan şeirlərini, eləcə də ayrı-ayrı cüng və məcmuələrdə olan bayatı, qoşma və şikəstələrini nəzərdən keçirəndə realist poetik təfəkkürün struktrunda M.P.Vaqif tərzinin aşkar izləri və təsiri görsənməkdədir. "Məşədi Əyyub Baki gənc olmasına baxmayaraq artıq 25 yaşında ikən Qarabağın sayılıb-seçilən şairləri səviyyəsinə ucala bilmişdi. Onunla məclis üzvlərinin yaxın dostluq əlaqələri olmuş, ayrı-ayrı şairlərlə, məclisin rəhbəri Mir Möhsün Nəvvabla müşairələri, bədahətən şeir deməsi onu hamının sevimlisi etmişdi. Baki son dərəcə hazırcavab və istedadlı şair idi. Məclisdə bədahətən deyilən beytlərə ilk cavabı da o verərmiş".

Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən biri də, yenə də oxuculara az məlum olan Məhəmmədəli bəy Məxfi idi. Şair bəzi tədqiqatçıların Molla Vəli Vidadi ilə səhv saldıqları, Qarabağ xanı İbrahim xanın dostu Mirzə Vəli Vidadinin nəvələrindən olub. Onun atası Məşədi Əsədulla bəy Vəlizadə də şeir yazarmış... Məxfinin babasının, atasının və özünün poetik təfəkkürünün formalşmasında M.P.Vaqif irsinin təsiri olmuşdur. Məhz bunu Məxfinin tədqiqatçıları da (filologiya elmlər doktoru Raqub Kərimov) aşkar edərək yazır: "Məhəmmədəli bəy XIX əsrin bir çox şairləri kimi Füzuli ədəbi məktəbinin nümayəndəsi olmuş, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənmişdir. Lakin o, sələflərindən fərqli olaraq məhəbbətin ən uca pilləsi olan platonizmdə dayanmır. Onu səmalardan endirib reallaşdırmağa, həyatiləşdirməyə çalıır" ki, burada o,

M.P.Vaqif məktəbinin sırasına keçmiş olur.

XIX əsr ədəbiyyatımızın nümayəndəsi, şair, pedaqoq, maarifçi Həsənəli ağa Xan Qaradağskinin lirik şeirlərinin ruhu, realist qanadı M.P.Vaqif ədəbi məktəbinin ruhuna uyğun idi. O, "Məclisi-fəramuşan" ədəbi məclisinin fəal üzvlərindən biri kimi tanınmışdı...

M.P.Vaqif ədəbi məktəbinə rəğbət bəsləyən şairlərdən biri də, 1858-ci ildə Şuşada dünyaya gəlmiş, XIX əsr Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan, müasirləri tərəfindən ehtiramla yad edilən Məşədi Məhəmməd Qaryağdı oğlu Bülbül görkəmli müğənni və musiqiçimiz Cabbar Qaryağdı oğlunun böyük qardaşıdır. Müğənni olmasına baxmayaraq, şeir yaradıcılığı ilə də məşğul olmuş, Qarabağ ədəbi məclislərinin fəaliyyətində iştirak etmiş Vaqifanə qəzəllər, gəraylılar və bayatılar söyləmişdir.

Qarabağ ədəbi mühitinin ən istedadlı nümayəndələrindən biri Abdulla bəy Asi (1841-1874) olmuşdur ki, onun üçün heç bir müşkül şeir forması mövcud deyildir. O, şifahi xalq ədəbiyyatından gələn janrlara yaxından bələd olduğu kimi, rəngarəng klassik şeir şəkillərindən də məharətlə istifadə edə bilmiş, Vaqif poetik irsindən bəhrələnmişdir.

Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Sədi Sani Qarabağı Türkiyənin Amasiya şəhərində yaşayan həmyerlisi, nəqşbəndi təriqəti mürşidi Mir Həmzə Seyid Nigarinin yanına gedərək onun müridi olmuşdur. Təriqət nümayəndəsi olduğuna baxmayaraq şairin yaradıcılığında həyatın realist təsvirinin, real gözəlin vəsfinin, ictimai nöqsanların tənqidinin üstünlük təşkil etdiyini görürük ki, bunlar da M.P.Vaqif ədəbi məktəbindən süzülüb gələn cəhətlər kimi, diqqəti cəlb edir.

Qarabağ ədəbi mühitinin yetirdiyi Mir Mehdi Xəzani XIX əsr mədəniyyətimizə tarixçi-alim, həm də istedadlı şair kimi daxil olmuşdur. Son dövrlərə qədər onun ədəbi irsinin yalnız bir hissəsi oxuculara məlumdur. Mir Mehdi Xəzani poeziyası təkcə məhəbbət mövzulu şeirlərlə məhdudlaşmır. Zəngin həyat tərcübəsi, geniş dünyagörüşü olan şairin yaradıcılığında yaşadığı mühitin çatışmazlıqları, məhdud cəhətləri, cəmiyyətdəki neqativ hallar bu və ya digər dərəcədə əksini tapır. Təbii ki, şair bu çatışmazlıqları üsyankarcasına deyil, müdrik el ağsaqqalı, təcrübəli din xadimi və sadiq Allah bəndəsi kimi M.P.Vaqifin "Görmədim" rədifli şeirinin ruhuna uyğun bir poetik yanaşma üsulunda qələmə almışdır.

Qarabağ ədəbi mühitinin istedadlı şairlərindən biri də, Azərbaycan və fars dillərində yazan Məmo bəy Məmaidir (1842-1918). Bütün Qarabağ şairləri kimi, o da Vaqif yaradıcılığını yaxşı bilmiş, onun pərəstişkarı olmuşdur. Məmo bəyin M.P.Vaqifin "Bax" rədifli müxəmməsinə yazdığı bir nəzirə bu günümüzə gəlib çatmışdır:

Alim əfsad eyləsə aləm fəsad ilə dolar,
Düzdü rəhzənlər geyinmiş cameyi-əlayə bax.

Şairin 23 bənddən ibarət olan "Bizi məyus edən dəhrdə məyus olsun" müxəmməsi də onun poetik təxəyyülünün Vaqifanə realist istiqamətindən xəbər verir və elə bil, bu günün hadisələrinə yazılıbdır:

...Tarümar oldu vətən gülşəni, pamal oldu,
Bulbulani-vətən avarə qalıb, lal oldu,
Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən, dəhrdə məyus olsun.

M.P.Vaqif şeirinə nəzirə yazanlardan biri də "Şaki" təxəllüsü ilə şeirlər yazan Şəkili Rəşid Əfəndiyevdir (1863-1942). Rəşid Əfəndiyev Şaki Peyğəmbərimizin mədhinə yazdığı şeirində M.P.Vaqifin "Bəh, bəh, nə əcəb, şükür xudanın kərəminə, Olmaz belə qamət, belə gərdən, belə sinə" misraları ilə bəndlənən müxəmməsindən istifadə etmişdir: "Qurban belə elmə, belə fənnə, belə dinə, Bəh, bəh nə deyim, şükür xudanın kərəminə".
XIX əsrdə M.P.Vaqif ənənələrinin ən kamil davamçılarından biri də Aşıq Pəri olmuşdur. Aşıq Pərininin yaradıcılığı, öz dövrünün ən məşhur şairləri ilə qoşma və gəraylılardan ibarət mənzum məktubları, deyişmələri məlum olduğundan xatırlatmaqla kifayətlənirik... Molla Pənah Vaqifin yaradıcılığının bilavasitə təsiri altında XIX əsr Qarabağ ədəbi mühitində tənqidi-realist məktəbin əsasını qoymuş Qasım bəy Zakir kimi nəhəng nümayəndəsi yetişərək poetik inkişafın istiqamətini tamamilə yeniləmiş, Vaqif zirvəsinə yüksəlmişdir ki, bu barədə də, qədərincə tədqiqatlar və məlumatlar mövcuddur...

M.P.Vaqifin öz dövründə və sonrakı mərhələdə sevdirən, ustad səviyyəsinə qaldıran və ədəbi məktəb, poetik mühit yaratmaq qüdrətinə malik olması nə ilə bağlı idi? Qısa bir şəkildə ümumiləşdirəsi olsaq, qeyd edərdik ki, sənətkarın istifadə etdiyi janrlar o qədər də çox deyildir. Bunlar konkret olaraq aşağıdakılardır: qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər.

Göstərilən janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir. İş burasındadır ki, müəllif öz novatorluğunu, əsasən, qoşmalarında - xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən xeyli fərqlənsə də, orijinallıq keyfiyyətini tam şəkildə bərqərar edə bilmir. Bu yolda şair bir ənənəçi olaraq qalır. Ədəbiyyatımız tarixində Vaqifin söz xəzinəsinə ayrıca mərhələ hüququ qazandıran, onu ədəbi məktəbə çevirən, ilk növbədə, qoşmalarıdır...

Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik, realizm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindəndir. Həm də, onu sələflərindən fərqləndirən, ona ədəbi məktəb yaratmaq imkanı verən əsas keyfiyyət göstəriciləridir. Vaqif poeziyasının isnad etdiyi, seçdiyi aparıcı mövzular ənənəvi məhəbbətin, gözəlin və insan gözəlliyinin tərənnümüdür.

Vaqifin bədii təfəkkürünün və qələminin qüdrəti ənənəvi mövzunun istər forma-şəkil əlamətlərini, istərsə də mahiyyət-məzmun tərəfini köklü şəkildə dəyişə bilməsindədir. Yəni şair həm klassik poeziyanın ənənəvi janrlarını qoşma ilə əvəzlədi, həm deyim tərzini və ifadə üsulunu təzələdi, həm bədii metodu dəyişdi, həm də mahiyyəti mücərrədlikdən xilas etdi, ona yeni, real məzmun aşıladı. Bununla da estetik idealın köhnə, ənənəvi məzmununa da yeni təravət gətirmiş oldu. Əlbəttə, bunlar deyildiyi kimi, millilik, xəlqilik, realizm və sadəlik elementlərinin vəhdəti və təzahürü hesabına baş verdi.
Ümumiyyətlə, M.P.Vaqif xalq, xüsusilə aşıq poeziyasının yaradıcılıq texnologiyalarını, demək olar ki, zədələmədən bir küll halında yazılı ədəbiyyata gətirmiş, onu bir mahalın estetik zövqü miqyasından çıxarıb bütövlükdə Azərbaycan türklərinin klassik bədii təfəkkürü səviyyəsinə yüksəltmişdir. Vaqifin milli ruhu təzələmiş şeirindəki yenilik və millilik ondan sonra yranan ədəbi mühitin estetik kredosuna çevrilmişdir...

İndi biz 300 il bundan əvvəl yaşamış müasirimizin yubileyini qürur və təntənə ilə keçiririk. Akademik Nizami Cəfərov "Xalqın böyük şairi" məqaləsində haqlı olaraq göstərir: "Azərbaycan xalqının böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin üç yüz illiyinin bütün dünyada, xüsusilə vətəni müstəqil Azərbaycanda təntənə ilə qeyd olunması humanist, mütərəqqi tarixi şəxsiyyətə, onun ideyalarına, poeziyasının heç zaman öz təravətini itirməyəcək estetik təsir gücünə, sözün geniş mənasında "şirin dili"nə tükənməyən ehtiramdan, sevgidən, vurğunluqdan irəli gəlir".
Məqaləmizi Azərbaycan ədəbiyyat tarixçiliyinin babası, Şuşalı, erməni vandalizminin qurbanı, Azərbaycanda, eləcə də Gəncə-Qazax bölgəsində marifçiliyin inkişafında əvəzsiz xidməti olan Firudin bəy Köcərlinin sözləri ilə bitirirəm: "Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustadı adlanmağa haqqı vardır!!"

Ulu Səməd Vurğun 1935-ci ildə M.P.Vaqifə həsr etdiyi şerində yazmışdı və böyük şairin bu diləyi, arzusu 1982-ci ildə reallaşsa da, 1992-ci ildə, Şuşanın işğalından sonra erməni vandalları vaxtilə özlərinin beyət etdikləri böyük şairin bu abidəsini də, digər abidələr kimi dağıtmışlar:

Dolansan dünyanı sən qarış-qarış,
Tarix bir meydandır, ömür bir yarış.
Ölkəmiz yarışın ön səflərində,
Bir yeni dünya var hər əsərindəg
Qalxacaq, şairim, bir gün heykəlin,
Bizim Qarabağın Cıdır düzündə
Vaqif canlanacaq onun üzündə...

M.P.Vaqif Qarabağ ədəbi mühitinin yetirməsi olsa da, o milli təfəkkürün və dilin hələ XVIII əsrdə meydana çıxmış möhtəşəm hadisəsi kimi özündən sonrakı dövrlərin (elə bu günümüzün də...) poetik mühitinin yaranmasında, inkişafında olduqca mühüm əhəmiyyətə malikdir ki, bunu XXI əsrdə M.P.Vaqifin 300 illik yubileyinin müstəqil Azərbaycan respublikasında təntənə ilə keçirilməsi əyani sübutdur... /"Ədalət" qəzeti".-2017.- 21,22,23, 26 dekabr./

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Məcməüş-şüəra” ədəbi məclisi haqqında tədqiqata baxış

“Məcməüş-şüəra” ədəbi məclisi haqqında tədqiqata baxış

Humanitar elmlər, Elmi Məqalələr
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

"Elm və Təhsil"
Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Yeni nəşrlər, Qarabağ, Gəncə, Təbriklər
MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF

MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF

Naxçıvan, Elmi Məqalələr, Müsabiqə
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında

Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında

Elmi Məqalələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Bolus
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
Molla Pənah olan şair

Molla Pənah olan şair

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: