ƏHMƏD CAVAD ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ-BƏDİİ YARADICILIĞI Elm » Elmi Məqalələr 3 июня 2025 134 0 1 2 3 4 5 Mən xalqım üçün doğulmuşam, Xalqın taleyi mənim taleyim olacaq. Xalq, millət təəssübkeşliyi nəinki əməllərində, yaradıcılığından süzülən hər bir ifadədə, kəlmədə öz əksini tapan şair Əhməd Cavad xalq, millət, Vətən yolunda dönməzliyini kəsərli şəkildə ifadə etmişdir. Bu ifadələrin arxasında Vətən xoşbəxtliyi mənim xoşbəxtliyim, millət, xalq fəryadı, acısı mənim acım, fəryadım olacaq kəlmələri ilə öz taleyinin görücüsü kimi səslənirdi Əhməd Cavad. Bu, bir millət fədaisinin şüarı idi. Ə.Cavad ölümə gedən ölməzliyin cığırını seçmişdir. Nə ölüm, nə çətinliklər amalı dəyişməz. Məslək müqəddəs amallar uğrunda olarsa, onun dözülməzliyini də əvvəlcədən şərbət kimi içən el oğullarından idi Ə.Cavad. Onun həyatının ən böyük məqsədi mübarizə olmuşdur. O, sakitliyin içində mübarizəyə fırtına kimi atılan insanlardan idi. Adətən mübarizliyin təməli sakittəbiətli olmaqdan başlayır. Bu sakittəbiətliliyin daxilində sanki vulkan püskürən duyğular tüğyan edir. Ə.Cavadda hər şey aldığı ibtidai təhsillə başlayır. Məncə, müəllimləri onun qəlbində olan sevginin qığılcımlarını tez alovlandıra bilmişlər. Odur ki, yaradıcılığının birinci mərhələsinə daxil olan şeirlərindən azadlıq, mübarizlik, haqsızlığa, ədalətsizliyə, müharibələrin insan həyatında törətdiyi faciələrə etiraz qoxusu duyulurdu: Mən türk övladıyam, dərin ağlım, zəkam var Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar? Nə qədər ki ağlım var, məhkumluq var, mən varam! Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram. Əhməd Cavad türkçülük ideologiyasının carçısı, türk xalqları birliyinin təbliğatçısı, Vətəni azad, müstəqil görmək istəyən, azadlıq, müstəqillik uğrunda dayanmadan mübarizə aparan, Vətən, millət yolunda sonuna qədər dönməzlik göstərən fədailərin ümumiləşdirilmiş simvoludur. Fədailik onun içində tüğyan edən əvəzsiz sevgidən doğan xarakterik cəhət idi. O bu düşüncə ilə yoğrulmuş, mayası xalqımızın soykökündən götürülmüşdür. Ona görə də onu dəyişmək, sındırmaq, başqa şəklə salmaq qeyri mümkün idi. Vətən sevgisi ilə mübarizlik addımlarını atan insanları heç bir təzyiq, təsir dəyişə bilməmişdir. Əhməd Cavad da soykökündən qidalanan şəxsiyyət olduğu üçün dəyişməz olaraq sonuna qədər məsləyi uğrunda fədailik edir, amalına, əqidəsinə sadiq qalır. Azadlıq, müstəqillik arzusu insan mənəviyyatının müsbət xarakterik cəhəti kimi Əhməd Cavad ömrünün şüarı olmuşdur. Odur ki, yaradıcılığında Vətəni şan-şöhrət içərisində, bəxtiyar, toxunulmaz görmək onun şeirlərinin, yaradıcılığının əsasını təşkil etmişdir. Müharibələrə nifrət, müharibələrin törətdiyi fəlakətlərə etiraz, düşmən qarşısında əyilməzlik, azadlıq carçısı olaraq daim mübarizə aparmaq onun içində çulğalanan ən böyük xarakterik xüsusiyyət idi. Bu, Vətənə, elə, millətə, türkçülüyə olan sevgidən irəli gəlirdi. Vətən sevgisi ilə döyünən ürəyin yaratdıqları da onun azadlıq, tərəqqi, əmin-amanlıq içərisində yaşamasını tərənnüm edən ifadədən başqa bir şey ola bilməzdi. Bu düşüncələrin sahibinin həyatın hansı pillələrindən keçməsini izləmək, onun bu yüksəlişə çatmasının yollarının axtarışında olmaq heç də təəccüb doğurmaz. Axundzadə Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrli tirəsində ruhani ailəsində dünyaya göz açmışdı. Atası Axund Məhəmməd əslən cənubi Azərbaycandan olan tacir-ruhani ziyalılarının nəslindən olmuşdur. Axund Məhəmməd elinin, obasının sayılıb seçilən ziyalısı kimi tanınırdı. O, başqa uşaqlar kimi Cavada da ərəb dilində yazmaq, oxumaq öyrətmiş, onu əsl ziyalı kimi görmək istəmişdir. 5 yaşından oxumağa başlayan Cavad 7 yaşında ikən hafız səviyyəsində “Qurani-Kərim”i sərbəst oxuyur və surələri əzbərdən deyirdi. Cavad çox erkən atasını itirir. Anası Yaxşı 1906-cı ildə onu Gəncəyə, əvvəlki ərindən olan qardaşlarının yanına gətirir. Əslində xalq folklorunu çox gözəl bilən Yaxşı oğlunu təhsilli görmək istəyirdi. Gəncəyə bu gəlişi ilə bağlı Ə.Cavadın 1908-ci ildə yazdığı “Gəncəyə gəldim” şeiri onun ilk şeirlərindən sayıla bilər. Qardaşları Məsim və Qulu dəmirçi olsalar da, Cavadı qohumları Hüseyn kişinin köməkliyi ilə 1906-cı ildə Şah Abbas məscidinin nəznindəki Yelizavetpol Müsəlman Ruhani Seminariyasına qoyurlar. Cavad seminariyada əla qiymətlərlə oxuduğuna görə “Xeyriyyə” cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Müəllimləri Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə, əslən türk olan Savad Cavad onun təhsilində, formalaşmasında və yaradıcılığında əvəzsiz xidmətləri olan şəxsiyyətlərdir. A.Sur Ə.Cavad haqqında təkcə əhatəsində olan şairlərə deyil, dostu Qordivskiyə ünvanladığı məktubunda ona gənc yazar kimi böyük ümid bəslədiyini, onunla qürur duyulacaq bir şəxsiyyət olacağını ifadə etmişdir. Ə.Cavadın müəllimlərindən biri - Abdulla Tufi Şaiqə ünvanladığı məktubda yazırdı: ”Tələbələrimin içində Ə.Cavad adlı bir gənc var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümid verir. Lisanı sadə və aydındır”. 1912-ci ildə təhsilini başa vuran Ə.Cavad Azərbaycan, ərəb, fars dillərini bilməklə yanaşı başqa elmlərə də dərindən yiyələnmişdir. 1912-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək “Şərəfli türk və fars dilləri müəllimi” adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Kiçik şeirlərlə yaradıcılığa başlayan Ə.Cavad 1910-cu ildən müxtəlif qəzet və jurnallarda lirik şeirləri və tənqidi məqalələri ilə çıxış etmişdir. İlkin olaraq qəzəl və qitə janrına üstünlük verən şairin şeir dili fars və ərəb sözləri ilə zəngin olmuşdur. Bu təbii bir hal idi, çünki bu klassik ədəbiyyatdan qaynaqlanmağa və ilk təhsilinə işarə idi. Bununla yanaşı xalq dilinə yaxın sadə dildə yazdığı şeirləri də vardı. Hətta 1913-cü ildə qələmə aldığı “Dilimiz” şeirində dilimizin saflığının qorunmasına öz fikrini ifadə etmişdir. Baxaq dilimizə nələr görünür Oxuyub anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə. Ki anlasın bu söz, ərəbmi, farsmı? 1912-ci ildə Balkan yarmadası ətrafında savaş başlarkən azərbayanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedir. Həmin könüllü dəstənin tərkibində Ə.Cavad da əqidə dostları Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə türk döyüşlərində iştirak edir. Onun Balkan döyüşlərində iştirakı haqqında Hüseyn Baykara “Azərbaycanın istiqlal mübarizə tarixi” kitabında yazmışdır: “Ə.Cavad türk xalqının dərdləri ilə dərdlənmiş, sevincləri ilə sevinmişdir.” Türk tarixçilərinin verdiyi məlumata görə Ə.Cavad müharibədən sonra Türkiyədə qalmaq niyyətində imiş, lakin türklər ona Azərbaycanda ona ehtiyac olduğunu xatırladarkən Ə.Cavad burda dayanmır, Vətənə qayıdır. Ə.Cavad müharibə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Bir çox qəzetlərin müxbiri vəzifəsində çalışan Ə.Cavad çıxış və məqalələrini “İqbal”, “Yeni İqbal”, “Şəlalə”, “Açıq söz”, “Azərbaycan”, “Maarif və mədəniyyət”, “Arı”, “Maarif işçisi” mətbuat orqanlarında dərc etdirmişdir. Bu dövrdə onun yaradıcılığında bayatı, xəbərlər və publisistika ilə yanaşı reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr, nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi esselər, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı. 1914-cü ildə “Açıq söz” qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdir. Onun əsərlərinin çap edilməsinə Məhəmməd Əmin Rəsulzadə köməklik edirdi. “Açıq söz” qəzeti “Müsavat” partiyasının orqanı idi. M.Ə.Rəsulzadə Məhəmməd Əli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. Ə.Cavadın M.Ə.Rəsulzadə ilə xüsusi yaxınlığı - milli idealarla bağlılığı onu bu qəzetə gətirmişdir. Ə.Cavad 1912-ci ildə sevimli müəllimi Abdulla Suru itirir. Müəlliminin dəfn mərasimində etdiyi möhtəşəm çıxışını və onun haqqında yazdığı şeiri 1912-ci il may ayının 17-də “İqbal” qəzetində dərc etdirir. Onun “Utan”, “Müəllim”, “Fələk dil kabab...” adlı 34 səhifəlik əlyazması mədrəsədə təhsil aldığı illərin qələm təcrübəsinə aiddir. “Məktəb” jurnalı ilə də əməkdaşlıq edən Ə.Cavad 1911-ci ildə yazdığı “Bir-birimizi sevəlim” məqaləsini və uşaq şeirlərini həmin jurnalda çap etdirmişdir. Bütün türk dünyasında məşhur olan, hətta Atatürkün stolüstü kitabına çevrilmiş “Qoşma” adlı kitabı 1916-cı ildə Bakıda “Açıq söz” mətbəəsində nəşr olunmuşdur. Kitabda müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləri Xosrovbəy Sultanovun səyi ilə toplanmış, “Cəmiyyəti-Xeyriyyə” tərəfindən nəşr edilmişdir. Kitab çap olunanda Ə.Cavad Batumda imiş, o bu hadisədən 1 il sonra xəbər tutur və “Təşəkkür” adlı məktub ünvanlayır. Şair Azərbaycan Maarif İşləri İttifaqına yazdığı ərizədə bildirirdi: “1916-cı ildə “Qoşma” adlı 1-ci şeirlər məcmuəm çıxdı. Şeirdə intixab etdiyim üsul gərək Azərbaycanda, arzusa, bəlkə Türk ölkələrində bir yenilik olaraq tələkki edildi”. Ə.Cavadın bu kitabında dərc olunan şeirləri Vətən sevgisindən yoğrulmuş, onun azadlığı üçün sinəsini sipər edərək onu qanlı-qadağalı anlardan qurtarmaq istəyən insanın çağırışına bənzəyir. Yaradıcılığının başlanğıcı və zirvəsi sayılan “Qoşma” şeirlər silsiləsində yazdığı fikir və ideyalarında gülzara dönmüş vətən arzusu ilə yaşayan sənətkarın müharibələrə nifrəti, müharibələrin törətdiyi fəlakətlərə qarşı birgə mübarizə aparmaq ideyası təbliğ olunur. Azadlıq, sülh içərisində yaşamaq onun yaradıcılığı üçün birtərəfli mövzu olmamışdır. O, türk xalqlarının birliyini arzulayan, türkçülük amalı ilə yaşayan, eyni zamanda insanlığın azadlığını arzulayan bəşəri dəyərli sənətkar, yazar olmuşdur. Mövhumatdan, cəhalət əsarətindən qurtarmağa, elm, maarif yolu ilə tərəqqiyə nail olmağa, daim inkişafa səsləyən sənətkar nadanlığa sürükləyən qüvvələri ifşa etmiş, öz qılıncı-kəsərli qələmi ilə xalqı, milləti oyatmağa çalışmışdır. Ədəbiyyatımızda intibah deyiləndə Nizami, məhəbbət deyiləndə Füzuli, Cümhuriyyət deyiləndə Ə.Cavad yada düşür. Bəli, Ə.Cavad mübarizliklə yoğrulmuş, mübarizə yolunu seçmiş, hər iki silahı ilə döyüşmüş əsgər, qəhrəman, fədai, şəhid olmuşdur. 1914-cü ildə Osmanlıların dünya savaşına girdiyini eşidən Ə.Cavadın içi-içinə sığmır. O, “Çırpınırdı Qara dəniz” şeirini yazır. Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! “Ah!” deyərdim, heç ölmzədim Düşə bilsəm ayağına! Türk ellərinin qüdrətini böyük duyğu, sevgi ilə qələmə almaq Ə.Cavad fırçasının ən gözəl rənglərindən idi. O, türk xalqlarının mübarizə yolunda bütün varlığı ilə çırpınmış bir şəxsiyyət idi. Türklərin ən ağır günlərində var qüvvəsi ilə köməyini, əməyini əsirgəməmiş, gecə-gündüz vuruşmuşdur. Ə.Cavad Bakı “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin üzvi idi. Hacı Zeynalabdin Tağıyevin Ə.Cavada böyük inamı və ehtiramı olduğu üçün “Xeyriyyə” sənədlərinin sənədlərinin imzalanmasında ona sərbəstlik verilmişdir. Ə.Cavad da bu xeyriyyəçilikdən Türkiyə darda olarkən böyük məqsədlər üçün istifadə etmişdir. Yüzlərlə uşağı Türkiyədən Bakıya gətirib himayə üçün ailələrə vermiş, 6500 qadını zillətdən qurtarmışdı. O bu haqda “İqbal”, “Açıq söz”, “Yeni iqbal” qəzetlərində ürəkyıxıcı məqalələr yazaraq türk millətinin faciəsini əks etdirirdi. Türk ədibləri yazır: “Onun ruhlara işləyən misraları türk əsgərlərinin ruhunu yüksəldirdi”. Ey Əsgər Dağı-daşı sancağını öptürür Duman kimi bu dağları bürüdün! Dənizlərə salam rəsmi yaptırın. Göylərdəki bulud kimi yürüdün Yürü, yürü batan günün üzünə Gülümsəyir dağın günəş yüzünə! O, “Qardaş köməyi cəmiyyəti”ni yaradaraq Azərbaycan vətəndaşlarını mübarizə yoluna dəvət edir, eyni zamanda bu məqsədlə Batumiyə gedir. Orada da mübarizə yolunda birlik yaratmaq fəaliyyətini davam etdirir. Həm bəşəri dəyərlərə məxsus sevginin, həm də fərdi ülvi sevginin təcəmçüsü olan Ə.Cavad burda Acariyanın bəylərindən olan Süleyman bəyin qızı Şükriyyəni görüb ona bir könüldən min könülə məftun olur. Bir gülşən dərmişəm gənclik bağından Bir gülü, çiçəyi dərmərəm sənsiz! Kam aldım ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz! Misraları ilə Şükriyyəyə sevgisini izhar edən Ə.Cavad öz dostlarını elçi göndərir. Süleyman bəy isə elçilərinə: “Ə.Cavadı tanıyıram, yaxşı şairdir, amma mən qızılbaşa qız vermərəm”, - söyləyir. Dostları isə cavabında: “Verməzsiz, qaçırdarıq”, - söyləmişlər. Əhməd Cavad Şükriyyə xanıma olan sevgisində də dönməzlik nümayiş etdirir. Süleyman bəyin rədd cavabından sonra inamlı addımlarını atır, Şükriyyəyə bulaq başında: “Səni aparsam mənimlə gələrsənmi?”- söyləyir. Şükriyyə xanım onunla razılaşır. O xatirələrində söyləyirdi: -Piyada yolla gedib faytona mindik. Məni Şəmkir rayonunun Seyfəli kəndinə apardı. Orda 5 hektarlıq torpağı vard. Təsərrüfatla da məşğul olurdu. Qohumları haqqında: ”Onlara hörmət et, palçıqlı ayaqqabı ilə evin başına keçsələr belə, onlara bir söz demə, hörmət et, yaxşılıq yerdə qalmaz”, - deyirdi. 1916-cı ildə İstanbulun ingilislər tərəfindən işğalı xəbəri onu sarsıdır. Türk birliyi xəyalına zərbəni duyan Ə.Cavad “İstanbul” şeirini yazır: Mən sevdiyim mərmər sinəli yarın, Deyirlər qoynunda yabancı əl var? Baxıb üfüqlərə, uzaq yollara Ağıyormuş mavi gözlər, axşamlar! A, ey solğun yüzlü, dalğın İstanbul! Mavi gözləri ipək bayğın İstanbul! Yunis Zeyrək Ə.Cavad haqqında söyləyir:”Həm qələmi, həm də siyasi mübarizəsi ilə döyüşmüş Ə.Cavad”. Azərbaycan istiqlaliyyətinin qurucularından biri kimi tanınan Ə.Cavad bu anları əvəzsiz sevinclə yaşamış, bunu şeirlərində qələminin gücü, sözünün əsrarəngiz gözəlliyi ilə ifadə etmişdir. 1918-ci ilin iyununda səmanı poetik kətanda canlandıraraq “Bayraq” şeirini yazmışdır. Biz şeirdə Ə.Cavad dühasını, istəyini, həyata keçmiş arzularının ifadəsini görə bilirik. 23 aylıq sevinci kədər bürüyür. “Qızıl ordu” Bakıya soxulur. Müsavat partiyasını bolşeviklər devirir. Bu zaman milli ədəbiyyat pislənir, məhv edilməyə başlayır. Bu Ə.Cavad üçün çox təhlükəli idi, amma o, ölkəsini tərk etməyi düşünmür. Qaynatası Süleyman bəy ona Türkiyəyə keçirmək təklifini etsə də, Ə.Cavad bunu qəbul etmir. Qırmızı terrorun həyəcanları duyulduğu bir vaxtda onu öz həmkarları, qələm yoldaşları bu günə qədər yazdığı şeirlərinə, əsərlərinə görə ittiham edirlər. Ə.Cavad təkrar-təkrar əksinqilabçı,müsavatçı adı ilə həbs olunur, dindirilərək buraxılır. Təqiblərdən əl çəkməyənlər “Göy-göl” şeirini tərcümə edərək Moskvaya göndərirlər. Ə.Cavad Vətən simvolunu dağ, daş,sevgili simvolunda təsvir edərək iz itirmək istəmişdir. Ancaq Vətənin mədhi, Vətən, azadlıq ideyaları açıqlandığı üçün təkrar tutulur. Bu dəfə də o öz günahsızlığını isbat etdiyi üçün buraxılır. Əslində o hər gün təqib edilirdi. Bu Vətən təəssübkeşli əsl sənətkara edilən paxıllığın, gözügötürməzliyin sahibi olan insanların əməllərinin təzyiqindən yaranırdı. 1928-ci ildə Ə.Cavadın Türkiyədə “İstiqlal” məcmuəsində şeirləri işıq üzü görür. Bu şeirlər türk dünyasının sevgisini qazanır. Ə.Cavad 1929-cu il 31 oktyabrda “Kommunist” qəzetində yazılanlara “Şiddətli prostesto edirəm” məqaləsi ilə çıxış etdi. Bu həmkarlarından Abdulla Faruqun “Sonadək ifşa etməli”, Ağahüseyn Rəsulzadənin “Sıralarımızda düşmənlərə yer yoxdur”, Cəfər Xəndanın “Sıralarımızı təmizləyəlim”, M.S.Ordubadinin “Təmizliyə başlanmalıdır”, Mir Cəlalın “Amansız olmalı”, Səməd Vurğunun “Səhvlərimiz haqqında”, Seyfulla Şamilovun “Sayıqlığın cütləşdiyi yerdə” məqalələrinə cavab olaraq yazılmışdır. Lakin təqiblər dayanmırdı, bir nəfərə qarşı bir ordunun hücumu başlamışdı. Aysun Demrez söyləyir: “Əhməd Cavad övladlarına düşkün bir ata idi”. Onun Aydın, Gükay, Niyazi, Yılmaz adlı dörd oğlu, Almaz adlı bir qızı var idi. 1936-cı ildə qızı Almaz dünyasını dəyişir. O, “Qızım için”, “Almazım için”, “Səsli qız”, “Yaz şeirləri”ni yazır. Bu zaman “Qırmızı terror”un həyəcanları ailədə daha çox narahatçılıq, təşviş yaradır. Şükriyyə xanımın iztirabını, göz yaşlarını görən Ə.Cavad söyləyir:“Yaşasaydı qızıma da rahatlıq verməyəcəklərdi. İndi çox rahat bir yerdədir”. Onu ovutmaq üçün söylədiyi ifadələrin qarşılığında Şükriyyə xanım deyir: “Sən bizi buraxmayacaqsan, elə deyilmi?” O isə cavabında: “Buraxmaram, ruhum sizi izləyəcək”. Bu, əslində, Əhməd Cavadın onu öldürərək ölümsüzləşdirənlərə cavabı idi. 1937-ci ildə Yazıçılar İttifaqından çıxarılır. O, son şeirini -“Susmaram”ı bir dostuna əmanət etmək üçün onu heç kimin olmadığı bir məkana çağırır. Şeiri söyləyərək ona sətir-sətir əzbərlədir və deyir: “Hüriyyət gələn günü ailəmə, millətimə ərmağan edərsən”. Süd verirkən doğmam böylə demişdir mənə Səni qurban bəsləyirəm türk yurduna-Vətənə Bu dünyada azadlığı şöhrətdən üstün tut. Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! 1937-ci ildə üsyançı, terrorçu hərəkətinə qoşularaq SSRİ-dən ayrılmaq məsqədi güdməkdə təqsirləndirilərək Azərbaycanın cinayət məcəlləsinin 69,70,73 maddələri ilə iddiham edilir. 15 dəqiqəlik məhkəmə qərarından sonra ölüm hökmü verilir. Qəddarlıqla, amansız işgəncələrlə öldürülən Ə.Cavada güllələnmə hökmü verildiyi üçün 15 oktyabrda öləndən sonra başına iki güllə çaxılır. Ə.Cavad həbs olunarkən bütün əlyazmaları, şeir kitabları müsadirə olunur. Bu zaman Şükriyyə xanımı da otağa gətirirlər. Sandığın üstündə olan sonuncu yazılar dəftərini gözü ilə işarə edən Ə.Cavadın niyyətini başa düşən Şükriyyə dəftərin üstündə oturur. Ə.Cavadın həbsindən sonra Şükriyyə xanıma soyadının dəyişdirilməsi təklif olunur. Şükriyyə xanım isə cavabında: “Mənə yaxşılıq etmək istəyirdinizsə, ailəmi parçalamazdınız. Mən Əhmədim üçün atamdan keçdim, heç vaxt bunu etmərəm, bu onun üçün güllədən ağır yara vura bilər”. Odur ki, Şükriyyə xanımı Qazaxıstana sürgün edirlər. Uşaqlarını da ayrı-ayrı uşaq evlərinə verirlər. Şükriyyə xanım 10 il Qazaxıstan çöllərində ağır həyat tərzi sürür. Söylədiyinə görə dərzilik, aşpazlıq edir, Ə.Cavad sevgisinə sadiq qalmaq üçün bədənini hər gün murdarlayırmış. Bəraət aldıqdan sonra övladlarını axtarıb tapır. Onun uşaqlarını sadiq qohumları axtarıb öz himayələrində saxlayırmış. Həyatın acılarını dadmış Ə.Cavad sevgisinin pərisi olan Şükriyyə xanım 94 yaşında dünyasını dəyişmişdi. Ə.Cavadın ən kiçik nəvəsi Anar Axundzadə söyləyir:”Atam babama görə çətinliklər çəkib, hətta o, hüquq fakültəsinə daxil olduqda Ə.Cavad adına görə təzyiqlərə məruz qalıb, amma mən yox. Çünki indi babam - Ə.Cavad bütün türk dünyası tərəfindən sevilən, qiymətləndirilən bir şəxsiyyətdir. Hətta 2012-ci il Türksoy “Əhməd Cavad ili” elan edilmişdi. Türkiyədə hər il Ə.Cavad yaradıcılığı, şəxsiyyəti ilə bağlı tədbirlər keçirilir, mən ora təkliflər alıram”. Türk ədibləri söyləyir: “Ə.Cavada bütün millətin minnət borcu var. Ə.Cavad Türk dünyasını işıqlandıran və vazgeçilməz dəyərləri xatırladan sənətkar olduğu üçün daim xatirələrdə yaşamalıdır”. Bunu Ə.Cavad sağlığında görmüş və belə söyləmiş: Hicranlar, ələmlər, tufanlar içrə Qısıq bir səs kimi eləcəyəm bən! Böylə göz yaşıyla keçən ömrümün Sonunda bir acı güləcəyəm bən! Ə.Cavad yaradıcılığında yüksəlişə gedən yol ideyasının təbliğinə xüsusi önəm verilmiş, bu mövzu onun həyatının cığırına çevrilmişdi. Onun bu mövzuda əks etdirdiyi əsərlərdən biri, deyərdim birincisi “Səsli qız” poemasıdır. Qız Əhməd Cavad yaradıcılığında etimoloji mənada canlandırılmış sözdür, ifadədir. Qız möhtəşəmlik, əzəmət vüqar, haqqa qarşı mübarizlik, ədalətsizliyə etiraz, təmizlik və amallar uğrunda yüksəkliyə ucalmaq, dönməzlik mənalarını ifadə edir. Bu bizim tariximizdə öz əksini tapmış,mədəniyyətimizə, memarlığımıza hopmuş “Qız qalası” tarixi məbədimizin simvolunda əbədi heykələ dönmüşdü. Cavad yaradıcılığında “Səsli qız” həm onun könül yarası, həyatının kədərini əks etdirən qızı Almaza həsr etdiyi şeirlər silsiləsinə daxil olmuş, həm də xalq mübarizəsini, azadlıq uğrunda çağırışa səsləniş mövzusunda yazdığı əsərində canlandırılmışdır. “Səsli qız” poemasında ədəbiyyatımızda haqq səsinə doğru inamla, qorxmadan irəliləmək, düşmənə qarşı mübarizə yolunda heç bir çətinlikdən, əzabdan çəkinmədən ölümün gözünə dik baxaraq mübarizlik göstərmək, son damla qanına qədər yüksək amallar - Vətənin azadlığı, toxunulmazlığı, müstəqilliyi, suverenliyi uğrunda vuruşaraq - hər cür bacarıqdan istifadə edərək döyüşmək əqidəsi təbliğ olunur.Xoşbəxtliklər ölkəsi kimi qələmə verilən bir ölkənin başına gələn müsibət əsərdə belə xatırlanır: Altı aylıq müharibədən sonra Vətən torpaqları ölkənin xanı tərəfindən düşmənə təslim edilir. Bütövlükdə bir məzarıstana çevrilən, divarları vətən övladlarının qanı ilə suvarılmış vətən torpaqları, millət qan ağlayırdı. Belə bir məqamda xalqa, ağlamaq, fəryad etmək yasaq olunur. Oğlunu, qızını, atasını, ərini itirmiş insanlar deyib-gülməli, şənlənməli idi. Acı içərisində bayram etmək insanlara, millətə məcbur edilirdi. Sabıq xanın iştirakı ilə xalq yeni hakimiyyətə gəlmiş xanın təqdimat mərasimini xüsusi təmtəraqla, toy-bayram içərisində, alqışlarla qeyd etməyə məhkum olunmuşdu. Xalqın dəyər verdiyi, sevdiyi, gözəlliyi, səsi ilə ad çıxarmış Sara düşmənə şərab paylamaq təklifinin, əmrinin məcburiyyətində qalır. O, qəlbində acını yaşadan, xalqının müsibətini nəğməyə çevirən, könül yarından əbədi ayrılmış, gözlərində yaşı qana çevrilmiş, ölərkən sevdiyi oğlanı-Arqunu görməkdən məhrum olmuş qəm karvanının yolçusu idi. Bu ağrı-acı onu aclıqdan deyil, kədərindən qarşısındakını məhv etməyə hazır olan yırtıcıya döndərmişdi. Sara rəqqasələrin rəqsləri altında gizlicə şəraba zəhər qatır, xan şərabı içən kimi ölür. Bu anın təşvişindən istifadə edən xalq ayağa qalxır, düşməni məhv edir, öz azadlığına qovuşur. “Səsli qız” ifadəsi Əhməd Cavadın fəryad edən obrazının adıdır. Şairin gülüstana döndərmək istədiyi Vətənin düşmənlər tərəfindən zəbt edilərək müstəmləkəyə çevrilməsinə qarşı etirazdan doğan mübarizənin cığırlarını tam geniş bir yola çevirmək arzusunun ifadəsi var əsərdə. Əsərdə hadisələr sanki tarixi keçmişi xatırladır. Bütün epizodlar, obrazlar tarixi əks etdirən adlar şəklində təsvir olunmuşdur. Xan, keşiş, şeyx, tacir, rəqqasələr, dabulların çalınması sanki şahlıq dövrünə aid ənənələr şəklində öz bədii əksini tapmışdır. Əslində, sətraltı mənalarla həm tarixi keçmişdəki rus müstəmləkəçiliyinə etiraz, həm də XX əsrin əvvəlində baş vermiş hadisələrin əksi mənalandırılmışdır. Əhməd Cavad Vətənin azadlığını şərbət kimi içmək istəyi ilə yanan, alovlanan, bu yolda canından əziz tutduğu insanları oda, alova atmaqdan çəkinməyən bir şəxsiyyət idi. O, “Səsli qız”dakı simvolik obraz şəklində hər bir vətən övladını görmək istəyirdi. Onun bu obrazı sözün həqiqi mənasında gözlərinin qarşısında,həyatının içində idi. Cavad başına gələcək hadisələri əvvəlcədən duyan mübarizlərdən idi. Onun Şükriyyəsi Saranın atdığı addımların cığırı ilə gedə biləcək mənəvi gücə malik qadın idi. Əsərdəki hadisələrin sonluğu Cavad xəyallarının və bu arzuların gerçəkləşəcəyi bir günün gələcəyinin ifadəsi şəklində verilmişdir.Vətən övladları qan tökər, canını oda yaxar, Vətəni qanları ilə suvarar. Xainlər isə öz mənafeləri, həyatda qalma eşqi ilə milləti, torpağı oda yaxar fikirlərinin təbliği və nifrəti var əsərdə. Tökülən qanların, verilən canların əvəzində kimlərsə düşmənə qapı açır, onun qarşısında təzim edir. Lakin Əhməd Cavad əsərin sonluğu və Sara obrazı ilə xalqının, Vətən övladlarının son məqsədini, amallarını, əqidələrini gedəcəyi yolu və nəyə nail ola biləcəklərini ifadə etmişdir. Bəli, o göstərdi ki, azadlıq uğrunda aparılan mübarizə susa bilməz. Gün gələcək düşməni məhv edib azadlığın şərbəti içiləcək, onun arzusunda olduğu reallıqlar həyata keçəcək, haqq öz yerini tapacaq, Azərbaycan adlı məmləkətdə hamı düşmənə qarşı mübarizədə azadlıq alovunun arxasınca gedəcək. Sara onun azadlıq məşəlini əlində tutub xalqı öz arxasınca aparan ölməzliyə, dönməzliyə çağırış simvoludur. Əsərdə bu möhtəşəmliyi əks etdirmək, ölənlərin ruhu qarşısında öz borcunu yerinə yetirmək hər bir azərbaycanlının borcudur ifadəsi əks olunur. Kimdir Əhməd Cavad? Mənəvi dəyərlərə yiyələnmiş ziyalı, pedaqoq, siyasi mübarizə yolunu seçmiş müstəqillik carçısı, şair, nasir, publisist, tərcüməçi. Bütün türk dünyasını çulğalayan şəxsiyyət. Xalqın haqq səsi, nəğməkar, xalqının, millətinin, Vətəninin simvollarının təmsilçisi, türkçülük ideologiyasının banisi. Ölməzliyə nail olmuş şəxsiyyət. İLHAMƏ SABİRQIZI,"Borçalı" nəşriyyatının,"Şərqin səsi" qəzetinin və"Yurd.info.Az" saytının redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.