BƏKİR NƏBİYEVİN ELMİ İRSİ Humanitar elmlər, Elmi Məqalələr 28 мая 2025 5779 100 1 2 3 4 5 27 may 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində akademik Bəkir Nəbiyevin 95 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müəllimi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmlər doktoru, AMEA-nın professoru Salidə Şərifova, Azərbaycan Milli Elmlər Akademiyasının XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli və digər iştirakçılar çıxış edərək akademik Bəkir Nəbiyevin elmi irsi ətrafında fikirlərini və xatirələrini səsləndirmişlər.Akademik Bəkir Nəbiyevin elmi irsi haqqında filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifovanın çıxışının qısa məzmununu təqdim edirik:“Azərbaycan ədəbiyyatşünaslığının inkişafı və zənginləşməsində akademik Bəkir Nəbiyevin xidmətləri əvəzolunmazdır. B.Nəbiyev milli ədəbiyyatımızın tədqiq edilməsini öz taleyüklü qismətinə çevirmişdir. B. Nəbiyevin yaradıcılığında milli ədəbi prosesdə baş verən başlıca problemlər elmi tədqiqata cəlb edilmişdir. B. Nəbiyev elmi araşdırmalarında ədəbiyyat tarixçiliyinə, ədəbi-nəzəri məsələlərə, Azərbaycan ədəbiyyatında milli dəyərlərin qorunub inkişaf etdirilməsinə, tərcümə ədəbiyyatının və ədəbi əlaqələrin inkişafına xüsusi diqqət ayırmışdır.XIX yüzilliyin sonları XX yüzilliyin əvvəlləri Azərbaycan tarixində milli şüurun formalaşması üçün önəmli əhəmiyyət kəsb edir. Həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş ədiblərimizin həyatı Azərbaycan millətinin müstəqillik əldə etməsi və öz dövlətçiliyinin yaradılması prosesinə həsr olunmuşdur. XIX yüzilliyin sonları XX yüzilliyin əvvəllərini əhatə edən ədəbiyyat da milli dirçəliş prosesinin tərkib hissəsi olmuşdur. Belə ki, o dövrün ədəbiyyatında millətçilik və milli suverenitetin əldə etməsi mövzuları aparıcı xəttə çevrilmişdir. Millətçilik mövzusu görkəmli ədib Firidunbəy Köçərlinin yaradıcılığının özəyini təşkil edir. Təsadüfi deyil ki, F. Köçərli düşmən fitnəsinin qurbanı kimi fiziki məhv edilmişdir. B. Nəbiyev dahi ədibimiz F. Köçərlinin yaradıcılığının tədqiq edilməsinə, onun əsərlərinə elmi dairələrin və ictimaiyyətin diqqətini cəlb etməkdən çəkinməmişdir. Gənc alim B. Nəbiyevin bu addımı sonuncuda milli dəyərlərə sadiqliyin və vətəndaş kamilliyinin göstəricisi kimi qəbul edilə bilər. Faktiki olaraq, öz elmi araşdırmalarının ilk pillələrində B. Nəbiyev rəsmi ideologiya ilə üst-üstə düşməyən öz elmi cığırını açmışdır. Diqqətəlayiq haldır ki, Bəkir Nəbiyevin professor Cəfər Xəndanın rəhbərliyi ilə «F. Köçərlinin həyat və yaradıcılığı» adlı namizədlik dissertasiyası kimi işlədiyi bu tədqiqat işi filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə olunduğu zamanlarda, AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə, akademik Feyzulla Qasımzadə və digər alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.B. Nəbiyevin Azərbaycan millətinə sadiqliyi və vətəndaşlıq mövqeyi onun filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etmiş olduğu «Böyük Vətən müharibəsi və Azərbaycan sovet ədəbiyyatı» adlı doktorluq dissertasiyasında da öz əksini tapmışdır. B. Nəbiyev 40-70–ci illəri əhatə edən Azərbaycan ədəbi prosesinin təhlilini apararaq, millətimizin faşizm ilə mübarizəsinin fəal işıqlandırılmasına yönəlmiş əsərləri elmi tədqiqata çəkmişdir. B. Nəbiyev öz tədqiqat işində Azərbaycan sərkərdarı və əsgəri obrazının açıqlanmasına xüsusi diqqət yetirmiş, bununla da milli şüurumuzda hərbi dəyərlərin dirçəlişi prosesinə əməyini sərf etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, II Dünya Müharibəsinə həsr olunmuş Azərbaycan yazarlarının ədəbi əsərlərində Vətənə məhəbbət və onun üçün döyüşməyə hazır olma motivləri B. Nəbiyev tərəfindən millətimizin tarixi mədəni-mənəvi dəyərləri ilə əlaqələndirilir.B. Nəbiyevin ədəbiyyatşünaslıq sahəsində elmi fəaliyyəti namizədlik və doktorluq dissertasiya işləri ilə məhdudlaşmamışdır. B. Nəbiyev Azərbaycan ədəbiyyatının müasir durumu və keçdiyi tarixi yolunun elmi tədqiq olunmasına xüsusi diqqət yetirmiş, bu istiqamətdə elmi dairələrdə müsbət qiymətləndirilmiş monoqrafiyaları və məqalələri dərc edilmişdir. B. Nəbiyev Azərbaycan ədəbiyyatının formalaşmasında xalq yaradıcılığının, klassik və müasir ədəbiyyatının tədqiqini aparmışdır.Azərbaycan ədəbiyyatının milli qaynaqlarla əlaqəsinə xüsusi maraq göstərən B. Nəbiyevin elmi yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrinə geniş yer ayrılmışdır. Xalqın poetik düşüncə tərzini əks etdirməklə yanaşı, düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini, tarixi hadisələrini və coğrafi məkanlarını real və canlı təsvir etməsi ilə diqqəti cəlb edən «Kitabi-Dədə Qorqud» dastanından müasir Azərbaycan ədəbiyyatının qidalanmasını B. Nəbiyev xüsusi qeyd etmişdir. «...Azərbaycan mentalitetinin, bütün türk dünyasının yaradıcı dühasının hələlik əldə olan ilk ən böyük və ən mükəmməl bədii ifadəsi» olduğunu vurğulayan B. Nəbiyev əsərin Stalin rejimi dövründə mənfi təsirlərə məruz qalmasına qarşı çıxış etmişdir: «1937-ci ilin repressiya dalğası «Dədə Qorqud»dan da yan keçməmişdir. Həmin illərdə «Dədə Qorqud»a qarşı hücumlar edilmiş, onun əleyhinə məqalələr təşkil olunmuş, əsərə pantürkizm damğası vurulmuş və uzun müddət-əllinci illərin ortalarına qədər «Dədə Qorqud» yasaq edilmişdir».Klassik ədəbiyyatın nümunələrini tədqiq edən B. Nəbiyev həmin dövrdə yaradılan bədii nümunələrin janr aidiyyəti barəsində elmi yeniliyi ilə seçilən mülahizələr irəli sürmüşdür. B. Nəbiyevin bu istiqamətdəki tədqiqatlarında Azərbaycan ədəbiyyatının janr baxımından inkişafı prosesində klassik ədəbiyyatın rolu və mahiyyətinin işıqlandırılmasına xüsusi yer ayrılır. Fikrimizcə, B. Nəbiyevin Məhəmməd Füzulinin «Hədiqətüs-süəda» əsərinin janr özəlliklərinə dair mövqeyi elmi yeniliyi və metodoloji cəhətdən əsaslı olması ilə seçilir: «Məhəmməd Füzulinin «Hədiqətüs-süəda» əsəri təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk xalqlarının ədəbi-ictimai fikir tarixində çox əhəmiyyətli yer tutan çoxşaxəli məqtəl romanıdır. Məqtəl də müsibətnamədir. Lakin fərq burasındadır ki, məqtəl ümumiyyətlə dünyasını dəyişən yox, məhz öldürülən (qətlə yetirilən) adam haqqında yazılmış müsibətnamədir. Tədqiqatçılar ərəb ədəbiyyatında məqtəl janrının VIII əsrdə yarandığını, sonralar geniş rəvac tapdığını açıqlamışlar. Orta əsrlər İranda da məqtəlin, o cümlədən də mərsiyələrin geniş yayıldığı bir dövrdür».Çağdaş Azərbaycan ədəbiyyatının elmi tədqiqinə öz yaradıcılığında geniş yer ayırmış B. Nəbiyev müasirlərinin ədəbi yaradıcılığının tənqidə çəkilməsinə xüsusi maraq göstərmişdir. Qeyd etmək lazımdır ki, B. Nəbiyevin tənqidçilik fəaliyyəti elmi dairələrdə yüksək qiymətləndirilmişdir. Belə ki, akademik Məmməd Cəfər Bəkir Nəbiyevin tənqidçilik fəaliyyətini yüksək dəyərləndirmiş və qeyd etmişdir ki, B. Nəbiyev «Azərbaycan tənqidçi və ədəbiyyatşünaslarının üçüncü nəslinə mənsubdur». B. Nəbiyev tənqidçi kimi tənqidin həyata keçirməli olduğu vəzifələri və ona xələl gətirə biləcək amilləri də işıqlandırmışdır.B. Nəbiyev XX əsrdə fəaliyyət göstərmiş əksər ədiblərin yaradıcılığına elmi nəzər salmışdır. B. Nəbiyevin Xəlil Rza Ulutürkün həyat və yaradıcılığını işıqlandıran «İstiqlal şairi», «Əhməd Cavad» sənətkarlığını açıqlayan, Almas İldırımın yaradıcılıq yolunu əhatə edən «Didərgin şair» monoqrafiyaları, həmçinin S.Vurğun («Şairin ədəbi-nəzəri görüşləri»), Ə.Vahid («İnsanlığa xidmət qalacaq»), M.Dilbazi («Unikal hadisə»), N.Rəfibəyli («Sahilsiz dəniz»), M.Müşfiq («Şəfəq saçan sənətkar»), Ə.Kürçaylı («Səfər davam edir»), Qabil («Mən onu belə tanıyıram»), Məmməd Araz («Şerimizin xan çinarı»), və sair yazarların yaradıcılıqlarına həsr olunmuş məqalələri nəşr edilmişdir.Müasirlərinin yaradıcılıqlarını təhlil edərkən B. Nəbiyev bədii yaradıcılıq prosesində müəlliflik, novatorluq, tipikləşdirmə, müəllifin əsərin əhatə etdiyi tarixi dövr barədə mükəmməl biliklərə malik olması və sair bu kimi problemlərin təhlilinə aparıcı diqqət yetirmiş, nəzər dairəsinə düşmüş əsərlərin bu tələblərə cavab verməsinə xüsusi yer ayırmışdır.B. Nəbiyevin yaradıcılığı təkcə tənqidi fəaliyyətlə məhdudlaşmır, alim müasir ədəbi nümunələrin təhlilini aparması prosesində əldə etmiş bilikləri müasir Azərbaycan ədəbiyyatında janrların yaranma və inkişafı prosesinin tədqiq edilməsinə müvəffəqiyyətlə tətbiq edir. Poeziya sənətinin incəliklərini açıqlayan B. Nəbiyev qeyd etmişdir ki, «bütün ədəbi növlər kimi, şerin də məziyyəti onun həyatı doğru-düzgün əks etdirməsində, müasir və mübariz ruhunda, öz poetik vasitələri ilə duyğulara hakim kəsilib, ürəklərə yol tapmasında, mütərəqqi bəşəri ideyalar, gözəl və səmimi hisslər aşılamaq qüdrətindədir».Nəsrin inkişaf mərhələsini izləyən B. Nəbiyev qeyd etmişdir ki, «xüsusən, əsrimizin əvvəllərində, 1905-ci il inqilabının təsiri sayəsində ictimai fikrin başqa sahələri kimi, Azərbaycan nəsri də yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. İnqilabdan əvvəlki həyatın tipik lövhələrini əks etdirən nəsrdə, xüsusən hekayə janrında bir sıra klassik nümunələr yaranmışdı. Bu janrın Azərbaycanda vaxtilə günün ən vacib məsələlərinə realist əsərləri ilə cavab vermiş C. Məmmədquluzadə, Ə. Haqverdiyev kimi görkəmli ustaları, onların yaradıcılıq məktəbi «Molla Nəsrəddin»lə bağlı qiymətli ənənələri vardı». Nəsr çərçivəsində hekayə janrının problemlərinə toxunan alim tarixi ənənələrə malik olan bu janrın xüsusiyyətlərini oxucunun gözündə canlandırmağa müvafiq olur. B. Nəbiyevin povest janrı və miniatür povest janrı haqqında elmi mülahizələri və onların oxşar, həmçinin fərqli xüsusiyyətləri əhəmiyyətli fakt kimi diqqəti cəlb edir. «…Povestdaxili müxtəlifliklərdən biri» kimi qiymətləndirilmiş miniatür povestləri şərtləndirən amillərin açıqlanması maraq kəsb edir. Miniatür povestlər «…həyat hadisələrinə vaxtında, cəsarətlə müdaxilə edir, müasir mövzulara qətiyyətlə girişir…hər cür uzunçuluq, sözçülük və təsvir xatirinə təsvirçilik bu janrın ən yaxşı nümunələrinin təbiətinə yaddır. Vacib məsələlərdən canlı bədii surətlər və yığcam təsvirlər əsasında, şirin (şirinləşdirilmiş yox) təhkiyə ilə bəhs açmaq da onun xarakter xüsusiyyətlərindəndir». B. Nəbiyevin roman janrında zəif əsərlər qələmə almış yazarlara tutduğu iradlar da diqqəti cəlb edir: «Süjeti uydurmalarla dolu olan qəzet xronikalarından və ucuz kovboy filmlərindən alınmış bu üzdəniraq romanların müəllifləri özləri də etiraf edirlər ki, pul üçün yazırlar. Naşirlər bunları ən müxtəlif adlar və seriyalar altında-ailə romanları, tibbi romanlar, macəra romanları və cinayət romanları kimi buraxsalar da, onlar yalnız bir mürtəce məqsəd üçün kara gəlirlər: tora düşən oxucunun şüurunu kütləşdirmək, onun göz açıb ətrafındakı hadisələrə baxmasına, bu hadisələri düzgün qiymətləndirməsinə mane olmaq, bütün mədəni aləmdə ikrah hissi doğuran düşkünlüyü, əxlaqsızlığı, qarətçiliyi, yırtıcı millətçiliyi təbliğ etmək, demokratik ideyaları boğmaq və ayılmaq təşəbbüslərinə qarşı irticanı gücləndirmək».B. Nəbiyevin elmi yaradıcılığında Azərbaycan dilinin təmizliyinin qorunması problemi xüsusi yer tutur. Xüsusi əhəmiyyət kəsb edən milli və ədəbi dil probleminə B. Nəbiyevin münasibəti özünün kamilliyi ilə seçilir. Ana dili anlayışı ilə hər hansı əcnəbi dilin qarşı-qarşıya qoyulması faktlarına münasibət ədibin yaradıcılığında özünü qabarıq şəkildə göstərmişdir. Ana dil-milli dil anlayışına etinasız yanaşanlara ürəkağrısı ilə toxunmuş alim, Azərbaycan dilinin qayğısına qalmağı əsas vəzifə kimi həyata keçirilməsini zərurət hesab etmişdir. Azərbaycan dilinin doğmalığına, vacibliyinə toxunmuş ədib bu dilin əhəmiyyətini açıqlayaraq, Ana dilində təhsil almayanların doğma dilində danışa bilməməklərini nöqsan hesab etmişdir. Övladını başqa dildə təhsil almasına şərait yaratmış valideynlərin Azərbaycan dilinin incəliklərini uşaqlarına öyrətmələrini onların üzərində məsuliyyətli bir vəzifə borcu hesab edən müəllif vurğulamışdır ki, «…ikinci dildə təhsil alan övladın öz ana dilinin qaynaqları ilə əlaqəsinin möhkəmlənməsinə, anasının südü kimi vacib olan doğma dilini də əsaslı şəkildə öyrənməsinə qayğı göstərməyin bütün məsuliyyəti birinci növbədə ailənin, valideynin üzərinə düşür».Ədəbi əsərlərdə dil problemlərinə toxunan B. Nəbiyev Azərbaycan dilinə tərcümə edilən nümunələrin dil baxımından kamilliyi məsələsinə də diqqət yetirmişdir. Tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin zəruriliyini vurğulayan B. Nəbiyev müxtəlif xalqlara mənsub ədəbi şedevrlərin Azərbaycan oxucularına doğma dildə çatdırılmasını millətimizin inkişafına, ümumdünya tarixi prosesdə fəal iştirakına müsbət təsir göstərəcəyi barədə fikirlər söyləmişdir. Tərcümənin orijinalın həm ideyasını, həm də bədii xüsusiyyətini olduğu kimi saxlanılması, bununla belə tərcümələrin dil və ifadə tərzinin aydın və səlis olması kimi problemlərinə toxunmuş B. Nəbiyevin fikirləri maraq kəsb edir: «Bəzən deyirlər ki, tərcümə nə qədər gözəl olsa da, orijinala çatmaz. Azərbaycan ədəbiyyatında Nəsimi, Füzuli, Seyid Əzim, Sabir, Abbas Səhhət, Səməd Vurğun və Mikayıl Müşfiq kimi şairlərin tərcümə yaradıcılığı bu fikri müəyyən mənada təkzib edir. Əsil poetik tərcümədə iki şairin gücü birləşir. Tərcüməçi müəllifin yalnız xidmətçisi deyil, həm də bir növ sənət rəqibidir. Gərək eyni məzmunu ifadə etməkdə mütərcim də coşqun ilham, şer ustalığı nümayiş etdirə bilsin. Belə bir sənət yarışı olmayan yerdə əsil poetik tərcümədən danışmaq çətindir». B. Nəbiyevin nəşr olunmuş kitab və məqalələrində tərcümə prosesində məna təhriflərinə, hərfi tərcümə probleminə və tərcümə edilmiş əsərin dilində laqeydlik üzündən meydana çıxan qüsurlar da geniş açıqlanmışdır.B. Nəbiyevin yaradıcılığı milli dəyərlərə sadiqliyi və çoxçeşidliyi ilə seçilir. Görkəmli alim və tənqidçi B. Nəbiyev Azərbaycan ədəbiyyatının müxtəlif sahələrini tədqiq obyektinə çevirərək, meydana çıxan problemli və ziddiyyət təşkil edən amillərin aradan qaldırılması, bununla da Azərbaycan ədəbi və mədəni mühitin inkişaf etməsinə müsbət şəraitin yaradılması istiqamətində fəal addımlar atmışdır. Azərbaycan ədəbiyyatşünaslığının mühüm problemlərini tədqiq edən alim bu baxımdan elm xəzinəsinə qiymətli əsərlər bəxş etməklə şərəfli yüksəliş yolu keçmiş, özünün Bəkir Nəbiyev adlı elmi məktəbinin əsasını qoymuş və «millətə xidməti öz fiziki və mənəvi fəaliyyətinin əsas qayəsinə çevirmişdir».”Akademik Bəkir Nəbiyevin elmi irsi haqqında geniş və dolğun şəkildə məlumat verən AMEA-nın professoru Salidə Şərifovanın elmi məsləhətçisi akademik Bəkir Nəbiyev haqqında xatirələri də maraqla qarşılandı. Salidə Şərifova Bəkir Nəbiyevin insani keyfiyyətlərinə aydınlıq gətirən xatirələri bu baxımdan da maraq kəsb edir və onu təqdim edirik:“Akademik Bəkir Nəbiyevin elmi irsini 5-10 dəqiqəlik çıxışda tam əhatə edə bilməyəcəyimiz hamımıza bəllidir. Mən sadəcə, akademik Bəkir Nəbiyevin elmi yaradıcılığının müəyyən amillərinə öz baxış bucağımdan yanaşaraq, münasibət bildirmək istədim.Bundan əlavə, akademik Bəkir Nəbiyevlə bağlı xatirələrimi də sizlərlə bölüşmək istərdim. Əlbəttə ki, xatirələr mənə aid olduğu üçün sizlərə o qədər də maraq kəsb etməz. Sadəcə xatirələrimi səsləndirməkdə əsas məqsədim Bəkir Nəbiyevin həm də insani keyfiyyətlərinə diqqətləri yönəltməkdir. Bəkir Nəbiyevlə ilk elmi cameədə görüşüm Azərbaycan Elmlər Akademiyasının aspirantları üçün təşkil olunmuş konfransda baş tutmuşdu. Akademikin elmə yeni gələn aspirantları diqqətlə dinləməsi, 23 yaşlı aspirantın, yəni mənim məqaləmə maraq yetirməsi onun gənc nəslə olan qayğısını əks etdirir.Təbii ki, akademik Bəkir Nəbiyevlə görüşlərim bununla yekunlaşmadı. İnstitutun dəhlizlərində, elmi iclaslarda akademik Bəkir Nəbiyevlə tez-tez rastlaşırdım. İkinci yadda qalan hadisə isə akademik Bəkir Nəbiyevin “İlk Azərbaycan romanları” mövzusunda müdafiə etdiyim namizədlik dissertasiyası haqqında müdafiə şurasının sədri kimi yüksək fikir səsləndirməsidir ki, bu hadisə də mənim sonrakı elmi fəaliyyətimə təkan oldu.Bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim. Akademik Bəkir Nəbiyevin elmi məsləhətçim kimi məni Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Ədəbiyyat İnstitutuna doktorluq dissertasiyasını müdafiə etmək üçün ezam etməsi zamanı səsləndirdiyi bir fikir isə onun yetirmələrinə qayğı ilə yanaşmasından əlavə, onların hər hansı bir problemlə üzləşməməsi üçün keçirdiyi təlaşlar idi. İnstitutun elmi katibi N.C.-nın ezamiyyət pulunun verilməməsinə təkidli yanaşmasına etiraz etməsi akademik Bəkir Nəbiyevin yüksək insani keyfiyyətlərə malik olmasını əks etdirir. İnstitutun elmi katibi N.C.-ya qəti və kobud şəkildə verdiyi cavabı bu gün də unutmamışam. Akademik Bəkir Nəbiyev elmi katibinə “tısbağanı arxası üstə çevir və de ki, indi yaşa... Necə yaşasın? Salidəyə ezamiyyət pulu, yol pulu verməyə institutun büdcəsi rəva bilmirsə, maaşını niyə verməyək? Öz halal maaşıdır.” Bəli bu sözlər elmi yaradıcılıqla məşğul olan yetirməsinin gələcəkdə üzləşə biləcəyi çətinliklərdən qoruması üçün atılan addım idi. Səsləndirdiyim bu xatirələrim akademik Bəkir Nəbiyevin təkcə dərin elmi biliklərə malik olmasının deyil, həm də yüksək insani keyfiyyətlərə malik olmasının göstəricisidir.”ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.