ŞAHLAR GÖYTÜRK VƏ ÇAĞDAŞ AZƏRBAYCAN DİLÇİLİYİ Yeni nəşrlər, Humanitar elmlər 4 мая 2025 159 100 1 2 3 4 5 Şahlar Göytürk ölkəmizdə tanınmış dilçi alimlərdən biridir. Ötən əsrin 90-cı illərinin axırlarında filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib ədəbi və elmi fəaliyyətə başlayan gənc alim 25 ilə yaxındır ki, fəal yaradıcı- lıqla məşğuldur. Bu gün 50 yaşını qeyd etdiyimiz ziyalımızın “Uzun sözün qısası” kitabında ana dilimizin tarixi taleyi və hal-hazırda çağdaş dilimizdə baş verən proseslər diqqətlə təhlil olunur. Artıq 34-cü ildir ki, müstəqillik qazanmış ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət dilimizin təbiətində və fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər nəzərə çarpmaq-dadır. Bu sanballı kitaba daxil edilmiş məqalələri şərti olaraq 3 qrupa bölmək olar: 1. Dilimizin tarixini və taleyini əks etdirən məqalələr. 2. Ana dilimizin mahiyyəti və fundamental məsələlərinə həsr olunmuş məqalələr. 3. Son illər dilimizdə baş verən prosesləri əks etdirən məqalələr. Bu məqalələrin xarakteri və elmi səviyyəsinə fikir bildirməzdən öncə onu qeyd etməyi lazım bilirik ki, istedadlı alimin hər üç istiqamətdəki elmi axtarışları uğurlu və diqqətəlayiqdir. Birinci qrupa aid etdiyimiz məqalələr sırasında “Deyimlərimizdə tarixi dövrlərin izləri”, “Toxuculuğa aid bəzi terminlərin etnolonqvistik təhlili”, “Par” mənşəli sözlərin fonovariantları”, “Saqi sözünün batini anlamı”, “Bayram sözünün etimoloji yozumu”, “Atla “ulağ”ın fərqi”, “Novruz, yoxsa Zurvan?”, “Şalsallama, yoxsa papaqatma?”, “Aşıq sözünün etimoloji yozumu”, “Uçmaq” və “tamu” sözləri haqqında”, “Pul sözünün etimoloji yozumu”, “Savalan dağı və Xoca döngə”, “Göy ot, yoxsa yaşıl ot?”, “Ağırlığım-uğruluğum nə deməkdir?” və başqa məqalələrdə bir sıra linqvistik və etnoqrafik məsələlər, qədim dilimizin leksik layları, onların tarixi və çağdaş mənaları arasındakı əlaqələr elmi cəhətdən dərindən araşdırılır. Şahlar Göytürkün ana dilimizin mahiyyəti və fundamental məsələlərinə həsr olunmuş məqalələrində də məsələyə orijinal və yaradıcı münasibət diqqəti çəkir. Müəllifin “Dilimiz – ədəbi varlığımızdır” yazısı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu məqalə dövlət dilimizə böyük sevgi və məsuliyyət hissi ilə yazılıb. Məqalədə ana dilimizin coğrafiyası, fəaliyyət meydanı və mənəvi-estetik miqyası haqqında maraqlı, həm də dəyərli fikirlər irəli sürülür. Azərbaycan dilinin tarixi, formalaşma və inkişaf özünəməxsusluğu barəsində tədqiqatçının söylədikləri və söykəndiyi arqumentlər əsaslıdır. Alimin irəli sürdüyü “Son tədqiqatlar sübut etmişdir ki, Azərbaycan türklərinin “Altaydan çıxma” olması barədə fikirlər kökündən yanlışdır. Ümumiyyətlə, türklərin ilkin miqrasiya mərkəzi Ön Asiya olmuşdur, yəni türklər Gündoğana, Günbatana buradan yayılmışlar”. Şahlar Göytürk ustad dilşünas alim, professor Qəzənfər Kazımova istinad edərək yazır ki, Azərbaycanda türk dilinin formalaşması aborigen türklərin dili hesabına olmuş, vaxtaşırı Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir. XI əsrdə Səlcuq oğuzları Azərbaycana gəlməyə başlayanda artıq Azərbaycan ədəbi dili var idi və onların bu dilin təşəkkülündə elə bir rolu olmamışdır. Əksinə, Azərbaycan ədəbi dili uzun müddət ədəbi dil kimi cəmiyyətə və səlcuqlara da xidmət etmişdir. “Uzun sözün qısası” kitabında 60 milyonluq böyük və qədim bir xalqın ana dili və dövlət dili haqqında dərin elmi mülahizələrlə yanaşı, dünya alimlərinin dilimiz haqqında söylədikləri gözəl və qürurverici fikirlər də yeri gəldikcə vurğulanır. Xüsusən, vətənpərvər alimin məşhur alman səyyahı və aliminin fikirlərini ayrıca diqqətimizə çatdırması buna parlaq sübutdur. Şahlar Göytürk qeyd edir ki, 1685–1694-cü illərdə Azərbaycanda yaşamış alman səyyahı Engelbert Kempfer də türk dilinin, yəni Azərbaycan dilinin Səfəvilər imperiyasında yüksək mövqeyə malik olmasını, əhalinin bu dildə danışmağa üstünlük verməsini vurğulayaraq bir sıra mühüm məsələləri qabardır. Tanınmış səyyah yazır ki, Səfəvilər sarayında dövlət dili türk dilidir, dövlət dilinin ölkənin adi camaatının dilindən heç bir fərqi yoxdur. Türk dili sarayda zadəganların və hörmətli şəxsiyyətlərin evlərində işlənir, həm də elə bir vəziyyət əmələ gəlmişdir ki, şahın hörmətini qazanmaq istəyən bütün adamlar bu dildə danışmağa səy göstərirdilər. Artıq bu gün iş o yerə çatıbdır ki, türk dilini bilməmək üzüqaralıq, bədnamlıq hesab olunur. Türk dili bütün Şərq dilləri içərisində ən asanıdır. Çünki sözlərin təsrifi, həmçinin onun qrammatik quruluşu asandır və incəsənət, elmlər sahəsində xüsusi istilahlara malik deyildir. Digər tərəfdən danışıqda olan vüqarı, qulağa dəyən səsində olan əzəmət, sarayda və səltənət qəsrində müstəsna danışıq dilinə çevrilməsinə səbəb olmuşdur. “Uzun sözün qısası” kitabı Azərbaycan dilində baş verən mühüm yenilənmə və zənginləşmə proseslərini izləmək, dərk etmək və dəyərləndir- mək nöqteyi-nəzərindən də mühüm əhəmiyyətə malikdir. İstedadlı alimin kitabda yer almış “Televiziyalardakı dilimiz”, “Hər sözün öz yeri var”, “Qalın”, yoxsa “Kalın?”, “-iyyə və iyyat2 şəkilçili sözlər”, “Orfoqrafiya və izahlı lüğətimiz”, “Reklamlardakı dilimiz”, “Gender ayrı-seçkiliyi yaradan sözlər”, “Aşpaz, yoxsa aşçı?” və s. məqalələri orijinal elmi təhlillər və müşahi- dələrlə zəngindir. Kitabda Şahlar Göytürkün bir özəlliyi də diqqət çəkir. O, ayrı-ayrı mövzular haqqında geniş bilgiyə sahib olsa da, oxucuya mətləbi faktlarla qısa və anlaşıqlı şəkildə çatdırır. Elə bu səbəbdən də kitabın adı “Uzun sözün qısası” adlanır. Bu gözəl kitabın məziyyətləri haqqında çox danışmaq olar. Şahlar Göytürk həm də gözəl şairdir. Onun xüsusilə tarixi zəfərimizə həsr olunmuş müxtəlif səpkili şeirləri, esseləri ayrıca məqalə mövzusudur. Bu yazını ümumiləşdirərkən bir məqamı da oxucuların nəzərinə çatdırmaq istərdik. Ölkəmizin dövlət dili haqqında dərin məsuliyyət və övladlıq duyğusu ilə yazılmış bu qiymətli kitab inanırıq ki, onu oxuyanların Vətən, dövlət və ana dili sevgisinin daha da qüvvətlənməsinə, dilimizin pərəstişkarlarının daha da çoxalmasına səbəb olacaqdır. YAŞAR QASIMBƏYLİ,AMEA-nın Nizami Gəncəvi adına ƏdəbiyyatInstitutunun baş elmi işçisi,filologiya elmləri doktoru, professorZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.