Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hissə) Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə" 30 Ekim 372 100 1 2 3 4 5 (ƏVVƏLİ - I HİSSƏ BURADA) Azərbaycan ədəbiyyatında bədii cərəyan və janrların inkişafı, ədəbiyyatşünaslıq və ədəbi tənqidAkademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatında romantizmin və realizmin müqayisəli təhlillərini aparmışdır. İsa Həbibbəyli romantik metodda yazıb-yaratmış ədiblərin yaradıcılıqlarını geniş tədqiqat obyektinə çevirməyə nail olaraq, H.Cavid, A.Səhhət, M.Hadi və digər ədiblərin simasında romantik metodun incəliklərini açıqlamağa nail ola bilmişdir.İsa Həbibbəyli H.Cavidin «Azərbaycan şeirinə ilk dəfə olaraq, sonet, marş, şərqi-türkü kimi janrları», xüsusilə də Azərbaycan ədəbiyyatına soneti ilk dəfə ədibin gətirməsi faktına toxunmuşdur. Maraqlı faktlardan biri də H.Cavidin yaradıcılığında həm ingilis, həm də italyan sonetlərinin əksini tapması İsa Həbibbəyli tərəfindən qeyd edilmişdir. Avropa sonetinin hər iki formasında sonet yaratmış H.Cavidin «Qəmər», «Çəkinmə gül» və s. sonetlərinin mövcud olmasına toxunaraq, «İbtilayi-qəram» şeirini quyruqlu sonet, «Niçin» şeirini isə sonetin «sonet əklili» poetik formasının prinsiplərinə riayyət edərək qələmə alınmasını da akademik İ.Həbibbəyli qeyd etmişdir. İsa Həbibbəyli H.Cavidin poeziyaya yeniliklər gətirən novator şair olmasını açıqlayaraq, ədibin «həm əruz, həm də heca vəznlərində» yazıb-yaratmasına aydınlıq gətirmiş, «hər iki vəznə yaradıcı münasibət» bəslədiyini qeyd edərək, həmin vəznlərə «əsaslı keyfiyyət» dəyişiklikləri gətirməsi amilini də qabartmışdır. İsa Həbibbəyli Əkrəm Cəfərin H.Cavidin «Cavid həcəsi» yaratması fikri ilə razılaşaraq qeyd edir ki, H.Cavid «əruzun klassik lirikada məlum olan xəfif, həcəz, rəməl, müstəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həcəz bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur ki, əruzşünaslar həmin növü «Cavid həcəsi» adlandırırlar.» İsa Həbibbəyli Hüseyn Cavidin dram əsərlərini şeirlə yazmasını ədibin şairlik məharətinə malik olması ilə əlaqələndirərək, «dramlardakı lirik şeir şəkillərini» üç qrupa ayrılmasını göstərmişdir: «1. Xalq - aşıq şəkilləri; 2. Klassik lirikadan gələn janrlar; 3. Yeni poetik formalar.»İsa Həbibbəyli M.Hadi «lirikası üçün romantik-publisist üslub»un səciyyəvi olduğunu vurğulamış, ədibin qələmə aldığı şeirlərdə isə dövrünə qədər «heç işlədilməyən, ya da az işlədilən söz və tərkiblər»ə müraciət etdiyini də göstərmişdir.Akademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatında realizm epoxasını, maarifçilik realizmini ciddi tədqiq etmiş alimlərimizdəndir. İ.Həbibbəyli «XVIII əsrdən başlanan erkən realizmin XIX əsrin birinci yarısında maarifçi realizm səviyyəsinə» çatdığını qeyd etmiş, «...bütün XIX əsr boyu ədəbiyyatda «ikihakimiyyətlik» müşahidə» olunduğunu və «ikihakimiyyətlik»də, yəni klassik ədəbi ənənələrin ikinci planda olmasına baxmayaraq, mövcudluğu zəminində «realizmin ön mövqeyə» çıxması faktını vurğulamışdır. İsa Həbibbəyli realizm epoxası çərçivəsində M.F. Axundzadənin yaradıcılığını ciddi tədqiq etmişdir. «...Nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş» M.F.Axundzadənin yaradıcılığında «Azərbaycan maarifçi realizmin kamillik mərhələsinə» çatması, «bətnində tənqidi realizmin rüşeymlərini» hazırlaması, Azərbaycan realizminin məhz ədibin «mükəmməl maarifçi realizm körpüsündən» keçməsi amilləri vurğulanır: «Mirzə Fətəli Axundzadənin simasında Azərbaycan maarifçi realist ədəbiyyatı özünün zirvəsini fəth etmişdir.» Akademik İsa Həbibbəyli M.F.Axundzadəni «Azərbaycanda professional ədəbi tənqidin banisi», hətta «tənqidin də nəzəriyyəsinin banisi» kimi təqdim edərək, ədibin tənqid sözünü də ədəbiyyatşünaslıq elminə gətirməsi faktını da açıqlamışdır.İsa Həbibbəyli Nəriman Nərimanovun maarifçi demokrat mövqeyindən çıxış etməsini, əsərlərinin isə maarifçi realizmə aid olmasını nəzərə alaraq ədibin yaradıcılığına qiymət vermişdir: «...XIX əsrin ikinci yarısından XX əsrin başlanğıc illərinə qədər davam edən bədii yaradıcılığı ilə N.Nərimanov əsasən maarifçi-realist, yaxud maarifçi-demokratdır». Akademik İ.Həbibbəyli «Nəriman Nərimanov ədəbiyyatda maarifçi-realist, ictimai-siyasi fəaliyyətində isə inqilabçı-demokrat idi» fikirləri ilə yazıçının yaradıcılığına konkter olaraq manasibətini də bildirmişdir.İsa Həbibbəylinin «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədərki, yəni 1875-ci ildən 1906-cı ilə qədərki mərhələni «keçid dövrü» yaxud Azərbaycan ədəbiyyatının «yetimlik mərhələsi» kimi xarakterizə» olunması faktına aydınlıq gətirmiş, M.T.Sidqini «maarifçilik hərəkatı və maarifçi ədəbiyyat istiqamətlərinin hər ikisində «keçid dövrü»nün lideridir» deyə ədib səviyyəsində həm maarifçilik hərəkatında, həmçinin də realist maarifçi ədəbiyyatında xidmətləri olan ziyalı olması faktını qeyd etmişdir. İsa Həbibbəyli M.T.Sidqinin «Heykəli-insanə bir nəzər» əsərini pedaqoji əsər, bədii nümunə kimi təqdim edilməsinə etiraz olaraq vurğulamışdır ki, əsər «...Məhəmməd Tağı Sidqinin ictimai-fəlsəfi əsəridir.» Akademik İ.Həbibbəyli ədibin əsərdə «cəmiyyətdə gedən çoxcəhətli proseslərin mahiyyətinə işıq sala, aydınlıq gətirə» bilən filosof kimi çıxış etməsini də işıqlandırır. İsa Həbibbəyli C.Məmmədquluzadənin uzun müddət rəhbərlik etdiyi «Molla Nəsrəddin» jurnalı və onun ictimaiyyətdəki mövqeyinə də nəzər salmışdır. «Füyuzat» jurnalı ilə son dövrlərə qədər süni şəkildə bir-birinə qarşı qoyulmaları, əks cəbhələri təmsil etmələri kimi faktlarına təəssüf hissi ilə yanaşan İsa Həbibbəyli «Molla Nəsrəddin» və «Füyuzat» jurnallarına müstəqillik dövründə «müxalif qüvvələr kimi deyil, müəyyən fikir ayrılığına malik olan müasirləri kimi» bəhs edilməsi imkanı yaranması faktını da açıqlamışdır. Əlibəy Hüseynzadənin «Molla Nəsrəddin» jurnalında «tənqid və gülüşün xarakterini» düzgün müəyyənləşdirməsinə toxunması C.Məmmədquluzadəyə verilən dəyər idi. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında mövcud olan satirik şeir və onun yaradıcılarına biganə qalmamış, yaradıcılıqlarını elmi təhlil süzgəcindən keçirmişdir. Akademik İ.Həbibbəyli «türk-müsəlman dünyasında da satirik şeirin qüdrətli təmsilçisi kimi» tanınan M.Ə.Sabiri tərəddüd etmədən qətiyyətlə «Azərbaycan satirik şeirinin ən qüdrətli yaradıcısı» hesab etmişdir: «...özünəqədərki ədəbiyyatda ara-sıra mövcud olan satirik ənənələri yeni forma və məzmunla, təzə ideyalarla zənginləşdirib, satirik şeiri xüsusi inkişaf mərhələsinə çatdırmışdır.» İsa Həbibbəyli M.Ə.Sabirin «Azərbaycan ədəbiyyatında süjetli satirik şeirin yaradıcısı» olmasını qeyd edərək, ədibin süjetli satiralarında canlı mükalimə əsasında ifadə olunan hadisələrin yer almasını, şairin satirik şeirdə ilk dəfə istifadə etdiyi taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, saul-cavab kimi janrlara müraciət etməsini də vurğulamışdır.İsa Həbibbəyli heca vəznli şeirin sürətlə inkişaf etməsində xidməti olan, «Azərbaycan şeirinin əfsanəsi» hesab etdiyi S.Vurğun yaradıcılığını tədqiq edərək, şairin yaratdığı ədəbi məktəbin qədim köklərə əsaslanmasını, müasirliklə üzvü şəkildə bağlı olmasını da qeyd etmişdir: «Səməd Vurğunun ədəbi məktəbi ilk növbədə çoxəsrlik ədəbi ənənələrin müasirliklə üzvi şəkildə əlaqələndirilməsi və yeniləşdirmə imkanlarının genişləndirilməsi əsasında formalaşmışdır.» Akademik İsa Həbibbəyli Səməd Vurğunun ədəbiyyatşünaslıq səhəsindəki xidmətlərini bu şəkildə qruplaşdırması ədibə xələl gətirmir, əksinə ədibin geniş fəaliyyətini yığcam və konkret olaraq izah edərək, şairin böyüklüyünü göstərir. İsa Həbibbəyli S.Vurğun ədəbi məktəbinin davamçılarını dörd qrupa ayırır. Onlardan bir qismi S.Vurğunun təsiri altında olub, ədibi zəif şəkildə təkrar edənlərdi ki, epiqonçuluqdan uzaqlaşa bilməmişdilər. İkinci qrupa isə S.Vurğun şeiri ənənəsi üstündə köklənib, ənənəni qoruyan və möhkəmlədən şairlərdir ki, İ.Həbibbəyli bu qrupa O.Sarıvəlli, İ.Səfərli, Z.Xəlil, A.Babayev, Ə.Cəmil və digər şairləri aid edir. Üçüncü qrupa isə S.Vurğunun poetik ənənəsindən yaradıcı şəkildə yararlanaraq, orijinal yol tutmuş şairlərdir. İsa Həbibbəyli bu qrupa B.Vahabzadə, N.Xəzri, H.Arif, M.Araz, N.Həsənzadə kimi görkəmli şairləri aid edir. Dördüncü qrupa isə S.Vurğun irsindən novatorcasına faydalanaraq yeni ədəbiyyat yaradan şairlərdir ki, akademik İsa Həbibbəyli bu qrupa ədibin doğma oğulları Yusif Səmədoğlu və Vaqif Səmədoğlunu aid edir.İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında altmışıncılar fenomeninə xüsusi diqqət yetirir. Akademik İ.Həbibbəyli altmışıncılar ədəbiyyatını da elmi yaradıcılığının ayrılmaz tərkib hissəsinə çevirməyə nail ola bilmiş, Anar, Elçin, Fikrət Qoca kimi sənətkarların yaradıcılıqlarını müasir dövr prizmasından tədqiq etmişdir. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının «altmışıncılar» ədəbiyyatının əsas yaradıcılarından biri hesab etdiyi Xalq yazıçısı Anarı ədəbiyyatın bir neçə istiqamətində əsərlər müəllifi kimi fəaliyyətini «XXI əsrin başlanğıcında Azərbaycan söz sənətinin, müasir mədəniyyətin inkişaf səviyyəsini göstərən əsas barometrlərdən biridir» kimi dəyərləndirir. Akademik İ.Həbibbəyli Anar yaradıcılığını həmişə yüksək dəyərləndirmişdir: «Anar ölkəmizdə təkcə yeni nəsri, yaxud müasir ədəbiyyatı deyil, bütövlükdə təzə düşüncə tərzini və baxışlar sistemini, milli əsaslara və real gerçəkliyə söykənən həyat fəlsəfəsini əsas formalaşdıranlardan biridir.»İsa Həbibbəyli Xalq yazıçısı Elçinin yalnız altmışıncılar nəslində deyil, həm də yeni dövr ədəbiyyatında mövqeyi olmasına toxunaraq qeyd edir ki, «təkcə uğurla təmsil etdiyi altmışıncılar nəsli içərisində deyil, bütövlükdə yeni dövr Azərbaycan ədəbiyyatında və ictimai fikrin inkişafında Elçinin özünəməxsus sanballı yeri, rolu, mövqeyi vardır.» Elçinin bədii əsərləri ilə Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətlərini qeyd etməklə, yaradıcılığında yeni biçimli obrazlar yaratmasına toxunmuş, ədibin «Baladadaşın ilk məhəbbəti» seriyasından olan hekayələri isə «Elçinin Azərbaycan ədəbiyyatında möhürü» kimi dəyərləndirmişdir. Akademik İ.Həbibbəyli Elçinin ədəbiyyat qarşısındakı xidmətlərinin ən başlıcasını müəllifin «ədəbiyyatı ideoloji buxovlardan xilas edib» «real həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmasında» görür. İsa Həbibbəyli Elçinin əsərlərini geniş təhlil süzgəcindən keçirir, ədibin «Baş» romanını «tarixi roman janrının tarixi-psixoloji roman formasında» qələmə alınmasına və «bu romanda mütəfəkkirlik və psixologizm» vəhdət təşkil etməsinə toxunur.Akademik İ.Həbibbəyli «Azərbaycan altmışıncılar poeziyasının əsas yaradıcılarından biri» olan Fikrət Qocanı şeirdə «lirik-psixoloji üslubu xüsusi bir ədəbi istiqamətə çevirən şairlərimizdən biri» kimi dəyərləndirmiş, şeir yaradıcılığını isə «insan mənəviyyatının çoxcildlik poetik külliyatıdır» deyə qiymətləndirmişdir.İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında postmodern cərəyanın yaranmasını tədqiq edərək Kamal Abdulla, İsa Hüseynov (Muğanna) və sair müasir yazarların bədii əsərlərini təhlil süzgəcindən keçirir. İsa Həbibbəylinin «fəaliyyətində elmlə bədii düşüncənin və ya bədiiliklə elmi fikrin harmoniyasını özündə cəmləşdirən bənzərsiz yaradıcı şəxsiyyət» kimi təqdim etdiyi akademik K.Abdullanın «timsalında ədəbi və elmi-nəzəri qənaətlər vahid düşüncə sisteminin üzvi tərkib hissəsi kimi təqdim» olunmasını göstərir. K.Abdullanın qələmə aldığı əsərlərində «yeni və fərqli yöndən bədii düşüncənin konkret ifadəsinə nail ola» bilməsini qeyd edir. İsa Həbibbəyli akademik K.Abdullanı digər alim və yazıçılardan fərqlənməsini, bu fərqlərin nədən ibarət olmasını da incəliklə açıqlamağa nail ola bilmişdir: «Məhz elmlə bədii düşüncənin ən müxtəlif formalarda yanaşı, paralel, həm də üzvi vəhdət halında təzahür etməsi, xüsusi bir keyfiyyət, harmoniya yarada bilməsi K.Abdullanı ədəbiyyatda da, dilçilikdə də özünəqədərkilərdən, müasirlərindən, hətta sonrakı yeni nəsildən də fərqləndirir.» İsa Həbibbəyli K.Abdullanın əsərlərində də elmi düşüncənin yerini müəyyən edə bilməsi amilini də göstərmişdir: «O, yazıçı olaraq həm də elmi düşüncənin bədii ədəbiyyatda yerini və mövqeyini müəyyən edə bilmişdir.» Akademik İsa Həbibbəyli «Yarımçıq əlyazma» əsərini isə «yeni dövr Azərbaycan ədəbiyyatında həyatı tam, bütöv, dərin qatları ilə açan tamamlanmış bədii əsər» olmasını qeyd edir. İsa Həbibbəyli K.Abdullanın bu əsəri ilə ədəbiyyatda «postmodernizm» kimi yeni mərhələnin başlanmasını, «milli postmodernist ədəbiyyatın təməl şərtlərini əks etdirə biləcək əhəmiyyətli və bədii cəhətdən yetkin nümunə» olmasını da vurğulayır.Yazıçı, ssenarist və kinoredaktor, «Nəsimi» mükafatının ilk laureatı İsa Hüseynov (Muğanna) yaradıcılığı Azərbaycan ədəbiyyatında maraq dairəsindədir. Akademik İ.Həbibbəyli İsa Muğannanın yaradıcılığını ədəbi cəhətdən iki yerə ayrılmasına toxunur, birinci mərhələ «1950-1980-ci illərdə yazdıqları» və «Məşhər» romanı ilə müəllifin yaradıcılığının birinci dövrünün başa çatması, «İdeal» əsəri ilə ikinci dövrünün başlanması qeyd edilir. Birinci mərhələni İsa Həbibbəyli «Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funksiyası» daşıdığını qeyd etmişdir. İ.Muğannanın konsepsiyasında peyğəmbərləri Allahın-Bağ atanın oğulları kimi təqdim edilməsinə, bunun əsasında ümumbəşər dəyərlərin qabardılmasına xüsusı diqqət yetirilir: «Dördü də dinlərin müqəddəs bir insan kimi təqdim etdiyi peyğəmbərlərdir. Muğanna onları bir olan Allahın oğlu kimi təqdim edir. Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir.» Bu cür tezislər ortodoksal İslam prinsiplərini inkar edir. İ.Həbibbəyli isə müəllifin «inanaraq formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat üçün utopiya kimi görsənsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir» fikri ilə İ.Muğanna yaradıcılığına müəllifin «dünyası kimi baxmaqdan başqa yol» qalmadığını vurğulayır.Akademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığını öz tədqiqatlarının obyektinə çevirmişdir. İsa Həbibbəylinin «çoxcəhətli yaradıcılıq fəalliyyətinə malik» kimi dəyərləndirdiyi yazıçı Mir Cəlal Paşayevin həm də «Azərbaycan ədəbiyyatşünaslıq elminin qiymətli nümunələrini» yaratmasını da nəzərədən qaçırmamışdır. İsa Həbibbəyli Mir Cəlalın «Füzuli sənətkarlığı» monoqrafiyasını «...orta əsrlərin poeziya ənənəsi haqqında bütöv və sistemli elmi təsəvvür yaradan mühüm elmi mənbə», «Azərbaycanda ədəbi məktəblər» monoqrafiyasını isə «XX əsrin əvvəllərində formalaşmış maarifçi realizm, tənqidi realizm və romantizm cərəyanlarının dərin və əsaslı elmi-nəzəri həlli öz əksini» tapmış nadir nümunələr və ədəbiyyatşünaslıq elmini zənginləşdirən əsərlər kimi qiymətləndirilmişdir. İsa Həbibbəyli M.C.Paşayevi həm yazıçı, həm ədəbiyyatşünas alim, həm ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuş müəllim, publisist kimi təqdim edərək ədibin obrazını yaratmağa, onun «əsərlərində xalq həyatının və milli mənəviyyatın ən incə, ülvi məqamları, adət-ənənələrimiz, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini» tapmasını doğru olaraq göstərməyə nail olmuşdur.Səməd Vurğunun «Qasım bəy Zakir haqqında» əlyazması, şair haqqında tədqiqat aparması faktlarına toxunan akademik İ.Həbibbəyli ədibin Q.Zakir haqqında, dövrü və mühiti haqqında zəruri məqamları nəzərə alaraq geniş tədqiq etməsi faktlarına aydınlıq gətirir. İsa Həbibbəyli S.Vurğunun Q.Zakir yaradıcılığının «əsas, aparıcı meyllərini, xüsusən realizm cəbhəsindəki, satira yaradıcılığı sahəsindəki xidmətlərini ön mövqeyə çəkərək əsaslı şəkildə təhlil» süzgəcindən keçirməsini də qeyd edir. İ.Həbibbəyli dahi sənətkarın ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətini müəyyən istiqamətlər üzrə qruplaşdırmışdır:«1. Azərbaycan klassik ədəbiyyatının qiymətləndirilməsi;2. Yeni dövr - XIX əsr və XX əsrin əvvəllərinin realist-demokratik ədəbiyyatına elmi münasibəti;3. Müasir ədəbi prosesin təhlili və işıqlandırılması;4. Səməd Vurğunun ədəbiyyat nəzəriyyəsi görüşləri;5. Ədəbi əlaqələrin dəyərləndirilməsi.»İsa Həbibbəyli «yeni dövr Azərbaycan ədəbiyyatşünaslığının atası», «ədəbiyyat tarixçiliyi elminin patriarxı» adlandırdığı Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatının təxminən min illik tarixinin mükəmməl ədəbi salnaməsini» yaratmasına toxunmuşdur. Ədəbiyyatşünaslıq abidəsi adlandırdığı «Azərbaycan ədəbiyyatı tarixi» ikicildliyinin mükəmməl olmasını yalnız tərcümeyi-hal göstəricilərindən ibarət olmadığını, ciddi elmi təhlil və ümumiləşdirmələrdən ibarət olmasında görürdü. İsa Həbibbəyli F.Köçərlinin bu kitabla əsaslandırılmış, sistemli «Azərbaycanda ədəbiyyat tarixçiliyi elminin böyük məktəbini» yaratması amilinə toxunulması böyük sənətkara verilən ən dəyərli və real tarixi qiymət kimi qəbul edilməlidir.Akademik İ.Həbibbəyli Azərbaycan şair və yazıçılarını tədqiq edərkən, onları tədqiq etmiş tədqiqatçıların da fəaliyyətlərini dəyərləndirmişdir. E.Sultanovu «Azərbaycan ədəbiyyatında tənqidi realizmə yaxın olan maarifçi realist nəsrin əsas yaradıcılarından» biri olmasına toxunan akademik İsa Həbibbəyli, ədibin həyat və yaradıcılığını geniş və hərtərəfli tədqiq etmiş İzzət Maqsudovun da elmi fəaliyyətinə nəzər salmış, tədqiqatçının «zəngin mənbəşünaslıq bazasına, ciddi elmi-nəzəri əhəmiyyətə malik olan» «Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı» monoqrafiyasını «Eynəli bəy Sultanov kimdir» sualına ilk və mükəmməl elmi» cavab verə bilən ədəbiyyatşünaslığın qiymətli elmi əsəri hesab etmişdir.İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının janr sisteminin inkişafına daimi maraq göstərir, şair və yazıçılar tərəfindən janr eksperimentlərini nəzərindən qaçırmır. Bu baxımdan, akademik İ.Həbibbəylinin Rəsul Rza, İlyas Əfəndiyev, Rəşad Məcid, İsa İsmayılzadə, Hikmət Mahmud, Hidayət, Nəriman Həsənzadə və sair ədiblərin yaradıcılığına vermiş olduğu qiymət elmi maraq kəsb edir.Bir tərəfdən görkəmli Sovet şairi kimi tanınan, digər tərəfdən isə yaradıcılığı Sovet dövrünədək Azərbaycan ədəbiyyatının ənənələrini öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirib, SSRİ hakim dairələrin destruktiv təsirindən qoruyaraq, gələcək nəsillərə bu ənənələri ötürə bilmiş R.Rza akademik İsa Həbibbəyli tərəfindən «yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış» sənətkar kimi dəyərləndirilmiş, «şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da qafiyə iştirak» etməsi də qeyd edilmişdir.İsa Həbibbəyli İlyas Əfəndiyevi «zamanın arxasınca getməyib, daha çox zamanı arxasınca aparmağa çalışan» ədib kimi təqdim edir. Ədibin «müasirlik məsələsinə gündəlik həyat kimi yox, inkişafda olan proses kimi» baxması, millilik və müasirlik anlayışlarının yazıçının yaradıcılığının əsas qayəsini təşkil etməsi, «ədəbiyyatımızda lirik-psixoloji nəsrin əsas» yaradıcılarından biri kimi akademik İsa Həbibbəyli tərəfindən təqdim edilməsi yazıçının bədii yaradıcılığına verilmiş elmi qiymətdir.İsa Həbibbəyli Rəşad Məcid yaradıcılığında publisistikanı «ən uzunömürlü sahə» olmasına və ədibin yaradıcılığının birinci dövrünün «10 sentyabr» kitabı ilə yekunlaşması faktına toxunur. İsa Həbibbəyli R.Məcidin yaradıcılığının birinci dövrünün yekununu ədibin bədii yaradıcılığının yekunu kimi deyil, əksinə nasirlik səlahiyyəti qazandırdığını və «yeni mərhələnin uğurlu» başlanğıcı olmasını qeyd edir. İsa Həbibbəyli hələ XX əsrin səksəninci illərində «öz poetik üslubu, öz şeiri formalaşmış» R.Məcid yaradıcılığını yüksək dəyərləndirərək qeyd edir ki, «Rəşad Məcidin lirikası dərin lirizmlə üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir.» İsa Həbibbəyli «liro-epik şeirinin əsas yaradıcılarından biri» hesab etdiyi R.Məcidin son dövrlər bədii yaradıcılığını da yüksək dəyərləndirir, 2011-ci ildən sonrakı bədii yaradıcılığında qələmə alınmış poeziya nümunələrini üç yerə ayırır:«1. «Roman» liro-epik poeması ilə səsləşən yeni şeirlər2. «Dastan» qrupu şeirləri3. Lirikasında yeni mərhələ».İsa Həbibbəyli «fərdi poetik üslubu sadəliyinə, dərin məna ahənginə, işıqlı rəng çalarlarına görə» fərqlənən İsa İsmayılzadənin «Naxçıvan duyğuları» şeir silsiləsini dəyərləndirərək, «günəş hənirli torpağın təkrarsız rənglərinin poetik ifadəsindən ibarət» olmasını qeyd edir, «Naxçıvanla bağlı bəzi coğrafi məkanları və etnoqrafik mətləbləri» işıqlandırmasına da toxunur.İsa Həbibbəyli geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun da bədii yaradıcılığına nəzər salmış, ziyalı alimin «yarım əsrdən artıq bir dövrdə bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul» olmasını, 9 şeirlər, 11 poema çap etdirməsini də qeyd etmişdir. İsa Həbibbəyli Hikmət Mahmudun bədii yaradıcılığında «elmi təfəkkürlə bədii dərketmənin qarşılıqlı əlaqəsi fərqli bir poetik düşüncəni meydana» çıxarması amilinə də toxunmuşdur.İsa Həbibbəyli yazıçı Hidayəti «müasir Azərbaycan ədəbiyyatında publisistik bədii nəsrin əsas yaradıcılarından biri» kimi dəyərləndirir. İsa Həbibbəyli yazıçı Hidayətin «publisistik nəsrində janrların əlaqəsi yox, mükəmməl sintezi baş verməsinə» toxunmuş, «müraciət etdiyi ədəbi növlərin və janrların hamısında özünəməxsus layiqli əsərlər» qələmə almasını da vurğulamışdır. İsa Həbibbəyli yazıçının «Burdan min atlı keçdi» publisist romanını bu janrda qələmə alınmış əsərlərin zirvəsində dayandığını da qeyd etmişdir. İsa Həbibbəyli ədibin poeziyasını «yaşadığı zamanın əks-sədasıdır, haqq səsidir» kimi dəyərləndirir, Hidayət Orucovun poeziyadakı mövqeyini isə özünəməxsus incəliklə açıqlamağa nail olur: «Hidayət S.Vurğundan aldığı vətənpərvərlik dərsini M.Arazın simasında milli ideyalar şəklində qavramış və nəhayət, həmin düşüncələri köynəyindən keçirərək, cəmiyyət həyatı ilə əlaqələndirməklə özünəməxsus şeir yolunu tapmışdır.»İsa Həbibbəylinin «saf, xalis lirikanın yaradıcısı» hesab etdiyi Xalq şairi Nəriman Həsənzadəni «Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə» zənginləşdirməsini qeyd edərək, mənzum dramlarının şeiriyyət baxımından da kamil olduğunu vurğulayır. Şairin əsərlərini təhlil edən İsa Həbibbəyli «Atabəylər» mənzum dramını «...ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi» kimi təqdim edir.Müasir Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və qarşısında duran vəzifələrİsa Həbibbəyli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatını «müstəqil dövlət quran xalqın ədəbiyyatı» kimi «mübarizə və uğurları» əks etdirdiyini qeyd etmişdir. İsa Həbibbəyli «ədəbiyyatda müstəqillik ideyalarının yetişməsi və təcəssümü»nü bir neşə şəkildə özünü göstərdiyini vurğulamış və aşağıdakı kimi təsnifatını aparmışdır:«- ana dilinin və milli şüurun qorunması və inkişaf etdirilməsi;- milli-tarixi yaddaşın bərpası;- Azərbaycan idealının, milli vətənpərvərlik ruhunun yaşadılması;- Azərbaycan insanının obrazının bədii təcəssümü;- nəhayət, birbaşa milli ideya vasitəsilə qurtuluşa çağırışın bədii ifadəsi.»İsa Həbibbəyli Müstəqillik dövrü ədəbiyyatını iki mərhələyə ayırmışdır: «1) Sovet ədəbiyyatı düşüncəsindən müstəqillik dövrünə «keçid ədəbiyyatı» kimi xarakterizə olunan 1990-cı illər;2) XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatı.»İsa Həbibbəyli Müstəqillik dövr ədəbiyyatının əsas mövzu problematikalarını göstərmiş, hər mərhələnin özünəməxsusluğuna toxunmuşdur. İsa Həbibbəyli birinci mərhələni, yəni sovet dövrünün sonlarından müstəqillik dövrünə «keçid əlamətləri» ilə səciyyələnən birinci mərhələylə bağlı mövzuları belə təsnif etmişdir: «1) İstiqlal və 20 Yanvar mövzusu; 2) Qarabağ müharibəsi mövzusu; 3) sosial böhran və dekadans mövzusu; 4) avanqard sənət».İsa Həbibbəyli Müstəqillik dövrü ədəbiyyatının ikinci mərhələsində «janrlar arasında sərhədlərin mütəhərrik olduğunu müşahidə» edilməsini, «sintez janrların müşahidə olunmasını təbii» hala çevrildiyini vurğulayır.NəticəAzərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizəsi İsa Həbibbəylinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru olmamış vaxtlardan başlanması özünü göstərməkdir. İsa Həbibbəylinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru olmasından sonra bu proses sürətlənmişdir. Belə ki, institut rəhbəri kimi İsa Həbibbəyli bu mübarizəni istiqamətə çevirməyə nail ola bilmişdir. İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatına yönəlmiş mənfur qüvvələrə qarşı elmi mübarizəsi öz effektini göstərməkdədir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinə yaxılan qarayaxmalar, Azərbaycan ədəbiyyatı və nümayəndələrinin özünküləşdirilməsi prosesini əks etdirən elmi tədqiqat və dissertasiyaların qarşısı alınmış, başqa dövlətlərin tədqiqatçılarının milli ədəbiyyatımızı və nümayəndələrini özünküləşdirilməsinə elmi faktlarla etirazlar özünü göstərmişdir. Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizəsi ilə bağlı olaraq, onun rəhbərlik etdiyi müddət ərzində yeni-yeni şöbə və şöbə daxili sektorların açılması məhz İsa Həbibbəylinin apardığı elmi siyasətin nəticələridir. Məhz Füzulişünaslıq sektorunun, Nizamişünaslıq, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr, Dünya ədəbiyyatı və komparativistika və s. şöbələrin yaranması və fəaliyyət göstərməsi İsa Həbibbəylinin həm alim kimi, həm də institutun rəhbəri kimi elmi fəaliyyətinin nəticələridir.Elmi tədqiqatlarında İsa Həbibbəylinin tədqiq etmiş olduğu müasir Azərbaycan vətənpərvərlik lirikasının təbliği Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərliyi altında daha da genişləndi. Belə ki, Azərbaycan ədəbiyyatında, xüsusilə də gənclər arasında geniş vüsət almış məhəbbət, təbiət mövzusu və öz şəxsi hisslərini təbliğ edən lirikaya nisbətən vətənpərvərlik lirikası üstünlük təşkil etdi. Hətta tədqiqatçıların da elmi tədqiqat və təhlillərində vətənpərvərlik lirikasına üstünlük verilməsi özünü qabarıq şəkildə göstərir. Bu da vətənpərvərlik lirikasına ədəbi dairələrdə marağın artmasına gətirib çıxarır.Azərbaycan ədəbiyyatşünaslığında nəzəriyyənin ləng inkişafı, ədəbiyyatda nəzəri elmin yoxluğu, janrlar arasındakı qarışıqlığın, yeni cərəyanlara müəlliflərin müraciət etməsi faktlarının özünü göstərməsi də İsa Həbibbəylinin nəzərindən qaçmamışdır. İsa Həbibbəyli elmi tədqiqatlarında Azərbaycan ədəbiyyatında bədii cərəyan və janrların inkişafına, ədəbiyyatşünaslıq və ədəbi tənqid problemlərinə aydınlıq gətirərək, yaranmış qarmaqarışlıqların qarşısını alır. İsa Həbibbəylinin rəhbərlik etdiyi qurumda ədəbi tənqid şöbəsinin, cərəyanları tədqiq edən sektorun açılması məhz elmi tədqiqatlarından doğan islahatların həyata keçirilməsidir. Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoru,Azərbaycan Milli Elmlər Akademiyasının professoruRusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.