SEVİNC AZADLI (1975)

SEVİNC AZADLI (1975) Sevinc Azadlı (Sevinc Səbzəli qızı Səbzəliyeva) - 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərində, ali təhsilini Bakı şəhərində alıb. Hələ uşaq vaxtlarından ədəbiyyatı sevib, poeziya həvəskarı olub. Məktəb illərində "Şərq Qapısı" qəzetində şeir və məqalələri dərc olunub. Lakin ailə vəziyyətilə əlaqədar olaraq 28 il qələmdən kənar qalıb. Son bir il ərzində yenidən yaradıcılığa dönüb. Çox təvazökardır. Deyir ki, “Yazdıqlarımı şeir adlandırmaq olarmı bilmirəm. Bircə onu bilirəm ki, şeir ruhumun özündən ələdiyi yeganə görünən "məni"dir.”

Biz də Sevinc xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Gilə DƏRYA,
"Borçalı" nəşriyyatının redaktoru,
ZiM.Az


SƏHİD ADIN

Bu yazın da gəlişi ağır oldu nəisə,
Yenə neçə ocağın oduna qan töküldü.
Neçə-neçə ananın gözləri yaşlı qaldı,
Neçə-neçə atanın beli tamam büküldü.

Yenə doğma torpağa mənfur düşmən təpildi,
İyrənc caynaqlarını vətənimə atmağa.
Güllələr oğulların sinəsinə səpildi,
Amma, aman vermədi düşmən kama çatmağa.

Döyünən ürəyimsiz, düşmənə vuran qolum,
Mayası Koroğludan ərən yoğrulanlarım.
Şəhid adlı ən ali namına qurban olum,
Anaların bətnindən aslan doğulanlarım.


PƏRT DÜŞƏRSƏN

At oynatma bəni adəm, bir gün gələr,
Çapdığın o boz at sənə qənim olar.
Atar səni yəhərindən kaf keçərsən,
Ağrısından başın dönər, rəngin solar.

Güvəndiyin dağlarına qar ələnər,
İnam adlı bağ-baxçanı ayaz vurar.
Ümidinin ortasında çat yaranar,
Ağrısına tab gətirməz, ürək durar.

Tale sənə kələk gələr, oyun oynar,
Adını da unudarsan, pərt düşərsən,
Səd hörülər dərdlərindən qala kimi,
Keçəmməzsən, ilişərsən sərt düşərsən.

Yazın gəlməz, qışın yenə davam edər,
Həsrət qalar çəmanzarə bülbüllərin.
Ürəyində toxum səpib cücərtdiyin,
Nə boy atar, nə bar verər sünbüllərin.


QAZANARDIN BİR ÖMÜRLÜK SAVABI

Həsrətindən əriyirəm şam kimi,
Gücüm çatmır bircə addım getməyə.
Bu nə sirdir heç özüm də bilmirəm,
Taqətim yox durub nəsə etməyə.

Pardaxlanıb ürəyimin telləri,
Hər yerindən qara qanlar süzülür.
Ərkim çatır tək gözümün yaşına,
Mirvari tək yanağıma düzülür.

Nə olardı görərdin sən içimi,
Görərdin ki, necə tüğyan eyləyir.
İnan səni qınamıram ay adam,
Bir sevməyən, bir sevəni neyləyir.

Sınağımda ağır olan suala,
Sən bəxtimin kəsir düşən cavabı.
Nə olardı zamanında gələrdin,
Qazanardın bir ömürlük savabı.


SƏNİN

Yenə nə olub belə, dəliliyin tutubdur,
Elə bil ki, gəmini nəhəng dərya udubdur,
Gileylənib bəxtinə deyirsən ki, vurubdur
Qəlbinə yara sənin.

Harda itirdin belə yolağanı, yönünü,
Sanki gözün kor olub, heç görmürsən önünü,
İnanmazdım heç zaman, bu yoxluğum gününü,
Edərmiş qara sənin.

Peşman olma yazıya, demə səni itirdim,
Nə olsun k,i ömrümü belə qısa bitirdim,
Bu yorğun ürəyimin parasını götürdüm,
O qalan para sənin.

Yaşamağa davam et, addımlama yerində,
Qarşına biri çıxır, əlbət, günün birində,
Olar, bəlkə, tapılar onun şirin dilində
Dərdinə çara sənin.


VERSİN O DÖZÜM

Həsrətəm gül üzünə, gəl ki, gülüm, gülsün üzüm,
Boynuna çox yaraşar qoy elə mirvari düzüm,

Qorxuram agah ola, el də mənə töhmət edə,
Aşikar eyləməyim qoy elə xəlvətdə süzüm.

Yaradan öylə gözəl xəlq eləmişdir ki səni,
Kor olaydı nə edim kaş sənə baxmazdı gözüm.

Səni görcək qarışır külli ilə əhvalım,
Kəsilib nitqimə düşmən daha yoxdur ki, sözüm.

Rəbbimin dərgahına əl açaraq yalvarıram,
Ya məni nist eləsin, ya da ki, versin o dözüm.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: