ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV Tarixi vərəqlədikcə görürük ki, insanı insan kimi formalaşdıran, onu cəmiyyətə layiqli şəxsiyyət kimi yetişdirən, onu tanıdan amil həm onun ətrafı, həm yaşadığı mühit olmuşdur.
Təbii ki, burada insanın ağlı, kamalı, bacarığı da əsas rol oynayır.
İnsan elə bir varlıqdır ki, o olduğu mühitə uyğunlaşaraq, ya yaxşı, ya da pis xasiyyətli biri ola bilər.
Yaxud, əksinə tanınmışlardan, seçilmişlərdən ola bilər.


1990-cı illərdə ölkəmizin üstünü qara buludlar alanda, II Vətən müharibəsinin gənc qəhrəmanlarının çoxu hələ dünyaya gəlməmişdi. Bu qəhrəman döyüşçülərimizin əksəriyyətinin ataları, babaları I Qarabağ döyüşlərində iştirak edərək ya şəhidlik zirvəsinə ucaldılar, ya da qazi olaraq, sonradan şücaət göstərəcək övladları ilə ikinci Vətən müharibəsini də gördülər.

Müharibə dəhşətli bir sözdür. Müharibə insanların həyatını məhv edir, onları həyatdan ayırır, sevgilərini nakam qoyur, fiziki sağlamlıqlarını əllərindən alır və s. Əgər insanda Vətən sevgisi güclü olarsa bu sadaladıqlarımın heç birini düşünmədən, o torpağı, Vətəni uğrunda ölümə gedir.
Bu gün biz qırx dörd günlük müharibənin elə ilk günündə şəhidlik zirvəsinə ucalmış igidimiz Gözəlov Xalid haqqında söhbət açacağıq. O Xalid ki, II Vətən müharibəsi başlayanda ayağı zədəli olsa da, ölümü düşünmədən könüllü cəbhəyə gedir.


ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV Oxucularımıza igid şəhidimizi tanıdaq:
Gözəlov Xalid Həsən oğlu,
1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. O, 2002-ci ildə orta məktəb təhsilini ilk olaraq Zaqatala şəhər 2 saylı tam orta məktəbində alaraq, sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq yenidən Biləsuvara qayıdır və orada Oqtay Babayev adına tam orta məktəbi bitirir.
Gözəlov Xalidin kiçik yaşlarından hərbiyə, idmana marağı olubdur. Yəqin ki, atası Həsən müəllim Dövət Sərhəd Xidmətinin zabiti olduğundan, Xalid də atasının yolunu davam etdirmək niyyətində olur. Elə bu həvəslə də o, məktəbi bitirdiyi il sənədlərini tələbə olmaq üçün universitetə verir, lakin Dövlət Sərhəd Xidmətinin Akademiyasına seçir. 2013-2017-ci illərdə hərbi pilot üzrə mütəxəssis olaraq akademiyanı bitirir. 2017-ci ilin iyun ayında Xalid ilk zabit rütbəsini (leytenant rütbəsi) alır. Təyinatı üzrə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi pilot qismində əmək fəaliyyətinə başlayır.
Xalid xidməti dövründə peşəkar, savadlı, bilik və bacarığını daim təkminləşdirən, ünsiyyətcil, hərbi kollektivdə sayılıb-seçilən zabitlərdən olmuşdur. O hətta öndə olan zabitlərdən sayılırdı. Hər bir Azərbaycan vətəndaşı kimi Xalidin də ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad edilməsi idi. Bu arzu bir an da olsun onu rahat buraxmırdı.
1990-çı illərin əvvəllərindən mənfur qonşumuz olan ermənilərin və onların separatçı dəstələrinin Azərbaycan torpaqlarını işğal etməsində, onlara havadarlıq edən xarici qurumların otuz ilə yaxın apardıqları gərəksiz danışıqları torpaqların azad olunması məsələsini ləngidirdi. Xalid çox yaxşı bilirdi ki, əgər Ali Baş Komandan cənab İlham Əliyev hücum əmrini verərsə , ordumuz mütləq zəfər çalacaqdır. Çünki, ədalət gec də olsa həmişə haqqın yanında olur.
Mən bu materialı hazırlayarkən, Xalidin tələbə dostu və akademiyadan sonra N saylı hərbi hissədə də bir yerdə çalışdıqları Qurbanov Ceyhun Mətləb oğlundan məlumatları aldım. Ceyhun, Xalid haqqında o qədər dolğun, gözəl məlumat verdi ki, Xalidin qardaşı Davudla əlaqə saxladığım da əlavə məlumata ehtiyac qalmadı. Ceyhun, ən yaxın dostu olmuş Xalid haqqında ürəkyanğısı ilə, səsi titrəyə-titrəyə danışdı. Ceyhunun dediklərindən:
“Xalid çox vətənpərvər, istiqanlı və şən bir gənc idi. Sadə xasiyyəti, mehribanlığı ona dostaları arasında hörmət qazandırmışdır. Biz demək olar ki, hər gün bir-birimizlə görüşür, birlikdə olurduq. Xalidin yanında olarkən insan sıxılmaq, darıxmaq nədir bilmirdi. O qədər maraqlı söhbətləri olurdu ki, o həm də çox ailəcanlı, dostcanlı idi. Hər gün, hər saat Ali baş Komandanın əmrini gözləyirdi. Son günlər də düşmənlərin dayanmadan sərhədlərimizi pozması, hərbi və mülkü şəxslərə silah açması onun əsəblərini tarıma çəkmişdi”.
Nəhayət ki, bütün xalqımızin igid oğulları kimi, Xalidin də gözlədiyi vaxt yetişdi. Sentyabrın 27-də düşmənə qarşılıq olaraq cavab vermək əmri imzalandı. Çoxdan gözlənilən bu xəbər Azərbaycanda bir canlanma yaratdı. Əzəli torpağımız olan Qarabağı düşməndən azad etmək üçün minlərlə gəncin həvəslə hərbi komissarlıqlara axını başladı. Müzəffər Milli Ordumuzun yetərincə döyüş qüvvəsi olsa da könüllülər döyüşə getmək istəklərindən əl çəkmirdilər.
Xalid də könüllü olaraq cəbhəyə yollandı. O, hələ müharibə başlamamışdan əvvəl təlim zamanı paraşütdən tullanarkən ayağından zədə almış, lakin buna baxmayaraq öz istəyi ilə müharibəyə getmiş və döyüş başlayan zamanda ön sıralarda olmuşdur.

Gözəlov Xalidin alın yazısında məhz müharibənin ilk günü, yəni 27 sentyabr 2020-ci ildə şəhid olmaq qisməti yazılmışdır. Xalid ən qızğın döyüşdə iştirak etdi. Bəlkə də o illərdən bəri ürəyində düşmənə qarşı yığılıb qalmış kinini, küdurətini bildirmək üçün özünü qorumağı belə unumuşdu. Ölümdən qorxmadan döyüşə atılan, sinəsini sipər edən Xalid, Füzulinin azad olunması uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına şəhid oldu.

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV Xalidin bütün arzuları tamamlanmamış qaldı.
O subay idi...
Kim bilir, bəlkə də onun sevdiyi, söz verib, söz aldığı yarı da var idi.
Hər halda hər şeydən Vətən sevgisini üstün tutan Xalid Gözəlov Azərbaycanın döyüş tarixinə öz adını yazdırdı.

Xalid şəhid olmazdan əvvəl də, şəhidlik zirvəsinə ucaldıqdan sonra da bir çox medallarla mükafatlandırılmışdır.

18.08.2014-cü il - “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi”yubiley medalı
18.08.2019-cu il - “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı
15.12.2020-ci il - “Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020-ci il - “Vətənə xidmətə görə” ordeni 3-cü dərəcəli (ölümündən sonra)
29.12.2020-ci il - “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)

Qədirbilən xalqımız bizim üçün canından keçən igidlərimizi heç vaxt unuda bilməz. Bizim buna ixtiyarımız yoxdur. Çünki, şəhidlərimiz bizim azad yaşamağımız üçün canlarını fəda etdilər, qazilərimiz ana və bacılarının qarşısında alnı açıq olmaq üçün fiziki sağlamlıqlarını qurban verdilər. Bu gün bizim hər birimizin mənəvi borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutaq. Onları hər yerdə təbliğ edək, tanıdaq. Bu gənclər Azərbaycanın qədim qəhrəmanlıq tarixinə, XXI əsrdə dünyanın heç bir yerində görünməyən yeni bir möcüzəvi qəhrəmanlıq tarixi yazdılar. Ölüm-dirim savaşını qirx dörd gündə zəfərlə başa vurdular.
Allah şəhidlərimizə rəhmət eləsin.

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV PƏRİXANİM MİKAYILQIZI
“Elm və Təhsil” qəzetinin Baş redaktoru,
F.b.Köçərlinin araşdırmaçısı, AJB-nin
üzvü, şair-publisist, “Xarı Bülbül” medalı
mükafatçısı və bir çox mükafatların laueratı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: