Tiflisdə 5 ölkənin yazarları görüşdü Tiflis, "Varlıq" 21 Mayıs Mayın 18-də Tbilisidə - Gürcüstan Elmlər Akademiyasının böyük salonunda Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin və AYB-nin Gürcüstan bölməsinin təşkilatçılığı ilə beynəlxalq poeziya bayramı keçirilib. Tədbirdə azərbaycanlı yazarlarla birgə, Gürcüstanın, Türkiyənin, Şimali Kipr Türk Respublikasının, İraqın Kərkük vilayətinin və Bolqarıstanın bir çox tanınmış şair-yazıçıları, alim-türkoloqları iştirak və çıxış ediblər. Tədbiri “Varlıq” Mədəniyyət Mərkəzinin və AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət açaraq, qonaqları salamlayıb, yazarlar arasında görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini vurğulayıb, sonra isə çıxış etmək üçün sözü xarici ölkələrdən gəlmiş yazarlardan ibarət nümayəndə heyətinin rəhbəri, KİBATEK-in (Beynəlxalq Kipr, İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumu) sədri Fəyyaz Sağlama verib. F. Sağlam öncə İştirakçıları salamlayıb, rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib və özünün rəhbərlik etdiyi on nəfərlik heyəti iştirakçılara təqdim edib. O, bu görüşdən çox məmnun olduğunu və gələcəkdə belə tədbirlərin intensiv keçirilməsi üçün əlindən gələni edəcəyini söyləyib.Görüşdə çıxış edən Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili də hər kəsi salamladıqdan sonra, özündən əvvəlki çıxışçıların fikirləri ilə həmrəy olduğunu bildirib və gələcəkdə birgə görülə biləcək işlərdən və qarşılıqlı əməkdaşlıqdan danışıb.Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı səmimi münasibətlərdən və daim yüksələn xətlə inkişaf edən əməkdaşlıqdan danışaraq, ədəbi-mədəni sahədə belə tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və əməkdaşlığa təkan verdiyinə diqqət çəkib və ilk addım olan bu görüşün gələcəkdə geniş xarakter alacağına ümid bəslədiyini ifadə edib.Pedaqoji elmlər namizədi, professor Mahmud Xubanlı, ağsaqqal yazıçılar Emin Elsevər və Əli Abbas Azərbaycan-Türkiyə-Gürcüstan ədəbi əlaqələrinin keçmişindən və indisindən söz açaraq, bu münasibətlərdəki çatışmazlıqlardan və perspektivlərdən sözhbət açıblar.İraq-Kərkük Mədəniyyət Dərnəyinin qurucu rəhbəri Şəmsəddin Kuzəçi Tbilisidə olmasından və burada azərbaycanlı yazar qardaş-bacıları ilə görüşündən olduqca məmnun qalmasından, İraq türkmənlərinin Azərbaycan türkləri ilə eyni qanı daşımasından, Gürcüstanda yaşayan yarım milyon soydaşımıza qucaq dolu salamlar gətirməsindən vəcdlə danışıb.Sonra xarici ölkələrdən gələn qonaqlar təmsil etdikləri təşkilatlar adından Rafiq Hümmətə ədəbi- mədəni əlaqələr sahəsində göstərdiyi xidmətlərə görə mükafatlar, təşəkkürnamələr təqdim etmiş və kitablar, başqa hədiyyələr vermişlər.Gürcüstanda bir çox görkəmli azərbaycanlı yazarların yaşayıb-yaratdığını dilə gətirən Rafiq Hümmət, təkcə yaşadıqları ölkədə deyil, ümumən Türk dünyasında onlara diqqətin artırılmasının vacibliyini qeyd edərək, qonaqlara bu gözəl görüş üçün təşəkkür edib və öz növbəsində onlara rəhbəri olduğu qurumlar tərəfindən nəşr olunmuş bir çox kitabları – Azərbaycan və gürcü dillərində “Koroğlu”, “Min bir bayatı”, “Ədəbi Gürcüstan”, “Hekayələr və nağıllar”, “Yüz böyük gürcünün həyatı və fəaliyyəti” və s. hədiyyə edərək, “Varlıq” Mədəniyyət Mərkəzi adından KİBATEK-in rəhbərinə Təşəkkürnamə təqdim edib.Tədbirdə çıxış edən “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı bu görüşdə istedadlı gənc yazarların iştirakından daha çox məmnun qaldığını bildirib, belə tədbirlərin gənclərin yaradıcılığına ciddi stimul verəcəyinə inandığını dilə gətirib.Sonra qonaqlardan Şükrü Aydın, Ayişə Tural, Mövlud Kaplan, Güzin Onralkan, Şəmsəddin Kuzəçi, Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı yazarlardan Allahverdi Təhləli, Səadət Buta, Fatma Aslan, Osman Əhmədoğlu, Şövkət Dağlarqızı, Ziyadxan Əhmədov, Afiq Muxtaroğlu, Güllü Tomarova, gənc istedadlardan Vaqif Səyyah, Vüqar Vəkiloğlu, Afayət Afiq, gürcü şairlərdən Quri Otobaia, Zaza Suyaşvili və başqaları poetik nümunələr səsləndirmişlər.Gürcüstan Baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin rəsmisi Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, Kvemo Kartli-Borçalı qubernatorluğunun və Rustavi meriyasının məsul işçiləri Soso Pirveli və Bəhram İsayev, Gürcüstan parlamentinin sabiq deputatı Ramin Bayramov, AzərTac-ın, APA-nın, İnteraz TV-nin Gürcüstan təmsilçiləri, başqa media işçiləri, Azərbaycan mədəniyyətinin coşqun təbliğatçısı Tamar Lamparadze, “Varlıq” Mədəniyyət Mərkəzinin sədr müavini Cambul Məmmədli, QHT nümayəndələri, müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, bölgələrdən şairlər və ədəbiyyatsevərlər tədbirdə iştirak ediblər. Sonda Feyyaz Sağlam bu gözəl görüşün təşkilində çəkdiyi böyük zəhmətə görə Rafiq Hümmətə təşəkkür edərək, onu bu ilin dekabrında Türkiyədə keçiriləcək beynəlxalq ədəbiyyat simpoziumuna dəvət edib. Görüş iştirakçıları xatirə şəkilləri də çəkdiriblər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.