“ŞƏHİDLƏR haqqında öldü deməyin; ONLAR diridirlər!”

“ŞƏHİDLƏR haqqında öldü deməyin; ONLAR diridirlər!” “Şəhidlər”, “Şəhid ailəsi”, “Şəhid atası”, “Şəhid anası”, “Şəhid məzarı”, “Şəhidlər xiyabanı” – yurdumuzun hər guşəsindən bəzən hıçqırıqla, hüzünlə, bəzən də qürürla, şərəflə səslənilən bu sözlər, bu ifadələr indi hər birimizin dilindən düşmür. Ölkəmizdə Şəhidlər sözün əsl mənasında hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıblar.
20 yanvar şəhidləri, Qarabağ şəhidləri, Xocalıda həlak olanlar... Çağdaş Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi zamanı müqəddəs torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən qəhrəman oğullarımız... Bunlar tariximizin sınaq meydanı, onun qan yaddaşıdır. Bir evdən, bir ocaqdan, bir ailədən qopan oğul və qızlarımız təkcə bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, bir məmləkətin şəhid oğullarına, şəhid qızlarına döndülər.


Şəhidlər sanki Günəş kimi həmişə yüksəkdə olur və günlərimizi aydınlatmaqda davam edirlər. İnsanlıq səmasında parlayan ulduzlar kimi daima sönməz, qartallar kimi enməz olurlar... Göylərə baş çəkən əzəmətli, vüqarlı dağlarımıza bənzərlər. Onların igidliyi, qəhrəmanlığı həmin “qanlı yanvardan”, həmin “şənbə gecesindən” uzaqlaşdıqca daha əzəmətli görünür. Onlar zamana sığmayan insanlardır. Ancaq bu zamana sığmayan insanlar bizim kiçik, yumruq boyda qəlbimizə sığıblar. Qəlbimizdə onlara olan sevgi, məhəbbət tükənməzdir, sonsuzdur; dəryalar kimi, ümmanlar kimi... Onilliklər, yüzilliklər keçəcək, əsrlər adlanacaq, onlar yenə də xalqımızın qəlbində əbədi yaşayacaq, daimi xatırlanacaq; xalqımızın hüznlü, kədərli anları kimi yox, şanlı, şərəfli anları, qəhrəmalıq səhifəsi kimi. Çünki onlar azadlıq yanğısı ilə alovlanan, azadlığa süsamış istiqlal carçılarıdırlar. Bu amal, bu məslək yolunda canlarını göz qırpmadan qurban verən azadlıq fədailəri, azadlıq mücahidləridirlər. Elə bu müqəddəs istək naminə də öz qanlarını axıdaraq şəhidlik zirvəsinə yüksəldilər. Bəlkə də qəribə səslənə, qulağa ağır gələ bilər: amma nə yaxşı ki, Ana Vətən üçün qurban gedən şəhidlərimiz var. Çünki həqiqətən də “Torpaq uğrunda ölən varsa, o torpaq Vətən olurmuş”. Şəhidlərimiz torpağı bizim üçün vətən halına gətirdilər, vətən uğrunda ölməyin gərərkliliyini göstərdilər.
Vətən uğrunda əslində ölməzmişlər! Müqəddəs kitabımız “Qurani - Kərim”də səslənir: “Şəhidlər haqqında öldü deməyin; onlar diridirlər!” Şəhidliyə bundan yüksək qiymət ola bilərmi?

Mən türk övladıyam, dərin əqlim, zəkam var,
Nə vaxtacan ciynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!"

Elə bu nidanın təsiri altında da vətənin qeyrətli oğulları “çeynən bir ölkənin haqq bağıran səsi” olaraq meydana atıldılar. Şər imperiyasına “mənə dinmə, sus!”- deyirsən, nə vaxtacan susacam?” hayqıraraq bütün xalq, bütöv bir məmləkət ayağa qalxdı. “Mənim Ana Vətənimdir talan olan bu diyar!” bəyan edərək, “oğuzların, Koroğlunun, Cavanşirin, Babəkin, Xətainin, Cavad xanın, Səttar xanın yurdunda kimdir bax at oynadan” nərə çəkərək tufanlara sinə gərdilər...
Azərbaycanın müstəqilliyi təkcə 80-90-cı illərin hadisəsi olmayıb, kökü milli şüurumuzun və azadlıq düşüncələrimizin dərin qatlarına gedib çıxır. Xalq qəhrəmanı, böyük sərkərdə Babək yadellilərə qarşı döyüşdü, mücadilə etdi və bu torpaq uğrunda, azadlıq uğrunda şəhid oldu. Öz silahdaşlarından birinə “Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir... O dəhşətli yanğı ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən-döyüşə aparan. Ancaq sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməıkdən daha üstündür!” Edam ərəfəsində “Mənim ölümüm mənim üçün son silahdır. Bu silah dünyaya mərd gəlib, mərd gedənlərin silahıdır!” dedi. Bu, bütün azadlıq mücaidlərinin, mərd, mübariz, qəhrəman vətən övladlarının şüarı, çağırış nidaları idi. “Ölsəm şəhidəm, qalsam qəhrəman!” inancı; budur düşməndən bizi, türk övladını üstün edən ən mühüm əsaslardan biri.
Cavad xan da bu yolu seçdi... Fəlakət Cavad xanı oyatmışdı; mərdliyi, qüruru, vicdanı, ürəyi oyanmışdı. Ya Gəncə darvazalarının qapılarını açıb təslim olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq... Cavad xan ikinci yolu seçdi. İndi Cavad xan üçün yaşanmamış ömür yoxdur; qeyrət var, ölümü duyub bu ölümü mərdanə qarşılamaq var. Bu yol Koroğlunun hayqırtısından, Beyrəyin qanlı köynəyindən, Nəsiminin edam edildiyi dar ağacından keçirdi. Bəli, Cavad xan “Ya Vətən, ya kəfən!” hayqıraraq rus imperiyasına qarşı-qeyri bərabər düyüşə atıldı, ölümün üzərinə yeridi və ölümsüzlük qazandı. O, şəhid oldu amma öz qanı ilə tarixləri qızartdı.
Ulu Xətai, qəhrəman sərkərdə “Torpağımız, dilimiz, qeyrətimiz!” - deyərək gözlərini yumdu və bu üç əmanəti bizlərə vəsiyyət etdi.
Böyük qanlar hesabına Şərqdə ilk Demokratik Cümhuriyyət qurmuş istiqlalçılarımız “Bir kərə yüksələn bayrağımızı bir daha enməz etdilər.” Onlar istiqlaliyyətin nə olduğunu anlatdılar, bu xoş anları xalqa yaşatdılar; “Azadlıq” təamını xalqa dadızdırdılar.
Azadlıq təşnələri Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq də bu qanlı mücadilənin qurbanlarına çevrildilər; irticanın amansız qətliamı onların dağ çayları kimi coşub-çağlayan ömürlərinə son qoydu.
Zaman-zaman bu torpaq uğrunda qurban gedən şəhidlərimiz zülmə qarşı üsyan etdilər:

Mən sənin elinə dəymirəm, cəllad,
Gəl sən də bu ana elimə dəymə!
Sənin də bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!
Altımda atəş var, külümə dəymə!..

Onlar azadlığı, istiqlaliyyəti şan-şöhrətdən üstün tutdular. Susmağı, bu zülmlə barışmağı, vətənə, xalqa xəyanət sandılar.
Anaların “Südüm sənə haram olsun Vətənə xəyanət etsən, oğlum!” öyüdünü unutmadılar:
Süd verərkən doğma anam belə demişdir mənə:

Səni qurban bəsləyirəm türk yurduna - Vətənə!

20 Yanvar da yazılan tariximizin şanlı səhifələrindən biri, zaman-zaman aparılan azadlıq mücadiləmizin məntiqi davamı idi. Hər daşından alov dilli oxa çevrilən mərd, mübaris Vətən oğulları “Azərbaycan dünyasından” boylanaraq, “Dünyada mənim də haqqım var!”- deyə, bütün cahana səs yaydılar: “Nə qədər bu zillətə dözmək olar”, “Dünyada mənim də haqqım var” - deyə ayağa qalxdılar, meydana axışdılar. O şənbə gecəsi, həmin qətl günü azadlıq mücahidləri bir yumruğa dönərək öz diləkləri iliə tarix yazdılar; qanları ilə tariximizin qəhrəmanlıq səhifəsini, onun şanlı bir səhifəsini yaratdılar. Öz qəhrəmalıqları ilə xalqımızın qəlbində əbədi bir heykələ döndülər, əbədiyaşarlıq qazandılar. Xalqımızın milli mənlik şüurunun oyanmasına böyük təkan verdilər. Xalq özünüə qayıtdı... Geriyə boylandı, tarixini səhifələdi, onun dərin qatlarına baş vurdu; tariximizin üzərindəki qara buludları dağıtdı... tariximiz aydınlaşdı... Xalq kimliyini öyrəndi. Özünə qayıdan xalq, milli mənlik şüuru oyanan xalq, kimliyini dərk edən xalq çox böyük olur, çox güclü olur, çox əzəmətli olur...
Azərbaycanımızı müstəqilliyə, azadlığa, istiqlaliyyətə aparan yol şəhidlərin qanı üzərindən keçdi. Bu tale yüklü məsələnin həlli tariximizdə o fədakar insanların, şəhidlərin payına düşdü. Onlar qatil gülləsinə qurban gedərkən üç rəngli, ay-ulduzlu bayrağımızı öz qanlarıyla vətən torpağına çəkdilər; hakimliyə, məhkumluğa, zülmə qarşı üsyan edərək haqq, ədalət, həqiqət uğrunda şərəfli ölümləri ilə “ölümün” özünə meydan oxudular. Ölümü də ölümsüzlüyə çevirdilər.
İnsan öz hünəriylə, fəaliyyəti ilə, əməli ilə insan olur. Millət öz xeyri ilə, öz şərilə millət olur. Ona görə baxmayaq ki, xalqımızın bəxtinə şər dalınca şər çıxır. Sual olunur: “Fəlakət görməyən millət olarmı?”. Tarixdə böyük xalqlar böyük şəhidlər verir, böyük xalqın yoluna böyül ölümlər çıxır. Vətən yolunda, istiqlaliyyət, azadlıq uğrunda qurban gedən hər bir şəhid tabutu milləti qaldırmaq üçün bir pillədir.
Vətən mənə oğul desə, nə dərdim...
Mamır olub qayasında bitərdim!

Bəli, şəhidlərimizə Vətən oğul dedi, onları oğul adlandıraraq bağrına basdı. Onlara öz qoynunda yer verdi. Şəhidlərimiz də Vətənin torpağına qovuşaraq onu daha da dəyərləndirdilər, daha da zinətləndirdilər.
Çox böyük qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumağa hamımız borcluyuq. Dədəmiz Qorqud da bunu dedi: “Torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib-becərməsən qorumağa dəyməz!”
Ulu öndərimiz Heydər Əliyev “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” – dedi və bu çağırış nidalarını əmələ çevirdi. Müstəqilliyimizin əldə edilməsində, qorunmasında və daha da möhkəmlənməsində bu dahi şəxsiyyətin xidmətləri əvəzsizdir. Respublikamızda aparılan uğurlu islahatlar, atılan müdrik addımlar nəticəsində böyük qanlar hesabına əldə etdiyimiz müstəqilliyimiz daha da möhkəmlənir, daha da dönməz olur, əbədilik qazanır... Həqiqət olan budur ki, Azərbaycan dünyaya artıq Günəş kimi doğmaqdadır...

Zirvələrdən üzü bəri, gəlir məğrur Azərbaycan!
Gəlir cəsur Azərbaycan! Nur və büllur Azərbaycan!
Dar gözlərin görmədiyi tamam yeni Azərbaycan!
Varlığımda od yerinə gəzən qanım Azərbaycan!
Düşmənlərə, zalimlərə yağı, qənim Azərbaycan!
Yer üzünə şəfəq saçır Günəş kimi Azərbaycan!
Qalx ayağa! Ulu bəşər! Gəlir böyük Azərbaycan!!!

Bəli, bu gün Azərbaycan adlı dünyamızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün təmin olunması, əzəli-əbədi Qarabağımızım, tarixi mədəniyyət mərkəzimiz olan Şuşamızın mənfur düşmən tapdağından qurtulması üçün şəhidləriməzə borcluyuq. Azərbaycan adlı dünyamız şəhidlərin ruhundan nəşət edib ucalıb, bu dünyamızın torpağı onların qanından yoğrulub. Həqiqətən də onlar öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətiriblər; Vətən adlı kainatımızı göylərə çəkiblər.
Şəhidlər paytaxtımızın “Dağüstü park” kimi tanınan ünvanını özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzarlığa - Şəhidlər xiyabanına çevirdilər. Şəhidlər – müqəddəs and yerimiz olan Şəhidlər xiyabanının zinəti, əbədiyaşar sakinləridir; onlar bizim fəxrimizdirlər.
Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan “Qəlb dünyamız!”, “Azərbaycan dünyamızdırlar!”
Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi bir məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın əbədi ruhu, əbədi xatirəsidir...
Torpağı müqəddəs, havası loğman, suyu büllur, ocağı isti, odu əbədi Azərbaycan.. “Min yol öldürülən yenə ölməyən” əzəli, əbədi bir diyar... Azad bir məmləkət, azad bir ölkə... Nə qədər xoş sənin qoynunda olmaq, nə qədər qürurverici hisslər, duyğular ayağımızı azad vətən torpağına basıb sonsuz asimanın seyrinə dalmaq, qartal tək zirvələrdə qanad çalıb əngilliklərə baş vurmaq:

Ey vətən! Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə,
Çevirib bayrağa məhəbbətimi.
Gözümü dünyada açanda ilkin
Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təkin
Döyünən qəlbimi sənə vermişəm.
Şöhrətim ey vətən, şanım ey vətən
Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey vətən, canım ey vətən
Bəs mən kim olardım, sən olmasaydın?!

Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın azadlığı, şərəfi yolunda canlarını fəda edən qəhrəmanlara Eşq olsun!
Eşq olsun! Eşq olsun!


Həbib MİRZƏYEV,
AzTU-nun
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri, dosent.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: