AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir Təhsil » AzTU 19 Ocak Yanvarın 19-da Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə faciə qurbanlarının unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Toplantını Universitetin rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov açaraq tarixdə misli görünməmiş bu faciənin səbəblərindən danışmış, o zamankı ictima-siyasi proseslər haqqında ətraflı məlumat vermişdır. Rektor çıxışında qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev Bakıda qanlı faciənin törədildiyi gecənin elə səhəri gün - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmiş, SSRİ hakimiyyətinin Bakıda törətdikləri qırğına görə öz etirazını bildirmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılmış, 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi siyasi-hüquqi qiymətini almış, bu hadisələrin təşkilatçılarının cəzalandırılması tələb edilmişdir. 20 Yanvar milli matəm, hüzn günü kimi qeyd edilməklə yanaşı, həm də böyük qürur və iftixar hissi ilə xatırlanır, hörmət və ehtiramla yad edilir. AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mirzəyev çıxışında Azərbaycan tarixinin müxtəlif mərhələlərində ölkəmizin ərazi bütövlüyünün pozulmasından danışmış, Azərbaycanın yeni tarixindən danışarkən bildirmişdir ki, 20 Yanvar Qanlı faciəsi xalqımıza və ölkəmizə qarşı yönəlmiş cinayətlər silsiləsində öz qəddarlığı ilə seçilir.AzTU THK-nin sədri Elvin Bəxtiyarlı gənclər adından çıxış edərək bildirmişdir ki, ölkə gəncləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə həmişə hazırdır, Azərbaycan Prezidenti İlham Əliyevin müstəqilliyin möhkəmləndirilməsi yolunda apardığı siyasəti layiqincə dəyərləndirir və bundan sonra da dəstəkləyəcəkdir.Çıxışlarda o da qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdir. Müstəqil Azərbaycan dövləti sosial-iqtisadi sahədə inkişaf edərək bu gün dünya birliyində özünün layiq olduğu yeri tutmuş və yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin ərazi bütövlüyü də tam təmin olunacaqdır.Tədbirdə bədii-sənədli film və Universitet tələbələrinin 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyası da nümayiş olunmuşdur.Müşfiq BORÇALI,AzTU - "Ziya" qəzetinin Baş redaktoru.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.