Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ"

Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ" Dil siyasəti mürəkkəb struktura malik hadisədir, hər şeydən əvvəl ona görə ki, burada dilin təbii imkanları, tarixi situasiya və subyektiv maraqlar, yaxud iddialar qarşılaşır. Yəni bu və ya digər dil siyasəti konkret bir dilin mövqeyindən mövcud beynəlxalq, sosial – siyasi şərait nəzərə alınmaqla aparılır. Dünyada gedən siyasi proseslər həmişə az və ya çox dərəcədə dünya dillərinin taleyinə müsbət yaxud mənfi təsirini göstərmişdir. Bunun ən parlaq nümunəsi siyasi hakimiyyətdə olan xalqın, zümrənin, sülalənin və s. dilinin daha geniş yayılması, əsarətdə olan xalqlara qəbul etdirilməsidir. Müəyyən tarixi dövrlərdə xalqımız da bu fırtınalı dalğanın təzyiqinə bu və ya digər dərəcədə məruz qalmışdır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına bilavasitə rəhbərlik etməklə yanaşı, dil məsələlərinə də xüsusi diqqət yetirmişdir. H.Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşə - zənginləşə nifuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi onun yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır. Bu siyasət daha çox Azərbaycan dilini, sözün həqiqi mənasında dövlət dili kimi qərarlaşdırmaqdan onun beynəlxalq nifuzunu təmin etməkdən ibarət olmuşdur. Bu, həm də Azərbaycanda milli dövlətçilik təfəkkürünün inkişafı prosesində müəyyənləşmiş müstəqil Azərbaycan Respublikasının yaranması ilə özünün ən yüksək bir səviyyəsinə gəlib çatmışdır.


Hələ Azərbaycan KP MK-nin birinci katibi seçildikdən sonra ictimai – siyasi həyatın bütün sahələrində iqtisadiyyat, mədəniyyət, elm, tədris və s. bir canlanma əmələ gətirən dövlət başçısının ilk görüşü Azərbaycan Dövlət Universitetində olmuşdu. Universitetin 50 illik yubileyində, o zamanın tələbinə uyğun olaraq rus dilində deyil, Azərbaycan dilində nitq söyləyən Heydər Əliyevin bu cəsarətli addımı bütün respublikaya səs saldı. Dilçi alim, professor Yusif Seyidov göstərir ki, respublika rəhbəri o vaxt heç kəsə demədi ki, nə üçün başqa dildə çıxış edirsən, demədi ki, nə üçün Azərbaycan dilini bilmirsən, demədi ki, dilimizi sevməli və inkişaf etdirməliyik, onun qayğısına qalmalıyıq və s. lakin öz praktik fəaliyyəti ilə, müttəfiq respublikalarda rus dilinin geniş vüsət aldığı bir dövrdə bunların hamısını dedi.
Ana dilinin respublikanın dövlət dilinin təbliği işinə məhz Universitetdən, elmi – pedaqoji mühitdən başlaması təbii olduğu qədər də strateji, gələcəyə hesablanmış bir təşəbbüs idi. Eyni zamanda məhz həmin illərdə müxtəlif bölgələri gəzib yerli əhali ilə görüşən, xalqa öz ana dilində - anlaşıqlı bir üsulda danışan və nəticə etibarilə dövlətlə xalq arasında mehribanlıq yaradan Heydər Əliyev milli dil siyasətinin ilk addımlarını atırdı.
1978-ci ildə isə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili hüququ verilməsi ilə demək olar ki, Heydər Əliyev tərəfindən müstəqilliyimizə hazırlıq və sosial – məfkurə bazası yaradıldı. O, Moskvanın şovinist dil siyasətinin arxasınca getməyib millətin mədəni – mənəvi gələcəyini təmin edəcək, onun milli dilçiliyini təsdiqləyən bir siyasət yürütməyə başladı. Heydər Əliyev dili, həm də canlı bir abidə, milli – mənəvi sərvət kimi qoruyur və gələcək nəsillərə əmanətləyirdi. O, əslində Azərbaycanın imperiya daxilində mənəvi müstəqilliyini təmin edə bilmişdi.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Ancaq təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi.
Bu işdə də xalqımız Heydər Əliyevə arxalandı və 1995-ci il noyabrın 12-də referendium yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Məhz dövlət başçısının müdrikliyi nəticəsində ana dilimizə qarşı edilən haqsızlıq aradan qaldırıldı.
Heydər Əliyev dövlət dil siyasətinin Azərbaycanın dövlətçilik tarixində əsaslarını verən, və bu əsaslar üzərində milli dilin dövlət dili statusunu kəsb etməsinə nail olan böyük dil qurucusu idi. O, müstəqil dövlətimizin başçısı olandan, daha doğrusu xalqın çağırışı ilə hakimiyyətə gələndən qısa bir zamanda ölkədə iqtisadi, ictimai – siyasi, ideoloji - mənəvi həyatın normallaşmasına nail olduğu kimi, dil məsələsinə də xüsusi həssaslıq nümayiş etdirdi. Müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsində öz statusuna sahib olması üçün bütün imkan və şəraiti yaratdı. O, həm də beynəlxalq dillərə - ingilis, rus, fransız, alman dillərinə də, hörmətlə yanaşılmasını tövsiyə edir, Azərbaycan dilinin sərhədlərinin qorunmasını vacib sayırdı. Eyni zamanda, ictimai aspekdə də fəaliyyət asan deyildi. Azərbaycanda xalqın etnososial tərkibi rəngarəng olduğuna görə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr bu amildən yararlanmağa çalışır, etnosları bir-birinə qarşı qoymağa cəhdlər göstərirdilər. Belə bir şəraitdə Heydər Əliyev dövlət idarəçilik mədəniyyətini formalaşdırdı. Özü canlı obraz olaraq Azərbaycan dilinin mühafizəsi, bu dilin hakimiyyətinin təminatı üçün bütün səylərini və gücünü əsirgəmədən çalışaraq təlqin edirdi ki, xalq öz dili ətrafında birləşə bilsin. Beləliklə, “Xalq – Heydər, Heydər – xalq ” birliyi, həm də dilimizin birliyi oldu.
Bütün bunlarla yanaşı, H.Əliyev ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində hələ görüləsi vacib işlərin qabaqda olduğunu yaxşı bilirdi. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən 10 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedirdi. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və s. lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılırdı. Odur ki, 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı imzaladı. Bu fərman Azərbaycan dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin daha dərindən öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi yolunda bir sıçrayış oldu.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış bu tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün də yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasınıın bərpasını zəruri etdi. Bu isə dövlət başçısı tərəfindən daha bir müvafiq qanunun qəbul olunması – hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi ilə nəticələndi.

İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası vardır.Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Xalqımız bütün bunlara Ulu öndərin apardığı müdrik bir dil siyasəti nəticəsində nail olmuşdur.

Ulu öndərimizin bütün ciddi-cəhdlə apardığı Azərbaycan dilinin saflığı uğrundakı mübarizə bu gün də xalqın böyük inamla seçdiyi siyasi varisinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli tədbirləri ilə davam etdirilir. Onun dilimizin inkişafı üzrə Azərbaycan dövlət proqramının həyata keçirilməsi haqqındakı 9 aprel 2013-cü il tarixli sərəncamı bunun parlaq nümunəsidir.

Qələmşah İDRİSOV,
ADPU Quba filialı, Pedaqoji fakültənin dekanı,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: