Müqəddəs peşəyə tapınan insan Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları" 16 Mart Sədaqət Mahal qızı İsmayılova 1960-cı il dekabrın 6-da Bakı şəhərinin Pirallahı adasında qulluqçu ailəsində dünyaya gəlib. Uşaqlığı əsasən Gədəbəy rayonunun Daryurd, Kiçik Qara-Murad, Kərimli, Slavyanka və digər kəndlərində, güllərin çiçəklərin qoynunda, dağların ətəklərində keçib. Anası Əsmət xanımın laylaları susanda qıjıltıyla axan dağ çaylarının səsini dinləyib, səhəri bülbüllərin xoş avazı ilə açıb. Ayaqlarını güllərin üzərindəki səhər şehi ilə yuyub, günəşin al şəfəqlərində qurudub. Quşların dalınca qaçanda ayağına lalələr dolaşıb.Əlvan kəpənəklərlə qaçdı-tutdu oynayanda yolunu azarkən, künc bucaqda gizlənən bənövşələrin ətri ayıldıb onu. Arabir dəli küləklərlə savaşarkən az qala saçlarını da yolurdular, saçlarının sığalını pozurdular. Bu zaman daraqlı şəlalələr köməyinə gələrdi, tellərinə sığal çəkərdi. Hərdən də öz aləminə qapanıb əlvan çiçəkləri yolub tökəndə, onlardan çələng toxuyanda, qaralan bulud topalarından qopan dolu dənələri döyəcləyərdi onu. Elə bil başa salmaq istəyərdi ki, həyatın gülləri, çiçəkləri, bülbülləri, sünbülləri ilə yanaşı, onun dolusu da var, tufanı da. Əmisi Kamal İsmayılov coğrafiya müəllimi idi. Onunla təbiəti seyrə çıxmağı, təbiəti öyrənməyi çox sevərdi. Bu balaca qızcığazın heyrətdən yaranan maraq dünyası genişləndikcə gördüklərini yaddaşının varaqlarına köçürərdi. Və bu möcüzəli dünyanın sirlərini açmaq üçün əmisindən çox şeylər öyrənərdi. Hər şeyi öyrənmək ümidi günbəgün qəlbinə hakim kəsilərdi. Bax beləcə, təbiəti öyrənə-öyrənə, sakit sulardakı balıqları qova-qova, rəngbərəng və sirli naxışları olan çiçəkləri ətrindən, quşları səsindən tanıya-tanıya göy qurşağının yeddi rənginin gözəlliyinə dalıb onlarda məna axtara-axtara, kiçik Sədaqətin də uşaqlıq illəri uçub getdi. Və onlardan bir ürək dolu gözəl xatirələr qaldı. O, bu xatirələri nəinki unutmaq, onlar haqqında kiməsə danışmaq, təbiətin dilini gələcək nəsillərə öyrətmək, bu sehrli aləmi hamıya sevdirmək üçün qəlbində pöhrə arzular bəslədi. Beləliklə illər illərə calandı. Və o, 1978-ci ildə Bakı şəhəri Pirallahı adasındakı 168 nömrəli məktəbi əla qiymətlərlə başa vurdu. Orta təhsil illərində poeziyanı, bədii ədəbiyyatı oxumağı çox sevərdi Sədaqət. M.Ə.Sabirin, M.Müşfiqin, S.Vurğunun, M.Arazın. B.Vahabzadənin və digər söz sərraflarının yaradıcılığı mənəvi qida verərdi ona. Oxuduğu şeirləri çətinlik çəkmədən əzbərləyərdi. Ədəbiyyat müəllimi Reyhan Əliyeva dərs zamanı başladığı şeirin sonunu ona dedizdirərdi. Eləcə də, onun gözəl inşa yazmağına düzgün istiqamət verərdi, lirikanı, poeziyanı sevdirərdi. Sevimli müəlliməsi istəyirdi ki, poeziya vurğunu Sədaqət ədəbiyyatçı olsun, onun yolunu davam etdirsin. Bir il o, Geofizika Dənizdə Kəşfiyyat İdarəsində fəhlə işləyib. Daha sonra isə qəlbinin arzusuyla 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) coğrafiya və biologiya fakültəsini fərqlənmə diplomi ilə bitirib. Ali təhsil illərində Tələbə Elmi Cəmiyyətinin üzvü kimi institutun ictimai həyatında yaxından iştirak edib, “Gənc müəllim” qəzetində şeirləri, hekayələri dərc olunub. Unudulmaz müəllimi şair Oqtay Rza ona Pirallahi təxəllüsü verib və gələcəkdə şeirlər kitabının bu təxəllüslə işıq üzü görməsini də arzulayıb.İlk əmək fəaliyyətinə 1984-cü ildə Pirallahı adasındakı 186 nömrəli məktəbdə coğrafiya müəllimi kimi başlayıb. 1984-1993-cü illərdə paralel olaraq 243 nömrəli məktəbdə, Azərbaycan və rus bölmələrində Azərbaycan tarixi fənnini, eləcə də, musiqi dərsini tədris edib. 1993-cü ildən bu günədək isə bir zamanlar orta təhsil aldığı 168 nömrəli tam orta məktəbdə coğrafiya və həyat bilgisi fənlərindən dərs deyir. Ötən tədris illərində - insan və cəmiyyət, ictimaiyyət, Azərbaycan tarixi və Azərbaycan Respublikasının Konstitusiyası fənlərindən də dərs deyib. S.İsmayılova 2005-ci ildə “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ilə” mövzusunda keçirilən Pedaqoji Mühazirələrdə xüsusi fərqləndiyinə, təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı - ideyaları, müasir təlim metodları və pedaqoji texnologiyaları şəxsi təcrübəsində səmərəli şəkildə həyata keçirdiyinə, elmi-nəzəri və təcrübi cəhətdən əsaslandırdığına, eləcə də, məruzənin aktuallığına görə Bakı Şəhər Baş Təhsil İdarəsinin birinci dərəcəli diplomu ilə təltif olunub. Ötən tədris illərində Bakı Şəhər Baş Təhsil İdarəsi, Rayon Təhsil Şöbəsi və işlədiyi məktəbin direktoru tərəfindən dəfələrlə fəxri fərmanlara, diplomlara layiq görülüb. 2005-ci ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun “Elmi Əsərlər” adlı jurnalında “Müasir təlim metodlarının tətbiqi təcrübəsindən bəhs edən” elmi məqaləsi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub. S.İsmayılovaın 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və Həyat” elmi-populiyar jurnalında “Ekologiyanın insan həyatında rolu” adlı məqaləsi dərc olunub. Hal-hazırda onun “Elm və Həyat” jurnalında “Xəzər dənizinin canlılar aləmi və ekoloji problemləri və eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Elmi əsərlər” adlı jurnalında “İnsanın ətraf mühitə təsiri və insan ekologiyası” sərlövhəli məqalələri çap olunmaqdadır.S.İsmayılova 2012-ci ildə Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirələn “Enerji və ətraf mühit” adlı müsabiqədə fərqləndiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bir də, Azərbaycan Gənclər İttifaqının sertifikatını almışdır.2017-ci ilin sentyabr ayında isə Qazaxstan Respublikasının Alma-Ata şəhərində keçirilən VIII Avrasiya-Nüvə elmi və onun tətbiqi, Beynəlxalq Nüvə (67-ci Nüvə atomunun quruluşu və strukturu) radiasiyası və fizikası mövzusundakı Beynəlxaq miqyaslı konfransda onun müxtəlif vaxtlarda yazmış olduğu 3 elmi məqaləsi birinci yerə layiq görülmüşdür. Sədaqət müəllimənin belə uğurlarıdnan ayrıca bəhs etmək olar. Yeri gəlmişkən, qeyd edək ki, müəllim əməyinin nəticəsinin əsas meyarı təbii ki, yetirmələrinin ali və orta ixtisas məktəblərinə qəbul olunmasıdır. Yazı boyu qeyd etdiklərimizdən görünür ki, Sədaqət müəllimə gecə-gündüz bilmədən çalışması ilə ömrünü Azərbaycan balalarının yolunda şam kimi əridir. O, dərin biliyə, bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət yetişdirmək vəzifəsini layiqincə yerinə yetirir. Müəllimlik şərəfini hər şeydən uca tutur. Sevindirici haldır ki, hazırda onun yetirmələrinin düz 20 nəfəri şəhər və rayon məktəblərində coğrafiya müəllimi işləyirlər. Onu da qeyd etmək yerinə düşər ki, Sədaqət müəllimə ziyalı ailəsində böyüyüb. Atası Mahal İsmayılov uzun illər polis orqanlarında yüksək vəzifədə, anası Əsmət xanım isə tibbi sahədə çalışıb. Ailədə 7 övlad - 4 qardaş, 3 bacı olublar. Valideynlərin diqqət və qayğısı sayəsində hamısı ali təhsil alıblar. Onlar valideynlik missiyalarını layiqincə yerinə yetirdiklərinə görə rahatlıqla əbədiyyətə qovuşublar. Atası qızının coğrafiya-biologiya müəllimi, anası isə həkim olmasını arzulayıbdır. Özünün söylədiyinə görə isə təbiəti sevməsi uşaqlıq çağlarından başlayıb. Bağça müəllimi Lyubov Konstantinovna da, təbiəti çox sevdirib ona. Və bir də, əmisi. Kamal İsmayılov uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində müəllim işləyib. Uşaqlıq çağlarında musiqiyə, rəqsə sonsuz məhəbbəti və həvəsi olub Sədaqətin. Ürək açan, qəlbi təlatümə gətirən, melodik bir musiqi sədası eşidəndə, necə deyərlər, sümükləri də oynayardı onun. Sədaqətin gələcəkdə yaxşı bəstəkar, müğənni və yaxud da, rəqqasə olmağına ümid bəsləyənlər də, az olmayıbdır. Sədaqət bu arzu, bu həvəslə orta təhsil ilərində Bakı şəhərindəki 14 nömrəli Uşaq Musiqi Məktəbinin qarnom sinfini bitirir. Rəqs dərnəyinə gedir, 5 il milli rəqslərimizin sirlərini öyrənir. Sonra da milli rəqslərimizi, hind rəqslərini gözəl ifa etdiyinə görə məktəblərdə və dövlət tədbirlərində solist kimi çıxış edir. Bununla yanaşı yaxşı rəsm çəkmək qabiliyyətinə də malik olur. Və beləcə... Vaxt ötdükcə təbiəti, kainatı, biologiyanı, coğrafiyanı, tarixi, ədəbiyyatı, incəsənəti bütün varlığı ilə sevir. Kitablarla yaxından dostluq etməyə başlayır. Cansız bir daş parçası da, bir suxur nümunəsi də, onun diqqətini çəkibdir. İlk görüşümüzdə bizdə belə bir qəti inam yarandı ki, təbiəti bu qədər sevən bir qadın şeir yazmaya bilməz. Sonradan belə qənaətə gəldik ki, Sədaqət müəllimə poeziya vurğunu, təbiət aşiqidir. Təbiətin sehrli qıfılını öz səmimi şeirləri ilə açır. Onun təbiət mövzusunda 2 bənd şeirini nümunə kimi göstəririk.:Al-əlvan geyinib gül biçənəyi,Gül-gülü çağırır, çiçək-çiçəyi.Hanı xarıbülbül, ellər göyçəyi,Nə qədər ümid var, həsrət var səndə,Necə də mənalı həyat var səndə!Qoymaram meşələr, güllər qırıla,Ürkək maralların bağrı darıla.Təbiət yaranıb insan zövq ala,Riqqətə gətirən qüdrət var səndə,Necə də mənalı həyat var səndə!Bu sətirlər özü də, Sədaqət müəllimənin təbiəti necə bildiyinə, sevdiyinə gözəl nümunədir. S.İsmayılova “Deyirlər ki...” adlı ilk şeirini 13 yaşında, “Ana məktubu” adlı ilk hekayəsini isə 17 yaşında yazmışdır. “Poeziyanı sevməyim atamdan keçibdir mənə” - deyir... Ötən zaman kəsiyində o, 300-ə yaxın şeir, eləcə də, “Vətən harayı”, “Ürək yaman şeydir”, “Tənha ağac”, “Bənövşə gülünün hekayəsi”, “Müəllim ömrü”, “Şəhidlik ölməzliyin səlnaməsidir”, “Yaddaşımızın qanlı günü”, “Yarımçıq ömür”, “Uşaqlıq xatirələrimin yaddaşımda qalmış izləri”, “Mehriban qonşularım”, “Tələbəlik illəri”, “Gəncliyin unudulmaz günləri”, “Düşüncələrim”, “Vüsal nəğməsi” və “Ana laylası” adlı hekayələr yazmışdır. S.İsmayılova deyir ki, müəllim təlim-tərbiyə prosesində əsas simadır. Öyrədən, tərbiyə edəndir. Şagird isə idarə edilən, öyrədilən, tərbiyə olunandır. Müəllim ən böyük psixoloqdur. O, şagirdinə inanan, sənətinə vurğun, ixtisasını gözəl bilən, sözü ilə işi bir-birini tamamlayan şəxs olmalıdır. Müəllimlə şagirdlərin biri-birilərini başa düşmələrinə kömək edən şərtlərdən biri də qarşılıqlı hörmətdir. Mən 33 ildir ki, müəllim işləyirəm. Peşəmi, məktəbi, uşaqları çox sevirəm. Müəllim kimi formalaşmağımda şagirdlərimin rolu çox böyükdür. Onlar mənim tənha ömrümə min bir rəng çaları qatıb məni yaşadırlar. Mənə daim həyat eşqi, yazıb-yaratmaq səadəti bəxş edirlər. Sanki... Ömür yolumda yaz mehi, bahar çiçəkləridir onlar... Mən onlarsız yaşa bilmərəm... Yazımızı S.İsmayılovanın 2 şeiri ilə tamamlayırıq:Bu dünya fani...Qoca dünya fani, arzular tükənməz,Gedənləri gəlməz, gələnlər doymaz.Eh, sevgisi yalan, qisməti nakam,De varmı, bəxtindən dünya, kam alan.***Gülən az, ağlayan çox,Oxları sipər, qəlbi meşin.Haqq sözünü kim desin?!Yalanları kim yesin?!Daşı məzluma niyə dəysin?!Kədərdən necə gülsün?!Qismətini nədə görsün?Hicrana necə dözsün?Arzular ani, o da...Qoca dünya tək fani...Qoca dünya tək fani...Deyirlər ki...Deyirlər insana arzu gərəkdir,Arzusuz yaşamaq nəyə gərəkdir,Sevən ürəklər güldür-çiçəkdir.Həyatın özü də sevgi deməkdir,...Deyirlər gənclik yaz mehidir ötüb keçəcək,Dünyaya gələnlər bir gün köçəcək.Düşündükcə sınır qəlbimin incə telləri,Xəzana dönür, yarpaqtək solur ömrün illəri.Keçir qəlbimdən incə duyğular, Ötür ömürdən şirin xəyallar,Yada düşür kövrək xatirələr...Daha nələr-nələr...Son olaraq qeyd edək ki, Sədaqət müəllimə kimi pedaqoqlar xalqın xoş sabahıdır, xoşbəxtliyidir. Onlar əslində milli sərvətimizdir. Eşq olsun belə müəllimlərə!Biz də, öz növbəmizdə Sədaqət müəlliməyə şəxsi həyatında uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli işində daha böyük uğurlar arzulayırıq. Xanım Bilalqızı,"Şərqin səsi" qəzeti, 07 mart, 2018-ci il, N: 35 (335), səh.11.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.