ƏRKİVAN QALASI

ƏRKİVAN  QALASI İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi


Ərkivan qalası Masallı şəhərindən 2 km qərbdə, Ərkivan qəsəbəsinin şimal hissəsində, Viləş çayının sağ sahilində təqribən 50-60 metr hündürlükdə olan geniş bir təpəlik ərazisində yerləşmişdir. Hazırda həmin qalanın xarabalıqları mövcuddur.

Digər abidələr kimi Ərkivan qalası da müdafiə məqsədi ilə tikilmişdir. Qalanın tikilmə tarixi ilə bağlı müxtəlif fikirlər vardır. Qalanın gah V-VI əsrlərdə, gah VII əsrdə, gah da XVIII əsrdə tikildiyi qeyd olunur. Qalanın hətta XIX əsrdə tikilməsi ilə bağlı mülahizələr də vardır. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov Ərkivan qalasının V-VI əsrlərdə inşa edildiyini yazır. Tədqiqatçı-tarixçi, əməkdar müəllim Musarza Mirzəyev qalanın kərpic nümunələri üzərində aparılmış laborator analizə əsaslanaraq Ərkivan qalasının VII əsrə aid tikili olduğunu söyləyir. Tarixdən məlum olduğu kimi Rusiya ilə Səfəvi dövləti arasında imzalanmış 1723-cü il Peterburq müqaviləsinə əsasən Azərbaycanın Xəzəryanı bölgələri, o cümlədən Talış mahalının da daxil olduğu gilan əyaləti Rusiyanın əlinə keçmişdir.Rusiya ələ keçirdiyi yerlərdə, həmçinin Talışda hərbi strateji əhəmiyyətə malik istehkamların tikintisinə sərəncam verdi. Bu barədə Petrburq Elmlər Akademiyasının həqiqi üzvü P.Q. Budkovun “1722-1803-cü illər Qafqazın yeni tarixi üçün materiallar” (I cild, səh.87) əsərinə istinad edən Novruz Novruzov yazır: “Belə qalalardan biri də ruslar tərəfindən 1722-1732-ci illər arasında Ərkivanda tikilmişdir”(“Masallı”, B.,1990, səh.15). Ərkivan qalası haqqında Səidəli Kazımbəyoğlu tərəfindən 1869-cu ildə qələmə alınmış “Səidiyyə” (digər adı “Cavahirnameyi-Lənkəran”) kitabında oxuyuruq: “Bu qala Mir Mustafa xanın bəxt ulduzu parlamamışdan əvvəl o mərhumun əmisi oğlanlarından olan Mir Əhməd xanın yaşayış məskəni olmuşdur. Hazırda (1869-cu ildə-İ.Ş.)Mir Əhməd xanın xələflərindən və yaxın əqrabalarından bu diyarın kəndlərində yaşayırlar. Bir zamanlar Mir Həsən xan həmin məkanda imarətlər tikdirmişdir, lakin sonralar bu tarixi-mədəniyyət abidələrini qədirbilməzlər dağıtmışlar. Amma qalanın üç tərəfində xəndəklərin izləri və qalıqları hələ də qalmaqdadır” (B., 2005, səh.121-122). Qeyd edək ki, Mir Mustafa xan Talış xanı olmuş və 1786-1814-cü illərdə xanlığı idarə etmişdir. Səidəli Kazımbəyoğlunun yazdıqlarına əsasən qalanın XVIII əsrdə tikilməsi qənaətinə gəlmək olur.

A.A. Bakıxanov isə özünün “Gülüstani-İrəm” əsərində yazır: “Hicri 1227-ci (miladi 1812) ilin baharında naibüssəltənə Abbas Mirzənin əmri ilə farslar Lənkəranda, Ərkivanda və Astarada üç qala tikdilər və bu qalalara mühafizəçilər, topxana və azuqə təyin olundu, qalan qoşun isə geri qayıtdı” (B., 1991, səh.195, rus dilində).

Göründüyü kimi Ərkivan qalasının tikilmə tarixi ilə bağlı mülahizələr müxtəlifdir. Digər müəlliflərdən fərqli olaraq arxeoloq Tofiq Əzizov Ərkivan qalasının Narın qala hissəsində istifadə olunan kərpiclərin min ildən artıq yaşı olduğunu qeyd edir... buranın ləpədöyən olduğunu, Cəm-Cəm şəhəri ilə (indiki Banbaşı kəndi) həmsərhəd olduğunu nəzərə alıb, Ərkivan qalasının ən azı 1500 il yaşı olduğunu ehtimal edir” (Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B., 2011, səh.228).
Ərkivan qalası 1804-1813-cü illər Birinci Rusiya-İran müharibəsinin əsas döyüş meydanlarından biri olmuşdur. Qala 1812-ci ilin dekabrında rus generalı P.S.Kotlyarevski tərəfindən tutulmuşdur. Buna görə də çar I Aleksandr ona 2 min çervon məbləğində mükafat vermişdir. Böyük tarixi hadisələrin, müharibələrin şahidi və eyni zamanda iştirakçısı olmuş Ərkivan qalasının əvvəlki əzəmətindən əsər-əlamət qalmamışdır.
Bu əzəmətli qalanın yerində bu gün xarabalıqları qalmaqdadır.

Ədəbiyyat:
1. A.A.Bakıxanov. “Gülüstani-İrəm” (rus dilində), B., 1991
2. S.Kazımbəyoğlu. “Səidiyyə”, B., 2005
3. Ə.Cəfərov. Quruçay dərəsində, B., 1990
4. N.Novruzov. Masallı, B., 1990
5. M.Mirzəyev. Mənim Masallım, B., 1991
6. N.Məmmədov. Azərbaycanın yer adları, B., 1993
7. V.Yusifli. Ərkivan və ərkivanlılar, B., 1996
8. A.Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi, B., 2011.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: