Qurban Təbiətoğlu (1975)

Qurban Təbiətoğlu (1975)HARA GEDİRSƏN?!

(Pul hərislərinə...)


Daha xərcləməyə yer də qalmayıb,
Pullana-pullana hara gedirsən?!
Bağlanıb dünyanın bütün yolları,
Tullana-tullana hara gedirsən?!

Yığsa da sərvəti tamah zoruna,
Hələ aparmayıb kimsə goruna.
Düşüb “hörümçəyin” ölüm toruna,
Sallana-sallana hara gedirsən?

Qəddini müdrikin əy qapısında,
Var üçün dolanma səy qapısında.
Ağa süfrəsində, bəy qapısında,
Yallana-yallana hara gedirsən?!

Bir də görəcəksən dilin kəkədi,
Kisələr boşalıb, qalan xəkədi,
Tənə götürməkdən üzün ləkədi,
Xallana-xallana hara gedirsən?!

Neçə ki zildədi sazının simi,
Unutma Qurbanın etdiyi himi!
Hər yükü götürən yabılar kimi,
Çullana-çullana hara gedirsən?!


İŞ TAPA BİLMİRƏM...

İş tapa bilmirəm! Evdə xanıma,
Görəsən, nə yalan deyək bu dəfə?!
Yenə uşaqları ac yatızdırıb,
Kimin arxasınca söyək bu dəfə?!

Suallar dəyişib cavabın fonun,
Ümid yaman günün gətirmir sonun!
O andıra qalmış xəcalət donun,
Hansı bəhanəylə geyək bu dəfə?!

Oğrunun söyüdü gətirir badam,
Əcəl də yetmir ki, ölümü dadam!
Ali təhsilindən utanır adam,
Kimin qapısını döyək bu dəfə?!

Qurban, çox olsa da, uğur diləyən,
Tapılmır zülmətə işıq çiləyən!
Bəlkə, ağ üzünü qara eləyən,
“Qırmızı diplom”u yeyək bu dəfə?!

YOXDUR...

İşimiz yamanca dirənib daşa,
İrəli getməyə pillə də yoxdur!
Üzü qara olmuş kasıbçılığın,
Üzünə vurmağa şillə də yoxdur...

Çörək tapırsansa, oğulsan, oğul,
Gəl indi bu dərdin içində boğul.
Körpənin əlinə şirin bir noğul,
Uşağa verməyə “billə” də yoxdur...

Sanasam, əzablar gələrmi sana?!
Belə yaşamaqdan doymuşuq cana!
Manatı soruşma, manat bir yana,
Qəpiyə atmağa güllə də yoxdur...


KASIB…

A kişi, bayramı, şənliyi neynir?!
Evini borc ilə qızdıran kasıb...
“Nisyə dəftəri”nə gündə üç dəfə,
Adını qəhərlə yazdıran kasıb...

Birinin pişiyi kabab yeyəndə,
Uşağı qızıldan papış geyəndə...
Amma öz balası: acam, – deyəndə,
Dərdi ürəyinə sızdıran kasıb...

İnşallah qış gedər, yaz olar, – deyib,
Bizim də kefimiz saz olar, – deyib,
Yaman günün ömrü az olar, – deyib,
Ruhunu göylərdə azdıran kasıb...

Bir səhər yanına sal güzarını,
Gör niyə axtarır “qul bazarını”?!
Bankdan pul götürüb öz məzarını,
“Kredit dağında” qazdıran kasıb...


ÇIXIR...

Bu sərsəm, gidi dünyanın,
Nə cür desən işi çıxır!
Həyat bizi mars eləyib,
Yavaş-yavaş şeşi çıxır…

Öz qələtin yoxdu yeyən,
Qız deyil hər yubka geyən!
Səhər “mən erkəyəm” deyən,
Axşamüstü dişi çıxır!

Efir “gey”in, səhnə lütün
Abır, həya getdi bütün!
Bir-birini sevən cütün,
İkisi də kişi çıxır!


SEVƏ-SEVƏ ÖLÜMMÜ MƏN?!

Bu yaşımda vurulmuşam,
İndi çəkim zülümmü mən?!
Vaxtsız gələn bu sevdaya,
Ağlayımmı, gülümmü mən?!

Gülüm, yıxıb dirəyimi,
Vurma yerə kürəyimi!
Sevgi dolu ürəyimi,
İki yerə bölümmü mən?!

Qurban dönüb qəmli neyə,
Qoyma dərddən libas geyə.
A zalım, evliyəm deyə,
Sevə-sevə ölümmü mən?!

TÖKÜLÜR…

Aman Allah, bu ceyrana,
Baxmaq olmur, göz tökülür!
Dili kəlmə kəsməsə də,
Baxışından söz tökülür!

Eşqi məni salıb xəstə,
İnsaf olar sevən kəsdə.
“Yox” deyəndə, yaram üstə,
Elə bil ki, duz tökülür!

Hörüklərin hərdən açır,
Ha baxmıram, gözüm qaçır!
Yanaqları alov saçır,
Dodağından köz tökülür!

Xal boylandı çənəsindən,
Ruhum köçdü binəsindən!
Bu zalımın sinəsindən,
“Canın çıxsın döz” tökülür!


BELƏSİNƏ…

Aman Allah, əndama bax:
Görməmişəm beləsin, ə!
Bar gətirən budaq kimi,
Ağır gəlir belə sinə...

Ən gözələ dilək dedik,
Haqdan əsən külək dedik.
Eləsinə mələk dedik,
Bəs görəsən, beləsi nə?!

Üzü ola “yola” tərəf,
Bəxtin düşə bola tərəf,
Qol dartına qola tərəf,
Əl sürüşüb belə sinə!

Xoş xəyallar elə sıxdı,
Dərd Qurbanın evin yıxdı!
Od yanmamış tüstü çıxdı,
Külə döndüm beləsinə....


“DƏLİ” QIZ...

Ay “dəli” qız, elə baxma üzümə,
Bu həvəs başına dar eylər məni.
Yanan qəlbin ürəyimə od salıb,
Sənə bir bəlalı yar eylər məni!

Yaşım çoxdu, gəl qulaq as sözümə,
Gecikmişik, yalan qatma düzümə.
Gəlişinlə gülüş qonar üzümə,
Gedişin ağlayan tar eylər məni.

Amansızdır məhəbbətin sınağı,
Eşqə düşüb, soldurarsan yanağı.
El-obanın tənə dolu qınağı,
Şəvə tellərinə “qar” eylər məni!

Qorxuram ki, pay umasan ləlimdən,
Dodağına alov düşə dilimdən.
Yaxın gəlmə, xəta çıxar əlimdən,
Bu sevgi aləmdə xar eylər məni!


MƏNİ...

Dedim, gözəl, gəl bir olaq!
Bu qız qoydu lağa məni...
Dərdi verib qoltuğuma,
Dırmaşdırdı dağa məni...

Ha istədim gülü dərib,
Şahsənəmə olam Qərib!
Qara yuyub, qara sərib,
Həsrət qoydu ağa məni...

Dedim: – axı nədir eyib?!
Qəlbin daşdan zireh geyib!
Sənəmlərin çoxdu, – deyib,
Atdı qaynar yağa məni...

Aramıza çökdü lillər,
Kar etmədi şirin dillər.
Bax beləcə, neçə illər,
Çəkdi sola, sağa məni...

Çox yalvardım görmək üçün,
Saçlarını hörmək üçün...
Axırda gül dərmək üçün,
Özü saldı bağa məni...

Bu nazənin gözəl buta,
Ürəyimdə döndü quta.
Əllərimdən tuta-tuta,
Gətirdi bu çağa məni...


QALMAYIB...

Gülüm, gəl bu dəfə açıq danışaq,
Daha gizləyəsi sözüm qalmayıb.
Yolunu o qədər gözləmişəm ki,
Canımda zərrəcə dözüm qalmayıb.

Bu eşqin xəzanı gələr, – deyirlər,
Ayrılıq bağrını dələr, – deyirlər,
Bizim haqqımızda nələr deyirlər...
Əyrini kəsməyə düzüm qalmayıb.

Sevgi çiçəyidir saçımdakı dən,
Onu bircə-bircə sən əkmisən, sən!
Alışıb-yanmaqdan kül olmuşam mən,
Ocaqda bir dənə közüm qalmayıb.

Mənə yayın günü qar da vermisən,
Qışda pöhrələyib, bar da vermisən!
Alma da, heyva da, nar da vermisən,
Daha istəməyə üzüm qalmayıb...

Gəl, ürəkdən edib dilək bu gecə...
Dəli sevdamızı bölək bu gecə...
Gəl, nəfəs-nəfəsə “ölək” bu gecə...
Vallah, bundan ayrı çözüm qalmayıb!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: