Əfrahim Hüseynli: DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI...

Əfrahim Hüseynli: DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI...PAYIZA DÖNDƏRDİM YAZ OLAN ÖMRÜ

Tanrım, yazdığına şükür söylədim,-
Dedim ki, sürərəm yazılan ömrü.
Ağlıma gəlməzdi bir ömür boyu
Yaşayım ümiddən asılan ömrü.

Ya nabələd oldum, ya naşı, sevdim,-
Nələrin xətrinə dağ-daşı sevdim?
Üstümə ələnən yağışı sevdim,-
Payıza döndərdim yaz olan ömrü.

Səni mən pozmuşam, ay alın yazım!-
Yersiz giley-güzar daha nə lazım?..
İndi hansı üzlə adıma yazım
Yuxutək yüz yerə yozulan ömrü?

Əlimi uzatdım uzana ömür,-
Uzanan əllərdən usana ömür.
Bölünə-bölünə uzanan ömür
Kim deyir qısaltdı az olan ömrü?

Düzdən danışdımsa, düşdü söz yerə,-
Kül olub ələndi ocaq, köz yerə.
Günlər yolu - izi böldü yüz yerə,-
Saldılar dağ-daşa düz olan ömrü.


DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI...

Heç öyünmə, məni özgə, yad bildin,
Bu yolları əyri böldün, düz böldün?..
Aramızda divar hördün - daş hördün,
Bu dünyanın dumanında qalardın

"Hörən" hörüb bu uçulmaz hörgünü
Tilsim olub dörd divarın hər günü
Bilmək olmur ya sazaqdı, bürkümü?-
Bir qapının gümanında qalardın.

Yaşamağa nəyi qalıb bu ömrün?
Yaxşısını yamanını duy ömrün!
Demirəm ki, günahını yu ömrün,
Yuxu kimi qalanında qalardın.

Nahaq yerə o addımı sən atdın,-
Səhvlərin dilsiz daşı ağlatdı.
Dəli şeytan səni yaman aldatdı...
Sən sevginin ümmanında qalardın

Günlər dönüb nə qəlbidaş olardı,-
Bir nəfərin ömrü nə qış olardı.
Günahların əlləri boş olardı
Ömrün yaxşı-yamanında qalardın.

Əfrahiməm, Əfrahimtək yaşadım!-
Yarı ümid, yarı güman daşıdım.
O yolların daş yükünü daşıdım...
Daşımazdım, - çovğununda qalardın.


BABAM DA YARIMÇIQ ÖMÜR YAŞADI

Gündüzün ömürü quruba qədər.
gecənin ömrü də bitməmiş qalır.
yarımçıq qalıbdı
neçə şeirlər,
nəğmələr...
Babam da yarımçıq ömür yaşadı,-
atamı nəvə-nəticəli,
məni oğul-uşaqlı görmək istədi...
ürəyində nə qədər arzu daşıdı!..
birini gördü, birinisə yox.
Arzuladıqlarından başqa
heç nə yadına düşmürdü.-
birini görüb birini görməsə də,
gözü tox idi, gözü tox.
dərd çəkirdi, filankəs, filakəs... nə yaşadı ki?-
bütün ömrü boyu dərd daşıdı ki...
Babam da yarımçıq ömür yaşadı,-
papirosların ən ucuzunu çəkdi,
çox vaxt atamın nimdaş paltarını geyindi.
bu nimdaş paltarlarda
dünyanın ən xoşbəxti idi...
özü də deyirdi.
Qohum-qonşu dərdindən də uzaq ola bilmədi
ölumun qaçılmaqzlığı kimi.
ömrü-günü belə idi,-
əlindəki tikəsini də bölə bilirdi.
...Əllərim uzun olmadı,-
ona hər şeyin yaxşısını,-
təzəsini ala bilmədim.
...Elə bil hər şey yuxuydu...
babamın yarımçıq ömrü
arzumu ürəyimdə qoydu.
babamsız bacım, qardaşım
yaşa doldular.
babamsız baba oldum,-
babamsız böyüdü nəvələrim,
babamsız məktəbli oldular...
Yaddaşımdan slinmir ki, silinmir;-
çiynində çox yük daşıdı
düz yüz il ömür sürsə də,
babam da yarımçıq ömür yaşadı...


ÖLMƏYƏ ÜZÜN OLA

Yananı yanan kimi,
Yalanı yalan kimi,
Olanı olan kimi
Görməyə gözün ola.

Başını dik tutmağa,
Dərdi unutdurmağa,
Bu anamız torpağa
Əyilən dizin ola.

Yolçu yolun azansa,
Azıb – ömür qazansa,
Belə yaşamaqdansa,
Ölməyə üzün ola.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: