TƏBRİK EDİRİK!.. Hidayət NUR -75 Digər bölmələr, Borçalı, Arxiv, "Borçalı" Cəmiyyəti 22 Ocak TƏBRİK EDİRİK!..Hidayət NUR -75(Hidayət Rəhim oğlu Nuriyev)(1941)Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də qədim Borçalı mahalının Sarvan - indiki Marneuli şəhərində anadan olmuşdur. Uşaqlığı müharibə illərinə düşdüyündən, valideynlərini erkən yaşlarında itirdiyindən, həyatın ağrı-acısı ilə qarşılaşdığından meylini kitablara, məktəbə salıb. Məktəb illərində Hidayət Rəhim oğlu yalnız müəllimin tapşırıqlarını yerinə yetirməklə kifayətlənməz, əlavə ədəbiyyatlarla biliyini zənginləşdirər, ağsaqqallarımızın, ağbirçəklərimizin söylədikləri folklor nümunələrini sinədəftər edər, onların yurd, el-oba, burada yaşamış və ömür sürən qəhrəmanlar barədə söylədiklərini acgözlüklə dinləyərdi. Bütün bunlar onun həyat yoluna nur saçan amillərdən olmuşdur.1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini gümüş medalla bitirən Hidayət Nuruyev fizika müəllimi Mahmud Kərimovun ona sevdirdiyi elmin arxasınca Bakıya gedir və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1962-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra doğma yurda qayıdır və burada bir il müəllimlik edir. Lakin elmə olan sevgisi, həvəsi yenidən onu Bakıya yönəldir.Sonrakı on il müddətində Azərbaycan EA Fizika İnstitutunda baş laborant - baş elmi işçi arasındakı vəzifə yolunu ləyaqətlə keçir. 1973-cü ildən 2003-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Fotoelektronika İnstitutunda, 2003-cü ildən indiyədək isə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Ailədə, həyatda, el-obada, dost-tanış, qohum-əqraba yanında xasiyyətinin həlimliyi, şirindilliyi, söhbətcilliyi, mehribanlığı ilə seçilən Hidayət Rəhim oğlu çalışdığı kollektivlərdə də böyük hörmət qazanmış, müxtəlif mükafatlara layiq görülmüşdür.Hidayət müəllimdə fizika sahəsində qazandığı nailiyyətlərlə (200-dən çox elmi məqalənin, 5 ixtiranın müəllifidir, institutun nəzdindəki ixtisaslaşdırılmış müdafiə Şurasının elmi katibidir, rəhbərliyi ilə 10-dan çox elmlər namizədi yetişmiş, namizədlik və doktorluq dissertasiyalarına opponent olmuşdur) yanaşı bədii ədəbiyyata da güclü meyl özünü göstərmişdir. Borçalının ustad aşıqları Dədə Əmraha, Xındı Məmmədə, Hüseyn Saraclıya, Kamandara dəfələrlə qulaq asmışam. Görünür, elə bu da məndə saza-sözə böyük həvəs yaratmışdır.O, özünü şair hesab etməsə də, 60 illik yubileyi ərəfəsində biz 2001-ci ildə Bakıda "Borçalı" nəşriyyatında Hidayət Nurun “Borçalı duyğuları” adlı şeirlər və poemalar kitabını nəfis şəkildə çap edərək yubilyar müəllifə hədiyyə etdik. Bu yubilyar üçün sözün əsl mənasında xüsusi hədiyyə olmuşdur. (Naşiri: Müşfiq Çobanlı; Bədii redaktorları: Vaqif Nəsir, Nizami Saraclı; Texniki redaktoru: Afin Saraclı; Korrektoru: Könül Hidayət qızı)Hidayət Nur imzası ilə dərc olunan həmin kitab Azərbaycan Respublikası “Təhsil” mərkəzinin “Abdulla Şaiq” mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasında professor Hidayət Nurun anadan olmasının 60 illik Yubileyi və "Borçalı duyğuları" adlı kitabının təqdimatı münasibətilə təntənəli tədbir keçirilmişdir.Azərbaycan Elmlər Akademiyasının sabiq prezidenti, akademik Eldar Salayevin rəhbərlik etdiyi yubiley tədbirində Hidayət müəllimin çalışdığı institutun direktoru professor Cavad Abdinovun Hidayət Rəhim oğlunun həyat və yaradıcılığı barədə dolğun məruzəsini dinləyənlərdən akademik Maqsud Əliyev, EA-nın müxbir üzvləri Telman Əliyev, Avrasiya Akademiyasının rektoru Arif Paşayev, professorlar Lətif Vəliyev, Qəhrəman Binnətov, Səlimə Mehdiyeva, Abdulla Mehrabov, Vüqar Əliyev, Kamal Ələsgərov, Vaqif Nəsirov, Fazil Əliyev, Tahir Pənahov, yubilyarın müəllimi dosent Şəmistan Məmmədov, şair Eyvaz Borçalı öz çıxışlarında ürək sözləri demiş və xoş arzularını bildirmişlər.Sonra akademik Eldar Salayev Elmlər Akademiyasının Fəxri fərmanını, “Şərqin səsi” qəzetinin baş redaktoru Müşfiq Çobanlı isə “Abdulla Şaiq” mükafatının diplomunu və pul mükafatını yubliyara təqdim etmişlər.Elman Hüseynoğlu "Gürcüstan" qəzetində çap etdirdiyi "Yaşanası günləriniz qabaqdadır" sərlövhəli məqaləsində yazmışdır:"Onu çoxdan, lap uşaq vaxtlarımdan tanıyıram. Sonralar ali təhsil almaq üçün Bakıya getməsi ilə əlaqədar məsafə uzaqlığı yaransa da barəsində söylənilən xoş sözlər nəinki bacı-qardaşların, həmçinin bütün eloğullarını da fərəhləndirirdi.Haqqında söz açacağımız eloğlumuzun bu günlərdə yubiley tədbirlərinin Bakıda uğurlu keçməsini eşidəndə sevincimin həddi-hüdüdu olmadı. Bununla yanaşı məndə daxili bir narahatlıq da baş qaldırdı: Hidayət müəllimin yubileyində niyə iştirak edə bilmədim? Sən demə bu narahatlıq hissini tək mən yox, onu tanıyanların çoxu keçirmişdir. Təskinliyimiz isə bu oldu ki, təki iştirak edə bilmədiyimiz tədbirlərin hamısı yubileylər, toy-bayramlar olsun......Bu günlərdə Hidayət Rəhim oğlu ilə görüşüb söhbət etdik. Nəvələri də yanında idi. Babanın nəvələri ilə davranışı, onlara qarşı nəvazişi adi haldır. Ərköyünlük eləmirlər ki-deyə soruşdum. Dedi ki, uşaqlığım pis dövrə düşdü, indi istəyirəm ki, uşaqlığımda keçirə bilmədiyim xoşbəxt anları nəvələrimlə birgə yaşayım.Bəli, 60 yaş nədir ki, hələ gözəl günləriniz qabaqdadır, Hidayət müəllim! Atanızın adını daşıyan oğlunuz Rəhimin toyu, nəvələrinizin gözəl günləri Sizə və həyat yoldaşınıza xoşbəxt günlər, illər yaşadacaqdır. Yaşanası günləriniz qabaqdadır!Ondan ayrılanda barəsində yazacağımı bildirmədim, qoy bir hədiyyə kimi “Gürcüstan” qəzetinin kollektivi adından Hidayət müəllimin 60 illik yubileyinə gözlənilməz sovqat olsun, - dedim." Həmin yubiley günlərindən düz 15 il ötüb keçir. Bu günlərdə görkəmli alim-şair Hidayət Nurun 75 illik Yubileyi tamam olmuşdur.Biz də bir daha çox hörmətli Hidayət müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm çansağlığı, şəxsi həyatında, eləcə də elmi fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Aşağıda isə Hidayət Nurun 15 il əvvəl çap etdiyimiz "Borçalı duyğuları" adlı kitabından bəzi səhifələri oxucularımızın diqqətinə çatdırırıq...Müşfiq BORÇALI.Kitab Müəllifin belə bir girişi ilə başlayır :Dünyasını vaxtsız dəyişmiş unudulmaz valideynlərim-Anam Zəhra Əliəkbər qızının, atam Rəhim Xaccaoğlunun əziz xatirəsinə ithaf edirəm.Əziz oxucu! Həyatımda birinci dəfə, yaşıma görə bəlkə gec də olsa, öz şeirlərimlə sizin hüzurunuza çıxıram. Ağır yükün altına girdiyimi böyük məsuliyyətlə hiss edirəm. Görünür, bu mənim tale-qismətimə yazılıbmış. Tale-qismətdən isə heç vaxt qaçmaq mümkün deyil, - deyib atalar. O, bizi yaradan Ulu Tanrıdan verilir. İlk görüşümüz olduğunu nəzərə alaraq keçdiyim həyat yolunun mühüm, deyilməsi lazı olan mərhələləri ilə sizi tanış etməyi vacib sayıram. Sazlı-sözlü Ulu Borçalının Sarvan kəndində (Gürcüstan Respublikasının indiki Marneuli şəhəri), zəhmətkeş, xeyirxah bir kişinin ailəsində dünyaya göz açmışam. Lap uşaq vaxtlarımda ata-anamı itirmişəm. Ağsaqqallarımın himayəsi altında böyümüşəm. Bu da bir qismətdir. Halal zəhmətə qatlanmışam-oxumaqla yanaşı ailəmizə ev işlərində yaxından kömək etmişəm. Uşaqlıqdan saz ürəkdən bağlanmışam. Bu səbəbdən də uşaqlıq illərində çox sayda aşıq məclislərinin iştirakçısı olmuşam. Borçalının ustad aşıqları Dədə Əmraha, Xındı Məmmədə, Hüseyn Saraclıya, Kamandara dəfələrlə qulaq asmışam. Görünür, elə bu da məndə saza-sözə böyük həvəs yaratmışdır.1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini, 1962-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişəm, fizika-riyaziyyat elmləri doktoru, professoram. Azərbaycan EA Fotoelektronika İnstitutunda şöbə müdiri vəzifəsində çalışıram. Şair deyiləm. Ancaq hələ orta məktəbdə oxuyarkən şeir oxumağı, yazmağı çox sevmişəm. Uşaqlıqdan saza-sözə, şeirə bağlılığım 1958-ci ildə ilk şeirimi -“A dağlar”ı meydana gətirdi. “Borçalım” adlı ikinci şeirim 1978-ci ildə yarandı.Təvazökarlıqdan uzaq olsa da deməyi özümə borc bilirəm ki, hələ uşaqlıqdan ədalətsizliklə, ylataqlıqla, ikiüzlülüklə, tamahkarlıqla qəlbən barışmamışam. Bəzən dilimlə deyə bilməsəm də, bu hisslər həmişə daxilən məni incidibdir. Bu cür adamları ürəyimdə yazıqlamışam. Fikirləşmişəm ki, görəsən, bu insanlar öz əməllərini, törətdiklərini, etdiklərini hiss etmirlərmi? Bilə-biləmi bu hərəkətləri edirlər, nəyinsə naminə özlərini alçaldırlar və s. Bu adamlar görmürlərmi, anlamırlarmı: hər şey bu dünyada qalır, insan özü ilə o dünyaya heç nə aparmır. Çox-çox illər bundan əvvəl var-dövlət sahibi olanlardan nə qaldı dünyada? Mənə elə gəlir ki, ya yaxşılıq, ya da pislik qaldı, ya dəyərli söz qaldı, ya da heç nə. O adamlar gəldilər bu dünyaya, öz ömürlərini yaşadılar, köçdülər bu dünyadan. Xalq yenə də yaşayır və yaınız yaxşı övladlarını-xeyirxahlarını yaşadır. Sanmışam ki, başqasının hesabına, xalq malını talan etməklə həddindən artıq varlanmaq hərisliyi böyük bədbəxtlikdir. Bu xüsusiyyətlər həm o adamların, həm də millətin bədbəxtliyidir. Hər şeyin ifratı-bəladır, əziyyətdir, əzabdır, məhv olmaqdır.Yüngülxasiyyət adamlarla yaxınlıq edə bilməmişəm. Sakit təbiətli, son sözünü deməyə tələsməyən, fikirləşib sonra danışan, şəxsiyyətini hər şeydən üstün tutan, el-obasını sevən, xeyirxah adamlara daha çox meyl etmişəm. Məhz belə adamlarla söhbət etmişəm, fikirlərimi bölüşdürmüşəm, yoldaşlıq, dostluq münasibətləri yaratmışam.Ağsaqqallara xüsusi hörmətim vardır. Onlarla birgə oturub, saatlarla ünsiyyətdə olmaqdan doymamışam. Tarixən olmuş hadisələri o adamların dilindən eşitməyə həmişə üstünlük vermişəm. Onların şirin söhbətindən ləzzət almışam, kövrək qəlblərini duymağa çalışmışam. Anlamışam ki, ağsaqqal üçün ən qiymətli hədiyyə-diqqətdir. Oxuduqlarımı, eşitdiklərimi, gördüklərimi, bildiklərimi yekunlaşıdırıb, ümumiləşdirib, dərindən anladıqdan sonra belə qərara gəlmişəm ki, insanın xoşbəxtliyi onun ləyaqətindədir. Böyük şairimiz Xəlil Rza Ulutürk haqlıdır: poeziya ləyaqətdən yaranır, dünyanı və insanı sevməkdən yaranır. Poeziya, öz xarakterindəki humanizm işığını başqalarına da aşılamaq uğrunda mübarizədə yaranır. Ətrafda gedən hadisələrə, elin-obanın işlərinə heç vaxt laqeyd olmamışam. Azərbaycanımıza qarşı törədilmiş tarixi ədalətsizlikləri yadıma saldıqca daxili iztirablar keçirmişəm. Borçalımızın, Təbrizimizin, Dərbəndimizin, Göyçəmizin, Zəngəzurumuzun, Ağbabamızın, Qarabağımızın keçmişi, bu günü, gələcəyi haqqında daim fikirləşmişəm, daxili əzablar çəkmişəm.Son illərdə həyatımızda baş verən dəyişikliklər, ictimai-siyasi proseslər uzun illər boyu ürəyimdə toplanmış fikirlərimi, hisslərimi, sızıntılarımı, el-oba ilə, doğma Borçalımla, Azərbaycanımla bağlı arzu və istəklərimi bacarığım, imkanım daxilində sizə çatdırmağım üçün mənə tarixi bir şans verdi. Yuxarıda söylədiklərimi şeirlərimlə sizə çatdırmaq qərarına gəldim.Ürəyimdəkiləri şeirə köçürməkdə çətinliklərlə üzləşdim. Bu, təbiidir. İlk kövrək addımlarımı atıram.Bəlkə də hörmətli şairlərimiz, sənət adamlarımız məni qınayacaqlar. Poeziyada heç bir dəsti-xətti olmayan, ömrünü fizikaya həsr etmiş bir alim, bu yaşda birdən0birə poeziya səhnəsinə çıxır. Səmimiliyimə inanın. Uzun illər ürəyimdə yığılıb qalmış hisslər məni məcbur etdi. Mənə belə gəlir ki, ürəyində olanları demək, deməməkdən çox-çox yaxşıdır.Hər qəlbdə bir “aslan yatır”, hər kəsin bir dünyası var-deyirlər. Deyilən söz yadigardır. Sözü deməməyin özü də günahdır. Deyilən söz bəlkə də kiməsə lazım olacaq, kimisə düzgün yola qaytaracaq və s. Söz deyilib, deyilir və deyiləcəkdir. Söz ən qiymətli nemətdir. Bu arzularla 1998-2000-ci illər ərzində yazdığım (əvvəllər yazdığım iki şeirim də daxil olmaqla) şeirlərimin toplandığı “Borçalı duyğuları” adlı kitabımı sizin müzakirənizə təqdim edirəm. İradlarınıza, məsləhətlərinizə görə əvvəlcədən sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən ürəyimdən keçənləri necə bacardımsa elə də sizə çatdırdım. Qalanı sizin işinizdir. Necə istəyirsiniz, o cür də qəbul edin. İndi söz sizinkidir, əziz oxucu! Allah sizə yar olsun! Amin!Hidayət NURÖn söz Əziz oxucu! Sizə təqdim olunan bu şeir kitabının müəllifi fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanımış alim Hidayət Rəhim oğlu Nuriyevdir. Aydındır ki, bu tanınmış alimin poeziyaya üz tutması heç də şan-şöhrət xatirinə deyildir. Lakin fizika və poeziyadan xəbərdar olanlar yaxşı bilirlər ki, fizika elə özü poeziyadır. Eyni zamanda poeziya haqqında da söyləmək olar ki, o, fizikadır. Fiziki hadisələr qanunlarla idarə olunduğu kimi, poeziyanın da öz bənzər qanunları vardır. Bəzən fiziki hadislərdə müəyyən qanunauyğunluqlardan kənara çıxmalar olur və bu böyük kəşflərə gətirib çıxarır. Poeziyada da bəzən onun qanunlarına riayət etmədən elə fikirlər söylənilir ki, bu da böyük poetik tapıntılara gətirib çıxarır. Folklor-aşıq sənətindən nurlanan Hidayət Nur (alimin şair imzası belədir) öz hisslərini tam ifadə etmək düşüncələrini oxucularına olduğu kimi çatdırmaq üçün bəzən şeirin qanunlarına riayət etmir. Lakin o, öz sözünü, öz fikrini oxucularına çatdırır, yeni poetik nümunələr yaratmağa çalışır. Qədim Borçalıda dünyaya gələn Hidayət Nurun şeirləri şirin və oxunaqlıdır. Bu şeirlər əsasən Vətənə, anaya, dostlara həsr olunmuşdur. Eyni zamanda o, gözəlliyi, məhəbbəti də özünəməxsus şəkildə tərənnüm etmişdir. Hidayət Nur poeziyasında lirik şeirlərlə yanaşı, haqqın, ədalətin müdafiəsinə qalxan, tamahkarlıq, rüşvətxorluq, qorxaqlıq və xəyanəti lənətləyən şeirlər də az deyildir.Mən Hidayət Nur poeziyasını təhlil etmək fikrində deyiləm. Bunu oxucuların öz öhdəsinə buraxıram. İnanıram ki, oxucular bu poeziya ilə tanış olduqdan sonra Hidayət Nur dünyasının özəlliklərinə heyran olacaqlar.Sonda qeyd edim ki, Hidayət Nur özünün 60 illik yubiley ilini yaşayır. Və bu kitab onun dostlarına və oxucularına ən gözəl tövhəsidir. Bu münasibətlə Hidayət Nuru təbrik edir, ona həm elmdə və həm də poeziyada böyük uğurlar arzulayıram!Vaqif NƏSİR,Fizika-riyaziyyat elmləri doktoru, professor,Y.Məmmədəliyev mükafatı laureatıHidayət NUREy VətənNecə fərəhlənim, necə sevinim,Ayrı düşmüsəmsə eldən, ey Vətən.Necə söz danışım, mən necə dinim,Torpaq, yurd gedibsə əldən, ey Vətən.Gözəlsən, hər yanın güllü-çiçəkli,İnsanların açıq qəlbli, istəkli,Şirin ləhcən təravətli, bəzəkli,Harda vardır belə dildən, ey Vətən.Sevən kəslər yurda laqeyd qalarmı,Doğma yerlərini heç unudarmı,Bülbül qəriblikdə cəh-cəh vurarmı,Ayrılsa sevdiyi güldən, ey Vətən.Dərələrdən keçəm, dağlardan aşam,Yağışda islanam, dumanda çaşam,Nə qədər şəninə nəğmələr qoşam,Yenə qəlbim doymaz səndən, ey Vətən.Kimə sözüm deyim, kimə yalvarım,Kimə ümid edim, məsləhət alım,Başıma haranın daşını salım,Neyləyim səs çıxmır bizdən, ey Vətən.Hidayətəm, işim nədir qanıram,Açıq söz deməyi borcum sanıram,Qəlbimdəsən, Borçalımsan, anıram,Yalvarıram küsmə məndən, ey Vətən.08.10.2000AzərbaycanımNutmaq olarmı səni bircə an,Sevimli diyarım Azərbaycanım.Xoşbəxtdir, özünü övladın sanan,Müqəddəs torpağım Azərbaycanım.İsti qucağında mən yuva qurdum,Ətirli güllərin yığdım, qoxudum,Hər yanda, hər yerdə adını sordum,Könlüm, qəlbim, canım Azərbaycanım.Sən mənim tükənməz varım, dövlətim,Döyünən ürəyim, sözüm-söhbətim,Mənim təmiz adım, mənim şöhrətim,Qüdrətim, vüqarım Azərbaycanım.Mən sənə övladam, sən mənə ana,Südünü əmmişəm, mən qana-qana,Anaya məhəbbət yetərmi sona,Təmiz, saf ilqarım Azərbaycanım.Sənə insanların bir yaraşıqdır,Sevgi-məhəbbəti aşıb-daşıbdır,Çoxları hüsnünə mahnı qoşubdur,Tükənməz ilhamım Azərbaycanım.Bakı çox sevdiyin əziz canındır,Damarında axan təmiz qanındır,Şanın-şöhrətindir başda tacındır,Möhtəşəm şux dağım Azərbaycanım.Gəncən, Naxçıvanın görən gözündür,Dərbəndin, Təbrizin sənin özündür,Göyçənlə Borçalın şirin sözündür,Doğma yurd-məkanım Azərbaycanım.Allahın bəxtəvər bir övladısan,Dünyanın bəzəkli bir diyarısan,Şair Hidayətin iftixarısan,Keçmişim, sabahım Azərbaycanım.09.05.1998Salam BorçalımXeyli vaxtdır gəlib görə bilmirdim,Şadam gəldim gördüm, salam Borçalım,Sənsiz darıxmışdım, dura bilmirdim,Salam doğma yurdum, salam Borçalım.Türk elisən, qədim, ulu məkansan,Qarapapaq yurdu, nəxşi cahansan,Dostuna-dost, düşməninə yamansan,Salam doğma yurdum, salam Borçalım.Şanlı tarixin var, xoş keçmişin var,Mehriban xalqın var, şirin dilin var,Xoşbəxt gələcəkli, gözəl elin var,Salam doğma yurdum, salam Borçalım.Türk elinin bəzəkli diyarısan,Aşıqların söhbətisən, sazısan,Azərbaycanımın qan qardaşısan,Salam doğma yurdum, salam Borçalım.Hidayətəm səndən doymaq olarmı,Başkeçid, Yastıqar unudularmı,Dumanlı dağların heç tayı varmı?Salam doğma yurdum, salam Borçalım.05.08.1999Borçalı yaşayırBorçalı uludur, qədim diyardır,Adı kitablarda, eldə yaşayır.Xalqı mehribandır, çox bəxtiyardır,Ləhcəsi şirindir, dildə yaşayır.Bu yurdun qəhrəman, mərd oğulları,Vüqarlı, qüdrətli generalları,Saz-söz ustadları, əhli halları,Sevən ürəklərdə, teldə yaşayır.Dumanlı, çiskinli yaylaqlarının,Yanları lilparlı bulaqlarının,Gəzməli, görməli oylaqlarının,Sədaları hər könüldə yaşayır.Hidayət, bu mahal təmiz adındır,Şərəfin, şöhrətin, həm imanındır,Səni ruhlandıran qol-qanadındır,Saf arzuda, xoş əməldə yaşayır.26.07.1999Borçalımı dəyişmərəm mənDoğma Borçalımın doğma adını,Dünyada heç nəyə dəyişmərəm mən.Bu yurdun ən adi kəsəyini də,Dünyada heç nəyə dəyişmərəm mən.Namusdur, qeyrətdi böyük varlığı,Aləmdə bəllidi vəfadarlığı,Burada gördüyüm odu-ocağı,Dünyada heç nəyə dəyişmərəm mən.Çoxdu saz ustadı, sənətkarları,Dağlardan ucadı eşqi, vüqarı,Qoynunda gördüyüm əhdi, ilqarı,Dünyada heç nəyə dəyişmərəm mən.Bu yurdun bəzəkli oylaqlarını,Qoyunlu, quzulu yaylaqlarını,Billur sulu, sərin bulaqlarını,Dünyada heç nəyə dəyişmərəm mən.Özüm yetirmişəm şirin barımı,İtirmərəm xalqa etibarımı,Mən Hidayət Nuram, öz diyarımı,Dünyada heç nəyə dəyişmərəm mən.01.08.1999Yaşayacaqdır Ağır günlərində kədər, qəm yemə,Düşün bu dünyada kim qalacaqdır.Çoxları gəliblər, köç eyləyiblər,Eldə iz salanlar yaşayacaqdır.Zülümün, zalımın ömrü az olar,Qış, boran qurtarar, bahar-yaz olar,Kökü təmiz olan əhdə düz olar,Eldə düz olanlar yaşayacaqdır.İmkanın olanda gücsüzə dəymə,Mənəm-mənəm deyib döşünə döymə,Vətənini satıb yada baş əymə,Eldə ad alanlar yaşayacaqdır.Səmimi ol, yalan deyib söyləmə,Yaltaqlıq eyləyib, yersiz söz demə,Sifətini göstər, xalqdan gizləmə,Eldə saf insanlar yaşayacaqdır.Cəsarətli, qoçaq, qorxmaz, mətin ol,Çapılmaz qayatək sərt ol, bütün ol,Düşmənindən bac al, tərs ol, çətin ol,Eldə mərd olanlar yaşayacaqdır.Dünya başdan-başa xoş bir tamaşa,Mənalı gün keçir, kişi tək yaşa,Halal zəhmətinlə ömrü vur başa,Eldə saf olanlar yaşayacaqdır.Kimsəyə qalmayıb var-dövlət, həyat,Pul var əl kiridir, gedəcək bir vaxt,Hidayət Nur, dərin düşün, yaz, yarat,Eldə söz qoyanlar yaşayacaqdır.11.11.2000Borçalım Qədəm qoyub səni görməyə gəldim,Ulu Borçalısan, mənim Borçalım.Qəlbim coşub səni tərif eyləyim,Mərdlər diyarısan, mənim Borçalım.Mehriban insanlar torpağısan sən,Yaylaqlar, bulaqlar məkanısan sən,Yam-yaşıl meşələr obasısan sən,Bağlı-bağçalısan, mənim Borçalım.Səni bilə-bilə parçalayıblar,Yurd-yuvanı yad əllərə salıblar,Xalqını yurdundan qovalayıblar,Qəlbi yaralısan, mənim Borçalım.Gümrü sənin, Calaloğlu sənindir,Loru, Pəmpək gəzməlidir, sərindir,Hacxəlil ocağın, sönməz yerindir,Tarixdə qalmısan, mənim Borçalım.Söylə yanan varmı sənin dərdinə,Günü-gündən artıb-aşan dərdinə,Heykəl də qoyublar lap sərhəddinə,Yəqin anlamısan, mənim Borçalım.Uğrunda Nəriman çox vuruşmuşdur,Çoxunun qəlbinə yara vurmuşdur,Amma düşmən onu tənha qoymuşdur,Yada salmalısan, mənim Borçalım.Vətən oğlu səni heç vaxt unutmaz,Lazım olan zaman bil, darda qoymaz,Şair deyər ürək candan ayrılmaz,Elin vüqarısan, mənim Borçalım.28.09.1978A telli sazımSirrini öyrənmək, açmaq çətindir,Haqqdan əlindəsən, a telli sazım.Axtarmaq istəsən, tapmaq çətindir,Tamam dərindəsən, a telli sazım.Nələr yoxdur sənin quru canında,Xalqın qanı axır, hər damarında,Elin hər yerində, Türk diyarında,Böyük hörmətdəsən, a telli sazım.Bəzən inləyirsən, gah ağlayırsan,Qəlbi sızladırsan, oda salırsan,Necə alışırsan, necə yanırsan,Söylə, kimsən, nəsən, a telli sazım.Xalqın şirin dili, şirin sözüsən,Uzaqlardan gələn sönməz səsisən,Keçmişi, bu günü, gələcəyisən,Tarixən qədimsən, a telli sazım.“Koroğlu” nərəsi, eli qaldırır,Döyüşə çağırır, tam ruhlandırır,“Kərəmi”n ağladır, oda yandırır,Sən bir möcüzəsən, a telli sazım.Ölməz “Divani”n var, “Müxəmməs”in var,Adam heyran edən, gözəl səsin var,Həm zilin, həm bəmin, həm də pəsin var,İncə bir alətsən, a telli sazım.Sevən kəslər, səndən ayrı gəzərmi,Nazlı gözəlləri, sənsiz süzərmi,Hidayətin qəlbi bir an, dözərmi,Danışıb dinməsən, a telli sazım.18.05.1998Bizim BorçalıA dostum, qardaşım buyur qonaq gəl,Gör bir nə məkandır, bizim Borçalı.Doymaq olmur onun gözəlliyindən,Elin vüqarıdır, bizim Borçalı.Xalqı mehribandır, dosta sadiqdir,Sazlıdır, sözlüdür, elə aşiqdir,Şirin söhbətlidir, şair, natiqdir,Dillər dastanıdır, bizim Borçalı.Bu yerlərdə qoç igidlər gəziblər,Toy-mağarda at belində süzüblər,Yaşayıblar, vuruşublar, dözüblər,Mərdlər diyarıdır, bizim Borçalı.Tarixi qədimdir bu böyük elin,Çox şeyi deməyə gəlməyir dilim,Yazmaq istəyirəm, yazmır qələmim,Başı bəlalıdır, bizim Borçalı.Bu diyarı qəsdən parçalayıblar,Yad əllərə bilə-bilə salıblar,Xalqı öz yurdundan qovalayıblar,Qəlbi yaralıdır, bizim Borçalı.24.01.1999Ay Musa dayıBorçalı ağsaqqalıMusa Nəbi oğlu MusayevəAçmaq istəyirəm sənə dərdimi,Tamam narahatam, ay Musa dayı.Qohum-qardaş bir-birinə yad olub,Yaman narahatam, ay Musa dayı.Oğul var atanı heç axtarmayır,Bir dəfə də olsun, yada salmayır,Nə yoxlayır, nə də dada çatmayır,Yaman narahatam, ay Musa dayı.Doğma, doğmasından min aman qılır,Nə salam göndərir, nə salam alır,Nə üzünü görür, nə yada salır,Yaman narahatam, ay Musa dayı.Qardaş, qardaşına yüz yalan satır,Oğul dayısına qəstdən sataşır,Həyat bizi sağa, sola çox atır,Yaman narahatam, ay Musa dayı.Qohum məqsəd güdür, yad məqsəd güdür,Yoldaş məqsəd güdür, dost məqsəd güdür,Oğul məqsəd güdür, qız məqsəd güdür,Yaman narahatam, ay Musa dayı.Kiçiklər, böyüyə hörmət etməyir,Gen dolanır, arxasınca getməyir,Çətin gündə hayına da yetməyir,Yaman narahatam, ay Musa dayı.Yoldaş, yoldaşını payda aldadır,Çəkidə aldadır, sayda aldadır,Nişanda aldadır, toyda aldadır,Yaman narahatam, ay Musa dayı.Nə yoldaşlıq qalıb, nə dostluq qalıb,Nə yaxşılıq qalıb, nə xoşluq qalıb,Nə adamlıq qalıb, nə saflıq qalıb,Yaman narahatam, ay Musa dayı.Bu necə əhvalat, bu necə işdir,Bu necə gedişdir, necə gəlişdir,Həyatımız yaman pis dəyişibdir,Yaman narahatam, ay Musa dayı.Qorxuram ağıllı, gicə tay ola,Nadanın əlində ucuz pay ola,Hidayətin əməyi də zay ola,Yaman narahatam, ay Musa dayı.12.04.1998Unutmaz səniXalqı dar günündə unutma, yad et,O yaddan çıxarmaz, unutmaz səni.Xeyirxahlıq eylə, kasıba əl tut,Tanrını unutma, unutmaz səni.Dağları tanıdan onun selidir,İnsanı sevdirən onun dilidir,Adını ucaldan onun elidir,Elini unutma, unutmaz səni.Hamı bu dünyaya gəlib-gedəndir,Bəxtəvər o kəsdir, eli sevəndir,Yurdun ad-sanındır, yurdun vətəndir,Vətəni unutma, unutmaz səni.Hidayət xoşbəxtsən, eli sevdin sən,Heç vaxt ayrılmadın doğma kəndindən,Lazım olan vaxtı tutdun əlindən,Sarvanı unutma, unutmaz səni.13.09.1998Bax: Hidayət Nur. Borçalı duyğuları. Bakı, 2001.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.