Mərziyyə Nəcəfova: "Mərhəm duyğuların pıçıltıları"

Mərziyyə Nəcəfova: "Mərhəm duyğuların pıçıltıları" Qarşımda Lütviyyə Əsgərzadənin kitabları var... Oxuyuram və oxuduqca düşünürəm ki, Lütviyyə Əsgərzadə ilə xeyli vaxtdır tanışam. Amma əslində, bu belə deyilmiş. Demə mən, Lütviyyə Əsgərzadəni heç tanımamışam. “Durmayıb ney kimi inləyən” və “kəndini dinləyən” könlünün pıçıltıları olan şeirlərini oxuduqca onu sözün əsl mənasında tanımağa başlayıram. Yeni bir Lütviyyə Əsgərzadə kəşf edirəm, şeirlərindən boylanan, pıçıltılarını dinlədiyim Lütviyyə Əsgərzadə. Və hiss edirəm ki, onun şeirləri haqqında fikir və düşüncələrimi qələmə almadan dayanamayacağam. Doğrusu, bir az da qorxu və təlaş keçirirəm. Düşünürəm, görəsən, bu qədər kədəri və qüssəni içində daşıyan, könlündə böyük kədərlə yaşıyan bir şairin poeziyasının ağır yükünü, ələmini yazmağa ürəyimin gücü çatacaqmı...

“Dünya başdan başa nağılmış demə” adlı ilk kitabını vərəqləyirəm. Kitabdakı ilk şeir diqqətimi çəkdi. Allahla baş-başa qalan lirik qəhrəman Allahla danışır. Özünü, yaşantılarını “çiçək açmayan ümidlərinin”, “toxum kimi səpdiyi arzularının cücərmədiyini” nisgilli bir dillə, təmiz və saf bir səmimiyyətlə ifadə edir. Bir az hüzünlü şeirdə bir körpə səmimiyyəti də var. Bəlkə də şeirlərindəki dünyaya sığamayıb şairin qəlbinə hakim kəsilən, onun dostuna, ən yaxın rəfiqəsinə çevrilən və bütün həyatı boyu şairi tək qoymayan bu böyük kədər elə onun qəlbinin təmizliyindən, dürüstlüyündən, uşaqcasına saflığından könlündə yuva qurub. Qəmi, kədəri qəbul eləyib onunla yol getmək, gecəni onunla keçirib, sabahı ona “Salam qəmim”, -demək könül evinin kərpicləri qəmlə hörülən Lütviyyə Əsgərzadənin şeirlərinin ana xəttidir. Onun şeirlərinin özəyi nisgil, qəm, kədər və göz yaşı təşkil edir.
Əslində, bu kədər hər kəsin yaşadığı ağrı, acıdır. Həyatımız boyu çəkdiklərimiz, itirdiklərimiz, sıxıntılarımız, yaşadığımız sədaqətsizlik zaman-zaman içimizdən asılıb qalan nisgilə çevrilir. İncə və kövrək ruhlu, şair qəlbli insanlar bunlara qatlaşa bilmir. Əslində, poeziya elə yanğıdır. Əgər bir ürəkdə yanğı, həsrət, qüssə kədər yoxdursa o misralarda səmimiyyət, poetik abu-hava da olmur. Əsl şeir kədərdən yaranandır. Lütviyyə xanımın şeirinin gücü elə onun şeirlərinin kədərdən, nisgildən doğmasıdır. Lütviyyə xanım, yer gəlir kədərin nazını çəkir, yer gəlir onunla yoldaşlıq edib başına sığal çəkir. L.Əsgərzadənin gözlərinin dərinliklərində özünə yer edən ömrünə yağan yağışlar gözlərindən axaraq şeirlərə, misralara süzülüb. Bu zaman göylərə əl açan şairə, yerdə yeganə ümid yeri olan anasının dizlərində təskinlik tapır. Bu zaman bəzən keçmişə dönür. Körpə bir uşaq kimi anasına sığınır. Qızının gözlərindəki həsrəti, ağrını duyan ana saçlarına sığal çəkir; ”Danışma, qızım, dərdindən alışar ana ürəyim” – onu ovutmaq üçün bir nağıl başlar; “Biri var idı, biri yox idi, dünyada gözəllər çox idi. Amma biri vardı ki, heç bəxti yox idi. Hər şeyi var idi, heç nəyi yox idi.”
Söylənənlər ilk baxışdan ana ilə qızının söhbətini xatırlatsa da bu misraların arasında bir türk qadınının – ana ilə qız övladının yaşantılarını bütün tamlığıyla görmək olur. Analarımızın, qadınlarımızın illərlə əzilmələrini”, “oxutmuram, əl, çəkin”, “Xandostu, amandır, qoyma gəldi” kimi fəryadları - poetikləşmiş ifadələri xatırlayırsan. Onun sadə, səmimi dillə yazdığı bu poetik nümunələrdə əslində, elə fəlsəfi məqamlar açıqlanır ki, bu sadəlikdə ifadə etdiyi böyüklüyə heyranı qalmaya bilmirsən.
“Şeirlərdən görünür ki, Lütviyyə Əsgərzadə son illərdə sözə vurulduğu qədər heç nəyə vurulmayıb; o, qəlbinin daxilindəki gizli incəlikləri açıb-ağartmağa meyilli deyil və özü də qadının şeir yazmasının bir ölçüsü, qadağası olmasının tərəfdarıdır, çünki qadının daxili dünyası başqalarına sirr olaraq qalmalıdır. Şeir isə elədir ki, müəllifinin gizlin və örtülü, eyni zamanda ən əziz qapalı hissləri aşkara çıxarır.” filo lo fiya üzrə fəlsəfə doktoru, tənqidçi Əbülfəz Əzimli şairənin şeirlərindəki ruhu tutub; “Lütviyyə xanım həyata şeirlə başlamayıb, necə deyərlər, həyatın içində yaşayıb və o, poeziyanın çox-çox qoşulmamış nəğmələri, ağıları, və faciələri dünyadan sonra özünə gəlib, özünə qayıdıb, özünə dönüb. Özünü anmadan necə yazmaq olar ki!... Və beləcə həyatdan köçmək-qurub əzablarına qovuşmaq üçün şeir yazmağa başlayıb. Şeirmi əvvəldir, özümü-bəlli deyil!” “Şeir onun üçün özü ilə dərdləşmək vasitəsidir. Şeirmi tənhadır, özümü. Bu da bəlli deyil. Insan o zaman duyğularına qovuşur ki, onun içərisinə girə bilir. Onun içərisində isə tənhalıq deyilən bir dünyanın mürgüdən oyanmış təlaşları kök salıb. Mürgüləməyən onun ruhudur və ona görə şairə “Ruhuma sığınıram” deyir:

Ruhuma sığınıram,
Danlayır, döyür məni.
Və ya;
Küləklərə qoşulum,
Xəzəl tək sovur məni
(“Ruhuma sığınıram”).


“Şair duyğularına qovuşduğuna görədir ki, fikirlərində kəsərlidir və hər şeyə gözəllik və nəciblik prizmasından yanaşır; insan və dünya, mələk və iblis haqqındakı deyimlərində pərdəaltı heç nə saxlamır: bədii deyimlərində təzadlar çıxır. Məsələn, onun təzadlarında insan “daşdan yaranıb” , ona görə də, daş tək soyuq, taş tək “bərk”dir, çünki belə olmasa yaşaya bilməz” (“İnsanın dərdi”).

“İblis insan donundaymış,
Dost olmuşam iblislə mən
(“Mən”).


“Onun üçün tənhalıqdan əziz, sevgili dünya yoxdur. Dünya özü elə tənhalıqdan yaranmayıbmı? Insan tənhalıqdan gözəlləşər. Tənhalıq hərfi mənada tək, yalqız qalmaq demək deyil. Lütviyyə üçün tənhalıq özü bir dünyadır və bu dünyanın içində taxt qurub oturan hər kəs xoşbəxt adamdır. Taxt tənhalıqdan ucada olacaqdır və o taxtda oturan kəs isə taxtdan ucada olacaqdır. Lütviyyənin duyğularına hərarət verən də o tənhalıqdır.” Lütviyyə üçün “tənhalıq” yenidən doğulmaq” kimi bir şeydir:

Bu yerlərdən çıxıb getmək,
Hamıdan uzaq, gözlərdən iraq,
Unudulmaq istəyirəm.
Bu dnyadan çıxıb getmək,
İnsanlardan uzaq olmaq istəyirəm,
Bu dəfə yaşamadım, yandım.
Yenidən doğulmaq istəyirəm
(“Yenidən doğulmaq istəyirəm”).


Göründüyü kimi, “tənhalıq onun doğması, əzizidir, duyğularının poeziyasıdır..” Ancaq Lütviyyə “Qaçqın qadın bulaq başında ” şeirində tənhalığın ən ağrılı, iztirablı rənglərini ifadə edir:

“Kimdən umacaqdır diləklərini?
Kim alar üstündən qaçqın adını,
Nimdaş paltarını, köçkün adını?
Kim silər gözündən axan yaşını?
Kim qaytarar şəhidini, ərini, qardaşını?
Yollardan kim yığar, qəmli gözünü?
Qaytarar kim ona yurdun-elini?
Gündüzlər utanar, çıxmaz eşiyə,
Hərdən lay-lay deyər o boş beşiyə...
(“Qaçqın qadın”).


Tənqidçi Ə.Əzimli haqlı olaraq şeiri “ballada” adlanırır; “bu şeir qaçqın qadın haqqında ən gözəl balladadır; şairin qəhrəmanı dövrümüzün, günümüzün, nəfəsimizin, hisslərimizin ən ağır və dərdli məzmununu özündə saxlayır.”
Şairənin “lirik “Mən”i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an gizli qalmış sirləri açmağa müntəzirdir. Burada sevginin tərənnümündən çox, insanın daxili aləminin iztirabları önə çıxır: bu da təsadüfi deyil, bu, mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sərt üzüdür:

Ürəyim buz kimi soyuq,
Daş kimi bərk,
Hissiz, duyğusuz
Daş da üşüyər?
(“Yada düşən yenə sən”).

“Bu yaşanmış hisslərin qabarıq sonluğudur.”

“Lütviyyənin lirik şeirlərində mənaların lirizmini obrazlı əlamətlərdən” sayan tənqidçi bəzi nümunələri diqqət mərkəzinə çıxarır:

Göz yaşlarımı içimə axıdıram,
Qəlbin bərkiyib daş olsun.
Səndən tək qazancım,
Ürəyimi daşa döndərmək olsun
(“İçimə axan yaşlar”).


“İçimə axan yaşlar” şeirində “üç obraz var: göz yaşı, ürək, daş” və “hər üçü bir-birinə sığınıb, bir-birindən törəyib:

Mənə bir gül ver,
Ağ gül olsun...
Ağ günlərə sevgilərlə
Ağ günlərdən xatirə.
Qurudum solanda
Məzarıma səpilə bilə
(“Mənə bir gül ver”).


Və ya:
Bir rəsm çəkəcəyəm
Tənhalığı kirpiyindən
ayağınadək yaşamış
qadın portret olacaq
(“Sevdalı günlərimin yaddaşı”).


“Bu cür deyimlər sözün kədəridir: ağ gül, həyat, ölüm, məzar sözləri birlikdə itmiş bir sevdanın ağrılarını ifadə edir, şairənin gülə və məzara münasibətində bir obrazlılıq var: adətən güllər təzə-tər qoyular məzarın üstünə: burada isə gülü qurudub məzara səpmək mənasında bir yatımlı məna var.”
“Sözə oynaqlıq vermə tərzinə görə müxtəlif bənzətmə”lərdən biri:

Bir bəndə var göyün altda,
Gözləri göyə dikilib.
Yaxası aşçılıb göyün,
Ulduzlar yerə tökülüb
(“Ay od, ulduz pərvanə”).


“Burdakı obrazların dili isə başqa biçimdədir: hər üç obraz; bəndə, göy, ulduz bir-birinə qovuşub” və şeirdəki “Göydə Ayla Ulduzların yallı getməsi bənzətməsi də poetik uğurdur:

Bu gecə Göydə həm Ay,
Həm ulduzlar divanə.
Göydə yallı gedirlər,
Bizə acıq, sizə nə?


Lütviyyə xanımın şeirlərindəki söz seçimində önə çıxan “bədii obrazlıq”dır. Ən uğurlu cəhətlərindən biri isə hisslərin səmimiyyətidir”, “bütün məna və bənzətmələr səmimi olduğuna görə təsirlidir:

Deyirsən, ölürəm, yanında ölsəm...
Ölüləri də heç sevmirəm
tərslikdən
(“Üçlüklər”).


Lütviyyə Əsgərzadənin şeirlərində “sözdən eyhamlı, məzmunlu şəkildə istifadə etmək meyli də cox güclüdür:

Qoydu papağın başına.
Geydi əlinə əlcək,
Üşüyən ürəyinə nə geysin?
(“Üçlüklər”).


“Lütviyyənin deyimlərində pıçıltıları eşitmək mümkündür.” Bu “pıçıltılardakı poeziya xlq ədəbiyyatında bayatı və gəraylı axarından, Yunis Əmrə kimi şairlərin söz təsirindən gəlmədir,” “bəzən onun şeirləri ölçüsüz gəlir; sərbəst, azad misralarla o, şeirə bir ölçü-forma vermiş olur”, çünki Lütviyyə xanım “şeir yazmaq xatirinə yazmayıb, bu şeirlər sadəcə olaraq, mərhəm duyğuların pıçıltılarıdır – axıb gedir.”
L.Əsgərzadənin “Qaranlğa söylədiklərim” adlı kitabına daxil etdiyi üçlüklərdə iç dünyasının və sözün fəlsəfi qüdrətinin şahidi olursan. Əslində, üçlüklər (xoyku) yenilikdir. “Üçlüklər”də az sözlə cox şey ifadə etmək bacarığının - üç misranın hökmünün şahidi oluruq. Az sözlə cox şey ifadə etmək şairdən böyük səriştə, dilə aşinalıq tələb edir. Heç tərəddüd etmədən bu üçlüklərlə Lütviyyə xanım yaradıcılığının əsasını qoyub, - deyə bilərik. Üç misradakı ideya, fəlsəfi düyum, kədər və həsrət bir oxucu kimi məni valeh edir. Yorumadan, çox zaman itirmədən bir insan taleyini izləyirəm. Əslində, bəzən roman mövzusu ola biləcək qədər geniş bir mövzunu üç misrada ifadə etmək o qədər də asan deyil.
Diqqətimi çəkən məsələlərdən biri də kitabın ilk səhifəsinin müəllifin essesi ilə açılmasıdır. Essenin ideyası fikir burulğanında fəryad qoparan, dünyanın nizamsızlığı, insanın yaşantıları-kədər, nisgil, ağrı-acı və onlarla mübarizə aparan insandır. Şairənin kədərdən yoğrulmuş obrazı bu “esse”de bütün tamlığıyla görünür. Bir xanımın bu qədər qəmi zərif çiyinlərinə yükləməsi oxucusunu ağrıdır. Oxucu öz-özünə düşünür, sual edir; insan təkbaşına bu qədər kədərə necə dözür? Və həmin anda sualın cavabını, əslində bildiyinin də fərqina varır. Fərqinə varır ki, əslində şeirlərində Lütviyyə xanım dözümlü, sədaqətli, mətin və cəfakeş Azərbaycan xanımlarının ümumiləşmiş obrazını yaradıb.

Boğacaq bir gün məni yaşadığım saray,
Sonra yığacaq başıma adam,
Ölən var, gəlin, çəkəcək haray.


Bu misralar mənə Məhsətini, Heyran xanımı, Xan qızı Natəvanı, Gönçəbəyimi xatırladır. Bu saraylar əslində bizim yaşamağımız üçün deyil, məhvimiz üçün ucalan saraylar olub. Amam yaxşı haldır ki, “esse”də kədərlə ümid paralellik təşkil edir. Ümid hər zaman ədəbiyyatımızın əbədi və əzəli mövzusu olsa da, hər yaradıcı insan ümidə özünəməxsus yanaşıb. Lütviyyə xanım da yaradıcılığında kəmin, kədərin, nisgilin şəklini çəkməklə yanaşı, ümidin də şəklini çəkə bilib; ”İnsanı yaşadan ümiddir və hər kəs bunun şəklini bir şeylə çəkir; kimisi sözlə, kimisi fırça ilə kimisi musiqinin dili ilə. Vay o gündən ki, insanın səbri kəsilə, ümidi itə, inamı azala, bütövlüyü sarsıla, dözümü yoxa çıxa, qəhəri bal yerinə uda bilməyə, fəlakət onda olur.” Bu hal onun yaradıcılığında maraq doğuran hadisə kimi yadda qalır. Bu baxımdan müəllifin kədər, qəm dolu şeirləri nə qədər çoxdursa, hələ də ümid qığılcımı sönməyən şeirləri də var.

Bir gün bir azca xoşbəxtəm,
Lap bir azca bəxtəvər, dörd kitab müəllifiyəm,
Kim istəsə bu xoşbəxtlikdən pay verə bilərəm...


Nə qədər böyük ürəyə malikdir lirik qəhrəman... Bu qədər qəmin, nisgilin içərisində özünə bir dünya yaradan alim, şairə bu “bir azca bəxtəvərliyindən” hər kəsə pay vermək istəyindədir.

Və yaxud:

Üstümdə azdan-çoxdan, var nəyim,
Gözlərimdə yenə ələmim... bir zərrə ümiddən asılıb
səslənirəm gecədən səhərə; Salam səhərim.


Gecənin gətirdiyi kədər ümidsizlik yaratsa da, səhərin varlığı ümid gətirir. Şairənin kədər dolu gecələrdən sonra səhərə, doğan günəşə ümidi və salamı əskilmir.
Üçlük yazmaq, üç misrada fəlsəfi fikir söyləmək, oxucunu düşündürmək və bəzən geniş bir mövzunu üç misrada çatdıra bilmək şairdən güclü təfəkkür,sərrast nişançı olmasını da tələb edir. “Qaranlığa söylədiklərim” kitabına ön söz yazan M. Məmmədli üçlüklər haqqında yazır: “Əsl poeziya nümunəsi olan və daha çox sərbəstlik duyulan üçlüklərdə ölçü gözlənilməməsinin diqqəti cəlb etməsi də məhz bununla bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə şairənin yaradıcılığında bu nümunələr əsas yer tutur və o, üçlüklərində öz ürək çırpıntılarının, duyğu və düşüncələrinin, hiss və həyəcanlarının, həyata baxışındakı özünəməxsus fərdiliklərin daha dolğun poetik rəsminə nail ola və müvəfəqiyyət qazana bilir;

Göydən od ələnir, çat veri torpaq,
İstidən saralır yaşıllıq, yarpaq,
Könlümə yağan qara bax....


Müəllifin yaratdığı lövhədə olan təzad ilk anda oxucuya adi görünür, vüsalına yetməyən aşiqin yaşadığı hisslərin etirafı təsiri bağışlayır. Lakin həm də həyatın məhz iki qütüb üzərində qurulduğunu üç sətirlə, qısa və lakonik şəkildə igadə etmək müəllifin sözün gücündən məharətlə istifadə etməsinin göstərir.” Müəllif ruhən ölən lirik qəhrəmanı anladır. Onu hər zaman cismin yox, ruhun ölməsi düşündürür.

Ölsəm, ağlamayın məni,
Ağlamışam o ki, var özümü,
Qoymamışam dincəlsin gözümü.


Bir çox üçlüklərində isə ruhunun dustaq olduğunu ağrıyla ifadə edir.

Sularda üzər sandal.
Biləkdən vurular qandal.
Ruhum dustaq....


Uzun zaman mənən dustaq olan və bu dustaqlıq həyatını akvariumda yaşamağa bənzədən, azad olduqdan sonra bir başqa həyata adaptasiya ola bilib-bilməyəcəyini düçüən lirik qəhrəman özünü susuz qalmış balığa bənzədir.

Çat verdi qəmlə doldurduğum akvaryum.
Mən onsuz neyləyəcəyəm?
Quruda yaşaya biləcəyəm?


L.Əsgərzadə yaradıcılığında diqqətimi çəkən nüanslardan biri də “gül” və “kül” mövzusudur. Şairə “gül” və “kül!” kimi idiomatik ifadələrlə bəzən təzad yaradır. Sevdiyinin ona “gülüm”, - deyə müraciət etdiyinə işarə vuraraq “güllərinin xəşəm olmasını” poetikləşdirir. Bu ağrılı misralar ”gül”lə “kül”ün bir araya gətirilməsindən yaranır:

Mənə gülüm deyənim, güllərim xəşəm oldu,
Od düşdü gülüzarıma gülün yanıb kül oldu.
Gül... kül..


Bəzənsə, “gülün” “kül” olmasında vəfasız aşiq qınağa çəkilir.

Gül idim,
Kül etdin.
Sovur başına..


Şairə üçlüklərində “qəmdən gülzarlıq salanın gülü bitməz, onu göz yaşıyla sularsan yazıq olar” - ifadəsinin sanki rəsmini çəkir. Gül”dən “kül”ə çevrilən lirik qəhrəman yazır:

Sənin də bildiyin bu, üzüldükcə, üzürsən.
Külümə də od vurub yandırmaq istəyirsən.
Əvvəl gülü, indi külü sevirsən?


“Gül”dən “kül”ə çevrilən, yaşadığı günləri ömürdən saymayan lirik qəhrəman “səndən sonra yaşamadım” ifadəsini sadə, səmimi hisslə poetkləşdir:

Amma səndən sonra nə böyüdüm,
Nə yaşadım.
Səndən ayrıldığım yaşdayam.


Qəmi, kədəri əyninə don tək geyinən irik qəhrəman daha xoşbəxtlik axtarmır:

Səndən sonra ürəyim
Bəhanə gəzir ağlamağa,
Günlərim yaz buludlu.


Təbii ki, həyat davam edir və insan bir tək qarşı cinsə olan sevgiylə yaşamır. Dünyaya sevgi, Vətənə sevgi, doğmalara olan sevgi, peşəyə-sənətə,yaradıcılığa olan sevgi, təbiətə olan sevgi və.s.insanı ruhlandırır, həyata bağlayır. Xəyanətsə nə bağışlanmır, nə də unudulmur. İnsanın qəlbində rəngi, dadı xoş olmayan xatirəyə dönür. Deyirlər, vəsiyət yüngüllükdür, - lirik qəhrəman sevdiyinə vəsiyyətini edir:
Ömrüm boyu oxumaq istədiyin günlüyümü,
Vəsiyyət edəcəyəm versinlər sənə.
Sənə anlatacaq çox şeyim var.

Və yaxud;
Vəsiyyət edəcəyəm, versinlər sənə,
Ən çox sevdiyim yaylığımı,
saçımı daradığım darağımı,
çox yaraşır dediyin bir paltarımı.
Lirik qəhrəman gözəl xatirələri, gözəl olan her şeyi verməklə qalmır, onun bəxş etdiyi “hədiyyələri” də ona geri verir.

Onlara hopmuş hıçqrıqlarım, göz yaşlarım,
Qurutduğum güllərim, üstündə nisgillərim,
Sənin olsun hər şeyim...


L.Əsgərzadə bir üçlükdə ağrılı, acılıbir insan həyatını əks edib. Bu ağrı, bu nisgil müəllifin “İçimdə hönkürdü dözüm” şeirlər kitabında da davam edir. Əsasən, heca vəznində yazılan şeirlərdə mövzu demək olar ki, kədər, qüssə və iztirab üzərində köklənib:

Gözüm yol gözləyir, yəqin bilirsən,
Könlümün səsini yəqin duyursan.
Olur ki, ruhumu tükdən asırsan,
Ruhun diksinmirmi, darıxıram mən.


Əslində, təsvir edilən qəhrəmanların ayrıldıqlarını düşünmək də doğru deyil. Bu qəhrəmanlar bir-birinə ruhən bağlanan, bənd olan aşiqlərdi. Şeir təhlilə çəkildiyi “Ön söz”də yazılır: “Ruhlar haqqında çox sözlər deyilib, çox sözlər yazılıb, ancaq ruhun duyarlılığının bu qədər səmimi və dolğun, inadırıcı şəkildə ifadəsi Lütviyyə Əsgərzadəyə məxsusdur. Diksinmək sözünü tez-tez duyuruq, qəfil bir səsdən, qəfil bir hadisədən diksinmək... Amma biri üçün darıxan insanın darıxmasının, digər bir insanın ruhunu diksindirə bilməsi... Düşünürəm ki, şairə “diksinmək” sözü ilə bu möcüzəni yarada bilib: - “Ruhun diksinmirmi?” burada tədqiqatçı Azər Turanın gözəl bir ifadəsi yadıma düşür: “Ruhubirlər.”
Ruhən bir olan insanları nə məsafə, nə ayrılıq ayıra bilmir. Bəzən hansı məsafədə olursan ol, ruhları bir-birləri üçün diksinir.” Misralarında bu əbədi sevginin rəsmini çəkən lirik qəhrəman yazır:

İllər boyu məni sevən ürəyinin
İstisini , sevgisini , közünü,
Bütövlükdə özünü,
Məndə qoyub getdin....


Şairə bir bənddə “tənhalığı kirpiyindən ayağınadək yaşayan qadının portreti”ni də müvəffəqiyyətlə çəkməyə nail olur:

Bir şer yazacağam,
sevdalı günlərimin
Yaddaşı boyda.
Bir rəsm çəkəcəyəm,
tənhalığı kirpiyindən
Ayağınadək yaşamış
qadın portreti olacaq.

L.Əsgərzadənin üçüncü kitabına (”Dünya başdan-başa nağılmış demə”) şair, naşir və elm adamı olan Vaqif Məmmədov “Ön söz” yazıb. Müəllifin şerlərinin təhlilə ehtiyacı olmasa da Vaqif müəllim üçüncü kitabdakı şeirləri bir daha süzgəcdən keçirib. L.Əsgərzadənin dördüncü kitab “Mənə elə gəlir ki, yüz ildir sənsizəm” adlanır. Əvvəlki kitablardan fərqli olaraq şair bu kitaba daxil edilən şeirlərdə sevginin çoxşaxəliyindən bəhs edir. Şairə vətən, torpaq mövzularına da müraciət edərək sevginin palitrasını yaradır. Xüsusilə, ”Vətən”, “Naxçıvanım”, “Kursant”, “Qaçqın qadın” və “Hey” başlıqlı şeirlər “fəlsəfi və heyrətləndirici”liyi ilə maraq doğurur və yadda qalır:

Dünya zillət yeriymiş,
Yaman namərd şeyimiş,
Gələn qalmaz, gedən gəlməz,
Başdan-başa sirr imiş.

Kitabda yer alan şeirlərdə ana xətt ”Mənə elə gəlir ki, yüz ildir sənsizəm” silsiləsidir və bu kitabın sonunadək davam edir. Eyni adlı şeirdə həsrətin kulminasyasını görmək olur, - desək heç də yanılmarıq. Şeir Nazim Hikmətin misralarına xitabən yaranmışdır.

Bürünüb sənsizliyə ,
Sakitcə dayanıram
Mənə elə gəlir ki,
Həsrət və hicranının,
Yüz ildir qonağıyam.


Lirik qəhrəman “mənə elə gəlir ki”, - deməsinə baxmayaraq sevdiyinin onu unuda bilməməsinə əmindir;

Mənə elə gəlir ki, yüz ildir
Ayrılmışam yanından.
Mənə elə gəlir ki, qayıdan tək
Sən də soruşacaqsan;
Yüz ildir, haradasan?!


“Bir dilim ay işığı“ da Lütviyyə Əsgərzadə poeziyasının təsirli nümunələrindəndir. Oxuduqca niyə bir dilim ay işığı – deyə özüm-özümə sual verirəm. Kitabdakı şeirlərdən bu suala cavab almaq elə də çətin deyil. Lirik qəhrəmanın gecənin qaranlığında qarşısında enişli-yoxuşlu bir qaranlığa qərq olmuş yol var. Bu gecənin zülmətini yalnız Ay işiqlandıra bilər. Bu qaranlıq yolda yalnız ürəyinin işığına ümid edib yola çıxan bu yolçu Allahdan aylı gecənin bol olmasını diləyir. Göy üzündə görünən bir dilim ay işığı lirik qəhrəmanın ürəyində bir dilim ümidə dönür. Şairənin təbirincə desək; “mənə elə gəlir ki...” Lütviyyə poeziyası bir dünyalıq ruhunu bu bir dilim ay işığından alır. Mənə elə gəlir ki, bu bir dilim ay işığının saldığı işıq çox uzun zaman şairəmizin ürəyinə güc, sevgi və sevinc bəxş edəcək. Göylərindən Ay, yollarından Ay işığı kəm olmasın. “Mənə elə gəlir ki”, hələ Lütviyyə Əsgərzadə poeziyasının sehrinə çox düşəcəyik.. Bunu bizə özü pıçıldayır..

Qəlbimdə gələcəyə bir dilim ümid
Və şam tək yanan qəlbim.
İkimiz dərdləşirik,
İkimiz hər şey yaxşı olar deyib
Bir-birimizə təsəlli veririk.
Gözəl sabahlar hələ qabaqda...


Şairənin şeirlərini izlədikcə düşünürəm “Sаkit, dilsiz, fаqir kimi dünyаyа gələn insаn, gеt-gеdə ciddiləşir, sərtləşir. Gətirdiyi də оlur, itirdiyi də. Bildiyi də olur, bilmədiyi də. Güldüyü də оlur, аğlаdığı dа. Bəzən insanların laqeydliyindən üzülür insan, bəzən məsuliyyətsizliyindən. Bu diqqətsizlik, bu qayğısızlıq L.Əsgərzadə yaradıcılığında öz poetik əksini bu şəkildə tapıb:

Bir gözəlin yanağında
Göz yaşları şırım açdı
Bir əl bildi, bir yaylıq, baş qarışıqdı...



Mərziyyə Nəcəfova: "Mərhəm duyğuların pıçıltıları" Mərziyyə Nəcəfova
Elm.İnfo.Az-ın redaktoru,
filologiya elmləri doktoru,
professor

elm.info.az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərk ...

Humanitar elmlər, Elmi Məqalələr
Elçin Muradxanlının

Elçin Muradxanlının "Küsmüşəm" şeirinə bir baxış

Humanitar elmlər, Elmi Məqalələr, Digər ali məktəblər
SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

Elmi Məqalələr
ALMAZ İLAHƏ ƏHMƏDOVA:

ALMAZ İLAHƏ ƏHMƏDOVA: "QAYIT, ÖMRÜM-GÜNÜM"

"ŞAM İŞIĞI", Poeziya
Fərid Hüseyn “Təkrarın tənhalığı”nda

Fərid Hüseyn “Təkrarın tənhalığı”nda

Humanitar elmlər, Elmi Məqalələr
Azərbaycan poeziyasında koronavirus mövzusu

Azərbaycan poeziyasında koronavirus mövzusu

Humanitar elmlər, Elmi Məqalələr
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Humanitar elmlər
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
TƏBİBİN POETİK ETÜDLƏRİ

TƏBİBİN POETİK ETÜDLƏRİ

Ədəbi tənqid
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
Saf sevgi süzülür onun misralarından...

Saf sevgi süzülür onun misralarından...

Ədəbi tənqid
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ

SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ

Ramiz Abdullayev
Bir şairənin ömür payına düşən həyat...

Bir şairənin ömür payına düşən həyat...

Bolus
GEDİN DEYİN ANAMA...

GEDİN DEYİN ANAMA...

Ədəbi tənqid, Qarayazı
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Haqq şairi, fəzilətli din xadimi

Haqq şairi, fəzilətli din xadimi

Borçalı, Bolus
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Rəy yazın: