Bilal Ənsərin ağrılı-acılı həyat yolu...

Bilal Ənsərin ağrılı-acılı həyat yolu...
Redaksiyamızın
bu günkü qonağı
qəzetimizin fəal müəlliflərindən olan
tanınmış şair-jurnalist Bilal Ənsərdir.

-Bilal müəllim, Siz bizim redaksiyamıza xoş gəlmisiniz...

-Çox sağ olun...

- Oxucular, eləcə də mən özüm, Sizin yaradıcılığınızla hələ keçən əsrin 70-ci illərindən Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetindən tanışıq.
Bu barədə bir az ətraflı məlumat verməyinizi xahiş edirik...


-Yaradıcılıq deyəndə ki, onun başlanğıcı hər gəncdə olan cəhətdir. Erkən gənclikdə hamı sevgiyə, məhəbbətə aid cızmaqara şeirlər yazır, əzbərləyir, sevdiklərinə söyləyir. Ancaq onların əksəriyyəti onu davam etdirə bilmir. Bu təbiidir. Gənclərin bəziləri isə böyüdükcə yazılarındakı qüsurları öyrənərək aradan qaldırır-təkmilləşdirir, düşdüyü əzablı yolu davam etdirməyi bacarır. Mən də onlardan biri kimi, orta məktəbin yuxarı siniflərində oxuyarkən şeir yazmaq həvəsi yaranıb. Buna bir hadisə səbəb oldu. Müəllim cəbr dərsində yoxlama yazdırırdı. Sinifdə tam sakitlik hökm sürürdü. Qəflətən şagirdlərdən biri, özündən asılı olaraq, ya olmayaraq bilmirəm qələmin ucunu bərkdən partaya çırparaq alınmır-alınmır dedi. Müəllim də, şagirdlər də səksəndilər. Müəllim: - Uşaqlar, sakit olun. Boş başda alınmaz da,-dedi. Bu məndə bir şeirin yaranmasına səbəb oldu.

Ağıllı başlar üçün,
Dəryalara dəyərəm.
Ağılsızlar əlində,
Mən burnumu əyərəm.


Tənəffüsdə şagirdlərə oxunan bu şeir həmin şagirdlə aramın soyumasına səbəb olsa da, daha həvəslə yazmağa başladım. Divar qəzetlərində, sonralar “Azərbaycan pioneri”ndə, “Sovet Ermənistanı” “Sovet Gürcüstanı” qəzetlərində şeirlərim və publisistik yazılarım dərc olundu. Daha sonralar respublikaların radiolarında səsləndirildi. Bu keçən əsrin 60-70-ci illərinə təsadüf edirdi.
Yaşadığım Ləmbəli kəndi Tiflis şəhərinə yaxın olduğundan “Sovet Gürcüstanı” ilə daha sıx əlaqəm oldu. Redaksiyada təşkil olunmuş “Çeşmə” dərnəyinin fəal üzvlərindən biri idim. Dünyamalı Kərəmlə, Həmid Vəliyevlə, Əli Vəliyevlə, Əlixan Binnətoğlu ilə, Mədəd Coşqunla, Səadət Buta ilə, Nəsib Nəsibovla... dostluq münasibətim möhkəmləndi. Ermənilər tərəfindən başımıza gətirilən hadisələr yalnız doğma, dədə-baba torpağından deyil, doğmalarımızın qəbirlərindən də, dostlardan da uzaqlaşdırdı. Düşdüyüm yeni yurdda verilən kinayəli suala:

Nə Nizami, nə Şəhriyar,
Nə Vurğunam, nə Bəxtiyar.
Hamar yolum olmasa da,
Keşməkeşli cığırım var.


-bəndi cavab oldu.

Bu cığırda ailədəki ağrılı-acılı illər, düçar olduğum deportasiyalar, bir ömürdə dəyişdiyim 11 yurd tam dolğunluğu ilə özünü göstərir. Nəzakətdən uzaq olsa da, deyirəm ki, yaradıcılığımla tanış olanların hamısı çılpaqlığı ilə bu cığırı görür. Ailə üzvlərimdən beş nəfəri öz əllərimlə doğulduqları torpağa tapşırmışam. Onlar 20 ilə 60 yaş arasında dünyalarını dəyişiblər. Bu ağrı-acılardan sonra da bədnam qonşumuz olan, Borçalının var-dövləti ilə harınlaşmış ermənilərin növbəti xəyanəti nəticəsində, 1949-cu ilin məntiqi davamı olan, bilavasitə Moskvanın köməyi və iştirakı ilə 1988-ci ilin noyabrında doğma torpağımızdan qovulmağımız, neçə-neçə oğul-qızlarımızı itirdiyimiz açılan cığırın xeyli dərinləşməsinə səbəb oldu. Bu dərinləşmə hələ də davam edir, ömrümüzün sonuna qədər də davam edəcəkdir.

-Bilal müəllim, tarixi türk torpağımız olan vətənin Ləmbəli Dağ Borçalının bir parçasıdır. Bu barədə qısaca məlumat verməyiniz yerinə düşərdi.

-Dədə-baba yurdum, indi Ermənistan adlanan qədim Qərbi Azərbaycanın Noyemberyan rayonundakı Ləmbəli kəndi üç respublikanın birləşdiyi nöqtədə yerləşir. Bu kənd Babakər dağının cənubunda, Muşul meşəsi ilə Ləlvər dağının şimalında, Səyit aşırımı ilə Koroğlu qalasının şərqində, Hayvalı aşırımının qərbində Cadırgan və Seldağılan düzənliklərindədir. Kənd Tiflis-İrəvan dəmiryolunun sonunda, Tona (Debed) çayının sağ sahilində, Qazax-Sarvan İpək yolunun üstündədir. Kəndin tarixi barədə, hansı nəslin-tayfanın buraya ilk dəfə gəldiyini demək qeyri-mümkündü. Ancaq Hacı-öyü tayfası güman edilir.
Bu kəndin başı çox bəlalar çəkib. Əsasən dəfələrlə baş vermiş gürcü-erməni müharibələrində döyüş meydanına çevrilib. Ermənilər tikilmə tarixi bizlərə məlum olmayan məscidi gözlərimiz önündə sökmüşlər. Bundan əvvəl, yəni 1949-cu ildə ləmbəlilərə məlum olan ilk və qədim qəbiristanlığı dağıdıb yerində şərab zavodu tikdilər. Düşmənlərin gözlərindən yayınıb, kol-koslar arasında qalmış üç qəbir daşındakı tarixlər: 1209, 1271, 1278-ci illər kəndin tarixindən xəbər verir. Bu qəbiristanlıq Çıraqlıda, Günəşlidə, Qarasuda, Avdallıda... yaşamış ayrı-ayrı tayfaların qəbiristanlığı olub. Sonralar o tayfalar qız alıb-verməklə qohumlaşıb və köçərək Ləmbəli kəndini yaratmışlar. Baş verən hadisələr isə sovet dövlətinin qılıncının kəsərli vaxtında baş vermişdir. Etiraz etdikdə bizi sovet qanunu ilə millətçi damğası vurub cəzalandırırdılar. Hacı pirinin, Cadırğan və Təkdağdağan ocaqlarının fəaliyyəti yasaq edilmişdir. Hacı pirinin yerində isə anbar və maşınlar üçün qaraj tikilmişdir.
1949-cu ilə qədər Dağ Borçalının Ləmbəli kəndinə erməni ayağı dəyməmişdir. Yalnız keçən əsrin 30-cu illərində Rusiyanın Krasnodar vilayətindən Ləmbəlidə tütünçülüyü inkişaf etdirmək adı ilə buraya bir erməni ailəsi ilə onlarca rus qızları “Verbovka” edilmişdir. Bu da ruslaşdırma siyasətinin bir növü idi. Yerli gənclərdən bir neçəsi həmin qızlarla evlənmişlər. Ruslaşdırma siyasəti belə baş tuturdu.
Hələ 40-cı illərin sonuna yaxın Ləmbəliyə xaricdən aldadılıb gətirilmiş 10-15 erməni ailəsi kəndin klubunda yerləşdirildi. Bununla da ermənilər bizlərin köçürülməsinə ciddi siqnal verdilər. Hətta gələnlərin arasından biz doğma torpağımıza gəlmişik, siz də çıxıb Azərbaycana getməlisiniz deyənlər də oldu. Dövlət ermənilərin tələblərini dəstəkləyir, bizim şikayətlərimizi isə qulaqardına verirdilər. Yuxarıda dediyim kimi ləmbəlilər 1949-cu ilin noyabrında Göyçə dağlarına sürgün edildilər.

Yağı girdi kəndə düşdü vəlvələ,
Çox ağır zərbələr aldı Ləmbəli.
Törətdi xaçlılar eldə zəlzələ,
Düşmən caynağında qaldı Ləmbəli.


Beləcə də qədim türk torpaqlarını erməniləşdirməyə çalışdılar. Hələlik buna nail olublar. Çünki ermənilərin beli yuxarıdan bağlı idi. Onlar öz istəklərinə söykəndikləri dağın sayəsində nail olurlar. Yerindən-yurdundan oynadılan ləmbəlilər Azərbaycanın on bir yaşayış məntəqəsində məskunlaşmağa məcbur oldular.

-Bilal müəllim, əmək fəaliyyətinə nə vaxt və necə başlamısınız?

-Mən 10 fevral 1935-ci ildə, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Barana (indi Noyemberyan) rayonunun Ləmbəli kəndində anadan olmuşam. Kənd orta məktəbini 1954-cü ildə bitirmişəm. Elə həmin ildə ərizə verib Ləmbəli torpağında 1949-cu ildən (ləmbəliləri sürgün etdikdən sonra) qurulan Zeytun sovxozuna fəhlə qəbul olunmuşam. Hərbi xidmətimi başa vurub qayıdanda fəhləliyimi davam etdirmişəm. 1959-cu ildə Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə daxil olmuşam. 1963-cü ildən müəllimlik fəaliyyətinə başlamışam. 26 il bu peşədə - müəllim, tərbiyə və təhsil işləri üzrə direktor müavini işləmişəm. 1963-cü il və 1969-cu illərdə sosializm yarışının qalibi olmuşam. SSRİ Xalq Təsərrüfatı sərgisinin iştirakçısı kimi həftələrlə ezamiyyətdə olmuşam.
Ermənistanda tanınan Ləmbəli orta məktəbinin şagird istehsalat briqadasına 15 il rəhbərlik etmişəm. Bu müddət ərzində şagirdləri Gürcüstanın Batumi şəhərindən Krıma qədər Qara dəniz sahillərinə, Ukraynaya, Azərbaycana, Özbəkistana, Ermənistana ekskursiyalara aparmışam. O günlər barədə şagirdlərim indi də maraqlı xatirələr danışır, nə görmüşük onda görmüşük,-deyirlər. Biz ikinci, daha dəhşətli deportasiyanı da görməli olduq. Artıq 24 ildir ki, Bakıda yaşayıram.

-Bilal müəllim, Bakı həyatı sizin həyatınıza, xüsusən də bədii yaradıcılığınıza necə təsir edib?
-Bu sual ətrafında istədiyiniz qədər çox danışmaq olar. Çalışacam yığcam şəkildə fikrimi sizə çatdırım. Yaradıcılığım çox çətin yollardan keçib. Ermənistanda bircə kitab da nəşr etdirə bilmədim. Səbəbini tam açıqlamaq fikrində deyiləm. Ancaq onu deməyi özümə borc bilirəm ki, kitabım üç dəfə dövlət planına salındı: 1977, 1981, 1988. Ancaq heç biri işıq üzü görmədi. Buna ermənilərlə yanaşı sapı özümüzdən olan Əkbər Yerevanlı kimi nümayəndələr maneçilik törətdilər. Yoxsulluğun üzü qara olsun.
60-65 il ərzində Ermənistandakı yaradıcılığım dövründə kitab üzünə həsrət qaldım. Bakı həyatı isə mənim yaradıcılığıma təkan verdi. Belə ki, Səfalı Nəzərli və İsmayıl Vəliyevin vasitəçiliyi ilə 1990-cı ildə nəşrə başlayan “Vətən səsi” qəzetinə müxbir sifəti ilə qəbul edildim. Dünyanın qarmaqarışıq və çox mürəkkəb dövründə fəaliyyətə başladım. 1993-cü ildə ilk dəfə mən Azərbaycanın Milli Qəhrəmanları barədə yazılar və hər birində 11 nəfər olmaqla 3 plakat buraxdırdım. Burada 33 nəfər Azərbaycanın Milli Qəhrəmanrı haqqında yazı və şəkilləri verilib. Bu plakatlar təcili olaraq ordu hissələrinə, bütün məktəblərə, idarə və müəssisələrə paylanıldı. “Qiyamətə qalmayan qisas” (Səfalı Nəzərli ilə), “Tək yarpaq”, “Ağrıdağlı qəhrəmanlar”, “Dünyaya gəlmişəm ki”, “Buza dönmüş beşiyim” kimi səkkiz kitab müəllifiyəm. “Azərbaycan”, “Azərbaycan müəllimi”, “Borçalı”, “Bütöv Azərbaycan”, “Vətən səsi”, “Qarabağ”, “Elimiz, günümüz”, “Ədəbiyyat”, “Ədalət”, “Şərqin səsi”, “Yeni fikir”, “Elm və zəka” kimi 40-dan çox respublika qəzetlərində şeirlərim, məqalə və publisistik yazılarım dərc olunub.
Qardaş Türkiyə mətbuatında da dərc olunmuşam. “Ayyıldız”, “Böyük gelecek”, “Kuvvayi Milliye”, “Türkiye”, “Zaman”, “Orta doğu”, “Yeni sabah” qəzetlərində yazılarım və şeirlərim çap olunubdur. Türkiyədə nəşr olunan və dünyanın 53 ölkəsində yayımlanan məşhur “Yesevi” dərgisinin 18 sayında şeirlərim və publisistik yazılarım verilmişdir. Bundan başqa “Türk edebiyyatı və lehceleri” adlı dərgidə də şeirlərim çap olunmuşdur. Yuxarıda adı çəkilən “Tək yarpaq” kitabım da 2003-cü ildə İstanbulda işıq üzü görmüşdür. Onun toplanması və nəşrə hazırlanmasında redaktoru, oğlum Vəfalı Bilal oğlu Ənsərdir.
Həyatımda ağrılı-acılı günlərim, aylarım-illərim çox olub. Belə ki, 20 yaşında qızımı, 25 yaşında qardaşımı, 35 yaşlarında həyat yoldaşımı və atamı, 60 yaşında anamı öz əllərimlə doğulduqları doğma torpağa tapşırmışam. Hər itkiyə rast gələndə elə zənn etmişəm ki, Allahım məni sınağa çəkir. Onu da düşünmüşəm ki, bu sınaqlara dözməyi də Allahımın özü mənə vermişdir.

-Bilal müəllim, qəzetimizin oxucularına sözünüz.

-Yalnız qəzetinizin oxucularına deyil, bütün Azəri türklərinə, ən azı mənim ömrümü arzulayıram. İstəyirəm mən də onların sıralarında olmaqla gələn ilin bu günlərini Qarabağla birlikdə yaşayaq. 80 ildə mən gördüyüm ağrılı-acılı günləri görməsinlər.

- Hörmətli Bilal müəllim, nəhayət sonda, fürsətdən istifadə edərək, redaksiyamız və eləcə də bütün çoxsaylı oxusularımız adından Sizi 80 illik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda və bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.
"Şərqin səsi" qəzeti,
N: 31 (301) Yanvar, 2015-ci il.



Bilal ƏNSƏR

Qaçılmaz haqq


Taleyimmi məni döyür,
Yoxsa onu mən döyürəm.
Bu zamanmı məni söyür,
Yoxsa onu mən söyürəm.
O haqsızdı, ya mən haqsız,
Tanrı bilər, bilməyirəm.
Bəzən aylar çəkir Vallah,
Gösyaşımı silməyirəm.
Gah bu həyat məni öyür,
Gah da, onu mən öyürəm.
Qara torpaq məni yeyir,
Mən də verdiyin yeyirəm.
Bəlkə mən torpağa yükəm,
Bəlkə dünya mənə yükdü.
Bəlkə dünyamızda tükəm,
Bəlkə həyat özü tükdü.
Bəlkə özbaşına coşmur,
Dənizlər də, dəryalar da.
Arzumuzu düzüb qoşmur,
Bəlkə şirin röyalar da.
Bəlkə göydə ulduzlar da,
Sayrışmayır özbaşına.
Tanrının da rəhmi gəlmir,
Bəzən axan gözyaşıma.
Lap günləri “xod” gedən də,
Özbaşına gülmür bəlkə.
İnsanlar var öz xoşuna,
Dindirməsən dinmir bəlkə.
Bəziləri ömrü boyu,
Nə dərd bilir, nə qəm bilir.
Gözlərimə bax, əzizim,
Sol ağlayır, sağım gülür.
Yazılar var pozulmayan,
Alnımıza yazılıb o.
Talelər var yozulmayan,
Qayalara qazılıb o.
Qapılar var bağlı qalıb,
Tanrıdandı, açılmazdı.
Bircə haqq var bu dünyada,
Yalnız ondan qaçılmazdı.
25.01.2011

Öym-eşiyim

Sevinc olsun, Vətən, payım,
Qorxutmasın qışım, yayım,
Yetər daha şəhid sayım,
Yırğalansın qoy beşiyim,
öym-eşiyim.

Babam tutub qolumuzdan,
Çəkib əyri yolumuzdan,
Yadı qovub kolumuzdan,
Yaşadır bizi keçmişim,
öym-eşiyim.

Unutmayaq yolu-izi,
Pak saxlayaq qəlbimizi,
Ey yurdumun oğlu-qızı,
Dolaşmasın qoy yerişim
öym-eşiyim.

Göylərdən od tökülsə də,
Yurdum-yuvam sökülsə də,
Əğyar gülüb sevinsə də,
İstərəm yurda sivişim
öym-eşiyim.

Göylərimi alsa duman,
Bağ-bağçamı döysə boran,
Gözlərimdən axsa da qan,
İgidlər çəkir keşiyim
öym-eşiyim.

Tanrı yazıb yazımızı,
Vətən çəkir nazımızı,
Bəmdə çaldıq sazımızı,
Zili duymaqdı gəlişim
öym-eşiyim.

Yaşdaş köçür təklənirəm,
Səbir gəlir səksənirəm,
Gəncliyimə güvənirəm,
Azalmasın bişim-düşüm
öym-eşiyim.
25.01.2012.

"Şərqin səsi" qəzeti,
N: 31 (301), Yanvar, 2015-ci il.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: