Professor ƏLİŞİR MUSAYEV (1949)

Professor ƏLİŞİR MUSAYEV (1949)ƏLİŞİR MUSAYEV

Azərbaycanın
Əməkdar elm xadimi,
tibb elmləri doktoru,
professor

(1949)


Alimlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan bəndələrdir, - deyirlər.
Alimlər bizim sabahımıza işıq, nur saçanlardır.
Alimlər əsrlər boyu insanlığı insanlara tanıdan, onları uca mərtəbələrə yüksəldən və həmin yüksəkliklərin ardıcıl pillələrini quran, həyatın sirlərini aça-aça böyük və ali elmin qarşısında aciz olduqlarını etiraf edən və Ulu Ya­radana yaxınlaşan bəndələrdirlər. Alimlərin mürəkkə­binin damlasını şəhid qanına bərabər tutub böyük Pey­ğəm­bər­lə­ri­miz!.. Və alimləri - müəllimlərdir alim edənlər!..
Müəllim!.. Bəzən onları Allahın kiçilmiş şəklinə də bən­­­­­zədirlər.
Bütün sənətlərdən ən müqəddəsi və ən şərəf­lisidir, - deyirlər, - müəllimlik!
Bəli, daha bir şərəfli sənət də var. Bu şərəfli sənətin sahibləri alimlərimizin, müəllimlərimizin, eləcə də, hamı­mızın qayğıkeşi, sağlamlığımızın qoruyucusudurlar. Onlar - ağ xalatlı həkimlər özlərinin min bir əzab-əziyyəti baha­sına neçə-neçə insanlara şəfa verir, onların tez bir zamanda sağalması üçün əllərindən gələni əsirgəmirlər.
Onlar xoş­bəxtdir, bəxtəvərdir! Onlar, sözün əsl mənasında, vətəndaş ziyalıdırlar!...
Belə xoşbəxt və bəxtəvər insanlardan biri də Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, pro­fessor Əlişir Musayevdir.

Əlişir Veys oğlu Musayev
1949-cu il dekabr ayının 4-də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən Baş­keçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunun Qızılkilsə kəndində müəllim ailəsində dün­yaya göz açıb.
O, 1966-cı ildə Qızılkilsə kənd orta mək­təbini bitirmiş, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müa­licə-profilaktika fakültəsinə daxil olmuş və 1972-ci il­də həmin fakültəni uğurla başa vurmuşdur.
İki il Jitomir şə­hərində Sovet ordusu sıralarında polk tibb məntəqəsinin rəisi vəzifəsində (1972-1974) çalışmışdır. 1974-cü ildə or­du­­dan tərxis olunmuş və həmin il Moskva şəhərində Mər­kəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İns­titu­tun­da “Sinir xəstəlikləri” ixtisası üzrə aspiranturaya da­xil olmuş və 1978-ci ildə “Bel ostreoxondrozunun nev­ro­loji tə­zahürləri olan xəstələrdə müxtəlif konsen­trasiyalı ra­don vannalarının sinir-əzələ aparatına təsiri” mövzusunda nami­zədlik dissertasiyası müdafiə etmişdir.
Elə həmin ildə Azər­baycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1981-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilmiş­dir.
Ə.V.Musayev 1982-1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İns­ti­tutunun sinir xəstəlikləri şöbəsində doktoranturada ol­muş­dur. 1987-ci ilin fevral ayında “Sinir sisteminin müx­təlif sə­viyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki-neyrofizioloji əsas­ları” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri dok­toru elmi dərəcəsi almışdır. Həmin ildən 1988-ci ilə­dək Azərbaycan ET Kurortologiya və Fizioterapiya İnstitu­tunda baş elmi işçi vəzifəsində çalışmış, 1988-ci ildə hə­min İns­tituta Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müa­licə İnstitutu adı verilmiş və Ə.V.Musayev direktorun elmi işlər üzrə müavini təyin edilmişdir.

Ə.V.Musayev 1993-cü ildən həmin institutda direktor vəzifəsində şərəflə işləyir.

Professor Ə.V.Musayevin əsərləri əsasən fiziki və bal­neo­loji amillərin müxtəlif xəstəliklər zamanı orqanizmə tə­sirinin nəzəri əsaslarını açmağa və praktik müalicə üsul­larının hazırlanmasına həsr olunmuşdur. Onun apardığı el­mi tədqiqatlar içərisində periferik sinir sisteminin ən çox ya­yılmış xəstəliklərinin, həmçinin odlu silah yaralanma­larının, baş beyin və onurğa beyinin damar xəstəliklərinin fiziki üsullarla müalicə və reabilitasiyasına həsr olunmuş işlər xüsusi əhəmiyyət kəsb edir. Alınmış nəticələr əsa­sında yeni müalicə üsulları praktikada geniş tətbiq olunur. O, 230 elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın, sinir sistemi xəstəliklərinin yeni müalicə üsullarını təklif edən 4 ixtiranın və 3 patentin, 8 səmərələşdirici təklifin, 14 meto­dik tövsiyyənin müəllifidir. Onun məqalələrinin çoxu Mos­kva şəhərində nəşr olunan jurnallarda, xarici ölkələrdə elmi konqres materiallarında dərc edilmişdir. O, dəfələrlə xarici ölkələrdə fiziki təbabət, reabilitasiya və nefrologiya üzrə keçirilən Beynəlxalq konqreslərdə (Rusiya, Türkiyə, Çin, Avstriya, İspaniya, İsrail və s.) məruzələrlə çıxış et­mişdir. Təkcə 2000-ci ildə onun məruzələrinin tezisləri dörd Beynəlxalq Elmi Konqresin (Afina, Nissa, Antalya və Kopenhagen şəhərlərində) proqramlarına daxil edilib. O, MDB ölkələri və başqa xarici ölkələrlə sıx elmi əlaqələr yaratmış, Beynəlxalq Reabilitoloqlar və Fizioterapevtlər Assosiasiyasının İdarə Heyətinin, Ümumdünya “Ağrı ilə mübarizə” Elmi Cəmiyyətinin üzvüdür. 1995-ci və 1996-cı illərdə onun redaktorluğu ilə İnstitutun “Elmi əsərlər” toplusu nəşr olunmuşdur.

Professor Ə.V.Musayevin rəhbərliyi altında institutun kol­lektivi böyük nailiyyətlər əldə etmişdir.
Onun təşəb­büsü ilə 1996-cı ildə institutun 60 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

Professor Ə.V.Musayevin rəhbərliyi altında 8 na­mi­zəd­lik dissertasiyası müdafiə olunmuş, 3 doktorluq dis­ser­ta­si­ya­sı isə bitmək üzrədir və 4 namizədlik dissertasiya üzə­rində iş aparılır.

Prof. Ə.V.Musayev 1994-cü ildə Azərbaycan Tibb Uni­versitetinin fizioterapiya və kurortologiya kursuna rəh­bər seçilib, tələbələrə bu sahədə yüksək məzmunlu mü­hazi­rələr oxuyur. O, 1995-ci ildən AAK-ın Ekspert Şu­rası­nın üzvü, 1996-cı ildən “Kurortologiya və fiziote­rapiya”, “Si­nir xəstəlikləri və psixatriya” ixtisasları üzrə yaradılmış İx­tisaslaşdırılmış Müdafiə Şurasının sədridir.
Moskvada çı­xan “Nevroloqii i psixiatrii”“Voprosı ku­rortoloqii i fi­zio­terapii i LFK” jurnallarının, eləcə də “Azərbaycan tibb jurnalı”nın və “Sağlamlıq” jurnalının, Kütləvi Tibb Ensik­lopediyasının redaksiya şurasının və “Borçalı Ensiklo­pedi­yası”nın redaksiya heyətinin üzvüdür.
“Azərbaycan kuror­to­loqlar və fizioterapevtlər” cəmiyyətinin sədri, Tibb Uni­ver­sitetinin Böyük Elmi Şurasının, Problem komis­si­yasının üzvüdür.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura­sının, Elm və Texnika Komitəsinin təbabət və biologiya elmləri üzrə şurasının üzvüdür.

Prof. Ə.V.Musayev yüksək ixtisaslı klinisist-nevro­pa­to­loq kimi də fəaliyyət göstərir. O, Səhiyyə Nazirliyinin Baş nevropatoloqudur, Nevropotoloqların Attestasiya Ko­mis­siyasının sədridir, “Kurort” birliyinin Attestasiya Ko­missi­yasının və Respublika Hərbi Komissarlığının çağırış ko­mis­siyasının üzvüdür.

Prof. Əlişir Musayev işlədiyi bu müddət ərzində 50-yə qədər Beynəlxalq Elmi Konqreslərdə, İttifaq müşavirə və qurultaylarında və Respublika səviyyəli elmi-pedaqoji kon­franslarda elmi məruzələrlə çıxışlar etmiş, geniş həcmli mə­qalə və materiallar çap etdirmişdir.

Prof. Əlişir Musayev həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Ədilə xanım Azərbaycan Dövlət Neft Akademiyasının “Yüksək molekullu birləşmələrin texno­logiyası” kafedrasında müəllim işləyir. Böyük oğlu Vüqar ATU-nun 2-ci kurs tələbəsi, kiçik oğlu Anar isə orta mək­təbin 8-ci sinif şagirdidir.

Prof. Əlişir Musayev rəhbərlik etdiyi kollektivin, res­publika tibb ictimaiyyətinin böyük hörmət və ehtiramını qazanmışdır.
O, respublika ictimai-siyasi həyatında fəal iştirak edir, məşhur “91”lərdəndir.

Prof. Əlişir Musayev həm də doğma Borçalının, Başke­çidin sevimli övladıdır. Harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə ata-baba yurdunu mü­qəddəs bilib. Müntəzəm olaraq ora baş çəkir, tez-tez doğ­ma el-obasının problemləri ilə maraqlanır, əlindən gələn maddi və mənəvi köməkliyi əsirgəmir. İmkansızlara əl tutur, çətinliyi olanlara yardım edir. Bir sözlə, Əlişir müəl­lim xeyirxah əməlləri ilə xeyirxahlıq simvoluna çev­rilib.

Prof. Ə.Musayevə Azərbaycan Respublikasının Prezi­denti Heydər Əliyev cənablarının 2 noyabr 2000-ci il ta­rixli fərmanı ilə Əməkdar elm xadimi fəxri adı verilib. O, Beynəlxalq Amerika Bioqrafiya İnstitutu tərəfindən “2000-ci ilin adamı” elan olunub və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərinə görə “Qızıl medal”a layiq görülüb.

Nəhayət, tanınmış alim-müəllim-həkim, bir sözlə, və­təndaş zi­yalı, professor Əlişir Musayev bu günlərdə Azər­baycan Res­­publikası “TƏHSİL” Mərkəzinin təsis et­diyi “NƏRİ­MAN NƏRİMANOV” mükafatı ilə təltif olu­nub.
Əlişir müəl­limi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!..

Bax:
Müşfiq ÇOBANLI. Alim-müəllim-həkim və Vətən­daş ziyalı.
“Şərqin səsi” qəzeti, N: 10(50), iyun, 2001.


Müşfiq BORÇALI. Borçalı ensiklopediyası”, IV cild, B., 2001, səh.32-38.

50 YAŞIN MÜBARƏK!

Görkəmli nevropotoloq, professor Əlişir Musayevə


Əl eləsən, əllərinə əl uzanar əlli min,
İnamına biət edər əlli məhzəb, əlli din.
Kəlamı haqq, mürəkkəbi müqəddəsdir alimin
Ömür yolun - kəbə daşı, mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!

Alim ömrü-ümman ömrü təmiz, duru, dalğalı
Sükutu da, ləpəsi də, tufanı da mənalı.
Günəş qədər təmannasız, işıqlıdır amalın
Yurd yolunda haqq savaşın mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!

Qapın ümid qapısıdır, dar günündə yüzlərə
Məlhəm oldun ürəklərə, işıq oldun gözlərə.
Sən həmişə, düz yolu düz göstərmisən düzlərə
Güllü yazın, qarlı qışın mübərəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!

Bu Tanrının bölgüsüdür, ömür gün-gün ötüşür,
Dan sökülür, Günəş doğur, duman, çiskin ötüşür.
Ağ saçların işığında neçə alim yetişir
Dağ tək uca, qarlı başın mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!

Bu nədir ki, əlli yaşın yetmişi var, yüzü var,
Əziz dostum, yurdun sənə deyilməmiş sözü var,
Əsrimizdə bir Əlişir imzası var, izi var,
Gələn əsr-yol yoldaşın, mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!

Musa URUD,
03.12.1999, Bakı.
Bax: “Şərqin səsi” qəzeti,
N: 10(50), iyun, 2001.



(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.326-332).

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: