GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK... Həyat təzadlarla dolu olduğu kimi, bəzən hikmətlərin özündə sanki elə düşünüb-daşınanlar var ki, bir fikir digərini təkzib edir. Həqiqətən də bu sırada elə nümunələr mövcuddur ki, ilk baxışda sanki eləcə düşünmək üçün bir əsas olduğu görünür. Birbaşa efirdən aparıcıların, hətta alimlərin dilindən belə geniş auditoriya qarşısında bu cür yanlış fikirlər səsləndirilir, qeyri-səhih təhlillər aparılır.

Əzizlərim, heç də elə deyil; hikmətlər, müdrik kəlamlar, atalar sözləri əsrlər, qərinələr aşaraq bugünkü günümüzə qədər gəlib çatıbsa, deməli, onlarda anlaşılmazlıq axtarmaq, bir növ “öz gözündə tir ola-ola, başqasının gözündə tük axtarmaq” qədər eybəcər görünür.


Birmənalı olaraq hikmətlər, müdrik kəlamlar, atalar sözləri elə dəyərlərimizdəndir ki, onlar əsrlərin dərin qatlarından süzülüb gəlib, süzüldükcə də saflaşıb, durulaşıb; sanki bulaq suyu tək pak və təmiz... Onlara toxunmaq, onların ruhunu incitmək olmaz. Çünki onlar ulu əcdadlarımızın yadigarı və nişanəsi olmaqla bərabər, həm də o kəlamlar babalarımızın qüdrətli nəfəsi ilə sehrlənmiş, onların düşüncə və təfəkkürü həmin ifadələrin məğzinə hopmuşdur. Bu nöqteyi-nəzərdən də hər bir kəlamın öz rəngi, öz boyası, öz ətri, öz rayihəsi var. Necə ki, qızılgülün, nərgizin, bənövşənin, yasəmənin, lalənin və s. güllərin, çiçəklərin öz rəngi, öz boyası, öz ətri, öz rayihəsi olduğu kimi. Aydındır ki, gül və çiçək topası birlikdə çələng yaradır, Sözlərdən isə söz çələngi, hikmətlər toplusundan isə hikmət dünyası, hikmət xəzinəsi əxz olunur. Hansı güldən, hansı çiçəkdən hansı məqamda istifadə edilməsi artıq hər bir insanın özünün zövq məsələsi, bir duyum məsələsidir. Hikmətlər də bu nöqteyi-nəzərdən məqamına görə, yerinə görə, zamanına görə, tərəf müqabilimizin anlama səviyyəsinə görə işlədilir və ifadə dərəcəsi də həmin məqamlara görə dəyişir. Onun dəqiq dərk edilməsini artıq ağıl müəyyənləşdirir, əqli qabiliyyətlərimizin hansı həddə olduğu dərəcəyə müvafiq anlaşılır. Yəni, çirkin olduğumuz halda güzgünü vurub sındırmaq nə qədər uyğundursa, hikmətlərimizə, atalar sözlərimizə də bu yöndə yanaşmaq həmin bənzərliyə söykənir.

Dilimizdə belə bir ifadə var: deyilir ki, “Su kiçiyin, yol böyüyün...” Həqiqətən də bu, böyük hikmətə söykənir, dərin bir düşüncəni özündə ehtiva edir. Sözügedən anlam elə başa düşülməməlidir ki, bardağı doldurub şəstlə uşağa onu içməsi üçün uzatmaqla həmin müdrik kəlamın 1-ci hissəsini başa vurmuş olduq...

Xeyr, heç də elə deyil, bu növ icra kəlamı yaratmış müdriklərimizin heç bəlkə də cüzi dərəcədə belə nöqteyi-nəzərində olmayıb, əzizlərim. Çünki bu hikmətin forma baxımından izahı olmaqla, yəni gördüyümüz kimi çox bəsit, sadə və adi görünən tərəfidir, yəni nəinki atalar sözü, heç “cocuqlar sözü” səviyyəsində belə olmayan bir ifadə formasıdır. Bu hikmətin 1-ci hissəsindən hasil olan fikir o deməkdir ki, kiçiklərə diqqət və qayğı böyüklər üçün borc və məsuliyyət məsələsidir. Digər tərəfdən, su həyat mənbəyidir, su gözəlliyin ifadəsidir, su təbiiliyin nişanəsidir, su paklğın, təmizliyin, saflığın əlamətidir, su aydınlığın, duruluğun, şəffaflığın rəmzidir; daha dəqiləşdirsək, lap elə özüdür. Bu barədə də kifayət qədər dəlillər var ki, elə təkcə şifahi xalq yaradıcılığı nümunələrinə üz tutsaq, fikirlərimizin həqiqət olduğu gün kimi aydın olar... Deməli, bardaqla dolu suyu ilk olaraq cocuqlarımıza verməklə onlara həyat verir, onların daxilinə gözəllik, təmizlik, paklıq, saflıq və s. bu kimi keyfiyyətləri hopdurur; bir sözlə, diqqət və qayğımızın hər zaman kiçiklərin üzərində olduğu barədə ismarıcı həm onların özünə ötürür, həm də ətrafımızı məlumatlandırırıq. Bu mötəbər addımla da onları gələcəyə hazırlayırıq; onları gələcəyə hazırlamaqla həm də gələcəyimizin etibarlı əllərdə olmasını təmin etmiş oluruq.

Hikmətin 2-ci hissəsində özünə yer alan “Yol böyüyün” ifadəsində isə hər hansı bir qapıdan, hər hansı bir darvazadan keçmək anında kiçiklərin böyüklərə yol verməsi yenə də yalnız forma baxımından başa düşüləndir. Ancaq həmin hikmətin iç dünyasına varanda, dərin qatlarına baş vuranda dərk edilir ki, böyüklərimiz, ağsaqqallarımız, başbilənlərimiz, müdriklərimiz bizim yol göstərənlərimizdir və onlara yol veməklə sanki öyüd-nəsihətin üzünə qapı açmış oluruq. Hər zaman da ağsaqqal öyüdünə, böyük sözünə ehtiyacımız duyulur. Bu baxımdan böyüklərin məsləhətinə qulaq asmaq, onları dinləmək kiçiklərin borcudur. Necə ki deyilir: “Məsləhətli don gen olar”; “Məsləhət acı olar, meyvəsi şirin”; “Məsləhətsiz görülən işdən xeyir olmaz.”; ”Məsləhətli aş dadlı olar”; “Məsləhətlə atılan daş uzaq gedər” və s. Yaxud, nəsihətin həyat üçün, yaşayış üçün əhəmiyyətini aydın dərk edən Məhəmməd peyğəmbər “Xoşbəxt olan başqasından nəsihət alandır” fikrini irəli sürmüş, qoca şərqin böyük ustadı Sədi isə mahiyyət baxımından eyniyyət təşkil edən ifadəni poetik şəkildə gözəl bir biçimdə dilə gətirmişdir:

“Yazıq o şəxsə ki, sevmir nəsihət,
Nəsihət sevənlər qazanar sərvət”


Həm də unutmayaq ki, forma ilə məzmun vəhdəti bir bütövlük yaradır; mahiyyət etibarilə gözəlliyə xidmət etmiş olur...


Həbib Mirzəyev
AzTU-nun “Humanitar fənlər” kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: