Dəyişməyən duyğuların işığında...

Dəyişməyən duyğuların işığında... Hərdən öz dünyamızla üz-üzə dayananda neçə-neçə xatirələr cığırının qovuşduğu bir yol bizi həmişə doğma təhsil ocağına əziz, sevimli müəllimlərimizin yanına çəkib aparır. İllərin üstünə il gəldikcə, duyğular var başqalaşır, arzular var yerini digərinə verir. Təkcə başqalaşmayan, dəyişməyən öz müəllimlərimizə olan münasibətimiz, sevgimiz olur. Və bizlər beləcə... Bu ali duyğuların işığında daim irəliyə gedirik.
Əslində adi görünür, amma qeyri-adi ömür yaşayır müəllimlər. Bu ülvi, müqəddəs adı doğrultmaq çətin və şərəflidir. Müəllimi millətin “Dirilik meyvəsi” adlandıranlar yanılmırlar. İstər həkim olsun, istəs mühəndis, istərsə də digər sənət adamları müəllim ziyasından güc almış, həyata qədəm qoymuş, sevdiyi peşəyə yiyələnmişlər.
Bu şərəfli və müqəddəs peşə sahiblərindən biri də, Elmira Çərkəz qızı Əliyevadır.


Bioqrafiyasından sətirlər:

O, 1950-ci il fevralın 28-də Bakı şəhəri Pirallahi (keçmiş Artiyom) qəsəbəsində anadan olub. 1967-ci ildə Bakıdakı 186 nömrəli məktəbin rus bölməsini bitirib. 1967-1972-ci illərdə isə Bakı Dövlət Universitetinin kimya fakültəsini müvəffəqiyyətlə başa vurub. Kimya elmləri namizədidir. 1999-cu ildən Bakı Dövlət Universitetinin “Üzvü kimya” kafedrasının dosentidir.

Özü ilə söhbətdən:

... Deyirlər ki, çox vaxt ilk təəssürat aldadıcı olur. Kiminsə, haqqında ilk düşüncən sonradan heçə-puça çıxır. Bəzənsə, ilk təəssürat sonradan yaxşı tanıyacağın birisi barədə dəyişməz fikir üçün əsasa çevrilir. Biz illər öncə Elmira müəllimə haqqında ilk təəssüratımızda yanılmadığımızı sonradan bir daha yəqin etdik.
-Elmira müəllimə, Sizi yaxşı tanıyırıq. İstərdik ki, oxuculara qısaca, böyüdüyünüz ailə, tərbiyəsini aldığınız insanlar və bir də uşaqlıq illəriniz haqqında danışasınız.
-Biz 7 uşaq - 4 oğlan, 3 qız neftçi ailəsində, halal, zəhmətkeş bir mühitdə böyümüşük. Atam - Abasov Çərkəz Zeynalabdin oğlu əslən Qarabağlı idi. Anam Abasova Səkinə Mikayıl qızı isə Qubalıdır. Valideynlərim neft mütəxəssisi kimi Bakının Pirallahi adasında tanış olublar. Və sonradan ailə həyatı qurublar. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində yaşayıblar. Və heç vaxt bir-bir ilə yüksək səslə danışmayıblar. Övladlarına əsl örnək olublar.
Biz orta məktəbin rus bölməsində təhsil aldığımıza görə evimizdə həmişə ana dilimizdə danışardıq. Elmə sevgini, mütaliəni əsasən valideynlərimiz sevdirib bizə. Onlar qəzet və jurnallara mütəmadi abunə yazılardılar. Özü də hər iki dildə. Atam il boyu “Elm və Həyat”, anam isə “Azərbaycan Qadını” jurnalını oxuyardı.
Atam bizim təlim-tərbiyəmizə, təhsilimizə daim diqqət ayırar, hər birimizə həssaslıqla yanaşardı. Tanrı ona nəcib keyfiyyətləri ilə birgə, gözəl səs də bəxş etmişdi. Asudə vaxtlarımızda onun başına yığılar, xalq mahnılarımızdan, muğamlarımızdan oxumasını isdəyərdik.
Uşaqlığımız müharibədən sonraki dövrə təsadüf edur. Biz hər il yay tətilini Qarabağda, Şuşada keçirər, ara sıra Qubaya da gedərdik. Dünyanın ağından, qarasından, hiyləsindən, şərindən, daim uzaq olardıq. Yazın hənirini, çiçəklərin açmasını, təbiətin bənzərsiz gözəli bənövşənin boynunu çəmənə necə əyməsini gözüdolusu müşahidə edərdik. Güllərin rəngarəngliyi bizi daha çox valeh edərdi. İlahi, bir kolun dibində neçə rəngdə çiçək olardı... Qırmızı, qara xallı lalə, narıncı rəngli gülxətmi və s. Dağların sinəsindən şırhaşırla axan şəlalənin səsinə və meşədəki quşların nəşməsinə heyranlıqla qulaq asardıq. Ala-toranlıqdan bizi evdə tapmaq olmazdı, meşəyə çiyələk yığmağa gedərdik. Gördüyümüz bu möcüzələr, füsunkarlıq, gözəllik bizim uşaqlıq yaddaşımızda şirin, kövrək bir xatirə kimi qalmışdır. Bu mürgülü xatirələr bəzən bizi kövrəldir də...
Deyərdim ki bizim hamımız - vətənə məhəbbəti, böyüyə hörməti, halallığı, paklığı və zəhmətə qatlaşmağı məhz valideynlərimizdən öyrənmişik. Onlar bizə nümunəvi tərbiyə və ali təhsil veriblər. Yaxşı yadımdadır... “Novruz” bayramına kimi evimiz dərindən təmizlənməli, yenilənməli və təzələnməli idi. Ailəmizdə bayram süfrəsini bəzəmək isə xüsusi ənənə halını almışdı. Həm də anamın öyrətməsi ilə süfrəmizi bəzəməkdə hamımız iştirak edərdik. Yeri gəlmişkən, qeyd edim ki, anam çox ağıllı, ailəcanlı və mehriban qadındır. Adət-ənənəmizi, milliliyimizi yaşatmağı sevəndir. O, bizə Azərbaycan mətbəxinin bütün incəliklərini öyrədibdir. Yaxşı əl qabiliyyəti olduğuna görə evimizin pərdələrini də xüsusi zövqlə, qədim işləmələrlə, böyük zəhmətlə özü tikərdi. Bizə də lazım olan qədər bildiklərini öyrədərdi.
...Anamıza verdiyi ömür payına görə, çox razıyıq Tanrıdan. Bildiyimiz kimi həyatda heç bir qüvvə ananı əvəz edə bilməz. Çünki o, qadın-ana ləyaqəti ilə işıqlı bir dünyadır, elə bir dünya ki, hər zaman isti nəfəsilə hamımızı isidir, təbəssümü ilə hamımızı sevindirir... Valideynlərimizin mənəvi dünyaları bizim üçün ən böyük məktəbdir, qiymətli bir xəzinədir. Təəssüf hissi ilə qeyd edim ki, biz atamızı gözüdolusu görə bilmədik. İndi onu ana torpaq əzizləyir, bizdən gizləyir. Atamızın nurlu siması, işıqlı xatirəsi doğmalarının, övladlarının və nəvələrinin qəlbində əbədi yaşayacaqdır.

-Yeri gəlmişkən, tələbəlik illərinizdən necə qidalandınız? Və o illəri necə xatırlayırsınız?

-Tələbəlik illəri gəncliyimin ən qaynar, ən çılğın çağları idi. Hər günüm, hər saatım şirin bir nağıla, şən bir nəğməyə bənzəyirdi. Oxumaq, öyrənmək arzusu ilə yaşayırdım. Gənclik özü arzu ilə, amal ilə əkizdir. O illərin şirin xatirəsi yaddaşımdan silinmir...
Yay tətillərində pioner düşərgəsində baş dəstə rəhbəri, IV kursdan sonra isə düşərgənin müdiri vəzifəsində işləmişəm. Təşkilatçılıq ruhu məndə, orta məktəb illərindən formalaşmışdı. Qeyd edim ki, universitetdə təhsil aldığım illərdə fakültənin komsomol komitəsinin sədri kimi çox fəal olmuşam. Bu baxımdan düşərgədə işlədiyim illərdə yüksək təşkilatçılıq edərək, digər düşərgələrin uşaqları ilə müxtəlif ədəbi-bədii gecələr, idman və şahmat oyunları keçirərdim. Bayramlarda böyük ruh yüksəkliyi ilə uşaqlarla şeypurun sədaları altında bayrağımızı dalğalandırardıq. Deyərdim ki, mən o vaxtdan himnimizə, bayrağımıza sonsuz sevgi bəsləmişəm.
İllər keçdi... Bir vaxtlar təhsil aldığım universitetdə, doğma müəllimlərimlə çiyin-çiyinə işləməyə başladım. Və özümü çox xoşbəxt hiss etdim.

-Söylədiniz ki, kimya elmini hələ orta məktəbin V sinfində oxuduğunuz vaxtlardan sevmisiniz...
-Bəli. O vaxtlar bədii əsərlərlə birgə, fantastik əsərləri də mütaliə edirdim. Yeniliklər, kəşflər, ixtiralar məndə böyük maraq doğururdu. İllər ötdü... X sinfdə əlimə kimya elmindən bəhs edən bir kitab düşdü. Həvəslə oxudum. Və beləcə, “son zəng” günü “kimyaçı” olmağı qərara aldım. Qeyd edim ki, o vaxta kimi digər fənlərdən - riyaziyyatı, fizikanı, tarixi və arxeologiyanı da, sevib-seçmək fikirində idim.

-Gəlin, lap əvvələ qayıdaq. Bu fənni nə vaxtdan tədris edirsiniz?
-Müəllim kimi ilk əmək fəaliyyətinə 1973-cü ildə Dəvəçi rayonunun Çölquşçü kənd orta məktəbində başlamışam. Xəzərin sahilində yerləşən kənd məktəbində yuxarı siniflərə dərs deyirdim. Bir neçə ay ərzində mənim təşkilatçılığımla ilk dəfə məktəbdə “Son zəng”, kimya fənni üzrə maraqlı tədbirlər və bayram şənlikləri keçirmişik. Musiqi istedadı olan şagirdlərin arzusu ilə zərb alətləri alıb, məktəbdə ansanbl yaratmışıq. Qeyd edim ki, gələcəyini incəsənətə bağlamaq isdəyənlər, çalmaq-oxumaq bacarığı olanlar hətta, istirahət günlərində də məşq edirdilər. O zaman bütün bunlar məni günbəgün ruhlandırır, peşəmə məhəbbətimi artırır.
Daha sonra 1973-1975-ci illərdə Bakı şəhərindəki 243 nömrəli (rus dili təmayüllü) orta məktəbdə kimya fənnini tədris etmişəm. Sonradan isə bir müddət rayon komsomol komitəsinin sədr müavini vəzifəsində çalışmışam.

Qoşa qanad: Pedaqoji fəaliyyət, elmi yaradıcılıq...

-Pedaqoji fəaliyyət ilə birgə elmi yaradıcılıqla da məşğul olmaq arzusunda oldunuz...
-Bəli. 1975-ci ilin noyabr ayında Azərbaycan Milli Eımlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına qəbul olundum. 1978-1985-ci illərdə həmin İnstitutun 9 saylı laborotoriyasında kiçik elmi işçi vəzifəsində çalışdım.

-Ancaq bəzi çətinliklər, maneələrlə də qarşılaşdınız...
-Bəli. Ömür yolunun dolaylarında tale insanı bərkə-boşa çox çəkir... Mən elmi dərəcə aldığım müddətdə hansı çətinliklər, maneələrlə qarşılaşdığımı dillə gətirmək istəməsəm də, öz iradəmin zəhmətimin sayəsində arzuladığıma nail oldum. “Alkibenzolların sulfat turşusu + asetan hidrid qarışığı ilə sulfolaşması“ mövzusundakı elmi işimi sadə üsulundan, mürəkkəbə kimi özüm işləmişəm. Qeyd edim ki, elmi mövzumun sənayedə tətbiq olunması mümkün olduğuna görə, alınan nəticələrin əsasında SSRİ məkanının Perm şəhərində tətbiq olunması nəzərdə tutulmuşdur. Hətta, bununla bağlı o zamanlar bütün sənədləşmələrdə aparılmışdır, alınan nəticələrin dəqiq yoxlanılması üçün komissiya da yaradılmışdır. Elmi rəhbərim isə mərhum akademik Əliyev Sahib Museyib oğlu idi. Yeri gəlmişkən qeyd edim ki, mən elmi məktəbi o böyük insanın rəhbərliyi ilə keçmişəm.

Sözarası.
... Nə yaxşı ki, xatirələr qalır insanın hafizəsində. Ötüb keçən ayları-illəri yada salanda hansısa bir xoş xatirəni yenidən yaşayanda gəncləşirik, ülviləşirik, kövrəlirik... Elmira müəllimənin həyatının müxtəlif dönüm-döngələrində onun əlindən tutan, fikrini dəstəkləyən, köməyini əsirgəməyən insanlar da az olmayıb...
Çətinlikləri, maneələri yada salanda isə, bunlar ömrümüzün naxışlarıdır. Yaşayırıq, bu bir əlçim ömürdə kimlərsə bizim Tanrı payı həyatımızı, çalışıb-vuruşub əldə etdiklərimizi, uğurlarımızı da çox bilirlər bizlərə. Yolumuza daş diyirlədənlər bir nəfər, beş nəfər olmur. Yaxşıların köməyi ilə bəlalardan ötüşürük. Tanrının mərhəməti ilə qalib gəlirik...

-Siz pedaqoji fəaliyyətiniz dövründə müxtəlif simpozium, elmi seminar, pedaqoji mühazirə, elmi-praktik konfrans və qurultaylarda iştirak etmisiniz. Bunlar bioqrafiyanızın unudulmaz sətirləridir...
-Doğrudur, belə elmi məclislərin əksəriyyətində çıxış etmək mənə nəsib olub. 1990-cı ildə Moskva şəhərində keçirilən “Amerika və Sovet müəllimləri” Qurultayında Azərbaycan Respublikasını təmsil edərək, qurultayda “Təhsildə yeni metodların istifadəsi” mövzusu ilə çıxış etmişəm. 1998-ci ildə isə Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin XI qurultayının nümayəndəsi olmuşam. Həmin qurultayda xoşbəxtlikdən fasilə zamanı biz Ulu Öndərimizlə görüşdük. Dahi şəxsiyyət mənim də əlimdən tutdu və hansı elm ocağında çalışmağımı soruşdu:
Mən Ulu Öndərimizə Bakı Ali Hərbi Dənizçilik Məktəbində müəllimlik etdiyimi söylədim...
Qeyd edim ki, mən o görüşün xoş təəssüratını neçə illərdir ki, yaşayıram... Və eynilə də, o, dahi şəxsiyyətin qurultaydakı çıxışında söylədiyi: “Azərbaycan ziyalıları içərisində müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər və xüsusi qayğı ilə əhatə olunmalıdırlar” kəlamını bu günə kimi xatırlayıram...

Bir ömürdən keçən uğurlar...

...Elmira Əliyeva - 44 illik pedaqoji fəaliyyəti dövründə - 30 elmi məqalənin, “Analitik kimya” adlı bir dərs vəsaitinin, “Üzvi kimyadan praktikum” və “Üzvi reaksiyaların mexanizminin tədrisi metodikası” adlı iki kitabın, eləcə də, iki müəlliflik şəhadətnamənin müəllifidir. Hal-hazırda kimyaçı alimin “Təbii fizioloji fəal məddələr kimyası” və “Həyat fəaliyyətinin kimyəvi əsasları” adlı iki yeni kitabı çap olunmağa hazırdır.
Elmira Əliyeva uzun müddətdir ki, Bakı Dövlət Universitetinin “Üzvü Kimya” kafedrasında bakalavr pilləsində, “Üzvi kimya” fənnindən-kimya və biologiya fakültələrində mühazirə və laboratoriya dərslərini aparır. Həmçinin “Həyat fəaliyyətinin kimyəvi əsasları”, “Biokimya və təbii fizioloji fəal maddələr kimyası”, fənlərindən mühazirə, laboratoriya və seminar dərslərini aparır. Eləcə də, magistratura pilləsində “Bioloji kimya”, “Karbohidratlar kimyası” fənni üzrədə mühazirə və məşğələ dərslərini aparır.

-Siz bir müddət BDU-nin rektorunun müşaviri vəzifəsində çalışmısınız.
-Bəli. Akademik Abel Məhərrəmov 1999-cu ildə BDU-nun rektoru vəzifəsinə təyin olunandan sonra öz ətrafına inandığı, işinə güvəndiyi insanları yığdı. Həmin vaxt bir tələbə yoldaşı kimi mənim də universitetdə çalışmağıma razılığını bildirdi.
O zaman universitetdə informasiya mərkəzinin yaradılması və komputer şəbəkəsinin qurulması kimi işlər mənə tapşırıldı. Və biz 2001-ci illərdə Fransa və Belçika Universitetlərarası Qrant və Tempus proqramının üzərində işlədik. Bu müddət ərzində Universitetin rektoru və mən “Universitetin təhsildə yeniləşmələri” adlı proqramın çərçivəsində Universitetimizdə koordinatoru olmuşuq.

-Çalışdığınız sahədə istədiklərinizin hamısını reallaşdıra bilmisinizmi?
- Qeyd etmək istərdim ki, istər tədrisdə, istərsə də, tələbələrlə ünsiyyətdə - orta məktəblə ali məktəb arasındakı fərq böyükdür. Mən ali təhsil ocağında müəllimlik fəaliyyətimə ilk dəfə 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasında başlamışam. Bir il sonra - 1987-ci ildə Azərbaycanda başlayan məlum hadisələrlə bağlı ailəliklə Gəncə şəhərində ağır, təhlükəli anlar yaşamağa başladıq. Həyat yoldaşım Azər Əliyev o zaman Dövlət Təhlükəsizlik Komitəsinin Gəncə Şəhər şöbəsində çalışırdı. O vaxtlar şəhər əhalisinin bir hissəsini erməni milləti təşkil edirdi. 1991-ci ildə yoldaşım Dövlət Təhlükəsizlik Komitəsinin Şuşa şəhəri və Qarabağ bölgəsi üzrə şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Elə ailəmizin çətinliyi də, o gündən başladı. Həmin illərdə çalışdığım kafedranın kollektivi bizə mənəvi dəstək oldular. Lazım gələn köməyi əsirgəmədilər. Demək olar ki, mən o ərəfədə bütün dərdimi-sərimi həmkarlarımla bölüşürdüm. Hətta, tələbələrim də, bizə baş çəkməyə gəlirdilər. Onu da qeyd edim ki, o çətin günlərdə mənə düzgün istiqamət verən, hərtərəfli təcrübə toplamağıma kömək edən və normal şərait yaradan çalışdığım kafedranın müdiri Salman Əliyevə çox borcluyam. Sualınızın əsas məqamına gəldikdə isə, mənə elə gəlir ki, mənim daxilimdə tam açılmayan çox şeylər var idi. Əgər öz yerimi istədiyim kimi tapa bilsəydim, o zaman hansı böyük potensiala malik olduğumu təsdiq edə bilərdim. Heyfslənirəm ki, mənim 1986-cı ildən - 1993-cü ilə kimi olan dövrüm - Gəncə həyatım məhz, müharibə şaraitinə təsadüf etdi. Üzərimə düşən ailə qayğıları mənə elmdə sözümü daha mükəmməl deməyə, istədiyim zirvəni fəth etməyə imkan vermədi...

-Neçə düşünürsünüz, müəllimlik çətin peşədir?
-Bəli. Müəllimlik çox şərəfli, çətin və müqəddəs peşədir. Bu titulu ləyaqətlə daşımaq, bu ülvi adı layiqincə doğrultmaq olduqca məsuliyyətlidir. Müəllimlik səmimiyyət, insana hörmət, xalqa məhəbbət, torpağa ehtiram, axtarış, əməksevərlik, nəciblik kimi ali keyfiyyətlərin vəhdət təşkil etdiyi ədəbi peşədir. Bu peşəni seçib şərəflə yaşayanlar unudulmur, sağ ikən insanların qəlblərində özlərinə abidə ucaldırlar. Ədəbilik sözüdə, elə buradan doğur. Hansı bir müdriksə deyib: “Həyatda dahi olmaq olar, kamil olmaq olmaz”. Amma müəllim həm dahidir, həm də kamildir.
Müəllim sinifdə Günəşə dönür, şagirdləri özünün cazibə dairəsinə salır. Bunun özü bir elmdir, əsl Tanrı vergisidir. Mən Bakı Ali Hərbi Dənizçilik məktəbində çalışdığım illərdə 2-3 il məktəb üzrə müəllimlərin hazırlığı kursuna rəhbərlik etmişəm. Məqsədimiz gənc müəllim kadrlarının əsl müəllim kimi yetişməsinə nail olmaq idi.

-Ömür payınızda ən çətin imtahanı nə vaxt, harada və kimə vermisiniz?
-Ömür yolunun dolaylarında tale insanı bərkə-boşa çəkir. Yaşanan ömürdə səadət də var, qəm-qüssə, çətinliklər, maneələr də... Xatırlayanda, ötən illərdə bir neçə dəfə imtahan həyəcanı yaşamışam; ali təhsilimi başa vurub aspiranturaya qəbul olunanda, həyat yoldaşım Leninqrad şəhərində Aviasiya Akademiyasını bitirdiyi müddətdə, eləcə də, övladlarım universitet təhsillərini sona yetirənədək...
Düşünəndə bütün bunlar - arzu, dilək, sevinc dolu hisslərdir...
Ancaq, tale məni bir necə dəfə ağır imtahana da çəkib. Bilirik ki, həyatda büdrəməyən adam yoxdur. Lakin, qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan. Sevinirəm ki, Tanrı bizi sağlam həyatımızı yaşağama yenidən qaytardı. Mənə elə gəlir ki, bütün bunlar bir ömür üçün az iş deyil...

-Bu günün tələbə dünyası Sizi qane edirmi?
-Əlbəttə! Bu günün tələbələri çox istedadlı, qabiliyyətli və bacarıqlıdır. Hərəsinin ürəyində neçə arzu, neçə dilək yatır...
Bu günün gəncləri vətənpərvərdir, millətsevərdir, uzaqgörəndir. Gələcəyə saf niyyətlə, nikbin ruhla baxırlar. Cəmiyyətdə baş verənlərə bütün zamanlarda o andaca, reaksiya verməyi bacarırlar. Deyərdim ki, hətta, 5 il bundan əvvəlki tələbələrlə, bu günün tələbələri arasındakı fərq böyükdür. Son 2 ilə diqqət yetirsək; onların əksəriyyəti böyük ruh yüksəkliyi ilə ölkəmizdə keçirilən Avropa Oyunlarında könüllü iştirak etdilər. Azərbaycanın inkişafına, tərəqqisinə, uğurlarına sevindilər, qaynar bulaq kimi coşub-daşdılar, bayrağımızı qürur hissi ilə yüksəklərə qaldırdılar.
-Belə bir deyim də var; müəllim nədən kasıb olsa da, yetirməsinə bəslədiyi sevgidən kasıb olmur...
-Doğrudur... Şair demişkən:

Fərəhin ən yeni kəşflər, üsullar,
Əsil nir insan da onun barıdır.
Yerdən kainata uzanan yollar,
Müəllim ömrünün çığırlarıdır.

Şeirdə deyildiyi kimi - əslində bu belədir... Müəllimin sevgisi tükənməzdir. Yetirmələri isə ömrünün barıdır-bəhrəsidir. Müəllimin sevgisi bütün kainatı, cahanı əhatə etməyə qadirdir.

-Özünüzü şanslı insan sayırsınızmı?
-Bəli. Sağlam ailəm, övladlarım, nəvələrim var. İki qızım - İradə ilə Leyla ixtasasça həkimdir. Aida isə iqtisadçıdır. Hazırda Aviasia Akademiyasının doktorantıdır. Fikrimcə, insanın ömür yolu illərlə yox, xoş təəssüratlarla, sevinc dolu anlarla ölçülür. Ancaq nə etmək... Həyatın qəmi-qüssəsi də heç kimdən yan keçmir. Bu bir qanuna uyğunluqdur. Mən bu gün dəyişməyən duyğuların işığında Tanrıma şükranlıyam.

-Müasir zamanın problemləri ilə üzləşəndə fikirlərinizi kimlərlə bölüşürsünüz?

- Vaxtından, zamanından, asılı olmayaraq, sirdaşım hər zaman həyat yoldaşım və övladlarım olub.

-Heç tənqidə məruz qalmısınızmı?
-Şübhəsiz... həyatda hər kəsin ürəyini oxumaq, ruhunu oxşamaq, fikirləri ilə razılaşmaq olmur. Hərənin öz sözü, öz hüququ var. Yeri gəlmişkən: - Qədim Yunan filosofu Dalton rəngləri seçə bilmədiyinə görə hər şeyi ağ və qara rəngdə görürdü. O, bu cür seçimi ilə digərlərindən fərqlənirdi. Lakin, bu xüsusiyyəti onun dahiliyinə manecilik törətmirdi... Zənnimcə, nöqsanlarımızı deyənlərə minnətdar olmalıyıq.

-Nəyi etiraf etməkdən çəkinmisiniz?
-Etiraf etmək insana məxsusdur, nadir, qiymətli keyfiyyətdir. Doğruluğa adət etmiş insana etiraf etmək çətin deyil. Bu baxımdan səhvlərimi etiraf etməyi həmişə bacarmışam.

-İnsani münasibətlərdə əsas amillər hansılardır?
-Atalar deyib ki: - “Üç şey adama məhəbbət gətirər; mədənilik, mülayimlik, təvazökarlıq”... İnsani münasibətlərlə bağlı sadalanası keyfiyyətlər çoxdur. Lakin, cəmiyyətdə heç kəsi dəyişmək mümkün deyil. Hərəni olduğu kimi qəbul etmək gərəkdir. Çünki, insanın mənəvi keyfiyyətləri onunla birlikdə doğulur. Müşahidə edəndə məlum olur ki, hərə öz düşüncəsinə, xasiyyətinə uyğun olan insanla ünsiyyət qura bilir.

-Çalışdığınız elm ocağında, qaynar bir məkanda neçə illərdir ki, gördükləriniz, şahidi olduqlarınız, yaşadıqlarınız Sizə nələr verdi, nələr aldı?

-Çalışdığım qaynar məkan məndən həç nəyi almadı, əksinə ötən illər ərzində məni daha da saflaşdırdı, zənginləşdirdi. Universitet adlı elm məbədgahında böyük şəxsiyyətlərin, müdrik insanların əsil həyat məktəbini keçdim. Bəhrələndim... Tələbə dünyası, yetirmələrim bu gün də həyatımın mənasını, ayrılmaz hissəsini təşkil edirlər. Mən gənclərin arasında ruhən həmişə cavanam. Dahi Səməd Vurğun demişkən: - “Gənclik təkamülün çırpınan ürəyi, düşünən beynidir”. Gənclərin təhsildəki uğurları, seçdikləri ixtisasa mükəmməl yiyələnmək arzuları, məni daim qürurlandırır.

-Sizə nələr əlçatmaz görünür?
-Zəhmət yaradıcı insanın qeyrəti və sevincidir. İstədiklərimizə yalnız səy göstərməklə, çalışmaqla nail ola bilərik. Qeyd edim ki, ötən illər ərzində bir müəllim kimi daim axtarışda olmuşam, elmin sirrini, sabahını izləmişəm. Bunlar yalnız tədris etdiyim kimya elminə aid deyil. Bilirəm ki, mükəmməl tədrisə nail olmaq üçün informasiya texnologiyalarının imkanlarından və komputer proqramlarından da hərtərəfli istifadə etmək mütləqdir. Düşünürəm ki, insan həyatı boyu yalnız mümkün olan, əlçatmaz görünməyən arzularına nail ola bilər.

-Bu gün nəyə doğru tələsirsiniz?
-Atalar demişkən: - “Səbr və iradə ilə hər şeyə üstün gəlmək olar”. İnsan istədiyinə tələsməklə deyil, səbrlə, təmkinlə nail ola bilər. Bilirəm ki, hər şeyin öz vaxtı zamanı olduğu kimi- Tanrının da, öz yazısı, öz qisməti var.

-Ətrafınızda ən çox nəyə ehtiyac görürsünüz?

-Xeyirxahlığa, yaxşılığa, insansevərliyə və bir də, qədirbilənliyə...

-Ömrün ən kamil çağındasınız. Yəqin əminliklıə deyə bilərsiniz: - insanın ən böyük sərvəti nədir?
-Şərəfli ömür və bir də gözəl övladlar... Sadə bir həqiqət də var: - hər kəs öz taleyinin qurucusudur. İnsan daim irəliyə can atmalıdır. O, əldə etdiklərinə qane olarsa, heç vaxt irəli gedə bilməz.
-Yaşadığınız ömürdən razısınızmı? Ömür kitabınızla öyünmək olarmı?
-Sokrat demişkən: - “Ayağını 2 dəfə eyni çaya salmaq mümkün deyil”... Bu hikmətin mənası: - “Axar sular hər dəfə yenilənir” - deməkdir... Müqayisə edəndə həyatımın hər anı hərəkətdən, fəaliyyətdən ibarətdir. Və bu anlar məni cəmiyyətin fəal bir üzvü kimi cavanlaşdırır. Düşünürəm ki, geriyə boylananda ömür kitabımın fəsillərində mən bir müəllim, ziyalı, elm adamı, eləcə də, ana kimi bacardığım səviyyədə üzərimə düşən missiyanı layiqincə daşımağa, sözümü deməyə, izimi qoymağa çalışmışam!

Son olaraq:

..Yaşanmış min illərin hər layında xalqımızın təfəkkür nurundan, qəlb atəşindən güc alıb, toxunulmaz saxlanan, müqəddəs tutulan bir ali duyğu var. Bu hər kəsin öz ustadına, həyat müəlliminə dərin ehtiramı və məhəbbət duyğusudur. Bu gün yüzlərlə yetirməsinin könlündə, qəlblərinin unudulmaz güşəsində, bir müəllim əbədi yer tutub... Şərq qadınlarına məxsus ağır təbiəti, sakit, səmimi, təmkinli danışığı ilə yaddaqalan; sevimli, fədakar Elmira müəllimə...
O, bu gün də, müqəddəs peşəsinə sevgi ilə, dəyişməyən duyğuların işığında hünərlə inamla yol gedir... Biz də ona bu şərəfli yolda yeni-yeni uğurlar arzulayırıq!..


Xanım Bilalqızı,
"Elm və Təhsil" qəzeti, N: 17 (317),
iyul, 2016-cı il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: