Folklorumuzun cəfakeşi

Folklorumuzun cəfakeşi Aslan Bayramov – 70

TƏBRİK EDİRİK!..


Azərbaycan folkloru dünyanın zəngin və bənzərsiz folklorlarından biridir. Xüsusilə, digər türk xalqları ilə müqayisədə Azərbaycan şifahi xalq ədəbiyyatının zənginliyi, janr çoxluğu, rəngarəngliyi daha qabarıq nəzərə çarpır. Müxtəlif dövrlərdə toplanıb nəşr olunmasına baxmayaraq, müxtəlif regionlarda xalqın yaddaşında poetik tutumlu bayatı, holavar, ağı, layla və oxşamalar, arxaikliyini özündə qoruyan alqış, qarğış, ofsun və sınamalar, müxtəlif kaloritli nağıl və lətifələr hələ də qalmaqdadır. Bu poetik inciləri toplayıb nəşr etdirmək, təhlilini aparmaq, müqayisəli şəkildə regional xüsusiyyətlərini göstərmək hər vaxt aktual sayılır. Bununla belə, folklor örnəklərində daha çox qorunub saxlanılan dialekt və şivə materiallarının toplanıb tədqiqata cəlb olunması da etno-kulturoloji yaddaşımızın ayrılmaz hissəsi saymaq olar. Bu gün mənfur erməni siyasəti, erməni terroru nəticəsində Qərbi Azərbaycanda bir nəfər də olsun Azərbaycan türkünün yaşamadığını nəzərə alsaq, Qərbi Azərbaycan kökənli insanların yaddaşlarından toplanan folklor örnəklərinin nə qədər qiymətli bir mənbə olması göz qabağındadır – Zəngəzur, Göyçə, Megri, Qaraqoyunlu, Vedi İrəvan, Lori-Pəmbək ellərimizdən qaçqın düşmüş soydaşlarımız, xüsusilə yaşlı nəsil folklor örnəklərinin biliciləridirlər. Onların hər birinin sinəsində folklor çeşməsi var.

Uzun müddət Qars vilayətinə bağlı olan, əhalisi 100% azərbaycanlı olan Ağbaba mahalı 1921-ci ildə zorla yeni yaradılan “Ermənistan”a qatılmış, insanlar pərən-pərən olmuşdur. Yüzlərlə ailə Türkiyəyə üz tutmuş, bir daha geri qayıtmamışlar. 1988-ci ilin payızında isə Ağbaba bölgəsində yaşayan 20 mindən çox azərbaycanlı yenə də qaçqın vəziyyətinə düşdülər.

Ağbaba bölgəsi, yəni Amasiya rayonunu əhatə edən Amasiya, Daşkörpü, Qaraçanta (1935-Əzizbəyov), Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qönçəli, İbiş, Sultanabad (1935-Şurabad), Təpəköy, Balıqlı, Öksüz, Qaranamaz (1935-Yeniyol), Düzkənd, İlanlı (1935-Çaybasar), Göllü, Ellərkənd, Güllücə, Quzukənd, Çivinli, Qarabulaq kəndlərində yaşayanların sinəsində zəngin folklor örnəkləri vardır.

Allı-güllü yaylaqları, itiaxan dağ çayları, dişgöynədən və şır-şır axan bulaqları, qaynar çeşmələri, geniş alp çəmənlikləri ilə zəngin olan Ağbabada hər fəsil öz əlaməti ilə seçilərdi. Mənbəyini Ağbabanın aynası sayılan Arpagöldən alan və uzunluğu 220 km. olan Arpaçay ilan kimi qıvrılaraq dərin kanyonlardan keçir və Sərdarabad yaxınlığındakı Hacı Bayram kəndində Araza qovuşur. Belə bir füsunkar və gözəl təbiəti olan bölgədə yaddaşlara söykənən zəngin folklor örnəklərinin yaranması təbiidir.

Mübaliğəsiz demək olar ki, Ağbaba kəndlərinin folklor örnəkləri, onomastik leksika və şivə sözlərinin ilk toplayıcısı Aslan müəllim olmuşdur. O, Amasiya rayonunda müəllim işlədiyi dövrdə, həm də 1988-ci ilin qaçqınlığından sonra bu işlə daha fəal məşğul olmuşdur. Qaçqınlıq dövründə dəfələrlə qaçqınların toplu yaşadıqları yerlərdə olmuş ağsaqqal babalar və ağbirçək nənələrdən, eləcə də əyyar kişilərdən materiallar toplamışdır. O ərəfədə, yəni 1988-1990-ci illərdə belə şeylərə çox fikir verilir, hamı istəyirdi ki, kənddən, kəsəkdən nə bilirdi, nə eşitmişdisə, onu danışsın. Bununla qaçqın informatorlar, necə deyərlər, dənciklərini boşaldıb bir təsəlli tapırdılar.

Aslan müəllim hələ kiçik yaşlarından görmüşdü ki, Ağbaba kəndlərinə gələn aşıqlar saz-söz sənətinin vurğunu və düz 25 il 4-5 kəndi birləşdirən Təpəköy kənd sovetinin sədri işləmiş əmisi - Qənbər Bayramovun evində qonaq qalardılar. O, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Məhərrəm, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Həsən (Pərvanə) və digərləri ilə dostluq edərmiş. Aşıqlar hansı kəndə - məclislərə getsələr də, ancaq qonaq kimi Təpəköyə qayıdarlarmış. Nahaq deməyiblər ki, “qonağın gəzdiyi yer çox, qaldığı yer bir olar”.

Bax elə Aslan müəllimdə folklora, saza-sözə istək, aşıq yaradıcılığına vurğunluq həm də buradan qaynaqlanmışdı.

Hələ 1981-ci ilin yayında Aşıq İskəndər Ağbabalının yaşadığı Ellər kəndə gedərək ünlü aşığın dilindən xeyli miqdarda rəvayət və saz havalarını maqnitafonun yaddaşına köçürmüşdür. Bu gün radio və televiziya kanallarında həmin səsyazmalardan istifadə olunmaqdadır. Bu təşəbbüsü indi ziyalılar, Aşıq İskəndəri yaxından tanıyanlar çox qiymətləndirirlər. Əgər aşığın səsi o vaxt yazılmasa idi, necə olardı. Unudulub getməzdimi?

Azərbaycan folkloruna maraq həm də ailədən gəlmişdir. İnformatorların dediyinə görə, babası Məhəmmədəli Kərbalayi Xudaverdi oğlu çox maraqlı və ünvanlı lətifələr bilərmiş. Söhbət zamanı fikri dinləyənə daha ətraflı çatdırmaq üçün atalar sözü və məsəllərdən çox istifadə edərmiş. Ana nənəsi Güləbatın Rəcəb qızı nəzərə gələn uşaqlar, yəni gözdəyən uşaqlar üçün “parpılama” ofsunu, qurd ağzı bağlamaq, çilə kəsmək dualarını da yerinə yetirərmiş. Anası Nənəxanım Mikayıl qızının 93 yaşı olmasına baxmayaraq dəfələrlə “AzTV”, “Lider”, “İctimai” və digər televiziya kanallarında onun həsrətdolu və insanı duyğulandıran bayatılarını eşitmişəm. Xüsusi bir melodiya ilə oxuduğu nanaylarına, sözünə, söhbətinə qulaq asmışam.

Amasiya rayonu Təpəköy kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyərkən rayonun kəndlərində mövcud olan mərasimlər zamanı söylənilən mahnılar, mifoloji inanc və düşüncələr, alqış və qarğışlar, müxtəlif ofsun və dualar, el arasında söylənilən lətifə və məsəllər onun diqqətindən yayınmamış, bir ziyalı kimi folklor örnəklərinin toplanıb nəşr olunması məsələləri onu hər vaxt düşündürmüşdür. Tələbə olduğu vaxtda da prof. Vaqif Vəliyevin tapşırığı ilə xeyli xam material toplayıb kafedraya vermişdir. Prof. Kamil Vəliyev və dos.Ağamalı Həsənovun tapşırıqları əsasında folklor nümunələri onomastik leksika və şivə sözlərini də toplamaqla məşğul olmuşdur.

Qeyd edək ki, Ağbaba kəndlərinə folklor, dialekt və şivə sözləri toplamaq üçün ekspedisiyalar gəlməmişdir. Bu həm də onunla əlaqələndirmək olar ki, Ağbaba kəndləri Türkiyə sərhədində olduğu üçün xüsusi nəzarət-buraxılış məntəqəsindən keçmək lazım gəlirdi. Bir çox halda gələn qonaqlar üçün kənd sovetinin sədri komendaturaya arayış verib buraxılış vəsiqəsi alardı. Bu da uzun çəkərdi. Buraları tanıyan qonaqlar bir çox halda dağ yolları ilə gəlib-gedərdilər.

O, folklorşünaslıq üzrə dissertant olmaq həvəsində idi. Arzu və istəklərini xəyallardan gerçəkliyə çevirmək istəyirdi. 1986-cı ildə Amasiya rayon partiya komitəsi və rayon maarif şöbəsindən folklorşünaslıq üzrə dissertanturaya qəbul olunmaq üçün Azərbaycan Pedaqoji İnstitutunun rəhbərliyinə məktub-göndəriş gətirir. Amma institutun rəhbərliyi ona bildirir ki, folklorşünaslıq sahəsi üzrə bir yer var, o da institutda işləyənlər üçündür. Beləliklə, folklorşünaslıq üzrə dissertant ola bilmir. İkinci il ADU-nun (indiki BDU) rəhbərliyinə məktub gətirir. Aslan müəllim söyləyir ki, ADU-nun o vaxtkı rektoru, prof. Yəhya Məmmədov (Allah ona rəhmət eləsin!) məni çox mehribanlıqla qəbul etdi. Arzumu bildirəndən sonra Filologiya fakültəsinin dekanı, rəhmətlik prof. Əlövsət Abdullayev və Müasir Azərbaycan dili kafedrasının müdiri, prof. Kamil Vəliyevi rektor öz otağına çağırtdırdı. Onların yanında nə az, nə çox düz bir saat Amasiya rayonunun sosial vəziyyəti, kənd təsərrüfatı, mədəniyyət və təhsil məsələlərinə aid sual-cavab apardı. Sonra o, Əlövsət müəllim və Kamil müəllimə məni göstərib dedi ki, bu müəllim ucqar yerdən – Ağbabadan gəlib, folklorşünaslıq üzrə dissertant olmaq arzusundadır, “Azərbaycan” və “Elm və həyat” jurnallarında məqalələri də dərc olunub. Nə məsləhət edərdiniz? Onlar da məni tanıdıqlarını bildirdilər və bunu bəyəndilər. Əlövsət müəllim və Kamil müəllim bu qənaətə gəldilər ki, dilçiliyin maraqlı sahələrindən, həm də folklora daha çox bağlılığı olan Azərbaycan onomastikası üzrə dissertant olması məsləhətdir. Əlavə də etdilər ki, Qərbi Azərbaycanın toponimiyasının bölgələr üzrə araşdırılmasına böyük ehtiyac vardır. Çünki bu yer adları bizim etnik tariximizdir. Ermənilər isə qədim adlarımızı təhrif edir, ya da ki, dəyişdirirlər. Yəhya müəllim tapşırıq verdi ki, elə bu gün mövzusunu və elmi rəhbərini təyin edin, kafedra və fakültə elmi şurasının çıxarışını verin, qoyun qayıtsın rayona. Müəllimdir, işə də gecikməsin. Sonra rektor əlimi sıxıb mənə uğurlar arzuladı. Mən bir rektor kimi onun nə qədər vətənpərvər, alicənab və qeyrətli bir şəxsiyyət olduğunu anladım. Elə həmin gün Əlövsət müəllim prof. Tofiq Əhmədovla məsləhətləşib elmi rəhbərim olmaq üçün ondan razılıq aldılar. Kafedra və Elmi şuranın rəsmi çıxarışını hazırlayıb mənə verdilər. Həm də uğurlar dilədilər. Həyatımda heç belə sevinməmişdim. Bakı-İrəvan qatarına bilet alıb yola düşdüm. Qatarda bir neçə dəfə çıxarışları çantadan çıxarıb baxır, sonra yenə də yerinə qoyurdum. Axı o vaxt dissertant olmaq çox çətin idi. Bu hamıya qismət olmazdı.

Şivə sözləri, mikrotoponimlər və eyni zamanda folklor örnəklərini yazıya almaq, necə deyərlər, Aslan Bayramovun bir xobbisinə çevrilmişdir. İndi də belədir. O, son vaxtlarda da dəfələrlə ağbabalıların toplu yaşadıqları Daşkəsən, Göygöl, Gəncə, Şamaxı, Mingəçevir və Bakı şəhərinin qəsəbələrində və kəndlərində olmuş, yenə də bəzi materiallar əldə etmişdir. Aslan Bayramovun topladıqları folklor örnəklərini müxtəlif mətbuat orqanlarında çap etdirmək təşəbbüsündə olmuşdur. Belə ki, çox hörmətli professor Teymur Əhmədovun redaktoru olduğu və Qaçqınlar cəmiyyətinin orqanı olan “Vətən həsrəti” qəzetinin 19 dekabr 1990-cı il tarixli 35-ci nömrəsində ilk dəfə olaraq “Ağbaba və Şörəyel folklorundan seçmələr”i çap etdirmişdir. Daha sonra Azərbaycanın Xarici ölkələrlə dostluq və mədəni əlaqə cəmiyyətinin orqanı olan “Novruz” qəzetinin 4 dekabr 1991-ci il 48(51)-ci nömrəsində yenə də “Ağbaba-Şörəyel folkloru” başlığı ilə 2 səhifəlik material vermişdir. Hətta bu işinə görə qəzetin o zamankı redaktoru Cəmil Əlibəyov ona təşəkkürünü bildirmişdir.

Sumqayıtda fəaliyyət göstərən “Məslək” qəzetinin 28 fevral 2002-ci il 6 (126) saylı nömrəsində də “Folklorumuz tükənməz xəzinədir” başlığı ilə 2 səhifəlik material hazırlayıb qəzetdə çap etdirmişdir.

Əlbəttə, bu qəzetlərdə verilən folklor örnəkləri, bayatı, lətifə, tapmaca tam xam materiallar idi. Lətifələrin bir çoxunun müəllifi ağbabalılar idi. Digər toplularda bunlar yoxdur. Məsələn:

Gümunun faytonnarı,
İpəkdi qaytannarı.
Yarımnan gedək gəzək,
Kor olsun düşmannarı.

Durnam uçur Loruya,
Qanad çalır oruya.
Pəmbəkdən dönüb gəlsin,
Xəbər versin geriyə.

Bununla belə, ADPU-da fəaliyyət göstərən “Filologiya məsələləri” toplusunda vaxtaşırı Ağbaba folklorunun müxtəlif janrları (holavar, ağı, acıtma, oxşama və s.) xınayaxdı, çillə kəsmək mərasimləri barədə məlumat vermiş və informatorlardan topladıqlarını nəşr etdirmişdir. Ağbaba kəndlərindən toplanan folklor örnəkləri “Oğuz elindən, ozan dilindən” (2000, “Elm”) adlı folklor toplusunda daha geniş və ətraflı formada nəşr olundu. Kitabda Ağbabada və ona yaxın olan ərazilərdə çox böyük fəaliyyətləri olan Həsən Şirəkli, Əfkarı, Aşıq Qulu Covru Məhəmməd, Aşıq Şenlik, Aşıq Nəsib və Ağbabanın sonuncu aşığı Aşıq İskəndər, onların qoşma və gəraylılarından nümunələr verildi. Real həyata söykənən lətifələr – ünvanlı lətifələr, alqış və qarğışlar, tapmaca və yanıltmaclar da kitabda yer almışdır.

Əfkarinin bir şeiri haqqında (“Novruz” qəzeti, 1992, №22), “Cənubi Azərbaycan folklorunun bəzi xüsusiyyətləri” (SDU,Elmi xəbərlər, 2015, №4), “Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi”(Beynəlxalq Elmi konfransın materialları, SDU-2015), “M.Kaşqarinin “Divani-lüğəti-it türk” əsəri və Azərbaycan atalar sözləri”( Beynəlxalq Elmi konfransın materialları, SDU-2016), “Apardı ellər Saranı” mahnısının coğrafiyası” (SDU,Elmi xəbərlər, 2014, № 4), “Ozan-aşıq şeirində təsəvvüf” (SDU, Elmi xəbərlər, 2017, № 2) və s. onun maraqlı tədqiqatlarındandır.

Həm folklor örnəyi, həm də yazılı ədəbi dilimizin əsası sayılan “Kitabi-Dədə Qorqud” Ensiklopediyası hazırlanarkən onun redaksiyasına dəvət olunmuş və dastanın bəzi xüsusiyyətlərinə aid araşdırmalar apararaq 60-dan çox məqaləsi ora daxil edilmişdir. Beləliklə, Ensiklopediyanın hər iki cildinin müəlliflərindən biri olmuşdur. Onun doktorluq dissertasiyası da “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlıdır. Dədə Qorqud dastanı ilə bağlı olaraq Krım, Qazağıstan, Rusiya, Türkiyə, İran və digər yerlərdə məqalələri çap olunmuşdur. “Basatın Təpəgözü öldürdüyü boy”un 1815-ci ildə şərqşünas Dits tərəfindən alman dilinə tərcümə olunmasının 200 illik yubileyi ilə əlaqədar olaraq 2015-ci ildə onun rəhbərliyi ilə Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasında elmi-praktik konfrans keçirilmiş və konfransın materialları 2015-ci ildə çap olunmuşdur.

Aslan müəllimin babaları ermənilərin təzyiqi ilə 1918-ci ilin mart ayında Abaran qəzasının Gözəldərə kəndindən qaçqın düşərək Ağbabanın Təpəköy kəndinə pənah gətirmişlər. 1989-cu ilin may ayında isə yenə də ermənilərin terrorçu hərəkətləri nəticəsində Aslan müəllimgilin ailəsi qaçqın düşüb Sumqayıtda məskunlaşdı və 18 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirdi. Tez bir vaxtda həm kollektivin, həm də şəhər idarəsinin hörmətini qazandı. Pedaqoji fəaliyyətinin nəticəsi olaraq 1993-cü ildə “Ali kateqoriyalı müəllim”, daha sonra “İlin ən yaxşı müəllimi” adlarını qazandı. 1996-cı ildən sonra ADPU-da müəllim, dosent (1996-2000), daha sonra SDU-da kafedra müdiri (2002- 2009), dekan (2002-2014) vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyəti ilə yanaşı 1995-ci ildə namizədlik, 2012-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

Hal-hazırda SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri işləyən prof. Aslan Bayramovun folklorşünaslıq fəaliyyəti bitmir. Onun rəhbərliyi ilə “Qərbi Azərbaycan folklorunda arxaik janrların inikası” mövzusunda araşdırmalar davam etdirilir. Azərbaycanın müxtəlif regionundan gəlib SDU-nun filologiya fakültəsində təhsil alan tələbələr vasitəsilə folklor materiallarının toplanması işləri də Aslan müəllimin diqqətindən kənar qalmır. Azərbaycan dili və onomastikasına aid müxtəlif əsərlər yazsa da, yenə də Ağbaba folkloruna aid 600 səhifəlik “Ağbaba folklorundan örnəklər” adlı yeni kitabını nəşrə hazırlayır. Yəqin ki, bu yaxınlarda kitab işıq üzü görəcək, oxucuları bir daha sevindirəcəkdir. Aslan müəllimin elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmişdir. Beləliklə, 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ad günün mübarək Aslan müəllim! Sizə yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Professor BULUDXAN XƏLİLOV

ZiM.Az



REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edib dəyərli ziyalımız, çox hörmətli alimimiz, filologiya üzrə elmlər doktoru, professor Aslan Bayramovu anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


P.S. : Və aşağıda düz 15 il əvvəl AzTV-də çalışdığımız zaman Aslan müəllimdən götürdüyümüz
müsahibəni ixtisarla oxucularımıza təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az






.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: