MAHİRƏ NAĞIQIZI: Özümü biləndən qədrini bildim...

MAHİRƏ NAĞIQIZI: Özümü biləndən qədrini bildim... TƏBRİK EDİRİK!..

Noyabrın 4-ü
MAHİRƏ NAĞIQIZInın
doğum günüdür!...

Mahirə Nağı qızı Hüseynova - 1960-cı il il noyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub.

1978-ci ildə Abşeron rayonunun Novxanı qəsəbəsindəki 1 saylı orta məktəbi bitirib.
Ali təhsillidir. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) filologiya fakültəsini bitirib.

1984-cü ildən 2004-cü ilədək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbdə, 2004-cü ildən 2009-cu ilədək Bakı şəhəri N.Nərimanov rayonundakı G. Əsgərova adına
43 saylı BMLK-da işləmişdir.

2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsindəki Müasir Azərbaycan dili kafedrasının müəllimidir.
2014-cü ildə baş müəllim, 2015-ci ildə dosent seçilibdir.
Hazırda isə həmin kafedrasının müdiri vəzifəsində çalışır.

Evlidir. Üç övladı var.

MAHİRƏ NAĞIQIZI: Özümü biləndən qədrini bildim...
Biz də fürsətdən istifadə edərək,
ZiM.Az saytının bütün Yaradıcı Heyəti adından
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Müasir Azərbaycan dili kafedrasının müdiri,
tanınmış dilçi-alim, çox hörmətli
Mahirə xanım Hüseynovanı
doğum günü münasibəti ilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində, eləcə də
bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Onu da qeyd edək ki, Mahirə xanım
həm də istedadlı şairə kimi tanınır.
Aşağıda onun bir neçə şeirini
oxucularımıza ərmağan edirik!..

Müşfiq BORÇALI.


AZƏRBAYCAN

Azərbaycan-
Qayalarından uca,
Yaşımdan da cavan,
Dünyadan qoca.
Azərbaycan-
Nəsil-nəsil doğuluşum.
Külündən yaranan,
Mənim səməndər quşum.
Azərbaycan-
Xəzərin uca dalğası.
Min illərdir xalqımın
Yaşamaq qovğası.
Azərbaycan-
Baş əydiyim Tanrı.
Sənə kömək olsun,
Anamın duaları.
Azərbaycan-
Kürüm qədər lal,dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.
Azərbaycan-
Göyərən ümidlərim.
Dərmanı,davasısan,
Min illik dərdlərimin.
Azərbaycan-
Ünvanı- növrağımın.
Əyilməyən dirəyisən,
Üçrəngli bayrağımın.

Balaca Nilaya
Bu, nədir, nənə, belə?
O niyə “məəə” qışqırır?
Onun haray- həşiri,
Yuxumu qarışdırır.
Nilay, qızım, quzudur,
O da acıb sənintək.
Səslənib gözləyir ki,
Anası süd verəcək.
Bax, bu isə buzovdur,
Anası da o inək.
Anasının südünü
Nilay ilə böləcək.

Nazlı balam
Qız, sən nazdanmı yoğruldun,
İlahə nazısan, Nazlı.
Doğulandan nənə oldun,
Anamın özüsən, Nazlı.
Baxtın gül tək pardaxlasın,
Kipriyin qəlblər dağlasın.
Allah nəzərdən saxlasın,
Qızların gözüsən, Nazlı.
Ətrin ətri dağ gülünün,
Baldı mayası dilinin.
Paşa qardaşım Əlinin,
Anası, qızısan, Nazlı?
Nahidə dönər quluna,
Verməz gəlninə, oğluna.
Balam İlqarın alnına,
Yazılan yazısan, Nazlı.
Gümüş topuq, xına əllər,
Belə olur nazəninlər.
Naz eləmə, söyləyəllər,
Özündən razısan, Nazlı.
Mahirəyəm – anam Nazlı,
Ruhum göldü, sonam Nazlı.
Nə gizlədəm, danam, Nazlı?
Yerin ulduzusan, Nazlı!

Balaca Əlinin qədəmlərinə
Qardaşımın balasının balası,
Nə xoş gəldin,qədəmlərin mübarək!
Harda görsək,nə vaxt görsək,qadası,
Üzün gülsün,o dəmlərin mübarək!
İki ildir gəlişini gözlədik,
Qığıltını,gülüşünü gözlədik,
Bu anını,bu gününü gözlədik,
Nəmər aldın, nəmərlərin mübarək.
İlqarımla Ruqiyyənin ilkisən,
Ata-ana hisslərinin ilki sən.
Onlar ilə qədəm salla,bərki sən,
Nə xoş gündür,bu günlərin mübarək.
Ad nişandı,ad hədəfdi,qaladı,
Adın Əli,baban verdi bu adı.
Sənin adın hamımıza dünyadı,
Yeni dünyan olar dərin,mübarək.
Ayan,Leyla- bacıların gül açdı,
Nənələrin şadlıq qurdu,qol açdı.
Qədəminlə sevincimiz dil açdı,
Xoş qədəmin,şirin dilin mübarək!
Ömrün gülsün,bəxtin nura boyansın,
Tanrı özü kürəyində dayansın.
Toyun olsun,Nigar bibin oynasın,
Desin,Əli,bu düyünün mübarək!
Mahirənin qələmindən süzülən,
Şeir oldun muncuq kimi düzülən.
Ay fərəhi açıq-aydın sezilən,
İlham balam,əmi adın mübarək!
iyul 2015-ci i

Gözləyir
Bu baharın çiçəkləri daha tər
Dağda,düzdə yığanını gözləyir.
Daş altından bənövşələr boylanar,
Yeni gələn növrağını gözləyir,
Məclis üstə ürək isti, söz narın,
Kim dərəcək söz meyvəsin,söz narın?
Yolda qalan baxışları qızların,
Öz ağatlı oğlanını gözləyir.
Qaranquşlar dəstə-dəstə qayıdar,
Yaz eşqinə olsa xəstə,qayıdar.
Vüsalına boyu bəstə qayıdar,
Uçan ruhu oylağını gözləyir.
Köç yoludu dünya başdan binadan,
Qayaları libas geyər xınadan.
Əl uzadan sənə,böyük yaradan,
Quzu kimi yaylağını gözləyir.
Sellər,sular bərəkətin təhnəsi,
Çaylar olar,dəniz olar binəsi.
Kainatın,Mahirənin nənəsi,
Nihad ilə bal-qaymağın gözləyir.

Əllərin
Özümü biləndən qədrini bildim,
Ruhumu gətirdi cana əllərin.
Tək sığal çəkməyib hər birimizə,
Doldurubdu ətə, qana əllərin.
Bir kərə demədin bu hansı sirdi,
Nə ata mindirdi, atdan düşürdü?
Çörək bişirmədi, qismət bişirdi,
On bir övladına sona əllərin.
Qıymadın tək yükü Ağam daşıya,
Dayandın fələknən qarşı-qarşıya.
Qorxmadın istidə bişə, qarsıya,
Ayazda, şaxtada dona əllərin.
Könlüm bir yavru quş, yuvası çatmır,
Qalxa ha dağlara, havası çatmır.
Ömrümün dərmanı, davası çatmır,
Davadır, dərmandır, ana, əllərin.
Kimiydi taleyin ovçusu oldu?
Mahirə hikmətin yolçusu oldu,
Sənin dərdlərinin suçlusu oldu,
Ay ana, sallama yana əllərin.

Qalım
Bu dünya deyilən nə idi bildim,
İstəməm büksən də qumaşa, qalım.
Baş alıb göylərə çoxdan gedərdim,
Dedim bitənəcən tamaşa, qalım.
Zülmətdir, görməyə çıraq tapmadım,
Nə gəzdim-axtardım, soraq tapmadım,
O boyda kitabda varaq tapmadım,
Oxuyam, düşməyəm savaşa,qalım.
Deyirəm mən ölü, sən isə diri,
Həyat oyunbazdır, dünya kəndiri.
Neyniyim tapmadım sən deyən yeri,
Adına, adıma yaraşa, qalım.
Payı paylayan var, quru ürək ver,
Uzaqdan-uzağa arzu, dilək ver.
Nə mən əl uzadım, nə sən bilək ver,
Qalım, qismətimlə baş-başa qalım.
Haqq fərman verirsə qarşı kim çıxar,
O özü dikəldər, o özü yıxar.
Ay əcəl, yoxluğum anamı sıxar,
Dərd olar baciya, qardaşa, qalım.
Yenə Mahirəni dara çəkirsən.
Hardan gətiribsən, hara çəkirsən ?
Bilirəm qəlbində qala tikirsən,
Atılmış bir daşam, hör daşa, qalım.
(Qax. İlisu. Avqust. 2016-cı il)

Tövbə qapısı
Açıqmı dünyanın tövbə qapısı,
Günahı, savabı bilinməz olsa.
Azacıq sevincdən pay verənlərin,
Dağ boyda kədəri bölünməz olsa.
Hansı aqil olan sirrə baş əydi?
Göyə üz qaldıran yerə baş əydi.
Minlərlə hökmran Birə baş əydi,
O, əl tutardımı görünməz olsa.
Tərəddüd eləmə yolu seçimdə,
Hər qardaş boyudur bacı biçimdə.
O oğul əyilər ellər içində,
Ana qarşısında əyilməz olsa.
Tanrıdan nə idi, istədiyin nə,
Nurundan çilədi, vurdu eyninə.
Nəydi qazandığın geydin əyninə,
Günah özündədi geyilməz olsa.
Lutda daş fəlakət, Nuh qövmündə su,
Firona haqq yolu-ölüm kabusu.
Açılarmı, denən tövbə qapısı,
Tutduğun əməlnən döyülməz olsa.
Tanrı dərgahında dayanar bu köç,
O qapı açıqdır, şəfqətlidir- keç.
Mahirə dinərmi, danışarmı heç,
İçindən gələnlər deyilməz olsa.
(Qax. İlisu. Avqust 2016-cı il)

Gedim, bu dünyadan gedim
Çıxdım ölüm qorxusundan,
Gedim, bu dünyadan gedim.
Keçim tövbə qapısından,
Gedim, bu dünyadan gedim.
Şeytan şər toxumun atar,
İnsanları nə var satar.
İblisi marığa yatar,
Gedim, bu dünyadan gedim.
Yer üstündə torpaq qandı,
Ömür olan imtahandı.
Göylər bölünməyib, tamdı,
Gedim, bu dünyadan gedim.
Torpağı kədər bitirər.
Dəyirmanı qəm üyüdər.
Tapdığımdı qəza-qədər,
Gedim, bu dünyadan gedim.
Qəlbimdə ümid əkmədin,
Saçıma sığal çəkmədin.
Öldüm-qaldım, görükmədin,
Gedim, bu dünyadan gedim.
Küsdün, ürəyim uyuşdu,
Qollarım yanıma düşdü.
Sənsiz bu dünya bomboşdu,
Gedim, bu dünyadan gedim.
Mahirə Nağıqızıyam,
Demə yerdən narazıyam.
Göy üzünə tamarzıyam,
Gedim, bu dünyadan gedim.
Qax. İlisu. Avqust. 2016-cı il.

Payız yağışı
Yenə də gəlişi xəbər-ətərsiz,
Gəlib ki, qəm yuya payız yağışı.
Apara mənzilə xəzan yarpağı,
Torpaqda uyuya payız yağışı.
Yerdə bizlər üçün möcüzədir göy,
Nazını çəkmədi bulud-o köntöy.
Mən döyə bilməyən pəncərəni döy,
Qoyma o uyuya, payız yağışı.
Qurbandı tufanın qəsd elədiyi,
Şikardı şimşəyin üstələdiyi.
Narın damcıların bəstələdiyi
Nəğməmi oxuya payız yağışı.
Eh, sənin qədrini nə bilər naşı,
Sərinlik tapacaq qəlbimin başı.
Vura, döyəcləyə torpağı, daşı,
İlmələr toxuya payız yağışı.
Mahirə vurğunun deyilmi gerçək,
Daşa, divarıma sığalına çək.
Nazlı anam kimi layla deyəcək,
Verəcək yuxuya payız yağışı.

Yarpaq-yarpaq
Yay da bitir, indi payız.
Bilinəcək yarpaq-yarpaq.
Xəyallarımız xəzana
Bürünəcək yarpaq-yarpaq.
Kim söyləyər yaş o yaşdı,
Bu yaş o yaşdan da başdı.
Demə, gözlədiyim qışdı.
Görünəcək yarpaq-yarpaq.
Çovğun ötüb qar gələcək,
Sınağa nə var, gələcək.
Sevirsə də yar gələcək,
Sürünəcək yarpaq-yarpaq.
Hansı qar var, ərimədi,
O nə dərddi kirimədi.
Nə diləkdi yerimədi,
Yeriyəcək yarpaq-yarpaq.
İstədiyin qəlbdi, candı?
Can deyilən əl-amandı.
Zaman özü kim ki yandı,
Kürüyəcək yarpaq-yarpaq.
Olan olacaq, gözdəmə,
Odda olanı közdəmə.
Mahirə, dərdə döz demə,
Kiriyəcək yarpaq- yarpaq.

Daşlama
Daş soyutmaz acığını, acını,
Zaman özü soyudacaq , daşlama.
Eşqnən yaşa, ürəyini, başını,
Sevgi ilə uyudacaq, daşlama.
Deyim nədir, gözündə yaş böyüdür?
Məhəbbətdir, sənə sirdaş böyüdür.
Kin saxlayan içində daş böyüdür,
Sarayını dağıdacaq, daşlama.

Qıfıllama qapısını dar günün,
Hesabı var, kitabı var hər günün.
Açılmayan qapısı yox sevginin,
Özü sənə açar qucaq, daşlama.
Sonda gülər son gününə ağlayan,
Havasını göydə tutar oynağan.
Qarışıbdır , daş tullayan, daş yığan,
Deyən yoxdur, qayıdacaq, daşlama.
Daş çıxarmaz günahında batanı,
Vardı deyib, dünya malın tutanı.
Zalım olub qəflətində yatanı,
Yuxu verən oyadacaq, daşlama.
Nağıqızı, kimdi razı, narazı,
Daş atanlar haqq yoluna tamarzı.
Sidq ürəkdən bir diləkçə, bir arzu,
Bütöv ömrü ovudacaq, daşlama.

Leysan yağışı
Dünya toz-torpaqnan dolu,
Çarəm, yağ, leysan yağışı.
Sinəmi yolların boyu,
Sərəm, yağ, leysan yağışı.
Yer fanidi, göy əbədi,
Göy ömrü yerin mabədi.
Yetirə bizlərə ümidi,
Kərəm, yağ, leysan yağışı.
Göylərə əl qaldıran biz,
Haqqa inamdı çarəmiz.
Gəl elə yeri tərtəmiz,
Görəm, yağ, leysan yağışı.
Yağ vüsala yetirməyə,
Eşq ağacın bitirməyə,
Nə yağıb yer götürməyə,
Yerəm, yağ, leysan yağışı.
Bacarmadım göyə çıxam,
Buludun gözünmü, sıxam,
Səninlə dənizə axam,
Kürəm, yağ, leysan yağışı.

Tanrı tək- işıq yoludu,
Mahirə onun quludu.
Sinənmi söznən doludu,
Dillən, yağ , leysan yağışı!
(Qusar. 2016-cı il. Sentyabr)

Nə dayanırsan
Hələ qabaqlarda ömür yolları,
Yeri, ayaqlarım, nə dayanırsan?
Başa vurmadıq ki, sənlə ilqarı,
Yeri, ayaqlarım, nə dayanırsan?
Ümid- qapısıdır əhdin, niyyətin,
İnam bələdçisə, o nədir çətin?
Hər yeni qələbə dizə taqətin,
Yeri, ayaqlarım , nə dayanırsan?
Qəlb dedi, sən çəkdin, yuvamı qurdum,
Arzu yollarında ayaqda durdum.
Ağrıdım söyləmə, demə yoruldum,
Yeri, ayaqlarım, nə dayanırsan?
Eşq ilə təpərin bir də tapılar,
Axtarsan dərmanı dərdə, tapılar.
Göydə axtardığım yerdə tapılar,
Yeri, ayaqlarım, nə dayanırsan?
İnandım qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?
Mahirə olmayıb haqqı itirən,
Ana baxışı var, bizi ötürən.
Ürək istəyəndi, ayaq yetirən,
Yeri, ayaqlarım, nə dayanırsan?

Dünya
Gözümü açandan özümü gördüm,
Gördüyüm özüməm, ya baxtdı, dünya.
Anam deyəndimi, atam söyləyən,
Cavab axtarıram nə vaxtdı, dünya.
Yeridim, hər addım bir mənzilbaşı,
Açdığım hər varaq bir divar daşı.
Haraya çatdımsa ömrün yaddaşı,
Dedi gecikibsən, bivaxtdı, dünya.
Yaşam hikmətinin nəyidi dərin,
Ən böyük biclikdi düzlük- deməyin.
Tanrı göndərdiyi peyğəmbərlərin,
Hansı demədi ki, nə haqdı, dünya?
İnsanı ağladan, güldürəndimi,
Güldürən ağladıb dərd verəndimi?
Zalım öləndimi, öldürəndimi,
Düz deyən mərddimi, namərddi, dünya?
Axtardım özümü mən addım-addım,
Od əgər haqdısa odda yanırdım.
Nələri tapmışam, nə axtarırdım,
Bu ya təsəllidi, ya dərddi, dünya.
Dizə çökdürənin amanı yoxdu,
Aman istəyənin gümanı yoxdu.
Mizan-tərəzinin zamanı yoxdu,
Mənmi belə gördüm, ya mərddi dünya?
Harada zilindi, harada bəmin,
Tutmadım, yolların qəribə sənin.
Mahirə - övladı Həsən Mirzənin,
O mənə dünyanı öyrətdi, dünya!


REDAKSİNIN ƏLAVƏSİ:

BİR TƏŞƏKKÜRNAMƏ:


Əziz və hörmətli dostlar, sosial şəbəkə izləyiciləri!..
Bir el deyimilə sözümə başlamaq istəyirəm: "Əl tutmaq Əlidən qalıb".
Hədislərin birində göstərili ki, hər bir müsəlman, hər bir Allah bəndəsi din qardaşlarının qayğısına qalmalı, müşkül işlərində yardım etməli, kömək əlini uzatmalıdır. Belə bir missiyanı soydaşımız, ADPU-nin "Azərbaycan dili" kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mahirə Nağı qızı Hüseynova yerinə yetirib. O, özünün elmi və bədii kitablarını - "Ulu ondərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir", "Ulu öndərimizin natiqlik məharəti", "XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası", "Aşıq və el şairlərinin leksikası", "Haqqa çağıran səs", "Azərbaycan poeziyasında "dağ" obrazı", "Alim təfəkkürünün itiliyi", "Dərdi dərin Həsən Mirzə", "Sözün hikməti", "Bayatılar və 3 şeir", "Bayatılar" kitablarını Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) kitab fonduna hədiyyə edib.
Əziz və hörmətli alim bacımız Mahirə xanım Nağıqızı, biz Borçalıları həmişə diqqətinizdə saxladığınıza, qayğı göstərdiyinizə görə BAMM-nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizə dərin təşəkkürümüzü bildirir və "Çox sağ olun", "Allahın nəzəri Sizin üzərinizdən əskik olmasın", "Elmi və bədii yaradıcılığınızda uğur və nailiyyətlər arzulayırıq".
Əziz və hörmətli Mahirə xanım Nağıqızı, Sizin sağ əliniz Azərbaycan Respublikasının əlaqədar nazirliklərinin, imkanlı iş adamlarının, xeyriyyəçi insanların başına olsun.

Əlixan YƏHYAOĞLU,
Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) rəhbəri
və "ÜMİD" qəzetinin Baş redaktoru.


.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: