Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..

Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..
Bu günlərdə "Laçın yurdu" jurnalı özünün - №1 (12), 2014 - sayında əməkdaşımız Gilə Əliqızını oxuculara təqdim edib.
Jurnalın həmin sayında Gilə Əliqızının bir neçə şeiri də
dərc olunub.
Aşağıda həmin təqdimatı və şeirləri biz də oxucularımıza ərmağan edir və hörmətli Gilə xanıma yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq!..


Gilə Əliqızı - 1976-cı ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.
Hələ kiçik yaşlarından şeir yazmağa başlayıb.
İstedadı ilə yaşıdlarından seçilib. Şeirləri ilk dəfə "Ziya", "Təhsil""Şərqin səsi" qəzetlərində işıqüzü görüb.
Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə çap olunub.

1991-ci ildə “Sevgi nəğmələri” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
2001-ci ildə “Bir payız günündə”, 2004-cü ildə “Yollarıma yağan yağış”, 2008-ci ildə isə “Xatırla məni” kitabları çap olunub.
Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla və xüsusi rəğbətlə qarşılanıb.

Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası “Təhsil" Mərkəzi“Şərqin səsi” qəzetinin birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə görə “Abdulla Şaiq”, bu yaxınlarda isə “Qızıl qələm” mükafatına layiq görülüb.


SƏNSƏN

Daha nə xəyallar, nə keçmişlərdir,
Mənim şeirimin ünvanı sənsən.
Səni tanıyandan mənim ömrümün
Əvvəli, indisi, son anı sənsən.

Sənin varlığındır məni yaşadan,
Gecələr yatırıb, gündüz oyadan.
Mən çoxdan keçmişdim fani dünyadan,
Ucaldan gözümdə dünyanı sənsən.

Rəqibsiz qalibi sənsən sevgimin,
Ən şirin söhbəti sənsən dilimin.
Köksümdə səninçün vuran qəlbimin
Möhtacı olmazı, olanı sənsən.

Sənsən taleyimin dönüş nöqtəsi,
Yoxdur sevilmənin bundan ötəsi.
Könlümün yalnızca mənə diktəsi,
Soruşanı sənsən, soranı sənsən.


LAÇIN

Girov ellərinə bahar gəlibdir,
İndi düzlərində gül açıb, Laçın.
Şehli çəmənlərin, buz bulaqların
İndi dağlarında dil açıb, Laçın.

Bürüyüb hər yanı dumanın, çənin,
Qoynun məskənidir indi kimlərin?
Kimlər heyran qalıb hüsnünə sənin,
Əllərin kimlərə əl açıb, Laçın?

Gör neçə ildir ki, səni görmürəm,
Min şirin xəyalla yenə dözürəm.
Bağlıdır yollarım, gələ bilmirəm,
Xəyalım qoynuna yol açıb, Laçın.


MƏN SƏNİN NƏYİNƏM?

Mən sənin nəyinəm,
Kiminəm, söylə?


Gah mənə yaxınsan,
Gah da ki uzaq.
Gah mənə doğmasan,
Gah günah, yasaq.

Gah tutub əlimdən
Ümid verirsən,
Gah məni boşluqda
Qoyub gedirsən.

Həsrətin, kədərin,
Qəmin iziylə
Mən sənin nəyinəm.
Kiminəm, söylə?

Gah məni saxlayır
Söhbətin, sözün,
Gah da ki, yandırır
Alovun, közün.

Nə olar, bir düşün
Özün özünlə.
Mən sənin nəyinəm.
Kiminəm, söylə?

Ya çək əllərini,
Get əllərimdən,
Ya da mövqeyini,
Yerini bildir.

Bu qədər əzizkən
Belə yad olan,
Bu qəribə insan
Bilim kimindir!


Bir payız günündəyəm...

Hava bir az buludlu,
Dolaşıram küçədə,
Ürəyim əllərimdə,
Könlüm sənə vuruldu...
Əsən sərsəri külək
Səpələyir yerlərə
Son bahar yarpaqların.
Qarışdırır ağlımı
O əlçatmaz, o sirli,
O nağıl xəyalların.
Sözlər qalır dilimdə,
Kəlmələr hüzn dolu.

Bu həsrətlər, kədərlər,
Bu, sənsizliyin yolu...
Soyuq, səssiz küçədə
Yerlərdədir yarpaqlar.
Gözlərimin önündə
Son bahar tablosu var,
Bir rəssam istəyirəm...
Könlümdəki soyuğu,
Həsrət duyğularımı,

Bu dilsiz hisslərimi
Tabloya çəkə bilsin.
Mənə anlatsın məni,
Kəlmələr, sözlər sussun,
Gözlərimi oxusun,
Halımı çözə bilsin...

Bir payız günündəyəm...
Küçələr qəfəs kimi,
Hər yer sarı yarpaqlar.
Səssiz, soyuq ürəyim,
Sanki son nəfəs kimi...

Gilə ƏLİQIZI.
"Laçın yurdu" jurnalı, №1(12), 2014, səh. 28-29


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: