NAZİLƏ NİHAN (1955)

NAZİLƏ NİHAN (1955) Nazilə Nihan Ağayeva - 1955-ci ildə Ağdam şəhərində doğulub.
Orta məktəbi bitirdikdən sonra Bakıda
Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alıb.
Bir neçə il öz ixtisası üzrə müəllim işləyib.
1994-ildən məcburi köçkün kimi Bakıda məskunlaşıb.

Amerikanın "Mers Korpus" Beynəlxalq Humanitar
təşkilatı
nda ictimai təşkilatçı kimi işləyib.

İraq-Türkman Yazarlar Birliyinin üzvüdür.
“Məcməüş-şüəra” “Vahid” poeziya məclislərinin daimi iştirakçısıdır.

"Tanrını ağladan şair" adlı kitabı İraqda,
"Sürünür ahım sürünür" adlı kitabı Bakıda çap olunub.

Türkiyədə və Azərbaycanda çap edilən antologiyalarda,
o cümlədən, "Zirvə" poeziya antologiyasında,
"Vətən", "Canım Azərbaycanım", "Şah dağı", "Ləlvər dağı",
"Buta" "Poeziya çələngi"
və s. ədəbi məcmuələrdə öz şeirləri ilə iştirak edib.
Dövrü mətbuatda müntəzəm çap olunur.

"Abdulla Şaiq", "Zirvə", "XXI Əsrin ziyalısı" "Qızıl qələm" mükafatları laureatıdır.
"İlin vətənpərvər şairi" Fəxri diplomu ilə təltif olunub.

Hazırda Bakıda yaşayır. Ailəlidir, üç övladı var.

Biz də çox hörmətli Nazilə xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Firəngiz İBADOVA,
ZiM.Az



NAZİLƏ NİHAN (1955) ARZUNA ÇATASAN ELƏ
(Ustadnamə)


Dünyanın yaxası keçə əlinə,
Çıxarıb oxundan atasan elə!
Çəkəsən qul deyib qul bazarına,
Dəyər dəyməzinə satasan elə!
*
Sazını sındırıb verib əlinə,
Gündə dag basasan zəhər dilinə!
Yük üstdən yük vurub əyri belinə,
Günah,vəbalına batasan elə!
*
Özütək salasan özün kələyə,
Diz çöküb yalvara zalım fələyə,
Külünü ələyib verib küləyə,
Qalanın torpaga qatasan elə!
*
Gərdişi tərs gələ əzəl binadan,
Can verə vurdugun dərin yaradan,
Heyfinin birini alıb dünyadan,
Çoxdankı arzuna çatasan elə!


DAŞ ÇÖHRƏLƏR

Kipriyimdən daş asılıb,
Gözümdən su içir ümid.
Bəhanələr daşdan betər,
Qorxudan yan keçir ümid!
*
Səndə arzularım kimi,
Sal daşmısan,qayamısan?
Bəlkə heç insan deyilsən,
Daş xəyaldan yaranmısan!
*
Qara daşa döndərəcəm,
İçimdəki pöhrələri,
Bəlkə mən də bir daş olub,
Görməyim daş çöhrələri!


NAZİLƏ NİHAN (1955) KÖNÜLLÜ GEDƏRƏM ÖZÜM EDAMA

Zaman hökm oxudu mən dogulanda,
Qoluna həsrətdən qandal vurulsun!
Çarmıxa çəkilsin dar agacında,
Hicranın əliylə edam olunsun!
*
Edamından əvvəl bir süfrə açın,
Çəkdiyi ahları yedirin ona,
Doyanda bir böyük qədəh gətirin,
Tökdüyü göz yaşın içirin ona!
*
Məşşatə çagırın,adı Qəm olsun,
Saçını agappaq boyasın bunun!
Dərzi də çagırın, zülmət gecədən,
Tikib geyindirsin əyninə donun!
*
Alnına intizar qırışı düzün,
Məyusluq rəngi də yaxın üzünə!
Alın dodagından təbəssümünü,
Kədərdən sürmə də çəkin gözünə!
*
Götürün tullayın, məhəbbət tacın,
Könlünü sındırıb viranə qoyun!
Nə qədər inamı sədaqəti var,
Dərisi qarışıq canından soyun!
*
Bir ömür sevgiyə həsrət dolansın,
Nə bir dost tanısın,nə güvən bilsin.
Yerinə təkəbbür,şübhə doldurun,
Şeiri,şeriyyəti büynindən silsin!
*
Bu hokm yerinə yetərsə əgər,
Bir şeytan yaranıb bənzər adama!
Bar şeirə dəymə,onu da alsan,
Könüllü gedərəm özüm edama!


NAZİLƏ NİHAN (1955) SEVDAM

Sinəmə sıgınıb qərib quş kimi,
Özü öz dərdinə aglayan sevdam!
Həsrəti könlümü,dərdi sinəmi,
Göz yaşı gözümü daglayan sevdam!
*
Bagrıma basdıgım daş da göyərdi,
Sorduqca günahım demədi nəydi,
Fələk bir daş atdı,bizəmi dəydi?
Daş dəyən yarası qanayan sevdam!
*
İçimdə göyərən ümidlər soldu,
Ürək göynədikcə gözlərim doldu,
Ayrılıq boynumun borcumu oldu?
Külünü odlara qalayan sevdam!
*
Getdiyin o yollar vallah dillənməz,
Gedən bəlli deyil gələr,ya gəlməz,
Nə bu sevda bitməz,nə həsrət ölməz,
Ümidin gümana baglayan sevdam!


AHIM SÜRÜNÜR

Şair biz gələn ellərdə,
Daglar dumana bürünür.
Sənin ahının dalınca,
Mənim də ahım sürünür!
*
Kəlbəcərdən laçınacan,
Qar-qar çaydan Xaçınacan,
Düz Agdamın içinəcən,
Sürünür ahım sürünür!
*
Tanrı bizə yumub gözün,
Qayıtmaga vermir izin,
Qarabagı dizin dizin,
Sürünür ahım sürünür!


NAZİLƏ NİHAN (1955) D A Ş

Vətən, hardan daş atsalar,
Yan keçmədi, sənə dəydi.
İkimizin qürurun da
O atılan daşlar əydi!

Səni yağlı tikə kimi,
Gələn gedən didişdirdi!
Zəncirini qırıb gələn,
Dişin sənə ilişdirdi!

Hansı daşı qaldırdıqsa,
Altından daş atan çıxdı!
Çöldən bizi düşmənimiz,
İçimizdən satqın yıxdı!

Yurdumuzu şeytan kimi,
Daşa basıb daşladılar!
Dikələnə göz ağardıb,
Dənləməyə başladılar!

Dinmə deyib ağzımızı,
Daş kəsəklə qapatdılar!
Görmə deyib gözümüzü,
Barmaq salıb çıxartdılar!

Düşmənlərə söykənənlər,
Şəhidimə dil uzatdı!
Qaziləri alçaldanlar
Basıb yarasın qanatdı!

Dünya tamam birlik olub,
Bu meydanı etsə də dar!
Bir orduyla tək döyüşən,
Mübariz tək igidlər var!

Biz əzilib məhv olarıq,
Sən düşmənlərə əyilsən!
Daş atana daş atarıq,
Vətən, sahibsiz deyilsən!
23.04.2020


SƏNSİZ QALMIŞAM

Ayrılıq bu eşqin alın yazısı,
Çiynimin qəm yükü,möhnəti oldu.
Bu dəli könlümün dəli sevdası,
Sən dedi,sənsizlik qisməti oldu.

Həsrətin özündən insafsız imiş,
Könlümə dağını dağ üstən basdı!
Neçə dar ağacı qurub yan-yana,
Birindən düşürüb birindən asdı!

Zərrədən də kiçik ümid işığın,
Gələn sabahımdan borc tək almışam!
Sən bircə gün belə mənim olmadın,
Nədən yoxluğunda sənsiz qalmışam!
04.01.2020


SAZDA BİR HAVA ÇAL

Sazda bir hava çal, ay el aşığı,
Tərpədib könlümü ağlatsın məni!
Ya bir xəncər kimi kəsib doğrasın,
Yada dərman olub sağaltsın məni!

Asta gəz pərdədə, qoy teldən ötüb,
Könlümün simində çoxda çalmasın!
Canım o gördüyün can deyil daha,
Çatsın bir mənzilə, yolda qalmasın!

"Ruhani" ruhumdan süzülüb keçsin,
"Kərəmi" Kərəmlə gəlsin yanıma!
Pəsdən oxuduğun o müxəmməslər,
Bir az şənlik qatsın məyus halıma!

Mizrab ağlatdıqca sazın simlərin,
Gözümdən qan axdı, yaşdı dedilər!
Həsrətdən alışıb ocaq tək yandım,
Yandıqca dinmədim, daşdı dedilər!

Nə yerə sığıram, nədə ki, göyə,
Dünyamı dar imiş, ya mən havalı?
Başımı götürüb qaçmaq istərəm,
Ayrılıq üstündə hava çalalı!

Çal aşıq,lap zilə qaldır səsini,
Dərdimə çarə var xoş avazında!
Unudaq dünyanı, eşqin dastanın,
Mən könlümə yazım, sən çal sazında!


DAŞ KİTABƏYƏM

Mən bir daş kitabəyəm,
Mamır içində itmiş.
Rüzgarlar yaladıqca,
Xeyli yazısı getmiş!

Ağlayan buludların,
Göz yaşında islanan.
Əlçatmaz qayaların,
Qucağına yaslanan!

Mən o daş kitabəyəm,
Çatlayıb qəlpələnmiş!
Dərin dərələr boyu,
Qəlpəsi səpələnmiş!

Hər cümləsi bir zəfər,
Hər qəlpəsi bir savaş.
Tarixin qucağında,
Uyuyur yavaş-yavaş!

Şair tək şair deyil,
Zamanın nəfəsidir!
Hər şair öz xalqının,
Bir daş kitabəsidir!


REKVİEM

Xərabə könlümü gəzib gəlirsən,
Söylə bir qığılcım görə bildinmi?
Gözünün yaşını ovcuna yığıb,
Ordakı izlərdən bir az sildinmi

O izlər lap çoxdan quruyub qalıb,
Adi göz yaşıyla silə bilməzsən!
Çoxda zəhmət çəkmə, nəyinə lazım,
Orda nələr yatır bilə bilməzsən!

Ort konül qapımı,qoy bağlı qalsın,
Açsan dərdi dərddən seçəsən gərək!
Yıxılmış könlümdən yolunu salma,
Gəlsən xərabədən keçəsən gərək!

Gücün yox qəlbimi abad edəsən,
Uçuran daşını daş üstə qoymaz!
Sevginin ümmanı dərindir gülüm,
Sən damcı tökməklə o ümman dolmaz!

Tərpətmə o yatmış xatirələri,
Ağlayıb doydunsa vaxtında dur get,
Can verən bir eşqi lal şahid kimi,
Nə qədər bacarsan uzaqdan seyr et!


ELEGİYA

Yenə şıltaqlığın tutub deyəsən,
Yüyürüb qayaya sarılan dəniz!
Ləpələr əlimi öpüb qaçdıqca,
Bir azca qısqanıb, darılan dəniz!

Səhər meh əsəndə mürgüdən durub,
Təlatümə gəlib gərilən dəniz!
Gah küsüb sahildən geri çəkilən,
Gah da ayağına sərilən dəniz!

Arada fəlakət gətirsə belə,
Dibində xəzinə yatirsa belə,,
Huhun gəmisini batirsa belə,
Musaya haqq üçün yarılan dəniz

Bir gözü ağlayıb, bir gözü gülüb,
Gecələr dərdini Ay ilə bölüb!
Sahildən izlərin hamısın silib,
Dincəlib uyuyur, yorulan dəniz!
28.05.2018.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: