TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV Azərbaycan Respublikasında tanınmış Əməkdar meşəçi Teyyub Mirzəməhəmməd oğlu Axundovun 23 oktyabr 2015-ci ildə anım günüdür.
Allah rəhmət eləsin!


O, 1932-ci ildə Lənkəran şəhərində Mirzəməhəmməd ağanın ailəsində dünyaya göz açmışdır. 1950-ci ildə Lənkəran şəhər orta məktəbini bitirdikdən sonra elə həmin il Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuşdur. O, təhsilini başa vurduqdan sonra təyinatını mütləq öz döğma diyarına alacağını qətiləşdirmişdi. Arzuladığı gün gəlib çatdı.
Teyyub Axundov 1955-ci ilin avqust ayında Astara Meşə Təsərrüfatı İdarəsində sıravi meşəçi kimi işə başlayır. Peşəsinin vurğunu olan T. M. Axundov dörd aydan sonra Astara Meşə Təsərrüfatı İdarəsinə baş meşəbəyi vəzifəsinə təyin edilir. Elə o gündən də təsərrüfatda vəziyyət yaxşılığa doğru dəyişməyə başlanğıc götürür.
Teyyub müəllimin peşəsinə vurğunluğu, zəhmətə bağlılığı, halallığı, ətrafındakı insanlarla münasibət qurmaq bacarığı hədər getmir və həm də diqqətdən kənarda qalmır. Teyyub Axundov 1961-ci ildə daha böyük təsərrüfata -- Lənkəran Meşə Təsərrüfatı İdarəsinə direktor təin edilir. Onun 28 yaşı hələ yenicə tamam olurdu. Bu yaşda böyük bir idarəyə rəhbər təyin olunması çox şey deyirdi. Teyyub müəllimin dediyinə görə, o, təyinat anını bu gün də tez-tez xoş xatirə kimi yad edir. O, ilk əvvəl deyilənlərə inanmamış və bu yaşda respublkanın böyük meşə təsərrüfatlarından birinə rəhbər təyin edilməsini ağılına sığışdıra bilməmişdir. Əmri görəndə gerçəkliyə qayıtmış, etibar etdiyi ağsaqqalların məsləhətini eşidərək razılıq vermişdir.
Teyyub Axundov təzə vəzifədə işə başladığı ilk gündən 27 min hektardan çox sahəsi olan Lənkəran Meşə Təsərrüfatında çalışan əməkdaşlarla görüşüb ətraflı söhbət apardıqdan sonra ona tapşırılmış meşə sahələrini atla, yeri gələndə piyada qarış-qarış gəzib tanış olur. Bu meşələrdə nadir ağac növlərindən
dəmirağacı, ipək akasiyası, yunan qozu, şabalıdyarpaq palıd və s. ağac növləri geniş yayılmışdır. Lənkəran meşələrində 50-dən çox nadir ağac növünə rast gəlinir ki, hamısı da bir-birindən qiymətli, dəyərli, faydalıdır. Bu qədər nadir ağac növlərinin yayıldığı meşələri qorumaq, qayğısına qalmaq və gələcək nəsillərə ötürmək çətin olsa da, bu işin öhdəsindən Teyyub müəllim şərəflə gələrək 50 ildən artıq Lənkəran Meşə Təsərrüfatına rəhbərlik etmişdir. İşlədiyi dövrdə Talış meşələrinin flora və faunasının qorunması, mühafizə edilməsi və təkrar istehsalı sahəsində böyük işlər görmüş, indiki və gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmişdir. Onun yetişdirdiyi hər ağac, hər kol canlı tarixə çevirilərək, nəsillərin yaddaşında onu əbədi yaşadacaqdır.
Bu, artıq faktdır ki, Teyyub Axundov dağ yamaclarında 700 hektardan çox qozmeyvəli ağac cinslərindən ibarət meşəliklər və bağlar saldırmışdır. 300 hektardan çox sahədə sitrus bitkilərinin boy atdığı plantasiyalar artıq bar verir. 500 hektarlıq sahədə isə eroziya təhlükəsini aradan qaldırmaq məqsədi ilə 3-cü dövrdən qalmış relikt ağac növlərindən ibarət salınmış qarışıq meşələr bu gün göz oxşayır. Rayonun ərazisində hakim küləklərin ziyanverici təsirinin qarşısını almaq, torpaqların münbütliyini saxlamaq məqsədi ilə müxtəlif ağac cinsilərindən ibarət 45 kilometr uzunluğunda (450 hektar) dövlət əhəmiyyətli qoruyucu meşə zolaqlarının salınması məhz onun gərgin əməyinin nəticəsidir.
Bütün bunların hamısı Teyyub müəllimin təbiətə, onun gözəlliklərinə, Vətənə, el-obaya olan məhəbbətinin, vurğunluğunun əyani göstəricisidir.
Teyyub Axundovun meşə ağaclarının introduksiyası sahəsində də böyük əməyi olmuşdur. Daşpalıdın,
palmanın, sidr şamının, mavi küknarın, peykan qozunun, evkalipt və s. növlərin Talış zonası şəraitində yetişdirilməsi də onun uğuru sayılmalıdır.Teyyub müəllim meşəçi kadrların yetişdirilməsinə də böyük əmək sərf etmişdir.
Teyyub Axundovun əmək uğurlarının göstəricisi olan, heç də hamısı yer almamış siyahını oxucularımızın diqqətinə çatdırırıq: SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 oktyabr 1966-cı il tarixli fərmanı ilə SSRİ meşə mühafizəsində uzun müddət qüsursuz işlədiyinə görə “Əmək igidliyinə görə” medalına layiq görülmüşdür.
Azəbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 6 dekabr tarixli fərmanı ilə Azəbaycan SSR Əməkdar meşəçisi fəxri adı verilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə “Xalqlar Dostluğu”, SSRİ Ali Soveti Rəyasət Heyyətinin 13 avqust 1986-cı il tarixli fərmanı ilə “Oktyabr İnqilabı” ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin 31 avqust 1989-cu il qərarı ilə “Əmək Veteranı” medalına layiq görülmüşdür.
Tanınmış meşəci həm də ürəyiyumşaq, mülayim adam olmaqla, elin, obanın xeyrində, şərində yaxından iştirak etmiş, küsülüləri barışdırmış, qırıq könüllərə sevinc gətirmişdir. Demək olar ki, bütün Lənkəran mahalında tanınmış ağsaqqallardan biri olmuşdur.
Teyyub Mirzəməhəmməd oğlu Axundov 23 oktyabr 2014-cü ildə vəfat etmiş, Lənkəran şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Onun unudulmaz xatirəsi əzizlərinin, birgə işlədiyi sadə əmək adamlarının, onu tanıyan görkəmli alimlərin, çoxsaylı dostlarının qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

Əlləz VƏLİYEV ORMEŞƏNLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: