Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı uzun illər ərzində keşməkeşli və mürəkkəb yollardan keçib. Milli mətbuatımız müstəmləkəçiliyə, cəhalətə, savadsızlığa qarşı mübarizə apararaq formalaşıb. Artıq ölkəmizdə özünəməxsus ənənələri olan müstəqil jurnalistika məktəbi mövcuddur. Ölkə mətbuatı üzərinə düşən çətin və şərəfli missiyanı bu gün də layiqincə yerinə yetirir. AMEA mətbuatı da ölkə jurnalistikasının bir parçası kimi həmin tarixi ənənələrə sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir, cəmiyyəti məlumatlandırmaqda davam edir.
Bu il Azərbaycan mətbuatının yaranmasından 146 il ötür. 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan tarixində ən mühüm hadisələrdən biri idi. Həmin il iyulun 22-də Azərbaycanda milli mətbuatın əsası qoyuldu. Çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürən “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə yol açdı.


Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradıldı. KİV-lərin cəmiyyətdə rolunu hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı konkret addımlar bu sahənin sürətlə inkişaf etməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxardı.
Ümummilli liderin mətbuata xüsusi diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan mətbuatının bugünkü inkişafında dövlət başçısının xüsusi payı, xidmətləri var. Hökumət mətbuatın azad inkişafına diqqət yetirərək, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaradır.


Ölkə başçısı İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə 135 illik, 2020-ci ildə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.
Bu gün Azərbaycan mətbuatı tamamilə yeni bir mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır.
Azərbaycan mətbuatının keçdiyi mübarizə yolu onun demokratik dünyanın tərkib hissəsi olduğunu sübut edir. Bu gün ölkənin əksər media qurumları Azərbaycan dövləti tərəfindən dəstək görür və müstəqil şəkildə inkişaf edərək milli və ictimai maraqlara xidmət edir. Azərbaycan mediası, xüsusən də bir sıra xəbər portalları dünyada tanınır. Ölkəmizdə bir neçə xarici dildə fəaliyyət göstərən media qurumları var ki, onlara artıq beynəlxalq aləmdə istinad olunur.
Məlumdur ki, 2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda da mürəkkəb, ağır hadisələrlə yadda qaldı.
Ötən ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoydu.
Koronavirus pandemiyası bütün dünyada mətbuatın necə güclü vasitə olduğunu bir daha gündəmə gətirdi, 4-cü hakimiyyət funksiyasını aktuallaşdırdı. Azərbaycan mətbuatı da pandemiya dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etdi. Mütəmadi olaraq koronavirusla bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır.
Ölkədə xüsusi karantin rejiminin elan edildiyi, təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırıldığı və digər məhdudiyyətlərin tətbiq olunduğu dövrdə mətbuatımız – həm televiziya kanalları, həm qəzetlər, həm də xəbər portalları öz fəaliyyətini əvvəlkindən də operativ formada davam etdirdi.  
Jurnalistlərimiz cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayandılar. Pandemiya dövründə sözün həqiqi mənasında fədakarlıq göstərən peşəkar media nümayəndələri öz operativliyini qoruyaraq həm COVID-19 pandemiyası, həm də dünya və ölkə gündəmində olan digər mövzularda cəmiyyəti məlumatlandırmaqda davam etdilər.
İlk günlərdən etibarən koronavirusun qarşısının alınması üsulları haqqında mətbuatda mütəmadi çıxışlar edildi, məlumat xarakterli materiallar dərc olundu. Alim və mütəxəssislərin COVID-19-un növləri, diaqnostikası, o cümlədən bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri nəşr olundu, televiziya və internet saytlarında məzmunlu müsahibələri təqdim edildi.
Cəsarətli KİV nümayəndələri koronavirusa yoluxma təhlükəsini belə gözə alaraq tez-tez virus ocaqları olan yerlər – müxtəlif tibb mərkəzləri, modul tipli xəstəxanalardan canlı yayımlar edir, reportajlar hazırlayır, insanları maarifləndirirdilər.
Dövlət tərəfindən koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən bütün tədbirlər, rəsmi qərarlar, brifinqlərdə verilən məlumatlar tez bir zamanda ictimaiyyətin diqqətinə çatdırılırdı.
Nəzərə almaq lazımdır ki, medianın ekstremal vəziyyətlərdə, xüsusilə insanların sağlamlığına qlobal təhlükənin mövcud olan şəraitdə fəaliyyəti həqiqətən ondan yüksək peşəkarlıq tələb edir. Bu dövrdə jurnalistlər də “əsgər” kimi ön cəbhədə vuruşdular.
Ötən il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün 2-ci sınaq oldu. Həmin gün bütün ölkə əhalisi müzəffər Azərbaycan Ordusu tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi xəbərini mediadan aldı.
44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı.
Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi.
Cari il iyunun ayının 4-də Azərbaycanın 2 jurnalistinin - Sirac Abışov və Məhərrəm İbrahimovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi. II Qarabağ müharibəsinin şəhid jurnalistləri kimi tarixə düşən gənclər Azərbaycan xalqının yaddaşında və mətbuat tariximizdə əbədi yaşayacaq.
AMEA mətbuatı da öz növbəsində həm müharibə, həm də pandemiya dövründə fəaliyyətini yüksək səviyyədə quraraq COVID-19-la bağlı ölkədəki ən son vəziyyətə dair məlumatların cəmiyyətə operativ ötürülməsi, eləcə də müharibə dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etdi. Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində medianın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Ölkə ziyalıları kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırdılar.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə dünyanın müxtəlif nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini nümayiş etdirdi. Ölkə rəhbəri səlis nitqi və ciddi arqumentləri ilə dünya mediasında qətiyyətli iradə göstərdi. Müharibənin əsl mahiyyətini izah edərək, ona ünvanlanan suallara kəsərli cavablar verdi.

İnanırıq ki, həm pandemiya, həm də müharibə dövründə işıqlı fəaliyyətilə seçilən jurnalistikamız bundan sonra da öz işini uğurla davam etdirəcək, cəmiyyətin güzgüzü funksiyasını müvəfəqiyyətlə yerinə yetirəcək.

Nərgiz QƏHRƏMANOVA, 
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr və informasiya
şöbəsinin sektor müdiri, dissertant


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: