BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİMəqamı gələndə ölümü qarşılamaq ən böyük elmdir.
M.C.Rumi


Ən çox sevdiyin, hörmət bəslədiyin, sənə həmişə əziz olan adam haqqında yazmaq həmişə çətindir. Həmin adam haqqında artıq keçmiş zamanda danışmaq isə ikiqat çətin və ağrılıdır. Üstəlik bu adamın tanınmış alim, şair, publisist, ömrünü elmin və elinin inkişafı naminə şam kimi əridən böyük ziyalı olması, şöhrətinin bir el çərçivəsini aşaraq Türk dünyasına yayılması söz demək məsuliyyətini daha artırır.

Valeh Hacılar... Bu imza çoxlarına tanışdır, doğmadır. Kiminin dostu olub, kiminin həmkarı, müəllimi. Məhsuldar alim ömrü yaşayıb, şair kimi oxucuların könlünə yol tapıb, ictimai xadim kimi hər yerdə hörmətlə qarşılanıb. Onu hər yerdə seviblər, sayğı göstəriblər.

Mən də ona həmişə böyük rəğbət bəsləmiş, cəfakeş alim zəhmətinin bəhrəsi olan əsərlərini, minlərlə oxucunun qəlbinə yol tapan şeirlərini sevə-sevə oxumuş, şirin və məzmunlu söhbətlərini dinləməkdən doymamışam. O, mənim həm də ruh qohumum idi, aramızdakı yaş fərqinə baxmayaraq səmimi dost idik. Son illərdə isə Bakıya elə bir gəlişi olmazdı ki, mənimlə görüşməmiş getsin. Hətta bir dəfə onun doğmaca əmisi oğlu Sayaddan Valeh müəllimin nə vaxt Bakıya gələcəyini soruşanda zarafatla mənə belə demişdi: Onun Bakıya nə zaman gələcəyini sən bizdən yaxşı bilərsən. Çünki o, Bakıya gələndə bizimlə görüşməyə imkanı olmasa da, səninlə mütləq görüşür.

Hər dəfə yolu doğma Darvaza düşəndə də mütləq mənim kənddə olub-olmadığımla maraqlanar, kənddə olduğumu biləndə dalımca uşaq göndərib çağırtdırardı... Hər söhbətinin əvvəli də Darvaz idi, sonu da. Borçalının ayrı-ayrı kəndləri, o cümlədən də Darvazla bağlı olduqca qiymətli arxiv materiallarını üzə çıxarıb nəşr etdirmişdi.

Doğma elinin-obasının, onun aranının, dağının, çölünün-çəməninin, gülünün-çiçəyinin vurğunuydu, hər çəhliminə, hər gədiyinə, hər qayasına bələd idi. Darvaz onun üçün dünyanın əsl cənnət guşəsi idi. Hər dəfə kəndə gələndə ruhu təzələnir, cavanlaşır və şair qəlbi cuşa gəlir, “burdan qayıdanda yaşa doluram, bura qayıdanda gəncləşir ürək”, – deyirdi. Ayna bulaqlarını vəsf etməkdən doymurdu:

Bu bulaq necə də sərindi, nənə,
Suyu şəkər kimi şirindi, nənə,
Üzümə dağların havası dəydi –
Bizim Ortabulaq göründü, nənə.

Həyatdan vaxtsız köçəcəyi ürəyinə dammışdımı, nəydi Ulu Tanrının səxavətindən payı bol olan Darvazın əsrarəngiz gözəlliyini doyunca seyr etmək üçün qırx göz istəyirdi:

Qırxbulaq gözəldi, mən hardan alım
Baxıb oxşamağa qırx gözü, nənə.

Saf idi, Darvazın ayna bulaqlarının suyu kimi dumduru idi. Onu heç nə bulandıra bilməmişdi. Və onun bu duru qalmağının səbəbi də çox sadə idi, özü bunu belə izah edirdi:

Mən ki, su içmişəm Quyubulaqdan,
Axaram durula-durula, nənə.

Bu gün Valeh müəllim haqqında düşünərkən yadıma alman filosofu Şopenhauerin nə vaxtsa qeyd dəftərçəmə yazdığım bir fikri düşdü: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”. Sanki Valeh müəllimin boyuna biçilib bu sözlər. Və bir də R.Taqorun belə bir fikri xatırlayıram: “Böyük torpaq adicə otun sayəsində qonaqpərvər olur”. Bəli, torpaq adicə otu ilə də tanınırsa, xalq böyük oğulları ilə tanınır. Valeh müəllim kimi oğullar zaman-zaman elinin-obasının, mənsub olduğu millətin şöhrətini uzaq-uzaq ellərə yayacaq, xalq da onları əbədi yaşadacaq.

Valeh müəllim cəmisi 59 il yaşadı. Amma bu 59 ildə bir neçə ömrə sığmayacaq qədər işlər gördü. Həyatda daim alnıaçıq, üzüağ yaşadı, dünyada heç kimdən, heç nədən, hətta ölümdən belə çəkinmədi. Çünki heç kimin yanında gözükölgəli deyildi, özündən sonra adına kölgə salacaq, övladlarına dilgödəkliyi gətirəcək bir əməli olmamışdı. Vaxtilə Volter deyirdi: “Ölümdən kimlər qorxar və kimlər ondan boyun qaçırmaq istər? Günahkar ondan qorxur, bədbəxt onda nicat axtarır, igid ona meydan oxuyur, müdrik isə təəssüf hissi keçirmədən onu qəbul edir”.

Bəli, Valeh müəllim vaxtsız ölümü də özünəməxsus müdrikliklə qarşıladı. Ölümündən 26 il öncə – 1984-cü ildə yazdığı bir şeirindən misal gətirdiyim bu bənd də elə həmin müdrikliyin, uzaqgörənliyin nişanəsidir:

Dünyadan gedərik – izimiz qalar,
Söhbətimiz qalar, sözümüz qalar.
Nə qədər yansaq da, külə dönsək də,
Hardasa, kül altda közümüz qalar.

Valeh müəllim bu gün aramızda olmasa da, özü demiş, söhbətiylə, sözüylə bizimlədir, həmişə də bizimlə olacaq. Çünki Xalq şairi Zəlimxan Yaqub demiş:


Baxmağa güzgüsü, aynası yoxdu,
Yüz il yaşasa da mənası yoxdu.
Diri ölülərin dünyası yoxdu,
Bu dünya əbədi dirilərindi.

Musa NƏBİOĞLU,
Darvaz.com
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: