ŞƏKƏR AĞA Borçalı, Bolus, Tarix, Unutsaq, unudularıq!.. 18 Nisan Borçalının sayılıb-seçilən ağalarından biri də Şəkər ağa (Məhəmməd) idi. O, mərd, cəsarətli, sözübütöv bir şəxs kimi tanınırdı. Birinci Dünya Müharibəsi, Rusiya ordusunun Osmanlı torpaqlarından geri çəkilməsi, Borçalı uğrunda erməni-gürcü müharibəsi onun gəncliyi dövründə baş vermişdi. Şəkər ağa həmin dövrdə baş vermiş hadisələrin fəal iştirakçılarından biri idi. Ermənilərə qarşı Sadaxlı, Sarallar döyüşlərində gürcü ordusunun tərkibində döyüşmüş, Qızılhaclı, Kəpənəkçiyə ermənlərin hücumunun qarşısını almaq üçün Arıxlıdan göndərilən süvari dəstəsinin tərkibində idi. Erməni silahlıları nəinki bu kəndlərə hücum etdilər, onlar həm də Arıxlı və Kolagir kəndlərini atəşə tutdular. Düşmən tərəf Xram çayını sol sahilində, Kolagir kəndinin üst tərəfində yerləşən təpəlikdə (Tapan), qədim Qıpçaq kilsəsi yaxınlığında mövqe tutaraq hər iki kəndi atəşə tutub. Arıxlı və Kolagir kəndləri düzənlik ərazidə yerləşdiyindən böyük insan tələfatı ola bilərdi. Vəziyyətin ağırlaşdığını görən Qurban ağa Emin ağa oğlu arıxlılara müraciət edir: "Silahı olanlar kəndi müdafiə etmək üçün toplaşsınlar". Qısa müddətdə beşaçılan tüfənglərlə silahlanmış arıxlılar Xram çayının sağ sahilində, Tapanın Arıxlı tərəfində mövqe qururlar və döyüş şiddətlənir. Ermənilərdə beşaçılandan başqa, pulemyot da olur. Bu səbəbdən də vəziyət getdikcə ağırlaşır. Bunu görən Qurban ağa gənclərə müraciət edir: "Kim erməni pulyemotçusunu susdura bilər". Şəkər ağa bu vəzifəni öz üzərinə götürür. O, çayı döyüşün getdiyi yerdən bir neçə kilometr yuxarıdan geçərək qarşı tərəfə keçir və Tapana (təpə üzərindəki düzənlik) çıxır. Həmin dövrdə Tapan sıx otla örtülü olur. Şəkər ağa düşmənə güllə məsafəsində yaxınlaşır və pulyemotçunu nişan alaraq atəş açır. Sərast atəşlə onu öldürür. Ermənilər arasında çaşqınlıq yaranır, güllənin haradan atıldığını müyyənləşdirənə qədər Qurban ağa Səkər ağaya dəsdək olaraq çayın o biri sahilinə ikinci dəsdə göndərir. Ermənilər iki istiqamətdən atəş altına düşür və mövqeylərini tərk edirlər. Nəticədə Arıxlı və Kolagir kəndlərində azərbaycanlıların qırğının qarşısı alınır. Gürcüstanda bolşeviklər hakimiyyətə gələndə vəziyyət tamamilə dəyişir. Varlıların var-dövləti əllərindən alınır, kolxozlar qurulmağa başlanır. Bu, 1931-ci ildə Arıxlıda üsyana səbəb olur. Üsyan yatırıldıqdan sonra kəndin söz sahibləri həbs olunur. Həbs olunanlardan biri də Şəkər ağa idi. Bir il həbsxanada yatdıqdan sonra azadlığa buraxılan Şəkər ağa Arıxlıya qayıdır. Sürgündən qayıtdıqdan 5 il keçməmiş 1937-ci ildə yenidən Şəkər ağanı həbs edirlər. O, var-dövlətini kolxoza vermişdi. Yerli güc strukturları ondan kəndə qaçaqlar gəldikdə milis rəisinə məlumat verməsini tələb edirdilər. Amma Şəkər ağa şərəfli, mərd bir adam idi. Qaçaqlar Arıxlıya dəfələrlə gəldilər də, maneəsiz çıxıb getdilər də. Onların arasında Şəkər ağanın yaxşı tanıdığı adamlar da vardı. O, bir dəfə olsa belə güc strukturlarına məlumat vermədi. Bu da sonunda onun həbsi və güllələnməsi ilə nəticələndi. Şəkər ağa mərd, cəsarətli olmaqla yanaşı, həm də alicənab, əliaçıq bir şəxs idi. Mehdi Qurbanov «Ömür kitabından vərəqlər…» də yazır: «O, Tanrıverdi babamın qohumu olub. Bıcım (anam Güləndam) deyirdi: «Mən təzə gəlin köçmüşdüm, necə oldusa, Şəkər ağa atın belində bizim qapıya gəldi. Dedi ki, ay Tanrıverdi gəlinin haradadır, qoy bayıra çıxsın. Qoy mənə bir qab su versin. Mən çıxmaq istəmirdim, utanırdım. Nəhayət, qızlar məni məcbur göndərdilər və mən ona bir qab su uzatdım. O suyu aldı və, «maşallah, gözəl gəlinin var. Xoşbəxt olsunlar» dedi və boygörməsinə bir cöngə bağışladı. Sonralar 1937-ci ildə onu da tutub sürgünə göndərdilər».Borçalı qazısı olmuş Yusif Əfəndinin nəvəsi Şəfkət Əfəndiyevə söylədiklərindən: «Onun Borçalı çökəkliyində böyük hörməti vardı. Mənim həyat yoldaşım Baydar kəndindən idi. Tez-tez Arıxlıdan Baydara caladan (çala) keçməklə piyadə gedərdim. Bir gün caladakı meşəlikdə qarşımı qaçaqlar kəsdi. Qaçaqlar silahı mənə doğru yönəldib haradan gəlib, haraya getdiyimi və kimlərdən olduğumu soruşdu. Arıxlıdan olduğu bildirdikdə Şəkər ağanı soruşdular. Şəkər ağanın qardaşı Səməd ağa ilə quda olduğumu bildirdim. Qaçaqlar tüfənglərini aşağı saldılar, Şəkər ağaya salamlarının çatdırılmasını xahiş etdilər və atlarına minib uzaqlaşdılar». Şəkər ağa heç kimin haqqını tapdalamaz, kimsənin də haqqının tapdalanmasına imkan verməzdi. O vaxt Kosalar kəndində çox sayda oğru vardı. Bir gün Arıxlıda bir kasıb qadının inəyini onlar oğurlayırlar. Oğrular inəyi kəsib ətini öz aralarında bölüşdürürlər. Qadın Şəkər ağadan kömək istəyir. O inəyi geri qaytarmaq üçün Kosalar kəndinə getməli olur. Lakin yuxarıda qeyd etdiyim səbəbdən inəyi geri qaytarmaq mümkün olmur. Şəkər ağa Kosalar sakinlərinə məxsus 7 baş camışı gətirib Arıxlıda dama doldurur. Heyvanların sahibləri kəndə gəlib camışlarının buraxılmasını xahiş edirlər. Şəkən ağa isə cavabında,"inəyi gətirin, camışlarınızı aparın" deyir. Başqa inək təklif olunsa da, ağa "yox" deyir: "Bizə başqasının inəyi lazım deyil". Şəkər ağa camışların hamısını kəsdirib, ətini kasıblara paylayır. O gündən Kosalar kəndinin oğruları Arıxlıların mal-qarasını oğurlamağa cürət etmirlər.Səkər ağa çox hörmətli, sayılıb seçilən adam olduğundan heç vaxt sözü yerə düşməsdi. Qardaşı Səməd ağa həyat yoldaşı Gülpəri vəfad etdikdən sonra evlənmək qərarına gəlir. Onun evlənmək istədiyi qadın isə koxalının qızı Bağdagül idi. Nənəm Nigar bu barədə deyirdi: "Bağdagül əmisi oğlu Haçıxəlildən boşanmışdı. Onların uşaqları yox idi və bu da boşanmaya səbəb olmuşdu. Bağdagüllə evlənmək istəyən kişilər Hacıxəlildən çəkindiklərindən elçi göndərə bilmirdilər. Bir gün atam əmim Şəkər ağaya Bağdagüllə evlənmək istədiyini bildirdi. Əmim Şəkər ağa qızın atası ilə bu barədə danışacağını və Haçıxəlilin fikirini də öyrənəcəyini bildirdi. Hər ikisi əmimə müsbət cavab verdilər. Hacıxəlil Şəkər ağa ilə qohum olmaqdan razı qaldığıni, Bağdagülə isə yeni evliliyi üçün xeyir-duasını verdi. Bağdagül mənə və qardaşım Qurbana əsl ana oldu, onun ögey ana olduğunu heç hiss etmədim. çox mehriban, ailəcanlı qadın idi. Həmişə ona dua etmişəm. Əmim Şəkər ağa hündürboy, çopur sifətli bir adam idi ".Şəkər ağa ikinci dəfə 1937-ci ildə həbs edilərək Tbiflisdə güllələndi. Onun qardaşları Səməd ağa və İsə də repressiyanın qurbanı oldular. Şəkər ağadan fərqli olaraq qardaşı Səməd ağa çox sakit adam olub, var-dövləti də çox deyildi. Onun tutulmasının qəribə tarixcəsi var. Səməd ağanın qaraqıçdar öyündən Səkinə adlı dul bir qadınla "dost" münasibəti olub. O vaxt dul qadınlar, komsomolçular, partiyaçılar kənddə keçirilən iclaslarda fəal iştirak edirdilər. Bir gün Səkinə arvadı yenə iclasa çağırırlar. İclasda əsasən yeni hakimiyyətin təbliğatı aparılırdı. Səməd ağa da bunu eşidib Səkinəyə, "yenə sizi yoldan çıxarmağa aparırlar" deyir. Qadın bu sözdən sonra iclasa getmir. İclasdan sonra Səkinədən niyə tədbirə gəlmədiyini soruşurlar. O da Səməd ağanın dediklərini onlara söyləyir. Kənd fəalları Səməd ağa ilə bağlı rayona donos göndərir və onun dövlətin əleyhinə təbliğat apardığını bildirirlər. İclasdan bir neçə gün sonra Səməd ağa həbs edilir və məhkəmənin qərarı ilə 10 il həbs cəzası alır. Həbsdən sonra Səməd ağa bir daha Arıxlını görə bilmədi və həbsxanada dünyasını dəyişdi. Qardaşı İsə də 10 il həbs cəzası aldı.Pünhan ƏFƏNDİYEV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.