Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ “Oruc tutan əsgərlər üçün iftar təşkil edirdik”

Son zamanlarda Gürcüstan siyasətində etnik azərbaycanlıların iştirakının və fəallığının artması çox sevindirici bir haldır.
Bu etnosun, ya etnosa mənsubluğun heç bir əhəmiyyəti yoxdur, əsas odur, ki Gürcüstanın bir qədər passiv olan bölgələri daha aktiv olmaq qərarına gələrək öz sözünü demək niyyətindədir, bu isə bütöv Gürcüstanın daha güclü və yaxşı gələcəyinin olacağından bəhs edir.
Məsələn etnik azərbaycanlıların fəallığı “Vahid Milli Hərəkat”, “Girçi”, “Gürcü Arzusu”, “Azad Demokratlar” kimi müxtəlif partiyalarda hiss olunur.

Bu gün məhz “Azad Demokratlar” partiyasının hazırki və sadiq üzvü olan Baniamin bəy Kasımovla söhbət edəcəyik.

Nərmin Hüseynova


− Özünüzü oxucularımıza təqdim edin.

Mən Baniamin Kasımov, eyni zamanda qısaca Beno da çağırır hərkəs, “Azad Demokratlar” partiyasının proporsional siyahısından namizədəm.

− Biraz bura qədərki yolunuzdan, təhsilinizdən danışın.

Qısa keçsək, Mtsxeta rayonunun Tsixisdziri kəndində gürcü məktəbini bitirdim, ondan sonra Tiflisdə bir özəl universitetə qəbul oldum, SDASU, Davit Ağmaşenebeli adına universitetin hüquq fakültəsinə. Amma burda çox az, 2-3 ay davam etdikdən sonra 2002-də Türkiyəyə getdim. 2009-cu ildə də İstanbul Universitetinin Siyasət elmlərinin dövlət idarəçiliyini bitirdim. Ondan sonra Gürcüstana gələrək parlamentin xarici işlər komitetində 6 aylıq staj keçdim. Ondan sonra bir müddət özəl firmada finans menecerinin asistenti, sonra bir müddət işsiz qaldıqdan sonra isə bir türk şirkətində ofis-menecer kimi işlədim. Eyni zamanda Tiflis Siyasət Məktəbi var, hər il Gürcüstan üzrə 25 dinləyici qəbul edir, ora qəbul oldum. 2 ayda bir Tiflisdə kənardan 3 günlük seminarlar olurdu, ya xarici ölkələrin diplomatları, ya Gürcüstanın siyasi lideləri gəlib mühazirə oxuyurdular. Ondan sonra Avropa Şurasının parlamentində 3-4 günlük kurslar olurdu, ora gedirdik. 2011-ci ildə, yenə bu siyasi məktəb dönəmində, “Azad Demokratlar”-dan biri ilə tanış oldum, yavaş-yavaş bu partiya ilə əməkdaşlıq etməyə başladım. Sonra 2012-ci ilin yanvar ayında siyasi proseslərə qatılmaq üçün işdən çıxdım. Bilirsiniz, o dönəm çox əhəmiyyəli bir ərəfə idi, Saakaşvilinin hakimiyyətinin son illəri ki, müxalifət bunca il bacara bilmədiyini bu il bacarmalıydı. Buna görə erkən vaxtda mən siyasətə qoşuldum. Sonra 2012-ci ilin oktyabr ayında hakimiyyət dəyişdi, sonra noyabrda mən yenə Türkiyəyə, İstanbul Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində magistratura oxumağa getdim, amma artıq o zaman evlənmişdim və buna görə 2-3 ay davam etdikdən sonra qərara gəldim ki, təhsilimi dayandırıb, Gürcüstana dönüm. 2013-cü ilin may ayından Müdafiə Nazirliyində işləyirdim. Bu ilin may ayında isə təkrar dayandırdım işimi və təkrar siyasətə aktiv qoşuldum.

− Nəyə görə məhz siyasət? İlk öncə siyasət oxudunuz, sonra siyasətə qoşuldunuz. Siyasətdə fəal olmaq nə deməkdir sizin üçün?

Mənim şagirdlik vaxtımın arzusu hüquq oxumaq idi. O dönəmlər çox detektiv oxuduğum üçün, məsələn Şerlok Holms və başqaları, araşdırmağa, vəkilliyə həvəsim var idi. Türkiyəyə gedəndə nə oxuyacağımı qərarlaşdırmamışdım amma ancaq orda 1 il hazırlıq müddətində araşdırdıqdan sonra siyasət elmlərinə qərar verdim. Elə o dövrdə də yavaş-yavaş siyasəsətə qoşulmaq arzum yarandı. Təbii ki, o dönəmdə mənim siyasətə gəlmək məqsədim ölkəmdə bəzi siyasi klişeləri qırıb yeni biz sistem gətirmək idi, o cümlədən də Gürcüstandakı azərbaycanlıların fərqli siyasi baxışa ehtiyacı var idi, ona görə də qoşuldum siyasətə. Bəzi dönəmlər işdən çıxdım ki, yenə təkrar siyasətdə olum, bu dönəmlər mənim üçün keçici bir dönəm idi ki, bura qədər gələ biləm, yəni siyasətə aktiv qoşula biləm.

− Etnik gürcü və etnik qeyri-gürcü siyasətdə fərqlənirlərmi ya nələrə görə fərqlənirlər? Etnik qeyri-gürcü olan Gürcüstan vətəndaşının siyasətdə nə kimi imkanları, güclü və zəif tərəfləri var?

Gürcüstanın bu günkü halında, bəli fərqi var. Gürcüstan bir gün elə səviyyəyə çatacaq ki, vətəndaşlıq prinspinə dayanmış siyasətçiləri olsun, nəinki, onun etnik kökəninə. Bəli, çətinliklər odur ki, insan istəyir orda Gürcüstan vətəndaşı kimi ola və bütün Gürcüstan açısından baxa problemlərə amma bu gün Gürcüstanın siyasi durumu bir qədər fərqlidir, nə milli azlıqlar, nə də ki, bütün Gürcüstan o mülki düşüncədə deyil ki, hər kəs eyni, bərabər hüquqlu vətəndaş kimi görünə. Buna görə milli azlıqların nümayəndəsinə deyək, siyasətçiyə sadəcə millətinin problemi ilə maraqlanan kimi baxılır.

− Kim tərəfindən belə baxılır?

Milli azlıqlar tərəfindən də, gürcülər tərəfindən də. Hələ iki tərəfli bir konsesusa ya da səviyyəyə çatılmayıb ki, vətəndaş prinsipinə dayanılı olsun hər şey.

− Bax, belə bir fonda qeyri-gürcünün siyasətdə aktiv olması vətəndaşlar tərəfindən nə dərəcədə dəstəklənə bilər, məsələn yetərincə səs toplaya, inam, güvən qazana bilərmi? Əsas da, gürcülərdən toplaya bilərmi, ola bilər ki, öz etnik qrupunda bu alınsın…

Bəli, bayaq dediyim kimi, gürcülər də, Gürcüstan azərbaycanlıları da hələ o səviyyəyə çatmayıb ki, mülki dünyagörüşünə, fərqli etnik kökənli siyasətçiləri özündən qəbul etsin. Amma bunun misalları çoxdur. Düzdür azərbaycanlı, erməni olmayıb amma polşalı və ya yəhudi misalları çoxdur. Onlar artıq tam mənada inteqrasiya olduqları üçün onlara elə baxılmır. Amma gürcülərin azərbaycanlı və erməni siyasətçilərinə bu günkü baxış açısından səs toplaması biraz çətindir ancaq əgər o şəxs, siyasətçi özünü bir Gürcüstan vətəndaşı kimi qəbul etdiribsə, o zaman mümkdündür amma sadəcə bir lokal bölgənin, bir etnosun problemləri ilə maraqlanırsa, o zaman təbii ki, ümumi Gürcüstan, gürcülər üçün o sadəcə mənsub olduğu etnosun nümayəndəsi kimi görünür.

− Niyə “Azad Demokratlar” partiyası? Onların siyasi görüşlərini hansı amillərinə görə dəstəkləyirsiniz?

Açıq demək olarsa, 2011-ci ildə “Azad Demokratlara” qoşulmağımın ilk səbəbi, təbii ki, ilk öncə siyasi ideologiyasıdır. Bir çox partiya eyni siyasi ideologiyada ola bilər ancaq bu partiyanın bir xüsusiyyəti var ki, bunların liderləri siyasi kültürün nə olduğunu bilirlər. Başqa siyasi partiyanın nümayəndələrinə sırf tənqid olsun deyə tənqid edilmirdi. Qısaca desək, siyasi kültür çox yüksək səviyyədədir bunlarda. Hər ağıllarına gələni başqa siyasət mənsublarına qarşı istifadə etmirdilər. Qəbul ediləcək islahatı qəbul edirdilər, yalnış gördükləri islahatın yalnış olduğunu söyləyirdilər. Digər siyasətçilər, əgər müxalifətdə idilərsə, işləri bircə hakimiyyətdə olan siyasi partiyanı pisləmək idi, ancaq “Azad Demokratlarda” islahatı islahat kimi görürdülər, yalnışı yalnış kimi. Yəni əsas siyasi kültür və dünya görüşü.

− Onda bir siyasi şərh də alım sizdən. “Azad Demokratların” bir üzvü kimi bu viza-liberalizasiya məsələsi barədə nə deyə bilərsiniz?

Viza-liberalizasiya müddəti davam edir. Hələlik sentyabr ayına keçirdik deyirlər avropalılar. Mən də, bizim siyasi partiya da ümid edirik ki, bu il qəbul olunacaq. Normalda bu ay artıq qəbul olunması lazım idi, ancaq müəyyən qlobal siyasətdən və Gürcüstanın bu günkü hakimiyyətinin apardığı siyasətdən dolayı təxirə salındı.

− Bunlarda daha konkret nələri nəzərdə tutursunuz?

Qlobal açıdan desək, Avropada gedən bu miqrantların problemi ilə bağlı, Almaniyadakı qanun pozuntularının 150 000-dən çoxunun gürcülər tərəfindən olması, eyni zamanda Fransa və İtalyada Ukrayna və Türkiyə açısından fərqli mövqeləri var, ona görə daxildə, onlar arasında siyasi rəqabət və anlaşma var. Bizim açımızdan isə hakimiyyətin bir tərəfdən açıq bəyan etdiyi Avropa yönlü xarici siyasəti, bir yandan da Rusyayla apardığı siyasətdir, sonra daxildəki siyasi müxalifətə davranış şəkilləri, keçən ay yerli seçkidə müxalifət liderlərinin döyülməsi də ola bilər. Və xarici siyasətdə tam açıq olmaması. Bir yandan, misal gətirsək, Ğaribaşvilinin baş nazirliyi zamanından açıq bəyan olunmuşdu ki, Gürcüstan Amerika və Rusiya, yəni Qərb və Rusiya münaqişəsinin mərkəzi olmamalıdır amma bir neçə ay sonra baş nazir Avropada səsləndirdi ki, Avropa və Qərb Rusiyaya qarşı Gürcüstan mövqeyini daha möhkəm sərgiləməlidir. Belə bir çatışmamazlıqlar avropalılarda sual işarələri yaradır.

− Bəs, “Azad Demokratlar” hakimiyyətə gəlsə, nə kimi dəyişikliklər ola bilər Gürcüstanda? Siz də bu partiyadasınız, sizdən nə gözləmək olar?

Bu gün Qərb yönlü siyasi partiyaların ideologiyaları aşağı-yuxarı eynidir, hamısı bazar iqtisadiyyatına dayanmış sistemə sahibdirlər. Ancaq, biri var açıq bəyan edilmiş ideologiya, biri də var onu həqiqətən də həyatda davam etdirmək. “Azad Demokratlar” açısından biz hələ tək başımıza hakimiyyətdə olmadığımız üçün biz nəsə islahatı öz üzərimizə götürə bilmərik ancaq koalisiya “Gürcü Arzusunda” olduğumuz müddətcə bizim nazirlərin gördüyü işləri gözə alsaq, o zaman deyə bilərik ki, bir çox iş görülə bilər. Qaldı ki, mən tərəfdən, düşünürəm ki, “Azad Demokratların” lideri və “Azad Demokratlar” partiyası, milli azlıqlar tərəfindən söhbət etsək, müsbət işlər görə bilər çünki, “Azad Demokratların” lideri Alasanianın müdafiə naziri olduğu zaman azərbaycanlı əsgərlərlə bağlı bir çox işlər görüldü. Mənim nazirlikdəki işim azərbaycanlı əsgərlər olmasa da, özümün başqa bir işim olsa da, bu istiqamətdə nəsə işlər görməyə imkan yaratdı. Məsələn, müdafiə nazirliyinən əlavə işim gedib bütün bazalardakı azərbaycanlı əsgərlərlə görüşmək, söhbət etmək, onlara dəstək olmaq idi, eyni zamanda onları fərqli muzeylərə aparırdım, gürcü əsgərlərini azərbaycan, azərbaycanlı əsgərləri isə gürcü muzeylərə aparırdım, oruc tutan əsgərlər üçün iftar təşkil edirdik, o zaman başladığımız iş, hərbi bazalarda dindar əsgərlər üçün ibadət otaqlarının açılması yeni-yeni başa çatdı.

− “Azad Demokratların” nümayəndəsi kimi, ölkədə dinlə bağlı olan problemlərə münasibətiniz necədir, bu kilsə də ola bilər, məsçid də.

Bizim partiyanın ideologiyası liberal-demokratiya olduğu üçün və bizim ideologiyada da yazılıb ki, dövlət sekulardır. Siyasətçi və siyasi iqtidar heç bir zaman kilisənin işinə qarışmamalıdır və heç bir zaman siyasətçi hər hansısa bir problemi həll etmək üçün kilisəyə müraciət etməməlidir. Kilisə dediyim zaman bir dini qurumu nəzərdə tuturam. Qısaca, siyasət və siyasətçi kilisənin daxili işlərinə qarışmamalıdır və siyasətçi, siyasi iqtidar hər hansısa bir problemin həlli üçün kilisəyə, dini qurumlara müraciət etməməlidir. İkisi də bir-birindən ayrı bir qurumdur. İslam barədə də eyni şeyi demək olar, İslamın daxili işlərinə qarışmamalıdır, bizim bu gün gördüyümüz kimi olmamalıdır. Bu işlərə qarışmayıb, fərqli dinlərə öz işlərinin özlərinin həll etməsinə imkan verməlidir, onların daxili işlərinə qarışmamalıdır və siyasi proseslərə də o tərəfdən müdaxilə edilməməldir. Seçkilər zamanı din xadimləri, dini liderləri qatmamalıdırlar və onların işinə qarışmamalıdırlar. Bunu bacarmaq siyasi iradəyə bağlıdır ki, bu “Azad Demokratlarda” olub, harda olduqlarına baxmyaraq, müxalifətdə ya koalisiyanın üzvləri olduqları zaman da eyni mövqeyi sərgiləyiblər. Buna görə də düşünürəm ki, iqtidarda olduğumuz zaman eyni mövqeyi sərgiləyəcəyik. Bu, dediyim kimi, siyasi iradəyə bağlıdır, siyasi iradə varsa, bunu hər zaman yerinə yetirmək olar.

− Siyasətə indi qoşulmaq istəyən etnik azərbaycanlı gənclərə nə kimi məsləhət verərdiniz, necə olsunlar və necə olmasınlar?

Əsas siyasətlə bağlı bu zamana qədər qəbul olunmuş stereotiplər qırılmalıdır, köhnə sistem, yəni hakimiyyətə yaxın durub nəsə siyasi mövqe sərgiləmək yalnışdır. Əsas odur ki, azad olunmalıdır. Gənclər də ki, azaddırlar, heç bir şeyə bağlı deyillər, heç bir başqa qüvvələrin əllərində bir kozu yoxdur ki, onları qorxuda bilsinlər. İnsan azad olduğu zaman hər şeyə iradə göstərib hər işi görə bilər. Əsas azad olsun və fərqli ölkələrin təsiri altında qalmadan azad şəkildə siyasi mövqeylərini sərgiləsinlər. Amma bir xəttdə sərgiləsinlər, bəli, siyasətçi bəzən fərqli siyasi partiyalar dəyişə bilər amma bu hakimiyyətə gələn siyasi partiyanın leyhinə olmamalıdır, əgər siyasi proses bunu gərəkdirirsə, ola bilər də. Ən əhəmiyyətlisi azad, yenilikci olmaq və sistemdəki yalnışları görüb, idrak edib, onları həll etmək üçün cəsarətli addımlar atmaqdır.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: