BORÇALININ UNUDULMAZ BÜLBÜLÜ – SSRİ XALQ ARTİSTİ, Azərbaycanın İLK peşəkar qadın opera müğənnisi -- ŞÖVKƏT XANIM MƏMMƏDOVA (1897-1981) Mədəniyyət, Bolus, Unutsaq, unudularıq!.. 6 Mart Bildiyimiz kimi, "Azərbaycan” adlanan Ana Vətənimiz Odlar Yurdunun torpaqları tarixən yalnız indiki Azərbaycan Respublikasının sərhədləri hüdudlarında olmadığı kimi, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti, Azərbaycan musiqisi, Azərbaycan fəlsəfi və bədii düşüncəsi də tarixən yalnız bu gün mənsub olduğu coğrafiya ilə məhdudlaşmamış, onun sərhədlərini aşaraq daha geniş bir ərazini əhatə etmişdir. Sevimli şairimiz Səməd Qaraçöpün “Vətənin qıraqda qalan yerləri” adlandırdığı - Borçalı, Göyçə, Dəmirqapı Dərbənd mahalları da ən qədim dövrlərdən türk torpaqları olmuş, burada tarixən Azərbaycan Türkləri yaşayıb-yaratmışlar. Bu elə bir teoremdir ki, isbatını min illərdən bəri yaşayan türk mənşəli onomastik vahidlər parlaq şəkildə sübut edir. Həmin toponimlər son 100 ildə nə qədər dəyişdirilsə də, yenə öz tarixiliyini qoruyub saxlayır.Deyərdik ki, vaxtı ilə həmin ərazilərdə doğulub boya-başa çatmış və həmin ərazilərdə yaşayıb-yaradaraq öz adlarını tarixə qızıl hərflərlə yazmış görkəmli tarixi şəxsiyyətlər də, məhz elə toponimlərimiz qədər dəyərli və qiymətlidirlər...Bir həqiqəti bəri başdan deməyi özümüzə borc bilirik: Vətənin qıraqda qalan yeri - Borçalı mahalı tarixən Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə çox böyük dühalar bəxş edib. Bu, danılmaz gerçəklikdir.Zəngin və keşməkeşli tarixə malik olan qədim Borçalı mahalı lap qədim dövrlərdən özünün bol nemətli münbit torpaqları və qonaqlı-qaralı, sərin bulaqlı dağları, yayda yaylaqları, qışda qışlaqları ilə, özünəməxsus qədim adət-ənənələri, qaynar ictimai həyatı və ədəbi-bədii mühiti, sazı və sözü, qara zurnası və dəfi (nağarası) ilə məşhur olmuş, eləcə də, bu mahalda dünyaya göz açmış, sazın və sözün işığında boy atıb şan-şöhrət qazanmış, saz çalıb-söz qoşub, adı bəlli, sazı-sözü bəlli, Ozanlar ozanı, Ustadlar Ustadı olan aşıq sənətkarları, dünya şöhrətli xanəndələri və müğənniləri, ədibləri, yazıçıları, şeirləri nəğmələrə çevrilərək konüllər oxşayan şairləri, nəsr ustaları, alimləri, ədəbiyyatşünas-alimləri, zəhmətkeş tədqiqatçıları, prinsipial tənqidçiləri, qələmləri qılıncdan da kəsərli olan publisistləri, həqiqətsevər jurnalistləri, dostluq carçıları olan bədii tərcümə ustaları, bir sözlə, çağdaş ədəbiyyatımızın və mədəniyyətimizin Borçalı qolunu layiqincə təmsil edənlər, Borçalı ədəbi-mədəni-ictimai mühitini daha da zənginləşdirən görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, el ağsaqqalları və məsləhətçiləri, daim at belində cövlan edən adlı-sanlı igidləri ilə böyük qürurla fəxr etmişdir. Təcrübəli pedaqoq, istedadlı şair və tanınmış publisist Səməndər Məmmədovun dili ilə desək, Qoca Şərqin incisi olan Azərbaycanın görkəmli dövlət və siyasət xadimi Nəriman Nərimanovdan başlamış Əlimərdan bəy Topçubaşova qədər; nur-ipək kimi kişilərdən olan, Borçalıda ayrı-ayrı kəndlərin maariflənməsində, məktəblərin açılmasında böyük xidmətləri olmuş, N.Jordaniyanın çox etibarlı və sədaqətli dostu, Gürcüstan təhsil nazirinin (Azərbaycan) məktəbləri üzrə müavini Mirzə Rza Əlizadədən başlamış, çox güclü bir mühəndis, Gürcüstanda xüsusi əhəmiyyətli infrastruktur layihələrin müəllifi olan, körpülər, tunellər inşa edən, XX əsrin 30-cu illərində Türkiyənin energetika naziri işləmiş Hidayət Turana qədər; Görkəmli şair-yazıçımız Abdulla Şaiqdən başlamış heç vaxt kürəyi yerə gəlməyən, Azərbaycanın xalq artisti adını almış Rəşid pəhləvana qədər; şöhrətli alimimiz, Azərbaycan da funksional riyaziyyatın əsasını qoyan akademik Zahid Xəlilovdan tutmuş, Türk dünyasının böyük alimi Şamil Qurbanova qədər, böyük söz fatehi Zəlimxan Yaqubdan başlamış, Eyvaz Borçalıya, Abbas Abdullaya qədər məşhur şəxsiyyətlərin siyahısında özünəməxsus yeri olan daha bir böyük insan haqqında söz açmaq istəyirik. Həmin şəxs - bizim Ulu Borçalımızın bülbülündən, Şərqin ilk opera sənətçisi, Azərbaycanın ilk peşəkar qadın vokalçısı, Azərbaycan Musiqi mədəniyyəti tarixində özünəməxsus yeri və böyük xidmətləri olan qadın müğənnilərimiz arasında ilk peşəkar qadın opera ifaçımız, əslən Bolnisi rayonunun Qoşakilsə kəndindən olan SSRİ Xalq artisti Şövkət Məmmədovadır. Şövkət Həsən qızı Məmmədova - 1897-ci il aprelin 18-də qədim Tiflis şəhərində əslən Borçalının Qoşakilsə kəndindən olan pinəçi Həsən Məmmədoğlunun ailəsində dünyaya göz açıb. Atası Həsən Məmmədoğlu sadə peşə adamı olsa da, daxilən ziyalı, açıq fikirli, dünyagörüşlü bir insan kimi tanınırdı.O, Sənətə, musiqiyə yüksək qiymət verirdi. Elə buna görə də, Həsən Məmmədoğlu Tiflisdə general Yadigarov nəslinə yaxın ailədən Xurşud Sultanova ilə ailə qurmuş və Borçalı qəzasının mərkəzindən 30-40 km aralıda yerləşən və hazırda Bolnisi bələdiyyəsinə daxil olan Qoşakilsə kəndindən Tiflis şəhərinə köçmüşdür. Bu izdivacdan onların Şövkət və Muqbil adlı övladları dünyaya gəlmişlər.Şövkət Məmmədovanın həyatı və fəaliyyəti barədə jurnalist Tahirə Məmmədqızının “Şərq” qəzetinin 5 fevral 2014-ci il tarixli sayında “Avropada tanınan səs” başlıqlı gözəl təhlili məqaləsi dərc olunub. Müəllif Şövkət xanımı klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa edən ilk peşəkar milli sənətkarımız, görkəmli musiqi xadimi, pedadoq və təşkilatçı kimi təqdim edir, yüksək səhnə mədəniyyətinin və çoxlarından fərqləndirən bir çox xüsusiyyətlərinin altını cızır, həssas və zərif musiqi duyumunu, səsinin lirik axıcılığını qeyd edir: “Musiqi istedadı ona ana südüylə keçmişdir. Dayısı və xalası qarmon və dəf çalır, çoxlu Azərbaycan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. Balaca Şövkət, necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yuxuya gedirdi və buna görə də 6 yaşından peşəkar müsiqi ilə məşğul olmağa başlamışdı”. 6 yaşından musiqi ilə məşğul olmağa başlayan bu qızcığazın qeyri-adi istedada malik olduğunu görən xeyirxah insanlar, özünün yaxınları, onun bu qabiliyyətinin itib-batmasını istəmədiklərindən, düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşlar. O zaman Tiflis Qafqaz canişinliyinin mərkəzi olduğundan mütərəqqi fikirli ziyalılar və sənətkarlar bura axışıb gəlirdi. Şəhər bir növ Qafqaz xalqlarının mədəniyyət mərkəzinə çevrilmişdi. Balaca Şövkət belə bir mühitdə böyüyür. Həsən kişi övladlarının düzgün tərbiyə alması, əsl ziyalı kimi böyüməsi üçün əlindən gələni edir. Şövkət əvvəlcə A.Kitesanın maliyyələşdirdiyi özəl məktəbdə təhsil almışdır. Lakin məktəbdə təhsil səviyyəsi qaneedici olmadığından valideynləri ona fərdi müəllim tutmuşlar. "Müqəddəs Nina" məktəbinin müəlliməsi Yelena Nesterovna Kandelaki onların evinə gəlir və balaca qızcığazla fərdi məşğul olur. Şövkətin musiqi qabiliyyətini ilk dəfə hiss edən də o olur. Kandelakinin məsləhəti ilə uşaq musiqi məktəbinin fortepiano sinfinə qoyulur. Balaca qızın qeyri-adi musiqi duyumu elə ilk gündən müəllimlərinin diqqətini çəkir. Şövkət V.A.Motsartın, İ.S.Baxın əsərlərini məharətlə ifa etməyə başlayır. Bir dəfə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir. Şövkətin atası Həsən 1910-cu ilin əvvəlində vəfat edir. O, bu itkidən bərk sarsılır. Anasının və müəlliməsinin hədsiz qayğısı nəticəsində o, musiqi təhsilindən ayrılmır. Novruz bayramında Tiflisin Artistlər Cəmiyyətində qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi bayram konsertinə dəvət olunur. Orada italyan və rus romansları, Azərbaycan xalq mahnısı oxuyur və böyük uğur qazanır. Həmin il musiqi məktəbini bitirir. Tiflis Musiqi Məktəbini bitirdikdən sonra Şövkət Məmmədova təhsilini davam etdirmək məqsədilə 1911-ci ildə Bakıya gəlmişdir. Bu gəliş Tağıyev teatrının 30 illik yubileyi ərəfəsinə təsadüf etmişdir. Şövkət Məmmədova ilk dəfə olaraq ilk azərbaycanlı qadın aktrisa - ilk professional ifaçı kimi məhz elə həmin vaxt Bakının Tağıyev teatrında çıxış etmiş, Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa etmişdir. Bu, Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə olmuşdur.Konsertdən əldə olunacaq pulun Şövkət xanımın İtaliyada təhsilini davam etdirməsi üçün sərf olunacağı nəzərdə tutulsa da, Qızın bu cəsarəti - qadının səhnədə örtüksüz oxuması Bakının Müsəlman icmasının radikal baxışlı adamlarını - şəhər qoçularını bərk qəzəbləndirmişdir. Qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkar Hacıbəylini öldürmək istəsələr də, konsertdən sonra dostları onları gizli yolla teatrın binasından çıxartmış və faytona mindiriib qaçırmağa müvəffəq olmuşlar.Hacı Zeynalabdin Tağıyev yaxşı bilirdi ki, Bakı teatrında qadın rollarını hələ kişilər oynayır. Belə bir vaxtda Şövkətin İtaliyada oxumaq arzusunu bəyənmiş və onun təhsil haqqını öhdəsinə götürmüşdür. Beləliklə də, Şövkət Məmmədova əvvəlcə İtaliyada, sonra isə Ukraynada təhsil almışdır.1911-ci ildə İtaliyaya gedən Şövkət Məmmədova Milan Konservatoriyasında məşhur müğənni D.Ambroziodan dərs almışdır. Ş.Məmmədova daha sonra isə təhisilini yenə də məhz o dövrün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Kiyev Konservatoriyasında davam etdirmiş, A.Şperlinqin vokal sinfində oxumuşdur.Şövkət Məmmədova Kiyev Konservatoriyasında oxuyarkən təhsil ocağının rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olmuş, Qlierlə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa etmişdir. Sonradan Qlier müğənninin ecazkar səsinə pərəstiş edərək özünün məşhur “Şahsənəm"ində Şahsənəm obrazını ona həsr etmişdir. Şövkət xanım 1915-ci ildə Kiyevdə oxuyarkən vaxtılə Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurmuşdur. Kiyev mədəni ictimaiyyətində Şövkət xanım böyük musiqi xadimləri ilə, o cümlədən, Reynold Qlierlə, opera solistləri Flora Paşkseniya Dzerjinskaya, Vorents Motvid, gələcəyin yazçısı, tələbə Yusif Vəzir Çəmənzəminli ilə tanış olmuş, bir qədər sonra isə N.Nərimanov ilə dostlaşmışdır.Şövkət onların təşkil etdiyi "Qafqaz birliyi" klubuna üzv yazılmışdır. Klub əsasən xeyriyyəçiliklə məşğul olmuşdur. O, klubun işində fəal iştirak etmişdir. Şövkət xanım solo konsertlərdən yığılan vəsaiti tələbə təşkilatlarına, yoxsul ailələrinə köçürmüşdür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Şövkət Məmmədova 1921-ci ildə Bakıya qayıtmış, Azərbaycanın mədəni həyatında fəal iştirak etmiş, milli musiqi mədəniyyətinin tərəqqisi üçün geniş fəaliyyət göstərmişdir. 1923-cü ildə Azərbaycanda ilk not nəşriyyat idarəsini təsis etmişdir. Dahi opera solistliyindən, görkəmli vokal ustalığından əlavə, həm də məşhur teatr xadimi olan Şövkət xanımın təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadə adına ilk ali Dövlət Türk Teatr Məktəbi (Texnikumu) açılmışdır. Həmin məktəbin (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ilk direktoru da 1923-1925-ci illərdə o, özü olmuşdur. Respublikamızdan savayı, həmçinin Özbəkistanın, Türkəmistanın və Dağıstanın ən məşhur səhnə ustaları məhz həmin məktəbin yetirmələri olmuşlar. Şövkət Məmmədova, eyni zamanda, elə həmin illərdən başlayaraq, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda qastrol səfərlərində olmuş, bir-birindən maraqlı çıxışlar etmişdir. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, Əbdülrəhim bəy Haqverdiyev, Hüseyn Cavid Cəfər Cabbarlı və başqaları ilə yaradıcılıq ünsiyyəti Şövkət Məmmədovanın geniş sənət yoluna çıxmasına zəmin yaratmışdır. O illərdə Azərbaycan opera truppası Milli Dram Teatrın nəzdində fəaliyyət göstərdi. Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera Teatrosu adlanan kollektiv indiki Opera və Balet Teatrının binasında fəaliyyət göstərir, yalnız Avropa və rus operalarını tamaşaya hazırlayırdı. Azərbaycan truppası yalnız 1925-ci ildə bu kollektivə daxil edilib, daha bir neçə il keçəndən sonra balet truppası təşkil olunub və sənət ocağı Azərbaycan Dövlət Opera Teatrı adını alıb. Bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin “Traviata” operasında Viomninanın partiyasını oxuyan Şövkət Məmmədova 1948-ci ilə qədər müxtəlif fasilələrlə teatrın solisti olmuşdur. Şövkət Məmmədova 1927-1929-cu illərdə ikinci dəfə İtaliyaya gedərək həm peşəkarlığını təkmilləşdirib, həm də Roma, Venetsiya, Neapol, Florensiya, Piza şəhərlərinin musiqi və memarlıq incəsənətini görüb, sevib, öyrənib. Dünyanın ən məşhur klassik və müasir bəstəkarlarının əsərlərində, milli xalq mahnılarından ibarət zəngin konsert repertuarı yaradıb. Azərbaycan qadın peşəkar vokal məktəbinin bünövrəsini qoyub, onu inkişaf etdirib, formalaşdırıb. Bununla belə, opera teatrının solisti kimi keçdiyi yaradıcılıq yolu öz əzəməti və vüsəti, monumental sənət nailiyyətləri ilə dünya səviyyəsində tanınıb, sevilib və şöhrətlənib.1927-1930-cu illərdə İtaliyaya səfəri zamanı yenidən Milan Musiqi Məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdıra bilmədiyi təhsilini tamamilə bitirib. Daha sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxışlar edib. 1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında göstərilən Müslüm Maqomayevin “Nərgiz” və Reynqold Qlierin “Şahsənəm” operalarında Şövkət xanım Nərgiz və Şahsənəmin partiyalarını özünəməxsus ustalıqla misilsiz füsunkarlıqla ifa edib. Dekadada böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb. Şövkət xanım 1939-1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Həmçinin, Bakıda dünyasını dəyişdiyi 1981-ci ilin iyun ayının 8-dək, Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə profesional vokal dərsləri verib. Məhz onun təşəbbüsü ilə 18 aprel 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baleti “Qız Qalası”nın ilk tamaşası olub və tamaşa bayram təntənəsi ilə keçib. 1945-ci ildə o vaxta qədər Azərbaycanda fəaliyyət göstərən müxtəlif teatr cəmiyyəti və ittifaqları birləşərək Azərbaycan Teatr Cəmiyyəti adı altında yenidən təsis edilmiş və onun ilk sədri Şövkət xanım olmuşdur. Bu vəzifədə 1952-ci ilə qədər yorulmadan çalışan Şövkət Məmmədova eyni zamanda pedaqoji fəaliyyətlə də məşqul olubmuşdur. O, əvvəlcə Üzeyir bəy Hacıbəyovun rektor olduğu, sonra isə onun adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasında vokal sənətindən dərs demiş (1945-1981) Vokal kafedrasının müdiri (1946-1947) və dekanı (1946-1950) vəzifələrində çalışmışdır. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və Müslüm Maqomayevin yetişib formalaşmasında Şövkət xanımın müstəsna rolu və xidmətləri olub. Xalq təhsili sisteminin dünya sənət meyarları səviyyəsində qurulmasında böyük işlər gör Şövkət Məmmədova 2 iyul 1949-cu ildə professor elmi rütbəsinə yiyələnmişdir. Konservatoriyada işinin çoxluğu və vaxtının azlığı ilə bağlı Şövkət xanım 1948-ci ildə Opera Teatrının solistliyindən çıxmışdır. O, özünün “Ön nəğməsi” üçün Cüzeppe Verdinin “Traviata” operasını seçib. Teatra gəlişi və vidası Violettanın partiyası olan sənətkar, böyük konsertlərdə müğənni kimi nümunəvi çıxışlar etmişdir. Azərbaycan vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görür. Müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü olub. O, dünyanın bir sıra opera səhnələrində (Moskva, Kiyev, Sankt-Peterburq, Paris və s.) çıxış edib.Onun ifa etdiyi Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), Nərgiz ("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar-Şahsənəm ("Şahsənəm", Reynqold Qlier), Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.Şövkət Məmmədova keçmiş SSRİ-nin böyük şəhərlərinin - Tiflisin, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin, Odessanın, eləcə də Parisin, Təbrizin ən böyük opera teatrlarında və nəhəng konsert salonlarında kamera-vokal nümunələri ifa etmiş, opera qəhrəmanlarının partiyalarını oxumuşdur. Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janırlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınmış və vallara yazılmışdır. “Şövkət xanım öz yaradıcılığında, həmçinin şəxsi həyatında əsl beynəlmiləlçi kimi çıxış etmişdir. O, dünya, rus, başqa xalqların musiqi mədəniyyətinin geniş təbliği, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi yolunda məhsuldar çalışmışdır. Digər xalqların musiqi mədəniyyətlərinə geniş maraq, öz tamaşaçı və dinləyicilərini dünya musiqisinin ən gözəl nümunələri ilə tanış etmək arzusu Şövkət xanımı böyük işgüzarlığa, mütaliəyə, professional vakol sənətinin sirlərini daha dərindən öyrənməyə çağırmaqla yanaşı, son nəticədə onun repertuar palitrasını genişləndirmişdir.” 1933-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 1934-cü ildə "Azərbaycan SSR xalq artisti" və 17 aprel 1938-ci ildə "SSRİ xalq artisti" fəxri adları ilə təltif olunan Şövkət Məmmədovanın uğurları bunlarla bitmir. O, həm də dövrünün ən görkəmli ictimai xadimlərindən biri kimi tanınmışdır.Birincidən başlayaraq 4 çağırış Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı olan Ş.Məmmədova ən müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü seçilmişdir. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.Görkəmli müğənni və ictimai xadim Şövkət Məmmədova 1981-ci il iyunun 8-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.Allah rəhmət eləsin. Adına paytaxtda Opera studiyası və küçə var. “Şərq” qəzeti yazır: “Zəmanəsinin canlı klassiklərinin incilərindən oxuduğu əsas partiyalardakı ifa mədəniyyəti günü bu gündə çağdaşlıq təravətini, sənət hüsnünü qoruyub saxlayır. Gənclər ondan bir məktəb, bir xəzinə kimi bəhrələnirlər.” S.Məmmədov isə özünün "Faxralılar və tarix yaradanlar" kitabının II cildində dərc olunan "Borçalı bülbülü" adlı məqaləsini (səh.35.-39) belə bir arzu-xahiş ilə bitirmişdir:“Sonda Borçalının bir övladı kimi, Şövkət xanımın adını uca tutan Azərbaycan dövlətinin rəhbərliyinə bütün Borçalılar adından minnətdarlığımı bildirirəm. Mədəniyyətimizin təəssübkeşi kimi arzumu ifadə edirəm ki, Gürcüstan höküməti Borçalının mərkəzində, Marneulidə, Bolnisidə doğulub boya-başa çatdığı Qoşakilsə kəndində Şövkət Məmmədovanın xatirəsini əbədiləşdirsin, onun adına kitabxana və ya başqa bir mədəniyyət abidəsi qurulsun. Bu həm Azərbaycanda, həm Borçalıda yaşayan soydaşlarımızın ürəyincə olardı.”Bəli, Azərbaycanı Avropada tanıdan səsin sahibi, Şərqin ilk opera sənətçisi, Azərbaycanın ilk peşəkar qadın vokalçısı, Azərbaycan Musiqi mədəniyyəti tarixində özünəməxsus yeri və böyük xidmətləri olan qadın müğənnilərimiz arasında ilk peşəkar qadın opera ifaçımız, əslən Gürcüstanın Bolnisi rayonundakı Qoşakilsə kəndindən olan Ulu Borçalımızın unudulmaz bülbülü, SSRİ Xalq artisti Şövkət Məmmədovanın əziz xatirəsinin Gürcüstanda da əbədiləşdirilməsi arzuolunnandır.Biz də çox hörmətli Səməndər müəllimin bu gözəl təşəbbüsünü bəyənir və alqışlayırıq!Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.