Salidə ŞƏRİFOVA: "YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİ" Humanitar elmlər, Elmi Məqalələr 20 июня 2026 29 100 1 2 3 4 5 Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,Azərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,ZiM.Az-ın redaktoruYAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİZəlimxan Yaqub ədəbi yaradıcılığının öz oxucusu var. Şairin yaradıcılığı oxucuları tərəfindən rəğbətlə qarşılanmış, həm də tədqiqatçılar tərəfindən geniş şəkildə tədqiq obyektinə çevrilmışdir. Şairin poetik nümunələrinin bədii-estetik məzmunu və ideya xüsusiyyətləri, semantik strukturu, istifadə olunan bədii təsvir və bədii ifadə vasitələri və s. Nizami Cəfərovun Xalq şairi Zəlimxan Yaqubun ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətini tədqiq edən «Zəlimxan Yaqub» monoqrafiyasında, Qədim Rufullayevin «Zəlimxan Yaqub və xalq yaradıcılığı», Əminə Hüseynovanın «Zəlimxan Yaqubun yaradıcılığı», Musa Nəbioğlunun «Sözün Zəlimxan zirvəsi», Səbuhi Bayramovun «Müasir Azərbaycan-Türk ədəbi əlaqələri (Zəlimxan Yaqub və Məmməd Aslanın yaradıcılığı əsasında)», Aygül Çobanovanın «Zəlimxan Yaqub yaradıcılığının poetikası» kimi tədqiqatlarında, «Zəlimxan Yaqubdan yazılanlar», üçcildlik «Zəlimxan Yaqub ədəbi düşüncədə» və s. kitablarında tədqiq və təhlil obyektinə çevrilmişdir. Ədibin yaradıcılığı haqqında qələmə alınmış monoqrafik tədqiqatlar, dissertasiyalar, məqalələr və s. onun bir ədib kimi ədəbi cameə tərəfindən qəbul edilməsinə dəlalət edir. Professor Qəzənfər Paşayevin vurğuladığı kimi «Zəlimxan xoşbəxt şairdir. O, bu dünyada o dünyalığını da qazanıb. Sevərək yaşayan, ümumxalq məhəbbəti qazanan, sevilən şair əbədilik qazanıb».ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ1983-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmiş Zəlimxan Yaqubun bədii yaradıcılığının janr xüsusiyyətlərindən bəhs edərkən, onun əsərlərinin janrının dar çərçivəyə sığmadığını qeyd etmək lazımdır. Onun bədii yaradıcılığının həm lirik, həm də lirik-epik olması ilk növbədə diqqəti cəlb edir. Şairin qələminə məxsus «Saz», «Yunus Əmrə», «Ələsgər», «Aşıq Hüseyn Saraçlı», «Əbədiyyət dastanı», «Peyğəmbər», «Borçalıda qalan izlər», «Göyçə dərdi», «Sizi qınamıram» və s. kimi lirik-epik əsərləri lirik-epik növdə yaranmış əsərlərdir.Zəlimxan Yaqubun «Əbədiyyət dastanı» poeması tədqiqatçılar tərəfindən elegiya kimi də təqdim edilir. Məsələn, «Əbədiyyat dastanı» əsərini elegiya kimi dəyərləndirənlərdən biri də «Ədəbiyyat qəzeti»nin baş redaktoru Azər Turandır. O qeyd edir ki, «Zəlimxan Yaqubun göz yaşları ilə yazdığı möhtəşəm «Əbədiyyət dastanı» Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə kədər dağının zirvəsindən oxunan elegiyadır».Nəsrlə nəzmin qarışığı şəklində təqdim edilən «Aşıq Hüseyn Saraçlı» əsərinin janrı ədəbi dairədə bir mənalı şəkildə qarşılanmamışdır. Əsərin müəllifin özü, yəni Zəlimxan Yaqub tərəfindən oxuculara dastan-roman kimi təqdim edilməsinə rəğmən, əsərin tədqiqatçılar tərəfindən poema, dastan və s. kimi janrlarda yazılması iddia edilir. Məsələn, Xalq yazıçısı Elçin əsəri dastan janrında qələmə alınmasına toxunur və Zəlimxan Yaqubun «Aşıq Hüseyn Saraçlı» əsəri ilə yazılı ədəbiyyatımıza dastan janrını gətirməsini vurğulayır. Bu cür iddianın səsləndirilməsi «Aşıq Hüseyn Saraçlı» əsərində dastanlara xas olan məqamların özünü əks etdirməsi ilə bağlıdır. İlk növbədə, əsərin ustadnamə ilə başlaması, dastanlara xas olan buta verilməsinin əksini tapması və s. xüsusiyyətlər əsərin dastanla oxşarlığını əks etdirir.Zəlimxan Yaqubun «Şəhid qanı» adlı poetik nümunəsi də janr baxımından diqqəti cəlb edir.Həyatımda ilk dəfə bu qədər qan görürdüm,Qızıl qana bələnmiş sökülən dan görürdüm,Qan içində çalxalanan Azərbaycan görürdümYerdən, göydən, dənizdən axırdı şəhid qanı!Əzizinəm qan ağlar,Könül ağlar, can ağlar.Bu gün yaman günümdür,Mərd yanar, meydan ağlar.Poetik nümunə 18 bənddən ibarətdir. Poetik nümunənin 9 bəndi 14 hecadan, qalan 9 bəndi isə 7 hecadan, daha dəqiqi bayatıdan ibarətdir. Bayatılar 14 hecalı bəndlərdən sonra yerləşdirilmişdir. İlk növbədə, bu poetik nümunədə təqdim edilən bayatılar bizə cığalı təcnisdə işlədilən cığa bəndini xatırladır. Bəllidir ki, cığalı təcnis hər bəndinin 2-ci və 3-cü misraları arasına bayatı artırılan təcnisdir. Təsnisin heca bölgüsü isə qoşma ilə eyniyyət təşkil edir. Zəlimxan Yaqubun «Şəhid qanı» poetik nümunəsinin bayatılar olmayan bəndlərinin heca vəzni 14 hecalı şeir şəklindədir. Azərbaycan ədəbiyyatında rastlaşdığımız 14 hecalı şeir bölgüsü adətən 7-7, 3-4-3-4, 2-5-5-2, 4-3-7 və s. şəklində olur. Zəlimxan Yaqubun «Şəhid qanı» şeirində heca bölgüsü iki 7 hecalı bölgüdən ibarətdir. Təbii ki, həmin hecalar da yarımbölgülərə parçalanır. Şairin istifadə etdiyi müxtəlif ritm və ahəngli misralar yaratmağa nail olan 14 hecalı şeir bölgüsü özlüyündə maraq kəsb edir:Həyatımda heç zaman belə dərd görməmişdim,Dərdi belə amansız, belə sərt görməmişdim,Mənim düşmənim qədər mən namərd görməmişdim,Namərdlərin başında çaxırdı şəhid qanı!Lakin şeirin 14 hecalı bölgüyə əsaslanan bəndlərdən sonra artırılan müxtəlif bayatıların yerləşdirilməsi şeirin janrına diqqət yönəldir:Əzizinəm yas günü,Yas-qara libas günü.Qoymaram qiyamətəQala bu qisas günü.Bayatı sabit forma xüsusiyyətinə malikdir. Cəmi dörd misradan, hər misrası isə 7 hecadan ibarət olur. Şairin 14 hecalı şeir bölgüsünə əsaslanaraq, qələmə aldığı şeirin bəndləri arasına bayatıların əlavə edilməsi bu şeirin janrı ətrafında fikri anlaşılmazlığına gətirib çıxarır. Bu poetik nümunə cığalı təcnis kimi qəbul edilə bilərmi? Əlbəttə yox. Zəlimxan Yaqubun «Şəhid qanı» poetik nümunəsi Azərbaycan poeziyasında yayılmış 14 hecalı divani formasında olması ilə diqqəti cəlb edir. Təbii ki, bu formanın öz janr ənənəsi və ifa tempi var, saz poeziyasında da əsas struktur kimi fərqlənir.Zəlimxan Yaqubun yardıcılığında işlənilən ikiliklər maraq doğurur. Hər bəndi iki misradan ibarət olan şeir növünə həm folklorda, həm də klassik ədəbiyyatımızda rast gəlinir. Klassik Şərq şeirinin formaları olan qəzəl, qəsidə, qitə, məsnəvi kimi klassik şeir janrları və formalarında məhz beytlər iki misra şəklindədir. Zəlimxan Yaqubun istifadə etdiyi ikiliklər isə sərbəst şəkildədir. Məsələn, şairin qələmə aldığı «Ruh», «Həyat sevgisi», «Beşik-tabut», «Qurtuluş», «Bircə saniyə», «Ömrün axşamı» və s. poetik nümunələr ikiliklərdir. Şairin «Vaxt» adlı ikiliyinə diqqət edək:Nə yıxılana baxır, nə yerindən qalxana,Zaman axır sulartək hey çalxana-çalxana!Şair həmçinin dördlük şəklində də poetik nümunələr qələmə almışdır. Ədibin «Gəl» poetik nümunəsi dördlük şəklindədir:Açıqdır qapıları,Könlümün evinə gəl.Mən sevinc bəxş edənəm,Sevinə-sevinə gəl.«Gəl» şeirinin dördlük şəklində olması ona görə diqqəti cəlb edir ki, Azərbaycan ədəbiyyatında bir bənddən ibarət olan dördlüklər bayatı, tuyuq, rübai ola bilir. Şairin «Gəl» dördlüyünün qafiyə şəkli bayat, tuyuq və rübainin qafiyələrinə bənzəmir. Tuyuqda qafiyə aaba, rübaidə aaba, bəzən isə aaaa, bayatıda isə tuyuqda olduğu kimi aaba şəklində olur. Zəlimxan Yaqubun bu dördlüyünün qafiyəsi isə abçb şəklindədir. Sərbəst dördlük şəklində özünü büruzə verir.Zəlimxan Yaqubun yaradıcılığında qoşma janrının yer tutması tədqiqatçılar tərəfindən vurğulanır. Məsələn, «akademik İ. Həbibbəyli «Aşıq ədəbiyyatı üstündə köklənən» Zəlimxan Yaqubun «Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan – bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşamağı bacarmış» şair kimi dəyərləndirərək şairin yaradıcılığındakı qoşma janrında qələmə aldığı əsərlərin uğurunun əsas məğzini göstərməyə nail ola bilmişdir: «Zəlimxan Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik formada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur». Zəlimxan Yaqubun aşıq yaradıcılığında geniş yayılmış qoşma janrında olan «Yavaş yeri» poetik nümunəsi 3 bənddən ibarətdir. Bəllidir ki, qoşma hər bəndi dörd misradan, hər misrası isə on bir hecadan ibarət şeir şəklidir:Ay bulaq başına tələsən gözəl,Könlümü əlimdən al, yavaş yeri.Tərpənər yerindən dağların mehi,Sürüşər başından şal, yavaş yeri.Birinci bəndin I və III misraları sərbəst, II və IV misraları həmqafiyədir. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrasının isə birinci bəndin son misrası ilə qafiyələnməsinin şahidi oluruq. Zəlimxan Yaqubun qoşması aşağıdakı kimi - abcb, çççb, dddb şəklində qafiyələnir. Şairin qoşmasının möhürbənd adlanan son bəndində şair öz təxəllüsünü göstərir:Sənin şöhrətini aləmə yayır,Zəlimxan özünü bəxtəvər sayır.Qara saçlarından üçcə tel ayır,Sevdiyim havanı çal, yavaş yeri.ZƏLİMXAN YAQUBUN AŞIQ YARADICILIĞIŞairin bədii yaradıcılığında aşıq yaradıcılığı xüsusi yer tutur. Bu məqam Heydər Əliyev tərəfindən də vurğulanmışdır: «Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır».Zəlimxan Yaqubun ilk şeirlər kitabı olan «Könlümün səsi» kitabında aşıq yaradıcılığına bağlı olması nəzərdən qaçmır. Şairin şeirlərinin aşiqanə qoşmalar, təcnislər, dodaqdəyməzlər, bayatılar və s. müxtəlif şeir vəznlərində olması onun xalq yardıcılığına, xüsusilə də aşıq yaradıcılığına bağlı olmasını əks etdirir. Bu baxımdan da, Zəlimxan Yaqub yaradıcılığından bəhs edərkən, onun aşıq yaradıcılığı ilə bağlılığına toxunmadan yan keçmək olmaz. Xüsusi vurğulamaq lazımdır ki, şairin Borçalı (Borçalı-Başkeçid-Qarayazı) aşıq mühitində formalaşmış aşıq yaradıcılığı ilə bağlı olması, bu aşıq mühitinə xas özəllikləri bədii yaradıcılığında əks etdirməsi onun bədii yaradıcılığının bədii dilində və qələmə aldığı əsərlərinin janrlarında qabarıq şəkildə əksini tapır. Ədibin 29 avqust 2008-ci il tarixində keçirilən Azərbaycan Aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilməsi onun bədii yaradıcılığının aşıq yaradıcılığı ilə bağlı olmasını bir daha təsdiq edir. Aşıq yaradıcılığına, aşıq sənətinə bağlı olmasını şair özü də vurğulamışdır: «Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır».Zəlimxan Yaqub qoşma, gəraylı və s. aşıq şeirinin müxtəlif janrlarında qələmə aldığı müxtəlif poetik nümunələrlə bədii yaradıcılığını zənginləşdirmişdir. Məsələn, şairin aşıq şeirinə xas olan «Gözəllər» qoşmasına diqqət yetirək. Qoşmalarda səciyyəvi xüsusiyyət onun bəndlərinin sayının tək olmasıdır. Zəlimxan Yaqubun qafiyə quruluşu da abcb, çççb, dddb şəklində olan «Gözəllər» adlı qoşması qoşmaya xas olan xüsusiyyətləri özündə əks etdirir:Mən gəzən yerləri gündoğan bilə, - aHərdən mənə sarı baxa gözəllər. - bSərinlik gətirə yanan könlümə, - cÇeşmətək süzülə, axa gözəllər. - bDünya gözəlləşir o gəzəndə şən, - çKədərindən yağır saçlarıma dən. - çNə qədər ürəyə dağ cəkib, görən? - çÜrəyi kağızdan yuxa gözəllər. – bBağbandı, yetirər bağçasında bar, - dYanağında çiçək, sinəsində nar. - dBir kəlmə «hə» desə, dünya dağılar? - dYaman həvəskardı «yox»a gözəllər. - bZəlimxan Yaqubun bu qoşmasının digər bəndləri də bu şəkildə davam edir: bbbd, sssb. Onu da vurğulamaq lazımdır ki, şairin bu qoşması qoşmanın məzmunca dörd növü olan gözəlləmə, ustadnamə, qıfılbənd, vücudnamə kimi əsas dörd növündən biri olan gözəlləməyə aiddir.ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ PROBLEMATİKASIZəlimxan Yaqubun bədii yaradıcılığının problematikasından bəhs edərkən, onun bədii yaradıcılığının inkişaf yolunu nəzərə alaraq, əsasən, şərti olaraq iki dövrü əhatə etməsinin şahidi oluruq:I Sosrealizm dövrünü əhatə edən bədii yaradıcılığının problematikası;II Müstəqillik dövrü Azərbaycan ədəbiyyatını əhatə edən bədii yaradıcılığının problematikası.Bu iki bölgünün müxtəlif tarixi dövrlərə aid olmasına baxmayaraq, Zəlimxan Yaqub yaradıcılığında xalq ədəbiyyatına bağlılıq özünü qabarıq şəkildə büruzə verir. Ədibin yaradıcılığa başladığı ilk illərində qələmə aldığı poetik nümunələrində onun məhz xalq düşüncəsinə əsaslanmasını, xalq deyimlərindən geniş istifadə etməsini müşahidə edirik. Bu şairin Azərbaycanın müstəqillik dövrü ədəbiyyatına xas poetik nümunələrində də ana xəttə çevrilmişdir.Qeyd etmək lazımdır ki, Zəlimxan Yaqub yaradıcılığının problematikası geniş və zəngindir. Bədii yaradıcılığının problematikasında milli mücadilənin və azadlıq mübarizəsinin əksi, Təbrizin, Arazın Cənubi Azərbaycanın ayrılmaz şəkildə poetik təqdiminin, Qanlı Yanvar faciəsinin, Yunus Əmrənin, Mövlanə Cəlaləddin Ruminin, Şəms Təbrizinin, Aşıq Ələsgərin, Aşıq Hüseyn Saraçlının yaradıcılığını yeni rakursdan təqdimi, Birinci Qarabağ Müharibəsini əks etdirən vətənpərvərlik ruhunun, türkçülük ideologiyasının, təsəvvüf fəlsəfəsinin və s. amillərin təbliği geniş yer tutmaqdadır.Zəlimxan Yaqubun bədii yaradıcılığında doğma el-obaya bağlılıq, bu baxımdan da, xüsusilə də, Gürcüstanın təbliği geniş yer tutur. Şairin yaradıcılığında xalq yaradıcılığına əsaslanan problematikası, həmçinin Gürcüstan ədəbi mühiti ilə bağlılığı özünü qabarıq şəkildə göstərir. Onu da vurğulamaq lazımdır ki, Zəlimxan Yaqub yaradıcılığına məhz Gürcüstan ədəbi mühitində başlamış, ilk şeirini də Şərq İntibahının yetişdirməsi olan Şota Rustaveliyə həsr etmişdir. Ədibin şəxsiyyəti və yaradıcılığı, gürcü şairi kimi təqdim edilməsi ətrafında mübahisələr doğuran şair haqqında ilk şeir yazması da düşündürücüdür. Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsərinin bir çox millətlər tərəfindən özününküləşdirilməsi və bu özününküləşdirmə prosesi özünü ən çox gürcü və fars ədəbiyyatında göstərir. «Pələng dərisi geymiş pəhləvan» əsərinin zorən özününküləşdirilməsi prosesində əsərin əsrlər boyu dəyişikliklərə məruz qalması istər gürcü, istərsə də xarici tədqiqatçılar tərəfindən vurğulanan Şota Rustaveliyə həsr etdiyi Zəlimxan Yaqubun «Şota Rustaveli» adlı ilk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti olan «Qələbə bayrağı» qəzetində dərc olunub. Şair məhz Gürcüstan ədəbi mühitində bu şeirlə ədəbi fəaliyyətinə başlamışdır. Onun ədəbi yaradıcılığının başlanğıcı Gürcüstan ədəbi mühitidir.Şairin yaradıcılığının problematikasında qan və gen yaddaşının yer alması tədqiqatçılar tərəfindən vurğulanır. N.Şəmsizadə qeyd edir ki, «Z.Yaqub öz şeirləri və çox məzmunlu poemaları ilə bizim qan yaddaşımızı, gen yaddaşımızı dövlətçilik düşüncəmizi oyadan milli bir şairdir». Zəlimxan Yaqub Ərdəbildə Şeyx Səfi turbəsində Şah İsmayıl Xətainin məzarı başında olarkən, xalqın qan yaddaşı haqqında düşüncələrini «Şeyxim mənim, şahım mənim, şairim mənim» adlı poetik nümunəsində bədii dillə canlandırır:Ömrümüzü közə tutub, oda verdilər,Özümüzü özgələrə qida verdilər.Nəvələrin Borçalını yada verdilər,ŞEYXİM mənim,ŞAHIM mənim,ŞAİRİM mənim!.Zəlimxan Yaqubun qələmə aldığ şeir və poemaların problematikasında tarixi şəxsiyyətlərin, söz xiridarlarının həyat və yaradıcılığının tərənnümü geniş yer alır. Məsələn, ədibin Heydər Əliyevə həsr etdiyi «Əbədiyyət dastanı»nda Ulu Öndərə olan şairin sevgisi ümumxalq sevgisi fonunda təqdim edilir. Əsərin problematikasında Heydər Əliyevin sovet dövründəki və müstəqilliyimizin bərpasından sonrakı siyasi fəaliyyəti əksini tapır. Əsərin problematikasında İlham Əliyevin tərənnüm edilməsi də maraq doğurur.Zəlimxan Yaqubun «Ün» adlı poemasında İsa Muğanna, «Cavidin qız balası» adlı poemasında Turan Cavid, «İnsan» adlı poemasında Xudu Məmmədov kimi tarixi şəxsiyyətlərə olan sevgi və ehtiram yer alır.Zəlimxan Yaqubun bədii yaradıcılığının problematikasında xalqın milli mücadiləsini əks etdirən poetik nümunələri içərisində xalqın üzləşdiyi faciələr fonunda əksi yer alır. Şairin xalqın milli mücadiləsini əks etdirən poetik şeirlərin problematkasında 20 Yanvar şəhidlərinə və milli azadlıq mübarizəsinə həsr etdiyi şeirlər xüsusi ilə seçilir.Zəlimxan Yaqubun yaradıcılığının problematikasında vətəndaşlıq və vətənpərvərlik poeziyası xüsusi yer tutur. O, bir vətəndaş kimi Qarabağ uğrunda gedən döyüşlərə biganə qalmamış, bir şair kimi bu məqamı duyaraq poetik dərkini, çağırış əhval-ruhiyyəsini «Dur ayağa, məmləkətim!» nidası ilə həyata keçirməsinə nail olmuşdur:Düşmən bilir bu topağın altı nədir, üstü nə, Onunçün də od yağdırır gecə-gündüz üstünə.Qurban olum dumanına, qurban olum tüstünə,Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim!Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!Xalq şairi Zəlimxan Yaqubun bədii yaradıcılığının problematikasında səsləndirilən bu aktual məsələlər digər qələm sahiblərini biganə buraxmamış, şairin şeirlərinə nəzirələr yazılmışdır. Məsələn, ədibin «Bu gecə yuxuma girmişdi Şuşa» şeirinə Adıgözəl Aydınov «Şuşa» adlı şeir nəzirə yazması da diqqəti cəlb edir. Zəlimxan YaqubunBu gecə yuxuma girmişdi Şuşa,Cabbar ağlayırdı, Xan ağlayırdı.Dönmüşdü qanadı qırılmış quşa,Qarabağ başabaş qan ağlayırdıUzadıb əlini Bakıya sarı,«Batdıqca günaha batın!», deyirdi.«Vətən xainləri, yurd satqınları,Satın Qarabağı, satın!», deyirdi-şeir bəndlərinin dəyişdirilibBu gecə yuxuma girmişdi Şuşa,Cabbar gülümsəyir, Xan sevinirdi.Dönmüşdü qanadı sağalmış quşa,Qartal kimi zirvələri seyr edirdi.Uzadıb əlini Bakıya sarı,«Qalxın zirvələrə, qalxın!», deyirdi.«Vətən xainləri, yurd satqınları,Baxın Qarabağa, baxın!», deyirdi.- kimi təqdim edilməsi diqqəti cəlb edir. Bu proses, yəni dəyişdirilmə prosesi Zəlimxan Yaqubun «Bu gecə yuxuma girmişdi Şuşa» şeiri boyunca baş verir. Bunun əsas səbəblərindən biri Z.Yaqubun «Bu gecə yuxuma girmişdi Şuşa» şeirinin Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmasıdır. Şeirdə Şuşanın o zamankı ictimai-siyasi durumu əksini tapır. Adıgözəl Aydınov isə 44 günlük Vətən müharibəsinin qələbəsi sayəsində Şuşanın azad olmasını canlandırmağa cəhd edir.Şuşa haqqında qələmə alınan poetik nümunələr arasında oxşarlığın olması xalqın şüurunda formalaşmış, qan yaddaşına çevrilmiş Şuşaya olan sevgi və ehtiramdan meydana çıxır. Şuşaya olan ehtiram, ədəbiyyatda bədii təsviri Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dedikləri «Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur» kimi fikirləri özündə əks etdirir.Zəlimxan Yaqubun Türk dünyası və onun simvollarını tərənnüm edən poetik nümunələr maraqlıdır. Zəlimxan Yaqub «Atatürk köşkündə keçən günlərim» şeirində Çanaqqala döyüşünü yada salması ilə yanaşı dillərə dastan olması faktını tərənnüm edir. Çanaqqalanı Türk millətinin yenilməzlik simvolu olmasını əks etdirir:Qaçmadı ölümdən, qorxmadı yasdan,Oldu Çanaqqala dillərdə dastan.Başladı Samsundan, çıxdı Sivasdan,Atatürk köşkündə keçən günlərim.Zəlimxan Yaqub «Çanaqqala dastanı»nda Çanaqqalanı Türkün dastana dönmüş şöhrətli, şanlı tarixi simvola çevrilməsinə toxunur:Çanaqqala – tarixim,Qadalı-qanlı tarix.Türkün şərəf kitabı,Şöhrətli, şanlı tarix.Səsi ucadan gələn,Həmişə canlı tarix.Malazgirdin davamı,Uzun dastanlı tarix.Zəlimxan Yaqubun yaradıcılığında Göyçə və Borçalı ağrılarını tərənnüm edən şeirlər çoxluq təşkil edir. Şairin «Borçalı deyilən» adlı şeirinin problematikasında «Borçalıdan savayı ayrı Borçalı yoxdur» deyə dəyərləndirdiyi Borçalı ilə bağlı olan aktual məsələlərə diqqət yönəltməklə yanaşı, Borçalının qədim ənənələrə malik olan obrazını gözümüzdə canlandırır: Övladını kişi gördüm, mərd gördüm,Mərdlərində dağlar boyda dərd gördüm,Dərd çəkəni qaya kimi sərt gördüm,Aman Allah! Nə bəlalı yurd gördüm,Buymuş Allah, bu Borçalı deyilən!!!Zəlimxan Yaqub «Göyçə dərdi» adlı poetik nümunəsində doğma soydaşlarımızın zorən ayrı düşdükləri doğma məkan haqqındakı hiss və həyəcanları, keçirdikləri sarsıntıları «Göyçə dərdi köç-köç olan bir elin Yerə-göyə sığışmayan harayı» kimi dəyərləndirərək bədii dillə təqdim edir:Göyçə dərdi göyüm-göyüm göynəyən,Sızım-sızım sızıldayan yaramdı.İnnən belə kirpik çalmaz gözlərim,Bundan sonra yuxu mənə haramdı!«Təbriz, Dərbənd həm mənimdi, həm mənim deyil» deyə fəryad edən Zəlimxan Yaqubun özünün bədii yaradıcılığında Cənubi Azərbaycan, xüsusilə də Təbriz, Araz ağrılarını poetik dərkedilməsini yeni interpretasiyalarla təqdim etməsi diqqətdən yayınmır. Şairin poetik nümunələrində Təbriz Vahid Azərbaycanın ayrılmaz tərkibi kimi təqdim edilir.İtən yurdum, batan kəndim ağlayır,Hecam, misram, beytim, bəndim ağlayır.Gah Təbrizim, gah Dərbəndim ağlayır,Yaralıdı bizim Vətən şerimiz.ZƏLİMXAN YAQUBUN POETİK NÜMUNƏLƏRİNİN BƏDİİ DİLİ Tədqiqatçılar tərəfindən şairin bədii yaradıcılığında istifadə edilən bədii dil xüsusiyyətləri üç qatlı model şəklində özünü büruzə verməsi səsləndirilir. A.Çobanova qeyd edir ki, «Zəlimxan Yaqub poetikası üç qatlı model şəklindədir, bu modelin arxitektonikası səs-söz-obraz səviyyəsində qurulur». Mətnin səs, söz və obraz səviyyəsində təşkil olmasının tərəfdarı kimi çıxış edən tədqiqatçı onu vurğulayır ki, «mətnin səs səviyyəsində təşkili fonik, ritmik, metrik meyarların təyini və təsbiti ilə üzə çıxır, daha çox şeirşünaslığın maraq dairəsinə daxildir. Söz səviyyəsində mətnin təşkili leksik, morfoloji və sintaktik ölçülərlə xarakterizə olunur və dilçilik aspektindən üslubiyyatda predmetləşir. Mətnin obrazlı təşkili isə personaj, əşyalar, motivlər, süjet və s. kimi məsələləri əhatə edir». Onu qeyd etmək lazımdır ki, Zəlimxan Yaqubun poetik nümunələri məhz bu trio baxımından mükəmməldir. Onun poetik nümunələrinin bədii dili daha çox xalq dilinə yaxın olması, istifadə edilən bədii təsvir və bədii ifadə vasitələrinin, sinonim, antonim və s. kimi sözlərin istifadə edilməsi makropoetik və mikropoetik sistem baxımından zənginliyini əks etdirir. Məsələn, mikropoetik sistemə daxil olan mikropoetik nümunələr adətən qısa uzunluqda və quruluşca sadə olduğundan geniş auditoriya tərəfindən asanlıqla başa düşülən bədii nümunələrdir ki, bu da, Zəlimxan Yaqubun bədii yaradıcılığının xalq dilinə yaxınlığını geniş şəkildə araşdırılmasına zəmin yaradır. Çünki mikropoetika bədii əsərin söz, cümlə kimi ən kiçik elementlərini, həmçinin müxtəlif üslub vasitələrini və nitq fiqurlarını, mətnin qavranılmasına təsirini öyrənən poetikanın bir sahəsidir. Mikropoetikaya aid bu mikroelementlərin də Zəlimxan Yaqub yaradıcılığında poetik nümunənin necə formalaşdırdığını göstərməyə qadirdir.Zəlimxan Yaqub yaradıcılığında sinonimlərin işlənilməsi ilə daha müntəzəm şəkildə üzləşmək mümkündür. Məsələn, «Suç mənim» (şeir bəzən «Köç mənim» adı ilə təqdim edilir) adlı şeirində sinonimlərin işlənilməsinə diqqət yetirək:Aldanmışam sərvətinə dünyanın,Ömrüm-günüm, yalan mənim, puç mənim.Nahaq yerə yaxasından yapışdım,Taqsır mənim, günah mənim, suç mənim.Hamı tərəfindən qəbul olunmuş və hamı üçün məcburi əxlaq qaydalarına zidd hərəkət olan təqsir, günah, suç kimi sözlərin əksini tapdığı «Taqsır mənim, günah mənim, suç mənim» misrasında sözlərin bir-biriləri ilə sinonim təşkil etməsinin şahidi oluruq. Bu sinonim sözlərin bir misrada işlənilməsi şeirin dilinə ağırlıq gətirmir, əksinə şeirdə axıcılığa səbəb olur. A.Çobanovanın vurğuladığı kimi, «sinonim sözlərin genişliyi və zənginliyi şairin üslubuna bir ləngərlik, ahənglik gətirir. Şairin üslubundakı sinonimlik poetik yeknəsəqlik yaratmır, bəlkə əksinə zənginləşdirir, çoxsəsli edir».Sinonimlərin işlənilməsinə Zəlimxan Yaqub yaradıcılığında tez-tez rast gəlinməsi inkar edilməz faktdır. Zəlimxan Yaqub yaradıcılığını digər ədiblərin şeirlərindən fərqləndirən başlıca xüsusiyyətlərdən birincisi budur desək, yanılmarıq.Zəlimxan Yaqub yaradıcılığında antonimlərin işlənilməsi də maraq kəsb edir. Şairin «Dəli olmağıma bir addım qalıb» adlı şeirində məna cəhətdən bir-birinə tamamilə əks olan, ziddiyyət təşkil edən sözlərin, yəni antonim sözlərin işlənilməsi diqqətdən yayınmır. Məsələn şeirdə «utanar-utanmaz» kimi söz cütlüklərini işlənilməsi fikrimizə əyani sübutdur:Əl açar, sevginin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb.Şairin istifadə etdiyi antonim sözlər eyni nitq hissəsinə aid olması ilə diqqəti cəlb edir. Şairin «Yiyəsi utanar, dəli utanmaz» misrasında təzadlı hadisələri təsvir etmək üçün istifadə etdiyi antonimlər feilə aiddir.Zəlimxan Yaqubun yaradıcılığında mənaları arasında heç bir bağlılıq olmayan və ayrı-ayrı leksik vahidlər qismində çıxış edən sözləri, yəni omonimləri işlətməsi də diqqətdən yayınmır. Şair deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözləri ustalıqla eyni bənddə istifadə edir. Şairin istifadə etdiyi omonimlər həqiqi mənada olaraq, ayrı-ayrı mənalar ifadə edir. Zəlimxan Yaqubun istifadə etdiyi omonimlər həm eyni, həm də ayrı-ayrı nitq hissələrinə aiddir. Zəlimxan Yaqubun əksər cəhətdə qoşma ilə eyniyyət təşkil edən təcnislərində şəkilcə eyni, mənaca müxtəlif sözləri işlətməsinə nəzər salaq. Şairin «Təcnis» adlı poetik nümunəsində istifadə etdiyi «qan» sözünü işlətməsinə diqqət yetirək:Şair dərdi nə dilbilməz olurmuş,Necə deyim divar anla, divar qan.Bir ömürdə min bir ömür yaşayır,Bacarırsan, di get anla, di get qan.Bənddə istifadə olunan «qan» sözü bir mənasında isim kimi, digər mənasında isə fel kimi çıxış edir. İsim kimi istifadə edildikdə, orqanizmin birləşdirici toxumalarına aid olan qanın insanların və əksər heyvanların bədənlərində dövr edən və müxtəlif funksiyaları həyata keçirən qırmızı rəngli maye olması nəzərdə tutulur. Feil kimi çıxış etdikdə isə, anlamaq, başa düşmək mənasını ifadə edir.Bu poetik nümunədə «öz içi nə, çəkilər», «özü içinə çəkilər», «gül gəzə», «Gülgəzə» və s. söz və ifadələrin işlənilməsi şairin söz və ifadələri sənətkarlıqla işlədə bilməsinə dəlalət edir. Şairin «gül gəzə» və «Gülgəzə» sözlərini məqamında işlədərək cinas yarada bilməsi məhz şairin sənətkarlığıdır:Yaman gözdən gül yayına, gül gəzə,Gül əllərdə gül dolana, gül gəzə.Aşıq Abbas yetişsə də Gülgəzə,Şah Abbasdan nələr çəkdi Divarqan.Təbriz yaxınlığında yerləşmiş Tufarqan müxtəlif mənbələrdə Divarqan kimi təqdim edilməkdədir.Zəlimxan Yaqubun bədii yaradıcılığında daha çox müraciət etdiyi təkrirlər maraq doğurur. Məsələn, ədibin bədii yaradıcılığından bir nümunə kimi «Göyçə dərdi» adlı poemasının «Çəkilməz dərd» adlı hissəsində istifadə etdiyi təkrirlərə diqqət yetirək:Dağ ətəyi, səndə süfrə sərəllər,sərəni biz olmarıq!Yaşıl çəmən, səndə çiçək dərəllər,dərəni biz olmarıq!Çeşmə başı, sənə könül verəllər,verəni biz olmarıq!Ulu Göyçə! Səndə ömür sürəllər,sürəni biz olmarıq!Bu poetik nümunədə şairin «biz olmarıq» təkririndən istifadə edərək, epifora yaratmasının şahidi oluruq. Təkrir bədii əsərdə eyni sözün və yaxud söz qrupunun, ifadənin bilərəkdən təkrar olunmasıdır. Poetik nümunədə təkririn misraların əvvəllərində işlənilməsinin, yəni anafora qismində çıxış etməsinin, misranın sonunda isə işlənərək, epifora qismində çıxış etməsinin şahidi oluruq.Zəlimxan Yaqub poetik yaradıcılığında bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə etmək məqsədi ilə simvollara da müraciət edir. Çünki bədii dildə məcaziliklə daha çox bağlı olan məhz simvoldur. O baxımdan da, şair poetik nümunələrində müəyyən məqsəd anlatmaq və fikrini üstüörtülü şəkildə ifadə etmək üçün simvoldan sənətkarlıqla yararlanır. Məsələn, Zəlimxan Yaqubun «Qara bayraq» şeirində «Qara bayraq» şeirin əsas simvolik ifadəsi kimi çıxış edir:Qara bayraq sancılıb gözümüzün yaşına,Qara bayraq sancılıb bağrımızın başına,Qara bayraq sancılıb qəbrimizin daşına,Qara xətlə yazılmış varaqdı-QARA BAYRAQ!»Zəlimxan Yaqub «Qara bayraq» şeirində də simvoldan çatdırmaq istədiyi məqsəd və müəyyən fikirlərinin səciyyəvi cəhətlərini qabartmaq üçün istifadə edir.Zəlimxan Yaqub yaradıcılığında xitaba müraciət də diqqətdən yayınmır. Şairin əsasən istifadə etdiyi xitablar isimlərlə və ismi birləşmələrlə ifadə olunması və quruluşca sadə və mürəkkəb olması ilə diqqəti cəlb edir. Məsələn, Allah, Şəhriyar babam və s. Qeyd edək ki, Zəlimxan Yaqub xitablara müntəzəm müraciət edir. Bu həm real varlıq da ola bilər, təxəyyülündə yaratdığı olan varlıq da ola bilər, müqəddəs varlıq da…Qışda doğulmağım bəs elər mənə,Məni oldurəndə, yaz öldür, Allah!Dilim hansı gündə gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah!Şair «Qoy yatım, yuxudan qaldırma məni» şeirində Allaha olan xitabı sənətkarlıqla işlədir. Üç bənddən ibarət olan şeirin hər bəndində xitab qismində Allaha xitab olunması özünü göstərməkdədir. Bəllidir ki, xitablar cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Zəlimxan Yaqubun cümlənin sonunda işlətdiyi xitabdan əvvəl vergül, sonra isə nida işarəsinin qoyulduğunun şahidi oluruq.Şairin «Bakıdan gəlmişəm, Şəhriyar babam» poetik nümunəsində dahi şairə «Şəhriyar babam» xitabı diqqəti cəlb edir:Kəlbəcər nəfəsli Göycə diləkli,Naxçıvan qeyrətli, Gəncə ürəkli,Borçalı ətirli, Xəzər havalı,Qarabağ nisgilli, Şuşa davalıBakıdan gəlmişəm,Şəhriyar babam!Nitq hissəsi ilə ifadə olunan sadə və söz birləşməsi ilə ifadə olunan mürəkkəb xitablar cümlənin sonunda işləndikdə də, xitabdan əvvəl vergül, sonra isə nöqtə, nida işarəsi və ya sual işarəsi qoyulur. Xitaba aid bu xüsusiyyətləri də Zəlimxan Yaqubun istifadə etdiyi xitablarında müşahidə edirik.NƏTİCƏBir tərəfdən, sadə bədii dilə xas, lakin mürəkkəb janr formalarına üstünlük verən, o biri tərəfdən kütlə və saray şairlərinin yaradıcılığına xas xüsusiyyətləri özündə əks etdirən Zəlimxan Yaqubun bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Xalq poeziyasını, xüsusilə də aşıq poeziyasını müasir poetik düşüncə ilə poetik yaradıcılığında birləşdirmişdir. Şairin yaradıcılığındakı milli kimlik, Vətənə, Ana dilinə bağlılıq, mənəvi bütövlüyün tərənnümü və s. mövzular aktuallığını qorumaqdadır. Zəlimxan Yaqub yaradıcılığı Borçalı azərbaycanlılarının Azərbaycan bədii mühiti ilə birləşdırən “qırmızı körpü”lərindən biridir. Bü “bədii körpü” dövlət sərhədlərinin məhdudlarını aşır, xalqımızın düşmənləri tərəfindən Borçalı azərbaycanlılarının fərqli bir etnos/subetnos kimi tədqim etməsinin qarşını alır. Belə ki, XXI əsrdə Azərbaycan bədii mühiti İraq və Suriyə türkmələrinin, Türkiyənin şimal-şərqində və Rusiyanın Dağıstan vilayətində tarixi olaraq yaşayan azərbaycanlıların, afşar və qacarların müasir bədii yaradıcılığını artıq xarici bir proses kimi qəbul edir. Zəlimxan Yaqub öz yaradıcılığı ilə vahid Azərbaycan bədii kodlarına toxunmağı bacarmışdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.