Doğma yurd yerləri-strateji hədəflər yeni realliqlar müstəvisində

Doğma yurd yerləri-strateji hədəflər yeni realliqlar müstəvisindəDemokratiya və inkişaf yolu ilə inamla irəliləyən, qloballaşan dünyanın axarında özünə layiqli yer tutan Azərbaycan dövlətinin ideoloji sisteminin kökündə və mayasında azərbaycançılıq məfkurəsi dayanır. Bu ideologiyanın yaradıcısı, memarı və qurucusu ulu öndər Heydər Əliyevdir.
Böyük öndərin ideya və baxışlarını çağdaş dünyanın yeni çağırışlarına uzlaşdırmaqla ölkəmizi dönməz tərəqqi yoluna çıxaran cənab İlham Əliyevin titanik fəaliyyəti bütün sahələrdə olduğu kimi, diaspora quruculuğu sahəsində də öz gözəl bəhrəsini verməkdədir. Dünyanın dörd bir yanına səpələnmiş 50 milyondan artıq azərbaycanlı ideoloji-təşkilati baxımdan möhkəmlənmiş, onlar arasında sıx əlaqələr qurulmuş, mənəvi tellər yaradılmışdır. İndi tam əminliklə söyləmək olar ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir Vətəni var – günbəgün yeniləşən, müasirləşən, dünyada öz imzası, öz adı və öz səsi olan güclü, qüdrətli Azərbaycan!
Dahi Heydər Əliyevin ən böyük arzusu da, istəyi də elə bu idi. Bəs Gürcüstanda bu proseslər necə gedir, soydaşlarımızın ölkənin ictimai-iqtisadi və mədəni iştirakı necədir, iqtisadi durumları hansı səviyyədədir? Bəri başdan qeyd etmək lazımdır ki, bu sadalanan məsələlər Azərbaycan mediasında özünə lazımınca yer ala bilməyib.
Analitik yazılar, iqtisadi təhlillər yox dərəcəsindədir. Hətta bəzi müxalifət mətbuatında insanı həyəcanlandıran ümidsizliyə sürükləyən yazılara da çox rast gəlinir. «İqtisadiyyat» qəzeti olaraq bu boşluqları aradan qaldırmaq, Gürcüstanda yaşayan soydaşlarımızı qayğılandıran məsələlərlə bağlı işgüzar söhbətlər açmaq və faydalı fikir mübadiləsi aparmaq fikrindəyik. Bu mövzuda xüsusi müxbirimizin yazısını oxucularımızın ixtiyarına veririk.

Gürcüstanda yaşayan həmvətənlərimizin haqqında şöhbət açarkən, ilk öncə iki məsələni fərqləndirmək lazımdır: tarixi torpaqlar və diaspora anlayışlarını. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Çünki bunlardan birincisi, yəni tarixi yurd yerləri məfhumunu ikincini özündə ehtiva etsə də, ikinci heç vaxt birincini əvəzləyə bilməz. Tarixi torpaqlar - Vətəndən kənarda olan Vətəndir, səninkidir, özününküdür. Diaspora anlayışı isə başqa məna daşıyır. Burada yerdəyişmə istənilən halda baş verə bilər. Bir ölkədən köçüb başqa ölkəyə getdin, vəssalam. Tarixi torpaqlarda isə belə yerdəyişmə mümkünsüzdür. Bu hal yalnız zorla, qan tökməklə, müharibə ilə baş verə bilər. Heç bir toplum, xalq, millət öz xoşu ilə əsrlər boyu yaşadığı torpağı tərk edib gedə bilməz.
Sözsüz ki, hər bir insan yaşadığı ölkənin qanunlarına, adət-ənənələrinə, birgəyaşayış qaydalarına sayğı və sevgi göstərməli, cəmiyyətə bacardığı qədər xeyir verməlidir. Lakin insanın vücudunu titrədən, ruhuna hakim kəsilən bir dünya da var bu, onun iç dünyası, mənəvi aləmidir. Bu dünyada əvəzolunmaz hisslər, mərhəm duyğular dominantlıq edir. Bu insanın ilk dəfə gözünü açıb gördüyü işıqdı, rəngdir, doğma yurd yerləridir. Ona görə də, millətlərin, xalqların əsrlər boyu yaşadıqları torpaqlar müqəddəs sayılır. Bu yerlərin bir qarışını itirmək böyük faciədir. Necə ki, tarixboyu başımıza min bir bəlalar gətirilib, indi də bunun acısını çəkirik. Belə bir faciə Gürcüstanda da baş verəcəkdir. Həmin hadisələrin iştirakçısı olan bir şəxs kimi tam əminliklə deyə bilərəm ki, əgər 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevə Azərbaycan hakimiyyətinə qayıdışı olmasaydı orada yaşayan soydaşlarımız doğma yurd-yuvalarından çıxarılacaqdı. Soydaşlarımızın həyatı, necə deyərlər, tükdən asılı vəziyyətdə qalmışdı. Hərc-mərclik, xaos, özbaşınalıq, talan, qarət hər yeri bürümüşdü, yaşayış məntəqələrindən kütləvi köçhaköç başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 90-cı illərin əvvəllərində Gürcüstanı təxminən 100 minə qədər soydaşımız tərk etmişdir.
Onların böyük bir hissəsi Azərbaycana pənah gətirmiş, qalanları isə müxtəlif ölkələrə səpələnmişdir. Bu öncədən düşünülmüş, konkret plan əsasında həyata keçirilən deportasiya faktı idi. Millətçi-şovinist Z.Qamsaxurdiyanın quldur dəstələri erməni ssenarisi üzrə hərəkət edərək gecələr azərbaycanlılar yaşayan kəndlərə soxulur, evləri yandırır, qarət edir, imkanlı adamları oğurlayır, malı-mülkü əlindən alınır, özləri isə fiziki və mənəvi işgəncələrə məruz qalırdılar. Bu acı tarixi heç vaxt unutmaq olmaz. Borçalının neçə-neçə qeyrətli oğulları bu hadisələr zamanı özünü ölümün pəncəsinə atdı. Yaxşı ki, insana sevgini Tanrıya sevgi qədər üstün tutan sadə gürcü əhalisi bu mənfur, «siyasətçini» ölkədən qovdu. Lakin bununla da iş bitmədi. Ölkəni iqtisadi böhran cənginə almışdı. Çörək, su tapılmırdı, hər yer zülmətə qərq olmuşdu, nəqliyyat işləmirdi. Sanki insanlar ibtidai həyata qayıtmışdı. Belə ağır vaxtlarda hamı – gürcülər də, azərbaycanlılar da üzünü Bakıya tutmuşdu. Özünün iqtisadi durumunun pis olmasına baxmayaraq, demək olar ki, hər şey, ən əsası da yanacaq Azərbaycandan daşınırdı. Daha doğrusu bunu etmək üçün insanlara imkanlar yaradılırdı. Belə məqamları unutmaq olarmı? Çox heyif ki, bəzən unuduruq ki, Ermənistanda olduğu kimi, Gürcüstanda da azərbaycanlıları həmişə qonaq hesab etmişlər. Bunu açıq-aşkar yazırdılar da. Yazanlar isə gürcü familiyası altında gizlənən ermənilər idilər. Azərbaycanlıların bu torpaqlarda mövcudluğu və artımı Gürcüstan ziyalılarının erməni xislətli şovinist qanadını həmişə narahat etmişdir. Hələ Sovetlər dönəmində azərbaycanlıların sayı bilərəkdən təhrif olunurdu. Rəsmi statistikada azərbaycanlıların sayı 380 min göstərilirdi ki, bu da real vəziyyətdən 2-3 dəfə az idi. İndinin özündə də Gürcüstanda yaşayan soydaşlarımızın sayı müxtəlif rəqəmlərdə ifadə olunur: 280 min və bəzən 300 min. Aşağıda keçirilən kiçik statistikaya nəzər salsaq görərik ki, bu rəqəmlər heç də reallığı əks etdirmir. Belə ki, Tbilisi, Rustavi, Batumi, Telavi, Marneuli və Qardabani şəhərlərində çoxlu sayda azərbaycanlı yaşayır. Borçalı, Başkeçid, Qarayazı və Qaraçöp bölgələrinin demək olar ki, əhalisinin 90%-i azərbaycanlılardır. Hal-hazırda Marneulidə 52, Bolnisidə 38, Qardabanidə 13, Dmanisidə 33, Tetri-ckaroda 2, Calkada 5, Laqodexidə 4, Saqarecoda 9, Telavidə 1, Karelidə 2, Kaspidə 7, Qoridə 2, Msxetada 6 kənd olmaqla bütövlükdə 172 kənddə azərbaycanlılar yaşayır. Bəzi yerlərdə bir neçə kənd bir inzibati-ərazi vahidində birləşdirilib. Bu kəndlər böyük yaşayış məntəqələri olmaqla bərabər, əhalisinin hamısı sırf azərbaycanlılardan ibarətdir.
Başqa yerlərə iş üçün gedənlərin sayı çox olsa da, əsasən əhali yerindədir, həyat öz axarı ilə davam edir. Bir faktı da xüsusi olaraq qeyd etmək lazımdır ki, azərbaycanlılar məskunlaşan ərazilərin, demək olar ki, hamısı əkinçilik və heyvandarlıq üçün yararlıdır və məhsuldar torpaqlardır. Təbiət bu yerlərdən heç nəyini - nə başı buludlara dəyən dağlarını, nə zümrüd bulaqlarını, nə zümzüməli şəlalərini, nə də sıx ormanlarını əsirgəməyib. Bu yerlərin insanları da təbiəti kimi safdır, təmizdir, vüqarlıdır. Buralarda olarkən insan özünü dilbər Qarabağımızın ecazkar qoynunda hiss edir. Belə yerləri necə itirmək olar?! Misilsiz tarixi missiyanı öz üzərinə götürən Heydər Əliyevin qətiyyətli addımı, uzaqgörən siyasəti xalqımızı bu təhlükədən də sovuşdurdu. O, ən düzgün və praqmatik yol seçdi. Soydaşlarımızın yaşadıqları bölgələrdən keçən qlobal enerji layihələrini imzalamaqla o, həm Azərbaycan üçün Gürcüstanın timsalında strateji müttəfiq qazandı, həm də orada yaşayan soydaşlarımızın əbədi yaşamına tam təminat əldə etmiş oldu. Respublika prezidenti İlham Əliyevin məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu əlaqələr daha da möhkəmlənmiş və strateji müttəfiqlik şəxsiyyətinə qalxmışdır. Transmilli neft və qaz layihələrinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi nəhəng layihənin icrasına başlanması isə regionda analoqu olmayan hadisədir. Bu layihənin, eləcə də digər layihələrin gerçəkləşməsi üçün Azərbaycan hökuməti tərəfindən Gürcüstana uzunmüddətli güzəştli kreditlər ayrılmışdır. Ümumiyyətlə, qonşu ölkənin enerji sektorunun təxminən 60 faizinə nəzarət edilir. Qeyd edək ki, həmin layihələrin həyata keçirilməsində Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edir və işlə təmin olunurlar. Azərbaycanın bu ölkədə reallaşdırdığı layihələri hesabına Gürcüstan özünün enerji təhlükəsizliyi problemini həll edə bilmişdir. Bu, Gürcüstan üçün həyati əhəmiyyətli məsələdir.
Mədəniyyət, təhsil, idman, səhiyyə sahəsində Azərbaycan hökumətinin soydaşlarımıza diqqət və qayğısı hər addımda hiss olunmaqdadır. Ötən il Azərbaycanın maliyyə vəsaiti hesabına Marneuli şəhərində tikilib istifadəyə verilən möhtəşəm idman kompleksi Gürcüstanın idman həyatında misli görünməmiş hadisədir. Təhsil müəssisələri hər il pulsuz dərslik və dərs vəsaitləri ilə təmin edilir, texniki təchizat yaxşılaşdırılır, bəzi məktəblərdə təmir işləri həyata keçirilir. Gürcüstanın ali məktəblərində təhsil alan 90 nəfərdən artıq gəncə Azərbaycan hökumətinin xüsusi təqaüdləri verilir. Xeyli sayda gənc Türkiyənin ali məktəblərində Azərbaycanın ödədiyi maliyyə vəsaiti hesabına təhsil alır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi minnətdarlıq hissləri doğurur. Onun Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısı danılmazdır. Gürcüstanın hər bir bölgəsində – kəndində də, şəhərində də Mehriban xanımın adı böyük ehtiramla çəkilir. Bu günlərdə ona Fransa prezidenti tərəfindən bu ölkənin ali ordeninin təqdim edilməsi hər yerdə olduğu kimi, Gurcüstanda yaşayan həmvətənlərimizin də böyük sevincinə səbəb oldu. Avropada demokratiyanın beşiyi sayılan Fransa dövlətinin Azərbaycanın birinci xanımına verdiyi bu yüksək mükafat damarından azəri qanı axan hər bir kəsin qəlbini riqqətə gətirmişdir.
* * * * *
Azərbaycanın iqtisadi imkanları gübəgün artır, son vaxtlar kəşf edilən yeni qaz yataqları ölkəmizin uzunmüddətli dinamik inkişafına tam təminat yaradır. Buna Gürcüstanda yaşayan soydaşlarımız da sevinirlər. Azərbaycan gücləndikcə hər kəs arxasında nəhəng bir dağ hissa edir və bu gücdən, qürbətdən yaşayan soydaşlarımıza da pay düşür. Bütün hər şeyi dövlətin üstünə də atmaq olmaz. Zamanın yeni çağırışlarına uyğun olaraq hər kəs bacarıq və qabiliyyətini ortaya qoymalı, bu gün görülməli olan işi elə bu gün görməlidir. Elə məsələlər var ki, sabah üçün bəlkə də gec olacaq. Bunu Gürcüstanda yaşayan soydaşlarımıza da şamil etmək olar. Onların yaşadıqları bölgələrin kompleks inkişaf məsələlərinə diqqət artırılmalıdır. İş adamları, bizneslə məşğul olanlar, bank strukturları, qeyri-hökumət təşkilatlairı təşəbbüsü ələ almalı, bu sahədə dövlətə dəstək nümayiş etdirməlidirlər. Burada xırda və orta biznesin inkişafı üçün çox böyük imkanlar var. Fikrimizcə, sözügedən bölgələrin sosial-iqtisadi inkişaf məsələləri Azərbaycanın Dövlət Proqramının daxili strukturunda özünə yer almalı, konkret istiqamətlər üzrə əməli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin həyata keçirilməsi sonucda sosial gərginliyin azalmasına, miqrasiya proseslərinin davamlı olaraq tənzimlənməsinə geniş imkanlar yaradardı. Sözügedən sahədə işləri səmərəli şəkildə təşkil etmək üçün dövlət və özəl sektorun nümayəndələri, ekspertlər, mütəxəssislər həmin bölgələrə səfər etməli, dərin iqtisadi təhlillər aparılmalı və prioritetlər müəyyən edilməlidir. Doğrudur, bayram və mərasimlərlə bağlı belə səfərlər tez-tez olur. Milli-mənəvi dəyərlərimizi yaşatmaq, inkişaf etdirmək baxımından belə tədbirlər böyük önəm daşıyır. Şükürlər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımız zaman-zaman müxtəlif təpkilərə və təzyiqlərə baxmayaraq, dinini, dilini, folklorunu, adət-ənənəsini, bütövlükdə genefondunu hifz edib saxlaya bilmişlər. İndi əsas vəzifə sosial-iqtisadi problemləri həll etməkdən ibarətdir. Açığını demək lazımdır ki, bu problemlər üzündən kəndlər, şəhərlər, yaşayış məskənləri, boşalmaqda davam edir. Bu proses təbii yolla baş verdiyinə görə, o qədər qabarıq nəzərə çarpır. Ədalət naminə demək lazımdır ki, son illər Gürcüstanda, o cumlədən soydaşlarımız yaşayan bölgələrdə sosial təyinatlı xeyli tədbirlər həyata keçirilmişdir. Lakin bunlar soydaşlarımızın həyatında elə bir ciddi dəyişikliyə yol açmaq gücündə deyildir.
Azərbaycanlılar yaşayan rayonlarda bir sıra ənənəvi sahələr vardır ki, onları dirçəltməklə nəinki bölgənin, həmçinin Gürcüstanın ərzaq potensialını artırmaq üçün əlverişli imkanlar yaratmaq olar. Vaxtilə təkcə Marneuli, Bolnisi Qardabani rayonları faraş və payızlıq tərəvəzlə, bostan bitkiləri ilə Gürcüstanın daxili tələbatının 80 faizini ödəməklə bərabər, həmin məhsullar ittifaqın digər iri şəhərlərinə göndərilirdi. Marneulidə fəaliyyət göstərən konserv zavodunun illik istehsal gücü 300 min tonu təşkil edirdi. Rayon ərazisində onlarla spirt, konyak, şərab, tütün emalı müəssisələri, nəhəng meyvə bazaları və terminallar fəaliyyət göstərirdi. Sonralar məlum səbəblərdən bunların hamısı sökülüb dağıdıldı. Bundan ən çox ziyan çəkən isə bölgədə yaşayan soydaşlarımız oldu. Aqrar islahatlar aparılan zaman Gürcüstanda torpaq bölgüsü də düzgün aparılmadı. Bunu indiki hakimiyyətin özü də etiraf edir. Belə ki, soydaşlarımıza düşən pay torpaqları azaldıldı, onlara otlaqlar, biçənəklər verilmədi. İndi ədalətin bərpa edilməsi istiqamətində müəyyən addımlar atılsa da, bunların hamısı imitasiya xarakteri daşıyır. Bütün çətinliklərə baxmayaraq, soydaşlarımız əkin-səpin sahələrini, örüş yerlərini, biçənəklərin xeyli hissəsini icarə əsasında götürərək istifadə edirlər. Çünki gürcü əhalisinin buna fiziki olaraq gücləri çatmaz. Onlar, əsasən üzümçülük, donuzçuluq, paxlalı və dənli bitkilərin becərilməsi ilə məşğul olurlar. Tərəvəz və bostan bitkilərinin yetişdirilməsi, heyvandarlıq, əsasən də qoyunçuluq təsərrüfatları azərbaycanlılara məxsusdur. Bir fakta diqqət çəkmək istərdik. Təkcə Caqareco rayonunun Yor-Muğanlı (Qaraçöp)Laqodexi rayonunun Qabal bölgəsində təxminən bir milyon başdan artıq iri və xırdabuynuzlu mal-davar bəslənilir. Şərqi Gurcustanın, demək olar ki, əksər qışlaq əraziləri soydaşlarımıza icarəyə verilib. Yay aylarında isə mal-qara yaylaqlara köçürülür. Rəqabət böyük olduğu üçün icarə haqları ilbəil artırılır. Bütün çətinliklərə rəğmən, soydaşlarımız öz işinin öhdəsindən ləyaqətlə gəlirlər. Gürcülərin azərbaycanlılara rəğbətini artıran ən ümdə cəhət də onların etibarlı və əməksevər olmasıdır. Lakin bu qədər yun, ət, dəri, süd, tərəvəz məhsulları istehsal edilən bir yerdə bir dənə də olsun emal müəssisəsi yoxdur. Halbuki bazarda onlarla yun-dəri, yağ-pendir, kolbasa məmulatları istehsal sahələri yaratmaq olar. Bir məsələ üzərində xüsusi dayanmaq lazımdır. Söhbət Qaraçöpdə əsrlər boyu toxunan «qırxquyrum» adlanan xalçalardan gedir. Bu xalçalar təbiiliyinə görə, milli ornamentlərinə və orijinal naxışlarına görə, yaxın və uzaq ölkələrdə xeyli məşhurdur. Xammalın, işçi qüvvəsinin və bu sahənin mahir bilicilərinin olduğu bir məkanda xalçaçılıq müəssisələrinin açılmasına böyük ehtiyac vardır. Bu tədbirləri həyata keçirməklə bir çox sosial problemləri, o cümlədən əhalinin məşğulluğu problemini tam şəkildə həll etmək və yaxşı ixrac potensialı qazanmaq olar.
Bir məsələ haqqında da danışmaq yerinə düşərdi. Son illər Gürstanın turizm sektorunda bir inkişaf və canlanma hiss olunmaqdadır. Qara dəniz sahillərinə – Batumiyə, Kobuletiya, Urekiyə yay mövsümündə istirahət üçün gedənlərin sayı xeyli artıb. Son iki ildə Azərbaycandan da bu ölkəyə istirahət üçün gedəndərin sayında artım müşahidə olunmaqdadır. Yay aylarında sərhəd keçid məntəqəsində yaranan növbədən də bunu görmək olardı. İlin başqa fəsillərində də Gürcüstanın müalicə-kurort ocaqlarına gələnlərinin sayında artım müşahidə edilir. Hökumət gələn il turistlərin sayının 5 milyona çatacağını proqnozlaşdırır. Butun bunlar çox yaxşı. Lakin bu sayda turistləri qəbul etmək üçün müəyyən çətinliklərin yaranacağını indidən söyləmək olar. Başqa məsələlər qalsın bir yana, bu qədər insanı ərzaqla təmin etmək o qədər də asan məsələ deyil. Bui il mövsüm zamanı ərzaq məhsullarının qiymətində təxminən 70-80% artım baş verdi. Belə getsə sonrakı illərdə bu artım davamlı xarakter alacaq. Bunları yazmaqda məqsədimiz nədir? Yəni demək istəyirik ki, Gürcüstanda ərzaq təhlükəsizliyi ilə bağlı problemləri yerli azərbaycanlılar olmadan həll etmək müşkül məsələdir. Soydaşlarımıza kömək olunsa, dəstək göstərilsə (söhbət maliyyə dəstəyindən gedir) bu sahədə ciddi uğürlar qazanmaq olar. Bununla da onların həyat səviyyəsinin yüksəlməsi üçün etibarlı təminat yaranardı.
Sonda onu demək qalır ki, məqalədə irəli sürülən məsələlər, qaldırılan problemlər bir jurnalist araşdırması olsa da Gürcüstanda yaşayan soydaşlarımızın rəy və fikirlərini, arzu və təkliflərini ifadə edir.
Milli varlığımızın qorunub saxlanması, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın doğma yurd yerlərində rahat, firavan həyatının təmin edilməsi dövlətimizin strateji xəttidir. Bu sahədə çox işlər görülüb, bundan sonra görüləcəkdir. Biganə qalmayın, Siz də hərəkətə gəlin, əziz həmvətənlər!

Zülfü İLYASOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: