Vaja PŞAVELA: "ZIĞ-ZIĞ QUŞLARININ TOYU Bədii Tərcümə, Tiflis 21 Haziran Vaja Pşavela – gürcü ədəbiyyatının ən önəmli adlarından biridir. Bu böyük şair öz əsərləri ilə xüsusi bir poetik dünya yaratmışdır. Əsl adı Luka Razikaşvili olan Vaja Pşavela 14 iyul 1861-ci ildə Pşavda, Çarqali kəndində anadan olub. İlk təhsilini Telavi dini məktəbində almış, sonra isə Qori müəllimlər seminariyasında təhsilini davam etdirmişdir. 1883-cü ildə ali təhsil almaq üçün Peterburqa gedir. Burada hüquq fakültəsində bir il oxuduqdan sonra geri qayıtmaq məcburiyyəti qarşısında qalır. O vaxtdan ölümünə qədər doğma kəndi Çarqalidə yaşayıb-yaradır. Vaja Pşavela nadir rast gəlinən lirik şairdir. XIX əsr gürcü ədəbiyyatında yeni bir lirik növ yaradaraq, çox dərin düşüncələri açıq-aşkar, düz və sadə bir anlatımla dilə gətirdi. Şeirlərin əksəriyyəti xalq məsəllərinə, əfsanələrə əsaslanır, poetik zənginliyi ilə diqqəti çəkir.x x x Vaja PŞAVELAZIĞ-ZIĞ QUŞLARININ TOYU Bu əhvalat şəhərlərdən, kəndlərdən çox-çox uzaqlarda, böyük qaranlıq və qalın meşədə baş verib. “Nə əhvalatdır?” –deyə soruşacaqsınız. Mən sizə zıq-zıq quşlarının toyu haqqında danışmaq istəyirəm. Zaxari adlı zığ-zığ, yalnız öz gözəlliyi ilə deyil, həm də hiyləkarlığı ilə məşhur olan Ketevan adlı cazibədar zığ-zığla evlənmək qərarına gəldi. Gənclərin nigahını möhtərəm qoca zığ-zığ Foma kəsirdi. O, dua edərək gözlərini səmaya doğru tutub dedi: “İlahi, bu yeni evlənənləri xoşbəxt et, onlara qarşılıqlı məhəbbət və sədaqət təlqin et! Qoy onlar balıq suda, ulduzlar səmada artan təki artsınlar! Sənin qulun Zaxari və Ketevan daim təmiz olsun. Amin! Bunu deyib gənclərin başlarına çiçəkdən hörülmüş cəlallı çələng qoydu. Hər yandan: “Amin! Amin! - sədaları eşidildi. Bunu qışqıran dəvət olunmuş qonaqlar: zığ-zığlar, payızbülbüllər, çökükburunlar, alacəhrələr, kəkliklər, cövüzqıranlar, alacaqanadlar, ağacdələnlər, qumrular, göyərçinlər, çoxlu digər quşlar idi. O qədər qonaq toplaşmışdı ki, ayaq atmağa yer yox idi. Toy mərasimi üçün gözəl bir yer seçmişdilər: ot basmış və gül-çiçəklə sıx örtülmüş meşə talasını. Nəhəng ağaclar oraya hər tərəfdən kölgə salırdı. Gül-çiçəklər də şən əhval-ruhiyyədə idi. Onlar bu toyun qonaqları idilər. Elə buradaca, torpağın altında soyuq, şəffaf bulaq qaynayırdı. Uzun masa müxtəlif yemək və meyvələrlə düzülmüşdü. Masaya minlərlə cürbəcür qurdlar, mığmığılar, otların hər növ toxumu qoyulmuşdu... Bəylə gəlini üzərinə gül-çiçək tökülmüş taxtda oturtdular. Qonaqlar da oturdu və böyük ziyafət başlandı. Yemək-içmək bol idi. Müxtəlif şərablar süzülür, kaxet, yaqut şərabı isə çay kimi axırdı. Hamı gənclərə hədiyyələr bəxş edərək şərəflərinə badələr qaldırırdı. Yaxınlıqda, çürümüş kötüyün yanında durmuş ağacdələn ucadan “Mravaljamiyer” oxudu. “Ey çığırqan, niyə şərab içmirsən? Bu işdirmi? İç görüm! – deyə quşlar bir ağızdan qışqırdılar. -Durun, dostlar, bir dəqiqə gözləyin, Allah sizi saxlasın. Bir yağlı qurd tapdım, qoy onu oyub çıxarım, ondan sonra ürəyiniz istədiyi qədər mənə şərab içirdin! – deyə ağacdələn çürüntünü ciddi-cəhdlə oymağa başladı. -Görək sənin bacarığını! – deyə quşlar yenidən qışqırışdılar. Gözlə, səhv etmə, əgər çıxara bilməsən ac qalacan, sənə yemək verməyəcəyik, onu yaxşı bil! Ağacdələn bir müddət çürüyü dimdələdi, ayaqları ilə cırmaqladı. Nəhayət cəddi uğurla nəticələndi, atılmış ilan qabığını xatırladan uzun qurdu çıxarıb dimdiyində bəylə-gəlinə gətirdi. -Yaşasın bəylə-gəlin! – deyə ağacdələn ucadan qışqırdı. Bu məclisə eşq olsun! Ura! - Yaşasın, hamı yaşasın! Əhsən sənə ağacdələn! Nə özünü, nə də bizi utandırdın! – deyə quşlar qışqırırdı. Tamada “igid oğulun” sağlığına badə qaldırdı – ağacdələn öz bacarığı və hünəri ilə buna layiq idi və içi şərab dolu üçüncü buynuzu ona uzatdı. Ağacdələn soluğunu almadan axıra qədər içdi və buynuzu geri tamadaya atdı. Tamada isə elə həmin qoca Foma idi. -Bu nədir belə, yemək yeyirlər, şərab içirlər, mahnı isə oxunmur! – deyə qarğa qışqırdı və var səsi ilə oxudu. Başqaları onun səsinə səs verdilər. Mahnı elə ucadan səsləndi ki, meşələr, dağlar lərzəyə gəldi. Güllər gülməkdən ölmüşdü. Yaxınlıqda öz yuvasında balaca siçan yaşayırdı. Toyun səsi onun rahatlığını pozdu və o, bayıra boylandı. Quşların ziyafəti və şənliklərinə, yağlı, dadlı və bol yemək-içməyə xeyli tamaşa edərək seliyini udurdu. Özünü nə qədər möhkəm saxladısa dözə bilmədi. Öz-özünə: “Nə olur olsun”, - deyib yaxına gəldi və hop edərək yeni evlənənlərin qarşısında böyük qoz vazının içində peyda oldu. -Kim gəldi sağ olsun! Yeni gələn cır-cıra eşq olsun! Deyə quşlar bir ağızdan qışqırırdı. Halal olsun ki, gəldin, bizi sevindirdin ey dost! – deyə bir az sərxoş qonaqlar qışqırırdı. -Sağlam və xoşbəxt olun, əzizlərim! Qoy evinizdən şadlıq və xoş işlər əskik olmasın. Allah sizi saxlasın, - deyə balaca siçan ən iri qozdan yapışdı. -Bir bu cır-cıra çaxır gətirin! Caxır! – deyə tamada uçadan qışqırdı. O çox içməlidir ki, bizə çatsın! -Əzizlərim, mən, axı içmirəm! Bax, qozu sevirəm. Goz mənim üçün gün işığından da əzizdir. Siz şənlənməkdə davam edin, mən qozlarla məşğul olar, həm də incimərəm! -Sən nə dedin? “İçmirəm?”. Bu nə cavabdır? Al, iç, yoxsa hamısını başına tökərik! – Tamada çaxır dolu buynuzu ağacdələnə uzadaraq sanki hədə-qorxu gəldi. O, buynuzu tamadanın əlindən ehtiramla alaraq siçanın yanında oturdu: -İç, dostum! Axı bu gün bizdə toydur, başqa şey deyil. Toyda isə qoz gəmirmək eşidilməyib. Bu buynuzu axıra qədər boşalt, ondan sonra ürəyin istədiyi qədər qoz gəmir! – deyə ağacdələn təkidlə xahiş edirdi. -İçə bilmirəm a qardaş, məndən aralaş! Bacarmıram, vəssalam! – deyə siçan çaxırdan üz döndərərək etiraz etdi. -Tökün, tökün birbaşa onun başına! Qoy inadlıq etməsin, -tamada bərk qızmışdı: -Deməli sən qanacaqsız hətta bəylə-gəlinin sağlığına içməyəcəksən?!. -Ömrümdə çaxır içməmişəm, ey rəhimli camaat. Siz isə məni birdən öyrətmək istəyirsiniz! Belə olmaz, bu nə tərslikdir? Axı, siz alicənab, mötəbər xalqsınız!.. Bax, yaxşısı budur bəylə-gəlinin sağlığına bir palıd qozası yeyim. -İçirdin! İçirdin bu qaçağı! Güclə də olsa içməlidir, olmaz! Bəs nə cəhənnəmə gəlib əgər içə bilmirsə? Düz xirtiyinə süzün! – deyə quşlar qışqırırdı. Ağacdələn bir əli ilə cır-cırın boynundan yapışıb o biri əli ilə də dolu buynuzu düz onun ağzına süzdü. Bilirəm cavan oğlan, öz istəyinlə olsan içməzdin, burda isə tamadanın sözü qanundur! Bir gör, dünya-aləm içir, bir sən inadlıq edirsən. İç, cəsarətlə iç, ana südü kimi təmiz çaxırdan imtina etmək günahdır! Sıçan çaxırı güclə, damla-damla udur, udduqca da cır-cır cırıldayırdı. Görünür öyrəşmədiyindən ona ləzzət vermirdi. -Qoçaq ol cır-cır, qoçaq! Bax belə, belə! Aa, qoçaq, cavan oğlan! – deyə quşlar ona hər tərəfdən ürək-dirək verirdilər. Siçan qamətini düzəldib boğazını təmizlədi və bir dəfəyə bütün buynuzu boşaltdı. Yalnız bir neçə damcı onun köynəyinə töküldü. -Ehey, axmaq, köynəyimə çaxır tökmə! Bu sənin qafandakı yamaqlı şal deyil ki, belə gobud davranırsan! –deyə onu həslədi, sonra isə havanı sinəsinə çəkərək qışqırdı: -Bəylə-gəlinə eşq olsun! Ey carçı, bəy dostuna eşq olsun! -Eşq olsun, eşq olsun! Boşaltdı, doy gəldi! –vəcdlə qışqırırdılar. Çaxır cır-cırı tez aldı. O, zəhlə tökən cığıltılı səsi ilə mahnılar, bayatılar oxumağa başladı, rəqs də etdi. Toplaşanları gülmək aparmışdı. Sonra sağsağı ortaya çıxdı və “Davruli” rəqsi başladı. Bu mənzərəyə tamaşa edən qarğalar gülməkdən qarınlarını tuturdular. Nəhayət, bütün bədənindən tər axan cır-cır: -Uh, yoruldum, -dedi. Elə oradaca, süfrənin yanında uzanıb yatdı. Qarnı top kimi şişmişdi. Süfrənin lap axırında bül-bül oturmuşdu. Müğənni quş nə şadlanır, nə də gülürdü. Qəm-qüssəli, fikirli məclisə tamaşa edirdi. -Gözəl bül-bül, bəs niyə bu gün sənin o gözəl səsini eşitmirik? –deyə quşlar ona müraciət etdilər. -Mahnı oxumaq xasiyyəti hər gün olmur ki. Bu gün bikefəm, -deyə bül-bül etiraz etdi. Quşlar o qədər rica etdilər ki, o məcbur olub razılaşdı. Hamı sükuta daldı. Elə sakitlik düşdü ki, milçək uçsa eşidilərdi. Öz sevimli müğənnisinə tamaşa edən gül-çiçəklər belə nəfəsini saxladı. Bül-bül oxudu:Eşq olsun səmalar hakimi sənə,Eşq olsun təbiət qüvvəsinə də.Təzə bəy yaşasın, daim sağ olsun,Ey gəlin sənin də üzün ağ olsun.Hər ləçəyi oxşayaram, sevərəm,Çiçəkdən çələng-tac sizə hörərəm.Dünyada ən gözəl nə ki, duyğum varQoymasam çələngə, vallah ölərəm.Saf ürəklə o çələngi bəxş edibBəy-gəlinin başlarını bəzərəm,Başqasının saf eşqinə hər zamanSevinər, şadlanar, daim gülərəm.Sizinsə sevginiz sanki yel, tufanSığmayır səmaya, yaxşı bilirəm. Bu zaman yaxınlıqda maral peyda oldu. O,quşların oxumasına, bül-bülün cəh-cəhinə diqqətlə qulaq asmağa başladı. Bül-bülün mahnısı onu qəmə saldı, narahat etdi, hansısa xəyallara daldı, gözləri yaşla doldu və dərindən kədərli köks ötürərək çevrilib sıx meşədə gözdən itdi. Quşlar xorla oxudu. Hamısı eyni mahnını, ancaq öz ahəngidə oxuyurdu. Təbiətin əzəmətindən, həyatın firavanlığından, nemətinə görə torpağa razılıq ifadələrini ucaldırdılar. Bu zaman öz səltanətinə seyr edən qartal astaca süzərək başlarının üstündən keçdi. -Qartal, qartal, padşahın özü gəlib bizə! –deyə kimsə dilləndi. Və həmin an sanki hamının dili tutuldu. Heç kəs cıqqırını çıxara bilmədi. Qorxu və təlaş hamını bürüdü. Həqiqətən, qartal vahiməli bir mənzərə idi. Onun bir hücumu bəsidi ki, bu quş dəstəsini yerli-dibli yox edəydi. -Niyə qorxdunuz ey camaat?- deyə Foma ata quşlara müraciət etdi. Əgər istəsəniz mən ondan xahiş edərəm süfrəmizə buyursun. Qonaqların bir hissəsi bunun əksinə çıxdı: -onun ağır zəhminə dözmək çətindir, artıq sərbəst şadlıq olmayacaq və bu, ümumiyyətlə gərək deyil. Digərlərin bu fikir xoşuna gəldi: -dəvət edək, vəssalam, -deyirdilər. Foma ata ox kimi süzüb yuxarı uçdu, quşlar padşahının qarşısından bir-neçə kərə keçdi. Qartal ona gözünün ucu ilə belə baxmadı, sanki qarşısında milçək uçurdu. -Salam əleyküm əlahəzrət! –deyə papağını çıxararaq Foma onu salamladı. -Əleyküm salam zığ-zığ, -qartal təmkinlə cavab verdi. -Böyük hökmdar! Xahiş edirik toyumuza təşrif buyurasız! Bütün qəlbdən, bütün ürəkdən xahiş edirik. Sənin xalqın qarşında diz çökərək yalvarır. Əlahəzrət, əgər buyurub bizlərə ensəniz, biz, sadiqtəbəəli qullarınız ömrü boyu sizlərə minnətdar olacağıq. -Nə isə, olar, niyə də yox! –dedi qartal. Uç irəlidə, yol göstər. Foma ata iti surətlə aşağı cumdu. Qartal öz güclü qanadlarını qatlayıb onun arxasınca aşağı endi. Sanki səma yerə düşdü. Quş yığını öz padşahlarını qarşılamağa hay-küylə qalxdı. Qartal toplaşanların hamısını ləyaqətlə salamlayırdı. Onu masanın başında oturtdular. Quşlar qarşısında başı açıq dururdular. Aralarında yalnız bül-bül yox idi. -Əyləşə bilərsiniz, -qartal icazə verdi. Və quşlar böyükdən kiçiyə hamısı oturdu. Bu, bazar ertəsi, günorta baş verirdi. Meşədə -- ovda və ya işdə olan hər kəs təəccüb edirdi, quşlar nə görünür, nə də eşidilir, sanki onlar hamısı birdən yox olmuşdular. Camaat hardan bilsin ki, quşlar zığ-zığların toyunda şənlənir və kef edirlər. Qartala dağkeçisi buynuzunda çaxır verdilər. O, məmnuniyyətlə içdi və şənləndi, hətta öz vahimə salan səsi ilə hansısa mübariz mahnı guruldatdı. Bu mahnıdan hamının bədəni titrədi. “İlahi, -deyə, hamı ürəyində ibadət edirdi, hökmdarımızın ürəyini qəzabla dolmağa qoyma, yoxsa hamımızı bir anda əzib-tökər”. Ancaq qartalın qəzəblənmək fikri yox idi. O, quşlardan şənlənməyi, oxumağı, rəqs etməyi xahiş edirdi. Onlar isə həvəsdən düşmüş və hətta anlamırdılar ki, onlara nə olub. Qonaqları tərpətmək, onlara cəsarət vermək üçün musiqi tələb etdi. Hökm o dəqiqə yerinə yetirildi. Qartal iri pəncələri ilə tapdalayaraq özü rəqs etməyə başladı. Hətta talada olan gül-çiçəyi də tapdaladı. Onunla rəqs etməyə heç kəs cəsarət etmirdi. Yalnız axıra yaxın cır-cır cəsarət etdi. “Lekuri” qaydasını elə rəqs etdi, elə oyunlar açdı ki, toz-duman aləmi qatdı. Rəqs edərkən o qədər eşqə düşdü ki, hətta qartalın üstündən belə atıldı. Padşah bu gəncin belə hərəkətinə dilixor olsa da, oralıq olmadı, heç nə demədi. Yalnız elə tərs baxdı ki, yazıq siçanın az qala canı çıxacaqdı. Bu baxışdan sonra cır-cır özünə gələ bilmədi, özünü pis hiss edib məclisi tərk etdi. Kənarda, ağacın altında uzanıb ağcaqovaq yarpağı ilə üstünü örtdü. Quşlardan ən cəsarətlisi ağacdələn oldu. O, həddindən artıq içmişdi və ağızdolusu elə oxudu ki. Bütün orkestr sarsıdı. Sonra, nəhayət, həyasızlaşmış, padşaha sataşdı. Qartala: -Səni kim padşah təyin etdi? –deyirdi. Biz səni seçmişikmi? -Cavan oğlan səsini kəs! Ağlını itirmisənmi? –deyə quşlar ona pıçıldadılar. -Əsla yox, kəsmərəm! Niyə sakit durmalıyam? Əzizlərim... –deyə sərxoş ağacdələn davam edirdi. Siz necə xalqsınız?! Ürəkdə ona nifrət edir, üzünə isə söz deməyə cəsarət etmirsiniz. Kişisən üzünə de! Qartal coşmuş ağacdələnə qəh-qəhə çəkərək gülürdü, ancaq quşlar padşahın şərəfini qorumaq qərarına gəldilər. Onlar ağacdələni tutub dimdiyinə burulmuş ot soxub ağaca bağladılar. Ağacdələn çaşaraq kiridi, kədərləndi və nə baş verdiyini anlamadı. Quşlarda bu hərc-mərclik baş verərkən tülkü onlara yaxınlaşdı. Hiyləgər yaramaz meşənin kənarından çoxdan izləyir və fikirləşirdi ki, onlar sərxoş olsun, bax onda mənim də bayramım olacaq. Tülkünü gəlini tutmaq istədiyi məqamda gördülər. Hay-haray, səs-küy qopdu, quşlar hərə bir yana uçuşdu. Yalnız qartal dimdiyini açaraq tülkünün üstünə hücum etdi və bir andaca onun işini bitirdi. Quşlar meşəyə dağılışdı: bəziləri ağaclara qondu, bəziləri havada uçuşurdu. Talada yalnız qartal və ağacdələn qalmışdı. Hətta xəstə siçan belə bu həyacanı eşidən kimi öz yuvasına soxuldu. Qartal ağacdələni azad edərək dedi: “Sənin sarsaxlığını ona görə bağışlayıram ki, içkili olubsan. Gələcəkdə ehtiyatlı ol. Yoxsa vay sənin halına”. O, uca havaya qalxdı, sanki səmayla birləşib yüksəklikdə dövrələr vurdu. Bəylə-gəlin Ketevan və Zaxari sıx meşəlikdə gözdən itdilər: incə oxşama və öpüşlərlə həmin günü keçirdilər. Axşam isə bir fıstıq budağı üstündə yanaşı yatdılar.Gürcü dilindən tərcümə edəni: Əziz DƏLİVƏLLİ(Əziz Məmməd oğlu Dəlivəlov)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.