Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan Ədəbi əlaqələr, Tiflis, Tarix, Turan 16 Ekim “Ziya” – işıqlı fikirlərin tərcümanı“Ziya” qəzetinin müxbirlərindən biri:-“Əkinçi”dən sonrakı anadilli mətbuat boşluğu milli ziyalılarımızı narahat edirdi. Mətbuat yaratmaq, xalqa onu maraqlandıran məsələlərdən söz açmaq günün vacib məsələsi kimi öz müsbət həllini gözləyirdi. Şamaxı qazısı Hacı Səid Əfəndi Unsizadə inandığı və güvəndiyi milli ziyalıların köməyi ilə nəşriyyat və mətbuat vasitəsilə maarifçilik sahəsində böyük işlər görmək üçün vaxtilə Bakı qubernatoru olan D.S.Staroselskinin qayğı və mərhəmətindən istifadə edərək Tiflisdə əvvəlcə daş basmaxanası açır, burada “Ziya” adlı qəzetin nəşrinə başlayır. O, bir müddətdən sonra basmaxananın abadanlıqları və texnoloji imkanları əsasında mətbəə (tipoqrafiya) yaradır. Mətbəədə – Azərbaycan dilli ilk geniş profilli tipoqrafiyada “Ziya” qəzeti ilə yanaşı, kitab çapına da geniş rəvac verilir. “Ziya” həm qəzetin, həm də tipoqrafiyanıın adıdır.Sonralar qəzetin adında məqsədəyönlü şəkildə dəyişiklik edilmiş, qəzet “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. Bir sıra tədqiqatlarda qəzetin adını “Ziyayi-Qafqaziyyə” yazırlar. Bu, səhvdir.“Əkinçi” qəzeti öz nəşrini dayandırmağa məcbur olandan (“Əkinçi”nin sonuncu – 56-cı nömrəsi 29 sentyabr 1877-ci ildə çap olunmuşdur) bir il üç ay sonra- hicri-qəməri təqvimi ilə 1294-cü il səfər ayının 14-də (bu tarix miladi təqviminin 1879-cu il yanvar ayının 25-nə uyğundur) Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində 4 səhifəlik “Ziya” adlı həftəlik qəzetin nəşrinə başlanmışdır. (bax: “Ziya” qəzeti, 19.11.1879, N44).Adından göründüyü kimi, “Ziya” işıqlı fikirlərin tərcümanı kimi düşünülmüşdü.“Ziya” qəzetinin üslubu zəngin və rəngarəngdir. Burada müəlliflərirn üslubuna hörmətlə yanaşılmış, onların yazıları bir sıra mətbu orqanlardakı yazılardan fərqli olaraq, redaktor və naşirin istəyinə uğun şəkildə redaktə olunmamışdır. “Ziya”nın coğrafiyası geniş və əhatəli idi. “Ziya” Amerikadan da yazırdı, Afrikadan da. Avropa və Asiyada “Ziya”nın fəal müxbirləri var idi. “Ziya”nın Tambov müxbiri Mirzə Həsən Əfəndi Hacı Abdulla oğlu Əlqədari idi.M.H.Əlqədari 1834-cü il oktyabrın 15-də (hicri qəməri təqviminin 1250-ci ilinin cəmadiyülaxir ayının 11-də) Balakəndə anadan olmuş, 1910-cu il sentyabrın 12-də Əlqədarda vəfat etmişdir. Milliyyətcə ləzgidir. Əsli Kürə mahalının Əlqədar kəndindən olduğu üçün nisbəsi Əlqədaridir.Həsənin atası Abdulla Qurbanəli oğlu Dağıstanın məşhur təriqət başçılarından biri olan Məhəmməd əl-Yaraqinin şagirdi və kürəkəni olmuş, ondan bir sıra elmləri mükəmməl öyrənmişdir. Həsən ana dili ilə yanaşı, ərəb dilini də bu dildə şeir yazmaq dərəcəsində mükəmməl öyrənmiş, “Məmnun” təxəllüsü ilə bir divanlıq şeir yazmışdır. Hələ kiçik yaşlarından Azərbaycan və fars dillərininin ədəbi dil qaydalarını bilməsi Həsənin layiqli vətəndaş kimi yetişməsində, həm Rusiyada, həm də türk dünyasında tanınmasında əhəmiyyətli rol oynamışdır.Mirzə Həsən Əfəndi Əlqədarı “Əkinçi”nin ilk şairidir:”Əkinçi” də şeirlə çıxış edən ilk müxbir məhz Mirzə Həsən Əfəndi olmuşdur. Qəzetin 5 sentyabr 1875-ci tarixli 4-cü nömrəsində “Əkinçi” qəzetinin şükrnaməsi” başlığı altında Tabasarandan göndərdiyi, “Məmnun” təxəllüsi ilə yazdığı 7 beytlik bir qəzəli dərc olunmuşdur. Bu,”Əkinçi” qəzetində çap olunan ilk ədəbi nümunə, ilk şeir idi.Qəzetdə şeirlərin yerləşdirilməsinin xronoloji baxımından S.Ə.Şirvani “Əkinçi”nin ikinci şairidir; onun 9 beytlik qəzəli Əlqədarinin qəzəlinin dərcindən 15 gün sonra – qəzetin 5-ci nömrəsində (20.09.1875-ci il) oxuculara təqdim olunmuşdur. Hər iki qəzəldə Həsən bəy Məlikzadənin – Zərdabinin milli mətbuatın yaranması yolundakı fəaliyyəti alqışlanır.M.H.Əlqədarinin “Əkinçi”dəki ikinci yazısı qəzetin 04.11.1875-ci il tarixli 8-ci nömrəsində dərc olunmuşdur. Burada üç məsələdən söz açılır, hər mövzu ifadə olunan fikrin nəticəsi kimi şeirlə tamamlanır.Birinci xəbərdə Qasım kəndində məktəb açmaq məsələsinin vaciliyindən danışılır.İkinci xəbərdə insanlara bəd əməlrdən uzaq olmaq məsləhət görülür.Üçüncü xəbərdə insanlara həyatda düzgün yol seçmələri tövsiyə olunur.M.H.Əlqədarinin “Əkinçi”dəki üçüncü yazısı “Məmnun Əlqədari” imzası ilə qəzetin 11 iyun 1876-cı ildəki 11-ci nömrəsində dərc olunmuşdur. Yazıda Əhsənül-Qəvaid ilə Şirvan şairlərinin mübahisələrinə münasibət bildirilir.Yazısının sonunda müəllif bu qənaətə gəlirki, dava-dalaş etsəniz, müvəffəqiyyətsizliyə uğrayıb, hörmətsiz olarsınız.“Əkinçi” qəzeti bağlanadan sonra M.H.Əlqədari “Ziya” qəzetində çıxış etmişdir. Onun “Ziya”dakı ilk yazısı qəzetin 29 noyabr 1879-cu il tarixli 46-cı nömrəsində çap olunmuşdur. Bu yazı Mirzə Həsən Əfəndinin sürgün həyatı ilə ilgilidir.1865-ci ildə Cənubi Tabasarana naib təyin edilən M.H.Əlqədari 1877-ci ildə Dağıstanda baş verən üsyanda günahlı bilinərək, həbs edilir, 7 ay Dərbənd həbsxanasında dustaq saxlanılır. 1879-cu il aprelin 10-da M.H.Əlqədari bir qrup zabitlə birlikdə Tambov quberniyasının Spasski şəhərinə sürgün edilir. O, burada ailəsi ilə birlikdə dörd il sürgün həyatı yaşamalı olur. M.H.Əlqədari 1883-cü ilin may ayında Tambov quberniyasının Spassk şəhərində taxta çıxan çar III Aleksandrın amnistiyasından sonra ailəsi ilə birlikdə Əlqədara qayıdır və ömrünün sonunadək burada məktəbdarlıqla məşğul olur. Qeyd edək ki, Əlqədarinin 12 doğma övladı var idi. Onlardan ikisi sürgündə yaşadıqları illərdə dünyasını dəyişmişdir.M.H.Əlqədarinin “Ziya”dakı ilk yazısı redaksiyanın yönəldici və düşündürücü qeydləri ilə başlayır: “Zeyldəki məktubun (aşağıda göstərilən) mütaliəsi mətləbdən xali olmamağa görə bəeynə (eynilə, dəyişilmədən) qəzetəmizdə dərc olunur”.M.H.Əlqədari “mütaliəsi mənfəətdən xali olmayan” məktubunu “Katibi Mirzə Həsən” adı ilə imzalamışdır. M.H.Əlqədari Hacı Səid Əfəndi Ünsizadəyə “Əfəndim həzrətləri” xitabı ilə başlanan məktubunda sürgünə düşməyinin səbəblərindən, əsrlər boyu xalqı qəflətdə saxlayan köhnə adət və ənənələrdən söz açır və belə nəticəyə gəlir ki, bu qədər əziyyət və zəhmətin ümdə baisi cəhalətdir.Məktubundakı açıq və üstüörtülü sözlərdən hiss olunur ki, M.H.Əlqədari hökumət dairələrinin onlara qarşı yönələn hərəkətlərindən çox narazıdır. O, özünün “Pəs səbəb nə oldu ki, Rusiyanın içərilərinə düşüb, avareyi-vətən olmuşam?” sualına özü belə cavab verir: “Bunun cavabında ərz olunmalı sözlərimiz çoxdur və leykin “Qurunun oduna yaş da yanar ” misalı və Sədinin “Tülkü və Dəvə” hekayəsi, əlbəttə, məlumunuzdur.Qeyd edək ki, Sədinin bu hekayəsində aza qənaət edib, rəislik fikrindən daşınmaq fikri məsləhət görülür. (Sədi. “Gülüstan”, Bakı, 1987, səh.57).M.H.Əlqədarinin “Ziya”qəzetində dərc olunmuş ilk məktubu onun maarifçilik görüşlərini öyrənmək baxımından çox maraqlıdır.Maraqlı həm də odur ki, Əlqədarinin bu və “Ziya”dakı digər məktublarından Rusiya Federasiyasının M.H.Əlqədari haqqında dissertasiya yazan Əlqədarişünas alimlərinin də xəbərləri yoxdur. Buna ancaq təəssüf edirik.Görünür, yazılan dissertasiyaları, elmi işləri qiymətləndirmək üçün yeni yanaşma üsullarından istifadə edilməli, arxivlərdəki elmi əhəmiyyətli sənədlərin diqqət və həssaslıqla araşdırmasına qayğı artırılmalıdır.M.N.Əlqədari “Ziya”dakı ilk məktubunda qəzet vasitəsilə xalqın tərəqqisinə, maarif və mədəniyyyətinin yüksəlməsinə çalışan Səid Ünsizadənin fəaliyyətini yüksək qiymətləndirir, dünyəvi elmlərə yiyələnməkdən ötrü xarici dillərin yaxşı öyrənilməsini vacib və ümdə məsələ hesab edirdi.M.H.Əlqədarinin “Ziya”dakı ikinci məktubu qəzetin 1880-ci ildə çıxan 10,11 və 13-cü nömrələrində dərc olunmuşdur. Məktubdan məlum olur ki, M.H.Əlqədari Spaskidə ciddi mütaliə edir, yerli xalqın adət və ənənəsinə aid yazacağı məqalə üçün material toplayır, lakin Azərbaycan dilində çıxan qəzetdə əməkdaşlıq xatirinə bu işi bir qədər təxirə salır:“Spasskidə təvəttün edən (yurd salan) rusların zindəganlığını, yəni rəsm (ərəb mənşəli “rəsm” sözünün 10-dan çox mənası var. Bu sözün buradakı mənası “adət” mənasındadır) və adətlərini və ədəbiyyatı maarifdə nə dərəcə qane olmaqlarını və əxlaq və ədəblərini bilməsi lazım gəlir. Əhvalatları hənuz kənara qoyub, indilik xahişim budur ki, bura müsəlmanları (Tambov quberniyası müsəlmanları) haqqında bir neçə kəlmə “Ziya” qazetinə məlumat verim”.(Ziya” qəzeti,07.02.1880-ci il, № 10).M.H.Əlqədarinin dünyagörüşünün müxtəlif cəhətlərini öyrənmək baxımından bu məqalə çox maraqlıdır. Müəllif Tambov quberniyasında yaşayan müsəlmanların (tatarların) məişəti, dili, təhsili və s. haqqında türkdilli oxuculara faydalı məlumat verir, rus dilinin tatar dilinə təsirindən danışır, lakin bunu hər yerdə məqbul hadisə kimi qiymətləndirmir, üstüörtülü şəkildə qatış-bulaş dilə, mənfi münasibətini bildirir: “Danışıqlıqlarında əksər istilah rus ləfzihdə qarışdırıb, danışırlar. Yazıları cığarayca öz xətləidir. Üləmaları ərəbi və farsi lisandan müxtəlif bir dil ilə söyləyirlər. Böyükləri və kiçikləri tamamən rus lisaninə aşinə olub, təmiz bilirlər. Əhli-savad olanlardan əksəri rusça yazmağı dəxi bilirlər. Rus xidmətində məmuriyyətdə olanları çoxdur. Tatarların mollaları, qaziləri vətəmam ruhani qismi rus xəttini bilirlər”.M.H.Əlqədari bu məqaləsində tatarların məktəbləri haqqında ətraflı bəhs edir. Bu da təsadüfi deyil; o, müəllimliyə böyük həvəs göstərirdi, həyatının gənclik illərində, eləcə də, sürgündən qayıtdıqdan sonra Dağıstanda uzun müddət təbiət, coğrafiya, tarix, riyaziyyat və ədəbiyyatdan dərs demişdir. O, öz dərslərində Əbül-üla Məari, Firdovsi, Nizami, Ömər Xəyyam, Sədi, Hafiz, Füzuli, Mirzə Şəfi Vazeh və başqa tanınmış şairlərin şeir və hikmətli sözlərini şagirdlərinə həvəslə öyrətmişdir.Şagirdlərdən birinin sonralar yazdığına görə M.H.Əlqədari onlara H.Məlikzadənin (Zərdabinin), M.F.Axundovun, “Əkinçi” və digər qəzetlərin maraqlı, uşaqların təfəkkür tərzinə uyğun yazıları oxuyar, öz ciyərparələrini ictimai-siyasi həyatın vacib məsələləri ilə tanış edərmiş. Xatirədə “digər qəzetlər” cərgəsində adı çəkilməsə də, “Ziya”nın yeri aydın görünür.Maraqlıdır ki, M.H.Əlqədarinin məktubundakı fikirlər ilə “Ziya” qəzetinin naşiri və əsas yazarlarından biri olan S.Ünsizadənin yeni tipli məktəb uğrunda apardığı mübarizənin uyğun və üst -üstə düşən cəhətləri çoxdur. Məktəb və maarif məsələləri, dərslik və tədris üsulu “Ziya” qəzeti nəşrə başlayandan onun aparıcı, istiqamətverici mövzuları olmuşdur. S.Ünsizadənin “Oxumaq və yazmaq barəsində” (08.02.1879, N3), “Uşaqlarımıza təlim və təhsil vermək barəsində (13.02, 1879, N4), “Təklifati-mədəniyyət” (2702.1879 və s. proqram xarakterli yazılar dövrün maarifçi ziyalılarına ünvanlanmış yazılar kimi diqqəti cəlb edir.M.H.Əlqədarinin məktubundan hiss olunur ki, qürbətdə – doğma el-obasından uzaqlarda yaşamağa məcbur olan müxbir “Ziya”da dərc olunan yazıları müntəzəm oxuyurmuş. O, çox güman ki, S.Ünsizadənin 1880-ci ildə “Ziya”nın bir neçə nömrəsində dərc olunan “Mübtədi məktəblər barəsində” silsilə məqalələrini də oxumuş və bu yazılar onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.“Zİya” qəzetində sonrakı nömrələrində M.H.Əlqədarinin imzalı və imzasız digər yazılarına təsadüf edilmir. M.H.Əlqədarini Azərbaycan və Azərbaycan ziyalıları ilə bağlayan əlaqələr çoxdur. Onun Azərbaycan dilində 1890-1892-ci illərdə yazdığı “Asari-Dağıstan” əsəri 1903-cü ildə Bakıda nəşr olunmuşdur.F.Köçərli 1907-ci ildə qələmə aldığı yazısında M.H.Əlqədarini çox yüksək qiymətləndirmişdir.M.H.Əlqədarinin “Məmnun” təxəllüsü ilə Azərbaycan və ərəb dillərində yazdığı şeirlər şairin ölümündən üç il sonra Teymurxan-Şurada çap olunmuşdur.2009-cu il sentyabrın 26-da Dağıstanın Süleyman Stalski rayonunun Əlqədar kəndində Mirzə Nəsən Əfəndinin muzeyi açılmışdır.Azərbaycanın orta məktəbləruində işıqlı fikir adamlarından biri olan M.H.Əfəndinin ədəbi irsinin öyrənilməsi müvafiq təhsil qurumlarını ciddi düşündürməlidir.Nazim Nəsrəddİnov, Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.