Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil”

Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil” Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyin başlatdığı "Azərbaycanlılar Slavyan ölkələrində" lahiyəsinin növbəti qonağı Bella Musayeva oldu.

- Salam Bell xanım! Sizi “Azərbaycanlılar Slavyan ölkələrində” adlı lahiyədə xoş gördük!

- Salam! İlk növbədə məni layihənizə dəvət etdiyinizə görə, sizə təşəkkürümü bildirmək istərdim.

- Zəhmət olmasa özünüz haqqında oxuculara geniş məlumat verərdiniz.

- Özüm haqqında nə deyə bilərəm? Bakıda hüquqşünas ailəsində anadan olmuşam. Artıq əlli ildir ki fərqlənmə ilə bitirdiyim Bakı Slavyan Universiteti ( əvvəlki M.F.Axundov adına Pedağoji Rus dili və ədəbiyyatı institutu) ilə bağlıyam. Filologiya elmləri doktoru, BSU-nun ədəbiyyat nəzəriyyəsi kafedrasının professoruyam. İndi isə Moskvada rusiyalı tələbələrə ana dilimizi və mədəniyyətimizi tədris edirəm. Bir oğlum var. Bu qədər bəsdir?

- Azərbaycan və Slavyan xalqları arasında dostluq və əməkdaşlıqdan razısınızmı?

- Azərbaycan və Slavyan xalqları arasında əlaqələrin çox dərin kökləri var. Hələ dahi Nizami Gəncəvi XII əsrdə “Yeddi gözəl” poemasnda slavyan gözəlini tərənnüm etmişdi. Görkəmli rus şairləri A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin və başqaları, Azərbaycan və azərbaycanlılara necə gözəl, səmimi şeirlər həsr etmişlər! XIX əsrdə tanınmış polyak ədəbiyyatşünası Xodzko “Koroğlu” dastanını. tərcümə etmişdi və s.və s. Bu gün Azərbaycan və Slavyan xalqları arasında dostluq və əməkdaşlıq əlaqələri dayanmadan genişlənir və möhkəmlənir. Bunu biz Azərbaycan-Rusiya əlaqələrinin timsalında görə bilərik. Lap bu günlərdə Azərbaycan və Çex Respublikası arasında əməkdaşlığın bütün sahələri, o cümlədən iqtisadi əlagələri əhatə edən strateji tərəfdaşlığı haqqında iki Prezident tərəfindən imzalanan Bəyannamə buna daha bir sübutdur.
Burada bütün slavyan dilləri üzrə mütəxəssislər, tərcüməçilər hazırlanır, rus, Ukrayna, polyak və s. mədəniyyət mərkəzləri fəaliyyət göstərir, slavyan ölkələrinin qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri bağlanıb, tələbə və müəllim mübadiləsi həyata keçirilir.

Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil” - Bir elm adamı kimi bu dostluğa hansı bir tövhəni vermisiz?

- Tövhə sözü bir az təntənəli səslənir. Mənim fəaliyyətim, əlbəttə ki,dənizdə bir damladır. Ancaq bacardığımı əsirgəlməmişəm. İllər boyu BSU-də Rus ədəbiyyatını tədris etmişəm, Azərbaycanda, Rusiyada, Bolqarıstanda Azərbaycan-rus ədəbi əlaqələrinə dair məgalələrim çap olunub, bu mövzuda bir çox elmi konfranslarda çıxış etmişəm. Hal-hazırda isə, bildiyiniz kimi, MDLU-da dilimizi və mədəniyyətimizi tədris edirəm .Azərbaycan və Rusiya gəncləri arasında dostluq körpüsü yaratmağa çalışıram. Onu da deyim ki,indi mənim tələbələrimin Azərbaycanda xeyli dostları var (Şəxsi tanışlıq,internet vasitəsi ilə).
Dünən Azərbaycan haqqında cüzi məlumatı olan tələbə bu gün Məmməd Arazın, B.Vahabzadənin, Rəsul Rzanın, M.Ə. Sabirin, N.Rəfibəylinin və başqa Azərbaycan şairlərinin əsərlərini sevə-sevə oxuyursa, Azərbaycanın mədəniyyətdə, idmanda qazandığı uğurlara ürəkdən sevinirsə, demək, o, artıq Azərbaycanın dostuna çevrilir. Bu da sevindirməyə bilməz.

- Rusiyada neçənci ildən yaşayırsız?

- Mənim əzizlərim, mənim yaşayış yerim Azərbaycandır, Bakıdır. Sadəcə doqquzuncu ildir ki, Moskvada ezamiyyətdəyəm. 2007-ci ildə BSU-nun o zamankı rektoru (hal-hazırda Dövlət müşaviri) akademik Kamal Adullayevin təşəbbüsü ilə Azərbaycan dili fənni MDLU-nun tədris planına daxil oldu. Bu iş mənə çox maraqlı gəldi. Axı ilk dəfə idi ki, Rusiyada doğma dilimiz professional səviyyədə tədris olunacağdı! Mən hətta çalışdığım dekan vəzifəsindən imtina edərək Kamal müəllimdən xahiş etdim ki ,məhz məni Moskvaya göndərsin.Və indiyədək Kamal müəllimin bu qərarına görə ona çox-çox minnətdaram. O vaxtdan mən bura müəllim kimi ezam olundum. 2009-cu ildə BSU-nun dəstəyi ilə MDLUda Azərbaycan dili və mədəniyyəti mərkəzi açıldı və indi mən o mərkəzin direktoruyam.
Sözün açığı, mən Moskvaya gələndə elə düşünürdüm ki, uzağı iki il işləyib qayıdacam. Ancaq hər şey mən fikirləşən kimi olmadı. Elə ilk gündən dərslər elə intensiv getdi ki, uşaqlarda elə həvəs gördüm ki, onlara ürəklə bağlandım və mütləq onları diploma qədər çatdıracağımı qərara aldım. Sonra isə başqa tələbələr gəldi…Və bu minvalla ikinci buraxılışım da oldu. Bu il, inşallah, Azərbaycan dilini öyrənən bir qrup da təhsilini başa çatdırır. İkinci semestrdən isə yeni qrup dilimizi öyrənməyə başlayacaq… Belə ki, BSU rəhbərliyinin razılığı və Allahın məsləhəti ilə hələ buradayam.

- Rusiyada yaşamağın mənfi və müsbət çəhətləri nədir?

- Onu deyim ki, Rusiya, daha doğrusu Moskva mənim üçün özgə məkan deyil. Mən burada SSRİ vaxtında Moskva Dövlət Universitetinin aspirantı və doktorantı olmuşam, elə orada da namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişəm. Həm o zaman, həm indi özümə qarşı hörmət və, təvəzükarlıqdan uzaq olsa da, üzr istəyirəm, məhəbbət görmüşəm. Deyim ki, özümü qərib hiss edirəm - əsla yox! Bizim diaspor ilə sıx əlagədəyəm, bütün tədbirlərdə, demək olar ki, iştirak edirəm, doğma dilimizi, musiqimizi daim eşidirəm, dünyalar qədər sevdiyim Bakıma, ildə 3-4 dəfə gedirəm. Ona görə də Rusiyada yaşamağın mənfi cəhətlərini hiss etmirəm. Bəlkə də ona görə ki,mən burada müvəqqəti yaşayıram, qonağam! Hə ,bir mənfi cəhət var – təbiət şəraiti : qışdan,soyuqdan, sürüşkənlikdən çox qorxuram!

Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil” - Səfirliyimizin və diaspora təşkilatlarımızla əməkdaşlıq edirsinizmi , fəaliyyətindən razısızmı?

- Bəli,səfirliyimizlə,H.Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ilə,Ümumrusiya Azərbaycan Konqresi ilə, Rusiyada Azərbaycan Gənlər Birliyi ( AMOR) ilə ASGA Rusiya nümayəndəliyi və başqa diaspora təşkilatları ilə daim əlaqə saxlayıram. H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva,səfirimiz cənab Polad Bülbüloğlu,səfirin birinci muavini Qudsi Osmanov, bizim Mərkəzə böyük diqqət göstərirlər.Onların sayəsində MDLU-nun tələbələri dəfələrlə Azərbaycanda olublar.
Ümumiyyətlə, səfirliyimiz də,bütün təşkilatlar da Azərbaycanın müsbət imicinin möhkəmləməsi istiqamətində böyük işlər görürlər. Arzu edərdim ki, bütün təşkilatlar bir-biri ilə daha sıx əlaqədə olsunlar, biri-birinə dəstək olsunlar.

- Siz Azərbaycan Slavyan Universitetinin əməkdaşısınız. BSU Azərbaycan və Slavyan xalqları arasında, əlaqələrin gücləndirilməsində hansı addımları atıb?

- Bu suala mən artıq qismən cavab verdim. Əlavə edə bilərəm ki. BSUnun təşəbbüsü və dəstəyi ilə Rusiyada (Moskva, Yekateriyburq), Ukraynada (Kiyev, Poltava), Belarusiyada, Bolqarıstanda və digər Slavyan ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. BSU-nun əməkdaşları Slavyan ölkələri üçün Praktik Azərbaycan dili, danışıq kitabı, lüğətlər hazırlayıb. MDLU-da isə Azərbaycan dili üzrə tədris-metodik kompleksi çap olunub (müəlliflər: BSU-nun professoru S.Abdullayeva və mən, elmi məsləhətçi - akademik K Adullayev).
BSU-da nəşr olunan “ Azərbaycanda rus dili və ədəbiyyatı” (“Русский язык и литература в Азербайджане”) “Mütərcim” jurnalları bu istiqamətdə böyük işlər görür. BSU-da çalışan alimlər Azərbaycan-slavyan mədəni, iqtisadi, siyasi əlaqələri mövzusunda elmi araşdırmalar aparırlar.

- Bu yaxınlarda cənab Prezident tərəfindən siz Əməkdar müəllim adına layiq görüldünüz! Zəhmət olmasa bu haqda danışardız! Necə oldu gözləyirdinizmi bu adı?

- 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində aldığım “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri ad, mənim üçün misilsiz hədiyyə oldu. Mən özümü çox xoşbəxt hiss edirəm ki, mənim sadə müəllim əməyim hörmətli cənab Prezident tərəfindən belə yüksək qiymətləndirilidi. Bu təltif mənə yeni ruh, yeni qüvvə bəxş etdi! Mən bir daha əziz Prezidentimizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm və ona möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətində, uğurlar arzulayıram!.

Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil” - Azərbaycan Mədəniyyət mərkəzi bu vaxtadək hansı işləri görüb, fəaliyyətinizdə hansı yeniliklər var?

- Mərkəzin qarşısında duran əsas məqsəd - Azərbaycanın hər bir sahədə qazandığı uğurlarını təbliğ etmək, Azərbaycanın həqiqətini MDLU-nun müəllim-tələbə kollektivinə ( o cümlədən, xaricdən gələnlərə) çatdırmaqdır. Bu sahədə biz bir sıra tədbirlər həyata keçirmişik.
Azərbaycanın bütün dövlət və milli bayramları qeyd olunur. Bu tədbirlər zamanı respublikamızın nailiyyətlərini əks edən fotosərgilər, videofilmlər nümayiş etdirilir, tələdələr Azərbaycan və rus dulində çıxışlar edirlər.
Hər il Ulu öndərimiz Heydər Əliyevin anadan olan günü ilə bağlı silsilə tədbirlər keçirilir: dəyirmi masa, “Xalqa həsr edilmiş həyat” başlığı altında kitab sərgisi, sənədli filmlərin nümayişi və s.
Mərkəzdə Azərbaycanın tanınmış, dəyərli elm və mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Məsələn, tələbələrin qonağı xalq yazıçısı Anar, Azərbaycanın xalq artisti, professor Amalya Pənahova, Azərbaycanın xalq artisti, pianoçu mərhum Tamilla Mahmudova, Rusiyanın əməkdar rəssamı Əskər Məmmədov və başqaları olublar. Mütəmadi olaraq BSU-nun alimləri tələbələrlə görüşür.

Bundan əlavə Azərbaycan musiqisinə, ədəbiyyatına həsr olunmuş açıq dərslər keçiririk (məs.,N.Rəfibəyli, M.Ş.Vazeh. Qara Qarayev həyat və yaradıcılığı ilə bağlı).
Xalqımızın ağır günləri – 20 yanvar və Xocalı faciəsi - ilə bağlı hər il anma dəqiqələri, sənədli və bədii filmlərə baxış ,görüşlər təşkil olunur. Tələbələr “Biz səni sevirik, Azərbaycan!” adlı videofilm hazırlayıblar. Bu 8 ildə o qədər tədbirlərimiz olub ki! İnşallah, siz də bizim qonağımız olarsınız, Rusiya tələbələrinin Azərbaycana olan marağının, məhəbbətinin şahidi olarsınız!
Planlarımız çoxdur. Bu il “Çiçəklənən Azərbaycan” adlı MDLU-da Azərbaycan günü , xalq şairi B.Vahabzadəyə , dahi bəstəkar Ü.Hacıbəylinin 130 illiyinə həsr olmuş ədəbi- bədii gecələr və bir sıra başqa tədbirlər nəzərdə tutulub.

- Azərbaycan və Rusiya təhsili arasında fərq varmı bu fəqi izah edə bilərsinizmi?

- Bu barədə, sözün açığı, geniş məlumat verə bilmərəm, çünki 8 ildir Azərbaycan təhsilinndən aralanmışam. Ancaq onu vurğulamaq istəyirəm ki, MDLU-da test imtahanları tətbiq edilməyib və mən bunu çox müsbət qiymətləndirirəm. Bəlkə mənim fikrimlə çoxları razı olmayacaq, onu artıq keşmişin qalığı kimi qəbul edəcək, ancaq mən əlli illik təcrübəmə əsaslanaraq demək istəyirəm ki, imtahan zamanı müəllim tələbə ilə üzbəüz oturmursa, onun gözlərindəki ifadəni görmürsə, onun səsini eşitmirsə , çətin ona düzgün qiymət verə bilər .Mən xüsusilə humanitar fənləri, dili nəzərdə tuturam. Test üsulu ilə tələbənin dili mənimsəməsini təyin etmək olarmı? Nə bilim, vallah! Bəzən, tələbəyə bir balaca istiqamət versən, biliyini büruzə verə bilər. Test isə bu imkanı vermir. Ona görə bəzən təsadüflər baş verir. Nə isə…

- Bildiyiniz kimi lahiyəmizin məqsədi Slavyan olkələrində yaşayan Azərbaycanlıların tanıdılması, onların Azərbaycan və Slavyan xalqları arasında əlaqələrin inkişafına verdikləri dəstəkləri, oxuculara təqdim etməkdir. Lahiyəmizi bəyəndizmi? Slavyan mədəniyyətinə tövhə verən bir ziyalımız olaraq ürək sözlərinizi bilmək maraqlı olardı.

- Sizin bu lahiyəniz olduqca maraqlı və önəmlidir və qürbətdə yaşayan həmvətənlilərimizin Azərbaycan uğrunda birgə çalışmaları üçün daha geniş imkanlar yaradır . Başda lahiyənin rəhbəri Toğrul Allahverdili olmaqla, hər birinə təşəkkür edirəm. Mən sizin kimi əsl vətənpərvər, dərin düşüncəli, təşəbbüskar gənclərimizlə fəxr edirəm. Sizə can sağlığı, səadət, bu nəcib işinizdə daim uğurlar arzulayıram!

Lahiyənin rəhbəri:
Toğrul Allahverdili


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: